Super User
Türkiyənin Antalya şəhərində “Azerbaycan güzel sanatları” adlı sərginin açılışı olub
Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, incəsənətimizin təbliği məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə cari il 31 avqust tarixində Türkiyənin tarixi və turizm bölgəsi olan Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, bu məqsədlə Antalya şəhərində Nazim Hikmət Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi Antalyalılar tərəfindən maraqla qarşılanıb. Sərgidə Azərbaycan mədəniyyəti, incəsənətinə dair guşələr təşkil edilmiş, Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətirilən qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunub.
Azərbaycan xalqının mədəni tarixini yaşadan sənətkarlıq nümunələrindən biri kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən kəlağayılarımız qardaş ölkədə maraqla qarşılanıb.
Qeyd olunub ki, Böyük İpək yolunun Azərbaycandan keçməsi, xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi bir sıra sahələr kimi ölkəmizdə ipəkçiliyin inkişafına səbəb olmuş, ipəkdən hazırlanan kəlağayılar, milli geyimlər, xalça sənəti daim inkişaf edərək, milli sənətimizin inciləri siyahısına daxil edilib.
Sərgidə Azərbaycan incəsənətinin mühüm sahəsi olan rəssamlıq və bu məktəbin qadın nümayəndələrinin əsərləri də nümayiş olunub. “Azərbaycan qadın rəssamları Nailə Əhmədova, Aygün Mustafayeva, Ayan Məmmədova-Əzizova, Şəhla Baxşəliyeva Şendal, Kamilla Eldarova, Xanım Məmmədova, Ülkər Behbudova, Raida Musatafayeva, Leyla İsayeva və Türkiyədə yaşayıb, yaradan rəssamlarımız Mətanət Hüseynova, Nüşabə Küçükün əsərləri Nazim Hikmət Konqres Mərkəzində nümayiş etdirilib.
Sərgidə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan mədəniyyətinin inkişaf etmiş sahəsi olan rəssamlıq sənəti, rəssamlarımız yaratdığı əsərlərlə xalqımız haqlı olaraq fəxr edə bilər. Çıxış edənlər rəssamlarımızın dünya incəsənətinə böyük töhfələr verdiyini, Azərbaycan rəssamlıq məktəbinin yetişdirdiyi məşhur nümayəndələrin əsərlərinin dünya incəsənətinin inciləri sırasına daxil edilib.
Sərgi ilə Antalya valisi Hulusi Şahin, Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov, çoxsaylı dövlət nümayəndələri, Antalyada akreditə olunmuş diplomatik təmsilçilər, yerli ictimaiyyət nümayəndələri tanış olmuşlar.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
Ələkbər Salahzadənin xatirə gününə
Dünən - sentyabrın 1-i Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, şair Ələkbər Salahzadənin xatirə günü idi. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” onun bir şeirini sizlərlə paylaşır.
Bir də gördün
Bir də gördün beşikdi adam,
Bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı
Bir də gördün oğuldu adın,
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
Bir də gördün fotodu
Bir də gördün oddu adam
Bir də gördün ot
Birdə gördün adamdı adam,
Bir də gördün ad...
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
«Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi təşkil olunur
Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.
Mərkəzdən verilən açıqlamaya görə, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.
Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.
İştirakçılar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.
Müraciət üçün son tarix cari il oktyabrın15-dir.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Tərəvəzlə quzu ətinin buğlaması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Tərəvəzlə quzu ətinin buğlamasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti (sümüklü) – 300 qr
§ Quyruq – 20 qr
§ Kartof – 80 qr
§ Yaşıl bibər – 30 qr
§ Soğan – 32 qr
§ Pomidor – 50 qr
§ Acı bibər – 10 qr
§ Təzə və ya quru alça – 10 qr
§ Göyərti (cəfəri, keşniş, şüyüd) – 8 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ sarımsaqlı qatıq – 50 qr, sumaq
– 3 qr, nar məti – 20 qr, nar – 15 qr, nanə – 20 qr, mərzə – 3 qr, reyhan qurusu – 3 qr
HAZIRLANMASI:
Quzu əti səliqə ilə 100 qramlıq tikələrə doğranır, yuyulur. Xırda sümüklərdən təmizlənir. Tərəvəzlər yuyulur, təmizlənir, dairəvi qalın doğranır. Tasa (ləyən, çölmək, saxsı qaba) lay-lay döşənir. Alça, duz, istiot, sarı- kök, göyərti vurulur və su əlavə olu- nur. Qazanın ağzı bağlanır və 1,5-2,0 saat müddətində vam odda bişirilir. Üzərinə göyərti səpilir, yanında sarımsaqlı qatıq, sumaq, nar məti, nar, nanə, mərzə, reyhan qurusu verilir.
Ədəbiyyat və incəsənət”
(02.09.2024)
BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri – Fidan Barçın (1-ci yer)
Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 1-ci olmuş Fidan Barçının “Məşhurluq qayğıları” hekayəsini təqdim edəcək.
