Aşıq sənətinin Beyləqanda izləri Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Qədim Beyləqan torpağı həm də Dədə Qorqud yurdudur. “Kitabi-Dədə Qorqud” dastanında deyilir: “Rəsul əleyhissalam zəmanına yaqın Bayat boyundan, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın ol kişi təmam bilicisiydi, – nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi...”

 

Bu həmin bayatlardır ki, bu tayfanın adı Beyləqanla əlaqəlidir. Beyləqana hətta Boyat-Beyləqan da deyərmişlər. Oğuzlar türkdilli olub, Beyləqanda yaşamışlar. Oğuzların paytaxtı da Beyləqan olmuşdur. Bu sözlərin təsdiqini eyni zamanda Səmədxan Beyləqanlının “Elim Dədə Qorqud Yurdu” şeirində də görə bilərik. Həmin misraları sizə təqdim edirik. 

 

Elim-Dədəm Qorqud yurdu,

Ozanların məclis yurdu.

Oğuz elim oymaq-oymaq,

Ərənlərim ordu-ordu.

Beyləqandır oğuz elim,

Mahal-mahal, iqlim-iqlim,

Tufanlardan keçib gəldi,

Əslim, soyum, şirin dilim..

 

Filologiya elmləri doktoru Şamil Cəmşidə (1920–2008) görə “Beyləqan” sözü  fars sözü olub Bilə-qan-Bilə-kan – Miller deməkdir. Mil ox deməkdir. Bilə bil-mil-oq-ox oq-uz-oğuz, uz-lar, qan-kan-lar, yəni cəm şəkilçisidir. Oğuz-Biləkan. Qarabağdakı Boyat kəndi də Beyləqandan yadigar qalıb.

Daha bir şeir nümunəsinə nəzər salsaq burada da Beyləqanın soyu, əsli oğuz tayfasından olduğu göstərilib.

 

Beyləqan kökümüz, şömərimizdir,

Beyləqan-Soyumuz əslimiz olub.

Oğuz tayfasından qalan bir izdir,

Burda şöhrət tapan nəslimiz olub.

 

Səmədxan Beyləqanlının “Beyləqanım oğuz yurdum” kitabında daha bir şeirdə də oğuz elindən, Dədəmiz Qorquddan, Oğuznamə abidəmizdən, qopuzdan bəhs olunur.

Aşıq-ozan sənətinin Beyləqanda var olmasına dair Asif Cəfərlinin “Beyləqan salnaməsi” kitabında bir neçə məqamlara rast gəldik. Əvvəla onu deyək ki, bu kitabda iki aşıq, ozanın adı çəkilir. Bunlar Ozan Murad və Aşıq Əsədin adlarıdır. Həmin məqamları diqqətinizə çatdırmaq istərdim: “Ölüm mərasimində Beyləqanlı Ozan Murad bir “Qaraca oğlan” havasını çalsın. – Murad, qarabala, möhkəm ol. Qopuzu götür çal. Bu hava bizim xalqımızın, elimizin  faciəsidir. Elə çal ki, cəllad məni şaqqalayanda, ətrafdakılar duymasın. Çal qarabala, çal! – Murad bu sözlərdən ayılıb qopuzu yerdən götürərək böyük bir xalq naləsini çalmağa başlayır. Murad yanıqlı-yanıqlı çalır. O başa, bu başa yeriyərək oxuyurdu:”

 

Palıddan söz açıram,

Bulaqdan göz açıram,

Əyilməz, sınmaz olan,

İgiddən söz açıram.

Babamız Qazan hanı?

Halayı pozan hanı?

 

Yuxarıda göstərilən ifalar Müsafirin edam səhnəsindəndir. 

