Aləmdə səsi var onun - ƏZİZƏ CƏFƏRZADƏNİN ANIM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

“Aləmdə səsim var mənim" romanı ona məşhurluq gətirdi. Yazıb yaratdı, dərs dedi, ictimai işlərlə məşğul oldu, xeyriyyəçilik etdi. Həqiqətən də aləmdə səsini qoyub getdi! 

 

Bu gün xalq yazıçısı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, ictimai xadim, professor Əzizə Cəfərzadənin anım günüdür. 

Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur.

İbtidai təhsilini bitirdikdən sonra 1938-1940-cı illərdə Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikumunda və paralel olaraq  Bakı Teatr texnikumunun tənqid şöbəsində təhsil almışdır.

1945-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1946-1947-ci illərdə ekstern yolu ilə imtahan verərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir.

Sonralar o, müxtəlif illərdə 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmiş, 1943-cü ildə Kürdəmir rayonunda Kəngərli kənd məktəbinə direktor və rus dili müəllimi vəzifəsinə təyin edilmişdir.

1944-1946-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1948-ci illərdə Bakı teatr texnikumunda direktor olmuşdur. 

1950-ci ildə Azərbaycan Dövlət Universitetində "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı gənc surətləri" mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almış və univrrisitetdə "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında müəllim işləmişdir.

1950-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji institutunda dosent, sonralar isə kafedra müdiri olmuşdur.

1956-cı ildə Xobarovsk Pedaqoji institutunun Petropavlovsk-Kamçatka filialında Qədim dünya ədəbiyyatından dərs demiş və həmin institutun dosent olmuşdur.

1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 

1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında aşıq tərzi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.

1974-cü ildə Bakı Dövlət Universitetinin əvvəlcə Azərbaycan ədəbiyyatı tarixi, daha sonra isə Folklor kafedrasının professoru elmi adını almışdır. 

1981-1989-cu illərdə Respublika Qadınlar şurasının sədri olmuşdur. 

1990-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş XX əsrin 20-ci illərində vətəndən didərgin düşmüş, Azərbaycandan Türkiyəyə köç etmiş siyasi mühacirlər haqqında çəkilmiş "İstiqlal yollarında" adlı qısametrajlı sənədli filmin aparıcısı olmuşdur.

4 iyul 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamı ilə komissiyanın üzvü seçilmişdir.

Əzizə xanım ədəbi fəaliyyətə 1937-ci ildə 16 yaşındaykən "Ədəbiyyat” qəzetində çap edilən “Əzrayıl” adlı ilk hekayəsi ilə başlamışdır.

1948-ci ildə "Hekayələr" adlı ilk kitabı nəşr edilmiş, lakin yazıçı "Axmatovşinalıq”da günahlandırılaraq Moskvanın xüsusi qərarı ilə kitab sarışa buraxılmadan yandırılmışdır.

Sonralar Müasir Azərbaycan nəsr tarixində tarixi romanlar müəllifi kimi də tanınan Əzizə Cəfərzadənin 1963-cü ildə Xurşidbanu Natəvanın həyat və yaradıcılığna həsr etdiyi  “Natəvan haqqında hekayələr", 1964-cü ildə "Qızımın hekayələri" adlı kitabları çap olunmuşdur. 1965-1966-cı illdərdə həyat yoldaşının işi ilə əlaqədar Qanada səfərdə olmuş kitabxanalarda ərəb əlifbası ilə olan yazılar üzərində çalışmış və Qana haqqında hekayələr yazmışdır.

1966-cı ildə "Sahibsiz ev", 1968-ci ildə Qanada yaşadığı dövrün səfər təssüratını qələmə aldığı "Qızıl sahilə səyahət", 1970-ci ildə "Əllərini mənə ver" adlı kitabları nəşr olunmuşdur.

1972-1978-ci illərdə "Aləmdə səsim var mənim" adlı ilk tarixi romanının I və II hissələri, daha sonra tam kitab şəklində çapdan çıxmışdır.

