Yazıçı, jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının türk dövlətləri və türkdilli xalqlar üzrə katibi, "Əməkdar Jurnalist", Soçidə (Rusiya) keçirilən LIFFT - 2019 Avrasiya Ədəbiyyat Festivalının qızıl laureatı, PEN klubun üzvü Varis “Report” informasiya agentliyinə müsahibə verib. Tanınmış yazar müsahibəsində ədəbiyyatın, eyni zamanda jurnalistikanın problemləri, bu sahədə çatışmazlıqlar, peşəkarlıq məsələlərinə toxunub.
“Ədəbiyyat və incəsənət” həmin
müsahibəni təqdim edir.
- Azərbaycanda geniş oxucu auditoriyasına malik yazıçısınız. Maraqlıdır, müasir oxucuların damarını necə tutursunuz?
- Müasir oxucunun damarını tutmaq üçün yazar öncə öz oxucusunu tanımalıdır. Bilməlidir ki, orta statistik oxucunun mütaliə səviyyəsi nədir və onun nəyə daha çox ehtiyacı var. Mən 2016-cı ildə Nyu-York şəhərində bestseller yazmağın “qızıl qaydaları” dərsinə yiyələnmişəm. Müasir dövrdə oxucuların 70 faizi “Z” nəslinə aiddirlər. Onlar virtual dünyaya bağlıdır. Qatıldığım təlimlərdə insanları internet və mobil telefondan necə qopararaq kitaba cəlb edəcəyimi öyrənmişəm. Həmin qaydalara riayət edəndə oxunaqlı əsərlər meydana çıxır. Bəstəkar da, rəssam da, yazıçı da dövrün tələbinə uyğun yazıb-yaratmalıdır. Düşünürəm ki, oxucularımın damarını dövrün tələbinə uyğun əsərlər yazmaqla tuturam.
- Romanlarınızın bir nəfəsə oxunduğu deyilir. Bunu necə bacarırsınız? Onların axıcı olması üçün nələrə diqqət edirsiniz?
- Təhsilsiz insan həkim ola bilmədiyi kimi, təhsilsiz adam da roman yaza bilməz. Yazıçı ən azından ədəbiyyatşünaslığı, romanın strukturunu bilməli, mütaliəli olmalıdır. Təəssüf ki, bu gün əlinə qələm alan jurnalistikaya və ədəbiyyata gəlir. Düşünürlər ki, burada diplom və peşəkarlıq tələb olunmur. Romanları yazanda ilk olaraq verəcəyim mesajı müəyyən edirəm. Çünki mesajsız əsər günümüzün telefona bağlı insanlarını özünə çəkə bilmir. Əgər belə bir kütlə kitaba vaxt ayırırsa onlar orada mütləq bol informasiya və mesaj almalıdır.
- Müsahibələrinizdən birində vurğulamısınız ki, 90-cı illərdə İsmayıl Şıxlı yazılarınızı çox bəyənib. Hətta sizin yazılarınıza xüsusi diqqət də göstərib. Bəs niyə ədəbi mühitə yalnız 2008-ci ildə atıldınız? Gözləməyinizin xüsusi səbəbi varmı?
- Çünki hələ kitab oxumağın zamanı yetişməmişdi. İlk romanımda “kitab oxumağın vaxtı yetişdi” yazılıb. O dövrdə mən dövlət televiziyasında departament direktoru vəzifəsində çalışırdım. Ora sorğu mərkəzi daxil idi. Sorğu apardıq və məlum oldu ki, Azərbaycan oxucusu nəsr əsəri tapa bilmir. Bu səbəbdən xarici əsərlərə üz tutur. İlk romanım 2008-ci ildə çıxanda ölkədə normal kitab mağazası belə yox idi. 90-cı illərdə mən Bakı Dövlət Universitetində oxuyanda xalq yazıçısı İsmayıl Şıxlı mənim haqqımda “Ədəbiyyata Varis gəlir” ifadəsini işlətmişdi. Amma mən gəlmədim. Gördüm ki, cəmiyyət siyasiləşir, kitab oxuyan yoxdur. Bundan əlavə Qarabağ müharibəsi də insanları xeyli yormuşdu. 2008-ci ilə qədər mən böyük hazırlıq mərhələsi keçmişdim. Oxucum kim olacaq, kitabımı kimlərə satacam, neçə tirajnan çap edəcəm, yəni böyük marketinq işləri aparmışdım. O dövrdə mən müxtəlif əsərlər yazıb yığmışdım. İntellektual, Qarabağ mövzusunda və s. yazılarım var idi. Mən debütü sevgi romanı ilə etdim. Çünki oxucuya artıq hakim idim. İkinci romanım artıq Qarabağ mövzusunda oldu.
