O ki qaldı qaliblərə... – İRADƏ MUSAYEVA Featured

“Ədəbiyyat və incəsənət” portalı İradə Musayevanın "Ulduz" jurnalı və AYB Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsi barədə qeydlərini təqdim edir.

 

 

"Ulduz" jurnalı və AYB Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin laureatları.  O ki qaldı qaliblərə...

 

Dövrün ictimai-siyasi, sosial-mədəni hadisələri bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da yeni poetik ovqat yarada bildi. Əslində, ölkədə baş verən böyük dəyişikliklərə, Qarabağ müharibəsi tarixinə ən operativ reaksiya ədəbiyyatdan gözlənilirdi. Nəticədə gözlənilən qədər monumental və möhtəşəm olmasa da, fərqli və yeni bədii mətnlər, az da olsa, ortaya çıxdı. Bu ədəbiyyatın müəllif qəhrəmanları da əvvəlki deyildi. Müharibə iştirakçıları, ölümlə nəfəs-nəfəsə səngərdə dayanan qazilərin  hiss və düşüncələri, qalib əsgər özgüvənliyinə qarışan  kədər, nisgil poetikası bu yeniliyin şərtlərindən idi... Bəzən həyatın, ölümün və qələbənin o biri üzünü görmüş hərbi geyimli şairləri dinləməklə qulağımıza, ruhumuza yeni nəfəs, yeni səs ötürüldüyünü açıqca hiss edirik.

Cavid Qasımovu Şuşada, Cıdır düzündə keçirilən Vaqif Poeziya Günlərində də dinləmişdim. Qazilər arasında ən çox alqışlananlar sırasında idi.

Dil bilməyən sərçələr

Bu qışı da qarşıladı

Həyətimizdə.

Yenə dua edirlər:

– Bol olsun süfrələrin çörək qırıntıları...

Şeirdə insanın yem dalınca ölkədən ölkəyə qanad çalan sərçə proobrazı göz önündə canlanır. Süfrə qırıntılarına dua, şükür edə-edə yaşayan canlıların yoxluq ağrısından uça bilməmək, şikəstlik, yeriməyi bacarmamaq, qanadıqırıqlıq faciəsi də varmış...

 “Dəyirmanların ürəyi daşdan olmasaydı,

Köçməzdi ölkədən ölkəyə quşlar...”

         Bəzən sünbül günəşdən də çox arzulanan olur.

Zaman ötdükcə anlayıram ki,

Sünbül günəşdən də yandırıcıdır.

Yoxluğu nəinki yeriməyi bacaranlar,

Uçmağı bilən quşlar üçün də utandırıcıdır.

         Cavidin müsabiqəyə təqdim olunan ikinci şeiri antitezalar üzərində qurulub. Bu antitezalar təkcə ifadə və obrazlarda özünü göstərmir, daha çox situasiya və məkan kontekstində nəzərə çarpır.

O gün yadımdadır, qarışqalar da

Yeraltı bahardan qayıdırdılar,

Çiçəklər təzəcə dil açmışdı ki,

Arılar nahardan qayıdırdılar.

         Müəllifin sevinc assosiasiyalı, fərəh doğuracaq ifadələrə alternativ əks mənalı ifadələr (“yeraltı bahar”, yenicə pöhrələyən (dil açan) çiçəklərin arıya yem olması və s.), qoşması ziddiyyətli poetik ab-hava yaradır. Məsələn, qanadı qırılmış qağayılara dəniz haqqında şeir söyləmək və ya gecənin zülmətindən qan almış yarasa qanının xəstə bir insana köçürülməsi səhnəsini xatırlatmaq, səfil, həyatdan bezmiş bir adama həyatın gözəlliyi haqqında şeir söyləmək ironik deyilmi?

Mən isə dənizdən şeir deyirdim

Qanadı qırılmış qağayılara.

O gün yadımdadır, yarasalardan

Gecənin qanını götürürdülər.

Hə, hə...

Yadımdadır çarpayısında

Uzanan adama köçürürdülər.

Mən isə həyatdan şeir deyirdim

Gecəni yatmayan səfil dostuma.

