Super User
“Bu gün həsrət yağır yağış yerinə...” – TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir günüdür, sizlərə Təranə Dəmirin şeirləri təqdim ediləcək.
***
Bəzi sevgilər nöqtəylə başlayır,
əlindən tutub gedirsən
cümlənin sonunacan.
Bəzi sevgilərəsə nöqtə
qoymaq olmur,
möhkəm-möhkəm yapışırsan
bir əyri vergülün yaxasından
ömrünün son ucunacan!
***
Bakı, saçlarını küləklər darayan,
Ayağını Xəzər yuyan şəhərim.
Qollarında min ilin yükünü daşıyan,
Ayaq üstə uyuyan şəhərim.
Bina-bina ucalan,
Küçə-küçə dolaşan,
Döngə-döngə burulan,
Adıyla qocalan şəhərim,
Soyuna yaraşan şəhərim.
Küləkli, yağışlı Bakım,
Şəhər naxışlı Bakım.
Tarix tarix yol gələn,
Məğrur baxışlı Bakım.
Gecəsini dənizdə salan,
Səhəri sahildə qarşılayan,
Üz gözündən yarpaq yarpaq
Sirr tökülən şəhərim,
Uzaqgörənim, ərənim.
Dil açsan nə qədər sözün var deyiləsi,
Neçə ağrın var adına qurban kəsiləsi,
Nağıl şəhərim,
Ahıl şəhərim,
Oğul şəhərim....
***
Bu güllə yüzdən keçdi,
Mindən keçdi bu güllə.
Keçdi həftədən, aydan,
Gündən keçdi bu güllə.
Saçımdakı siyahdan,
Dəndən keçdi bu güllə.
Kimin vüsalın dərdi?
Kimin həsrəti oldu?
Kimin yolundan keçdi?
Kimin zülməti oldu?
Kimin içindən keçdi?
Kimin çölündən keçdi?
Kimdən keçdi bu güllə?
Bircə göz qırpımıymış,
Bu ömür nəydi, Allah?
Gözlərin aydın olsun,
Bu güllə dəyə-dəyə
Səbrimə dəydi, Allah!
Səbrimdən dəydim, Allah!
***
Hardasa bayquş ulayır bir ümidin xarabalığında,
Kimsə daş atır gecəyə,
Bayquşun səsi çiliklənib tökülür dünyanın başına.
Tanrı gördümü?
Görəsən, kim düşdü bayquşun qarğışına?
***
Anam bu dünyadan köç edəndən sonra
başa düşdüm ki, məzarlıqda bir şəhər adam varmış, sən demə.
Gördüm ki, dayanıb səbirsizliklə
sahibini gözləyən qapıya bənzəyir
burda qəbirlər.
Ayaqları torpaqdan, baxışları yoldan asılan
Körpə qəbirlər, qoca qəbirlər,
Ana qəbirlər, ata qəbirlər…
Bəzilərinin ətrafında əl-ələ verib keşik çəkir
Daş hasarlar, dəmir çəpərlər.
Bəzilərinin yan-yörəsi boşdu hələ.
Hər yandan üzünə yorğun-yorğun
baxır ot basmış köhnə ləpirlər.
Təzələrinin üstü-başı yaşdı hələ.
"Burda ölülər adamı yanıq qoxusundan,
Bir də ölüm qorxusundan tanıyır".
Kimdənsə eşitmişəm,
Ya hardasa yazılıb...
Ölülər durub qaçar deyə,
Məzarlığın girişindən yekə qıfıl asılıb.
***
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə qurdlar, köpəklər,
Sənə batırmağa dişi olmaya.
Sakitcə dolana dünya başına,
Sən də ağac kimi durub baxasan.
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.
Başına yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən-dırnağa tərsiz, tumarsız,
Bu susuz adamdan, bu ac adamdan.
Günəş budağında çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın,
Bu dağlar, dərələr, təpələr sənin.
Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.
***
Gecə yenə qaşqabağını töküb durub,
Kim bilir, nə acığı var dünyaya.
Buludlar bir tərəfdə bardaş qurub oturub.
Göy üzü yenə qapqara çadrasını örtüb.
Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında.
Külək qudurub,
Durub ulayır gecənin başı üstündə ac yalquzaqtək.
Torpaq bir qat qabıqdan,
Ağaclar yarpaqdan çıxır.
Dəniz yaxasını açıb qaçır sahilə,
Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.
Bir şair tənhalığın acığını varaqdan çıxır.
Təzə şeirdən köhnə yaralar boylanır,
Hamısının üstü açıq.
"Bircə səhər açılsaydı" – deməyə də adamın dili gəlmir.
Qaranlığın dibindən bapbalaca işıq süzülür alayarımçıq...
Nağıl kimi...
***
Bu gün həsrət yağır yağış yerinə,
Ayrılıq tökülür göydən, İlahi.
Ayrılıq tökülür bu dar otaqdan,
Həyətdən, bacadan, öydən, İlahi.
Pəncərə-pəncərə darıxır yuvam,
Döşəmə-döşəmə, tavan-tavan lap.
Həsrətə açılır, bağlanır qapım,
Unutmaq da əzab, sevmək də əzab.
Bu şəhər, bu küçə, bu külək, bu qar,
Bu səki, bu dalan, ləpir darıxır.
Elə bil buludlar göz yaşlarını
Hicranın üstünə səpir, darıxır.
Gözümün içinə baxır ayrılıq,
Divar ayrılıqdı, daş ayrılıqdı.
