Əgər mən kişi olsaydım… - AKTUAL Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Yəqin ki hamımız ən azı bir dəfə bu sualla rastlaşmışıq. "Kişi/qadın olsan nə edərdin?”

Son zamanlara baxdıqda vəziyyətin get- gedə qaranlığa bürünməsi, əksər kişilərin kişilik sözünü tamam səhv anlaması şəxsən mənə pis təsir edir. O gün oturub dostlarımla müzakirə edərkən də məhz bu sualla üzləşdim. Həmin an ağlıma təbii ki bir neçə versiya gəldi, lakin bunlar yetərsiz və natamam cavablar idi. Bu günlərdə düşünməyə vaxtım oldu. Mən kişi olsam necə olardım?

 

Mən hər halda ki, ilk öncə kişiliyin ağırlığını daşımağı seçərdim. Hər kəsin hiss və duyğuları var. Mən kişilərin duyğularını gizləməsinə qarşıyam. İnsanı digər canlılardan ayıran hissiyyatıdır. Amma mən kişilərin xanımlara xas nazı mənimsəməsini də qəbullana bilmirəm. Mən kişi olsam könlümü aldırmaz, könül alardım. Yolda gördüyüm yaşlı bir nənənin çantalarını özümə yük bilməzdim. Kiçik uşaqları, evladımı sevməyi kiçilmək hesab etməzdim. Ağlamağı, biriylə dərdləşməyi zəiflik görməzdim. Mən kişi olsam daha məğrur olardım. Gələcəyimi, gələcək ailəmi xoşbəxt etməyə, onları şanslı hiss etdirməyə çalışmaqdan yorulmazdım, məsələn. Məsələ maddiyyat deyil. Məm kişi olsam dünyanın ən gözəl çiçəklərindən (anamdan, sevdiyimdən, qızımdam) dünyanın ən gözəl çiçəklərini əsirgəməzdim. 

 

Sizcə kişi olmaq nədir? Çox qadınla bərabər olub sonra qarşındakından sadiqlik gözləmək? Kişinin xəyanəti səbrlə, qadınınkı qəbrlə örtülər deməkdir? Yox. Məncə kişi olmaq sənə məxsus şamı sönənədək qorumaq, pərvanə tək sadəcə onun başına fırlanmaqdır. Duyğusal yanaşmıram məsələyə, amma məncə insanı heyvandan ayıran xüsusiyyət sədaqət olmalıdır. İndiki dövrdə şəhərdə meşələrdən daha çox canlı qətl edilir. Bu cəhəddən çox da fərqlənmirik heyvanlar aləmindən. Düşünürəm ki, bizi fərqləndirən qayğılarımız və seçimlərimizdir. Bir şirin 5 şirdən balası var. Bir insanın ki 5 qadından uşağı var, onu digər yırtıcıdan necə fərqləndirək ki? Demək ki bu insanın hisləri və beyni elə düşünmə qabiliyyəti olmayam, instinklərlə yaşayan, hissiyyatsız bir heyvan qədərdir də. 

Mən kişi olsam qayğım gözəl qadınlarla günümü gün etmək deyil də, məni özünə yoldaş qəbul edən qadının mənə əmanət edilən həyatını cənnətə çevirmək olardı.

Mən kişi olsam gücümü qarşımda aciz olanlara yox, acizləri incidənlərə göstərərdim. Mən kişi olsam öncə mənə verilən məsuliyyəti dərk edər, ətrafıma dərd- sər yox, qürur paylamağı seçərdim. Anam məni evdə "görən çox içib?" deyə yox, "oğlum işindən yorğun gəlir, yeməyi hazır olsun" deyərək gözləyərdi. Yoldaşım ona tərəf əlim qalxanda qorxmaz, saçlarını uzadardı. Mən kişi olsam kişiliyin nə olduğunu həm öyrənər, həm öyrədərdim. Çünki indiki dövrdə həqiqətən bu cəmiyyətin kişilik məktəblərinə çox ehtiyacı var...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.