         Bu poeziyada həm də maraqlı poetik obrazlar var. Qırmızı işıqlı işıqfora “Gözləri hirsindən qan bağlamışdı” – demək hər gün təkrar-təkrar qarşılaşdığımız bir obyekti yeni şəkildə təqdim edə bilmək deməkdir.

O gün yadımdadır, işıqforların

Gözləri hirsindən qan bağlamışdı.

Görmüşdü uzaqda işıq dirəyin

Kimsəsiz bir uşaq, qucaqlamışdı.

         Şeirin həm fikir, həm də məcazlarla yüklənməsi, ağırlaşması məqamı isə daha çox aşağıdakı hissədə özünü göstərir. Körpələr evində anasız uşaqlara anadan danışmaq, oğlu itkin düşmüş, gözləri yollarda qalan ataya yol haqqında nəğmə söyləmək...

Mən isə anadan şeir deyirdim

Körpələr evinin darvazasında.

O gün yadımdadır, dostum gəlmədi,

Onu da bayraqla gətirmişdilər.

Heç vaxt uzaqlara ata bilməyən

Ayağın uzaqdan götürmüşdülər.

Mən isə yollardan şeir deyirdim

Oğlu itkin düşmüş ata evində.

“Əl ağacı” da yeni obraz, yeni poetik ifadə ilə möhürlənir:

“Meyvədən xəbərsiz əl ağacı”...

O gün yadımdadır, ağaclar hələ

Körpə meyvələrin bəsləyirdilər.

Dəcəl uşaqları meyvə dərməyə

Kölgə-kölgə düşüb səsləyirdilər.

Mən isə qocaya şeir deyirdim

Meyvədən xəbərsiz əl ağacından.

Bu qədər kədərli xatirələr sahibi nikbin və ümidli, sevgi coşduracaq şeirlərdən xəbərsiz kimi görünür. Daha doğrusu, əminliklə söyləyir ki, “Qadın qulağına pıçıldanası” şeirlər heç vaxt doğulmayacaq:

Daha günüm yoxdur xatırlanası.

Söz verdim Allaha, şeir yazmaram

Qadın qulağına pıçıldanası.

O gün yadındadır?

– Yadımda deyil...

Rəşad Nağı Mustafanın “Müharibə şeiri”  də çox səmimi hisslər,  tanış duyğularla zəngin olan etiraflar əsasında yazılıb.

Nəbatat bağında Eldar şamının altında bir cavan oğlan sevdiyi insanı gözləyir. Vətənin o biri başında isə müharibə gedir, igidlər şəhid olur. Müharibədə olmamağın ağrısı sağ-salamat qalmağın və sevdiyi insanla görüşməyin sevincinə güc gəlir. Özünü fərari kimi hiss edən oğlanın içində qorxu ilə gözlədiyi bir məqam var. Birdən qız ondan soruşar: “Vətən səninçün nədir?” “Barıt qoxusu gəlməyən oğlan” qızın onu bərk-bərk qucaqlamasından belə xəcalət çəkir və s.

Müharibə başlayıb.

Nəbatat bağındayam.

Hava yaman soyuqdur, özüm də bir az xəstə.

Heyif, evdən çıxanda papaq da qoymamışam,

Anam elə bilir ki, ölüm ayağındayam.

Müharibə başlayıb... Nəbatat bağındayam...

Mən səni gözləyirəm...

Eləcə dayanmışam Eldar şamının altda.

Gör e, adam adında ağaclar var həyatda.

Ağacların üstündən yıxılan balacalar böyüyür,

igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə də,

bu ağacın adaşı Şuşada şəhid olur.

Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən, vətən səninçün nədir?

         Şeirin ideyası və məzmunu orijinal, düşündürücü olsa da, təəssüf ki, müəllif sona qədər başlanğıcdakı ciddi poetik intonasiyanı, mənalı estetik yanaşmanı davam etdirə bilmir. Fikir məntiqi və tutarlı istiqamətə yönəlmədən, adi şəkildə nəql olunan həyat epizodlarında əriyib yox olur.

Bax indi dediklərim hamısı bəhanədir:

Anamın olduğu yer, atamın yatdığı yer,

bir də sən hardasansa, ora mənə vətəndir.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndir.

Mən də mütləq öləcəm, elə Eldar şamı da.

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

bir də əziz şəhidlər ölmür, başına dönüm.

