Təqdim edir: Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Abdulla Atakişiyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsində Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Çox maraqlı adamdır. Barəsində bir neçə dəfə yazı vermişəm. Bu dəfə də onunla həmsöhbət oldum və çox dəyərli fikirlərini qeyd etdim ki, sizlərə çatdırım.
Beləliklə:
Böyük yaradan tərəfindən yaradılmışların ən ağıllısı, ən gözəli, ən şərəflisi olan insan öz iradəsindən asılı olmayaraq dünyaya göz açır, bu müqəddəs torpaq üzərində yaşayır, gəzib dolanır, qurub yaradır, ev-eşik, oğul-uşaq, ailə sahibi olur, həyatda nəyə isə nail olmağa çalışır və zaman yetişdikdə də yenə öz iradəsindən, istəyindən asılı olmayaraq gözlərini əbədi yumaraq bu dünyanı tərk edir. Ancaq fərqli cəhət odur ki, bu həyatı hərə bir cür dərk edir və öz həyatını istəyinə, arzusuna, əlbəttə ki, imkanlarına uyğun olaraq qurmağa, yaşamağa çalışır. Çox təəssüf ki, bütün insanlar yaxşı yaşamaq istəyi ilə çırpınsalar da bu yaşayış hamıda istəyə uyğun baş vermir. Bunun insandan asılı olan və olmayan bir çox əsas səbəbləri vardır. Məlum olan əsas fakt odur ki, hər bir insan həyatını təkcə istək və arzularına uyğun deyil, həm də imkanlarına uyğun qurmalıdır. Həyatda atdığı hər bir addımı fikirləşərək, düşünərək, ağılla, təmkinlə, əlbəttə ki, səbrlə, məqsədyönlü, şəkildə və məsuliyyətlə atmalı, vaxtaşarı olaraq keçilmiş həyat yolunun hesabatını verməlidir.
Həyatımın yeniyetməlik, gənclik vaxtlarından başlayaraq bu günə qədər həyatı vaxtsız tərk etmiş Nikolay Alekseyeviç Ostrovskinin öz şəxsi həyatı, yaşamaq, yaratmaq əzmi, həyat sevgisi mənim üçün bir həyat məktəbi olmuşdur. Onun “Polad necə bərkidi” romanının qəhramanı Pavel Korçagin isə mənim həyat idealım, ən çox sevdiyim, ədəbi və həyat qəhrəmanım olmuşdur. Son nəfəsinə qədər həyatın çətinliklərinə, əzab-əziyyətlərinə mərdliklə, qəhrəmanlıqla sinə gəlməyə çalışmış Pavel Korçagin həyat haqqında deyirdi: “İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib heyifslənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan. İnsan elə yaşamalıdır ki, ölərkən mən bütün həyatımı, bütün qüvvəmi dünyada ən gözəl bir şeyə - cəmiyyətin, insanların xoşbəxtliyi naminə fədakar bir işə sərf etdim - deyə bilsin.”
Həyat-ömür yolunda müəyyən məsafə qət etmiş bir insan kimi bu fikirlərə, düşüncələrə əsaslanmış həyat-yaşayış tərzi məni daim izləmiş, həyatımı bu prinsiplər əsasında qurmaqda bir mayak kimi mənə yol göstərmiş, azmamaq, kursdan çıxmamaq üçün həyat yolumun istiqamətini müəyyənləşdirməkdə köməkçim olmuşdur. Eyni zamanda həyat yollarında addımladıqca tədricən, mərhələ-mərhələ rastlaşdığım tarixi şəxsiyyətlərin həyat təcrübəsi, düşüncələri, fikirləri, ideyaları həyatıma çox böyük təsir göstərmişdir. Qısaca olaraq bu fikirlərə nəzər salaq:
H.Hayne: ”İnsan dünyaya ovcu sıxılmış halda gəlir və sanki, bütün dünya mənimdir, - deyir. Amma həyatdan əlləri açıq gedir. Sanki, baxın, özümlə heç nə aparmıram, - deyir.”