Bahara ayrılıq sözü yaraşmır,
Təpədən-dırnağa qış ayrılıqdı.
Bu gün həsrət yağır yağış yerinə,
Ayrılıq tökülür göydən, İlahi.
Ayrılıq tökülür bu dar otaqdan,
Həyətdən, bacadan, öydən, İlahi.
SEVGİDİ
Sevirəm qayanı, sevirəm daşı,
Cığırı sevirəm, yolu sevirəm.
Sevirəm baharı, sevirəm qışı,
Çiçəyi sevirəm, kolu sevirəm.
Bağı ağac-ağac sığallayıram,
Sevirəm ağacı mən yarpaq-yarpaq.
Sevgiylə baxıram ota, çayıra,
Neyləyim əlimdən bu gəlir ancaq.
Ruhum məhəbbətdi, qanım məhəbbət.
Gerçəyim sevgidi, xəyalım sevgi.
Nəyimə gərəkdi bu şan, bu şöhrət,
Sevib-sevilməkdi elə mənimki.
Məni məhəbbətlə doğurub anam,
Xəmirim sevgidən, mayam sevgidən.
Mən eşq vurğunuyam, sevgi acıyam,
Çətin bu dünyada doyam sevgidən.
***
Bambaşqa vüsaldı bu,
Bambaşqa görüş.
Ayrılığı özündən qabaq gəlib, deyəsən,
Təpə-dırnaq həsrət qoxuyur üst-başımız,
Yarıoyaq, yarısərxoş
Dolanırıq gecənin başına dəlisayaq
Sən və Mən!
Bir az küskünük, bir az qorxaq.
Addımlayırıq səhərə sarı ağır-ağır,
Yox, yox, yerimirik,
Elə ayaqlarımızı sürüyürük arxamızca.
Qaranlıq gözümüzün içində yol gedir,
Fikirlərimiz gecəyə dağılır,
Üstünü ot basır.
Danışırsan,
Dodaqların havanı ölçür,
Səsini udur gecə,
Heç nə eşitmirəm,
Sözlər havada uçur.
Üzünü görmürəm,
Ürəyinin pıçıltısını eşidirəm, sadəcə.
Əllərim özümdən aralı yeriyir,
İtirirəm yolun ağını,
Gecə yavaş-yavaş, asta-asta əriyir.
...Birdən kimsə güllə atır üzü alatorana,
Diksinib oyanıram bu yarıvüsal, yarıhəsrət yuxudan,
Bilmirəm qaranlıqla işığın ortasında kimdi yuxumu qorxudan?
***
Min ildi vaxt aldadıram,
Min ildi təkəm içimdə.
Bir quyu da tapammıram,
Bu sirri tökəm içimdən.
Sürünürəm haqqa sarı,
Gedirəm, çata bilmirəm.
Dilim ağzımda göynəyir,
Sözümdən tuta bilmirəm.
Boğuluram tənhalıqda,
Mənim özümdən uzaqdı.
Dərdimi deyə bilmirəm,
Tanrı səsimdən uzaqdı.
Bircə Allah bilir ki, mən
Bu təklikdən nə çəkmişəm.
Bu ağrıyla, bu acıyla
Bilmirəm kimə çəkmişəm.
Daş da çəkməz mən çəkəni,
Nə çox imiş gücüm, Allah.
Özümdən çoxdan keçmişəm,
Qoyma səndən keçim, Allah.
Min ildi vaxt aldadıram,
Min ildi təkəm içimdə.
Bir quyu da tapammıram,
Bu sirri tökəm içimdən.
***
Dağın vüqarı zirvədi,
Zirvə qarın təşnəsidi.
Bahar çiçəyə sevdalı,
Payız xəzəl xəstəsidi.
Torpaq səmaya əl açır,
Dalğalar sahilə qaçır,
Arzular sözlə dil açır,
Söz Tanrının töhfəsidi.
Günəş səhərin yarıdı,
Ay gecənin hilalıdı,
Həsrət vüsalla yarıdı,
Eşq ürəyin naləsidi.
Yayınkı oddu, ocaqdı,
Qışınkı buzdu, sazaqdı,
Gənclik gedəri qonaqdı,
Dən saçların tənəsidi.
Dağın vüqarı zirvədi,
Zirvə qarın təşnəsidi.
Bahar çiçəyə sevdalı,
Payız xəzəl xəstəsidi.
BU GÜN...
Bu gün dilim susub, gözüm danışıb,
Bu gün göz günüdü, baxış günüdü.
Bu gün dən atmışam göyərçinlərə,
Bu gün sülh günüdü, barış günüdü.
Bu gün unutmuşam umu-küsünü,
Bu gün arınmışam günahlarımdan.
Bu gün üz tutmuşam sözümə sarı,
Bu gün asılmışam barmaqlarımdan.
Bu gün döyməmişəm tənhalığıma,
Bu gün qaçmamışam təkliyə nəsə.
Bu gün biradamlıq səadətim var,
Tikib geyinəcəm, əynimə gəlsə.
Bu gün sabahıma körpü atmışam,
Sabah nə olacaq, onu bilmirəm.
Hələ ki bu günçün nağıl yazıram,
Nə ilə bitəcək sonu, bilmirəm.
OCAQ
Bəlkə də, bu yanan sonuncu oddu,
Bəlkə də, sonuncu közdü alışan.
Bəlkə də, sonuncu duadı elə,
Bəlkə də, sonuncu dözdü alışan.
