Super User
Aləmdə səsi var onun - ƏZİZƏ CƏFƏRZADƏNİN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
“Aləmdə səsim var mənim" romanı ona məşhurluq gətirdi. Yazıb yaratdı, dərs dedi, ictimai işlərlə məşğul oldu, xeyriyyəçilik etdi. Həqiqətən də aləmdə səsini qoyub getdi!
Bu gün xalq yazıçısı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, ictimai xadim, professor Əzizə Cəfərzadənin anım günüdür.
Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur.
İbtidai təhsilini bitirdikdən sonra 1938-1940-cı illərdə Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikumunda və paralel olaraq Bakı Teatr texnikumunun tənqid şöbəsində təhsil almışdır.
1945-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1946-1947-ci illərdə ekstern yolu ilə imtahan verərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir.
Sonralar o, müxtəlif illərdə 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmiş, 1943-cü ildə Kürdəmir rayonunda Kəngərli kənd məktəbinə direktor və rus dili müəllimi vəzifəsinə təyin edilmişdir.
1944-1946-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1948-ci illərdə Bakı teatr texnikumunda direktor olmuşdur.
1950-ci ildə Azərbaycan Dövlət Universitetində "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı gənc surətləri" mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almış və univrrisitetdə "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında müəllim işləmişdir.
1950-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji institutunda dosent, sonralar isə kafedra müdiri olmuşdur.
1956-cı ildə Xobarovsk Pedaqoji institutunun Petropavlovsk-Kamçatka filialında Qədim dünya ədəbiyyatından dərs demiş və həmin institutun dosent olmuşdur.
1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.
1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında aşıq tərzi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
1974-cü ildə Bakı Dövlət Universitetinin əvvəlcə Azərbaycan ədəbiyyatı tarixi, daha sonra isə Folklor kafedrasının professoru elmi adını almışdır.
1981-1989-cu illərdə Respublika Qadınlar şurasının sədri olmuşdur.
1990-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş XX əsrin 20-ci illərində vətəndən didərgin düşmüş, Azərbaycandan Türkiyəyə köç etmiş siyasi mühacirlər haqqında çəkilmiş "İstiqlal yollarında" adlı qısametrajlı sənədli filmin aparıcısı olmuşdur.
4 iyul 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamı ilə komissiyanın üzvü seçilmişdir.
Əzizə xanım ədəbi fəaliyyətə 1937-ci ildə 16 yaşındaykən "Ədəbiyyat” qəzetində çap edilən “Əzrayıl” adlı ilk hekayəsi ilə başlamışdır.
1948-ci ildə "Hekayələr" adlı ilk kitabı nəşr edilmiş, lakin yazıçı "Axmatovşinalıq”da günahlandırılaraq Moskvanın xüsusi qərarı ilə kitab sarışa buraxılmadan yandırılmışdır.
Sonralar Müasir Azərbaycan nəsr tarixində tarixi romanlar müəllifi kimi də tanınan Əzizə Cəfərzadənin 1963-cü ildə Xurşidbanu Natəvanın həyat və yaradıcılığna həsr etdiyi “Natəvan haqqında hekayələr", 1964-cü ildə "Qızımın hekayələri" adlı kitabları çap olunmuşdur. 1965-1966-cı illdərdə həyat yoldaşının işi ilə əlaqədar Qanada səfərdə olmuş kitabxanalarda ərəb əlifbası ilə olan yazılar üzərində çalışmış və Qana haqqında hekayələr yazmışdır.
1966-cı ildə "Sahibsiz ev", 1968-ci ildə Qanada yaşadığı dövrün səfər təssüratını qələmə aldığı "Qızıl sahilə səyahət", 1970-ci ildə "Əllərini mənə ver" adlı kitabları nəşr olunmuşdur.
1972-1978-ci illərdə "Aləmdə səsim var mənim" adlı ilk tarixi romanının I və II hissələri, daha sonra tam kitab şəklində çapdan çıxmışdır.
1977-ci ildə "Vətənə qayıt", 1980-ci ildə "Yad et məni" romanları,
1981-ci ildə "Bakı 1905" romanı, "Azərbaycan poeziyasında xalq şeiri üslubu" adlı tədris vəsaiti (birinci hissə), 1982-ci ildə "Anamın nağılları", 1983-cü ildə "Cəlaliyyə", 1985-ci ildə "Sənsən ümidim"
adlı kitabları, 1986-cı ildə "Seçilmiş əsərləri" çapdan çıxmışdır.
1988-ci ildə "Çiçəklərim" adlı hekayələr kitabı və 1989-cu ildə "Sabir" adlı əsəri işıq üzü görmüşdür.
1991-ci ildə tərtib etdiyi "Azərbaycanın aşıq və şair qadınları", 1992-ci ildə XIX əsr Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatı haqqında qələmə aldığı "Eldən elə", 1996-cı ildə "Gülüstan'dan öncə" və "Zərrintac Tahirə", 1997-ci ildə "Bir səsin faciəsi" adlı romanları, 1998-ci ildə "İşığa doğru" adlı povesti çap olunmuşdur.
1999-cu ildə "Azərbaycan poeziyasında xalq şeiri üslubu: XIX əsr materialları əsasında" adlı kitabının II hissəsi çap olunmuşdur.
2001-ci ildə "Bəla" tarixi povesti, "Pişik dili" uşaq hekayələri və qardaşları Məmməd və Əhməd Cəfərzadə ilə həmmüəllif olduğu "Biz Cəfərzadələr" kitabları nəşr edilmişdir. 2003-cü ildə "Xəzərin göz yaşları" povesti işıq üzü görmüşdür.
Bundan başqa Əzizə xanım tərcüməçiliklədə məşğul olmuş və Sevinc Çokumun "Bizim diyar" və Əhməd Kabaklının "Əjdaha daşı" kitablarını türkcədən Azərbaycan dilinə tərcümə etmişdir. Həmçinin o, müxtəlif illərdə bir çox xarici ölkədə yaradıcılıq ezamiyyərlərində, beynəlxalq simpoziumlarda olmuş, tədbirlərdə iştirak etmişdir.
Müxtəlif zamanlarda onun "Gözlənilməyən gəliş", "Qorxulu həqiqət", "Ata haqqı" və "Analar" telepiyesləri Azərbaycan dövlət televiziyasında tamaşaya qoyulmuşdur.
Əzizə xanımın əsərləri türk, rus, qazax və s dillərə tərcümə edilmişdir.
O, 1990-cı ildə 20 yanvar hadisələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Türkiyə və Kiprdə olmuşdur.
Yazıçı 1979-cu ildə Hacıqabul rayonunun Udulu sovetliyinin Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmiş, 1989-1990-cı ildə Məhəmməd Füzulinin mənsub olduğu güman edilən Şamaxının keçmiş Bayat kəndi ərazisində xatirə lövhəsi qoydurmuşdur.
Əzizə xanım Azərbaycan xalqı qarşısındakı xidmətlərinə görə müxtəlif vaxtlarda "Xalqlar dostluğu" ordeni, "Məshəti xanım Gəncəvi" adına mükafatı və "Xan qızı Natəvan" mükfatına, "Sara Xatun" və "Azərbaycan anası" fəxri diplomlarına, eləcə də prezident mukafatına layiq görülmüşdür.
Bundan başqa o, "Şöhrət ordeni" ilə təltif edilmiş, "Xalq yazıçısı" fəxri adı almışdır.
Əzizə Cəfərzadə haqqında kitablar, monoqrafiyalar yazılmış, filmlər çəkilmişdir.
O, 2003 cü ildə sentyabr ayının 4-də 82 yaşında uzun sürən ağır xəstəlik səbəbi ilə Bakıda vəfat etmiş və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağlı kəndində dəfn edilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
Dünya görmüş insanın düşüncələri
Təqdim edir: Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Abdulla Atakişiyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsində Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Çox maraqlı adamdır. Barəsində bir neçə dəfə yazı vermişəm. Bu dəfə də onunla həmsöhbət oldum və çox dəyərli fikirlərini qeyd etdim ki, sizlərə çatdırım.
Beləliklə:
Böyük yaradan tərəfindən yaradılmışların ən ağıllısı, ən gözəli, ən şərəflisi olan insan öz iradəsindən asılı olmayaraq dünyaya göz açır, bu müqəddəs torpaq üzərində yaşayır, gəzib dolanır, qurub yaradır, ev-eşik, oğul-uşaq, ailə sahibi olur, həyatda nəyə isə nail olmağa çalışır və zaman yetişdikdə də yenə öz iradəsindən, istəyindən asılı olmayaraq gözlərini əbədi yumaraq bu dünyanı tərk edir. Ancaq fərqli cəhət odur ki, bu həyatı hərə bir cür dərk edir və öz həyatını istəyinə, arzusuna, əlbəttə ki, imkanlarına uyğun olaraq qurmağa, yaşamağa çalışır. Çox təəssüf ki, bütün insanlar yaxşı yaşamaq istəyi ilə çırpınsalar da bu yaşayış hamıda istəyə uyğun baş vermir. Bunun insandan asılı olan və olmayan bir çox əsas səbəbləri vardır. Məlum olan əsas fakt odur ki, hər bir insan həyatını təkcə istək və arzularına uyğun deyil, həm də imkanlarına uyğun qurmalıdır. Həyatda atdığı hər bir addımı fikirləşərək, düşünərək, ağılla, təmkinlə, əlbəttə ki, səbrlə, məqsədyönlü, şəkildə və məsuliyyətlə atmalı, vaxtaşarı olaraq keçilmiş həyat yolunun hesabatını verməlidir.
Həyatımın yeniyetməlik, gənclik vaxtlarından başlayaraq bu günə qədər həyatı vaxtsız tərk etmiş Nikolay Alekseyeviç Ostrovskinin öz şəxsi həyatı, yaşamaq, yaratmaq əzmi, həyat sevgisi mənim üçün bir həyat məktəbi olmuşdur. Onun “Polad necə bərkidi” romanının qəhramanı Pavel Korçagin isə mənim həyat idealım, ən çox sevdiyim, ədəbi və həyat qəhrəmanım olmuşdur. Son nəfəsinə qədər həyatın çətinliklərinə, əzab-əziyyətlərinə mərdliklə, qəhrəmanlıqla sinə gəlməyə çalışmış Pavel Korçagin həyat haqqında deyirdi: “İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib heyifslənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan. İnsan elə yaşamalıdır ki, ölərkən mən bütün həyatımı, bütün qüvvəmi dünyada ən gözəl bir şeyə - cəmiyyətin, insanların xoşbəxtliyi naminə fədakar bir işə sərf etdim - deyə bilsin.”
Həyat-ömür yolunda müəyyən məsafə qət etmiş bir insan kimi bu fikirlərə, düşüncələrə əsaslanmış həyat-yaşayış tərzi məni daim izləmiş, həyatımı bu prinsiplər əsasında qurmaqda bir mayak kimi mənə yol göstərmiş, azmamaq, kursdan çıxmamaq üçün həyat yolumun istiqamətini müəyyənləşdirməkdə köməkçim olmuşdur. Eyni zamanda həyat yollarında addımladıqca tədricən, mərhələ-mərhələ rastlaşdığım tarixi şəxsiyyətlərin həyat təcrübəsi, düşüncələri, fikirləri, ideyaları həyatıma çox böyük təsir göstərmişdir. Qısaca olaraq bu fikirlərə nəzər salaq:
H.Hayne: ”İnsan dünyaya ovcu sıxılmış halda gəlir və sanki, bütün dünya mənimdir, - deyir. Amma həyatdan əlləri açıq gedir. Sanki, baxın, özümlə heç nə aparmıram, - deyir.”
V.Hüqo: “Zəhmət həyatdır, fikir dünya”
Belinski: “Mübarizə həyatın şərtidir. Mübarizə qurtardıqda isə həyat məhv olur.” M.Monten: “Az bildiyini etiraf etmək üçün gərək çox öyrənəsən.”
Höte: “Xeyrxah adam hələ özünə tam aydın olmayan cəhdində belə, həmişə həqiqi yolun harada olduğunu hiss edir.”
Napoleon: “Minnətdarlıq elə böyük məziyyətdir ki, bizi insanların pis cəhətlərindən uzaqlaşmağa sövq edir və yalnız yaxşını xatırladır.”
M.Qorki: “Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir.”
Şekspir: “Düzlük, təmizlik gözəlliyin ən yaxşı yoldaşıdır.”
Horatsi: “Mənim niyyətlərimin məqsədi həqiqət və namusluhəyatdır.”
B.Dizrabeli: “Vaxt qiymətlidir, lakin həqiqət vaxtdan da qiymətlidir.”
Höte: “Özünə inananlar-yaşamağı bacaranlardır.”
B.Lenqrants: “Ən dəyərli xəzinə insanın öz şəxsiyyətinə inamı, etibarıdır.” A.Bakıxanov: “Təvazökarlıq insanın mənəvi cəhətcə təkmilləşməsinə kömək edir.” Çexov: “İnsanın gərək hər şeyi gözəl olsun: ozü də, paltarı da, qəlbi də, fikirləri də.”
Höte: “Hər şeydən əvvəl özünə nəsihət ver, onda sən başqasından da bir şey öyrənə bilərsən.”
T.Karleyl: “Öz səhvini etiraf etmək daha çox şey öyrədir.Bu özünü tərbiyənin başlıca vasitələrindəndir.”
Hind atalar sözü: “Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb.”
İ.Pavlov: “Mən bütün ömrüm boyu zehni əməyi və fiziki əməyi sevmişəm, hətta deyə bilərəm ki, fiziki əməyi daha çox sevmişəm və sevirəm.Fiziki əməyə yaxşı bir yenilik daxil etdikdə, yəni əllərimlə birlikdə başımı da işlətdikdə, xüsusilə həzz alımışam.”
