Super User
GÜLÜŞ KLUBUnda itdişləyən
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bir təhsilsiz boynuyoğun səxavət kisəsini açıb kasıb-kusuba həmişə pul verirdi, amma heç vaxt ehtiyacı olan alimlərə dəstək olmurdu. Bir dəfə ondan bunun səbəbini soruşurlar.
Və o deyir:
-Sabah mən özüm də bankrot olub kasıblaşa bilərəm, ona görə kasıblara əl tuturam. Amma özüm sabah elmli olası deyiləm deyə alimlərə əl tutmuram.
2.
Pornoqrafik film göstərirlər, siqaret çəkilən epizodları gənclərin tərbiyəsini pozar deyə silirlər.
3.
-Açıq adamları xoşlayıram.
-Siz kimsiniz ki?
-Mən cərraham.
4.
Parlament tətilində deputatlar dörd ətrafa səpələnəcəklər. Kürdəmirə, Yevlaxa, Lerikə, Yardımlıya deyil, Antalyaya, Maldivə, Baliyə, San Teopeyə.
5.
O qədər mənfur adamdır ki, onu it dişlədi, amma ona yox, itə quduzluq əleyhinə iynə vurdular.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
REDAKSİYAMIZIN POÇTUNDAN - “Tütək səsində”
Redaksiyamızın poçtunda şair Əlirza Həsrətin məşhur “Çoban bayatı” poemasının müəllifi, şair Əkbər Qoşalıya ünvanladığı şeir var. Onu oxucularımıza təqdim edirik.
TÜTƏK SƏSİNDƏ
(Dövrümüzdə yazılan gözəl əsərlərdən biri "Çoban bayatı" poemasının müəllifi, şair dostum Əkbər Qoşalıya)
Könül harayıdır "Çoban bayatı",
Hər dərdə bir məlhəm ara, tütəkdə.
Mələklər oxuyan eşq nəğməsitək,-
Göylərdən enmişəm Yerə, tütəkdə.
Yatmasa bu qərib nəğməyə sözün,
Külünə sığal çək qaralan közün.
Çoban çomağından su içə gözün,
Çəkələr adamı dara, tütəkdə.
Eh,mən də yanıqlı tütək səsiyəm,
Gah hicran ziliyəm, gah eşq pəsiyəm.
Qolları zəncirli divanəsiyəm,
Könül ver "segah"a, "şur"a tütəkdə.
Gah dərdli Xançoban, gah Arpaçaydın,
Hər tütək səsində ahımı saydın.
Ay Əlirza Həsrət, gözlərin aydın!
Deyirlər, qayıtdı Sara tütəkdə.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Rəsm qalereyası: Frans Vinterharter, “Siesta” (1844)
“Kim gördü mələk yüzlü pəri cinsi-bəşərdən?” – Şeyx İbrahim Gülşəninin kəlamları
“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Şərq dünyası dahilərin qiymətli fikirlərini çatdırmağı Şeyx İbrahim Gülşəninin kəlamları ilə yekunlaşdırır.
Olmayan məhbubi Həqqün bilməz adəm sirrini.
***
Bu can quşu qənət açar, məhəbbət mülkinə uçar...
***
Dur yola düş, ey könül, eşq elinə gedəlüm...
***
Dust elinə gedirəm, gəlməzmisən, ey könül?
***
Bən bu elə qərib gəldim, kimsə bilməz halum bənüm...
***
Mənsur “ənəlhəqq” deyübən sirr pərdəsin faş eylədi...
***
Həqqin qapusuna doğru gələni
Sən əgrisən deyübən sürmək olmaz.
***
Əzəl camın içən bilür əbəd sərxoşluğu nədür...
***
Eşq ilə bilişəli, əqlümə yad olmuşam...
***
Eşqdən gəlür sana nida, gəl dusta gedəlüm, könül...
***
Könül güzgüsüni əqlün pasından
Arıtmadın rəvan sildürmək olmaz.