Fidan BARÇIN (HÜSEYNOVA)
MƏŞHURLUQ QAYĞILARI
Bütün əzəmət və ehtişamı ilə soyuq dekabr gecələrinə meydan oxuyan günəşin isti nəfəsinin hərarəti altında yorğun şəhər şirin yuxuya dalmışdı, gərgin iş həftəsinin ağırlığını üzərindən atmağa çalışırdı. Saatın əqrəbləri səhər saat 9-un üzərində dayanmışdı, elə bil onun da ürəyi ağrıyırdı insanlara, bu gün səssiz-səssiz, ağır-ağır hərəkət edirdi. Əslində, ilin bütün həftəsonlarında, bəzi fərqləri çıxmaqla, şəhər camaatı beləcə dincini alırdı. Amma bu şənbə adi günlərdən fərqlənəcək və bir gəncin xatirə təqvimini yamyaşıl rəngə boyayacaqdı...
Liftin varlığını belə unudub yeddi mərtəbəni yüyürə-yüyürə, həyəcanla qalxan Turan qapılarına çatanda tanınmaz hala düşmüşdü. Evdən çıxanda açarı özü ilə götürsə də, ondan istifadə eləmək istəmədi. Zəngi basmaq üçün əlini qaldırmağa taqəti qalmadığını hiss edib var gücü ilə qapını döyəcləməyə başladı. Sevincli və buruq saçları dağılmış halda qaçıb mənzilə girdi, bütün otaqları dolaşdı. Şənbə səhəri olduğu üçün evdə hamı yatmışdı, bircə səsdən dik atılıb qapıya qaçan balaca qardaşı Hüseyndən başqa. Hüseynin həftəiçi də, həftəsonu da yuxusu olmazdı.
Ata-anası qorxu və təşvişlə soruşdu:
– Bu nə həngamədir, ay qız? Bu saatda belə görkəmdə haradan gəlirsən?
Gündəlik həyatda alçaq səsli danışığı ilə insanları bezara gətirən qız bütün səsini indiyə saxlayıbmış kimi çığıra-çığıra danışırdı:
– Soruşmayın, ana! Özüm də hələ inana bilmirəm. Bayaqdan azı əlli dəfə baxmışam, amma... bu gün möcüzə baş verib...
Qızın artıq danışmağa taqəti qalmamışdı. Baş verənlərdən heç nə anlamayan, yarıyuxulu və artıq səbirsizləşən ailə üzvləri qızın özünü yerə vurub ağlaması ilə daha da qorxmağa başladı. Ağıllarına hər şey gəlirdi. Nəhayət, sükutu ata pozdu. Əsəblə:
– Turan, nə baş verib?! – dedi.
Ağlamaqdan çöhrəsi ölü rəngində olan qız bu heybətli səslə xəyal dünyasından yenidən yaşadıqları mənzilə qayıtdı.
– Səhər imtahanlara hazırlaşmaq üçün yuxudan tez qalxdım. Nənəgili və sizi oyatmıyım deyə, çay süzüb mətbəxdə sakitcə oturmuşdum. Birdən telefonuma müəllimimdən təbrik məktubu gəldi. O deyirdi ki, ölkənin ən nüfuzlu, ən məşhur qəzetində mənim “Cəlil Məmmədquluzadə və Meterlink” başlıqlı araşdırmam dərc olunub. Mesajı dəfələrlə oxudum. Çünki yazını qəzetin elektron ünvanına göndərməyimin üstündən nə qədər zaman keçib. Mən belə bu talesiz yazını unutmuşdum... Amma... Mən, ata... Sizin qızınız məşhur oldu. Heç bilirsiniz ölkə əhalisi cəmisi həftədə bir dəfə çıxan bu qəzeti necə intizarla gözləyir? Turan Aytürk adı indi respublikanın prokurorunun da, ziyalısının da, mədəniyyət xadimlərinin də, kimi deyim, ata, tanıdığımız-tanımadığımız minlərlə insanın dilində səslənir...
Səs-küyə Turanın nənə və babası da ayılıb gəldilər. Turanın əlində eyni qəzetdən bir neçə nüsxə var idi. Sən demə, bu halətdə olmasına səbəb də bu imiş. Evlərinin yanındakı köşkdə cəmi 3 qəzet olduğu üçün ətrafı gəzib son qəpiklərini qəzetə vermişdi. Tez qəzetlərdən birini babasının əlinə sıxdı. Çünki ən çox onun nəvəsi ilə fəxr eləməsini istəyirdi.
Ailə üzvləri də sevinmişdilər bu xəbərə. Amma nədənsə bunu Turanı özündən çıxaracaq qədər sevincli, möhtəşəm xəbər kimi qarşılaya bilmədilər. Qızın həvəsini qırmamağa, onun kimi gülümsəməyə çalışırdılar. Saxta gülüşlə həqiqi gülüşü ayırd edəcək yaşına çoxdan dolan qız onlar pis olmasın deyə, “oyun”u qaydasınca oynamağa davam elədi. Həm də bu gün heç kəsin və heç nəyin əhvalını korlamasına yol verə bilməzdi.
– Nənə, inanırsanmı, bu gün məhəllədə hamı səndən nəvəni xəbər alacaq. Gərək telefonu da sönməyə qoymayaq. Baxma, hamı mən fikirdə ola bilməz axı. Biri, bəlkə, bu müqayisəni düzgün hesab etməyəcək, hələ tənqid də edəcək. yox, hər şeyə hazır olmaq lazımdır...
