Super User

Super User

Çərşənbə, 04 Sentyabr 2024 10:44

Şəhidlər barədə şeirlər - İlkin Quliyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid İlkin Quliyev

İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alırdı.

2020-ci ilin aprel ayından hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 10-da şəhid olmuşdur. Sabunçu rayon Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Səndən nişanə qaldı,

Alov, qar əlcəklərin.

Əldən-ələ dolaşır,

Yadigar əlcəklərin.

 

Anan bağrına basıb

Əlcəyinə yalvarır,

Səsini ondan duyur,

Ətrini ondan alır.

 

Bütün şəkillərini,

Yığır, toplayır anan.

Səni şəkillərində,

Öpür, qoxlayır anan.

 

Təkcə ananın deyil,

Vətənin balasısan,

Hamının əzizisən,

Hamının doğmasısan.

 

Sənin kimi igidlər,

Vətəni azad etdi.

Adın tarixə yazıb,

Ad içində ad etdi.

 

İndi bizim borcumuz,

Səni unutmamaqdır,

Adını qəlbimizdə,

Əbədi saxlamaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Sən ki hər tərəfdəsən...” deyir şair.

Xoş mütaliələr.

 

Hər axşam şam oluram,

Əriyib... tam oluram.

Səndə tamam oluram-

Mən gün, sən də həftəsən.

 

Eşq-şirin əzab kimi,

Bitməyən hesab kimi.

Ən yaxşı kitab kimi

Canımdakı rəfdəsən.

 

Sən yolsan, yolçuyam mən,

Göyərçin ovcuyam mən...

Yüz ildir ovçuyam mən-

Yüz ildir hədəfdəsən...

 

Qəmi sevdim, həm səni,

Qısqandıı bu qəm səni.

Düşüb gəzmirəm səni-

Sən ki, hər tərəfdəsən.

 

Bu dünyadı, kahadı?

Şah olmur hər şah adı.

Bu sədəf nə bahadı-

Yoxsa sən sədəfdəsən?!

 

Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Mədəniyyət Nazirliyinin Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrinə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı avqustun 15-də elan olunan sənəd qəbulu davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS üzrə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsil xərclərinin qarşılanması məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.

Bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar ixtisaslarında aparılır.

Sənəd qəbulu cari il sentyabrın 15-dək davam edəcək.

 

Təqaüd Proqramı ilə bağlı əlavə məlumatı göstərilən link (https://culture.gov.az/az/mm/15717) vasitəsilə əldə etmək, həmçinin 012 525 11 28 (daxili: 102 və ya 103) telefon nömrəsi və e-poçt ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) ünvanı ilə əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Xəbər verdiyimiz kimi, İtaliyada 81-ci Venesiya Film Festivalı keçirilir.

AzərTAC xəbər verir ki, Venesiyanın Lido adasında gerçəkləşən dünyanın ən qocaman beynəlxalq film festivalında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir. 

 

Azərbaycan kinosu tarixində ilk dəfə iki film – İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.

Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub. 

Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.

Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb. Xatırladaq ki, avqustun 28-dən start götürən festival sentyabrın 7-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 12:16

Həm dram, həm komediya - YAŞAR NURİNİN DOĞUM GÜNÜDÜR

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz onu “Səni axtarıram” televiziya tamaşasında oynadığı Elçin roluna görə sevdik. Tamaşada onun Elçininin Firəngiz Mütəllimovanın yaratdığı Gülnar obrazı ilə sevgisi bizlər üçün ilahi sevginin bir apogeyi sayılırdı…

 

Bu gün unudulmaz sənətkarın, Xalq artisti Yaşar Nurinin anadan olmasından 73 il ötür.

1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkar özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyor sonra  televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Dəyərli sənətkarımız həm də müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, eləcə də yazımın əvvəlində qeyd etdiyim “Səni axtarıram” trilogiyasında bənzərsiz rolların mahir ifaçısına çevrilib. 

Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.

Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Baş nazir Nikol Paşinyan avqust ayının 31-də mətbuat konfransı keçirdi. Bir-birinə məntiq və məna baxımından uyğun olmayan məlumatlar fonunda vurğuladı ki, guya Azərbaycan İtaliyadan silah-sursat alır. 

