Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Rey Kərimoğlunun sənədli hekayəsini təqdim edir.

 

 

 

Kəndə hay düşdü ki, Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb...

 

Aylı bir yay gecəsi idi. Hər gecə olduğu kimi, ətrafı yoxlamaq məqsədilə erməni kəndi ilə bizim kəndimiz arasındakı Xatınarxı çayının ətrafında gəzişirdim. Ay işığı hər tərəfi süd kimi işıqlandırır və mən hər qarışını əzbər bildiyim yerləri nə vaxtdır adət etdiyim bir diqqətlə izləyirdim.

 

Sırayla düzülmüş böyürtkən kollarını keçib pişpişəliyə çatanda qulağıma lap yaxından səslər gəlməyə başladı. Bu, nə yaxınlıqdakı çayın şırıltısı, nə cırcırama səsi, nə çaqqal ulaması, nə it hürməsi deyildi. Daha çox iniltiyə bənzəyirdi.

 

Əvvəlcə mənə elə gəldi ki, hansısa yaralı heyvanın iniltisidir. Dəqiqləşdirmək üçün səs salmamağa çalışaraq, barmaqlarımın ucunda ehtiyatla irəliləyib, pişpişəliyə uzandım və bütün diqqətimi toplayıb, səsi dinləməyə başladım.

 

Ani sükutdan sonra səs yenidən gələndə eşitdiyimin insan səsi olduğunu dəqiqləşdirib, bir az da səfərbər oldum. Ermənilər ola bilərdi. Hər ehtimala qarşı kəmərimə keçirdiyim əldədüzəltmə tapançamı çıxarıb, hazır vəziyyətdə Xatınarxına sarı bir az da irəlilədim. Çaya lap yaxınlaşıb, budaqları suya sallanmış qovaq ağacına söykəndim və səsə daha diqqətlə qulaq kəsildim.

 

 

 

Bu, kiminsə eşidəcəyindən çəkinərək için-için ağlayan kişinin hıçqırtısı idi. Səs bir az yuxarıdan, Xatınarxı çayının böyük olmayan dərəsi boyunca sanki suya qarışıb, axıb gəlirdi.

 

On dörd gecəlik ayın yerə yolladığı süd rəngli işıq danışanları uzaqdan bir cüt kölgə kimi “ələ verirdi”. Yavaş-yavaş bu bir cüt kölgəyə yaxınlaşdıqca kişi hıçqırtısının arada nəysə pıçıldadığını da eşidirdim. Azərbaycanca danışırdılar. Amma tam aydın olmurdu ki, kişi nə deyir. Hıçqırtı ilə pıçıltı bir-birinə qarışmışdı.

 

“Kişi necə ağlayarmış, ilahi!”- fikirləşirdim.

 

Bir az da irəliləyib, o bir cüt kölgənin yaxınlığında üzüqoylu uzanıb, onları dinləyirdim:

 

- Jasmen, Jasmen! Mən haranın daşın salım başıma, Jasmen?! Mən neyləyim, Jasmen?! Bu nə iş idi gəldi bizim başımıza? İndi neyləyək? - kişi balaca uşaq sayağı hıçqıra-hıçqıra pıçıldayırdı.

 

Jasmen isə qarışıq ləhcəylə ona cavab verməyə çalışırdı:

 

- Bilmiram, məsəb haqqı, bilmirəm! Danış görum, Anar necadır?

 

- Yaxşıdır, Anar da yaxşıdır o biriləri də. Təkcə Güllü sənin kürlüyünü edir. Səni istəyir! “Ana” deyib, dünyanı dağıdır, Jasmen! Onu heç kəs ovuda bilmir...

 

Mən bu səsin sahibini beynimi çox da zorlamadan asanlıqla tanıdım. Kəndçimiz Telli Mədət idi.

 

***

 

Kəndimizdə bir neçə Mədət var idi. Keçəl Mədət, Usta Mədət və Telli Mədət. Təhsilsiz, fağır və sakit adam idi Telli Mədət. Ata-babadan fəhlə olmuşdular. Həm də kəndin xeyir işlərində at belində camaatı toya-düyünə dəvət edirdi. Özünün atı olmazdı, toy sahibinin, ya da toy sahibinin qohum-əqrəbasının atını bir günlük ona verərdilər. Onda Mədət özünü at belində lap dağın başındaymış kimi hiss edərdi.

 

Bəzən hətta atdan düşəndən iki-üç gün sonra da özünü mühüm adam hesab edərdi.

 

Mədətin taleyinə acıyırdım...

 

Hələ əmin-amanlıq idi, aralığa qan düşməmişdi. Bir gün kəndə hay düşdü ki, Telli Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb. Erməni qızını qaçırdığına görə Mədəti danlayanlara o, tutuquşu kimi əzbərlədiyi bir sözü deyirdi:

 

- Sevən gözlər kor olar!