Həzrəti Məhəmməd Peyğəmbər ə.s.ə. isə insan həyatına, onun yaşayışına, həyat tərzinə mənfi təsir göstərən qürur və təkəbbür haqqında belə buyurmuşdur:"Sizə cəhənnəmlikləri xəbər verim? Onlar qatı ürəkli, malını xeyirdən əsirgəyən, təkəbbürlü şəxslərdir"
Bir gün Rəsulullah buyurur ki, "Qəlbində zərrə qədər təkəbbür olan şəxs cənnətə girə bilməz". Səhabələrdən Malik ibn Mirarə "Ya Rəsulullah, insan istəyər ki, paltarı və ayaqqabısı gözəl olsun" deyə bildirir. Bunun cavabında Rəsulullah belə buyurur: "Allah gözəldir, gözəlliyi sevir. Təkəbbür isə haqqı qəbul etməmək, insanları xor görməkdir. Birini öyünən gördünüzmü, üzünə torpaq atın. Öyünənlərin ağzına torpaq atın. Oyünməkdən çəkinin, onu xasiyyətinizdən birdəfəlik kənar edin. İnsanların, özlərini öyməyi onları kar edər, kor edər. İnsanın, mənim bu şeyim var deyib, öyünməsi xoşuma gəlməz. Azacıq da olsa özünü şayan etdirmək belə qüsurludur. Bir işi ki, görürsən və istəmirsən ki, onu başqalaları görsün, onu təklikdə də görmə.
Yumşaq rəftarda xeyir, yaxşılıq və bərəkət vardır, mülayim rətar etməyən xeyirdən məhrum olur. Atəş qarı necə əridirsə, gözəl xasiyyət də günahları elə əridir.”
Uca dinimiz İslam insanlara təvazökar olmağı öyrətmiş, təkəbbür və qürurdan uzaq durmağı tövsiyə etmişdir. Çünki dinimizə görə, təvazökarlıq göstərərək sadə olmaq müsəlman üçün əsas prinsiplərdəndir. Təkəbbür və qürur isə Allaha inanmış, Peyğəmbərə bağlanmış olan hər kəs üçün qadağan edilmişdir. Müsəlmanlar təkəbbür və qürurdan uzaq durmalıdırlar.Bildiyimiz kimi, təkəbbür, qürrələnmək, lovğalanmaq, özündən razı olmaq və xəyala qapılmaq deməkdir. Bunların isə heç biri bəndəyə yaraşan xislətlər deyildir. Təkəbbür və qürur İslamın sevmədiyi pis xislətlərdən olub, Allah və Rəsulu tərəfindən bəyənilməmişdir.
Müqədəs “QURANİ-KƏRİMDƏ” Böyük Yaradan buyurur:
ən-Nisə(Qadınlar) surəsi – “Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın(yoldaş və) dosta, (pulu quttarıb yolda qalan) müsafirə(yolçulara), sahib olduğunuza(qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!”
əl-İsra (İsrail oğulları) surəsi-"Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən"
Loğman surəsi:” Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb qürrələnəni sevməz!
Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma.Çünki ən çirkin səs uzunqulaq səsidir!”
əl-Hədid(Dəmir) surəsi:”Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”
əl-Furqan (Fərqləndirmə) surəsi: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.”
əş-Şuəra (Şairlər) surəsi: "Sənə tabe olan möminləri qanadın altına al(Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!"
Sadalanan ayə və hədislər bizə təkəbbür və qürur sahiblərinin vəziyyətlərini açıq şəkildə ifadə etməkdədir. Dinimiz təkəbbür və qüruru mənəvi bir xəstəlik olaraq görür. Bu cür xəstəliklərə yoluxmuş insanları Allahın sevmədiyi aydındır. Bəs o insanı ki, Allah sevmir, bəndələr sevərmi? Təkəbbürlü və lovğa şəxsləri, başqalarını bir kənara qoyaq, ən yaxın adamları belə sevməz. Çünki bu cür insanlar eqoist olur, ən gözəl şeyləri daima özlərinə layiq görür, hər kəsdən ehtiram gözləyir və etdikləri şeylərin hər kəs tərəfindən bəyənilməsini arzu edirlər. Ən pisi isə odur ki, səhvə yol verdiklərini qəbul etmir, sərvətləri və şöhrətləriylə, bilikləri və zahiri gözəllikləri ilə öyünürlər. Amma düşünmürlər ki, bir gün bütün bunlar əldən çıxacaq. Təkəbbür və qürur heç bir zaman kamilliyin nişanəsi ola bilməz. Bu yalnız cəhalət və qəflətin, xəyalpərəstlik və yarımçıq təhsilin əlaməti sayılır.Dinimizin bu pis xislətləri tənqid edib pisləməsi də elə bu səbəbdəndir.
Elə isə, yaxşı və kamil bir insan, müsəlman könlündə təkəbbür və qürura yer verməməli, qəlbini haqqa bağlamalı və şeytanın oyuncağı olmaqdan ehtiyat etməlidir. Dinimizin, Peyğəmbərimizin buyurduqlarına tabe olmalı, onun yolundan əsla uzaqlaşmamalıdır. Deyilənlərə, buyrulanlara rəğmən müəyyən həyat yolu keçmiş bir şəxs kimi keçmişə, keçilmiş yollara nəzər saldıqda özüm-özümə belə bir sualla müraciət edirəm.Mən kiməm, nəçiyəm? Hardan gəlib, hara gedirəm? Həyatımı deyilənlərə, buyrulanlara uyğun qura bildimmi? Keçdiyim həyat yolundan, yaşadığım həyatdan razıyammı?Yaşadığım həyatda ailəm üçün, nəslim üçün, cəmiyyət-xalqım üçün, vətənim üçün nə isə xeyirli, yararlı bir iş görə bildimmi? Vətənimə, xalqıma layiq bir vətəndaş ola bildimmi?Daha neçə-neçə suallar hər gün, hər saat, hər an məni düşündürür, narahat edir. Keçdiyim həyat yoluna dönə - dönə nəzər salmağa, verilmiş suallara cavab axtarmağa, öz-özümə mənəvi bir hesabat verməyə məcbur edir. Azərbaycan xalqının tanınmış şairi Rəsul Rzanın 1963-cü ildə qələmə aldığı “Mən torpağam” adlı şeiri elə bil mənim bütün incə hisslərimi, düşüncələrimi, duyğularımı əks etdirir, mənim həyat, yaşayış tərzimi göstərir, təmsil edir:
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var, külüm var.
Mən baharam çəmən-çəmən çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
Mən işığam - qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti -
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz -
ölərəm.
Məhəbbətsiz, nifrətsiz -
ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Tərcümeyi-halımda böyük qürur və fəxrlə yazıram: Mən, 26 mart 1957-ci il tarixdə Azərbaycan Respublikasının Ağdaş rayonun Mürsəl kəndində zəhmətkeş kəndli-kolxozçu ailəsində dünyaya göz açmışam.Xəmiri zəhmətdən yoğrulmuş atam Zabit kişi, anam Bəsti xanım bütün çətinliklərə, əziyyətlərə baxmayaraq bizi-üç qardaşımı və bir bacımı halal zəhmətlə, alın təri ilə qazanılan çörəklə böyüdərək böya-başa çatdırmış, cəmiyyətdə müəyyən mövqe sahibi olmağımıza kömək göstərmiş, dəstək olmuşlar.Necə deyərlər, bizim boğazımızdan haram tikə keçməsinə imkan verməmişlər. Valideyinlərimizdən gələn, qanımızda axan, canımıza hopmuş bu təmizlik, bu halallıq bütün həyatımızı, yaşayış tərzimizi müəyyən etmişdir. Doğum ilim xoruz ilinə təsadüf edir. Bürcüm isə qoç bürcüdür. Yəqin ki, həyat tərzimdə, xasiyyətimdə bunların da az rolu və yeri olmamışdır. İlk baxışdan sakit təbiətli, təmkinli, səbirli, əsəbilikdən uzaq, az danşan, hər işin yerini, yolunu bilən, yumşaq xarakterli insan təsəvvürü yaradıram. Hətta məni yaxından tanmayan adam məni fağır adam kimi qiymətləndirə bilər. Ancaq bir müddət sonra həmən fikirdə olan şəxs tam yanıldığını tezliklə dərk edir, başa düşür. Deyilənlərlə yanaşı, mən məqsədyönlü, iradəli, təşəbbüskar, zəhmətkeş, dönməz, qarşılıqlı hörmət sahibi olan, Böyük Yaradanın buyurduğuna uyğun, dövlətimizin qanunlarını əsas tutaraq həyatını və işini qurmağa çalışan bir insanam.İnsanlar arasında dostluğa, yoldaşlığa, qarşılıqlı hörmət və qayğıya, mərhəmət və məsuliyyətə, nizam-intizama qiymət verən və böyük hörmət bəsləyən insanam. Özüm beləyəm, qarşımdakının da belə olmasını istəyir və buna çalışıram. Tələsik, başdansov iş görməyi xoşlamıram. Hər bir işimi imkan daxilində təmkinlə, tədbirlə, düşünülmüş şəkildə, səliqə ilə və vaxtında görməyə çalışıram ki, sonra tələsgənliyə yol verib, işimdə problemlər yaratmayım. Qarşı tərəfdən də bunu görməyəndə narahatçılıq keçrirəm ki, bu da səhəttimdə müəyyən problemlərin yaranmasına səbəb olur.Hərdən ətrafımdakı insanları, onların müəyyən hərəkətlərini görəndə bir növ məyus oluram, elə bil öz xasiyyətimdən acığım gəlir, öz-özümə deyirəm: ”Abdulla, gör insanlar öz məqsədlərinə çatmaq üçün nələrdən keçirlər. Hansı işlərlə məşğul olurlar. Bu düz yol, düz iş yalnız sənəmi qalıb? Sən də ətrafındakılar kimi yaşasan olmazmı?” Ancaq bir müddət sonra yenə fikrim aydınlaşır, öz düşüncələrimdən utanıram. “Xeyir, mən ətrafımdakılar kimi ola bilmərəm, əgər olsam, onda mən özüm-Abdulla olmaram.” Buna görə də mən elə özüm kimi yaşamağa üstünlük verirəm. Həyatda hər şeyə müqayisəli şəkildə qiymət verilir. Mənim də hər-halda özümün bildiyim, dərk etdiym və bilmədiyim, dərk etmədiyim çatışmayan, xoşa gəlməyən müəyyən cəhətlərim, xasiyyətim yox deyildir. Lakin mümkün qədər bu cəhətləri, xasiyyətləri özümdə islah etməyə, aradan götürməyə çalışıram, cəhd edirəm. Bütün göstərilənlərə rəğmən həyatda qazandığım nə varsa Böyük Yaradanın mənə bəxş elədiyi bu xasiyyət hesabına nail olmuşam.Hər şeyə görə də ULU TANRIYA minnətdar olmaq, şükr etmək müqəddəs borcumdur. Eyni zamanda bir az təvazökarlıqdan kənar olsa da, özümə, öz xasiyyətimə hörmətimi, minnətdarlığımı, təşəkürümü, sevgimi bildirərək deyirəm:”Mən səni çox sevirəm, ay özüm! Nə yaxşı ki, sən başqa cürə yox, elə, özüm kimisən! Nə yaxşı ki, sən varsan!Çalış həmişə olduğun kimi ol, heç vaxt dəyişmə!” 27 iyun 1977-ci il tarixdən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif idarələrində müxtəlif vəzifələrdə işləmişəm. 1985-ci ildən isə həmkarlar ittifaqı işçisi kimi fəaliyyətimi davam etdirirəm. Bu sahə mənim fəaliyyət imkanlarımın açılmasında mənə çox böyük yardımçı olmuşdur. 08 aprel 2014-cü il tarixdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsində komitənin sədr müavini vəzifəsində işləyirəm. İki min nəfərdən çox həmkarlar ittifaqı üzvü olan bir kollektivdə çalışmaq çox məsuliyyətli və şərəfli bir işdir. Bir həmkarlar işçisi olaraq ittifaq üzvlərinin əmək, sosial hüquqlarının qorunması kimi bir məsuliyyətli vəzifənin öhdəsindən gəlməkdə YARADANIN mənə bəxş etdiyi xoş, həlim xasiyyət həmişə mənim köməyimə gəlir. Eyni zamanda işlədiyim kollektiv üzvlərinin əsasən mənimlə işləməkdən razı qaldıqlarını hiss edirəm, duyuram,Bu da məndə yaşamaq, işləmək hissini, duyğusunu, həvəsini bir az da artırır. Dəniz Nəqliyyat Donanması Həmkarlar Ittifaqı Komitəsi işçisi olaraq gələcəkdə də Dəniz Nəqliyyat Donanması işçilərinin əmək, social və bundan irəli gələn qanuni hüquqlarını müdafiə və təmsil etmək üçün iş qabiliyətimə, bacarığıma, bilik və təcrübəmə, xasiyyətimə və əlbəttə ki, ULU TANRININ mənə bəxş etdiyi imkanlara müvafiq olaraq öz iş fəaliyyətimi davam etdirməyə çalışacağam!
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
“Ürəyi yaralı dünya” - Zaur Ərmuğanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Zaur Ərmuğanın yeni şeirlərini təqdim edir.
Bir həsrət simi
Baxıram günümün dan aynasından,
Üzümə, gözümə işığı düşür.
Çıxıb fikirlərin ağır yasından,
Yadıma bir də kənd uşağı düşür.
Mənim sısqa canım, balaca boyum,
Ruhumda bir çağın itən qoxusu.
Könlümü çağıran səsdənmi doyum?!
Oyanır içimdə yaddaş yuxusu...
Əlində çomağı sürü dalınca
Yamacdan yamaca dolanır düzü.
Başını atanda bir daş balınca
Söykənir qaraca torpağa üzü.
Burnumu göynədir tozu yolların,
Bir də sığal çəkir ayrılıqlara.
Açılır sinəmin geniş qolları,
O uşaq haraya qaçdı, bəs hara?!
-- Sıyrılıb dirsəyi, qanayıb dizi,
Onu görmədiniz? -- Daşdan soruşdum.