– Afərin, qızım! Qələmin qüvvətli olsun!
Beləcə, istirahət günü tezdən qalxmağa məcbur edilmiş ailə öz işinə davam elədi...
Dediyim kimi, Turan bundan qətiyyən pis olmadı, çünki bilirdi ki, evlərinə heç vaxt qəzet gəlmir, bu evdə oxunmur. Və nəticə olaraq da qəzetdə yazısı çıxmağın əhəmiyyəti onlar üçün yaddır. Amma yəqin ki, indi oxuduğu orta məktəbin müəllimlərinin hamısı, tələbə yoldaşları, müxtəlif vəzifələrdə çalışan qonşuları, hər zaman hər şeydən başı çıxan qohumları diqqətlə oxuyub fəxr edəcəklər onunla. Hələ zəng vurmayıblarsa, deməli, son səhifəyə – 32-yə çatmayıblar. Axı qəzetin bu buraxılışında kifayət qədər maraqlı yazılar var. Amma əmin idi ki, sıra ona da gələcək...
Bəlkə də, hələ dostları bu münasibətlə sürpriz qonaqlıq da təşkil edəcəklər, hər halda, gərək o özünü bilməzliyə vursun. Məşhur olmaq, doğrudan da, çox çətin imiş. Görəsən, ömrünün bütün illərini yaradıcılığa həsr edən, ömür yaşlarına sığmayacaq sayda əsərlər yazan yazıçılar insanların bu qədər diqqət və qayğısı içində sıxılmırlar ki? Nə isə, bunlar hələ sonranın işləridir.
Bu fikirlərin ahəngində bütün günü evdə qəzet əlində çırtma çalıb oynadı. Ancaq axşama qədər telefonuna zəng gəlmədi. Evdə axşam üçün qeyri-adi heç nə hazırlanmadı. Qardaşının çağırışı ilə yemək üçün mətbəxə gələn Turan bir də gördü ki, nənəsi səhər alınmış tər göyərtiləri islaqdan çıxarıb, səliqə ilə onun qəzetlərinə büküb soyuducuya yerləşdirir...
“Ədəbiyyat və incəsənət”
(02.09.2023)
Əsl cərrah necə olmalıdır?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün sosial mediada minlərlə həkimə rast gəlmək olur. Böyrəkdən tutmuş kor bağırsağa qədər hər cür cərrahi əməliyyatların video görüntülərini çəkib, reklam edirlər. Hər dəfə onlara baxanda yadıma köhnə bir deyim düşür: "Gəl, ay müştəri!.. “
Amma mənim qəhrəmanım heç zaman özünü reklam etməyə can atmayıb, heç vaxt "hamıdan gözəl mənəm, mən” iddiası ilə inad göstərməyib. Necə deyərlər, başını aşağı salaraq öz peşə öhdəliklərini ləyaqətlə icra edib. Neçə-neçə insana şəfa verib, ölümün pəncəsindən qurtarıb...
“Ölkədə yeganə cərrahdır ki, quruyub qaraciyərə yapışan öd kisəsini yenidən bərpa edib”-bunları o gün mənə filologiya elmləri doktoru, professor, çox hörmətli Seyfəddin Rzasoy söyləyib…
Söhbət Azərbaycan Tibb Universitetinin cərrahiyə şöbəsinin professoru, tibb elmləri doktoru, cərrah Şakir İbrahimlidən gedir. O Şakir İbrahimlidən ki, qəlbi insan sevgisi ilə doludur. Onu deyib, yanına kimsə gəldisə, uşaq kimi qabağına düşüb, həmin adama ümumi müayinə mərhələsindən tutmuş, cərrahi əməliyyata qədər doğma münasibət göstərir. Olduqca sadə və mehriban insandır, içindəki "MƏN”ə çoxdan qalib gəlib. Nə davranışında, nə də ki, hərəkətlərində təkəbbürdən əsər-əlamət yoxdur. Amma məğrurdur, necə deyərlər, heç kimin qarşısında baş əyməz...
Atası Feyruz kişi yaşadığı ucqar dağ kəndində sayılıb-seçilən insanlardan olub. Halal süfrəsində doqquz övlad böyüdüb- beş oğul, dörd qız. Oğullarından üçü elmlər doktoru, professordur...
1978-ci ildən 1994-cü ilədək Rusiyada, Ukraynada cərrah işləyib. 1995-ci ildən Vətənə dönüb, o vaxtdan həm Tibb Universitetində və həm də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahiyə şöbəsində çalışır...
Həkimlik nüfuzlu peşədir. Şəninə bir sıra şeirlər, yazılar qələmə alınıb. Bu peşənin sahiblərinə həmişə ümid yeri, şəfa mələyi kimi baxıblar. Həkim məclisə daxil olanda hörmətlə qarşılanıb, ehtiram görüb. Bəli, hər dəfə Şakir həkimi məclislərdə görəndə ətrafına xeyli adamın yığışdığının şahidi olmuşam, hamı onunla söhbətdən zövq alır...