V.Hüqo: “Zəhmət həyatdır, fikir dünya”
Belinski: “Mübarizə həyatın şərtidir. Mübarizə qurtardıqda isə həyat məhv olur.” M.Monten: “Az bildiyini etiraf etmək üçün gərək çox öyrənəsən.”
Höte: “Xeyrxah adam hələ özünə tam aydın olmayan cəhdində belə, həmişə həqiqi yolun harada olduğunu hiss edir.”
Napoleon: “Minnətdarlıq elə böyük məziyyətdir ki, bizi insanların pis cəhətlərindən uzaqlaşmağa sövq edir və yalnız yaxşını xatırladır.”
M.Qorki: “Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir.”
Şekspir: “Düzlük, təmizlik gözəlliyin ən yaxşı yoldaşıdır.”
Horatsi: “Mənim niyyətlərimin məqsədi həqiqət və namusluhəyatdır.”
B.Dizrabeli: “Vaxt qiymətlidir, lakin həqiqət vaxtdan da qiymətlidir.”
Höte: “Özünə inananlar-yaşamağı bacaranlardır.”
B.Lenqrants: “Ən dəyərli xəzinə insanın öz şəxsiyyətinə inamı, etibarıdır.” A.Bakıxanov: “Təvazökarlıq insanın mənəvi cəhətcə təkmilləşməsinə kömək edir.” Çexov: “İnsanın gərək hər şeyi gözəl olsun: ozü də, paltarı da, qəlbi də, fikirləri də.”
Höte: “Hər şeydən əvvəl özünə nəsihət ver, onda sən başqasından da bir şey öyrənə bilərsən.”
T.Karleyl: “Öz səhvini etiraf etmək daha çox şey öyrədir.Bu özünü tərbiyənin başlıca vasitələrindəndir.”
Hind atalar sözü: “Qəlbi elmin, mübarizənin və məhəbbətin yolunda çırpınmayan adam nahaq anadan olub, nahaq yerə anasının cavanlığını əlindən alıb.”
İ.Pavlov: “Mən bütün ömrüm boyu zehni əməyi və fiziki əməyi sevmişəm, hətta deyə bilərəm ki, fiziki əməyi daha çox sevmişəm və sevirəm.Fiziki əməyə yaxşı bir yenilik daxil etdikdə, yəni əllərimlə birlikdə başımı da işlətdikdə, xüsusilə həzz alımışam.”
Həzrəti Məhəmməd Peyğəmbər ə.s.ə. isə insan həyatına, onun yaşayışına, həyat tərzinə mənfi təsir göstərən qürur və təkəbbür haqqında belə buyurmuşdur:"Sizə cəhənnəmlikləri xəbər verim? Onlar qatı ürəkli, malını xeyirdən əsirgəyən, təkəbbürlü şəxslərdir"
Bir gün Rəsulullah buyurur ki, "Qəlbində zərrə qədər təkəbbür olan şəxs cənnətə girə bilməz". Səhabələrdən Malik ibn Mirarə "Ya Rəsulullah, insan istəyər ki, paltarı və ayaqqabısı gözəl olsun" deyə bildirir. Bunun cavabında Rəsulullah belə buyurur: "Allah gözəldir, gözəlliyi sevir. Təkəbbür isə haqqı qəbul etməmək, insanları xor görməkdir. Birini öyünən gördünüzmü, üzünə torpaq atın. Öyünənlərin ağzına torpaq atın. Oyünməkdən çəkinin, onu xasiyyətinizdən birdəfəlik kənar edin. İnsanların, özlərini öyməyi onları kar edər, kor edər. İnsanın, mənim bu şeyim var deyib, öyünməsi xoşuma gəlməz. Azacıq da olsa özünü şayan etdirmək belə qüsurludur. Bir işi ki, görürsən və istəmirsən ki, onu başqalaları görsün, onu təklikdə də görmə.
