Redaksiyamızın poçtunda şair Əlirza Həsrətin məşhur “Çoban bayatı” poemasının müəllifi, şair Əkbər Qoşalıya ünvanladığı şeir var. Onu oxucularımıza təqdim edirik.
TÜTƏK SƏSİNDƏ
(Dövrümüzdə yazılan gözəl əsərlərdən biri "Çoban bayatı" poemasının müəllifi, şair dostum Əkbər Qoşalıya)
Könül harayıdır "Çoban bayatı",
Hər dərdə bir məlhəm ara, tütəkdə.
Mələklər oxuyan eşq nəğməsitək,-
Göylərdən enmişəm Yerə, tütəkdə.
Yatmasa bu qərib nəğməyə sözün,
Külünə sığal çək qaralan közün.
Çoban çomağından su içə gözün,
Çəkələr adamı dara, tütəkdə.
Eh,mən də yanıqlı tütək səsiyəm,
Gah hicran ziliyəm, gah eşq pəsiyəm.
Qolları zəncirli divanəsiyəm,
Könül ver "segah"a, "şur"a tütəkdə.
Gah dərdli Xançoban, gah Arpaçaydın,
Hər tütək səsində ahımı saydın.
Ay Əlirza Həsrət, gözlərin aydın!
Deyirlər, qayıtdı Sara tütəkdə.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)