Çox diqqətli adamdır. Gözündən heç nə yayınmaz. Hadisələri düzgün təhlil etmək qabiliyyəti var. Hamını olduğu kimi qəbul etməyi bacarır. İnsanlara mənfi yox, müsbət cəhətlərinə görə dəyər verir...
Deyir ki,- "Məndən ötrü bu dünyada bir meyar var- İnsanlıq! Və mən bütün ömrüm boyu bu amala xidmət etmişəm...”
...Ömür-gün yoldaşı Təranə xanım evdar qadındır. Üç övladın atası, üç nəvənin babasıdır...
Təpədən dırnağa türk oğlu türkdür. Türkün tarixini gözəl bilir. Və ən əsası öz peşəsinin mükəmməl USTAsıdır. Sanki anadan cərrah olmaq üçün doğulub. Azərbaycanda cərrahiyənin zirvəsi sayılan bir sıra həkimlər olub, bu gün də var. Tibb elmləri doktoru, professor Şakir İbrahimli bu zirvələrdən biridir...
İstirahət günlərində Şakir İbrahimlinin 70 yaşı tamam oldu. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, elmi uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın
“Ədəbiyyat və incəsənət” portalı Rey Kərimoğlunun sənədli hekayəsini təqdim edir.
Kəndə hay düşdü ki, Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb...
Aylı bir yay gecəsi idi. Hər gecə olduğu kimi, ətrafı yoxlamaq məqsədilə erməni kəndi ilə bizim kəndimiz arasındakı Xatınarxı çayının ətrafında gəzişirdim. Ay işığı hər tərəfi süd kimi işıqlandırır və mən hər qarışını əzbər bildiyim yerləri nə vaxtdır adət etdiyim bir diqqətlə izləyirdim.
Sırayla düzülmüş böyürtkən kollarını keçib pişpişəliyə çatanda qulağıma lap yaxından səslər gəlməyə başladı. Bu, nə yaxınlıqdakı çayın şırıltısı, nə cırcırama səsi, nə çaqqal ulaması, nə it hürməsi deyildi. Daha çox iniltiyə bənzəyirdi.
Əvvəlcə mənə elə gəldi ki, hansısa yaralı heyvanın iniltisidir. Dəqiqləşdirmək üçün səs salmamağa çalışaraq, barmaqlarımın ucunda ehtiyatla irəliləyib, pişpişəliyə uzandım və bütün diqqətimi toplayıb, səsi dinləməyə başladım.
Ani sükutdan sonra səs yenidən gələndə eşitdiyimin insan səsi olduğunu dəqiqləşdirib, bir az da səfərbər oldum. Ermənilər ola bilərdi. Hər ehtimala qarşı kəmərimə keçirdiyim əldədüzəltmə tapançamı çıxarıb, hazır vəziyyətdə Xatınarxına sarı bir az da irəlilədim. Çaya lap yaxınlaşıb, budaqları suya sallanmış qovaq ağacına söykəndim və səsə daha diqqətlə qulaq kəsildim.
Bu, kiminsə eşidəcəyindən çəkinərək için-için ağlayan kişinin hıçqırtısı idi. Səs bir az yuxarıdan, Xatınarxı çayının böyük olmayan dərəsi boyunca sanki suya qarışıb, axıb gəlirdi.
On dörd gecəlik ayın yerə yolladığı süd rəngli işıq danışanları uzaqdan bir cüt kölgə kimi “ələ verirdi”. Yavaş-yavaş bu bir cüt kölgəyə yaxınlaşdıqca kişi hıçqırtısının arada nəysə pıçıldadığını da eşidirdim. Azərbaycanca danışırdılar. Amma tam aydın olmurdu ki, kişi nə deyir. Hıçqırtı ilə pıçıltı bir-birinə qarışmışdı.
“Kişi necə ağlayarmış, ilahi!”- fikirləşirdim.
Bir az da irəliləyib, o bir cüt kölgənin yaxınlığında üzüqoylu uzanıb, onları dinləyirdim:
- Jasmen, Jasmen! Mən haranın daşın salım başıma, Jasmen?! Mən neyləyim, Jasmen?! Bu nə iş idi gəldi bizim başımıza? İndi neyləyək? - kişi balaca uşaq sayağı hıçqıra-hıçqıra pıçıldayırdı.
Jasmen isə qarışıq ləhcəylə ona cavab verməyə çalışırdı:
- Bilmiram, məsəb haqqı, bilmirəm! Danış görum, Anar necadır?
- Yaxşıdır, Anar da yaxşıdır o biriləri də. Təkcə Güllü sənin kürlüyünü edir. Səni istəyir! “Ana” deyib, dünyanı dağıdır, Jasmen! Onu heç kəs ovuda bilmir...
Mən bu səsin sahibini beynimi çox da zorlamadan asanlıqla tanıdım. Kəndçimiz Telli Mədət idi.
***
Kəndimizdə bir neçə Mədət var idi. Keçəl Mədət, Usta Mədət və Telli Mədət. Təhsilsiz, fağır və sakit adam idi Telli Mədət. Ata-babadan fəhlə olmuşdular. Həm də kəndin xeyir işlərində at belində camaatı toya-düyünə dəvət edirdi. Özünün atı olmazdı, toy sahibinin, ya da toy sahibinin qohum-əqrəbasının atını bir günlük ona verərdilər. Onda Mədət özünü at belində lap dağın başındaymış kimi hiss edərdi.
