Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Beyləqan musiqi folklorunun ən əhəmiyyətli, tapıntılarından biri də burada tapılan burbuğ adlanan nəfəs alətidir. Araşdırmalarımız nəticəsində bəlli olmuşdur ki, bu alət hal-hazırda Beyləqan Tarix Diyarşünaslıq muzeyində qorunaraq saxlanılır.
Arxeoloji qazıntılar zamanı Örənqala ərazisində tapılmış bu alət Orta əsrlərə, yəni XII–XIII əsrlərə aid edilir. Burada iki ədəd burbuğ aləti aşkarlanmışdır. Ancaq ölçülərinə görə onlar bir-birindən fərqlənir. Böyük burbuğ təxminən 5-6 sm, kiçik burbuğ isə 3-4 sm. ölçüdədir. Nahamar quruluşa məxsus, saxsıdan hazırlanan burbuğ əsasən sərçə, quş formasını xatırladır. Elə buna görə də ona bəzən quş tütəyi də deyilir. Yanlardan iki dəlik, ifa etmək üçün uc hissəsində nisbətən uzunsov, quruluşuna görə müştüyə bənzər ağızlıq, həmin hissənin altında isə daha bir dəlik vardır.
Quş tütəyi (burbuğ)
Alət haqqında təkcə muzeylə kifayətlənməyərək elmi ədəbiyyata da üz tutduq. İlk öyrəndiyimiz məlumat isə professor Səadət Abdullayevanın “Azərbaycan xalq çalğı alətləri” orqanoloji tədqiqat əsəri oldu. Burdakı eyniadlı alətin XX əsrdə arxeoloji qazıntılar zamanı İçərişəhərdə tapıldığı bildirilir. Yalnız təkcə İçərişəhər, Örənqala deyil, Qəbələdə, Qubanın Sırtçiçi, İsmayıllının Müdürsə, Lənkəranın Mamusta, Ağstafanın Gümbəz ərazilərində də bənzər alət aşkar edilib. 1877 və 1989-cu illərdə Bakıda, İçərişəhərin qala hissəsində aparılan arxeoloji qazıntılar zamanı içərisi boş, şanapipik və göyərçin şəklində, uzunluqları 55 mm. olan gil burbuğlar tapılmışdır. Bişirildikdən sonra onların rəngi qırmızımtıl çalar alıb. Fiqurun yuxarı hissəsində iki boy-boya böyük dəlik açılmışdır, ucunda isə uzunsov dəliklər vardır. Onların biri üfürmək, digəri isə barmaqlar üçün nəzərdə tutulmuşdur. Bu alətin 5-6 səs ifa edilir. Kiçik diapazonlu burbuğda bəzi xalq mahnılarının (“Muleyli”, “A yordu, yordu”) və rəqs (“Yallı”, “Gözəlləmə”) havalarının, “Bayatı-kürd” muğamından bir fraqmentin ifası mümkündür. Hər iki fiqur XII–XIII əsrlərə aid olan başqa maddi və mədəni əşya nümunələrinin yanında tapılmışdır.
Alət haqqında daha geniş bilgiləri professor Abbasqulu Nəcəfzadənin Qırğızıstanda (Bişkek) türk dilində nəşr olunmuş “Azerbaycan milli üflemeli çalgı aletleri (organolojik-tarihsel araştırma)” adlı əsərindən alırıq. Yazıda alətin etimologiyasına dair maraqlı məlumatlarla da qarşılaşrıq. Belə ki, bu alət həm də bunqar kimi tanınır. Sözün ilk hissəsi olan “bun” arxaik söz olaraq dərd, qəm mənasını verir. Sözün ikinci hissəsi “qar” isə sözdüzəldici şəkilçi olub, nəticədə yeni söz yaranmışdır. Dilimizdə donqar, yonqar və s. kimi kəlmələrə çox rast gəlinir. Bunqar alətini təkcə çobanlar deyil, səyyahlar, tacirlər, yolçular da ifa edərmiş. Alət həcmcə çox kiçik olduğundan cibdə daşımaq mümkün olduğuna görə onlar sıxıntılı, dərdli zamanlarında qəm dağıtmaq üçün quş tütəyini ifa edərmişlər. Alət vizual görünüşünə, diapazonuna görə nə qədər kiçik olsa da, onda yaranan musiqi nümunələri şirin və xoş ahənginə görə seçilir, insana gözəl əhvali-ruhiyyə bəxş edir. Bir növ, tütəyin səsini xatırlatması təbiətin saf səsi ilə birləşərək insanda gözəl ab-hava yaradır ki, bu səs təbiətin, qədim tarixin elə öz səsidir.