 

Halbuki, Azərbaycan İtaliyadan aldığı C-27 J Spartan təyyarəsi nəqliyyat xarakterlidir, yalnız yük-sərnişin daşınmasını həyata keçirir. Məsələ burasındadır ki, Ermənistan özü Fransadan, ABŞ-dən, Hindistandan, Yunanıstandan və digər ölkələrdən öldürücü hücum silahları alsa da, bu mövzuda Azərbaycanı ittiham edir. Dünya ölkələrinin bir çoxunun işğalçılıq siyasəti yürüdən Ermənistana silah satması beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır. Prezident cənab İlham Əliyev demişkən: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.

Son 15 il ərzində Ermənistan Avropadan ən çox silah alan ölkə, 2012-ci ildən isə silahlanmağa görə dünya ölkələri sırasında ilk 3-də qərarlaşıb. Yaxşı bilirik ki, silahlanmaqda niyyət ərazi bütövlüyünü qorumaq yox, məhz işğalçılıqdır. Bunu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatı və Tovuz döyüşləri sübut edir. Buna görə də Azərbaycanın həmin silahları legitim hədəf kimi zərərsizləşdirmək hüququ var. Əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, unutmasınlar ki, “dəmir yumruq” yerindədir.

 

Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır!

 

Fransa Prezidenti Emmanuel Makron beynəlxalq təşkilatlarda ölkəmizin əleyhinə qətnamələrin qəbul olunmasına çalışır və bizə qarşı Ermənistanı silahlandırdığını, həmçinin dəstək verdiyini açıq şəkildə bildirir. Biz də onların bu ikiüzlülüyü qarşısında Fransanın Afrikada, Korsikada, Mayot adalarında, Yeni Kaledoniyada yürütdüyü neokolonializm siyasətini bütün dünyanın diqqətinə çatdırırıq. Elə Ermənistanın özü də Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün vasitədir. Həmçinin ölkə beynəlxalq münasibətlərin subyektindən daha çox obyektinə çevrilib. Xatırladaq ki, müharibədən əvvəl də, həmin müddətdə də Ermənistanı dəstəkləyən, silahlandıran ölkələr var idi, amma onu məğlubiyyətdən qurtara bilmədilər. İndi onların aldığı və müharibədə istifadə etdiyi silahlar Azərbaycanın “Hərbi Qənimətlər Parkı”nda sərgilənir, nümayiş olunur.

Şübhəsizdir ki, Ermənistanda mövcud silah arsenalının əsasını Rusiyadan alınmış hərbi texnikalar və qurğular təşkil edir. Elə həmçinin Fransanın müdafiə nazirinin “biz Ermənistanı Azərbaycana qarşı silahlandırırıq deməsi” də anlaşılandır. Ermənistan və Fransanın hərbi əməkdaşlıq barədə sənədlər paketi imzalamasının yəqin ki, şərhinə ehtiyac yoxdur. Reallıq isə budur ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır.

Hazırda Ermənistanın silahlandırılması missiyasını Fransa öz üzərinə götürüb. Ermənistana Fransa və Hindistandan Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi bunu bir daha təsdiq edir. Görünən odur ki, son bir həftədə Fransa 12 ədəd artilleriya qurğusunu, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi, 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri,yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikaların Ermənistana gətirilməsi həm də Cənubi Qafqazda sönən odu körükləməkdir. "Akaş" zenit-raket kompleksləri daxil olmaqla Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb. Səbəb də budur ki, Hindistan Azərbaycanın Pakistanla dostluq və dərin hərbi-siyasi münasibətlərini qısqanaraq Ermənistanla münasibətləri inkişaf etdirir. Bununla da Cənubi Qafqaz regionu yenidən silah cəbhəxanasına çevrilir. Başa düşülən odur ki, Qərb ölkələri mülki monitorinq missiyası adı ilə Ermənistanı Rusiyadan qoparmağa çalışır.

 

Ermənistan, yoxsa Azərbaycan silaha daha çox pul xərcləyir?

