Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Ümummilli Lider Heydər Əliyev düz 33 il bundan öncə məhz bu gün, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.
Bütün Azərbaycan xalqı bilir ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olduğu, hakimiyyətin muxtar qurum üzərində oyunlar oynadığı bir dövrdə, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi. Heydər Əliyev həmin sessiyada çıxış edərək deyirdi:
“…Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafında toplaşmış naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu xalqın ağır günündən qaçmaq deməkdir. Ona görə belə bir ziddiyyətli vəziyyətdəyəm və bu vəziyyətdə də qalıram… Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Bu çətin dönəmdə Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, dincliyin və əmin-amanlığın təmin olunmasına nail oldu. Onun rəhbərliyi dövründə muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. Ümummilli Liderin Sədr seçilməsi ilə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu, əsgəri birlikləri Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarıldı. Həmçinin dahi lider milli ideoloji məsələləri önə çəkir, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında və bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi Qərarı qəbul etdi. Siyasi işlə bərabər sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması yönündə Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalının müraciəti əsasında Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı qısa zamanda Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.
Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin sədrliyi ilə ötən bu müddət ərzində böyük inkişaf yolu keçib. Milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, ölkəmizi etibarlı tərəfdaşa çevirdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, dayanıqlı inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürür.
Ümummilli Liderin ilk dəfə Naxçıvanda Ali Məclisin Sədri olduğu dönəmdə qaldırdığı bayraq indi ərazi bütövlüyümüzün tam təmin olunduğu bütün Azərbaycan torpaqlarında dalğalandırılır. Biz də öz cəsarət və azadlığımızı ay-ulduzlu bayrağımızdan alır, ona da fəda edirik. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək!
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)