Bəzən hətta atdan düşəndən iki-üç gün sonra da özünü mühüm adam hesab edərdi.
Mədətin taleyinə acıyırdım...
Hələ əmin-amanlıq idi, aralığa qan düşməmişdi. Bir gün kəndə hay düşdü ki, Telli Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb. Erməni qızını qaçırdığına görə Mədəti danlayanlara o, tutuquşu kimi əzbərlədiyi bir sözü deyirdi:
- Sevən gözlər kor olar!
O vaxt yüz faiz əmin idim ki, Mədət bu sözün mahiyyətini əsla bilmir. Beləcə, Mədət sözünün üstündə durub, toy da elədi.
Mədətlə Jasmenin beş uşağı oldu – Güllü, Cəmilə, Ellada, Sabir, Anar.
Sonuncu uşaq olanda artıq dava başlamışdı. Ermənistandan, Xankəndidən, Ağdərədən, Xocavənddən azərbaycanlıları qovurdular. Bakıda, Sumqayıtda, Şamaxıda, Gəncədə, Ağdamda yaşayan ermənilər də belə bir vəziyyətdə birgə yaşamağın mümkün olmadığını anlayıb, gedirdilər. Növbə bizim kəndə də gəlib çatmışdı. Jasmen, məncə, daha çox utandığından çölə-bayıra çıxmırdı. Ona görə utandığından ki, Qarabağ məsələsini ermənilər - onun mənsub olduğu millətin nümayəndələri başlamışdı. Amma Mədətin uşaqları küçəyə çıxır, məktəbə gedib-gəlirdi. Bir-iki yeniyetmə uşaqdan savayı heç kəs onlara “gözün üstə qaşın var” demirdi
Nəhayət, belə yaşamağın mümkün olmadığını anlayan Jasmen bir gecə kəndimizi tərk elədi. Mədət gecənin bir vaxtı onu sakitcə aparıb Xatın arxından keçirib, öz kəndinə yola salmışdı. O vaxtdan Jasmen öz doğulduğu kənddə yaşamağa başladı. İmkan tapan kimi gecələr Xatınarxı çayının qırağında Mədətlə görüşüb, dərdləri ilə baş-başa qalırmışlar...
- Madat, qadan alım, burnumun ucu goynayır Güllüdan otru! Nolar, bir dafa gatir onu gorum!
- Gətirərəm, Jasmen, gətirərəm!
- Sabira da de, kandda heç kasla spor-zad elamasın! Pis vaxtdır ha. Oldumu, Madat?!
- Eləmir, çox sakit uşaqdır.
- Madat, Allah bu davanı başlayan ermənilərə lanat eləsin elə!
- Eləsin, Jasmen, eləsin!
- Gul kimi yaşayırdıq. Mexriban qonşularımız var idi. Bizi çox istayırdı onlar. Heç bilmiram, bu dava qurtarandan sonra onların uzuna neca baxacam?! Madat, ermənilər məni çox incidir, təhqir edirlər, alçaldırlar. Dali olmasam yaxşıdı, məsəb haqqı. Kaş bu muharba başlamayadı...
- Hə də, Jasmen. Gül kimi yaşayırdıq, dolanırdıq, xoşbəxt idik. Sənə güldən artıq bir söz deyən olurdu?
- Yox, mashab haqqı, demirdilar!
***
1993-cü ilin yayında ermənilər kəndimizi işğal edib, yandırdılar. Deyirlər, həmin gündən bir erməni qadın Mədət, Güllü, Cəmilə, Ellada, Sabir, Anar – haraylayıb, kəndimizi dolaşırmış. Kənd köçəndən bir neçə gün sonra havalanan qadın hələ də kəndin xarabalığında balalarını axtarırmış...
Mədət, Güllü, Cəmilə, Ellada və digər iki qardaşları isə işğal altında qalan öz doğma kəndlərindən uzaqda - çadır şəhərciyində yaşayırdılar.
Sonradan Anar könüllü olaraq orduya yazılıb, ermənilərə qarşı döyüşdü.
Telli Mədət çadır şəhərciyində bir il yaşayandan sonra dünyasını dəyişdi.
***
Xankəndidən olan, vaxtilə azərbaycanlılarla münasibəti olmuş bir erməni illər sonra Rusiyada bizimkilərə bir əhvalat danışıb. Deyib ki, 1993-cü ilin payızında Xankəndidə küçədə üst-başı kirli, nimdaş paltarda dəli bir qadın görüb. Şəhərin mərkəzi küçələrində bir torba torpağı qarşısına qoyub, yanından keçənlərə səslənirmiş:
- Qarabağ torpağıdı. Satmıram, pulsuz verirəm! Alın, yeyin! Niyə yemirsiniz?! Torpaq istəmirdiniz? Alın də! Alın, doyunca yeyin! Amma balalarımı qaytarın mənə!
Sonra da qol götürüb oynayırmış...
Hər gün axşam da torpaq kisəsinin ağzını səliqə ilə bağlayıb, qoltuğuna vurub, ağlaya-ağlaya qaranlığa qarışırmış. Gecənin qaranlığında onun taqətsiz, bir az da havalı səsi küçələri dolaşırmış:
- Mədət! Güllü! Cəmilə! Ellada! Sabir! Anar!..