***
Tükənməz elmi var eşqün, nəhayət yox bəyaninə...
***
Kim gördü mələk yüzlü pəri cinsi-bəşərdən?..
***
Ey könül, səndən soraram müşkülüm, həll eyləgil...
***
Eşqün məratibinə sanma nəhayət ola...
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Quzu dərisi içində quzu buğlaması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Quzu dərisi içində quzu buğlamasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti (sümüklü) – 200 qr
§ Təmizlənmiş içalat – 78 qr
§ Soğan – 25 qr
§ Alça qurusu – 10 qr
§ Mərzə qurusu – 10 qr
§ Sarıkök – 0,1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Quzu təmizlənir, dərisi bütöv çıxarılır, dəri zədələnməməlidir. Quzu əti oynaq yerlərindən hissələrə bölünür. Böyük tikələr doğranır, Içalat, şirin bağırsaq axar suda təmizlənir, doğra- nır. Qaraciyər, ürək, böyrək, ağciyər doğranır. Baş soğan xırda kvadrat şəklində doğranır. Doğranmış ərzaq- lara duz, istiot, ədviyyat, quru mərzə vurulur, qarışdırılır. Hazırlanmış qarışıq bütöv çıxarılmış dərinin quyruq hissəsindən içinə yerləşdirilir. Bo- yun, qol, qıç, quyruq hissəsində olan dəliklər məftillə (sim) bağlanır. Lakin qolunun birinə dəmirdən (əvvəllər qamışdan) borucuq qoyulur. Dərini bağlamamışdan əvvəl 1-2 stəkan su da əlavə oluna bilər. Sonra 80x80 sm ölçülü, dərinliyi 40-50 sm olan quyuqazılır. Ocaq qalanır. Ocaq közə düşənə yaxın dəri odun üzərinə qo- yulur. Dərinin ocağın üstündən asıl- ması daha yaxşı olardı. Üzərindən bolluca köz qoyulur. Ehtiyatda kömür olmalıdır ki, lazım olduqca istifadə olunsun. Bu qaydada xörək 2-2,5 sa- ata hazır olur. Sonra dərinin üzəri od və közdən təmizlənir, kəsilir və süfrəyə verilir.
QEYD: Ət və qalan ərzaqlar dərinin içinə yığılır. Dərinin üst hissəsi (yun) cığ olur..
Bu xörəy xüsusən İrəvanın Qızıl ziyarət adlanan yaylağında möhtəşəm hazırlayırdılar, yeyənin dadı damağından getmirdi.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
SÖZ DAŞLARI - Yaqublu və yaqublular barədə maraqlı hekayətlər
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi
Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır.
Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.
70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.
Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.
MƏN YATMAĞA İCAZƏ İSTƏMİRƏM
Rayon Partiya Komitəsi tərəfindən təsərrüfat işlərinin qızğın çağında toy etmək qadağan olunmuşdu. Qafar kişi isə oğluna toy etmək istəyirdi, bütün hazırlıq işləri görülüb qurtarmışdı. O, toy etməyə icazə almaq üçün raykoma getmiş və məqsədini I katib A.Qasımova söyləmişdi. Katib onu dinlədikdən sonra amiranə tərzdə demişdi:
-Qafar kişi, get bazar günü axşam saat 10-dan sonra oğlunun toyunu et!
Qafar kişi də halını pozmayaraq ucadan demişdi:
-Yoldaş raykom, mən sizdən yatmağa icazə istəmirəm, oğluma toy etməyə icazə istəyirəm.
Bu sözlər tezliklə bütün rayona yayılmış, zərbi məsələ çevrilmişdi.
DAYAHDIMSA, YANDI
Yaqublunun torpağı dəmyədir. Qışda qar, yazda çoxlu yağış yağmasa, bu torpaqlarda bir sünbül belə baş qaldırmaz, yamaclar quruyub bom-boz olardı. Həmin il də quraq gəlmişdi. Lakin kənddə iclas keçirən raykom katibi qurqalığı nəzərə almadan taxıl istehsalını ikiqat artırmağı tələb edir.