-- Yolların köksünə düşmüşdü izi! --
Getdim Kür boyuna, bəndi sovuşdum.
Söyüdlü arxlardan sərin su içib,
Alnında naxışı çəmənin rəngi.
Bir göz qırpımında dünəni keçib,
O uşaq indi bir xəyal çələngi...
-- Ay mənim beşiyim, a yaşıl dərə!
Küləkmi qoparmış kövrək budağı?..
Üz tutdum gümanım gələn hər yerə, --
Axı neyləmisiz dilsiz uşağı?..
... Deyirəm, necə də quş qanadında
Uçub, uçub çıxıb ovcumdan mənim.
Geriyə baxsam da, bir yel atında
Qayıtmaz bu günə o ötənlərim...
Qayıtmaz, bilirəm, bir də qayıtmaz!
Əlimi uzatsam, uzalı qalar.
Daha nağıllar da könül ovutmaz,
Ömrə payız düşər, sozalıb qalar.
Boylanar gözümdən yolumun üstə,
Baxar baxışımdan bir şəkil kimi.
Ha çağır, yenidən o çağı istə,
Dinən xatirədir, bir həsrət simi.
5 avqust 2024
Vaxtım
Coşub çağladı çeşmətək
Zamanın bulağı vaxtım.
Bu dünyayla hey təkbətək
Bir ömrün sınağı vaxtım.
Qəlbin qəmi, sevinciyəm,
Bir taleyin girinciyəm.
Nə fərq, barışam, inciyəm?!
Olub gün qınağı vaxtım.
Ömür dolaşıq yuxudur,
Bircə kitablıq oxudur.
Nə həvəsdir, nə qorxudur
Bir ünvan sorağı vaxtım?!
İnancım qəlbin bütüdür,
Hökmün yazısı qətidir.
Bu yerdən göyə ötürür
Məni, yol çarığı vaxtım.
Aldanış məni uyuda,
Dərdi azacıq soyuda.
Cavablar dərin quyuda,
Sual yük qalağı, vaxtım.
Ulduzlu yolları keçib,
Könlünə dan yeri seçib,
Ümiddən bir ovuc içib
Dünyanın qonağı vaxtım.
2024
Günü ağlı-qaralı dünya
Dəyişib dadın, tamın çox,
Yeri, göyü buralı dünya.
Biz qəribik, ya sənsənmi yad?
Bizdən düşdün aralı, dünya.
Qocalıb yorulan dünyasan,
Dolub da boşalan dünyasan,
Gen ikən dar olan dünyasan,
Ey ürəyi yaralı dünya.
Günah bizdə, bəlkə də, səndədir,
Taleyimiz gör nə gündədir!
Azdın, yolun ayrı yöndədir,
Haralısan, haralı, dünya?
De, suala dilin dinə nə?
Yalanınla baş qatma yenə!
Gözümüz çox öyrəşib sənə,
Günü ağlı-qaralı dünya...
2024
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
DETEKTİV JANRI - Məşhur yazarlar bu janr barədə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
20 aprel 1841-ci ildə Graham's Magazine jurnalında Edqar Allan Ponun "Meyitxana (Morq) küçəsində qətl" adlı hekayəsi dərc edildi. Həmin hekayə tarixdəki ilk detektiv əsər hesab olunur. Növbəti 180 il ərzində bu janr dəfələrlə dəyişdi, əsl ədəbiyyat kimi gah tanındı, gah tanınmadı, lakin sonda bu janr ədəbi janrlar arasında möhkəm yer tuta bildi.
“Ədəbiyyat və incəsənət” portalı detektiv janrının nə olduğu, detektivin arxasında nələrin dayandığı barədə bu janra laqeyd olmayan ədiblərin fikirlərini toplayaraq sizlərə təqdim edir.
1. Cinayət yayılmışdır. Amma onun məntiqi çox nadir halda anlaşılır. Ona görə də siz cinayət üzərində deyil, məntiq üzərində dayanmalısınız.
Artur Konan Doyl
2. Yaxşı detektiv roman üçün ən əhəmiyyətlisi, kiminsə təqsirli olmasının tam aydın görünməsi, lakin sonra onun təqsirinin qeyri-aydın görünməsi üçün səbəblərin tapılmasıdır ki, siz sonradan cinayətkar bu deyilmiş ki, deyə düşünəsiniz. Halbuki, əslində, cinayətkar məhz elə o imiş.
Aqata Kristi
3. Mütləq tapmaca, sirr elementi olmalıdır. Mütləq müəmmalı vəziyyət yaranmalıdır. Xəfiyyə nə baş verdiyini bilməməlidir, o, nəsə qəribə bir şeyin baş verdiyini bilməli, lakin bu qəribə şeyin nə olduğunu bilməməlidir. Mənə elə gəlir ki, əsl tapmaca ser Conu kabinetində öldürənlərdə deyil, yaranmış vəziyyətdə bu insanların nə istəyində, bu insanların nə cür insan olmasındadır.
Raymond Çandler
4. Sosial romanla müqayisədə detektiv janrında olan əsərlər daha stereotipli personajları səhnəyə çıxarır və daha əhəmiyyətsiz çərçivələr müəyyən edir. Lakin bu tipləşmə çətin izah edilən kriminal hadisə vasitəsilə özündə qeyri-müəyyənliyi və eyni zamanda reallığın zərifliyini göstərən hadisələrin kritik dönüşünə əsas yaradır. Şübhə altına hər kəs gələ bilər.
Luke Boltanski
5. Hesab edirəm ki, detektiv roman ədəbiyyatda demokratik prinsiplərin ən yaxşı tərəfdarıdır. Yəni dedektivlər demokratiya ortaya çıxana qədər ortaya çıxa bilmədi, çünki dedektiv romanın mahiyyəti ondan ibarətdir ki, kim olmağından asılı olmayaraq əgər sən günahkarsasa, sonda cəzalandırılacaqsan və əgər sən günahkar deyilsənsə, sənə heç bir şəkildə zərər toxundura bilməzlər.
Rex Stout
6. Detektiv dövrün ən etibarlı janrıdır. Viktorian İngiltərəsini hardan tanıyırsınız? - Çestertondan və Kristidən. Otuzuncu illər Amerikasını? - Çandlerdən. Detektiv bütün reallıqları, istənilən mühiti kopyalayır. Odur ki, əgər gələcək tarixçi onuncu illərin dəqiq portretinə — onların maniyalarına, fobiyalarına, hətta qiymətlərinə ehtiyac duyarsa, o, məni oxuyacaq.
Frank Tilye
7. Maraqlıdır, yaxşı detektiv üçün hansı əsas inqridientlər lazımdır? Əlbəttə ki, sürət lazımdır. İlk səhifədən ən son səhifəyə qədər sürət lazımdır. Və mənə elə gəlir ki, həm də qəddarlıq, müəyyən intim, əsas fikir, süjet lazımdır, insanlarda sonda nə baş verəcəyinə maraq oyatmaq lazımdır.
Yan Fleminq
8. Sonluğun mütləq xoşbəxt bitməsi lazım deyil, lakin o, məntiqi və çəkici olmalıdır. Belə finalı da mən oxucu qarşısında özümun borcum bilirəm.
Con Le Karre
9. Görünür, Hemmetin "İncə insan" romanındakı heyrətamiz kəşfinə əsaslanan yeni detektiv yazı məktəbi mövcuddur ki, bu da ər-arvad münasibətlərinin heç də həmişə platonik olmadığına əsaslanır, ona görə də, oxucunu yataq otağına, hətta yatağa dəvət etməklə qətl hadisəsi daha da gözəlləşir. Şəxsən, mən o qədər əyalətdən gəlmiş sadəlövhəm ki, detektiv süjetini bir salat hesab edirəm və bütün bu yeni şeyləri o salata əlavə edilmiş ədvalar sayıram.
Erl Stenli Qardner
10. Daha böyük cinayətdən bəhs edirsənsə, işin daha asan olur; çünki böyük cinayətin, bir qayda olaraq motivi daha aydın və aşkar görünür.
Artur Konan Doyl
11. Çox xırda istisnalarla detektiv ədəbiyyat daha çox və ya daha az orijinal tapmacaların və şablon ədəbiyyatçılığın bir kollajıdır.
Vladimir Nabokov
12. Hətta ən ənənəvi formada olan detektivi yaxşı yazmaq olduqca çətindir. Yaxşı detektivlərə yaxşı ciddi romanlardan daha az rast gəlinir. Özü də onların əksəriyyəti ikinci dərəcəlilik statusu ilə yüksək belletristikanın kölgəsində qalaraq dünyaya gəlməli olmadıqları halda ölməkdən də imtina edirlər. Onlar ictimai parklarda gips heykəlləri kimi davamlı və eyni dərəcədə lazımsızdırlar.
Raymond Çandler
13. Əgər siz detektivə ironiya ilə yanaşan bir hekayə yazmaq istəyirsinizsə, həmişə sadəlövh oxucu tapılacaq ki, bunda istehzanı yox, yalnız detektivi görsün. O, burda detektivdən başqa da bir şey olduğundan şübhələnə bilər və detektivin burada ən vacib şey olmadığını da təxmin edə bilər, lakin yenə də yalnız detektiv tərəfini oxuyar.
Umberto Eko
14. Heç kim 90-cı illərin sonunda tarixi detektiv yazmaq istəmirdi. Mən Oleq Novikovun necə söylədiyini xatırlayıram: "Ey Rəbbim, hər gün yüzlərlə insanın öldürüldüyü bir ölkədə yaşayırıq. Niyə insanlar üçün XIX əsrdə kiminsə öldürülməsi barədə oxumaq maraqlı olsun ki?»
Boris Akunin
15. Mənimçün ədəbiyyatın janrları yoxdur. Mənimçün yaxşı və pis ədəbiyyat var. Ona görə də, mən detektivə tərif verməkdən çəkinirəm.
Çingiz Abdullayev
16. Mənim fikrimcə, pank rokun mahiyyəti ondan ibarətdir ki, o, mahnının skeletini qurmaq üçün bütün vacib olmayanları yığışdırır. Detektiv janr, hər halda, mənim sevdiyim detektiv nümunələri eynən buna bənzəyir. Orada tarix lazımi minimuma endirilib. Mənim romanlarımı pank rokdan fərqləndirən bircə şeydir, onlarda heç bir ideya yoxdur.
Y. Nesbyö
17. İş burasındadır ki, "yazıçı qadın" sözü jurnalist dairələrində təhqiredici söz hesab olunur, "yazıçı" sözü isə mənim məşğul olduğum iş üçün həddindən artıq yüksək sözdür. Yazıçı –Frans Kafkadır. Detektiv romanların müəllifi kimdir? Heç kim.
Tatyana Ustinova
18. Elə bədii ədəbiyyat növləri var ki, mən onlara heç toxunmuram, məsələn, detektivlər. Hansılara ki, əsla dözə bilmirəm.
Vladimir Nabokov
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Dərviş Təbrizlinin “Yağış altda” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Dərviş Təbrizlinin şeirlərini təqdim edir.
Dərviş Təbrizli
Təbriz
YAĞIŞ ALTDA
Mən könlümü bir gün sənə satdım yağış altda,
Sandım ki, yatan baxtı oyatdım yağış altda.
Ağzımda susan dil səni görcək işə düşdü,
Ağzım dolu bir dəfə söz atdım yağış altda.
Güldün mənə, bir kəlmə danışcaq geri döndün,
Saldım üzümə azca yubaltdım yağış altda.
Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,
Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.
Addımlarılan Təbrizi başdan-başa ölçdük,
Öpdüm səni atdıqca hər addım yağış altda.
Addım başı könlüm qəzəl istərdi gözündən,
Bilməm ki, nələr onda yaratdım yağış altda?
Düşdü araya ayrılıq, əl-əldən üzüldü,
Səndən ürək axirdə qopartdım yağış altda.
Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,
Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.
Dərviş, o yalan sevgini bir buxçaya yığdım,
Getdim görüşən yerdə boşaltdım yağış altda.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
“Eşq odına yananlarun külli vücudı nur olur...” – Yunus Əmrənin kəlamları
“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Şərq dünyası dahilərin qiymətli fikirlərini çatdırmaqdadır. Növbədə Yunus Əmrədir.
Sənsin kərim, Sənsin rəhim,
Allah, Sana sundum əlüm,
Səndən artuq yoqdur umum,
Allah, Sana sundum əlüm...
***
Bir gəz könül yıqdın isə, bu qılduğun namaz dəgül.
***
Bu dünyədə bir nəsnəyə yanar içüm, göynər özüm –
Yigid ikən ölənlərə gög əkini biçmiş kibi.
***
Can qanadı açuq gərək uçuban Dosta getməgə.
***
Cümlə yerdə Həqq hazır, göz gərəkdür görəsi.
***
Çərxi-fələk yoğ idi canlarumuz var ikən...
***
Dünyayə gələn köçər, bir-bir şərbətin içər,
Bu, bir köpridür keçər, cahillər anı bilməz...
***
Eşq odına yananlarun külli vücudı nur olur...
***
Eşq yağmurı damlası könül gögindən tamar.
***
Eşqdən xəbər ayıtmasun kim dünya izzətün sevə.
***
Eşqsüz adəm dünyədə, bəllü bilün ki, yoqdur,
Hər birisi bir nəsnəyə sevgüsi var, aşiqdür...
***
Həqq cəhana tolıdur, kimsələr Həqqi bilməz...
***
Hər bir çiçək bin naz ilə ögər Həqqi niyaz ilə...
***
Hər qancaru baqdum isə həp görinəndür cümlə Həqq...
***
İstəməgil Həqqi iraq, könüldədür Həqqə duraq...
***
Kim bizə taş atar isə, güllər nisar olsun ana,
Çırağuma qəsd edənün Həqq yandırsun çırağını.
***
Nəfsümün başını kəsdüm, qanadlanub uçar oldum...
***
On səkkiz bin aləm xəlqi cümləsi bir içində...