Məni bərk qucaqlama, axı atan deyiləm,

məndən barıt qoxusu gəlmir, başına dönüm.

         Son misralar isə ümumiyyətlə, “ölü final” assosiasiyalıdır.

Hər şeyə baxmayaraq,

yenə də məni sevmək

çox xoşuna gəldisə,

dua et, ayrılmayaq,

duadan yaxşı nə var,

ürəyin gözəldirsə?..

         Son zamanlarda şeir formaları, vəzn və texnika qanunlarının çox təhrif olunduğunun şahidi oluruq. Müəlliflər bu pozuntuya daha çox sərbəst şeir formasında yol verirlər. Ritm, intonasiya, ahəngdarlıq, qafiyələnmə sistemi gözlənilmədən, dağınıq, pozuq dillə şeir yazmaq adət halını alıb. Rəşad Nağının bu şeirində də misralar sərbəst şeir üçün ən vacib şərt olan ritm baxımından uyğunsuzdur. Bir-biri ilə həmahəng, həmqafiyə ola bilmir. Qafiyələnmədə isə bəzən əlacsızlıqdan uyğunlaşdırma məcburiyyəti açıqca hiss olunur. Məsələn, “vətəndir-bədahətəndir” qafiyələnməsində olduğu kimi:

         Anamın olduğu yer, atamın yatdığı yer,

Bir də sən hardasansa, ora mənə vətəndir.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndir.

Müəllifin “Qış parkı” şeirində də sadəcə, qarşı tərəfdən israrla onu sevməsi tələb olunur. Bəlkə, bütün sevgi şeirlərində belə bir istək, tələb açıq və gizli şəkildə ifadə edilir. Lakin həmin istək yeni çalar və obrazlı, poetik cazibə ilə əks olunmursa, yazılanlar “ölü şeirlər” sırasında itib-batacaq.

Qırılar qanadın, qırılar qolun,

Uçma, qurban olum, sən hələ xamsan.

Mən yazan şeirdən düşdüsə yolun,

Bəxtəvər adamsan, xoşbəxt adamsan.

Mənə lazım deyil sənin “sağ ol”un,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

         Şeir bu qaydada, oxşar mənalı misralar, daha çox nəsr dilinə bənzəyən uzun-uzadı arzu və istəklər sicilləməsi fonunda sönüb gedir…

Quşların uçmağı aldadır səni,

Onlarda adətdir, səndə həvəsdir.

Qanadın buluddan böyük deyilsə,

Kədərin Uhuddan böyük deyilsə,

Lap böyük olsa da, qorxma, mən varam.

Sənin gəlişinə aşiq olmuşam.

Vurulmaq bir dəfə olur, bilirsən,

Bir də gedişinə vurulammaram.

         Sual doğuran məqamlardan biri isə sevgilinin quş kimi uçması məsələsidir. Müəllif niyə israrla ona “uçma!” deyir? Uçmaq deyəndə sevməyimi nəzərdə tutur? Digər tərəfdən də sanki onu “uçmağa” həvəsləndirir. Yəni şeirin süjetini, məzmun və kompozisiyasını belə konkretləşdirmək mümkün olmur.

Uçma, qurban olum, sən hələ xamsan.

Uçsan da, unutma, yerdə mən varam.

Qırılsa qanadın, yansa qanadın,

Yerə bərk düşməyə səni qoymaram.

Sən yaxşı adamsan, yaxşı adamsan.

Atam deyilsən ki, qəfil öləsən.

Əlini qaşığın altına tutub

Anam deyilsən ki, yemək verəsən.

Eybi yox, mənimçün nar dənələmə,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Səni Qış parkında gözləyəcəyəm,

Tələsdir özünü, mənə tələsdir…

Allahşükür Ağanın “Ləpir” şeirindəki ayaq ləpirindən su içən sərçə Cavid Qasımovun yuxarıda haqqında bəhs etdiyimiz şeirindəki “süfrələrin çörək qırıntıları”na şükür edən ağzıdualı sərçəsinə bənzəyir. Sadə, adi detalların, məişət cizgilərinin şeirləşməsi məqamı uğurlu görünür. Ayaq izləri, ləpirlər sərçələr üçün su qabı rolunu oynayır. Ləpir sahibi isə ayaqları ilə qürur duyur sanki. Çünki bir sərçə dimdiyinin duasını eşidirmiş kimi hiss edir özünü...