Katibin naşı olduğunu görən Qəni kişi söz alaraq deyir:
-Yoldaş raykom, siz deyən qədər taxıl istehsal etmək üçün gərək gecə yağa, gündüz gün çıxa; gecə yağa, gündüz gün çıxa; gecə yağa, gündüz gün çıxa...
Katib onun sözünü kəsərək deyir:
-Sən də bir dayan görək, ay kişi.
Qəni kişi tövrünü pozmadan cavab verir:
-Dayandımsa, yandı. Heç nə əmələ gəlməyəcək. Taxıl-maxıl da olmayacaq.
HƏRCAYİ SÖZÜN MƏRCAYİ CAVABI OLAR
Hüseyn kişi şən və hazırcavab adam idi. Rayonun baş baytar həkimi işləyəndə ucqar Daşağıl kəndində çayxanada oturubmuş. Kənddə qonaq olan bir nəfərə onun haqqında danışırlar. Həmin adam Hüseyn kişinin çayxanada olduğunu eşidib, deyilənlərin doğruluğunu yoxlamaq üçün ora gəlir, salamsız-kəlamsız və uca səslə soruşur:
-Deyirlər, burada bir eşşək həkimi var, kimdir o?
Hamı Hüseyn kişinin üzünə baxıb nə cavab verəcəyini gözləyir. O isə başını qaldırmadan və halını pozmadan ucadan soruşur:
-Haran agrıyır?
Söz tapa bilməyib pərt olan qonaq həmin gün kəndi tərk edib gedir.
STALİN DƏ BİR KİŞİ DEYİLMİŞ
Briqadir Saməddin üçün Stalin dövrü ideal dövr imiş. Baş verən nöqsanları gördükcə əlini dizinə vurub deyərmiş:
-Görün çatdasın, a Stalin. Durub, bir baxaydın, görəydin nələr olur.
Siyasi məşğələlərin birində mühazirəçinin Stalinin Azərbaycan xalqının başına açdığı
bəlalar haqqında söylədiklərinə diqqət və təəccüblə qulaq asan Saməddin kişi axırda dözməyib deyir:
-Ə, bu Stalin də bir kişi döyülmüş.
SAHİBSİZ QALSA, BELƏ DAĞILMAZDI
Mehdi kişi ara-sıra taxıl xırmanına gələr, burada işləyənlərə öz dəyərli məsləhətlərini verərdi. O, hər gələndə görür ki, bəziləri əllərində kisə və ya vedrə xırmana gəlir, iznsiz-filansız qablarını taxılla doldurub aparıb gedirlər. Xırman müdiri isə utandığından heç nə demir. İşi belə görən Mehdi kişi günlərin bir günü dözməyib, üzünü gələnlərə tutub deyir:
-Ay bala, talandır, bostan pozulur? Bu xırman sahibsız qalsaydı, belə dağılmazdı.
Gələnlər qəbahətlərini anlayıb, sakitcə qayıdıb çıxıb gedirlər.
QAXDAĞANLARA QALACAQ
Əli kişi dünyagörmüş adam idi. Kənd sakinlərinin laqeydliklərinə, ali təhsil almağa könülsüz yanaşmalarına, gənclərin kütləvi şəkildə şəhərlərə axışmasına etinasız qala bilmirdi. Bu barədə tez-tez və yana-yana söhbət açardı.
Məslislərin birində yenidən həmin məsələlərə diqqəti yönəldən Əli kişi axırda dözə bilməyib deyir:
-Belə getsə, bu kənd axırda qaxdağanlara qalacaq. (Qaxdağan Türkiyədə ermənilər yaşayan kənd olub, burda gəlmə ermənilər mənasında işlənib)
Bu sözlər tezliklə bütün kəndə yayılmış, çoxlarını düşündürmüş və qeyrətə gətirmişdi.