Yumşaq rəftarda xeyir, yaxşılıq və bərəkət vardır, mülayim rətar etməyən xeyirdən məhrum olur. Atəş qarı necə əridirsə, gözəl xasiyyət də günahları elə əridir.”
Uca dinimiz İslam insanlara təvazökar olmağı öyrətmiş, təkəbbür və qürurdan uzaq durmağı tövsiyə etmişdir. Çünki dinimizə görə, təvazökarlıq göstərərək sadə olmaq müsəlman üçün əsas prinsiplərdəndir. Təkəbbür və qürur isə Allaha inanmış, Peyğəmbərə bağlanmış olan hər kəs üçün qadağan edilmişdir. Müsəlmanlar təkəbbür və qürurdan uzaq durmalıdırlar.Bildiyimiz kimi, təkəbbür, qürrələnmək, lovğalanmaq, özündən razı olmaq və xəyala qapılmaq deməkdir. Bunların isə heç biri bəndəyə yaraşan xislətlər deyildir. Təkəbbür və qürur İslamın sevmədiyi pis xislətlərdən olub, Allah və Rəsulu tərəfindən bəyənilməmişdir.
Müqədəs “QURANİ-KƏRİMDƏ” Böyük Yaradan buyurur:
ən-Nisə(Qadınlar) surəsi – “Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın(yoldaş və) dosta, (pulu quttarıb yolda qalan) müsafirə(yolçulara), sahib olduğunuza(qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!”
əl-İsra (İsrail oğulları) surəsi-"Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən"
Loğman surəsi:” Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb qürrələnəni sevməz!
Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma.Çünki ən çirkin səs uzunqulaq səsidir!”
əl-Hədid(Dəmir) surəsi:”Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”
əl-Furqan (Fərqləndirmə) surəsi: "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.”
əş-Şuəra (Şairlər) surəsi: "Sənə tabe olan möminləri qanadın altına al(Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!"
Sadalanan ayə və hədislər bizə təkəbbür və qürur sahiblərinin vəziyyətlərini açıq şəkildə ifadə etməkdədir. Dinimiz təkəbbür və qüruru mənəvi bir xəstəlik olaraq görür. Bu cür xəstəliklərə yoluxmuş insanları Allahın sevmədiyi aydındır. Bəs o insanı ki, Allah sevmir, bəndələr sevərmi? Təkəbbürlü və lovğa şəxsləri, başqalarını bir kənara qoyaq, ən yaxın adamları belə sevməz. Çünki bu cür insanlar eqoist olur, ən gözəl şeyləri daima özlərinə layiq görür, hər kəsdən ehtiram gözləyir və etdikləri şeylərin hər kəs tərəfindən bəyənilməsini arzu edirlər. Ən pisi isə odur ki, səhvə yol verdiklərini qəbul etmir, sərvətləri və şöhrətləriylə, bilikləri və zahiri gözəllikləri ilə öyünürlər. Amma düşünmürlər ki, bir gün bütün bunlar əldən çıxacaq. Təkəbbür və qürur heç bir zaman kamilliyin nişanəsi ola bilməz. Bu yalnız cəhalət və qəflətin, xəyalpərəstlik və yarımçıq təhsilin əlaməti sayılır.Dinimizin bu pis xislətləri tənqid edib pisləməsi də elə bu səbəbdəndir.