Axşam qoyub gəldiyim ayaq izlərimi

Səhər qarşılayıram,

Demək, yaşayıram...

Bir ayaq ləpirim

Axşam yağan yaz yağışından

Bir ovuc su saxlamış içində...

Bir alagöz sərçə su içir

Ayaq ləpirimdən.

Başını yuxarı qaldırdıqca

Sərçənin duasını eşidirəm:

“Allah, sabahımız üçün də

Bir ayaq saxla”.

Elə sevinirəm ki,

əyilib baxıram

ayaqlarıma...     

Üstündə yeridiyi asfaltın altında vaxtilə Bayıl türməsi olduğunu müəllif “Bayıl türməsi” şeirində  yazır:

Bizdə ürəyə bax, gör hardan keçirik?

Ayağımı yerə bərk vururam,

Burda, bax burda

Müşfiqin dodağının qanı var.

Burda, bax burda

Müşfiqin bir şeiri var, divara yazılan,

Hecası cızılan.

Gərək o divar parçasını götürüb saxlayaydıq.

         Şeirin sonunda isə vurğulanır ki, türməni çoxdan köçürsələr də, qan hələ də yerdə qalıb…

Eminqueynədən və necə yazır? Bədii sözün, poetik ifadələrin vasitəsilə seçdiyi həyat fraqmentini, yaxud hiss və düşüncə süjetlərini başqalarından fərqli şəkildə, yaratdığı bənzərsiz metaforalar vasitəsi ilə təqdim edə bilirmi? Onun şeirlərinin qəhrəmanları və ya qəhrəmanı, poetik obrazı kimlər və nələrdir?

Müəllif obrazının taleyi onun şeirlərində hansı cizgilərilə yadda qalıb? Bəzən kədərli, duyğusal uşaqlar şair olmağı, nisgilli həyatını ədəbiyyatın materialı kimi qələmə almağı zəruri hesab edir. Bu istək həmişəmi uğurlu olur?

həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,

sonra atamızın şəklini,

gödəkcəsini, papağını asdı

əllərimizdəki, ayaqlarımızdakı o mıxdan

sonrası,..

qəfildən uşaq kimi yox,

kişi kimi oyandığın sabah olur...

atasız uşaqları incitməyin,

Allahın xətrinə dəyir,

günah olur!

əslində,

İsanın yox,

bütün atasız uşaqların atası – Allah imiş,

biz xoşbəxt olanda

Allah – baba olur...

         Şeirdə “Bütün atasızlar İsa olur” – fikri tam yerinə düşmür. İsa kimi doğulmaq və İsa kimi ölmək atasını itirmiş uşaq obrazından çox uzaqdır. Yəni müqayisə məntiqli görünmür. “Allahın xətrinə dəyir” ifadəsi də uğursuz ifadədir. Lakin şeirin “sarı simi”, yaddaqalan parçası bu hissədir:

həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,

sonra atamızın şəklini,

gödəkcəsini, papağını asdı

əllərimizdəki, ayaqlarımızdakı o mıxdan

sonrası,..

qəfildən uşaq kimi yox,

kişi kimi oyandığın sabah olur...

         Uşaq taleyinə ağrı kimi hopan detallar (şəkil, gödəkcə, papaq və s.) xatirə nişanəsi kimi yox, əl-ayağı dəlib keçən mıxdan asılan kədərli şəkillərdir…

Seyyidəli Sübhinin “Qayıdış” şeirində şeir texnikası mükəmməl olmasa da, poetik fraqmentin məzmunu maraq doğurur.

Bir çörək alacaq, qayıdacaqdım

 – küçə sürgün etdi yüz fikrə məni.

İslandı qarışqa qalacıqları,

 Yağış güllələdi fikirlərimi.

         Fikir səyahəti onu dərin boşluqlara itələyir. (“Düşdüm bu boşluqda illər itkini”), hətta ölümlə üzləşmək məqamını da yaşayır. Lakin onu həyata bağlayan doğmaların sevgisi qayıtmasına səbəb olur.