Odlana-odlana dillənir ocaq,
Dumana, tüstüyə batıb alışır.
Bəlkə də, ümiddi səssiz-səmirsiz,
Özünü tonqala atıb alışır.
Ağrısın, acısın çəkir içinə,
Alışa-alışa küllənir ocaq.
Başının üstündə külək oynayır,
Küləyin altında yellənir ocaq.
Hamı halallaşır bu ocaq ilə,
Ürək günahını soyunur bu gün.
Bu gecə sonuncu qış gecəsidi,
Dünya yaz donunu geyinir bu gün.
Bu ocaq hamının pənah yeridi,
Bu ocaq sönməsin gərək bu gecə.
Bu gecə açıqdı Göyün qapısı,
Tanrı qonağıyıq, demək, bu gecə.
***
Nə yaman ağlayır buludlar bu gün,
Saçlarım yağışdı, yanağım yağış.
Mən kirpik çaldıqca səssiz-səmirsiz
Döyür pəncərəmi qonağım yağış.
Tökür hikkəsini qara buludlar,
Ocağa ağlayır, külə ağlayır.
Göylərin qəribə darıxmağı var,
Demək, buludlar da belə ağlayır.
Kimin ürəyindən su içib axı,
Kimin göz yaşıdı, görən, bu yağış?
Gözümü açmağa macalım yoxdu,
Qoymur nəfəsimi dərəm bu yağış.
Buludlar ağlayır, torpaq dirçəlir,
Min həsrət cücərir hər daşın altda.
Bir bahar yol gedir payıza sarı,
Bir payız islanır yağışın altda.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Bibərli quzu soyutması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Bibərli quzu soyutmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti – 300 qr
§ Kök – 35 qr
§ Yaşıl bibər – 25 qr
§ Soğan – 30 qr
§ Göyərti (cəfəri, keşniş, şüyüd) – 8 qr
§ Quru mərzə – 3 qr
§ Dəfnə yarpağı – 3 qr
§ Sarıçiçək – 0,1 qr
§ Duz – 4 qr
§ İstiot (dənəvər) – 0,05 qr
Xörək əlavəsi:
§ sarımsaq – 2 qr, qurut və ya qatıq – 30 qr, işgənə – 40 qr
HAZIRLANMASI:
Quzunun qol, kürək, boyun, oynaq yerlərindən ayrılmış böyük tikələr götü- rülür. Ət yuyulub-təmizlənir. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Qaynayanda kəfi alınır. Ət 60-70 faiz bişdikdə kök, bibər çubuq, dairə və s. şəklində doğranır, qazana ətin üzərinə yığılır. Balaca soğanlar soyulur və əlavə olunur. Göyərti bütöv dəstə şəklində yuyulur, təmizlənir, əlavə olunur. Sonra dəfnə yarpağı, sarıçiçək şirəsi əlavə edilir və bişməyə qoyulur. Tam hazır olduqda dadına baxılır və ocaqdan götürülür. Sonra üzəri tərəvəzlərlə bəzənir, mərzə səpilir və süfrəyə verilir. Ət ayrıca boşqaba çəkilir. Yanında sarımsaq, qurut və ya qatıq, o cümlədən xörəyin işgənəsindən verilir.
Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Örənqalada aşkarlanmış qədim çalğı alətləri - BURBUĞ və XALXAL
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Beyləqan musiqi folklorunun ən əhəmiyyətli, tapıntılarından biri də burada tapılan burbuğ adlanan nəfəs alətidir. Araşdırmalarımız nəticəsində bəlli olmuşdur ki, bu alət hal-hazırda Beyləqan Tarix Diyarşünaslıq muzeyində qorunaraq saxlanılır.
Arxeoloji qazıntılar zamanı Örənqala ərazisində tapılmış bu alət Orta əsrlərə, yəni XII–XIII əsrlərə aid edilir. Burada iki ədəd burbuğ aləti aşkarlanmışdır. Ancaq ölçülərinə görə onlar bir-birindən fərqlənir. Böyük burbuğ təxminən 5-6 sm, kiçik burbuğ isə 3-4 sm. ölçüdədir. Nahamar quruluşa məxsus, saxsıdan hazırlanan burbuğ əsasən sərçə, quş formasını xatırladır. Elə buna görə də ona bəzən quş tütəyi də deyilir. Yanlardan iki dəlik, ifa etmək üçün uc hissəsində nisbətən uzunsov, quruluşuna görə müştüyə bənzər ağızlıq, həmin hissənin altında isə daha bir dəlik vardır.
Quş tütəyi (burbuğ)
Alət haqqında təkcə muzeylə kifayətlənməyərək elmi ədəbiyyata da üz tutduq. İlk öyrəndiyimiz məlumat isə professor Səadət Abdullayevanın “Azərbaycan xalq çalğı alətləri” orqanoloji tədqiqat əsəri oldu. Burdakı eyniadlı alətin XX əsrdə arxeoloji qazıntılar zamanı İçərişəhərdə tapıldığı bildirilir. Yalnız təkcə İçərişəhər, Örənqala deyil, Qəbələdə, Qubanın Sırtçiçi, İsmayıllının Müdürsə, Lənkəranın Mamusta, Ağstafanın Gümbəz ərazilərində də bənzər alət aşkar edilib. 1877 və 1989-cu illərdə Bakıda, İçərişəhərin qala hissəsində aparılan arxeoloji qazıntılar zamanı içərisi boş, şanapipik və göyərçin şəklində, uzunluqları 55 mm. olan gil burbuğlar tapılmışdır. Bişirildikdən sonra onların rəngi qırmızımtıl çalar alıb. Fiqurun yuxarı hissəsində iki boy-boya böyük dəlik açılmışdır, ucunda isə uzunsov dəliklər vardır. Onların biri üfürmək, digəri isə barmaqlar üçün nəzərdə tutulmuşdur. Bu alətin 5-6 səs ifa edilir. Kiçik diapazonlu burbuğda bəzi xalq mahnılarının (“Muleyli”, “A yordu, yordu”) və rəqs (“Yallı”, “Gözəlləmə”) havalarının, “Bayatı-kürd” muğamından bir fraqmentin ifası mümkündür. Hər iki fiqur XII–XIII əsrlərə aid olan başqa maddi və mədəni əşya nümunələrinin yanında tapılmışdır.