***
Rəsmidürür aşiqlərün Dost yolında qurban olmaq...
***
Sən Həqqə aşiq isən, Həqq sana qapu açar...
***
Tövrat ilə İncili, Zəbur ilə Fürqanı,
Bunlardağı bəyanı cümlə vücudda bulduq.
***
Uslu dəgül, dəlüdür yücə imarət yapan,
Aqibət viran olur cümlənün imarəti.
***
Yüz Kəəbədən yegrəkdür bir könül ziyarəti.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
O ki qaldı qaliblərə... – İRADƏ MUSAYEVA
“Ədəbiyyat və incəsənət” portalı İradə Musayevanın "Ulduz" jurnalı və AYB Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsi barədə qeydlərini təqdim edir.
"Ulduz" jurnalı və AYB Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin laureatları. O ki qaldı qaliblərə...
Dövrün ictimai-siyasi, sosial-mədəni hadisələri bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da yeni poetik ovqat yarada bildi. Əslində, ölkədə baş verən böyük dəyişikliklərə, Qarabağ müharibəsi tarixinə ən operativ reaksiya ədəbiyyatdan gözlənilirdi. Nəticədə gözlənilən qədər monumental və möhtəşəm olmasa da, fərqli və yeni bədii mətnlər, az da olsa, ortaya çıxdı. Bu ədəbiyyatın müəllif qəhrəmanları da əvvəlki deyildi. Müharibə iştirakçıları, ölümlə nəfəs-nəfəsə səngərdə dayanan qazilərin hiss və düşüncələri, qalib əsgər özgüvənliyinə qarışan kədər, nisgil poetikası bu yeniliyin şərtlərindən idi... Bəzən həyatın, ölümün və qələbənin o biri üzünü görmüş hərbi geyimli şairləri dinləməklə qulağımıza, ruhumuza yeni nəfəs, yeni səs ötürüldüyünü açıqca hiss edirik.
Cavid Qasımovu Şuşada, Cıdır düzündə keçirilən Vaqif Poeziya Günlərində də dinləmişdim. Qazilər arasında ən çox alqışlananlar sırasında idi.
Dil bilməyən sərçələr
Bu qışı da qarşıladı
Həyətimizdə.
Yenə dua edirlər:
– Bol olsun süfrələrin çörək qırıntıları...
Şeirdə insanın yem dalınca ölkədən ölkəyə qanad çalan sərçə proobrazı göz önündə canlanır. Süfrə qırıntılarına dua, şükür edə-edə yaşayan canlıların yoxluq ağrısından uça bilməmək, şikəstlik, yeriməyi bacarmamaq, qanadıqırıqlıq faciəsi də varmış...
“Dəyirmanların ürəyi daşdan olmasaydı,
Köçməzdi ölkədən ölkəyə quşlar...”
Bəzən sünbül günəşdən də çox arzulanan olur.
Zaman ötdükcə anlayıram ki,
Sünbül günəşdən də yandırıcıdır.
Yoxluğu nəinki yeriməyi bacaranlar,
Uçmağı bilən quşlar üçün də utandırıcıdır.
Cavidin müsabiqəyə təqdim olunan ikinci şeiri antitezalar üzərində qurulub. Bu antitezalar təkcə ifadə və obrazlarda özünü göstərmir, daha çox situasiya və məkan kontekstində nəzərə çarpır.
O gün yadımdadır, qarışqalar da
Yeraltı bahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki,
Arılar nahardan qayıdırdılar.
Müəllifin sevinc assosiasiyalı, fərəh doğuracaq ifadələrə alternativ əks mənalı ifadələr (“yeraltı bahar”, yenicə pöhrələyən (dil açan) çiçəklərin arıya yem olması və s.), qoşması ziddiyyətli poetik ab-hava yaradır. Məsələn, qanadı qırılmış qağayılara dəniz haqqında şeir söyləmək və ya gecənin zülmətindən qan almış yarasa qanının xəstə bir insana köçürülməsi səhnəsini xatırlatmaq, səfil, həyatdan bezmiş bir adama həyatın gözəlliyi haqqında şeir söyləmək ironik deyilmi?
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara.
O gün yadımdadır, yarasalardan
Gecənin qanını götürürdülər.
Hə, hə...
Yadımdadır çarpayısında
Uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim
Gecəni yatmayan səfil dostuma.
Bu poeziyada həm də maraqlı poetik obrazlar var. Qırmızı işıqlı işıqfora “Gözləri hirsindən qan bağlamışdı” – demək hər gün təkrar-təkrar qarşılaşdığımız bir obyekti yeni şəkildə təqdim edə bilmək deməkdir.
O gün yadımdadır, işıqforların
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin
Kimsəsiz bir uşaq, qucaqlamışdı.
Şeirin həm fikir, həm də məcazlarla yüklənməsi, ağırlaşması məqamı isə daha çox aşağıdakı hissədə özünü göstərir. Körpələr evində anasız uşaqlara anadan danışmaq, oğlu itkin düşmüş, gözləri yollarda qalan ataya yol haqqında nəğmə söyləmək...
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında.
O gün yadımdadır, dostum gəlmədi,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itkin düşmüş ata evində.
“Əl ağacı” da yeni obraz, yeni poetik ifadə ilə möhürlənir:
“Meyvədən xəbərsiz əl ağacı”...
O gün yadımdadır, ağaclar hələ
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim
Meyvədən xəbərsiz əl ağacından.
Bu qədər kədərli xatirələr sahibi nikbin və ümidli, sevgi coşduracaq şeirlərdən xəbərsiz kimi görünür. Daha doğrusu, əminliklə söyləyir ki, “Qadın qulağına pıçıldanası” şeirlər heç vaxt doğulmayacaq:
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
– Yadımda deyil...
Rəşad Nağı Mustafanın “Müharibə şeiri” də çox səmimi hisslər, tanış duyğularla zəngin olan etiraflar əsasında yazılıb.
Nəbatat bağında Eldar şamının altında bir cavan oğlan sevdiyi insanı gözləyir. Vətənin o biri başında isə müharibə gedir, igidlər şəhid olur. Müharibədə olmamağın ağrısı sağ-salamat qalmağın və sevdiyi insanla görüşməyin sevincinə güc gəlir. Özünü fərari kimi hiss edən oğlanın içində qorxu ilə gözlədiyi bir məqam var. Birdən qız ondan soruşar: “Vətən səninçün nədir?” “Barıt qoxusu gəlməyən oğlan” qızın onu bərk-bərk qucaqlamasından belə xəcalət çəkir və s.
Müharibə başlayıb.
Nəbatat bağındayam.
Hava yaman soyuqdur, özüm də bir az xəstə.
Heyif, evdən çıxanda papaq da qoymamışam,
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...
Mən səni gözləyirəm...
Eləcə dayanmışam Eldar şamının altda.
Gör e, adam adında ağaclar var həyatda.
Ağacların üstündən yıxılan balacalar böyüyür,
igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən, vətən səninçün nədir?
Şeirin ideyası və məzmunu orijinal, düşündürücü olsa da, təəssüf ki, müəllif sona qədər başlanğıcdakı ciddi poetik intonasiyanı, mənalı estetik yanaşmanı davam etdirə bilmir. Fikir məntiqi və tutarlı istiqamətə yönəlmədən, adi şəkildə nəql olunan həyat epizodlarında əriyib yox olur.
Bax indi dediklərim hamısı bəhanədir:
Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa, ora mənə vətəndir.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndir.
Mən də mütləq öləcəm, elə Eldar şamı da.
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm.
Məni bərk qucaqlama, axı atan deyiləm,
məndən barıt qoxusu gəlmir, başına dönüm.
Son misralar isə ümumiyyətlə, “ölü final” assosiasiyalıdır.
Hər şeyə baxmayaraq,
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var,
ürəyin gözəldirsə?..
Son zamanlarda şeir formaları, vəzn və texnika qanunlarının çox təhrif olunduğunun şahidi oluruq. Müəlliflər bu pozuntuya daha çox sərbəst şeir formasında yol verirlər. Ritm, intonasiya, ahəngdarlıq, qafiyələnmə sistemi gözlənilmədən, dağınıq, pozuq dillə şeir yazmaq adət halını alıb. Rəşad Nağının bu şeirində də misralar sərbəst şeir üçün ən vacib şərt olan ritm baxımından uyğunsuzdur. Bir-biri ilə həmahəng, həmqafiyə ola bilmir. Qafiyələnmədə isə bəzən əlacsızlıqdan uyğunlaşdırma məcburiyyəti açıqca hiss olunur. Məsələn, “vətəndir-bədahətəndir” qafiyələnməsində olduğu kimi:
Anamın olduğu yer, atamın yatdığı yer,
Bir də sən hardasansa, ora mənə vətəndir.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndir.
Müəllifin “Qış parkı” şeirində də sadəcə, qarşı tərəfdən israrla onu sevməsi tələb olunur. Bəlkə, bütün sevgi şeirlərində belə bir istək, tələb açıq və gizli şəkildə ifadə edilir. Lakin həmin istək yeni çalar və obrazlı, poetik cazibə ilə əks olunmursa, yazılanlar “ölü şeirlər” sırasında itib-batacaq.
Qırılar qanadın, qırılar qolun,
Uçma, qurban olum, sən hələ xamsan.
Mən yazan şeirdən düşdüsə yolun,
Bəxtəvər adamsan, xoşbəxt adamsan.
Mənə lazım deyil sənin “sağ ol”un,
Bir dəfə ürəkdən sev məni, bəsdir.
Şeir bu qaydada, oxşar mənalı misralar, daha çox nəsr dilinə bənzəyən uzun-uzadı arzu və istəklər sicilləməsi fonunda sönüb gedir…
Quşların uçmağı aldadır səni,
Onlarda adətdir, səndə həvəsdir.
Qanadın buluddan böyük deyilsə,
Kədərin Uhuddan böyük deyilsə,
Lap böyük olsa da, qorxma, mən varam.
Sənin gəlişinə aşiq olmuşam.
Vurulmaq bir dəfə olur, bilirsən,
Bir də gedişinə vurulammaram.
Sual doğuran məqamlardan biri isə sevgilinin quş kimi uçması məsələsidir. Müəllif niyə israrla ona “uçma!” deyir? Uçmaq deyəndə sevməyimi nəzərdə tutur? Digər tərəfdən də sanki onu “uçmağa” həvəsləndirir. Yəni şeirin süjetini, məzmun və kompozisiyasını belə konkretləşdirmək mümkün olmur.
Uçma, qurban olum, sən hələ xamsan.
Uçsan da, unutma, yerdə mən varam.
Qırılsa qanadın, yansa qanadın,
Yerə bərk düşməyə səni qoymaram.
Sən yaxşı adamsan, yaxşı adamsan.
Atam deyilsən ki, qəfil öləsən.
Əlini qaşığın altına tutub
Anam deyilsən ki, yemək verəsən.
Eybi yox, mənimçün nar dənələmə,
Bir dəfə ürəkdən sev məni, bəsdir.
Səni Qış parkında gözləyəcəyəm,
Tələsdir özünü, mənə tələsdir…
Allahşükür Ağanın “Ləpir” şeirindəki ayaq ləpirindən su içən sərçə Cavid Qasımovun yuxarıda haqqında bəhs etdiyimiz şeirindəki “süfrələrin çörək qırıntıları”na şükür edən ağzıdualı sərçəsinə bənzəyir. Sadə, adi detalların, məişət cizgilərinin şeirləşməsi məqamı uğurlu görünür. Ayaq izləri, ləpirlər sərçələr üçün su qabı rolunu oynayır. Ləpir sahibi isə ayaqları ilə qürur duyur sanki. Çünki bir sərçə dimdiyinin duasını eşidirmiş kimi hiss edir özünü...
Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək, yaşayıram...
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla”.
Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...
Üstündə yeridiyi asfaltın altında vaxtilə Bayıl türməsi olduğunu müəllif “Bayıl türməsi” şeirində yazır:
Bizdə ürəyə bax, gör hardan keçirik?
Ayağımı yerə bərk vururam,
Burda, bax burda
Müşfiqin dodağının qanı var.
Burda, bax burda
Müşfiqin bir şeiri var, divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını götürüb saxlayaydıq.
Şeirin sonunda isə vurğulanır ki, türməni çoxdan köçürsələr də, qan hələ də yerdə qalıb…
Eminqueynədən və necə yazır? Bədii sözün, poetik ifadələrin vasitəsilə seçdiyi həyat fraqmentini, yaxud hiss və düşüncə süjetlərini başqalarından fərqli şəkildə, yaratdığı bənzərsiz metaforalar vasitəsi ilə təqdim edə bilirmi? Onun şeirlərinin qəhrəmanları və ya qəhrəmanı, poetik obrazı kimlər və nələrdir?
Müəllif obrazının taleyi onun şeirlərində hansı cizgilərilə yadda qalıb? Bəzən kədərli, duyğusal uşaqlar şair olmağı, nisgilli həyatını ədəbiyyatın materialı kimi qələmə almağı zəruri hesab edir. Bu istək həmişəmi uğurlu olur?
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,..
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası – Allah imiş,
biz xoşbəxt olanda
Allah – baba olur...
Şeirdə “Bütün atasızlar İsa olur” – fikri tam yerinə düşmür. İsa kimi doğulmaq və İsa kimi ölmək atasını itirmiş uşaq obrazından çox uzaqdır. Yəni müqayisə məntiqli görünmür. “Allahın xətrinə dəyir” ifadəsi də uğursuz ifadədir. Lakin şeirin “sarı simi”, yaddaqalan parçası bu hissədir:
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,..
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
Uşaq taleyinə ağrı kimi hopan detallar (şəkil, gödəkcə, papaq və s.) xatirə nişanəsi kimi yox, əl-ayağı dəlib keçən mıxdan asılan kədərli şəkillərdir…
Seyyidəli Sübhinin “Qayıdış” şeirində şeir texnikası mükəmməl olmasa da, poetik fraqmentin məzmunu maraq doğurur.