SÖHBƏT DÜZLÜKDƏN GEDİR
“Demokrat” Abdulla rayon mərkəzi Oğuzda alış-veriş edib evinə qayıtmışdı. Xərclədiklərini hesablayanda 20 qəpik aldadıldığını görür. Səhəri dirigözlü açan Abdulla kişi tələsik Oğuza gedir. Aldadıldığını sübut edib 20 qəpiyi geri alır. Lakin rayona gedib gəlmək ona 60 qəpiyə başa gəlir. Nəticədə 40 qəpik də ziyana düşür. Hadisəni eşidənlər gülür və onu məzəmmət edirlər. Abdulla kişi isə onlara belə deyir:
-Söhbət xeyir, ya da ziyandan getmir, düzlükdən gedir. Əsas məsələ o yaramazın dərsini vermək idi. Yoxsa o hələ məni kimi çoxlarını aldadacaqdı. Bu, ona dərs oldu.
KONES FİLM
Qabaqcıl mexanizator Xudu kişi kənd klubunda nümayiş etdirilən heç bir filmi ötürməzmiş. Bir ara gecələr işə cəlb olunduğuna görə kino-filmlərə tamaşa edə bilmir.
Amma səhər evə qayıdan kimi bacısı Şəkəri yanlayıb, bütün filmin məzmununu söylətdirərmiş. Şəkər filmin məzmununu danışdıqca Xudu tez-tez “Hə, sonra nə oldu?-deyə sual edərmiş. Nəhayət, Şəkər bütün filmi nağıl edib qurtarır. Xudu adəti üzrə “Hə, sonra nə oldu?- deyə soruşur.
Şəkər bezib deyir:
-Ə, ta nə olacaq? Axırda kones film yazıldı da.
KİM SEVMƏZ Kİ ?
Kolxoz sədrinin tapşırığı ilə Sapıca düzündə işləyən biçinçilərin yeməsi üçün iki-üç yeşik faraş pomidor alınmışdı. Davud kişi yeşikləri kəl arabasına yükləyib Sarıcaya yola düşür.
Yolda piyada gedən bir nəfəri də arabaya götürür. Həmin adam arabaya minər-minməz yeşiklərdən birini qabağına çəkib faraş pomidorlardan yeməyə başlayır. Ara-bir də deyir:
-Davud, mən pomidoru çox sevirəm.
Davud kişi əvvəlcə dinmir. Lakin yeşiklərdən birinin yarıya çatdığını görüb qeyzlənir:
-Ədə, bir dayan görək, rəhmətliyin oğlu! Qızmar Sarıca düzü ola, ac biçinçilər ola, faraş pomidor ola! Onu kim sevməz ki?!
QOY, ÖZ ÇAQQALLARIMIZ YESİN
Kəndin təəssübkeş adamlarından idi İzzət kişi. Günlərin birində əlindən bir xəta çıxır... İnəyin öləcəyini görüb onu kəsir. Əti maşına yükləyib ət kombinatına üz tutur. Lakin kombinat əti qəbul etmir. Kor-peşiman evə qayıdırlar. Yolda sürücü ətin xarab olduğunu söyləyərək deyir:
-İzzət dayı, gəl əti bu dərələrdən birinə ataq, qurd-quş yesin. Hara, nəyə aparırıq, ey?
Burda da təəssübkeşliyindən qalmayan İzzət kişi deyir:
-Yox, ey gədə. Sür, aparaq öz dərəmizə ataq, qoy öz çaqqallarımız yesin!
Qeyd: bunlar real - olmuş hadisələrdir. Əhvalatlarda adları çəkilən şəxslər isə çoxdan haqqın rəhmətinə qovuşmuşlar.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Başqa birinin əmanəti - ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Sən mənə çox başqa birini xatırladırsan, başqalaşan birini... Sən mənə xatırladırsan ki, içimdə közərən bu yanğının bir səbəbi var. Xatırladırsan ki, mən sənin həyatına əbəs yerə gəlməmişdim, gəlməmişəm. Sən mənə başqa birinin əmanətisən, başqalaşan birinin. Səni ovucumda sıxaraq yox edə bilərəm, amma başqa birisinə sözüm var.