Alət haqqında daha geniş bilgiləri professor Abbasqulu Nəcəfzadənin Qırğızıstanda (Bişkek) türk dilində nəşr olunmuş “Azerbaycan milli üflemeli çalgı aletleri (organolojik-tarihsel araştırma)” adlı əsərindən alırıq. Yazıda alətin etimologiyasına dair maraqlı məlumatlarla da qarşılaşrıq. Belə ki, bu alət həm də bunqar kimi tanınır. Sözün ilk hissəsi olan “bun” arxaik söz olaraq dərd, qəm mənasını verir. Sözün ikinci hissəsi “qar” isə sözdüzəldici şəkilçi olub, nəticədə yeni söz yaranmışdır. Dilimizdə donqar, yonqar və s. kimi kəlmələrə çox rast gəlinir. Bunqar alətini təkcə çobanlar deyil, səyyahlar, tacirlər, yolçular da ifa edərmiş. Alət həcmcə çox kiçik olduğundan cibdə daşımaq mümkün olduğuna görə onlar sıxıntılı, dərdli zamanlarında qəm dağıtmaq üçün quş tütəyini ifa edərmişlər. Alət vizual görünüşünə, diapazonuna görə nə qədər kiçik olsa da, onda yaranan musiqi nümunələri şirin və xoş ahənginə görə seçilir, insana gözəl əhvali-ruhiyyə bəxş edir. Bir növ, tütəyin səsini xatırlatması təbiətin saf səsi ilə birləşərək insanda gözəl ab-hava yaradır ki, bu səs təbiətin, qədim tarixin elə öz səsidir.
Xalxal musiqi aləti
Tarixi Beyləqan torpağında araşdırmalar apararkən daha bir musiqi alətinin tapıldığını aşkarladıq.
Bu, xalxal adlanan alət haqqında daha dərin bilgilərə sahib olmaq üçün yenə orqanoloq alimlərin araşdırmalarına üz tutduq. Ədəbiyyat nümunələrindən biri professor Abbasqulu Nəcəfzadənin “Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat)”, ““Kitabi Dədə Qorqud” dastanında çalğı alətləri”, eləcə də “Etnoorqanalogiya” kitablarında alətləri təsnifatlandırarkən Azərbaycan ərazisində müxtəlif dövrlərdə istifadə olunan 40 idiofonlu çalğı alətindən bəhs edilir ki, burada həmin qrupa daxil olan alətlər arasında sözügedən xalxal alətinin adı da qeyd olunur. Müəllif eyni zamanda bu alətləri səslənmə tərzinə görə 4 qismə ayıraraq hər birisi haqqında məlumat verir. Bunlar, vurulanlar, silkələnənlər, dartılanlar və qarışıq üsulla səsləndirilən alətlərdir. Professor A.Nəcəfzadə ikinci qrupa aid etdiyi yəni, silkələnərək ifa olunan alətlər sırasında bir sıra alətlərlə yanaşı, xalxalın da adını çəkir. Xalxal aləti 1930–1950-ci illərdə arxeoloji qazıntılar zamanı Kəbirli kəndi yaxınlığında olan Örənqalada aşkarlanmışdır. Bununla bağlı digər faktlar tarixçi-entoqraf, akademik Teymur Bünyadovun (1928–2022) “Əsrlərdən gələn səslər” əsərində məlumat verilmişdir. Onu da vurğulamaq istəyirik ki, adını çəkdiyimiz əsər xalqımızın musiqi mədəniyyəti irsində ilk dəfə qələmə alınmış tarixi-etnoqrafik əsərdir və burada böyük bir bölümdə aşıq poeziyasından da bəhs edilir. Həmin əsərdə Örənqala ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunəsi kimi, eyni zamanda musiqi aləti kimi aşkarlanan bu tapıntı həm qadın qolbağı, həm də rəqqasələrin qollarında səslənən musiqi aləti kimi istifadə olunduğunu yazır.
Məlumdur ki, muğam sənətində üçlüyə aid olan alətlərdən biri də qavaldır. Bu fikri həm də Azərbaycanda qavalın mahir ifaçısı, eyni zamanda muğamların tədqiqi məsələləri ilə məşğul olan ustad sənətkar Mahmud Səlahın təhlillərinə əsasən vurğulayırıq ki, əslində trio deyilərkən tar, kamança, xanəndə deyil, bu üçlüyə qaval da daxildir. Məhz elə bu fikrə əsasən də xanəndələrin istifadə etdiyi qaval alətinin sağanağında yer alan zınqırovlar, metal halqalar bağlanır ki, bu da silkələnərkən cingiltili səslər çıxarır. Bu zınqırovlar ayrıca ifa edildikdə yuxarıda qeyd etdiyimiz idiofonlu alətlər qrupuna aid edilir.