Bir çörək alacaq, qayıdacaqdım
– küçə sürgün etdi yüz fikrə məni.
İslandı qarışqa qalacıqları,
Yağış güllələdi fikirlərimi.
Fikir səyahəti onu dərin boşluqlara itələyir. (“Düşdüm bu boşluqda illər itkini”), hətta ölümlə üzləşmək məqamını da yaşayır. Lakin onu həyata bağlayan doğmaların sevgisi qayıtmasına səbəb olur.
Əcələ əl atmaq keçdi könüldən,
Keçdim bu bir qırıq çörək ömürdən!
Xəyalən saçları qara kömürdən
qızımın tellərin hördüm,
qayıtdım.
Qayıtdım ürəyim səksəkələrdə...
İtim hiss eləmiş daş səkilərdən,
Muştuluq istədi evdəkilərdən –
Ayaq səslərimə hürdü:
– "QAYITDI"!
El Romanın “Yarasalar” şeirini oxuyanda müəllifə şeirdəki misralarla bağlı xeyli suallar vermək haqqında düşünürsən.
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey
Adamlar torpağa, kağız torpağa...
Məsələn, burada sonuncu misradakı “kağız” ifadəsi, kağızın torpağa qayıtması məlumatı şeirin məna-məzmun açılışında hansı rolu oynayır? Təbii ki, cavab olmayacaq. Çünki müəllif ikinci misranın sonundakı “o qız torpağa” ifadəsinə qafiyə olaraq “kağız torpağa” yaraşdırmasını tapmağı məqbul hesab edib.
Göyərsə göylərdə bir ağ göyərçin,
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.
İstəsən, küləyə çevrilərəm
Və
Saçların tərəfə çevrilərəm,
Gəl.
Yenə müəllifə sual verməli oluruq. Göylərdə bir ağ göyərçin necə göyərə bilər? Və ya bu işə göylər niyə gülərdi? Və s.
Sonrakı misralarda da mənasızlıq və yanlış ifadələr… Məsələn, ”cam kasa” nə deməkdir? Yaxud “dayandır – hayandır - yandır”, “nəsidir -əsnəməsidir – qəfəsidir” tipli qafiyələrlə mükəmməl şeir nümunəsi yaratmaq olarmı?
Sən kimin olmusan min illər əvvəl?
Adını oxudum cam kasalardan...
Deyən olmadımı vaxtı dayandır?
Tanrıyam, bilmirəm, yerin hayandır...
Mağara ağzında cığara yandır,
Məni də bir dəfə yada sal orda...
Mağara?!
Görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir,
Tərsinə asılmış quş qəfəsidir,
Belə eşitmişəm yarasalardan...
El Romanın “Yuxu” şeirində də misralararası əlaqəsizliklər, boşluqlar davam etməkdədir. Mətləbi uzatmadan bir parça təqdim edir və həmin hissədə sual doğuracaq misraları diqqətə çatdırıram. Məsələn, “Çöldə eşidəcəksən çirkinliyin səsini, Evdə atan yeyəcək tikənin yekəsini” ... “Çirkinliyin səsini – tikənin yekəsini” kimi qafiyə oyunbazlığı mətnin mahiyyətini və ya mahiyyətsizliyini çox asanlıqla ortaya qoyur.
Bir gün dərdiyin çiçək səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...
Həmin gecə yuxuda özünü görəcəksən
Dodaqların qırmızı, saçın uzun, laap uzun...
Çöldə eşidəcəksən çirkinliyin səsini,
Evdə atan yeyəcək tikənin yekəsini.
İçində hiss edəndə təklik təhlükəsini
Səndən soruşacaqlar, kimin qızısan, qızım?
Beləliklə, müasir Azərbaycan poeziyasının kiçik də olsa, bir parçasını gözdən keçirmiş olduq. Bizim daima axtardığımız yeni poetik ovqat, estetik mükəmməllik, bu günün oxucusunun ruhi–psixoloji halını, hiss və düşüncələrini ifadə edə bilən poeziya nümunələri qarşımıza çıxdımı? Təəssüf ki, yox… Qaliblərdən çox şey gözlədiyimiz halda, zəif və perspektivsiz poetik cəhdlər müşahidə etdik…
QEYD: Ayrı-ayrı məqamlarda müəllifin fikirləri ilə razılaşmadığımızı qeyd etməyi lazım bilirik.
“Ədəbiyyt və incəsənət”
(04.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Seyran Səxavət, “Karusel”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
SEYRAN SƏXAVƏT
KARUSEL
(Hekayə)
Fatma bircə dəfə ağzından qaçırtmışdı ki, bufetçi Sabir yaman şeydi, həşəridi, adamın şiltiyin atır – doymaq bilmir, adamı öldürür ee, bajı...
Fatmanın sirr verdiyi qadın da bircə dəfə ağzından qaçırtmışdı ki, deyirlər bufetçi Sabir yaman şeydi, doymaq bilmir.
Bu da, bəs eləmişdi ki, bufetçi Sabir bəzi qadınların maraq dairəsində “adlı-sanlı” kişilərdən biri olsun.
Fatma otuz yaşında, suyuşirin, əndamlı, ədalı bir qadın idi; zahirən xanım-xatınlığı da vardı. Onun xanım-xatınlığı işvəsinə qarışanda, ən zəif adamın da kişi olduğu yadına düşürdü. Onun qabarıq, gen sinəsinin cazibəsi kişiləri gözündən vururdu – ovçu quşu gözündən vurduğu kimi. Bu, Fatmanın xoşuna gəlsə də, qəsdən eləmirdi. Onu Allah belə yaratmışdı və Fatmanın da ixtiyarı vardı ki, bu rayon mərkəzinin başqa qadınları kimi dükan-bazara çıxsın. Bir dəfə də onu şəhərin mərkəzi kitabxanasından çıxanda görmüşdülər. Fatma on ilin gəlini olsa da, uşağı yox idi. Əri bu balaca şəhərin qabiliyyətli, hörmətli dəmirçilərindən biri idi, özü isə mərkəzi xəstəxanada tibb bacısı işləyirdi. Fatma dul qalmışdı – əri keçən il dəmir yol vağzalından evə qayıdanda avtomobil qəzasında həlak olmuşdu. İndi tək yaşayırdı.
Bufetçi Sabir isə çay qırağındakı pavilyonda işləyirdi, kabab bişirirdi, iş yerinin səliqə-səhmanına baxırdı, müştərilərə qulluq eləyirdi, samovar qaynadırdı, hamı ilə zarafat eliyə bilirdi, yetənə yetir, yetməyənə bir söz atırdı, adının əvvəlindən də göründüyü kimi, bufetçi də özü idi – bir sözlə öz əli, öz başı idi.
Bufetçi Sabir qırx yaşının içindəydi. Bir qızı vardı, onu da keçən il, Fatmanın əri ölməmişdən üç-dörd gün qabaq köçürdüb yerbəyer eləmişdi. Kürəkəni mantyor işləyirdi, onun da adı Sabir idi – mantyor Sabir. Qızının on beş yaşı olanda arvadı qəfil xəstələndi, dərdinə çarə tapılmadı, üç-dörd günün içində əriyib çöpə döndü, son nəfəsində nəsə demək istəsə də, çatdırmadı. Bu gün də şəhər camaatına sirdi ki, buz baltası kimi qadına birdən-birə nooldu...
Bufetçi Sabir dul qalmışdı. İndi tək yaşayırdı. Qızı tez-tez ona dəyirdi, ev-eşiyi silib-süpürürdü, qayıdırdı öz yuvasına.
Fatmanın əri ölmüşdü, bufetçi Sabirin də arvadı. Bu məqamda ancaq Aşıq Ələsgər yada düşə bilərdi, elə düşdü də:
Sənin ərin ölsün, mənim arvadım
İkimiz də qalaq yaslı-yaralı...
Həyat davam eliyir axı; nə Fatmanın ərinin, nə də bufetçi Sabirin arvadının əziz xatirəsi zamanın gərdişini dayandırıb onu dəyişdirə bilməzdi – olan olmuşdu... Bu mənada sizə elə gəlmir ki, aşıq Ələsgər yuxarıdakı beyti yazanda, məclislərdə meydangirlik eləyib dilinə gətirəndə, elə Fatma ilə bufetçi Sabiri nəzərdə tutub, hə? Şəxsən mənə elə gəlir ki, Dədə Ələsgər bu beyti onlara həsr eləyib. Bunu, Dədə Ələsgərin Fatma ilə bufetçi Sabirə verdiyi xeyir-dua kimi də qəbul eləmək olardı, baxın də...
Bufetçi Sabir o vaxt dəbdə olan, yağın içində təzəcə aldığı, boz rəngli “Moskviç-412” maşınını pavilyonun arxasındakı sıx ağaclığın əhatəsində saxladı, yəni ki, mən burda yoxam, pavilyon bağlıdı. Sonra da pavilyonun girəcəyindəki qapıya ağırlığı bir kiloya qədər olan yekə kilid vurdu, açarını da qoydu cibinə. Pavilyonun dalına hərlənib arxa qapıdan içəri girdi. Saatına baxdı. Gecə saat birə iyirmi dəqiqə qalırdı. Elə Fatmanın gəlməyinə də o qədər qalmışdı. O, hər dəfə Fatmanı gözləyəndə belə qabaqlayıcı tədbirlər görürdü, biabırçılıqdan bərk qorxurdu. Bu gün-sabah, bəlkə də şəhərin ən cavan babası olacaqdı və buna, bəri başdan elə sevinirdi ki...
İşığın biri yanırdı. Bufetçi Sabir hər dəfə işdən evə qayıdanda bütün işıqları söndürüb təkcə onu yandırırdı. Bu, həm də təhlükəsizlik tədbiri kimi başa düşülürdü. Elektrik lampası pavilyonun alnına bərkidilsə də, yananda içəri xəfif işıq süzülür, içəriyə romantik bir görkəm verirdi. Bu, Fatmanın da xoşuna gəlirdi – rayon romantikası...
Bu cür romantika dünya şöhrətli “Hilton”, “Riksos” otellərinin yuxusuna da girməzdi; onlar başqa yuxular görürlər.
Bufetçi Sabir axşamüstü bişirdiyi çoban qovurmasını soyuducudan çıxarıb elektrik peçinin üstünə qoydu. Balaca, iki nəfərlik qatlama stolun üstünə göyərti, pendir-çörək düzdü. İki yonma stəkanı və iki yonma yüz qramlıq badəni də yadından çıxarmadı. Stol da, bufetçi Sabir də hazır idi. Bu vaxt rayonun yüz on minlik camaatı şirin yuxuda olurdu. Hamı yatıb, cırtdan cütlüyü oyaq...
Əlli-altmış metr aralıda görünən qaraltı tələsik, ürkək addımlarla pavilyonun arxa qapısından içəri girib oldu Fatma. Həmişə belə olurdu; əvvəlcə Fatmanın qaraltısı gəlirdi, dalınca da özü.
Bufetçi Sabir qapını arxadan şaqqıltı ilə bağlasa da, bu səsdən heç biri diksinmədi. Çünki bu səs onlar üçün doğmalaşmışdı, bu mərhəm şaqqıltıdan sonra onların həyatı istədikləri axara düşüb çay kimi onları aparırdı – belə səsdən kim diksinər ki?...
Durum yazım ki: “Fatma içəri girən kimi onlar bir-birinə sarıldılar, bufetçi Sabir onun boynunu, boğazını, üz-gözünü, qabarıq sinəsini öpüşlərə qərq etdi” və sair, bu, yalan olardı, sizi bəlkə də inandırardım, ancaq özüm inanmazdım.
Fatma içəri girən kimi keçib öz həmişəki yerində oturdu, bufetçi Sabir də qızdırdığı xörəyi sabılca qarışıq gətirib stolun tən ortasındakı qazanaltının üstünə qoydu.
Əgər mən Fatmanı da, bufetçi Sabiri də həyatda şəxsən tanısaydım, Aşıq Ələsgərin o beytini yazıb konvertə qoyar, sonra da onların ünvanına göndərərdim. Yüz faiz bilirəm ki, onların bu şeirdən xəbəri yoxdu, oxumurlar də zalım uşağı, kitab görəndə elə bil analarının oynaşını görürlər.
– Fatma.
– Hay can...
– Mənnən yüz qram konyak içərsən?
– Sabir, qadan alım, sənnən zəhər də içərəm, ancaq mən heylə şeylərin dadını bilmirəm axı.
– Bilmirsən, bil dana.
– Qorxuram ee, Sabir.
– Nədən qorxursan, aaz?
– Qorxuram, başım gicəllənər... yıxılaram.
– Qorxma, yıxılsan tutaram.
– Sabir, içsəm sonra mənnən zəhlən getməz ki?
– Mən içirəm... neçə dəfə görmüsən elə burda; sənin mənnən zəhlən gedir?
– Yox... Allah eləməsin... ancaq sən ayrı, mən ayrı dana...
– Sən niyə ayrı?
– Axı mən zənən xeylağıyam...
– Noolsun?
– Axı deyillər...
– Nə deyillər?
– Deyillər zənən xeylağı içirsə, pozğundu.
Bu sözdən sonra bufetçi Sabir duruxdu, elə bil pozğun sözünü Fatmaya yaraşdırmadı, ona qıymadı.
– Yaxşı, – dedi, – özüm içərəm... həmişə tək içməmişəm? – Fatmanın üzünə baxmağa ehtiyac duymadı.
– İncimirsən ki? – Fatma işvələndi.
– İçmirsən içmə, nə deyirəm ki...
Bufetçi Sabir qalxıb pavilyonun küncündəki gizlincindən yoğun konyak şüşəsini gətirib stolun üstünə qoydu:
– Görürsən bunun üstünə nə yazılıb?
– “Şirvan” – Fatma şüşənin üstünü tələsik oxudu.