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
Qarabağ xanlarının "İmarət"i - AĞDAMDAKI İMARƏT ABİDƏSİ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Vətən müharibəsindən sonra öz azadlığına və əsl sahiblərinə qovuşan tarixi abidələrdən biri də Ağdam şəhərində yerləşən "İmarət" memorial kompleksidir. Ermənilər tərəfindən dağıdılan və təhqir edilən bu abidəmiz artıq restavrasiya olunur, demək olar ki, tamamlanma işləri gedir.
Ağdamdakı “İmarət” qəbiristanlığı tarixi və dini baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir məkandır. Bu müqəddəs məkan zamanla öz funksiyasını dəyişərək həm dini, həm də mədəni bir mərkəz halına gəlmişdir. Əvvəllər pir və ocaq kimi tanınan “İmarət”, sonralar Qarabağ xanlarının dəfn olunduğu bir məzarlıq kompleksinə çevrilib. Son günlərdə “İmarət” qəbiristanlığında aparılan təmir-bərpa işləri ilə bağlı müxtəlif informasiyalar ictimaiyyətə təqdim olunsa da, bu məkanın tarixi və dini baxımdan əhəmiyyəti barədə cəmiyyətə hələ də kifayət qədər məlumat verilməyib.
Ağdamdakı “İmarət” tarixi və dini baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir məkandır. Bu müqəddəs məkan zamanla öz funksiyasını dəyişərək həm dini, həm də mədəni bir mərkəz halına gəlmişdir. Bu məqalədə "İmarət"in tarixi inkişaf yolu, dini və sosial funksiyaları, eləcə də Qarabağ xanlarının buradakı dəfn ənənələri araşdırılacaqdır.
Ağdamın “İmarət”i, Qarabağ xanlarının dəfn yeri olmaqdan əvvəl, bölgədə müqəddəs bir pir və ocaq kimi tanınmışdır. Bu məkan, Qarabağ xanlarından əvvəl xalq arasında böyük nüfuza malik olan nəcib bir seyidin dəfn edildiyi bir ziyarətgah olmuşdur. Beləliklə, “İmarət” əhalinin inanc yeri və mənəvi ehtiyaclarını qarşılamaq üçün vacib bir məkan kimi formalaşmışdır. Şərqdə pirlər və ziyarətgahlar təkcə dini mərkəz deyildi; onlar eyni zamanda sosial və cəmiyyət həyatında mühüm funksiyalar yerinə yetirirdi. Ehtiyac içində olan, kimsəsiz insanlar bu məkanlara sığınar, yolda qalan müsafirlər burada əmin-amanlıq tapardı. Ziyarətgaha sığınan insana toxunmaq isə, hətta quldurlar üçün belə, yolverilməz idi. Bu ziyarətgahlarda ehtiyacı olanlar pulsuz qida və dərmanla təmin olunurdu, həmçinin psixoloji və mənəvi dəstək verilirdi.
“İmarət” sözü bizim dildə "böyük mülk" və ya "təmtəraqlı ev" mənasında işlənə bilər, lakin burada bu termin çox fərqli bir mənaya sahibdir. “İmarət” tələbələrə təqaüd verən, ehtiyac sahiblərinə və xəstələrə yardım göstərən, kasıblara ehsan paylayan bir məkan kimi tanınmışdır. Qarabağ xanlarının burada dəfn edilməsi də bu məkanın müqəddəsliyini və əhəmiyyətini bir daha vurğulayır. Pənah Əli xan öz sağlığında “İmarət”də uyuyan Allah övliyasının yanında dəfn olunmağı bir şərəf bilmiş və vəsiyyət etmişdir. Bu səbəbdən, Şirazda(1763) öldürülməsinə baxmayaraq, öz vəsiyyətinə əsasən, onun cənazəsi uzaq məsafədən gətirilərək bu müqəddəs məkanda dəfn edilmişdir. Zamanla digər Qarabağ xanlarının da burada dəfn olunması ilə “İmarət” bugünkü məzarlıq kompleksinə çevrilmişdir.
Bundan əlavə, bəzi tarixi mənbələr və iddialara əsasən, Ağdam şəhəri məhz “İmarət” ziyarətgahı ətrafında təşəkkül taparaq böyümüşdür. Yəni, əslində, Ağdam bir pir-şəhərdir və dinin insanların həyatında çox böyük təsirə malik olduğu dövrlərdə bu cür məkanlar cəmiyyətin inkişafında mühüm rol oynamışdır.
İmarət”in tarixi, dini və sosial əhəmiyyəti onu yalnız bir qəbiristanlıq kompleksi deyil, həm də inanc, mədəniyyət və sosial yardımlaşma mərkəzi kimi tanıdır. Bu müqəddəs məkanın tarixi haqqında daha çox məlumatın cəmiyyətə çatdırılması, “İmarət”in yalnız bir bərpa obyektindən çox, xalqın keçmişini, inancını və dəyərlərini əks etdirən bir irs olduğunu vurğulayır. Allah “İmarət” əhlinə rəhmət eləsin.. Gələcək nəsillərin bu müqəddəs məkanı qoruyub saxlaması və onun əhəmiyyətini anlaması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
Aşıq sənətinin Beyləqanda izləri
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Qədim Beyləqan torpağı həm də Dədə Qorqud yurdudur. “Kitabi-Dədə Qorqud” dastanında deyilir: “Rəsul əleyhissalam zəmanına yaqın Bayat boyundan, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, – nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi...”