Elə isə, yaxşı və kamil bir insan, müsəlman könlündə təkəbbür və qürura yer verməməli, qəlbini haqqa bağlamalı və şeytanın oyuncağı olmaqdan ehtiyat etməlidir. Dinimizin, Peyğəmbərimizin buyurduqlarına tabe olmalı, onun yolundan əsla uzaqlaşmamalıdır. Deyilənlərə, buyrulanlara rəğmən müəyyən həyat yolu keçmiş bir şəxs kimi keçmişə, keçilmiş yollara nəzər saldıqda özüm-özümə belə bir sualla müraciət edirəm.Mən kiməm, nəçiyəm? Hardan gəlib, hara gedirəm? Həyatımı deyilənlərə, buyrulanlara uyğun qura bildimmi? Keçdiyim həyat yolundan, yaşadığım həyatdan razıyammı?Yaşadığım həyatda ailəm üçün, nəslim üçün, cəmiyyət-xalqım üçün, vətənim üçün nə isə xeyirli, yararlı bir iş görə bildimmi? Vətənimə, xalqıma layiq bir vətəndaş ola bildimmi?Daha neçə-neçə suallar hər gün, hər saat, hər an məni düşündürür, narahat edir. Keçdiyim həyat yoluna dönə - dönə nəzər salmağa, verilmiş suallara cavab axtarmağa, öz-özümə mənəvi bir hesabat verməyə məcbur edir. Azərbaycan xalqının tanınmış şairi Rəsul Rzanın 1963-cü ildə qələmə aldığı “Mən torpağam” adlı şeiri elə bil mənim bütün incə hisslərimi, düşüncələrimi, duyğularımı əks etdirir, mənim həyat, yaşayış tərzimi göstərir, təmsil edir:
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var, külüm var.
Mən baharam çəmən-çəmən çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
Mən işığam - qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti -
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz -
ölərəm.
Məhəbbətsiz, nifrətsiz -
ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Tərcümeyi-halımda böyük qürur və fəxrlə yazıram: Mən, 26 mart 1957-ci il tarixdə Azərbaycan Respublikasının Ağdaş rayonun Mürsəl kəndində zəhmətkeş kəndli-kolxozçu ailəsində dünyaya göz açmışam.Xəmiri zəhmətdən yoğrulmuş atam Zabit kişi, anam Bəsti xanım bütün çətinliklərə, əziyyətlərə baxmayaraq bizi-üç qardaşımı və bir bacımı halal zəhmətlə, alın təri ilə qazanılan çörəklə böyüdərək böya-başa çatdırmış, cəmiyyətdə müəyyən mövqe sahibi olmağımıza kömək göstərmiş, dəstək olmuşlar.Necə deyərlər, bizim boğazımızdan haram tikə keçməsinə imkan verməmişlər. Valideyinlərimizdən gələn, qanımızda axan, canımıza hopmuş bu təmizlik, bu halallıq bütün həyatımızı, yaşayış tərzimizi müəyyən etmişdir. Doğum ilim xoruz ilinə təsadüf edir. Bürcüm isə qoç bürcüdür. Yəqin ki, həyat tərzimdə, xasiyyətimdə bunların da az rolu və yeri olmamışdır. İlk baxışdan sakit təbiətli, təmkinli, səbirli, əsəbilikdən uzaq, az danşan, hər işin yerini, yolunu bilən, yumşaq xarakterli insan təsəvvürü yaradıram. Hətta məni yaxından tanmayan adam məni fağır adam kimi qiymətləndirə bilər. Ancaq bir müddət sonra həmən fikirdə olan şəxs tam yanıldığını tezliklə dərk edir, başa düşür. Deyilənlərlə yanaşı, mən məqsədyönlü, iradəli, təşəbbüskar, zəhmətkeş, dönməz, qarşılıqlı hörmət sahibi olan, Böyük Yaradanın buyurduğuna uyğun, dövlətimizin qanunlarını əsas tutaraq həyatını və işini qurmağa çalışan bir insanam.