“Ürəyi yaralı dünya” - Zaur Ərmuğanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Zaur Ərmuğanın yeni şeirlərini təqdim edir.

 

 

Bir həsrət simi

 

Baxıram günümün dan aynasından,

Üzümə, gözümə işığı düşür.

Çıxıb fikirlərin ağır yasından,

Yadıma bir də kənd uşağı düşür.

 

Mənim sısqa canım, balaca boyum,

Ruhumda bir çağın itən qoxusu.

Könlümü çağıran səsdənmi doyum?!

Oyanır içimdə yaddaş yuxusu...

 

Əlində çomağı sürü dalınca

Yamacdan yamaca dolanır düzü.

Başını atanda bir daş balınca

Söykənir qaraca torpağa üzü.

 

Burnumu göynədir tozu yolların,

Bir də sığal çəkir ayrılıqlara.

Açılır sinəmin geniş qolları,

O uşaq haraya qaçdı, bəs hara?!

 

-- Sıyrılıb dirsəyi, qanayıb dizi,

Onu görmədiniz? -- Daşdan soruşdum.

-- Yolların köksünə düşmüşdü izi! --

Getdim Kür boyuna, bəndi sovuşdum.

 

Söyüdlü arxlardan sərin su içib,

Alnında naxışı çəmənin rəngi.

Bir göz qırpımında dünəni keçib,

O uşaq indi bir xəyal çələngi...

 

-- Ay mənim beşiyim, a yaşıl dərə!

Küləkmi qoparmış kövrək budağı?..

Üz tutdum gümanım gələn hər yerə, --

Axı neyləmisiz dilsiz uşağı?..

 

... Deyirəm, necə də quş qanadında

Uçub, uçub çıxıb ovcumdan mənim.

Geriyə baxsam da, bir yel atında

Qayıtmaz bu günə o ötənlərim...

 

Qayıtmaz, bilirəm, bir də qayıtmaz!

Əlimi uzatsam, uzalı qalar.

Daha nağıllar da könül ovutmaz,

Ömrə payız düşər, sozalıb qalar.

 

Boylanar gözümdən yolumun üstə,

Baxar baxışımdan bir şəkil kimi.

Ha çağır, yenidən o çağı istə,

Dinən xatirədir, bir həsrət simi.

 

                                             5 avqust 2024

 

Vaxtım

 

Coşub çağladı çeşmətək

Zamanın bulağı vaxtım.

Bu dünyayla hey təkbətək

Bir ömrün sınağı vaxtım.

 

Qəlbin qəmi, sevinciyəm,

Bir taleyin girinciyəm.

Nə fərq, barışam, inciyəm?!

Olub gün qınağı vaxtım.

 

Ömür dolaşıq yuxudur,

Bircə kitablıq oxudur.

Nə həvəsdir, nə qorxudur

Bir ünvan sorağı vaxtım?!

 

İnancım qəlbin bütüdür,

Hökmün yazısı qətidir.

Bu yerdən göyə ötürür

Məni, yol çarığı vaxtım.

 

Aldanış məni uyuda,

Dərdi azacıq soyuda.

Cavablar dərin quyuda,

Sual yük qalağı, vaxtım.

 

Ulduzlu yolları keçib,

Könlünə dan yeri seçib,

Ümiddən bir ovuc içib

Dünyanın qonağı vaxtım.

 

                                       2024

 

Günü ağlı-qaralı dünya

 

Dəyişib dadın, tamın çox,

Yeri, göyü buralı dünya.

Biz qəribik, ya sənsənmi yad?

Bizdən düşdün aralı, dünya.

 

Qocalıb yorulan dünyasan,

Dolub da boşalan dünyasan,

Gen ikən dar olan dünyasan,

Ey ürəyi yaralı dünya.

 

Günah bizdə, bəlkə də, səndədir,

Taleyimiz gör nə gündədir!

Azdın, yolun ayrı yöndədir,

Haralısan, haralı, dünya?

 

De, suala dilin dinə nə?

Yalanınla baş qatma yenə!

Gözümüz çox öyrəşib sənə,

Günü ağlı-qaralı dünya...

 

                                           2024

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.