Bu həmin bayatlardır ki, bu tayfanın adı Beyləqanla əlaqəlidir. Beyləqana hətta Boyat-Beyləqan da deyərmişlər. Oğuzlar türkdilli olub, Beyləqanda yaşamışlar. Oğuzların paytaxtı da Beyləqan olmuşdur. Bu sözlərin təsdiqini eyni zamanda Səmədxan Beyləqanlının “Elim Dədə Qorqud Yurdu” şeirində də görə bilərik. Həmin misraları sizə təqdim edirik.
Elim-Dədəm Qorqud yurdu,
Ozanların məclis yurdu.
Oğuz elim oymaq-oymaq,
Ərənlərim ordu-ordu.
Beyləqandır oğuz elim,
Mahal-mahal, iqlim-iqlim,
Tufanlardan keçib gəldi,
Əslim, soyum, şirin dilim..
Filologiya elmləri doktoru Şamil Cəmşidə (1920–2008) görə “Beyləqan” sözü fars sözü olub Bilə-qan-Bilə-kan – Miller deməkdir. Mil ox deməkdir. Bilə bil-mil-oq-ox oq-uz-oğuz, uz-lar, qan-kan-lar, yəni cəm şəkilçisidir. Oğuz-Biləkan. Qarabağdakı Boyat kəndi də Beyləqandan yadigar qalıb.
Daha bir şeir nümunəsinə nəzər salsaq burada da Beyləqanın soyu, əsli oğuz tayfasından olduğu göstərilib.
Beyləqan kökümüz, şömərimizdir,
Beyləqan-Soyumuz əslimiz olub.
Oğuz tayfasından qalan bir izdir,
Burda şöhrət tapan nəslimiz olub.
Səmədxan Beyləqanlının “Beyləqanım oğuz yurdum” kitabında daha bir şeirdə də oğuz elindən, Dədəmiz Qorquddan, Oğuznamə abidəmizdən, qopuzdan bəhs olunur.
Aşıq-ozan sənətinin Beyləqanda var olmasına dair Asif Cəfərlinin “Beyləqan salnaməsi” kitabında bir neçə məqamlara rast gəldik. Əvvəla onu deyək ki, bu kitabda iki aşıq, ozanın adı çəkilir. Bunlar Ozan Murad və Aşıq Əsədin adlarıdır. Həmin məqamları diqqətinizə çatdırmaq istərdim: “Ölüm mərasimində Beyləqanlı Ozan Murad bir “Qaraca oğlan” havasını çalsın. – Murad, qarabala, möhkəm ol. Qopuzu götür çal. Bu hava bizim xalqımızın, elimizin faciəsidir. Elə çal ki, cəllad məni şaqqalayanda, ətrafdakılar duymasın. Çal qarabala, çal! – Murad bu sözlərdən ayılıb qopuzu yerdən götürərək böyük bir xalq naləsini çalmağa başlayır. Murad yanıqlı-yanıqlı çalır. O başa, bu başa yeriyərək oxuyurdu:”
Palıddan söz açıram,
Bulaqdan göz açıram,
Əyilməz, sınmaz olan,
İgiddən söz açıram.
Babamız Qazan hanı?
Halayı pozan hanı?
Yuxarıda göstərilən ifalar Müsafirin edam səhnəsindəndir.
Burada eyni zamanda Türk dünyasının ən qədim çalğı alətlərindən biri olan qopuzun adı çəkilir. Qopuz oğuzların müqəddəs aləti hesab olunmuşdur. Eyni zamanda qopuzun adına and içilmiş, əlində qopuz olan düşmənə toxunulmazmış. Bununla bağlı faktlara “Kitabi-Dədə Qorqud” dastanının “Uzun Qoca oğlı Səgrək boyını bəyan edər” adlı boyda rfast gəlin. Həmin məqamları diqqətinizə çatdırırıq. “Əgrək yatmış Səgrəyi tutmaq istərkən belindəki qopuzu götürüb çalaraq oxuyur. Səsə ayılan Səgrək deyir: Qılıncının belçağına yapışdı kim, əlində qopuz var. Aydır: “Mərə kafər, Dədəm qorqud qopuzı hörmətinə çalmadım,- dedi,- əgər əlündə qopuz olmasaydı, ağam başiçün, səni iki parə qılırdım,”- dedi. Çəkdi qopuzı əlindən aldı”.
Onu da qeyd edək ki, alət haqqında bəzi tədqiqatçılar kifayət qədər müxtəlif aspektlərdən araşdırmışlar. Bununla bağlı biz nümunələr də çəkə bilərik. Misal üçün professor Abbasqulu Nəcəfzadənin sənət abidəmiz sayılan “Kitabi-Dədə Qorqud” dastanında çalğı alətləri haqqında geniş məlumatlar yazmış, böyük tədqiqat işi görərək, mədəniyyət tariximizə gözəl töhvə vermişdir. Burada dastanda adıçəkilən bütün alətlər haqqında ətraflı bilgilərə sahib ola bilirik.