– Ay sağ ol... Bu konyakı böyük adamlar içir, raykomlar, üzü yuxarı... Heç ispalkom da bunun dadını bilmir. Bakıya gedəndə almışdım. Bahalı şeydi... Sənə görə almışdım... Onda sənin stəkanını götürüm də...
– Yoox, buna görə çörəyin üstündən durma, qalıb də, – Fatma nazı ilə etiraz elədi.
Bufetçi Sabir “Şirvan”ın ağzını açıb yüz qramlıq yonma badəsini doldurdu:
– Fatma, Allah səni maa çox görməsin, – dedi, bu dəfə də öz ağzını açıb konyakı ora tökdü.
Fatma hər görüşündə ondan bu cümləni üç, ya da dörd dəfə eşidirdi. Bufetçi Sabir uzun-uzadı tost deməyi xoşlamırdı. Bu təkrar Fatmanı yorub bezdirmirdi, çünki o əzbər bildiyi bu cümləni səbirsizliklə gözləyir və elə bil birinci dəfə eşidirdi. Bufetçi Sabir isə hər dəfə bu cümlənin üstünə yüz qram araq tökürdü – konyak ilk dəfə idi.
– Böyüklər ağzının dadını bilirmiş, yağ kimi getdi. Deyillər ki, bu, – başı ilə konyak şüşəsini göstərdi, – birbaşa qana işdiyir. Özü də, atan kimi gedib yerinə çatır... – əlini yüngülvari qarnına çəkdi.
Fatma midilənirdi, bufetçi Sabir isə elə bil aclıqdan çıxmışdı və yeməkdən kam alırdı. Onun belə yeməyi Fatmaya ləzzət eliyirdi; ona elə gəlirdi ki, bufetçi Sabirə halaldı, çünki o nə təhər yeyirdisə, heylə də kişi idi...
Bufetçi Sabir müştərilərlə əlli-əlli vuranlardan deyildi. Əvvəllər ona belə təkliflər olanda deyirdi:
– Sən harda işləyirsən?
– Bilmirsən ki? Bankda...
– İşdə içirsən?
– Yoox...
– Niyə?
– Olmaz axı, işdə...
– Mənə də olmaz, mən işdə dəyiləm, bəs hardayam?..
Yaxın adamların toy-düyünündə ürəyi açılırdı, yaxşı yeyib-içirdi, sonra da zümzümə eliyə-eliyə çıxıb gedirdi evinə-eşiyinə, vəssalam.
Həftədə üç dəfə, cüt günlərdə, o, adət elədiyi rejimdən çıxıb Fatmanın rejimi ilə hərəkət eləyirdi. Bu, günün günorta çağı mümkün deyildi, adamın pişiyini ağaca dırmaşdırardılar – yalnız gecənin qırt yarısı. Və indi də o gecələrdən biri idi.
Əlinin arxası ilə yağlı dodaqlarını siləndə gördü ki, bu, Fatmanın nəzərindən yayınmadı. Özünü o yerə qoymadı, kağız dəsmalla əlinin üstünü silib gülə-gülə Fatmaya dedi:
– Nəə baxırsan?
– Bura sənə baxmağa gəlmişəm də... – Fatma əriyə-əriyə elə gülümsədi ki, bufetçi Sabir də əridi və qeyri-adi ərimə prosesi onların əllərinin bir-birinin üstünə minməsi ilə yekunlaşdı.
Bufetçi Sabir təkəlli qalmışdı və onun təkəlli qalmağının İkinci Dünya müharibəsinə dəxli yox idi ha... O, Fatmanın üzünə gülümsəyən kimi dərhal da cavabını aldı, haqqında həbs-qətiimkan tədbiri seçilmiş əli ilə bir topa bulaq qıjısını ağzına basıb xarta-xurtla elə yeyirdi ki, elə bil silos doğrayan maşındı. Sol əli hələ amnistiyaya düşmədiyinə görə sağ əli ilə özünə konyak süzdü. Rəngi güclə seziləcək dərəcədə qızarmışdı və bu, onu bir az da şirinləşdirirdi. O, badəni götürüb bir az da qızarmaq və şirinləşmək istəyirmiş kimi dedi:
– Fatma, Allah səni maa çox görməsin.
Fatmanın ağzında dili yox idi, onun ancaq gözləri danışırdı, gözləri dil açmışdı...
Bufetçi Sabirin qidalanma prosesinin ikinci seriyası titrsiz-filansız necə qəfil başladısa, adama elə gəldi ki, beş-altı dəqiqədən sonra sapılcanın dibini də sivirib onu güzgü kimi parıldadacaq. Ümumiyyətlə, onun yemək-içmək prosesi seriallara oxşayırdı və bu serialın ən tələbkar, istedadlı və yeganə tamaşaçısı Fatma idi. Dünyanın işini bilmək olmur də, nə zamansa ikinci bir tamaşaçı – istedadından və gözəlliyindən asılı olmayaraq peyda olsaydı, Fatma ortasından çatdıyardı, çünki bu serial da, onun baş qəhrəmanı da bir nəfərlikdi – Fatmanındı.
Bufetçi Sabir deyəsən Fatmanın bayaqkı oğrun baxışından nəticə çıxardıb parıldayan dodaqlarını kağız dəsmalla silib dedi:
– Fatma.
– Haycan.
Fatma haycan deməsəydi o, elə birbaşa mətləbə keçərdi. Ancaq hərə öz işini görürdü də.
– Fatma, ağzınnan bir söz-zad qaçırtmamısan ki?
Görüşdükləri uzun müddətdə ilk dəfə verilən bu sualın gözlənilməzliyi Fatmanı gözlənilməz hala salsa da, o, bacarıqla, işvəkarlıqla bu vəziyyətdən çıxıb dedi:
– Sən nə danışırsan Sabir, heç heylə şey olar... bir daş altda, bir daş üstdə...
– Sənə inanıram haa, Fatma. Yoxsa...
– Yoxsa nə?
– Bilirsən ki, səni çox istəyirəm. Ancaq qulağım bir şey çalsa, – üzünə xoş ifadə verməyə cəhd elədi, – dilini dartıb xirtdəyindən çıxardaram.
Fatma dilini çıxardıb ona göstərdi. Bufetçi Sabir çiynindən tutub onu özünə sıxdı, üzünü də üzünə; əllər öz işini görüb qurtarmış, bir-birinin üstündən düşmüşdü.
Fatma sevinirdi ki, onun dilini dartıb xirtdəyindən çıxara biləcək bir kişi var yanında – bu sözlər onun ürəyinə sarı yağ kimi yayılıb ömürlük bir arxayınçılıq yaratdı.
– Fatma...
– Haycan... – Fatma yenə Sabirin birbaşa mətləbə keçməsinə mane oldu.
– Fatma, o bodulqanı götür, – konyak şüşəsinə işarə elədi, – ay sağ ol... indi mənə konyak tök...
Fatma yoğun, hamar konyak şüşəsini iki əlinin arasında bərk-bərk sıxıb konyak süzdü. O, o qədər gülməli görünürdü ki, Sabirin də dodaqları qaçdı. Sizə zarafat gəlməsin, bu, Fatmanın ilk “işi” idi. Sabir bu yaxınlarda bir filmdə görmüşdü ki, fransız qadını restoranda birlikdə şam elədiyi kişinin xahişi ilə onun badəsinə necə viski süzür; qəfildən o yadına düşmüşdü. Bu da sənə, hələ Sovetin vaxtında Avropaya inteqrasiya – buyur.
– O bodulqanı niyə heylə iki əlli tutmuşdun, aaz?
– Çox yoğundu dana, ona görə.
– Yoğun yaxşıdı dana...
Fatma gülümsəyib onun enli sifətinə yaraşan yekə burnunun ucundan tutub sıxdı:
– Eeey... - Şəhadət barmağı ilə onu hədələdi.
Bu hədəni hansı kişi görsəydi ağzının suyu axardı, arzulayardı ki, kaş onu da, heç olmasa ildə üç-dörd dəfə belə hədələyən olaydı. Sözə, təsvirə gəlməyən bu işvəli, mərhəm, şirin qadın hədəsini görsəydiniz, ondan sonra bilərdiniz ki, bu, nə olan şeydi – ancaq görək Sabir buna razı olardımı? Heç vaxt...
– Bir söz demək istəyirəm Sabir... ancaq utanıram...
– Sənin başın xarabdı?
– Yoox... niyə ki? – Elə bil bir az da incidi.
– Bəs onda mənnən niyə utanırsan? Bizim bir-birimizdən utanan vaxtımız keçib, yadındadı? Mənim heç vaxt yadımdan çıxmaz... – Sabir gözüynən onu yeyirdi.
Fatma onun nəyə işarə elədiyini başa düşüb dedi:
– Yaxşı-yaxşı... başına söz qəhətdi?.. – Güldü, əridi...
Burda hər kəs – Fatma da, Sabir də, “Şirvan” konyakı da öz işini görürdü və belə demək mümkündürsə, bu üçlüyün işi hələ qurtarmamışdı. Hələlik “Şirvan” Sabirdən də, Fatmadan da fəal görünürdü; belə ki, birinci yerdə “Şirvan”, ikinci yerdə Sabir, üçüncü yerdə isə Fatma qərarlaşmışdı. Bu, hələlik beləydi, vəziyyət hər dəqiqə dəyişə bilərdi.
– Yaxşı, de görüm nə məsələdi? – Sabir soruşdu.
– İkimizin aramızda qalacaq? – Fatma onun üzünə baxdı.
– Yoox... qəzetə verəjəm.
– Sabir, mən də onnan istiyirəm.
– Konyak?
– Hə...
– Bıy saa ürəyim qurban, elə bunu saa almışdım dana... – Deyəsən “Şirvan” bir az da fəallaşmışdı.
– Çox acıdı?
– Saa deyim dana. Ağızda bir az acılığı olur, ancaq içəri ki, getdi şirinləşə-şirinləşə bala dönür.
– Həə? – Fatma inandı.
– Hə... indi özün görəzsən dana, uzaqda dəyil ha.
– Sabir yadındadı?
– Nə?
– Keçən il bu vaxt, mən sənin sağlığına demək istəyəndə qoymadın...
– Niyə?
– Dedin ki, içməyənin sağlıq deməyə ixtiyarı yoxdu. İndi ixtiyarım var?
– Var... döşə gəlsin.
Fatma balaca yonma stəkanı ovcunun içində tutub nəsə demək istəyəndə Sabir qoymadı:
– Müstərsən aaz, stəkanın belindən tut də... bax, belə, mənim kimi...
– Qorxuram yerə tökülər ee...
– Yerə tökülər təzədən dolduraram, qurbandı saa... Çay içəndə stəkanı nə təhər tutursan? Elə bil çaydı dana, rəngi də oxşayır.
Fatma Sabirin dediyini canla-başla elədi, pis də alınmadı:
– Sabir, – dedi, – Allah sənə dəyməsin... gözü doldu, – sən olmasan özümü gölə ataram, – dedi və bir anın içində, sol əli ilə burnunu sıxıb, acı dərman içən xəstələr kimi, stəkandakı konyakı qorxusundan necə “peşəkarcasına” atdısa, Sabirin gözü kəlləsinə çıxdı, sonra da uğunub getdi, qızarmış sifəti qıpqırmızı olana qədər güldü.
– Niyə heylə elədin ki? – Sabir soruşdu.
– Birinci dəfədi dana... qorxumdan heylə elədim ki, canım tez qurtarsın.
– Yaxşı, götür bir loxma çörək ye... Acı dəyildi ki?
– Yox ee... heç dilimə dəymədi ha... elə, boğazımdan getdi içəri. Ancaq boğazım bir az göynəyir.
– Götür limonad iç... keçdi?
– Hə...
Sabir saysız-hesabsız lətifə bilirdi və onları lətifə stilində də dilinə gətirməyi bacarırdı, çünki özü duzlu adam idi – elə bir ixtiyarım olsaydı, duzsuz adamların lətifə danışmasını qadağan eliyərdim, çünki içinə aftafa alırlar. Bu, doğrudan da belədi; mənim uşaqlıq dostum var, akademikdi, dünyanın ən güclü alimlərindəndi. Yüz dəfə eşitdiyi lətifəni bircə dəfə danışsın, adamın nə tükü tərpənir, nə də heç harası. Ancaq Sabir ağzını açan kimi uğunub gedirsən. İndi o, yenə əsgərlikdə olanda öyrəndiyi lətifələrdən birini danışdı, Fatma gülməkdən dayana bilmirdi. Ancaq o lətifəni sizə danışa bilmərəm, çünki bu onların vəziyyətində, yalnız onlara aid idi – iki nəfərlik...
Fatmanın yanaqlarında bir cüt çiyələk qızarırdı, qırıb yeyən lazım idi. Ancaq nə sizin, nə də yazıçının buna nə ixtiyarı, nə də hünəri çatardı, lap könlümüz istəsə də – çünki Sabir kələ kimi oturmuşdu yanında, ürəyi istəyəndə dərəcəkdi – əli ilə yox, dodaqları ilə... əzilərdi axı...
– Sabir.
– Can Sabir. – Bu dəfə də Sabir Fatmanın birbaşa mətləbə keçməsinə mane oldu, məqamı gəlmişdi.
– Sabir...
– Can Sabir. – O, yenə mane oldu.
– Yaxşı, qoy sözümü deyim də... – Fatmanın özü o qədər olmasa da, işvəsi incidi. İncik işvə də başqa bir aləmdi, bütün kişilərə qismət olsun.
– Sən evlənəzsən?
– Heç vaxt! – Sabir bu sualı yarımnormal qəbul elədi.
– Niyə?
– Ay Fatma, saa ürəyim qurban, qırx yaşım var, bundan sonra nə evlənmək? Qırxında evlənən, gorunda xoşbaxt olar... bəlkə də olmaz.
– Sənin tayların hələ indi-indi evlənir, eləsi var heç evlənməyib də...
– Fatma.
– Haycan.