Adıçəkilən mədəniyyət nümunəsi bizim qədim rəqs tariximiz, eyni zamanda tapıldığı dövrlərdə insanların mədəni həyatından, vizual görünüşündən, yaşam tərzindən xəbər verir.
Mədəniyyətin mühüm tərkib hissəsi olan geyimlərimiz bütün dövrlərdə Azərbaycan qadınlarının gözəlliyini nümayiş etdirmişdir. Qədim Beyləqanda arxeoloji qazıntılar zamanı beyləqanlı ustaların bəzək əşyaları hazırladıqları da aşkar olmuşdur. Burada tapılan əşyalar içərisində qaşlı üzüklər, halqa bilərziklər, asmalar, medalyonlar, toqqa bəzəkləri və s. kimi geyim və bəzək əşyaları aşkara çıxarılmışdır. Arxeoloqlar bu nümunələrin beyləqanlı ustalara məxsus olduğunu təsdiq edirlər. Beyləqan şəhərində tapılmış maddi-mədəniyyət nümunələri bu gün də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun fondunda saxlanılır.
Beləliklə, tarixi torpaqlarımızda arxeoloji qazıntılar zamanı müxtəlif musiqi alətləri, o cümlədən burbuğ (quş tütəyi) və xalxal musiqi alətrləri aşkar olunub. Biz də həmin alətləri tədqiqata cəlb edərək haqqında təhlillər aparmışıq. Həqiqətən, burbuğ və xalxal alətləri maddi mədəniyyət nümunəsi kimi Beyləqan tarixində aşkarlanmış ən qiymətli tapıntılardır.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 8. Müatliə nədir?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
8.
MÜTALİƏ NƏDİR?
Ensiklopedik tərif vermiş olsaq, mütaliəyə belə tərif verərik: mütaliə etmək - hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya fəaliyyətidir. Bu kommunikasiyada iki tərəf var. Birinci tərəf çap və elektron mütaliə məhsuludur ki, onun arxasında müəllif dayanır. İkinci tərəf isə oxucu və ya oxucu auditoriyasıdır.
Hər bir kəs əlinə mütaliə məhsulunu alıb onunla təmasa başlayırsa, bu proses mütaliə adlanır, bunu icra edənsə oxucu adını daşıyır..
Mütaliə insanın həyatında, şəxsin təfəkkürünün inkişaf etdirilməsində, yeni biliklər qazanmasında əhəmiyyətli rol oynayır. Mütaliə prosesində pedaqoji, psixoloji yanaşmaq baxımından, ümumtəhsil, ali və orta ixtisas məktəblərinin tədris proqramı ilə yanaşı əlavə mütaliənin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Mütaliə elə bir prosesdir ki, onun nəticələri insanın ictimai və istehsalat fəaliyyətində əks olunur, onun dünyagörüşünün, əməyinin səmərəliliyini dəyərləndirir.
Lakin mütaliəyə maraq təhsil ocaqları və kitabxanalarla yanaşı ilk növbədə ailədən başlanmalıdır.
Mütaliə nə deməkdir?
Bu sahənin ən görkəmli tədqiqatçılarından olan Ə. Xələfov mütaliəyə belə tərif verir: “Bu, mətndəki hər bir sözü, cümlədəki fikri, fikrin məntiqi rabitəsini və əsərin ideyasını yaradıcı bir surətdə dərk etmək, kitabın ideyasına əsasən müstəqil surətdə nəticə çıxara bilmək deməkdir.”
Mütaliə şəxsiyyətin təşəkkül tapmasına, nitq təfəkkürünün inkişafına yöhəldilmiş mənəvi fəaliyyətin mürəkkəb formalarından biridir. Mütaliə dünyanı dərk etməyə, əxlaq normaları tərbiyə etməyə kömək edir, insanın mədəniyyətini yüksəldir, dünyagörüşünü genişləndirir.
Mütaliə oxucunun mənəvi aləminə ikitərəfli təsir göstərib bir tərəfdən qavrayış və yaddaş kimi psixiki proseslərin inkişafına səbəb olur, digər tərəfdən əsərlərin dərketmə vasitəsinə çevrilir.
Mütaliə oxucunu şifahi, yazılı nitq mədəniyyətinə yüksəldir, hissləri, fikirləri incə şəkildə, tam dürüstlüyü ilə anlamağa, ifadə etməyə kömək edir.
Nitq mədəniyyətinin əsasını söz ehtiyatı təşkil edir, söz, lüğət ehtiyatına isə ən çox mütaliə yolu ilə sahib olmaq olar.
Oxucu mütaliə yolu ilə heç vaxt görmədiyi predmet və hadisələrlə nəinki tanış olur, həm də onu bilavasitə öyrənir. Deməli, oxucu mütaliə vasitəsi ilə yeni-yeni məlumatlar alır, zehnini, nitqini və təfəkkürünü inkişaf etdirir.
Mütaliə hər kəsin şəxsi işi deyil, həm də ictimai borcdur.
Mütaliə insanın cəmiyyətdəki şəxsi rolunu dərk etməyə, yaşadığı dövlətin ideologiyasını (konkret halda bizim dövlətdə bu – azərbaycançılıq məfkurəsinə xidmət etməkdir), böyük vəzifələrini yerinə yetirməyə hazırlanır.