Burada eyni zamanda Türk dünyasının ən qədim çalğı alətlərindən biri olan qopuzun adı çəkilir. Qopuz oğuzların müqəddəs aləti hesab olunmuşdur. Eyni zamanda qopuzun adına and içilmiş, əlində qopuz olan düşmənə toxunulmazmış. Bununla bağlı faktlara “Kitabi-Dədə Qorqud” dastanının “Uzun Qoca oğlı Səgrək boyını bəyan edər” adlı boyda rfast gəlin. Həmin məqamları diqqətinizə çatdırırıq. “Əgrək yatmış Səgrəyi tutmaq istərkən belindəki qopuzu götürüb çalaraq oxuyur. Səsə ayılan Səgrək deyir: Qılıncının belçağına yapışdı kim, əlində qopuz var. Aydır: “Mərə kafər, Dədəm qorqud qopuzı hörmətinə çalmadım,- dedi,- əgər əlündə qopuz olmasaydı, ağam başiçün, səni iki parə qılırdım,”- dedi. Çəkdi qopuzı əlindən aldı”.    

Onu da qeyd edək ki, alət haqqında bəzi tədqiqatçılar kifayət qədər müxtəlif aspektlərdən araşdırmışlar. Bununla bağlı biz nümunələr də çəkə bilərik. Misal üçün professor Abbasqulu Nəcəfzadənin sənət abidəmiz sayılan “Kitabi-Dədə Qorqud” dastanında çalğı alətləri haqqında geniş məlumatlar yazmış, böyük tədqiqat işi görərək, mədəniyyət tariximizə gözəl töhvə vermişdir. Burada dastanda adıçəkilən bütün alətlər haqqında ətraflı bilgilərə sahib ola bilirik. 

Bundan başqa görkəmli alim Fəttah Xalıqzadənin (1953) “Kitabi-Dədə Qorqud”un musiqi sözlüyündən də sitatlar gətirmək yerinə düşər. Nümunə üçün digər alimlərin – Səadət Abdullayeva (1940–2017), Teymur Bünyadov (1928–2022) , Məcnun Kərimi (1945–2013)  və başqalarının da adını çəkmək olar. 

Abbasqulu Nəcəfzadə alətin yaranma tarixi haqqında həmin kitabda qeyd etmişdir. O, “Kitabi-Dədə Qorqud” dastanında qolça qopuzun adının daha çox hallandığını yazır. Eyni zamanda bu haqda məlumat verən digər tədqiqatçılardan professor Səadət Abdullayevanın “Azərbaycan musiqisi və təsviri sənət” əsərində qeyd olunmuşdur. “Rəvayətə görə, qopuzu yaradan elə Dədə Qorqudun özü olmuşdur”. Əlbəttə aləti Dədə Qorqudun özünün yaratmasına dair heç bir şübhə ola bilməz. Ozanlar ozanı Dədə Qorqud ad verən, boy boylayan, soy soylayan ağsaqqal kimi heç şübhəsiz alət də icad etmək qabiliyyətinə malik olmuşdur. Qopuzun adının dastanda bəzi hallarda “alça qopuz”, “quruluça qopuz” kimi çəkilməsi haqqında bir sıra fikirlər vardır. Belə ki, Abbasqulu Nəcəfzadənin bu haqda olan yazısından təkrar sitat gətirək: “Quruluça qopuz” – köklənmiş, ifaya hazır mənasını ifadə edir, “alça qopuz” deyimində sözün kökü “al” (qırmızı, şənlik) olan “alça” – şənlik mənasını bildirir”. Professor qopuzun müxtəlif ifadələrlə işlənməsi barədə geniş məlumat verərkən, eyni zamanda səslənmə tərzinə görə alətləri təsnifatlandırarkən, alətə “qolça” sözünün əlavə edilməsi ilə onun hordofonlu, yəni telli qrupa və onun digər idiofonlu, aerafonlu, membrafonlu növlərinin olduğunu təsdiq edir. Əlbəttə ki, qopuz haqqında məlumatlar bununla kifayətlənmir. Bu siyahını istənilən qədər uzatmaq olar. Bununla da aşıq sənətinin Beyləqanda izlərindən danışdığımız zaman müəyyən bilgilərə sahib ola bilirik.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.