Bundan başqa görkəmli alim Fəttah Xalıqzadənin (1953) “Kitabi-Dədə Qorqud”un musiqi sözlüyündən də sitatlar gətirmək yerinə düşər. Nümunə üçün digər alimlərin – Səadət Abdullayeva (1940–2017), Teymur Bünyadov (1928–2022) , Məcnun Kərimi (1945–2013) və başqalarının da adını çəkmək olar.
Abbasqulu Nəcəfzadə alətin yaranma tarixi haqqında həmin kitabda qeyd etmişdir. O, “Kitabi-Dədə Qorqud” dastanında qolça qopuzun adının daha çox hallandığını yazır. Eyni zamanda bu haqda məlumat verən digər tədqiqatçılardan professor Səadət Abdullayevanın “Azərbaycan musiqisi və təsviri sənət” əsərində qeyd olunmuşdur. “Rəvayətə görə, qopuzu yaradan elə Dədə Qorqudun özü olmuşdur”. Əlbəttə aləti Dədə Qorqudun özünün yaratmasına dair heç bir şübhə ola bilməz. Ozanlar ozanı Dədə Qorqud ad verən, boy boylayan, soy soylayan ağsaqqal kimi heç şübhəsiz alət də icad etmək qabiliyyətinə malik olmuşdur. Qopuzun adının dastanda bəzi hallarda “alça qopuz”, “quruluça qopuz” kimi çəkilməsi haqqında bir sıra fikirlər vardır. Belə ki, Abbasqulu Nəcəfzadənin bu haqda olan yazısından təkrar sitat gətirək: “Quruluça qopuz” – köklənmiş, ifaya hazır mənasını ifadə edir, “alça qopuz” deyimində sözün kökü “al” (qırmızı, şənlik) olan “alça” – şənlik mənasını bildirir”. Professor qopuzun müxtəlif ifadələrlə işlənməsi barədə geniş məlumat verərkən, eyni zamanda səslənmə tərzinə görə alətləri təsnifatlandırarkən, alətə “qolça” sözünün əlavə edilməsi ilə onun hordofonlu, yəni telli qrupa və onun digər idiofonlu, aerafonlu, membrafonlu növlərinin olduğunu təsdiq edir. Əlbəttə ki, qopuz haqqında məlumatlar bununla kifayətlənmir. Bu siyahını istənilən qədər uzatmaq olar. Bununla da aşıq sənətinin Beyləqanda izlərindən danışdığımız zaman müəyyən bilgilərə sahib ola bilirik.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
Güneyli soydaşımız Məhəmməd Çalğının “VƏTƏN”i
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
VƏTƏN
Nədir, tat oğluyla qol-qola gəzirdin bu küçələrdə?
Nədir, ərəb atından düşmürdün?
Nədir, Azərbaycan çəkmələriylə rəqs edirdin Parisdə?
Nədir, Xaraşoc deyirdin Vladimirə?
Aynada üzünə baxırsanmı heç?
Heç sifətindəki stressdən xəbərin varmı?
Gördünmü?
Hay gərək kişinin evindən çıxa.
Gördünmü?
Özgələrdən yar olmaz.
Gördünmü?
Oynaşa ümid olan ərsiz qalar vətən.
Gördünmü?
Səs tellərinin arxasında,
Alt paltarlarını dəyişirdi Amerika
Hamı görürdü.
Kirpiklərinin arxasında çimirdi İngilis
Hamı bilirdi.
Sinəndəki limonlara duz səpirdi Fransa
Hamı duyurdu.
Sən duymadın!
Sən bilmədin!
Sən görmədin vətən!
Hamı görürdü.
Nə çox arzularımın üstünə asfalt salındı şəhərlərində,
Nə çox başıma qapaz çalındı küçələrində.
Nə çox göz yaşlarımı köynəyimin qollarında itirdim
Və nə çox düşüncələrimi məscidlərində.
Nə çox oğlanların satdılar məni,
Nə çox qızların aldatdılar məni
Və nə çox fahişələrin...
Fahişələrinə gözlərim qurban
Fahişələrinin boynumda analıq haqları vardır vətən...
Nədir, sinəndəki günbəzlərdən ucaldırdın naməhrəm səsin?
Nədir, reklam edirdin yanaqlarında özgələrin öpməsin?
Nədir, səni sevirəm məktubu yazırdın Ağsaraya?
Yaponiya dizincədir,
Atom bombasının üstünə bıçaq çəkirdi.
Nədir, gözlərindəki mavi lenzi borc alırdın Volqa çayından?
Nədir, “Sənsiz ölərəm” məktubu yazırdın Kremlinə?
Norveç yarıncandır
Xoşbəxtlikdən vicdan əzabına düçar olubdur
Nədir, günəşin qorxusundan gizlənibsən zirzəmində?
Pəncərəni aç!
“Həllə” deyirlər vətən,
“Hüllə” deyirlər vətən...
O quyudan dışarı çıx
Gör nə deyirlər vətən?
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)