Burada bədii əsərin tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bədii əsərin təsiri və qiyməti hər şeydən əvvəl oxunan əsərin oxucunun fikrinə, hissinə nə dərəcədə hakim olması ilə ölçülür.
Mütaliə təkcə kitablardan alınmış biliklər məcmuyu deyil, yeni həyat şəraiti, keçmiş təcrübə ilə əlaqədar olan bütöv bir dünyagörüşüdür və bu, mütaliənin təsiri nəticəsində oxucunun psixoloji aləmində əmələ gələn yeni bir keyfiyyətdir.
Növbəti: 9.Mütaliə məhsulu
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Beynəlxalq Sənaye İncəsənəti Festivalı bizim Rus Dram Teatrının tamaşası ilə açılacaq
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı “Böyük qastrollar” proqramı çərçivəsində ilk dəfə Rusiyaya yollanır.
AzərTAC Ümumrusiya Qastrol və Konsert Planının rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 3-dən 8-dək Novokuznetsk Dram Teatrının və A.V.Lunaçarski adına Kuzbass Dram Teatrının səhnələrində Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin quruluşunda “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” və “Albalı bağı” tamaşalarını nümayiş etdiriləcək.
Bu il 104 yaşı tamam olan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Novokuznetskdə “Okna - 2024” Beynəlxalq Sənaye İncəsənəti Festivalının təntənəli açılışında qonaq qismində iştirak edəcək və öz repertuarındakı ən möhtəşəm tamaşalarından birini - “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur”u göstərəcək.
Bu tamaşa haqlı olaraq Rus Dram Teatrının qastrollarda ən çox nümayiş etdirilən vizit kartı sayıla bilər. Tamaşa Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrdə teatrsevərlərə təqdim olunub. Beləliklə, sentyabrın 3-də Novokuznetsk ictimaiyyəti Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı və 1848-ci ildə Qarabağda cərəyan edən qəribə əhvalatı ehtiva edən əsərlə tanış olacaqlar. Sentyabrın 4-də isə azərbaycanlı aktyorlar Anton Pavloviç Çexovun “Albalı bağı” tamaşasını - müəllifin komediya janrında qiymətləndirdiyi və 1903-cü ildə yazdığı sonuncu teatr əsərini təqdim edəcəklər.
Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Yakovleviç Şarovski qeyd edib: “Biz artıq Novokuznetsk Dram Teatrı ilə tanışıq, bu truppa 1978-ci ildə Bakıya gəlib və bizim səhnədə böyük uğurla çıxış edib. İndi bizim də belə məsuliyyətli və şərəfli bir missiyanın yerinə yetirməyimizin vaxtıdır”.
Bu qastrolları Novokuznetsk teatrının köhnə tamaşaçıları hələ də xatırlayırlar. Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, o vaxt ədəbiyyat kafedrasının müdiri vəzifəsini tutan müəllim və sənətşünas Svetlana Eduardovna Bondarevskayanın AzərTAC-la bölüşdüyü kimi, üstündən onilliklər keçməsinə baxmayaraq, Azərbaycan paytaxtının qonaqpərvərliyi ən yüksək səviyyədədir.
Xəzərin sahillərində unudulmaz xatirələrini bölüşən Svetlana Eduardovna deyir: “Bol günəşli havalar, bizi qarşılayan insanların təbəssümü, meyvələrin rəngarəngliyi, bulvar... O vaxt Sumqayıtda da çıxış etdik. Deyə bilərik ki, bizə hər yerdə diqqət yetirilirdi. Sənətçilərimiz üçün ən unudulmaz hadisə biletlərin qastroldan əvvəl satılması idi. Hətta teatrın binasına bir məhəllə qalmış əlavə biletlərlə bağlı ənənəvi sualın da şahidi olurduq. Vaxtında təhvil verilməyən geyimlərdə gecikmə yarananda və yerli teatrdan sənətçilərimizə təqdim olunanda, Bakının qonaqlara qayğısı özünü büruzə verirdi. O vaxt Bakıda olmuş və bu gün də səhnəyə çıxan sənətçilərimiz tamaşaların sonunda 15-20 dəqiqə davam edən alqışları və ayaq üstə dayanan tamaşaçıları hələ də xatırlayırlar. Xeyli gül-çiçək var idi!.. Əminliklə deyə bilərəm ki, bu, teatrımızın ən gözəl qastrol səfəridir... Bu gün məmnunam ki, sizin teatrın cavab qastrolunun şahidi olacağam. Hətta üstündən bir neçə onilliklər keçməsinə baxmayaraq”.
Aleksandr Şarovski sözlərinə davam edir: “Bu səfərdə bizim üçün çoxlu yenilik var - ilk dəfədir ki, Ümumrusiya Qastrol və Konsert Planında və “Böyük qastrollar” proqramında iştirak edirik. İlk dəfə olaraq, biz öz tamaşalarımızı Novokuznetsk və Kemerovo tamaşaçılarına təqdim edəcəyik. Azərbaycan və rus klassiklərinin əsərləri əsasında iki tamaşa göstərəcəyik, onların hər ikisi teatrın repertuarının əsasıdır. Mən bu iki Sibir şəhərinin gözəl ictimaiyyəti ilə səmimi, şən, əsl teatr görüşünün olmasını istərdim”.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının artistləri A.V.Lunaçarski adına Kuzbass Dram Teatrının səhnəsində sentyabrın 7-də və 8-də yuxarıda adıçəkilən tamaşaları təqdim edəcəklər.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova qeyd edib: “Böyük qastrollar”ın xarici ölkələrin teatrları ilə bağlı istiqaməti həm tamaşaçılar, həm də truppaların özləri üçün son dərəcə vacibdir. Qastrol səfərləri sayəsində teatrsevərlər digər ölkələrin ən yaxşı tamaşaları ilə tanış ola bilərlər. Rusiya teatrları ilə xaricdəki rus teatrları arasında qarşılıqlı əlaqə ümumi mədəni məkanın möhkəmlənməsinə şərait yaradır və sənətçilərə unikal yaradıcılıq təcrübəsi əldə etmək imkanı verir”.