Sən xəyanət qoxursan, nifrəti yaşadırsan, səadət səndən çox-çox uzaqdır. Amma nə edə bilərəm? Axı sən mənə başqa birinin əmanətisən. Ruh qandallıdırsa, deməli açar dənizdədir. Sən isə üzməyi bilmirsən, amma nə etmək olar ki? Axı sən mənə başqa birinin əmanətisən.
Ruhum cismimdə tökəzlədiyi bir anda səndən bixəbər ikən bu qəddarlığı hiss edirdim. Yaşamaq deyilən şey min yol qəbirstanlıq boyunca dövr edərkən mən səni, əmanətimi axtarırdım. Olduğun yerdə qal, ya da öldüyün yerdə yaşa. Zənnimcə sən mənim ən böyük kəhanətimsən. İndi təpədən-dırnağa yuyunsam nə faydası var?!
Məgər çılpaq ruhum bu kirdən təmizlənəcək qədər duyğusuz və bəsitdirmi?
Qəbul edirəm, bizim üçün zaman hər zaman olduğu kimi yenə tez öz sözünü dedi.
Amma içimdə hələ də qatarın son vaqonuna minərək, sənin arxamca tez çatacağını düşünəcək qədər səfeh bir ümid var. Sən mənim ümidlərimin də ən böyük dəhşətisən. Nə edə bilərəm?!
Axı sən mənə başqa birinin əmanətisən...
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
EV HƏKİMİ - Hiperhidroz dərhal həkim müayinəsi tələb edir
“Ədəbiyyat və incəsənət” portalının Ev həkimi rubrikasında bu gün sizlərə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məsləhətlər verəcək.
“Tibbi təcrübədə hiperhidroz dedikdə, fiziki amillərdən: hərəki fəallığın artması, istilənmə, ətraf mühitin yüksək temperaturu və sairdən asılı olmayaraq baş verən qarışıq tərləmə başa düşülür. Hiperhidrozun müxtəlif növləri arasında daha çox yayılanı ovucların hiperhidrozudur. Dünya əhalisinin təxminən 3% -i bu xəstəlikdən əziyyət çəkir”.
Bu sözləri sözyləyən Nərminə Abbasova daha sonra bildirdi ki, bəzən hiperhidroz o qədər ağır olur ki, tər sanki xəstənin ovcundan axır və insanın toxunduğu bütün əşyalar dərhal yaş olur. Onun sözlərinə görə, bu məhdudlaşdıran vəziyyət, xəstələrin həyat keyfiyyətinə mənfi təsir göstərir, onların tam dəyərli həyat keçirmək, xüsusilə də ünsiyyət imkanlarını məhdudlaşdırır:
“Hiperhidroz tez-tez insanların həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi narahatlığa səbəb olur. Öz problemini bilən bir insan bunun ən namünasib anda baş verə biləcəyini və başqalarına narahatlıq gətirəcəyini gözlədiyindən, daimi gərginlik içərisində olur. Bu əsəbi intizar tərləməni daha da artırır”.
Həkim deyir ki, yerli hiperhidroz ovucun, dabanın, qoltuqaltı nahiyənin, alnın və bədənin digər hissələrinin güclü tərləməsi şəklində təzahür edir:
“Aşkar səbəbi məlum olmayan generalizə olunmuş hiperhidroz dərhal həkim müayinəsini tələb edir. Çünki bu, ciddi bir xəstəliyin əlaməti ola bilər. Hiperhidroz tər ifrazını tənzimləyən sinir sisteminin periferik və mərkəzi şöbələrinin zədələnmələri, hormonal pozuntular və ekzogen intoksikasiya zamanı meydana çıxır. Həddindən artıq tərləmənin səbəbini müəyyən etmək üçün xüsusi testlər və nevroloji müayinə aparılır, hormonal profil yoxlanılır. Xoşagəlməz simptomları aradan qaldırmaq üçün sedativ preparatlardan, fizioterapiya və psixoterapiya metodlarından istifadə olunur”.