 

Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini deyən Paşinyan yaxşı bilir ki, bunların hamısı dezinformasiyadır. Baş nazir mətbuat konfransında özü qeyd etdi ki, Ermənistanın hərbi xərcləri ötən illə müqayisədə 46% artıb. Ermənistan 2024-cü ildə əsaslı xərclərin 41 faizini müdafiə sektorunu dəstəkləməyə yönəldib. Müdafiə xərcləri ÜDM-in 5,3 faizini təşkil edir. Bununla da Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir. Ölkənin hərbi büdcəsinin rekord həddə 1 milyard dollardan artıq müəyyənləşməsi və iqtisadiyyatının 2022-ci ildən başlayaraq bu qədər sıçrayışla böyüməsinin səbəbləri bizə gün kimi aydındır. Rusiyaya tətbiq edilən sanksiyalar, AB-nin iqtisadi dəstəyi, 3 milyardı aşan maliyyə yardımı, qrantlar və sair. Rus sahibkarlarının sanksiyalardan yayınmaq üçün Ermənistanda müəssisələr yaratması və pul yatırımı etməsi nəticəsində ixrac 4 dəfə artıb,son bir ildə 10 mindən artıq şirkət açılıb. Görünən odur ki, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində Ermənistana milyardlar sel kimi axır. Bəs bu vəsaitlər hara yönəlir? Təbii ki, orduya. Hələ Ermənistan Baş naziri fəxrlə deyir ki, 2018-ci ildən indiyə qədər hərbi büdcə 110 faizə qədər artırılıb.Bunun səbəbi isə Ermənistanın iqtisadi böhranı aradan qaldırmaq əvəzinə, əsas gücü silahlanmaya yönəltməsidir. Azərbaycanda bu rəqəm Ermənistandan fərqli olaraq, 4 faiz civarındadır. 

 

Ermənistan silahlanması regiona ciddi təhdiddir.

 

Paşinyanın bu sərsəm təbliğatının fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəkimövqelərinin atəşə tutulması, hərbçimizin yaralanması, atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılması bir daha göstərdi ki, əsas məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaqdır.Biz bunca illər etnik təmizləmənin, erməni işğalınınqurbanı olmuşuq. 30 il davam edən bu hal bizi böhrana, 1 milyon qaçqının olmasına, işğal edilmiş, əraziləri tamamilə dağıdılmış bir ölkə halına salınaraq hələ üstəgəl sanksiyalara məruz qoyub. 30 illik bir müddətdə Azərbaycanın ərazilərini məhz BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkə Ermənistandır. Qonşularına qarşı daim işğalçılıq siyasəti yürüdən və ərazi iddialarına son qoymayan Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə təhdid olduğunu anlamaq elə də çətin deyil. 

 

Konstitusiya beynəlxalq müqavilədən üstün sənəddir.

 

Mətbuat konfransında Azərbaycan Konstitusiyası ilə bağlı əsassız, məntiqsiz arqumentlər gətirən Baş nazir hələ bilmir ki, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Azərbaycanın tərkibində olan, nə zamansa Ermənistan tərkibinə qatılan ərazilərin isə tarixi həqiqətliyini danmaq mümkün deyil. Bu isə Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddiasında olmaq anlamına gəlmir. Üstəlik, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam həll edərək Konstitusiya quruluşunu ərazisində bərpa edib. Ermənistan Konstitusiyasına gəldikdə isə orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o Konstitusiyada olduğu müddətdə sülh sazişi şübhə altındadır. Çünki Konstitusiya beynəlxalq müqavilədən üstün sənəddir. Üstəlik, bu ölkənin gerbində Türkiyə ərazisindəki Ağrı dağı əks olunub ki, bu da Türkiyəyə qarşı ərazi iddiasıdır. Xatırladaq ki, 2022-ci il oktyabr ayının 6-da “AvropaSiyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Atalar burada deyib “İtlə dostluq et, çomağını yerə qoyma”.

 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə Minsk qrupunun saxlanmasına nə ehtiyac var?! 

