Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
VƏTƏN
Nədir, tat oğluyla qol-qola gəzirdin bu küçələrdə?
Nədir, ərəb atından düşmürdün?
Nədir, Azərbaycan çəkmələriylə rəqs edirdin Parisdə?
Nədir, Xaraşoc deyirdin Vladimirə?
Aynada üzünə baxırsanmı heç?
Heç sifətindəki stressdən xəbərin varmı?
Gördünmü?
Hay gərək kişinin evindən çıxa.
Gördünmü?
Özgələrdən yar olmaz.
Gördünmü?
Oynaşa ümid olan ərsiz qalar vətən.
Gördünmü?
Səs tellərinin arxasında,
Alt paltarlarını dəyişirdi Amerika
Hamı görürdü.
Kirpiklərinin arxasında çimirdi İngilis
Hamı bilirdi.
Sinəndəki limonlara duz səpirdi Fransa
Hamı duyurdu.
Sən duymadın!
Sən bilmədin!
Sən görmədin vətən!
Hamı görürdü.
Nə çox arzularımın üstünə asfalt salındı şəhərlərində,
Nə çox başıma qapaz çalındı küçələrində.
Nə çox göz yaşlarımı köynəyimin qollarında itirdim
Və nə çox düşüncələrimi məscidlərində.
Nə çox oğlanların satdılar məni,
Nə çox qızların aldatdılar məni
Və nə çox fahişələrin...
Fahişələrinə gözlərim qurban
Fahişələrinin boynumda analıq haqları vardır vətən...
Nədir, sinəndəki günbəzlərdən ucaldırdın naməhrəm səsin?
Nədir, reklam edirdin yanaqlarında özgələrin öpməsin?
Nədir, səni sevirəm məktubu yazırdın Ağsaraya?
Yaponiya dizincədir,
Atom bombasının üstünə bıçaq çəkirdi.
Nədir, gözlərindəki mavi lenzi borc alırdın Volqa çayından?
Nədir, “Sənsiz ölərəm” məktubu yazırdın Kremlinə?
Norveç yarıncandır
Xoşbəxtlikdən vicdan əzabına düçar olubdur
Nədir, günəşin qorxusundan gizlənibsən zirzəmində?
Pəncərəni aç!
“Həllə” deyirlər vətən,
“Hüllə” deyirlər vətən...
O quyudan dışarı çıx
Gör nə deyirlər vətən?
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)