Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 1-ci olmuş Fidan Barçının “Məşhurluq qayğıları” hekayəsini təqdim edəcək.
Fidan BARÇIN (HÜSEYNOVA)
MƏŞHURLUQ QAYĞILARI
Bütün əzəmət və ehtişamı ilə soyuq dekabr gecələrinə meydan oxuyan günəşin isti nəfəsinin hərarəti altında yorğun şəhər şirin yuxuya dalmışdı, gərgin iş həftəsinin ağırlığını üzərindən atmağa çalışırdı. Saatın əqrəbləri səhər saat 9-un üzərində dayanmışdı, elə bil onun da ürəyi ağrıyırdı insanlara, bu gün səssiz-səssiz, ağır-ağır hərəkət edirdi. Əslində, ilin bütün həftəsonlarında, bəzi fərqləri çıxmaqla, şəhər camaatı beləcə dincini alırdı. Amma bu şənbə adi günlərdən fərqlənəcək və bir gəncin xatirə təqvimini yamyaşıl rəngə boyayacaqdı...
Liftin varlığını belə unudub yeddi mərtəbəni yüyürə-yüyürə, həyəcanla qalxan Turan qapılarına çatanda tanınmaz hala düşmüşdü. Evdən çıxanda açarı özü ilə götürsə də, ondan istifadə eləmək istəmədi. Zəngi basmaq üçün əlini qaldırmağa taqəti qalmadığını hiss edib var gücü ilə qapını döyəcləməyə başladı. Sevincli və buruq saçları dağılmış halda qaçıb mənzilə girdi, bütün otaqları dolaşdı. Şənbə səhəri olduğu üçün evdə hamı yatmışdı, bircə səsdən dik atılıb qapıya qaçan balaca qardaşı Hüseyndən başqa. Hüseynin həftəiçi də, həftəsonu da yuxusu olmazdı.
Ata-anası qorxu və təşvişlə soruşdu:
– Bu nə həngamədir, ay qız? Bu saatda belə görkəmdə haradan gəlirsən?
Gündəlik həyatda alçaq səsli danışığı ilə insanları bezara gətirən qız bütün səsini indiyə saxlayıbmış kimi çığıra-çığıra danışırdı:
– Soruşmayın, ana! Özüm də hələ inana bilmirəm. Bayaqdan azı əlli dəfə baxmışam, amma... bu gün möcüzə baş verib...
Qızın artıq danışmağa taqəti qalmamışdı. Baş verənlərdən heç nə anlamayan, yarıyuxulu və artıq səbirsizləşən ailə üzvləri qızın özünü yerə vurub ağlaması ilə daha da qorxmağa başladı. Ağıllarına hər şey gəlirdi. Nəhayət, sükutu ata pozdu. Əsəblə:
– Turan, nə baş verib?! – dedi.
Ağlamaqdan çöhrəsi ölü rəngində olan qız bu heybətli səslə xəyal dünyasından yenidən yaşadıqları mənzilə qayıtdı.
– Səhər imtahanlara hazırlaşmaq üçün yuxudan tez qalxdım. Nənəgili və sizi oyatmıyım deyə, çay süzüb mətbəxdə sakitcə oturmuşdum. Birdən telefonuma müəllimimdən təbrik məktubu gəldi. O deyirdi ki, ölkənin ən nüfuzlu, ən məşhur qəzetində mənim “Cəlil Məmmədquluzadə və Meterlink” başlıqlı araşdırmam dərc olunub. Mesajı dəfələrlə oxudum. Çünki yazını qəzetin elektron ünvanına göndərməyimin üstündən nə qədər zaman keçib. Mən belə bu talesiz yazını unutmuşdum... Amma... Mən, ata... Sizin qızınız məşhur oldu. Heç bilirsiniz ölkə əhalisi cəmisi həftədə bir dəfə çıxan bu qəzeti necə intizarla gözləyir? Turan Aytürk adı indi respublikanın prokurorunun da, ziyalısının da, mədəniyyət xadimlərinin də, kimi deyim, ata, tanıdığımız-tanımadığımız minlərlə insanın dilində səslənir...
