Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Vətən müharibəsindən sonra öz azadlığına və əsl sahiblərinə qovuşan tarixi abidələrdən biri də Ağdam şəhərində yerləşən "İmarət" memorial kompleksidir. Ermənilər tərəfindən dağıdılan və təhqir edilən bu abidəmiz artıq restavrasiya olunur, demək olar ki, tamamlanma işləri gedir.
Ağdamdakı “İmarət” qəbiristanlığı tarixi və dini baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir məkandır. Bu müqəddəs məkan zamanla öz funksiyasını dəyişərək həm dini, həm də mədəni bir mərkəz halına gəlmişdir. Əvvəllər pir və ocaq kimi tanınan “İmarət”, sonralar Qarabağ xanlarının dəfn olunduğu bir məzarlıq kompleksinə çevrilib. Son günlərdə “İmarət” qəbiristanlığında aparılan təmir-bərpa işləri ilə bağlı müxtəlif informasiyalar ictimaiyyətə təqdim olunsa da, bu məkanın tarixi və dini baxımdan əhəmiyyəti barədə cəmiyyətə hələ də kifayət qədər məlumat verilməyib.
Ağdamdakı “İmarət” tarixi və dini baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən bir məkandır. Bu müqəddəs məkan zamanla öz funksiyasını dəyişərək həm dini, həm də mədəni bir mərkəz halına gəlmişdir. Bu məqalədə "İmarət"in tarixi inkişaf yolu, dini və sosial funksiyaları, eləcə də Qarabağ xanlarının buradakı dəfn ənənələri araşdırılacaqdır.
Ağdamın “İmarət”i, Qarabağ xanlarının dəfn yeri olmaqdan əvvəl, bölgədə müqəddəs bir pir və ocaq kimi tanınmışdır. Bu məkan, Qarabağ xanlarından əvvəl xalq arasında böyük nüfuza malik olan nəcib bir seyidin dəfn edildiyi bir ziyarətgah olmuşdur. Beləliklə, “İmarət” əhalinin inanc yeri və mənəvi ehtiyaclarını qarşılamaq üçün vacib bir məkan kimi formalaşmışdır. Şərqdə pirlər və ziyarətgahlar təkcə dini mərkəz deyildi; onlar eyni zamanda sosial və cəmiyyət həyatında mühüm funksiyalar yerinə yetirirdi. Ehtiyac içində olan, kimsəsiz insanlar bu məkanlara sığınar, yolda qalan müsafirlər burada əmin-amanlıq tapardı. Ziyarətgaha sığınan insana toxunmaq isə, hətta quldurlar üçün belə, yolverilməz idi. Bu ziyarətgahlarda ehtiyacı olanlar pulsuz qida və dərmanla təmin olunurdu, həmçinin psixoloji və mənəvi dəstək verilirdi.
“İmarət” sözü bizim dildə "böyük mülk" və ya "təmtəraqlı ev" mənasında işlənə bilər, lakin burada bu termin çox fərqli bir mənaya sahibdir. “İmarət” tələbələrə təqaüd verən, ehtiyac sahiblərinə və xəstələrə yardım göstərən, kasıblara ehsan paylayan bir məkan kimi tanınmışdır. Qarabağ xanlarının burada dəfn edilməsi də bu məkanın müqəddəsliyini və əhəmiyyətini bir daha vurğulayır. Pənah Əli xan öz sağlığında “İmarət”də uyuyan Allah övliyasının yanında dəfn olunmağı bir şərəf bilmiş və vəsiyyət etmişdir. Bu səbəbdən, Şirazda(1763) öldürülməsinə baxmayaraq, öz vəsiyyətinə əsasən, onun cənazəsi uzaq məsafədən gətirilərək bu müqəddəs məkanda dəfn edilmişdir. Zamanla digər Qarabağ xanlarının da burada dəfn olunması ilə “İmarət” bugünkü məzarlıq kompleksinə çevrilmişdir.
Bundan əlavə, bəzi tarixi mənbələr və iddialara əsasən, Ağdam şəhəri məhz “İmarət” ziyarətgahı ətrafında təşəkkül taparaq böyümüşdür. Yəni, əslində, Ağdam bir pir-şəhərdir və dinin insanların həyatında çox böyük təsirə malik olduğu dövrlərdə bu cür məkanlar cəmiyyətin inkişafında mühüm rol oynamışdır.
İmarət”in tarixi, dini və sosial əhəmiyyəti onu yalnız bir qəbiristanlıq kompleksi deyil, həm də inanc, mədəniyyət və sosial yardımlaşma mərkəzi kimi tanıdır. Bu müqəddəs məkanın tarixi haqqında daha çox məlumatın cəmiyyətə çatdırılması, “İmarət”in yalnız bir bərpa obyektindən çox, xalqın keçmişini, inancını və dəyərlərini əks etdirən bir irs olduğunu vurğulayır. Allah “İmarət” əhlinə rəhmət eləsin.. Gələcək nəsillərin bu müqəddəs məkanı qoruyub saxlaması və onun əhəmiyyətini anlaması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)