Əcələ əl atmaq keçdi könüldən,

Keçdim bu bir qırıq çörək ömürdən!

Xəyalən saçları qara kömürdən

qızımın tellərin hördüm,

qayıtdım.

Qayıtdım ürəyim səksəkələrdə...

İtim hiss eləmiş daş səkilərdən,

Muştuluq istədi evdəkilərdən –

Ayaq səslərimə hürdü:

– "QAYITDI"!

 

El Romanın “Yarasalar” şeirini oxuyanda müəllifə şeirdəki misralarla bağlı xeyli suallar vermək haqqında düşünürsən.

 Bir qoca dedi ki, hələ diriydi

 Dünən gömüləndə o qız torpağa.

 Gəldiyi yerlərə qayıtdı hər şey

Adamlar torpağa, kağız torpağa...

         Məsələn, burada sonuncu misradakı “kağız” ifadəsi, kağızın torpağa qayıtması məlumatı şeirin məna-məzmun açılışında hansı rolu oynayır? Təbii ki, cavab olmayacaq. Çünki müəllif ikinci misranın sonundakı “o qız torpağa” ifadəsinə qafiyə olaraq “kağız torpağa” yaraşdırmasını tapmağı məqbul hesab edib.

Göyərsə göylərdə bir ağ göyərçin,

Bu işə göylər də gülərdi, gərçi...

Sonra da darıxıb bu boz şəhərçün

Gəlib bulaşardı o toz-torpağa.

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,

Gəl.

         Yenə müəllifə sual verməli oluruq. Göylərdə bir ağ göyərçin necə göyərə bilər? Və ya bu işə göylər niyə gülərdi? Və s.

         Sonrakı misralarda da mənasızlıq və yanlış ifadələr… Məsələn, ”cam kasa” nə deməkdir? Yaxud “dayandır – hayandır - yandır”, “nəsidir -əsnəməsidir – qəfəsidir” tipli qafiyələrlə mükəmməl şeir nümunəsi yaratmaq olarmı?

 

Sən kimin olmusan min illər əvvəl?

Adını oxudum cam kasalardan...

Deyən olmadımı vaxtı dayandır?

Tanrıyam, bilmirəm, yerin hayandır...

Mağara ağzında cığara yandır,

Məni də bir dəfə yada sal orda...

Mağara?!

Görəsən, nəyin nəsidir?

Mağara – dağların əsnəməsidir,

Tərsinə asılmış quş qəfəsidir,

Belə eşitmişəm yarasalardan...

         El Romanın “Yuxu” şeirində də misralararası əlaqəsizliklər, boşluqlar  davam etməkdədir. Mətləbi uzatmadan bir parça təqdim edir və həmin hissədə sual doğuracaq misraları diqqətə çatdırıram. Məsələn, “Çöldə eşidəcəksən çirkinliyin səsini, Evdə atan yeyəcək tikənin yekəsini” ... “Çirkinliyin səsini – tikənin yekəsini” kimi qafiyə oyunbazlığı mətnin mahiyyətini və ya mahiyyətsizliyini çox asanlıqla ortaya qoyur.

 

Bir gün dərdiyin çiçək səni içinə çəksə,

Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...

Həmin gecə yuxuda özünü görəcəksən

Dodaqların qırmızı, saçın uzun, laap uzun...

Çöldə eşidəcəksən çirkinliyin səsini,

Evdə atan yeyəcək tikənin yekəsini.

İçində hiss edəndə təklik təhlükəsini

Səndən soruşacaqlar, kimin qızısan, qızım?

         Beləliklə, müasir Azərbaycan poeziyasının kiçik də olsa, bir parçasını gözdən keçirmiş olduq. Bizim daima axtardığımız yeni poetik ovqat, estetik mükəmməllik, bu günün oxucusunun ruhi–psixoloji halını, hiss və düşüncələrini ifadə edə bilən poeziya nümunələri qarşımıza çıxdımı? Təəssüf ki, yox… Qaliblərdən çox şey gözlədiyimiz halda, zəif və perspektivsiz poetik cəhdlər müşahidə etdik…

 

QEYD: Ayrı-ayrı məqamlarda müəllifin fikirləri ilə razılaşmadığımızı qeyd etməyi lazım bilirik.

 

“Ədəbiyyt və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.