 

Artıq bu illər ərzində biz yaxşı bilirik ki, ATƏT-in Minsk qrupu uzun müddətdir ki, fəaliyyətsizdir. Çünki həmsədrlər artıq bir-biri ilə müharibədədirlər. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda cənab Prezident dünyaya belə bir mesaj verdi: “…ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur...” Minsk qrupu ilə bağlı Baş nazirin çıxışına nəzərə saldıqda görünür ki, Ermənistanın, keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəmindən xəbər verir. Elə Prezidentində dediyi kimi: “Minsk qrupunun həmsədr dövlətlərinin indi atacağı ən müsbət addım elə bu lazımsız, hadisələrin yedəyində sürünən formatı ləğv etməsilə bağlı qəbul etdiyi qərar ola bilər”.

Öz gözündəki tiri görməyib başqasının gözündə çöp axtaranlar Paşinyanın hakimiyyətindən əvvəl də, elə indi də  Zəngəzur məsələsinə baxdıqda Ermənistanın 30 il Naxçıvanı blokada vəziyyətində saxladığını açıq-aydın görə bilər. Təbii ki, Ermənistan blokadanın açılmasına razıdır, amma öz maraqları çərçivəsində. Baş nazir təklif edir ki, dəhliz açılarsa, ona kənar qüvvələr nəzarət etsin. Bu da, şübhəsiz ki, regionda yeni eskalasiya yaratmağa xidmət edir. Ermənistan destruktiv addımlar atdıqca vaxtı uzadır ki, yeni macəralara zəmin yaransın. Lavrov demişkən: “Ermənistanın sünik bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində Baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir”. Lakin Baş nazir sonda edəcəyi şeyi indi etsə, daha yaxşı olar. Xoş niyyət göstərib Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın açılmasına imkan yaratsın ki, “dəmir yumruq” başını hələ çox əzməsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 11:46

Düz 33 il bundan öncə məhz bu gün!

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

 Ümummilli Lider Heydər Əliyev düz 33 il bundan öncə məhz bu gün, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. 

 

Bütün Azərbaycan xalqı bilir ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olduğu, hakimiyyətin muxtar qurum üzərində oyunlar oynadığı bir dövrdə,   1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi. Heydər Əliyev həmin sessiyada çıxış edərək deyirdi: 

“…Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafında toplaşmış naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu xalqın ağır günündən qaçmaq deməkdir. Ona görə belə bir ziddiyyətli vəziyyətdəyəm və bu vəziyyətdə də qalıram… Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Bu çətin dönəmdə Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, dincliyin və əmin-amanlığın təmin olunmasına nail oldu. Onun rəhbərliyi dövründə muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. Ümummilli Liderin Sədr seçilməsi ilə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu, əsgəri birlikləri Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarıldı. Həmçinin dahi lider milli ideoloji məsələləri önə çəkir, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında və bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi Qərarı qəbul etdi. Siyasi işlə bərabər  sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması yönündə Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalının müraciəti əsasında Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı qısa zamanda Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin sədrliyi ilə ötən bu müddət ərzində böyük inkişaf yolu keçib. Milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, ölkəmizi etibarlı tərəfdaşa çevirdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, dayanıqlı inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürür.

Ümummilli Liderin ilk dəfə Naxçıvanda Ali Məclisin Sədri olduğu dönəmdə qaldırdığı bayraq indi ərazi bütövlüyümüzün tam təmin olunduğu bütün Azərbaycan torpaqlarında dalğalandırılır. Biz də öz cəsarət və azadlığımızı ay-ulduzlu bayrağımızdan alır, ona da fəda edirik. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək! 

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 18:13

Əgər mən kişi olsaydım… - AKTUAL

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Yəqin ki hamımız ən azı bir dəfə bu sualla rastlaşmışıq. "Kişi/qadın olsan nə edərdin?”

Son zamanlara baxdıqda vəziyyətin get- gedə qaranlığa bürünməsi, əksər kişilərin kişilik sözünü tamam səhv anlaması şəxsən mənə pis təsir edir. O gün oturub dostlarımla müzakirə edərkən də məhz bu sualla üzləşdim. Həmin an ağlıma təbii ki bir neçə versiya gəldi, lakin bunlar yetərsiz və natamam cavablar idi. Bu günlərdə düşünməyə vaxtım oldu. Mən kişi olsam necə olardım?