“Böyük qastrollar” proqramı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Ümumrusiya Qastrol və Konsert Planına uyğun olaraq “Roskonsert” Federal Dövlət Büdcə Təşkilatı tərəfindən həyata keçirilir. Festivalın əsas informasiya tərəfdaşı TASS agentliyidir.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Şəhidlər barədə şeirlər - Şəhid Elnur Ağaəhmədov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Elnur Ağaəhmədov
Elnur Ağaəhmədov 1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub. 2004-2015-ci illərdə C. Novruz adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Elnur Ağaəhmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə gizir hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Ağaəhmədov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Xızı rayonunun Sitalçay kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bu xalqın qəhrəmanı -
Ocaq şəhid, pir şəhid.
General tək savaşan,
Qəhrəman gizir şəhid.
Haqq yolda savaşından,
Hamı razıdır sənin.
Qardaşın da hərbçidir.
Atan qazidir sənin.
Uşaqlıqdan vətənə,
Xalqa bağlı olmusan.
Şuşalı, Kəlbəcərli,
Qarabağlı olmusan.
Olmusan igidlərin,
Öndə gedən igidi.
Qələbə ordumuzun,
Şanlı vətən igidi.
Zəfər yolun uzanır,
Cənnətin bağlarına.
Xızının dağlarından,
Şuşanın dağlarına.
Siz oğullar son dediz,
Vətən boyda həsrətə.
Hamı yığışıb gəlib,
Ruhunu ziyarətə.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Habil Yaşarın təqdimatında MARAQ DAİRƏMİZ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Əziz oxucular, “Maraq Dairəmiz” adlı tamamilə fərqli bir layihəylə qarşınızdayam.
Gülnarə Nasir xanım gənc şair olmaqla yanaşı, eyni zamanda dəyərli pedaqoqdur. Onunla qarşılıqlı sual-cavabı sizlərə təqdim edirəm. Buyurub oxuya bilərsiniz…
HY: Salam, Gülnarə xanım. Necəsiniz?
GN: Şükür, Habil bəy yaxşıyam. Siz necəsiniz?
HY: Şükürlər olsun ki, mən də yaxşıyam. Həmişə yaxşı olaq İnşallah! Hər zaman maraqlı fikirlərinizlə mənimlə yanaşı digərlərinin də diqqətini çəkməkdəsiniz. Bir-birimizin maraqlarını hörmətli oxuculara daha yaxından təqdim eləmək üçün dialoqumuzu qarşılıqlı sual-cavab şəklində qursaq olarmı?
GN: Əlbəttə, çox şad olaram…
HY: Təşəkkür edirəm…
GN: Buyurun…
HY: 1. Söz ya Səs?
GN: Şübhəsiz ki, Söz…
HY: Mən də əlbəttə ki, Söz…
HY: 2. Kitab ya İnternet?
GN: Kitab…
HY: Kitab…
HY: 3. Qələm ya Qılınc?
GN: Qələm…
HY: Qələm…
HY: 4. Nəzm ya Nəsr?
GN: Nəsr…
HY: Nəsr…
HY: 5. Vərəq kitab ya Elektron kitab?
GN: Vərəq kitab…
HY: Vərəq kitab…
HY: 6. İstedad ya Zəhmət?
GN: Zəhmət…
HY: Zəhmət…
HY: 7. Ədəbiyyat ya Tarix?
GN: Ədəbiyyat…
HY: Ədəbiyyat…
HY: 8. Savad ya Vicdan?
GN: Vicdan…
HY: Vicdan…
HY: 9. Şərq ya Qərb?
GN: Qərb
HY: Qərb
HY: 10. Keçmiş ya Gələcək?
GN: Gələcək…
HY: Gələcək…
HY: 11. Oxumaq ya Yazmaq?
GN: Oxumaq…
HY: Oxumaq…
HY: 12. İnsan zəkası ya Süni Zəka?
GN: İnsan zəkası…
HY: İnsan zəkası…
HY: 13. Radio ya TV?
GN: Radio…
HY: TV
HY: 14. Teatr ya Kino?
GN: Kino…
HY: Teatr…
HY: 15. Başlanğıc ya Son?
GN: Başlanğıc…
HY: Başlanğıc…
HY: 16. Mülayim ya Sərt?
GN: Mülayim…
HY: Mülayim…
HY: 17. Mənəviyyat ya Maddiyyat?
GN: Mənəviyyat…
HY: Mənəviyyat…
HY: 18. Yer ya Kosmos?
GN: Yer…
HY: Kosmos…
HY: Sizinlə bu dialoqdan çox şad oldum Gülnarə xanım…
GN: Mən də həmçinin…
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
Zireh adam MİRŞAHİN AĞAYEV
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün mən ölkənin tanınmış jurnalisti barədə söz açacağam. Çünki iş görənə qiymət vermək lazımdır, yoxsa ki, bizim əksəriyyət kimi, hərəyə bir quyruq qoşmaq lazım deyil. O isə kifayət qədər vətəninə fayda verən adamdır.