Səs-küyə Turanın nənə və babası da ayılıb gəldilər. Turanın əlində eyni qəzetdən bir neçə nüsxə var idi. Sən demə, bu halətdə olmasına səbəb də bu imiş. Evlərinin yanındakı köşkdə cəmi 3 qəzet olduğu üçün ətrafı gəzib son qəpiklərini qəzetə vermişdi. Tez qəzetlərdən birini babasının əlinə sıxdı. Çünki ən çox onun nəvəsi ilə fəxr eləməsini istəyirdi.
Ailə üzvləri də sevinmişdilər bu xəbərə. Amma nədənsə bunu Turanı özündən çıxaracaq qədər sevincli, möhtəşəm xəbər kimi qarşılaya bilmədilər. Qızın həvəsini qırmamağa, onun kimi gülümsəməyə çalışırdılar. Saxta gülüşlə həqiqi gülüşü ayırd edəcək yaşına çoxdan dolan qız onlar pis olmasın deyə, “oyun”u qaydasınca oynamağa davam elədi. Həm də bu gün heç kəsin və heç nəyin əhvalını korlamasına yol verə bilməzdi.
– Nənə, inanırsanmı, bu gün məhəllədə hamı səndən nəvəni xəbər alacaq. Gərək telefonu da sönməyə qoymayaq. Baxma, hamı mən fikirdə ola bilməz axı. Biri, bəlkə, bu müqayisəni düzgün hesab etməyəcək, hələ tənqid də edəcək. yox, hər şeyə hazır olmaq lazımdır...
– Afərin, qızım! Qələmin qüvvətli olsun!
Beləcə, istirahət günü tezdən qalxmağa məcbur edilmiş ailə öz işinə davam elədi...
Dediyim kimi, Turan bundan qətiyyən pis olmadı, çünki bilirdi ki, evlərinə heç vaxt qəzet gəlmir, bu evdə oxunmur. Və nəticə olaraq da qəzetdə yazısı çıxmağın əhəmiyyəti onlar üçün yaddır. Amma yəqin ki, indi oxuduğu orta məktəbin müəllimlərinin hamısı, tələbə yoldaşları, müxtəlif vəzifələrdə çalışan qonşuları, hər zaman hər şeydən başı çıxan qohumları diqqətlə oxuyub fəxr edəcəklər onunla. Hələ zəng vurmayıblarsa, deməli, son səhifəyə – 32-yə çatmayıblar. Axı qəzetin bu buraxılışında kifayət qədər maraqlı yazılar var. Amma əmin idi ki, sıra ona da gələcək...
Bəlkə də, hələ dostları bu münasibətlə sürpriz qonaqlıq da təşkil edəcəklər, hər halda, gərək o özünü bilməzliyə vursun. Məşhur olmaq, doğrudan da, çox çətin imiş. Görəsən, ömrünün bütün illərini yaradıcılığa həsr edən, ömür yaşlarına sığmayacaq sayda əsərlər yazan yazıçılar insanların bu qədər diqqət və qayğısı içində sıxılmırlar ki? Nə isə, bunlar hələ sonranın işləridir.
Bu fikirlərin ahəngində bütün günü evdə qəzet əlində çırtma çalıb oynadı. Ancaq axşama qədər telefonuna zəng gəlmədi. Evdə axşam üçün qeyri-adi heç nə hazırlanmadı. Qardaşının çağırışı ilə yemək üçün mətbəxə gələn Turan bir də gördü ki, nənəsi səhər alınmış tər göyərtiləri islaqdan çıxarıb, səliqə ilə onun qəzetlərinə büküb soyuducuya yerləşdirir...
“Ədəbiyyat və incəsənət”
(02.09.2023)