 

O vaxt yüz faiz əmin idim ki, Mədət bu sözün mahiyyətini əsla bilmir. Beləcə, Mədət sözünün üstündə durub, toy da elədi.

 

Mədətlə Jasmenin beş uşağı oldu – Güllü, Cəmilə, Ellada,  Sabir, Anar.

 

Sonuncu uşaq olanda artıq dava başlamışdı. Ermənistandan, Xankəndidən, Ağdərədən, Xocavənddən azərbaycanlıları qovurdular. Bakıda, Sumqayıtda, Şamaxıda, Gəncədə, Ağdamda yaşayan ermənilər də belə bir vəziyyətdə birgə yaşamağın mümkün olmadığını anlayıb, gedirdilər. Növbə bizim kəndə də gəlib çatmışdı. Jasmen, məncə, daha çox utandığından çölə-bayıra çıxmırdı. Ona görə utandığından ki, Qarabağ məsələsini ermənilər - onun mənsub olduğu millətin nümayəndələri başlamışdı. Amma Mədətin uşaqları küçəyə çıxır, məktəbə gedib-gəlirdi. Bir-iki yeniyetmə uşaqdan savayı heç kəs onlara “gözün üstə qaşın var” demirdi

 

Nəhayət, belə yaşamağın mümkün olmadığını anlayan Jasmen bir gecə kəndimizi tərk elədi. Mədət gecənin bir vaxtı onu sakitcə aparıb Xatın arxından keçirib, öz kəndinə yola salmışdı. O vaxtdan Jasmen öz doğulduğu kənddə yaşamağa başladı. İmkan tapan kimi gecələr Xatınarxı çayının qırağında Mədətlə görüşüb, dərdləri ilə baş-başa qalırmışlar...

 

- Madat, qadan alım, burnumun ucu goynayır Güllüdan otru! Nolar, bir dafa gatir onu gorum!

 

- Gətirərəm, Jasmen, gətirərəm!

 

- Sabira da de, kandda heç kasla spor-zad elamasın! Pis vaxtdır ha. Oldumu, Madat?!

 

- Eləmir, çox sakit uşaqdır.

 

- Madat, Allah bu davanı başlayan ermənilərə lanat eləsin elə!

 

- Eləsin, Jasmen, eləsin!

 

- Gul kimi yaşayırdıq. Mexriban qonşularımız var idi. Bizi çox istayırdı onlar. Heç bilmiram, bu dava qurtarandan sonra onların uzuna neca baxacam?! Madat, ermənilər məni çox incidir, təhqir edirlər, alçaldırlar. Dali olmasam yaxşıdı, məsəb haqqı. Kaş bu muharba başlamayadı...

 

- Hə də, Jasmen. Gül kimi yaşayırdıq, dolanırdıq, xoşbəxt idik. Sənə güldən artıq bir söz deyən olurdu?

 

- Yox, mashab haqqı, demirdilar!

 

***

 

1993-cü ilin yayında ermənilər kəndimizi işğal edib, yandırdılar. Deyirlər, həmin gündən bir erməni qadın Mədət, Güllü, Cəmilə, Ellada, Sabir, Anar – haraylayıb, kəndimizi dolaşırmış. Kənd köçəndən bir neçə gün sonra havalanan qadın hələ də kəndin xarabalığında balalarını axtarırmış...

 

Mədət, Güllü, Cəmilə, Ellada və digər iki qardaşları isə işğal altında qalan öz doğma kəndlərindən uzaqda - çadır şəhərciyində yaşayırdılar.

 

Sonradan Anar könüllü olaraq orduya yazılıb, ermənilərə qarşı döyüşdü.

 

Telli Mədət çadır şəhərciyində bir il yaşayandan sonra dünyasını dəyişdi.

 

***

 

Xankəndidən olan, vaxtilə azərbaycanlılarla münasibəti olmuş bir erməni illər sonra Rusiyada bizimkilərə bir əhvalat danışıb. Deyib ki, 1993-cü ilin payızında Xankəndidə küçədə üst-başı kirli, nimdaş paltarda dəli bir qadın görüb. Şəhərin mərkəzi küçələrində bir torba torpağı qarşısına qoyub, yanından keçənlərə səslənirmiş:

 

- Qarabağ torpağıdı. Satmıram, pulsuz verirəm! Alın, yeyin! Niyə yemirsiniz?! Torpaq istəmirdiniz? Alın də! Alın, doyunca yeyin! Amma balalarımı qaytarın mənə!

 

Sonra da qol götürüb oynayırmış...

 

Hər gün axşam da torpaq kisəsinin ağzını səliqə ilə bağlayıb, qoltuğuna vurub, ağlaya-ağlaya qaranlığa qarışırmış. Gecənin qaranlığında onun taqətsiz, bir az da havalı səsi küçələri dolaşırmış:

 

- Mədət! Güllü! Cəmilə! Ellada! Sabir! Anar!..

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(02.09.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.