– Qulaq as. Bax, günü sabah evləndim. Bu gün-sabah nəvəm olacaq. Bir ildən-zaddan sonra arvadım getdi roddoma, bir oğlu oldu. Nəvəm oğlumdan böyükdü. Ancaq oğlum nəvəmin dayısıdı. Mənim nəvəm yekələndə, özünnən çıqqılı olan adama nə təhər dayı desin, aaz. Biabırçılıqdı – mən belə şey eləmərəm. Bir də ki, Allah səni maa çox görməsin, bəsimdi. Sənin kimisin hardan tapajam.
– Tapıbsan dana...
– Yox ee, dedim axı saa, balabanda qandırdım axı, səni.
– Bəs evlənsən kimi alarsan?
– Heç kəsi.
– Çıxılmaz vəziyyətə düşsən nə təhər?
– Pis vəziyyətə niyə düşürəm ki, ağlım başımda, özüm də ki...
– Sabir...
– Can Sabir.
– Sabir, qurban olum saa, məni al dana, noolar?
– Yaxşı, sarsaxlama, bayaq dedim axı, saa... Bu söhbəti bağladıq...
Elə bil Sabirin qəfil ağlına gəldi:
– Bəri bax, – dedi, bəs sən niyə ərə getmirsən, hə?
– Sənnən başqa heç kim ürəyimə yatmır, gözüm səni nə təhər tutubsa... Sən niyə heylə deyirsən? İstəyirsən ərə gedim? – Kövrəldi, – bezmisən mənnən? – Fatma elə pis oldu ki...
– Sarsax-sarsax danışma aaz, səni kim alsa onu doğruyaram... balaca tikəsini qulağı boyda eliyərəm.
Fatma bu sözlərdən ürəkləndi, elə yaxşı oldu ki...
...Yaman şey, həşəri, adamın şiltiyini atan, doymaq bilməyən, adamı öldürən Sabir, o gecə, Fatmanın bircə dəfə ağzından qaçırtdıqlarının hamısını eləyib qurtarandan sonra, gecə saat beşin yarısında “Moskviç”inə minib Fatmanı da yanında oturtdu, parkın yanından keçəndə dedi:
– İstəyirsən parkda bir az gəzək?
– Gəzək... – Elə bil Fatma onun bu təklifini çoxdan gözləyirdi, – ancaq işıqlanmamış gedərik... evə...
Onlar parkın darvazasının ağzında maşını saxlayıb içəri keçəndə şəhər yuxusundan bal çəkirdi...
Bu şəhər yüz illərdi Kiçik Qafqaz sıra dağlarının ətəyindən yapışmışdı – əl mənim, ətək sənin. Sıx meşələri çiyninə salmış dağlar bir-birinə arxalanırdı, söykənirdi. Günəş hər axşam o dağların arxasında gecələyirdi; qışda dağların kürəyini qızdırır, yayda isə qovururdu. Can dərmanı yetirən qara torpaq adamların üzünü ağ eləyirdi, bolluq-bostanlıq idi. Gözəllik, xeyir-bərəkət, zəhmət, adamları cilaladıqca onlar bir-birinə qarşı daha da mehriban olur, şad-xürrəm yaşayırdılar. İlin bütün fəsillərinin gözəlliyi adamları diri saxlayırdı – dörd gözəl... Allah bu yerlərdən heç nə əsirgəməmişdi – nəyi vardısa tökmüşdü bura...
Onlar parkın yarımqaranlığına girən kimi Sabir dedi:
– Gir qoluma.
Fatma Sabirin qoluna girib uşaq kimi sevindi:
– Elə bil Bakıdayıq...
– Bir dəfə səni aparajam Bakıya.
Fatma bu xəbərə də sevindi:
– Görəsən niyə bizimkilər parkda gəzəndə Bakıdakı kimi bir-birinin qolundan tutmur, hə?...
– Bura Bakıdı? – Sabir dedi, – burda olmaz, rayon yeridi, adamı hoydu-hoyduya götürəllər.
Onlar qucağında uşaq tutmuş ana abidəsinin yanında dayandılar, Sabir başını qaldırıb bu qadının sifətinə diqqətlə baxandan sonra dedi:
– Bu arvad niyə bikefdi?
– ...
– Sən bilərsən ee.... ikiniz də arvad xeylağısınız...
– Yəqin oğlunu müharibədə öldürüblər, onçun bikefdi.
– Qucağındakı kimdi bəs, öz uşağıdı?
– Yox... yəqin nəvəsidi, görmürsən qoca arvaddı...
– Düz deyirsən, – Sabir təsdiqlədi.
Onlar bu heykəltəraşlıq nümunəsini rayon yerində yaşayan bir cüt “sənətşünas” kimi mükəmməl təhlil eliyəndən sonra üç-dörd ay bundan əvvəl qurulmuş karuselə tərəf getdilər. Fatma dedi:
– Deyirəm ay Sabir, biz nə qədər oğurluq gəzəcəyik ee, buralarda?
– Başına söz qəhətdi? Buna da şükür.
Karuselin yanında ayaq saxlayan kimi Sabir dedi:
– İstəyirsən səni karuselə mindirim.
– İstəyirəm. – Bu gün Fatmanın sevinc günü idi.
– Di, gəl görüm.
Fatma karuselə baxıb dedi:
– Tək qorxuram ee.
– Yaxşı ikimiz də minək.
Onlar qalxıb əyləşdilər. Sabir onu qucaqlayıb gen sinəsinə sıxdı və bir an dayanıb üzünün key ifadəsi ilə dedi:
– Bəs qnopkanı kim basacaq?
– Doğrudan ee...
– Bu saat, – Sabir bu işin əlacını tapmış adam kimi dedi, – sən otur, mən bu saat gəlləm.
O, karuseldən düşüb xeyli aralıdakı, uzun, hamar qarğı ilə qayıtdı.
– Yəqin burda oynayan uşaqlardan kiminsə qarğı “atı”dı, yadından çıxıb qalıb, – dedi və Fatmanın yanında yerini rahatladı.
– İndi nağayrazsan? – Fatma maraqla soruşdu.
– Görərsən, – Sabir dedi və əlindəki uzun, hamar qarğını karuselin düyməsinə tərəf uzatdı. Bir-iki dəfə cəhd eliyəndən sonra düyməni basa bildi.
Karusel hərəkətə gəldi. Fatma Sabirin bu “tapıntısı” ilə öyündü. Karuselin sürəti artdıqca Fatmanın qəşəng saçları dingildəyib bir-birinə qarışırdı; bu da, ona yaraşırdı və bu yaraşıq Sabirin gözündən yayınmamışdı, tez-tez çönüb ona baxırdı. Fatma başını Sabirin çiyninə qoydu. Onun saçları ara-sıra Sabirin üzünə toxunanda o, özündən asılı olmayaraq gözlərini yumurdu, bu toxunuşda ilahi bir rahatlıq hiss eləyirdi və bu cür rahatlıq ilk idi – ilkin...
Karusel xeyli fırlanandan sonra Fatma dedi:
– Sabir, vaxtdı, gedək.
– Düz deyirsən...
Sabir əlindəki uzun, hamar qarğunu karuselin düyməsinə tərəf tuşladı ki, onun yanından keçəndə basıb dayandırsın, ancaq yaxına düşə bilmirdi. Sabir on-on beş dəfə cəhd eləsə də, heç nə alınmadı, əlindəki uzun, hamar qarğını, bir uşağın sevinə-sevinə mindiyi “atını” sınıq-sınıq eləyib tulladı. Sabiri tər basdı, onlar fırlana-fırlana qalmışdılar. Karuseldən özlərini atsaydılar, çilik-çilik olardılar. Sabir fikirləşdi ki, qız rüsvay olacaq... özüm cəhənnəm...
Fatma, onun qapqara nəm sifətinə ani nəzər salıb özünü itirmiş vəziyyətdə dedi:
– Rusvay oldum... – Ancaq özünü nəzərdə tutdu.
Fatma düz deyirdi. Bizdə qadınla kişinin belə müştərək rüsvayçılığından qadına daha çox pay düşür, kişiyə nə var ki... Fatmanın haqqında isə bütün qadınlar belə deyəcəkdi:– Qızıxıb...
Bayaq Sabir uzun, hamar qarğı ilə karuseli hərəkə gətirəndə Fatma onun bu tapıntısı ilə öyünmüşdü. İndi isə o, öz varlığını hiss eliyə bilmirdi. Bədəni cumculuq olmuşdu – qan-tər içindəydi.
“Sabir” Sabirin yadından çıxmışdı və ancaq keyləşmiş başı ilə Fatmanı fikirləşirdi: “Yazıq biabır olajax...”
Sən demə bu, Sabirin bir dəfə Bakıda, dəniz kənarında mindiyi karuseldən deyilmiş; onun düyməsini basırdılar işə düşürdü və on dəqiqədən sonra özü dayanırdı – rele onun işini tənzimləyirdi – o, bunu nəzərə almamışdı.
Fırlana-fırlana qalmışdılar, onların işi Allaha qalmışdı, bir də işıq idarəsinə – işıq sönsəydi yaxalarını bu biabırçılığın əlindən qurtara bilərdilər; bu da dəryada balıq sevdasına oxşayırdı.
Üzüm yığımının qızgın vaxtı idi. Camaatı məhsul yığımına səfərbər eləyən ştab bu parkda yerləşirdi. Bir azdan Rayon Partiya Komitəsinin birinci katibi Mahmud Mahmudzadə başda olmaqla bütün partiya və təsərrüfat fəalları, prokuror, milis rəisi, hamısı bura axışacaqdı. Şəhərin işıqları Fatma ilə Sabirin xilas ümidi kimi yavaş-yavaş öləziyirdi.
Fatmanın ara vermədən axan göz yaşları şəhərin işıqlarının üstünə bir-bir damcılayıb onları söndürdükcə rüsvayçılıq da yaxınlaşırdı.
Saat yeddiyə beş-on dəqiqə işləmiş yoldaş Mahmudzadənin “Qaz–24” markalı xidməti maşını parkın girəcəyində dayandı. Onunla daban-dabana gələn partiya təsərrüfat fəalları birinci katibi qarğa-quzğun kimi dövrəyə aldılar. Heç kəs ona yaxınlaşıb əl vermirdi, hamısı bükülü vəziyyətdə gendən salam verirdi, o da, bu salamları ağızucu yox ee, gözucu alırdı – özü də hamısınınkını bir dəfəyə. Onlar bu vəziyyətdə parka daxil oldular.
Cütlük hələ fırlana-fırlana qalmışdı...
Səfərbərlik ştabının rəhbəri başqa adam olsa da, son sözü Mahmudzadə yoldaş deyirdi.
– Maşınlar hazırdı? – Birinci katib soruşdu.
– Bəli, yoldaş Mahmudzadə. – Avtobazanın rəisi bir addım irəli çıxıb təzədən yerinə qayıtdı.
– Bu axşam raport verməliyik ha, plan bu gün dolmalıdı.
– Bilirik, yoldaş Mahmudzadə.
– “Ukrayna” kolxozunda vəziyyət nə yerdədi?
Cütlük fırlana-fırlana qalmışdı...
– Şəkərin dərəcəsini qaldırdınız?
– Zavodu işə saldılar?
Cütlük hələ də fırlanırdı və onlar partiya-təsərrüfat fəallarına fırlana-fırlana baxırdılar. Partiya-təsərrüfat fəalları isə ancaq Mahmudzadə yoldaşa baxırdılar – elə hər cəhətdən.
Mahmudzadə bura yığışanların içində ən boylu-buxunlu, gövdəli adam idi. Birdən o, sağ əlini karusel tərəfə uzadıb dedi:
– O nədi heylə?
– Karuseldi, yoldaş Mahmudzadə.
– O niyə səhərin gözü açılmamış fırlanır ki? Özü də deyəsən iki nəfər də orda...
– Düzdü, yoldaş Mahmudzadə.
– Get onları gətir bura. – Milis rəisinə dedi.
Bir suiçim saatda onların ikisi də suyu süzülə-süzülə birinci katibin hüzurunda dayanıb başlarını aşağı salmışdılar. Hər ikisi girməyə siçan deşiyi axtarırdı.
– Bunlar kimdi belə? – Mahmudzadə camaatın topasından soruşdu.
Polis rəisi bir addım irəli çıxıb dedi:
– Yoldaş Mahmudzadə, Sabirdi də, bufetçi Sabir.
– O dilli-dilavər deyilən oğlan budu?
– Bəli, yoldaş Mahmudzadə.
– Oboxeisi göndərərsən, getsin bunun pavilyonunu möhürləsin.
– Baş üstə, yoldaş Mahmudzadə.
– Özünü də basın getsin üzüm yığsın.
– Baş üstə, yoldaş Mahmudzadə.
– Bu nə vaxtın karuseldə farlanmadığı əə, belə... türküdurmazdan...
Sabir Fatmanı bu rüsvayçılıqdan xilas eləməli idi, başını azca qaldırıb dedi:
– Yoldaş Mahmudzadə... biz əhd eləmişdik ki, evlənməmişdən bir gün qabaq gecənin yarısı gələk bura... heç kim görməsin dana... minək karuselə, səhər gedək ZAQS–a.... Mindik, heç kim yox idi. Uzun qarğı vardı, onnan qnopkanı basdım, karusel yerindən tərpəndi, sonra saxlaya bilmədim, iki saatdır fırlanırıq...
Birinci katibi gülmək tutsa da, özünü boğdu, təbəssümlə kifayətləndi. Əlinin altında işləyən bir belə adamın içində gülmək olmazdı, yoxsa onun ciddilik imici zədələnərdi...
Birinci katib polis rəisinə dedi:
– Bunnan işiniz olmasın, – gülümsədi, – qoyun işiynən məşğul olsun.
– Baş üstə, yoldaş Mahmudzadə.
– Bəs bu xanım kimdi belə?
– Bunu alajam dana, yoldaş Mahmudzadə.
– Bəs niyə belə gec evlənirsən?
– Rayonda hamıdan tez mən evlənmişdim... sonra... arvadım öldü.
– Allah rəhmət eləsin...