-“Sonuncu ölən ümidlərdir” romanından başqa hansı sevgi romanınızda real hadisə ya da şəxslərdən ilhamlanmısınız?
- Əslində yazıçıların yazdıqlarının 50 faizi həyatdan götürülür. Romanlarımın hamısının real həyatla bağlılığı var. Əks halda, oxucu əsəri qəbul etmir. Mən insan talelərindən yazıram. Onların sevgisindən, müharibədən, bir iqtisadi formadan digərinə keçməsindən, münaqişə və ziddiyyətlərdən, özünün inkişafı və bütün həyat tarixçəsindən bəhs etmişəm. Əsərlərimin içində “Yol ayrıcında azıb qalanlar” romanım heç təhrif olunmadan qələmə alınıb. Ən real romanım odur. Lakin oxucularım həmişə deyir ki, yeganə bu əsərim reallıqdan uzaqdır. Bir insan taleyi nə qədər keşməkeşli ola bilər ki, oxucular onun reallığına inanmaq istəmir.
- Sizin o qədər də ciddi ədəbiyyat ilə məşğul olmadığınızı bildirənlər var. “Bulvar yazıçısı” yaxud kitablarınıza “bulvar ədəbiyyatı” deyirlər. Bu fikrə münasibətiniz nədir?
- İlk əsərim yüngül ədəbiyyat nümunəsi adlanırdı. Mən “Bir ovuc torpaq” romanımla da ədəbiyyatda ilk addımımı ata bilərdim. Bu kitabım şəhid Mübariz İbrahimovun ən sevdiyi kitab olub. Amma onunla giriş etmək uğurlu olmayacaqdı. Kütləni ələ almaq üçün sevgi romanımla debüt etdim. Əgər bir insan müstəqil Azərbaycanda 2008-ci ildə 10 min tiraj ilə kitab çıxarırsa və həmin kitab yenə də aktualdırsa, bu necə yüngül ədəbiyyat ola bilər? Əslində o kitabın çox incə mesajı var. Əgər o romandan sonra yüzlərlə insan pis yoldan çəkinibsə, o kitab necə qeyri-ciddi ola bilər? Bu gün ədəbiyyatın tələbi sadədir. 3-cü minilliyin oxucusuna mesajlar elə verilməlidir ki o nəsə götürsün, qavrasın və oxuyarkən yorulmasın. Həyat da göstərir ki, mən düz yoldayam. Qürur duyuram ki, dövlət sifarişi ilə kitab yazmışam. Amma mən hələ özümü 11 illik məktəbin ən yaxşı halda üçüncü sinif şagirdi hesab edirəm. Bunu deyən insanlar ədəbiyyata nəsə vermədən almaq istəyənlərdir.
- Sevgi romanlarınızda niyə qadınlar həmişə qurban rolunda, kişilər isə neqativ obrazdadır?
Ramiz Rövşənin gözəl bir şeiri var: Bir azca ovçudur bütün kişilər, Qadınlar hamısı bir azca ovdur.
Bu günün sevgisi fərqlidir. O dövrdəki sevgi ruh sevgisi, qəlb sevgisi idi. İndiki dövrdə isə sevgi təmənnalıdır. Mən bu günün sevgisindən yazıram. Qızların çoxu indi oğlanın var-dövlətinə, oğlanlar isə qızın keçmişinin nə dərəcədə təmiz olduğuna fikir verir. Çox təəssüf ki, günümüzdə əksər insanların sevgi anlayışı belədir. Bu reallıqdır. Təbii ki, kişilərə aldanmayan qadın obrazları da var. Amma dediyim kimi mən oxucu kütləmi tanıyıram.
- Qarabağ zəfəri ilə bağlı əsər yazmağı düşünürsünüzmü? Müharibə mövzusunda yazdığınız romanlarınız ən az sevgi romanlarınız qədər sevilir. Bunu davam etdirməyi planlayırsınızmı?
- Hələ özümü Qələbəmiz ilə bağlı nəsə yazmağa hazır hiss etmirəm. Fikir versəniz, İkinci dünya müharibəsi haqqında ən uğurlu əsərlər 20 il sonra yazılıb. Ümumiyyətlə, bu gün olmasa da, nə vaxtsa mən bu barədə mütləq əsər yazacağam.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)