Başqa birinin əmanəti - ESSE Featured

 Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Sən mənə çox başqa birini xatırladırsan, başqalaşan birini... Sən mənə xatırladırsan ki, içimdə közərən bu yanğının bir səbəbi var. Xatırladırsan ki, mən sənin həyatına əbəs yerə gəlməmişdim, gəlməmişəm. Sən mənə başqa birinin əmanətisən, başqalaşan birinin. Səni ovucumda sıxaraq yox edə bilərəm, amma başqa birisinə sözüm var. 

 

Sən xəyanət qoxursan, nifrəti yaşadırsan, səadət səndən çox-çox uzaqdır. Amma nə edə bilərəm? Axı sən mənə başqa birinin əmanətisən. Ruh qandallıdırsa, deməli açar dənizdədir. Sən isə üzməyi bilmirsən, amma nə etmək olar ki? Axı sən mənə başqa birinin əmanətisən. 

 

Ruhum cismimdə tökəzlədiyi bir anda səndən bixəbər ikən bu qəddarlığı hiss edirdim. Yaşamaq deyilən şey min yol qəbirstanlıq boyunca dövr edərkən mən səni, əmanətimi axtarırdım. Olduğun yerdə qal, ya da öldüyün yerdə yaşa. Zənnimcə sən mənim ən böyük kəhanətimsən. İndi təpədən-dırnağa yuyunsam nə faydası var?! 

Məgər çılpaq ruhum bu kirdən təmizlənəcək qədər duyğusuz və bəsitdirmi? 

Qəbul edirəm, bizim üçün zaman hər zaman olduğu kimi yenə tez öz sözünü dedi. 

Amma içimdə hələ də qatarın son vaqonuna minərək, sənin arxamca tez çatacağını düşünəcək qədər səfeh bir ümid var. Sən mənim ümidlərimin də ən böyük dəhşətisən. Nə edə bilərəm?! 

Axı sən mənə başqa birinin əmanətisən...

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.