İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi
Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır.
Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.
70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.
Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.
MƏN YATMAĞA İCAZƏ İSTƏMİRƏM
Rayon Partiya Komitəsi tərəfindən təsərrüfat işlərinin qızğın çağında toy etmək qadağan olunmuşdu. Qafar kişi isə oğluna toy etmək istəyirdi, bütün hazırlıq işləri görülüb qurtarmışdı. O, toy etməyə icazə almaq üçün raykoma getmiş və məqsədini I katib A.Qasımova söyləmişdi. Katib onu dinlədikdən sonra amiranə tərzdə demişdi:
-Qafar kişi, get bazar günü axşam saat 10-dan sonra oğlunun toyunu et!
Qafar kişi də halını pozmayaraq ucadan demişdi:
-Yoldaş raykom, mən sizdən yatmağa icazə istəmirəm, oğluma toy etməyə icazə istəyirəm.
Bu sözlər tezliklə bütün rayona yayılmış, zərbi məsələ çevrilmişdi.
DAYAHDIMSA, YANDI
Yaqublunun torpağı dəmyədir. Qışda qar, yazda çoxlu yağış yağmasa, bu torpaqlarda bir sünbül belə baş qaldırmaz, yamaclar quruyub bom-boz olardı. Həmin il də quraq gəlmişdi. Lakin kənddə iclas keçirən raykom katibi qurqalığı nəzərə almadan taxıl istehsalını ikiqat artırmağı tələb edir.
Katibin naşı olduğunu görən Qəni kişi söz alaraq deyir:
-Yoldaş raykom, siz deyən qədər taxıl istehsal etmək üçün gərək gecə yağa, gündüz gün çıxa; gecə yağa, gündüz gün çıxa; gecə yağa, gündüz gün çıxa...
Katib onun sözünü kəsərək deyir:
-Sən də bir dayan görək, ay kişi.
Qəni kişi tövrünü pozmadan cavab verir:
-Dayandımsa, yandı. Heç nə əmələ gəlməyəcək. Taxıl-maxıl da olmayacaq.
HƏRCAYİ SÖZÜN MƏRCAYİ CAVABI OLAR
Hüseyn kişi şən və hazırcavab adam idi. Rayonun baş baytar həkimi işləyəndə ucqar Daşağıl kəndində çayxanada oturubmuş. Kənddə qonaq olan bir nəfərə onun haqqında danışırlar. Həmin adam Hüseyn kişinin çayxanada olduğunu eşidib, deyilənlərin doğruluğunu yoxlamaq üçün ora gəlir, salamsız-kəlamsız və uca səslə soruşur:
-Deyirlər, burada bir eşşək həkimi var, kimdir o?
Hamı Hüseyn kişinin üzünə baxıb nə cavab verəcəyini gözləyir. O isə başını qaldırmadan və halını pozmadan ucadan soruşur:
-Haran agrıyır?
Söz tapa bilməyib pərt olan qonaq həmin gün kəndi tərk edib gedir.
STALİN DƏ BİR KİŞİ DEYİLMİŞ
Briqadir Saməddin üçün Stalin dövrü ideal dövr imiş. Baş verən nöqsanları gördükcə əlini dizinə vurub deyərmiş:
-Görün çatdasın, a Stalin. Durub, bir baxaydın, görəydin nələr olur.
Siyasi məşğələlərin birində mühazirəçinin Stalinin Azərbaycan xalqının başına açdığı
bəlalar haqqında söylədiklərinə diqqət və təəccüblə qulaq asan Saməddin kişi axırda dözməyib deyir:
-Ə, bu Stalin də bir kişi döyülmüş.
SAHİBSİZ QALSA, BELƏ DAĞILMAZDI
Mehdi kişi ara-sıra taxıl xırmanına gələr, burada işləyənlərə öz dəyərli məsləhətlərini verərdi. O, hər gələndə görür ki, bəziləri əllərində kisə və ya vedrə xırmana gəlir, iznsiz-filansız qablarını taxılla doldurub aparıb gedirlər. Xırman müdiri isə utandığından heç nə demir. İşi belə görən Mehdi kişi günlərin bir günü dözməyib, üzünü gələnlərə tutub deyir:
-Ay bala, talandır, bostan pozulur? Bu xırman sahibsız qalsaydı, belə dağılmazdı.
Gələnlər qəbahətlərini anlayıb, sakitcə qayıdıb çıxıb gedirlər.
