Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Baş nazir Nikol Paşinyan avqust ayının 31-də mətbuat konfransı keçirdi. Bir-birinə məntiq və məna baxımından uyğun olmayan məlumatlar fonunda vurğuladı ki, guya Azərbaycan İtaliyadan silah-sursat alır.
Halbuki, Azərbaycan İtaliyadan aldığı C-27 J Spartan təyyarəsi nəqliyyat xarakterlidir, yalnız yük-sərnişin daşınmasını həyata keçirir. Məsələ burasındadır ki, Ermənistan özü Fransadan, ABŞ-dən, Hindistandan, Yunanıstandan və digər ölkələrdən öldürücü hücum silahları alsa da, bu mövzuda Azərbaycanı ittiham edir. Dünya ölkələrinin bir çoxunun işğalçılıq siyasəti yürüdən Ermənistana silah satması beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır. Prezident cənab İlham Əliyev demişkən: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.
Son 15 il ərzində Ermənistan Avropadan ən çox silah alan ölkə, 2012-ci ildən isə silahlanmağa görə dünya ölkələri sırasında ilk 3-də qərarlaşıb. Yaxşı bilirik ki, silahlanmaqda niyyət ərazi bütövlüyünü qorumaq yox, məhz işğalçılıqdır. Bunu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatı və Tovuz döyüşləri sübut edir. Buna görə də Azərbaycanın həmin silahları legitim hədəf kimi zərərsizləşdirmək hüququ var. Əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, unutmasınlar ki, “dəmir yumruq” yerindədir.
Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır!
Fransa Prezidenti Emmanuel Makron beynəlxalq təşkilatlarda ölkəmizin əleyhinə qətnamələrin qəbul olunmasına çalışır və bizə qarşı Ermənistanı silahlandırdığını, həmçinin dəstək verdiyini açıq şəkildə bildirir. Biz də onların bu ikiüzlülüyü qarşısında Fransanın Afrikada, Korsikada, Mayot adalarında, Yeni Kaledoniyada yürütdüyü neokolonializm siyasətini bütün dünyanın diqqətinə çatdırırıq. Elə Ermənistanın özü də Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti yeritməsi üçün vasitədir. Həmçinin ölkə beynəlxalq münasibətlərin subyektindən daha çox obyektinə çevrilib. Xatırladaq ki, müharibədən əvvəl də, həmin müddətdə də Ermənistanı dəstəkləyən, silahlandıran ölkələr var idi, amma onu məğlubiyyətdən qurtara bilmədilər. İndi onların aldığı və müharibədə istifadə etdiyi silahlar Azərbaycanın “Hərbi Qənimətlər Parkı”nda sərgilənir, nümayiş olunur.
Şübhəsizdir ki, Ermənistanda mövcud silah arsenalının əsasını Rusiyadan alınmış hərbi texnikalar və qurğular təşkil edir. Elə həmçinin Fransanın müdafiə nazirinin “biz Ermənistanı Azərbaycana qarşı silahlandırırıq deməsi” də anlaşılandır. Ermənistan və Fransanın hərbi əməkdaşlıq barədə sənədlər paketi imzalamasının yəqin ki, şərhinə ehtiyac yoxdur. Reallıq isə budur ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır.
Hazırda Ermənistanın silahlandırılması missiyasını Fransa öz üzərinə götürüb. Ermənistana Fransa və Hindistandan Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi bunu bir daha təsdiq edir. Görünən odur ki, son bir həftədə Fransa 12 ədəd artilleriya qurğusunu, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi, 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri,yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikaların Ermənistana gətirilməsi həm də Cənubi Qafqazda sönən odu körükləməkdir. "Akaş" zenit-raket kompleksləri daxil olmaqla Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb. Səbəb də budur ki, Hindistan Azərbaycanın Pakistanla dostluq və dərin hərbi-siyasi münasibətlərini qısqanaraq Ermənistanla münasibətləri inkişaf etdirir. Bununla da Cənubi Qafqaz regionu yenidən silah cəbhəxanasına çevrilir. Başa düşülən odur ki, Qərb ölkələri mülki monitorinq missiyası adı ilə Ermənistanı Rusiyadan qoparmağa çalışır.
Ermənistan, yoxsa Azərbaycan silaha daha çox pul xərcləyir?
Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini deyən Paşinyan yaxşı bilir ki, bunların hamısı dezinformasiyadır. Baş nazir mətbuat konfransında özü qeyd etdi ki, Ermənistanın hərbi xərcləri ötən illə müqayisədə 46% artıb. Ermənistan 2024-cü ildə əsaslı xərclərin 41 faizini müdafiə sektorunu dəstəkləməyə yönəldib. Müdafiə xərcləri ÜDM-in 5,3 faizini təşkil edir. Bununla da Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir. Ölkənin hərbi büdcəsinin rekord həddə 1 milyard dollardan artıq müəyyənləşməsi və iqtisadiyyatının 2022-ci ildən başlayaraq bu qədər sıçrayışla böyüməsinin səbəbləri bizə gün kimi aydındır. Rusiyaya tətbiq edilən sanksiyalar, AB-nin iqtisadi dəstəyi, 3 milyardı aşan maliyyə yardımı, qrantlar və sair. Rus sahibkarlarının sanksiyalardan yayınmaq üçün Ermənistanda müəssisələr yaratması və pul yatırımı etməsi nəticəsində ixrac 4 dəfə artıb,son bir ildə 10 mindən artıq şirkət açılıb. Görünən odur ki, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində Ermənistana milyardlar sel kimi axır. Bəs bu vəsaitlər hara yönəlir? Təbii ki, orduya. Hələ Ermənistan Baş naziri fəxrlə deyir ki, 2018-ci ildən indiyə qədər hərbi büdcə 110 faizə qədər artırılıb.Bunun səbəbi isə Ermənistanın iqtisadi böhranı aradan qaldırmaq əvəzinə, əsas gücü silahlanmaya yönəltməsidir. Azərbaycanda bu rəqəm Ermənistandan fərqli olaraq, 4 faiz civarındadır.
Ermənistan silahlanması regiona ciddi təhdiddir.
Paşinyanın bu sərsəm təbliğatının fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəkimövqelərinin atəşə tutulması, hərbçimizin yaralanması, atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılması bir daha göstərdi ki, əsas məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaqdır.Biz bunca illər etnik təmizləmənin, erməni işğalınınqurbanı olmuşuq. 30 il davam edən bu hal bizi böhrana, 1 milyon qaçqının olmasına, işğal edilmiş, əraziləri tamamilə dağıdılmış bir ölkə halına salınaraq hələ üstəgəl sanksiyalara məruz qoyub. 30 illik bir müddətdə Azərbaycanın ərazilərini məhz BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkə Ermənistandır. Qonşularına qarşı daim işğalçılıq siyasəti yürüdən və ərazi iddialarına son qoymayan Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə təhdid olduğunu anlamaq elə də çətin deyil.
Konstitusiya beynəlxalq müqavilədən üstün sənəddir.
Mətbuat konfransında Azərbaycan Konstitusiyası ilə bağlı əsassız, məntiqsiz arqumentlər gətirən Baş nazir hələ bilmir ki, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Azərbaycanın tərkibində olan, nə zamansa Ermənistan tərkibinə qatılan ərazilərin isə tarixi həqiqətliyini danmaq mümkün deyil. Bu isə Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddiasında olmaq anlamına gəlmir. Üstəlik, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam həll edərək Konstitusiya quruluşunu ərazisində bərpa edib. Ermənistan Konstitusiyasına gəldikdə isə orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o Konstitusiyada olduğu müddətdə sülh sazişi şübhə altındadır. Çünki Konstitusiya beynəlxalq müqavilədən üstün sənəddir. Üstəlik, bu ölkənin gerbində Türkiyə ərazisindəki Ağrı dağı əks olunub ki, bu da Türkiyəyə qarşı ərazi iddiasıdır. Xatırladaq ki, 2022-ci il oktyabr ayının 6-da “AvropaSiyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Atalar burada deyib “İtlə dostluq et, çomağını yerə qoyma”.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!
Artıq bu illər ərzində biz yaxşı bilirik ki, ATƏT-in Minsk qrupu uzun müddətdir ki, fəaliyyətsizdir. Çünki həmsədrlər artıq bir-biri ilə müharibədədirlər. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda cənab Prezident dünyaya belə bir mesaj verdi: “…ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur...” Minsk qrupu ilə bağlı Baş nazirin çıxışına nəzərə saldıqda görünür ki, Ermənistanın, keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəmindən xəbər verir. Elə Prezidentində dediyi kimi: “Minsk qrupunun həmsədr dövlətlərinin indi atacağı ən müsbət addım elə bu lazımsız, hadisələrin yedəyində sürünən formatı ləğv etməsilə bağlı qəbul etdiyi qərar ola bilər”.
Öz gözündəki tiri görməyib başqasının gözündə çöp axtaranlar Paşinyanın hakimiyyətindən əvvəl də, elə indi də Zəngəzur məsələsinə baxdıqda Ermənistanın 30 il Naxçıvanı blokada vəziyyətində saxladığını açıq-aydın görə bilər. Təbii ki, Ermənistan blokadanın açılmasına razıdır, amma öz maraqları çərçivəsində. Baş nazir təklif edir ki, dəhliz açılarsa, ona kənar qüvvələr nəzarət etsin. Bu da, şübhəsiz ki, regionda yeni eskalasiya yaratmağa xidmət edir. Ermənistan destruktiv addımlar atdıqca vaxtı uzadır ki, yeni macəralara zəmin yaransın. Lavrov demişkən: “Ermənistanın sünik bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində Baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir”. Lakin Baş nazir sonda edəcəyi şeyi indi etsə, daha yaxşı olar. Xoş niyyət göstərib Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın açılmasına imkan yaratsın ki, “dəmir yumruq” başını hələ çox əzməsin!
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)