Hiperhidrozun yaranma səbəblərindən bəhs edən Nərminə xanım bildirdi ki, bu xəstəliyin meydana gəlməsinin arxasında duran amilləri aydınlaşdırmaq üçün bütövlükdə tərləmə prosesinin fiziologiyasını başa düşmək lazımdır:
“Tərləmə insan bədənində daim meydana gələn sulu sekresiyanın, yəni tərin tər vəziləri tərəfindən ifraz olunması fizioloji prosesidir. Tər - dərialtı piy təbəqəsində yerləşən tər vəziləri tərəfindən istehsal olunur. Ən çox tər vəziləri qoltuqaltı çuxurda, ovucda və ayağın altında yerləşir. Kimyəvi tərkibinə görə tər 97-99% müxtəlif duzların su ilə qarışığından və digər mürəkkəb üzvi maddələrin qarışığından ibarətdir. Bu maddələrin tər mayesində mövcud olması və konsentrasiyası müxtəlif insanlarda fərqlidir, buna görə də ayrı-ayrı insanlara xas olan tərin fərdi qoxusu olur. Bundan əlavə, dəri səthindəki piy vəzilərinin ifrazatı və bakteriyalar da tərin tərkibinə qarışır. Tərin xoşagəlməz iyi, məhz bakteriyalara görə olur”.
Həkim onu da qeyd etdi ki, hiperhidroz bir sıra sinir-əsəb, somatik xəstəliklərin əlamətlərindən biri və ya şəxsi gigiyena qaydalarına əməl olunmamasının nəticəsi ola bilər. Onun sözlərinə görə, klinik olaraq birincili və ikincili hiperhidroz ayırd edilir:
“Birincili hiperhidroz daha çox yetkinlik dövründə, sürətli cinsi yetişkənlik mərhələsində rast gəlinir və insanların 1%-də baş verir. İkincili hiperhidroz bir qayda olaraq, nevroloji, endokrin və ya somatik xəstəliklərin nəticəsində meydana çıxır. Hiperhidroza səbəb olan amillərin müəyyənləşdirilməsi, xəstənin sonrakı müayinə və müalicəsi üçün proqramı müəyyənləşdirir. Tər vəziləri təri əmələ gətirir və dəri səthindəki məsamələr vasitəsilə xaric edir. İnsan orqanizmində tərləmənin normal tənzimlənməsi, metabolik proseslər, qan dövranı, ifrazat və çoxalma üçün cavabdeh olan vegetativ sinir sistemi tərəfindən təmin edilir. Vegetativ sinir sistemi 2 hissəyə bölünür: simpatik və parasimpatik.
Tərləmə prosesi simpatik vegetativ sinir sistemi tərəfindən tənzimlənir. Simpatik sinir sisteminin hiperfunksiyası zamanı tər vəzilərinin normal işində dəyişiklik baş verir: ən kiçik həyəcan nəticəsində insanı dərhal tər basır”.
Nərminə xanım vurğuladı ki, ümumi hiperhidrozun yaranmasına müəyyən amillər səbəb ola bilər. Bunlar endokrin xəstəliklər, tireotoksikoz, feoxromositoma, qadınlarda menopauza və sairdir. Həkim yerli hiperhidrozun səbəbləri kimi isə insan bədənində tərləmə prosesindən məsul olan simpatik sinir sisteminin patoloji fəaliyyətini qeyd etdi.