1977-ci ildə "Vətənə qayıt", 1980-ci ildə "Yad et məni" romanları,

1981-ci ildə "Bakı 1905" romanı, "Azərbaycan poeziyasında xalq şeiri üslubu" adlı tədris vəsaiti (birinci hissə), 1982-ci ildə "Anamın nağılları", 1983-cü ildə "Cəlaliyyə", 1985-ci ildə "Sənsən ümidim"

adlı kitabları, 1986-cı ildə "Seçilmiş əsərləri" çapdan çıxmışdır.

1988-ci ildə "Çiçəklərim" adlı hekayələr kitabı və 1989-cu ildə "Sabir" adlı əsəri işıq üzü görmüşdür. 

1991-ci ildə tərtib etdiyi "Azərbaycanın aşıq və şair qadınları", 1992-ci ildə XIX əsr Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatı haqqında qələmə aldığı "Eldən elə", 1996-cı ildə "Gülüstan'dan öncə" və "Zərrintac Tahirə", 1997-ci ildə "Bir səsin faciəsi" adlı romanları, 1998-ci ildə "İşığa doğru" adlı povesti çap olunmuşdur.

1999-cu ildə "Azərbaycan poeziyasında xalq şeiri üslubu: XIX əsr materialları əsasında" adlı kitabının II hissəsi çap olunmuşdur.

2001-ci ildə "Bəla" tarixi povesti, "Pişik dili" uşaq hekayələri və qardaşları Məmməd və Əhməd Cəfərzadə ilə həmmüəllif olduğu "Biz Cəfərzadələr" kitabları nəşr edilmişdir. 2003-cü ildə "Xəzərin göz yaşları" povesti işıq üzü görmüşdür. 

Bundan başqa Əzizə xanım tərcüməçiliklədə məşğul olmuş və Sevinc Çokumun "Bizim diyar" və Əhməd Kabaklının "Əjdaha daşı" kitablarını türkcədən Azərbaycan dilinə tərcümə etmişdir. Həmçinin o, müxtəlif illərdə bir çox xarici ölkədə  yaradıcılıq ezamiyyərlərində, beynəlxalq simpoziumlarda olmuş, tədbirlərdə iştirak etmişdir. 

Müxtəlif zamanlarda onun "Gözlənilməyən gəliş", "Qorxulu həqiqət", "Ata haqqı" və "Analar" telepiyesləri Azərbaycan dövlət televiziyasında tamaşaya qoyulmuşdur.

Əzizə xanımın əsərləri türk, rus, qazax və s dillərə tərcümə edilmişdir.

O, 1990-cı ildə 20 yanvar hadisələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Türkiyə və Kiprdə olmuşdur.

Yazıçı 1979-cu ildə Hacıqabul rayonunun Udulu sovetliyinin Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmiş, 1989-1990-cı ildə Məhəmməd Füzulinin mənsub olduğu güman edilən Şamaxının keçmiş Bayat kəndi ərazisində xatirə lövhəsi qoydurmuşdur.

Əzizə xanım Azərbaycan xalqı qarşısındakı xidmətlərinə görə müxtəlif vaxtlarda "Xalqlar dostluğu" ordeni, "Məshəti xanım Gəncəvi" adına mükafatı və "Xan qızı Natəvan" mükfatına, "Sara Xatun" və "Azərbaycan anası" fəxri diplomlarına, eləcə də prezident mukafatına layiq görülmüşdür. 

Bundan başqa o, "Şöhrət ordeni" ilə təltif edilmiş, "Xalq yazıçısı" fəxri adı almışdır. 

Əzizə Cəfərzadə haqqında kitablar, monoqrafiyalar yazılmış, filmlər çəkilmişdir.

O, 2003 cü ildə sentyabr ayının 4-də 82 yaşında uzun sürən ağır xəstəlik səbəbi ilə Bakıda vəfat etmiş və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağlı kəndində dəfn edilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.