“Hədəf”in məzun bilgələri dünya çempionu olublar

Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Technoxian–2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub

 

“Ədəbiyyat və incəsənət” portalının “Hədəf” şirkətlər qrupunun rəhbəri Şəmil Sadiqdən aldığı məlumata görə, ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, “FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub. 

Qeyd edək ki, “Hədəf”in məzun bilgələri Aqşin Əhmədli və Xalıq Cəbrayıl liseydə təhsil aldıqları dönəmdə də bir çox olimpiadalarda iştirak edərək liseyi yüksək səviyyədə təmsil ediblər.

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” IX Respublika Müsabiqəsində Azərbaycanda önəmli ixtira hesab olunan “Smart hand” layihəsi ilə onlar  II yerin sahibi olublar. 

“Sabahın Alimləri” X respublika müsabiqəsində isə Aqşin Əhmədli və Xalıq Cəbrayıl hazırladıqları “Yarasa” adlı pilotsuz uçuş aparatı ilə mühəndislik kateqoriyasında III yerə layiq görülüblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.