Həkim deyir ki, əgər hiperhidroz vaxtaşırı olaraq baş verirsə, onda bu barədə narahat olmaq lazım deyil. Lakin həddən artıq tərləmə daimi şəkildə olduqda, həkimə müraciət etmək və hiperhidrozun səbəbini təyin etmək barədə düşünmək lazımdır:
“Hiperhidroz - subyektiv bir şikayətdir. Yəni xəstələr digər insanlara nisbətən daha çox tərlədiklərini hiss edirlər. Xəstə paltarlarının üzərində tərdən nəm ləkələri tapır, özü də yalnız qoltuqaltı nahiyədə deyil, həmçinin sinəsində və ya kürəyində də bu izlər olur. Tərləmə dərinin soyuması və uzaqdan aşkar hiss olunan xoşagəlməz, kəskin tər qoxusu ilə müşahidə olunur. Xəstələr çox miqdarda tərin yalnız bədənin müəyyən hissələrində - məsələn, ovucda və ayağın alt səthində, sifətdə meydana çıxdığını bilirlər. Onu da bilsinlər ki, artan tərləmə stress, əhəmiyyətsiz fiziki yüklənmələr və qida qəbulu ilə də mümkündür. Eyni zamanda, şəkərli diabet zamanı tez-tez piylənmə müşahidə olunur. Digər bir səbəb isə hiperhidrozun psixoloji pozuntulara da səbəb olmasıdır. Məsələn, bir insan utancaqlıq və narahatlıq hissi keçirməyə, başqaları ilə təmasdan qaçmağa başlayır. Xəstənin peşə fəaliyyətlərinə maneçilik törədən, insanlarla tanış olmağı və əlsıxmanı çətinləşdirən ovuçların artan tərləməsi böyük narahatlıq yaradır. Fiziki əməyə və ya emosional gərginliyə cavab olaraq tər ifrazının qısamüddətli güclənməsi normal bir variant hesab olunur. Buna baxmayaraq, həyat keyfiyyətini pozan daimi hiperhidroz zamanı mütləq mütəxəssisə müraciət etmək lazımdır”.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Elnaz İslamvəndin “Salam verdiyim günəş” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Elnaz İslamvənd
Təbriz
SALAM VERDİYİM GÜNƏŞ
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
Bir buxça bələdin xatirələrdən,
Olub keçənləri silib-süpürdün.
Sanki biz heç zaman tanışmamışdıq,
Sanki sən deyildin məni öpürdün.
Şəhərdən şəhərə boylanmadaydıq,
Mən sizin günəşə salam verərdim.
Görərdin sən orda bir ağac əkdin,
Mən burda meyvəsin əl atıb dərdim!
Bilirdim azanız haçağ səslənər,
Kölgənə quş belə qonsa bilərdim.
Baharı dizimə çökdürürdün sən,
Hanı mən gördüyüm? -
Borandı, qar, qış!
“Sənə gül alımmı?” dediyin gündən,
Gül nədi, başıma kül ələyirsən.
Mən gedən deyildim, özün bilirsən,
Sən məni bu yola itələyirsən.
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
“Hədəf”in məzun bilgələri dünya çempionu olublar
Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Technoxian–2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub
“Ədəbiyyat və incəsənət” portalının “Hədəf” şirkətlər qrupunun rəhbəri Şəmil Sadiqdən aldığı məlumata görə, ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, “FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.
Qeyd edək ki, “Hədəf”in məzun bilgələri Aqşin Əhmədli və Xalıq Cəbrayıl liseydə təhsil aldıqları dönəmdə də bir çox olimpiadalarda iştirak edərək liseyi yüksək səviyyədə təmsil ediblər.
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” IX Respublika Müsabiqəsində Azərbaycanda önəmli ixtira hesab olunan “Smart hand” layihəsi ilə onlar II yerin sahibi olublar.
“Sabahın Alimləri” X respublika müsabiqəsində isə Aqşin Əhmədli və Xalıq Cəbrayıl hazırladıqları “Yarasa” adlı pilotsuz uçuş aparatı ilə mühəndislik kateqoriyasında III yerə layiq görülüblər.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)