QAXDAĞANLARA QALACAQ
Əli kişi dünyagörmüş adam idi. Kənd sakinlərinin laqeydliklərinə, ali təhsil almağa könülsüz yanaşmalarına, gənclərin kütləvi şəkildə şəhərlərə axışmasına etinasız qala bilmirdi. Bu barədə tez-tez və yana-yana söhbət açardı.
Məslislərin birində yenidən həmin məsələlərə diqqəti yönəldən Əli kişi axırda dözə bilməyib deyir:
-Belə getsə, bu kənd axırda qaxdağanlara qalacaq. (Qaxdağan Türkiyədə ermənilər yaşayan kənd olub, burda gəlmə ermənilər mənasında işlənib)
Bu sözlər tezliklə bütün kəndə yayılmış, çoxlarını düşündürmüş və qeyrətə gətirmişdi.
SÖHBƏT DÜZLÜKDƏN GEDİR
“Demokrat” Abdulla rayon mərkəzi Oğuzda alış-veriş edib evinə qayıtmışdı. Xərclədiklərini hesablayanda 20 qəpik aldadıldığını görür. Səhəri dirigözlü açan Abdulla kişi tələsik Oğuza gedir. Aldadıldığını sübut edib 20 qəpiyi geri alır. Lakin rayona gedib gəlmək ona 60 qəpiyə başa gəlir. Nəticədə 40 qəpik də ziyana düşür. Hadisəni eşidənlər gülür və onu məzəmmət edirlər. Abdulla kişi isə onlara belə deyir:
-Söhbət xeyir, ya da ziyandan getmir, düzlükdən gedir. Əsas məsələ o yaramazın dərsini vermək idi. Yoxsa o hələ məni kimi çoxlarını aldadacaqdı. Bu, ona dərs oldu.
KONES FİLM
Qabaqcıl mexanizator Xudu kişi kənd klubunda nümayiş etdirilən heç bir filmi ötürməzmiş. Bir ara gecələr işə cəlb olunduğuna görə kino-filmlərə tamaşa edə bilmir.
Amma səhər evə qayıdan kimi bacısı Şəkəri yanlayıb, bütün filmin məzmununu söylətdirərmiş. Şəkər filmin məzmununu danışdıqca Xudu tez-tez “Hə, sonra nə oldu?-deyə sual edərmiş. Nəhayət, Şəkər bütün filmi nağıl edib qurtarır. Xudu adəti üzrə “Hə, sonra nə oldu?- deyə soruşur.
Şəkər bezib deyir:
-Ə, ta nə olacaq? Axırda kones film yazıldı da.
KİM SEVMƏZ Kİ ?
Kolxoz sədrinin tapşırığı ilə Sapıca düzündə işləyən biçinçilərin yeməsi üçün iki-üç yeşik faraş pomidor alınmışdı. Davud kişi yeşikləri kəl arabasına yükləyib Sarıcaya yola düşür.
Yolda piyada gedən bir nəfəri də arabaya götürür. Həmin adam arabaya minər-minməz yeşiklərdən birini qabağına çəkib faraş pomidorlardan yeməyə başlayır. Ara-bir də deyir:
-Davud, mən pomidoru çox sevirəm.
Davud kişi əvvəlcə dinmir. Lakin yeşiklərdən birinin yarıya çatdığını görüb qeyzlənir:
-Ədə, bir dayan görək, rəhmətliyin oğlu! Qızmar Sarıca düzü ola, ac biçinçilər ola, faraş pomidor ola! Onu kim sevməz ki?!
QOY, ÖZ ÇAQQALLARIMIZ YESİN
Kəndin təəssübkeş adamlarından idi İzzət kişi. Günlərin birində əlindən bir xəta çıxır... İnəyin öləcəyini görüb onu kəsir. Əti maşına yükləyib ət kombinatına üz tutur. Lakin kombinat əti qəbul etmir. Kor-peşiman evə qayıdırlar. Yolda sürücü ətin xarab olduğunu söyləyərək deyir:
-İzzət dayı, gəl əti bu dərələrdən birinə ataq, qurd-quş yesin. Hara, nəyə aparırıq, ey?
Burda da təəssübkeşliyindən qalmayan İzzət kişi deyir:
-Yox, ey gədə. Sür, aparaq öz dərəmizə ataq, qoy öz çaqqallarımız yesin!
Qeyd: bunlar real - olmuş hadisələrdir. Əhvalatlarda adları çəkilən şəxslər isə çoxdan haqqın rəhmətinə qovuşmuşlar.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)