Azərbaycan Respublikası dünyanın balaca dövlətlərindən biridir. Doğrudur, ondan da xırdaları var, amma bu ölkə böyüklərin arasında öz düzgün xarici siyasəti ilə duruş gətirə bilir. Kim nə deyir özü bilər, əgər bu gün ölkənin suverenliyi bərpa olunubsa, əminamanlıq hökm sürürsə, demək dövlətçiliyimizin ana sütunları möhkəmdir, etibarlı təməl üzərində qurulub…
Hər bir ölkənin toxunulmaz sərhədləri olduğu kimi, canlı zirehləri də olur. Onlar dövlətin siyasətini satqınların xəyanətindən, nankorların məkirli həmlələrindən qorumaqdan ötrü, bir növ qalxan rolunu oynayırlar. Bu döyüşdə vurulan zərbələrin böyük əksəriyyəti də həmin zirehlərə, qalxanlara dəyir…
Bəli, Mir Şahin Ağayev bu dövlətin zirehlərindən, qalxanlarından biridir. Bəlkə də o, özünü siyasət aləminin adamı hesab etmir, lakin rəhbərlik etdiyi televiziya ilə birlikdə bu ölkənin ideoloji sütunlarından biri olduğunu bilənlər bilir. Onun kiçik bir kollektivi ilə gördüyü iş böyük bir qurumun gördüyü işə bərabərdir…
Dövrümüzdə yeni bir ifadə- “rusbaşlar” kəlməsi dövriyəyə buraxılıb. Yeri gəldi-gəlmədi bu sözü hər kəsə yapışdırmağa çalışanlar da az deyil. Bəziləri elə düşünürlər ki, yüz illər əsarətində olduğumuz bir imperiyadan tez bir zamanda qopmaq, ona qarşı savaş açmaq çox asan işdir. Əsla! Əlbəttə ki, dədə-babalarımızın qoyub getdikləri problemləri qısa bir vaxtda həll etmək bizdən dərin siyasət, ağıl, səbir və təmkin tələb edir. Tələsmək, kəmhövsələ olmaq ölkəni təlatümə sürükləməyə bərabərdir. Mir Şahin Ağayev ölkə rəhbərinin bu istiqamətə yönələn siyasətini də doğru-düzgün təbliğ edir…
Bəlkə də boyu bir metr səksən santimetr olar, ya olmaz. Fəqət Mir Şahin Ağayev Azərbaycan üçün hündürlüyü on səkkiz min metr olan bir zireh, böyük bir dağdır. Onu gələcəkdə daha çox qiymətləndirəcəklər. Allah Azərbaycanımızı hifz etsin! Allah Mir Şahin Ağayev kimi zirehləri qorusun!
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
“İnsandır oxunacaq ən böyük kitab...” - Hacı Bəktaş Vəlinin kəlamları
“Ədəbiyyat və incəsənət” portalı Qısa fikirlər xəzinəsində sizlərə Şərq dünyası dahilərin qiymətli fikirlərini çatdırmaqdadır. Növbə Hacı Bəktaş Vəlinindir.
Sığındım sən Tanrıya....
***
Alimlərə atadan və anadan daha çox hörmət edün.
***
Elmdən keçməyən yolun sonu qaranlıqdır.
***
"Fatihə" surəsi endigü vaxt İblis əleyhillane yas tuddı, riqqət edüp ziyadə ağladı.
***
Həq sübhanəhu və təala münacatı Musa peyğəmbərə Tur dağında, İbrahim peyğəmbərə məscidlər içində, Yunus peyğəmbərə balığın qarnında, Yusif peyğəmbərə quyu içində və iki cahan fəxri Mühəmməd Mustafaya göylər içrə verdi.
***
Həq-təala Tövhiddə, İncildə və Zəburda hər nə zikr etdisə, məcmusu Qurandur.
***
Həqq əhlini heyvanlar dəxi sevərlər.
***
Hər kim nemətə şükr eləməsə, ol nemət ondan alınur.
***
İnsandır oxunacaq ən böyük kitab...
***
Kitablarun bünyadı Qurandur və Quranun bünyadı Fatihədür.
***
Könül ilə Çələb arasında hicab yoxdur.
***
Möminlərin könlü Kəbəyə bənzər.
***
Mərifət ağacının başı Tövhiddir.
***
Mərifətlü könüllərün nurı ərşdən yucadur.
***
Mərifətün əvvəl məqamı ədəbdür; ikinci məqamı qorxudur.
***
Rəhman əsli imandur və şeytan əsli gümandur.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Üşüyür” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Üşüyür”deyir şair. Şeir türk sevdalısı şair Rüstəm Behrudiyə ithaf edilib.
Xoş mütaliələr.
Üşüyür
Əziz Rüstəm Behrudiyə
Ağaclar öz yarpağından.
Gül nəfəsindən üşüyür.
Payız çatıb quşlara da-
Dimdiyində dən üşüyür...
Gəldi bu qəm boyu bəstə,
Mən qəfəsdə, o ahəstə...
Yaşamaq istəyən xəstə
Öz həvəsindən üşüyür.
Azıb qaldım naşı kimi,
Kor adamın daşı kimi.
Adam da çöl quşu kimi
Bir gün səsindən üşüyür...
Ədəbiyyat və incəsənət”
(03.09.2024)