– Sağ olun, yoldaş Mahmudzadə.
– Bəs, bu xanım niyə belə gec ərə gedir?
– O da, mənim kimi hamıdan tez ərə getmişdi, sonra əri avariya düşdü, öldü.
Elə bil Mahmudzadə bu rayonda işlədiyi illərdə ilk dəfə idi ki, birinci katib olduğunu unutmuşdu.
– Gedin o ZAQS-ın müdirin çağırın bura.
– Mən burdayam, yoldaş Mahmudzadə, – əlli yaşlı, çeçunça kostyum geymiş kişi bir addım irəli çıxdı.
– Bunların kəbinini kəs, özü də burda.
– Baş üstə, yoldaş Mahmudzadə.
Çeçunça kostyum geymiş kişinin getməyi ilə qoltuğunda qovluq geri qayıtması bir oldu. Ştabın qırmızı pərdə salınmış stolunun üstündə kəbin kəsildi.
Mahmudzadə qırmızı stola yaxınlaşdı, Sabirin əlini sıxıb “təbrik eliyirəm” deyən kimi, bütün partiya-təsərrüfat fəalları bir ağızdan dedilər: – Təbrik eliyirik.
Sabir Fatmanı bu biabırçılıqdan xilas etmişdi, qalan heç nə haqqında fikirləşmirdi. İndi kim nə deyə bilərdi ki? Kişinin oğlu öz halal-hümbət arvadıynan karuselə minib də, burda nə var ki…
Maşına minən kimi Fatma, içində baş vermiş dağıdıcı zəlzələdən sonra özündə güc tapdı, nəm gözlərini silə-silə pıçıldadı:
– Sabir...
– Haycan...
– Sabir, sənə qurban olum...
– Yaxşı, yaxşı... indi vaxtım yoxdu, sonra qurban olarsan.
– Sabir...
– Yaxşı də... gedirik bizə, bu gün işə mənim evimdən gedəzsən... ölənə qədər.
– Bəs camaat...
– Camaatınan bayaq qurtardıq də... parkda... indi sən mənim arvadımsan, əlimdə kağızım da var, orda ikimizin də adı yazılıb...
– Nə yazılıb?
– Orda yazılıb ki, camaat otursun yerində, Fatma Sabirin arvadıdı.
...Sabirin dedikləri çin çıxdı. Vaxt-vədə ötəndən sonra bir oğlu oldu Fatmadan. Dayı, bacısı oğlundan iki yaş yarım kiçik idi – Sabirin ağzı fal imiş...
İndi tez-tez bu parka gəlib üçlükdə karuselə minirdilər, heç nədən, heç kimdən də çəkinmirdilər. Bu parka gəlib gəzən qadınlar karuseli görən kimi bic-bic gülümsəyib deyirdilər:
– Fatma karuseli...
Kişilər də deyirdilər:
– Sabir karuseli.
Sizə zarafat gəlməsin, Azərbaycan boyda məmləkətin heç bir klassikinə, dahisinə sağlığında qismət olmayan şey Fatma ilə Sabirə qismət olmuşdu: Onlar balaca bir şəhər parkında olsa da, adlarını beləcə əbədiləşdirmişdilər...
İndi isə... Özünüz bilirsiniz də, göydən üç alma düşdü, biri Fatmanın, biri bufetçi Sabirin, biri də Rayon partiya komitəsinin birinci katibi yoldaş Mahmudzadənin...
Mən alma istəmirəm...
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 9.Mütaliə məhsulu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
9.
MÜTALİƏ MƏHSULU
Mütaliə məhsulu anlayışına uzun illər yalnız müxtəlif çap məhsulları – kitablar, qəzetlər, jurnallar, broşürlər daxil idi. Orta və yaşlı nəsil o dövrü xatırlayanda mütləq altından cızmalıdır ki, kitab mağazalarında və qəzet köşklərində uzun növbələr o dövr üçün səciyyəvi idi. İnsanlarda heç olmasa həftədə bir dəfə yeni kitab almaq, hər gün təzə qəzet almaq vərdişi formalaşmışdı. Üstəlik, insanların kitabxanalara kütləvi axını vardı. Oxu zalında oturub oxumaq, yaxud evə kitab götürmək – milyonların sevimli məşğuliyyəti idi.
Amma 21-ci əsrdə mütaliə məhsullarının çeşidləri xeyli genişləndi, bu sferanı İnformasiya Kommunikasiya Texnologiyalarının gündəmimizə daxil etdiyi elektron mütaliə mənbələri – elektron kitablar, öyrədici və tanıdıcı saytlar, xəbər portalları xeyli zənginləşdirdi. İndi insanlar kitab mağazaları, kitabxanalar və qəzet köşklərinə səfər etməyi yadırğayaraq evdə kompüterin, müxtəlif qadjetlərin, ən əsası, ağıllı mobil telefonların qarşısında əyləşib mütaliə etməyə başladılar.
Və təbii ki, elektron mütaliə mənbələrinə ayrılan zaman elektron əyləncə mənbələrinə ayrılan zamandan xeyli az olması ilə səciyyələnməkdədir.
Növbəti: 10.Mütaliə növləri
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
Varis: “Bu gün əlinə qələm alan jurnalistikaya və ədəbiyyata gəlir” - MÜSAHİBƏ
Yazıçı, jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının türk dövlətləri və türkdilli xalqlar üzrə katibi, "Əməkdar Jurnalist", Soçidə (Rusiya) keçirilən LIFFT - 2019 Avrasiya Ədəbiyyat Festivalının qızıl laureatı, PEN klubun üzvü Varis “Report” informasiya agentliyinə müsahibə verib. Tanınmış yazar müsahibəsində ədəbiyyatın, eyni zamanda jurnalistikanın problemləri, bu sahədə çatışmazlıqlar, peşəkarlıq məsələlərinə toxunub.
“Ədəbiyyat və incəsənət” həmin
müsahibəni təqdim edir.
- Azərbaycanda geniş oxucu auditoriyasına malik yazıçısınız. Maraqlıdır, müasir oxucuların damarını necə tutursunuz?
- Müasir oxucunun damarını tutmaq üçün yazar öncə öz oxucusunu tanımalıdır. Bilməlidir ki, orta statistik oxucunun mütaliə səviyyəsi nədir və onun nəyə daha çox ehtiyacı var. Mən 2016-cı ildə Nyu-York şəhərində bestseller yazmağın “qızıl qaydaları” dərsinə yiyələnmişəm. Müasir dövrdə oxucuların 70 faizi “Z” nəslinə aiddirlər. Onlar virtual dünyaya bağlıdır. Qatıldığım təlimlərdə insanları internet və mobil telefondan necə qopararaq kitaba cəlb edəcəyimi öyrənmişəm. Həmin qaydalara riayət edəndə oxunaqlı əsərlər meydana çıxır. Bəstəkar da, rəssam da, yazıçı da dövrün tələbinə uyğun yazıb-yaratmalıdır. Düşünürəm ki, oxucularımın damarını dövrün tələbinə uyğun əsərlər yazmaqla tuturam.
- Romanlarınızın bir nəfəsə oxunduğu deyilir. Bunu necə bacarırsınız? Onların axıcı olması üçün nələrə diqqət edirsiniz?
- Təhsilsiz insan həkim ola bilmədiyi kimi, təhsilsiz adam da roman yaza bilməz. Yazıçı ən azından ədəbiyyatşünaslığı, romanın strukturunu bilməli, mütaliəli olmalıdır. Təəssüf ki, bu gün əlinə qələm alan jurnalistikaya və ədəbiyyata gəlir. Düşünürlər ki, burada diplom və peşəkarlıq tələb olunmur. Romanları yazanda ilk olaraq verəcəyim mesajı müəyyən edirəm. Çünki mesajsız əsər günümüzün telefona bağlı insanlarını özünə çəkə bilmir. Əgər belə bir kütlə kitaba vaxt ayırırsa onlar orada mütləq bol informasiya və mesaj almalıdır.
- Müsahibələrinizdən birində vurğulamısınız ki, 90-cı illərdə İsmayıl Şıxlı yazılarınızı çox bəyənib. Hətta sizin yazılarınıza xüsusi diqqət də göstərib. Bəs niyə ədəbi mühitə yalnız 2008-ci ildə atıldınız? Gözləməyinizin xüsusi səbəbi varmı?
- Çünki hələ kitab oxumağın zamanı yetişməmişdi. İlk romanımda “kitab oxumağın vaxtı yetişdi” yazılıb. O dövrdə mən dövlət televiziyasında departament direktoru vəzifəsində çalışırdım. Ora sorğu mərkəzi daxil idi. Sorğu apardıq və məlum oldu ki, Azərbaycan oxucusu nəsr əsəri tapa bilmir. Bu səbəbdən xarici əsərlərə üz tutur. İlk romanım 2008-ci ildə çıxanda ölkədə normal kitab mağazası belə yox idi. 90-cı illərdə mən Bakı Dövlət Universitetində oxuyanda xalq yazıçısı İsmayıl Şıxlı mənim haqqımda “Ədəbiyyata Varis gəlir” ifadəsini işlətmişdi. Amma mən gəlmədim. Gördüm ki, cəmiyyət siyasiləşir, kitab oxuyan yoxdur. Bundan əlavə Qarabağ müharibəsi də insanları xeyli yormuşdu. 2008-ci ilə qədər mən böyük hazırlıq mərhələsi keçmişdim. Oxucum kim olacaq, kitabımı kimlərə satacam, neçə tirajnan çap edəcəm, yəni böyük marketinq işləri aparmışdım. O dövrdə mən müxtəlif əsərlər yazıb yığmışdım. İntellektual, Qarabağ mövzusunda və s. yazılarım var idi. Mən debütü sevgi romanı ilə etdim. Çünki oxucuya artıq hakim idim. İkinci romanım artıq Qarabağ mövzusunda oldu.
-“Sonuncu ölən ümidlərdir” romanından başqa hansı sevgi romanınızda real hadisə ya da şəxslərdən ilhamlanmısınız?
- Əslində yazıçıların yazdıqlarının 50 faizi həyatdan götürülür. Romanlarımın hamısının real həyatla bağlılığı var. Əks halda, oxucu əsəri qəbul etmir. Mən insan talelərindən yazıram. Onların sevgisindən, müharibədən, bir iqtisadi formadan digərinə keçməsindən, münaqişə və ziddiyyətlərdən, özünün inkişafı və bütün həyat tarixçəsindən bəhs etmişəm. Əsərlərimin içində “Yol ayrıcında azıb qalanlar” romanım heç təhrif olunmadan qələmə alınıb. Ən real romanım odur. Lakin oxucularım həmişə deyir ki, yeganə bu əsərim reallıqdan uzaqdır. Bir insan taleyi nə qədər keşməkeşli ola bilər ki, oxucular onun reallığına inanmaq istəmir.
- Sizin o qədər də ciddi ədəbiyyat ilə məşğul olmadığınızı bildirənlər var. “Bulvar yazıçısı” yaxud kitablarınıza “bulvar ədəbiyyatı” deyirlər. Bu fikrə münasibətiniz nədir?
- İlk əsərim yüngül ədəbiyyat nümunəsi adlanırdı. Mən “Bir ovuc torpaq” romanımla da ədəbiyyatda ilk addımımı ata bilərdim. Bu kitabım şəhid Mübariz İbrahimovun ən sevdiyi kitab olub. Amma onunla giriş etmək uğurlu olmayacaqdı. Kütləni ələ almaq üçün sevgi romanımla debüt etdim. Əgər bir insan müstəqil Azərbaycanda 2008-ci ildə 10 min tiraj ilə kitab çıxarırsa və həmin kitab yenə də aktualdırsa, bu necə yüngül ədəbiyyat ola bilər? Əslində o kitabın çox incə mesajı var. Əgər o romandan sonra yüzlərlə insan pis yoldan çəkinibsə, o kitab necə qeyri-ciddi ola bilər? Bu gün ədəbiyyatın tələbi sadədir. 3-cü minilliyin oxucusuna mesajlar elə verilməlidir ki o nəsə götürsün, qavrasın və oxuyarkən yorulmasın. Həyat da göstərir ki, mən düz yoldayam. Qürur duyuram ki, dövlət sifarişi ilə kitab yazmışam. Amma mən hələ özümü 11 illik məktəbin ən yaxşı halda üçüncü sinif şagirdi hesab edirəm. Bunu deyən insanlar ədəbiyyata nəsə vermədən almaq istəyənlərdir.
- Sevgi romanlarınızda niyə qadınlar həmişə qurban rolunda, kişilər isə neqativ obrazdadır?
Ramiz Rövşənin gözəl bir şeiri var: Bir azca ovçudur bütün kişilər, Qadınlar hamısı bir azca ovdur.
Bu günün sevgisi fərqlidir. O dövrdəki sevgi ruh sevgisi, qəlb sevgisi idi. İndiki dövrdə isə sevgi təmənnalıdır. Mən bu günün sevgisindən yazıram. Qızların çoxu indi oğlanın var-dövlətinə, oğlanlar isə qızın keçmişinin nə dərəcədə təmiz olduğuna fikir verir. Çox təəssüf ki, günümüzdə əksər insanların sevgi anlayışı belədir. Bu reallıqdır. Təbii ki, kişilərə aldanmayan qadın obrazları da var. Amma dediyim kimi mən oxucu kütləmi tanıyıram.
- Qarabağ zəfəri ilə bağlı əsər yazmağı düşünürsünüzmü? Müharibə mövzusunda yazdığınız romanlarınız ən az sevgi romanlarınız qədər sevilir. Bunu davam etdirməyi planlayırsınızmı?
- Hələ özümü Qələbəmiz ilə bağlı nəsə yazmağa hazır hiss etmirəm. Fikir versəniz, İkinci dünya müharibəsi haqqında ən uğurlu əsərlər 20 il sonra yazılıb. Ümumiyyətlə, bu gün olmasa da, nə vaxtsa mən bu barədə mütləq əsər yazacağam.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)