İnsanlar arasında dostluğa, yoldaşlığa, qarşılıqlı hörmət və qayğıya, mərhəmət və məsuliyyətə, nizam-intizama qiymət verən və böyük hörmət bəsləyən insanam. Özüm beləyəm, qarşımdakının da belə olmasını istəyir və buna çalışıram. Tələsik, başdansov iş görməyi xoşlamıram. Hər bir işimi imkan daxilində təmkinlə, tədbirlə, düşünülmüş şəkildə, səliqə ilə və vaxtında görməyə çalışıram ki, sonra tələsgənliyə yol verib, işimdə problemlər yaratmayım. Qarşı tərəfdən də bunu görməyəndə narahatçılıq keçrirəm ki, bu da səhəttimdə müəyyən problemlərin yaranmasına səbəb olur.Hərdən ətrafımdakı insanları, onların müəyyən hərəkətlərini görəndə bir növ məyus oluram, elə bil öz xasiyyətimdən acığım gəlir, öz-özümə deyirəm: ”Abdulla, gör insanlar öz məqsədlərinə çatmaq üçün nələrdən keçirlər. Hansı işlərlə məşğul olurlar. Bu düz yol, düz iş yalnız sənəmi qalıb? Sən də ətrafındakılar kimi yaşasan olmazmı?” Ancaq bir müddət sonra yenə fikrim aydınlaşır, öz düşüncələrimdən utanıram. “Xeyir, mən ətrafımdakılar kimi ola bilmərəm, əgər olsam, onda mən özüm-Abdulla olmaram.” Buna görə də mən elə özüm kimi yaşamağa üstünlük verirəm. Həyatda hər şeyə müqayisəli şəkildə qiymət verilir. Mənim də hər-halda özümün bildiyim, dərk etdiym və bilmədiyim, dərk etmədiyim çatışmayan, xoşa gəlməyən müəyyən cəhətlərim, xasiyyətim yox deyildir. Lakin mümkün qədər bu cəhətləri, xasiyyətləri özümdə islah etməyə, aradan götürməyə çalışıram, cəhd edirəm. Bütün göstərilənlərə rəğmən həyatda qazandığım nə varsa Böyük Yaradanın mənə bəxş elədiyi bu xasiyyət hesabına nail olmuşam.Hər şeyə görə də ULU TANRIYA minnətdar olmaq, şükr etmək müqəddəs borcumdur. Eyni zamanda bir az təvazökarlıqdan kənar olsa da, özümə, öz xasiyyətimə hörmətimi, minnətdarlığımı, təşəkürümü, sevgimi bildirərək deyirəm:”Mən səni çox sevirəm, ay özüm! Nə yaxşı ki, sən başqa cürə yox, elə, özüm kimisən! Nə yaxşı ki, sən varsan!Çalış həmişə olduğun kimi ol, heç vaxt dəyişmə!” 27 iyun 1977-ci il tarixdən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif idarələrində müxtəlif vəzifələrdə işləmişəm. 1985-ci ildən isə həmkarlar ittifaqı işçisi kimi fəaliyyətimi davam etdirirəm. Bu sahə mənim fəaliyyət imkanlarımın açılmasında mənə çox böyük yardımçı olmuşdur. 08 aprel 2014-cü il tarixdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsində komitənin sədr müavini vəzifəsində işləyirəm. İki min nəfərdən çox həmkarlar ittifaqı üzvü olan bir kollektivdə çalışmaq çox məsuliyyətli və şərəfli bir işdir. Bir həmkarlar işçisi olaraq ittifaq üzvlərinin əmək, sosial hüquqlarının qorunması kimi bir məsuliyyətli vəzifənin öhdəsindən gəlməkdə YARADANIN mənə bəxş etdiyi xoş, həlim xasiyyət həmişə mənim köməyimə gəlir. Eyni zamanda işlədiyim kollektiv üzvlərinin əsasən mənimlə işləməkdən razı qaldıqlarını hiss edirəm, duyuram,Bu da məndə yaşamaq, işləmək hissini, duyğusunu, həvəsini bir az da artırır. Dəniz Nəqliyyat Donanması Həmkarlar Ittifaqı Komitəsi işçisi olaraq gələcəkdə də Dəniz Nəqliyyat Donanması işçilərinin əmək, social və bundan irəli gələn qanuni hüquqlarını müdafiə və təmsil etmək üçün iş qabiliyətimə, bacarığıma, bilik və təcrübəmə, xasiyyətimə və əlbəttə ki, ULU TANRININ mənə bəxş etdiyi imkanlara müvafiq olaraq öz iş fəaliyyətimi davam etdirməyə çalışacağam!
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)