 

Mən hər halda ki, ilk öncə kişiliyin ağırlığını daşımağı seçərdim. Hər kəsin hiss və duyğuları var. Mən kişilərin duyğularını gizləməsinə qarşıyam. İnsanı digər canlılardan ayıran hissiyyatıdır. Amma mən kişilərin xanımlara xas nazı mənimsəməsini də qəbullana bilmirəm. Mən kişi olsam könlümü aldırmaz, könül alardım. Yolda gördüyüm yaşlı bir nənənin çantalarını özümə yük bilməzdim. Kiçik uşaqları, evladımı sevməyi kiçilmək hesab etməzdim. Ağlamağı, biriylə dərdləşməyi zəiflik görməzdim. Mən kişi olsam daha məğrur olardım. Gələcəyimi, gələcək ailəmi xoşbəxt etməyə, onları şanslı hiss etdirməyə çalışmaqdan yorulmazdım, məsələn. Məsələ maddiyyat deyil. Məm kişi olsam dünyanın ən gözəl çiçəklərindən (anamdan, sevdiyimdən, qızımdam) dünyanın ən gözəl çiçəklərini əsirgəməzdim. 

 

Sizcə kişi olmaq nədir? Çox qadınla bərabər olub sonra qarşındakından sadiqlik gözləmək? Kişinin xəyanəti səbrlə, qadınınkı qəbrlə örtülər deməkdir? Yox. Məncə kişi olmaq sənə məxsus şamı sönənədək qorumaq, pərvanə tək sadəcə onun başına fırlanmaqdır. Duyğusal yanaşmıram məsələyə, amma məncə insanı heyvandan ayıran xüsusiyyət sədaqət olmalıdır. İndiki dövrdə şəhərdə meşələrdən daha çox canlı qətl edilir. Bu cəhəddən çox da fərqlənmirik heyvanlar aləmindən. Düşünürəm ki, bizi fərqləndirən qayğılarımız və seçimlərimizdir. Bir şirin 5 şirdən balası var. Bir insanın ki 5 qadından uşağı var, onu digər yırtıcıdan necə fərqləndirək ki? Demək ki bu insanın hisləri və beyni elə düşünmə qabiliyyəti olmayam, instinklərlə yaşayan, hissiyyatsız bir heyvan qədərdir də. 

Mən kişi olsam qayğım gözəl qadınlarla günümü gün etmək deyil də, məni özünə yoldaş qəbul edən qadının mənə əmanət edilən həyatını cənnətə çevirmək olardı.

Mən kişi olsam gücümü qarşımda aciz olanlara yox, acizləri incidənlərə göstərərdim. Mən kişi olsam öncə mənə verilən məsuliyyəti dərk edər, ətrafıma dərd- sər yox, qürur paylamağı seçərdim. Anam məni evdə "görən çox içib?" deyə yox, "oğlum işindən yorğun gəlir, yeməyi hazır olsun" deyərək gözləyərdi. Yoldaşım ona tərəf əlim qalxanda qorxmaz, saçlarını uzadardı. Mən kişi olsam kişiliyin nə olduğunu həm öyrənər, həm öyrədərdim. Çünki indiki dövrdə həqiqətən bu cəmiyyətin kişilik məktəblərinə çox ehtiyacı var...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 11:17

Günün fotosu: Serbiya Rusiyadan uzaqlaşır?

Günün fotosu: Serbiya Rusiyadan uzaqlaşır? 

 

Serbiya və Fransa dövlətlərinin başçılarının razılaşması əsasında Fransanın Rafale qırıcıları ilk dəfə Serbiya hərbçilərinin xidmətində olacaq. 

Makron və Vuçiçin şəxsən imzaladıqları 2,7 milyard avroluq saziş Aİ-yə can atan Serbiyanın Rusiya silahlarından asılılığından qopmasına imkan verəcək.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Çərşənbə axşamı, 03 Sentyabr 2024 10:16

Rəsm qalereyası: Cülyetta Aristisis, “Gül natürmortu”

Rəsm qalereyası: Cülyetta Aristisis, “Gül natürmortu”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.