Xalxal musiqi aləti
Tarixi Beyləqan torpağında araşdırmalar apararkən daha bir musiqi alətinin tapıldığını aşkarladıq.
Bu, xalxal adlanan alət haqqında daha dərin bilgilərə sahib olmaq üçün yenə orqanoloq alimlərin araşdırmalarına üz tutduq. Ədəbiyyat nümunələrindən biri professor Abbasqulu Nəcəfzadənin “Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat)”, ““Kitabi Dədə Qorqud” dastanında çalğı alətləri”, eləcə də “Etnoorqanalogiya” kitablarında alətləri təsnifatlandırarkən Azərbaycan ərazisində müxtəlif dövrlərdə istifadə olunan 40 idiofonlu çalğı alətindən bəhs edilir ki, burada həmin qrupa daxil olan alətlər arasında sözügedən xalxal alətinin adı da qeyd olunur. Müəllif eyni zamanda bu alətləri səslənmə tərzinə görə 4 qismə ayıraraq hər birisi haqqında məlumat verir. Bunlar, vurulanlar, silkələnənlər, dartılanlar və qarışıq üsulla səsləndirilən alətlərdir. Professor A.Nəcəfzadə ikinci qrupa aid etdiyi yəni, silkələnərək ifa olunan alətlər sırasında bir sıra alətlərlə yanaşı, xalxalın da adını çəkir. Xalxal aləti 1930–1950-ci illərdə arxeoloji qazıntılar zamanı Kəbirli kəndi yaxınlığında olan Örənqalada aşkarlanmışdır. Bununla bağlı digər faktlar tarixçi-entoqraf, akademik Teymur Bünyadovun (1928–2022) “Əsrlərdən gələn səslər” əsərində məlumat verilmişdir. Onu da vurğulamaq istəyirik ki, adını çəkdiyimiz əsər xalqımızın musiqi mədəniyyəti irsində ilk dəfə qələmə alınmış tarixi-etnoqrafik əsərdir və burada böyük bir bölümdə aşıq poeziyasından da bəhs edilir. Həmin əsərdə Örənqala ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunəsi kimi, eyni zamanda musiqi aləti kimi aşkarlanan bu tapıntı həm qadın qolbağı, həm də rəqqasələrin qollarında səslənən musiqi aləti kimi istifadə olunduğunu yazır.
Məlumdur ki, muğam sənətində üçlüyə aid olan alətlərdən biri də qavaldır. Bu fikri həm də Azərbaycanda qavalın mahir ifaçısı, eyni zamanda muğamların tədqiqi məsələləri ilə məşğul olan ustad sənətkar Mahmud Səlahın təhlillərinə əsasən vurğulayırıq ki, əslində trio deyilərkən tar, kamança, xanəndə deyil, bu üçlüyə qaval da daxildir. Məhz elə bu fikrə əsasən də xanəndələrin istifadə etdiyi qaval alətinin sağanağında yer alan zınqırovlar, metal halqalar bağlanır ki, bu da silkələnərkən cingiltili səslər çıxarır. Bu zınqırovlar ayrıca ifa edildikdə yuxarıda qeyd etdiyimiz idiofonlu alətlər qrupuna aid edilir.
Adıçəkilən mədəniyyət nümunəsi bizim qədim rəqs tariximiz, eyni zamanda tapıldığı dövrlərdə insanların mədəni həyatından, vizual görünüşündən, yaşam tərzindən xəbər verir.
Mədəniyyətin mühüm tərkib hissəsi olan geyimlərimiz bütün dövrlərdə Azərbaycan qadınlarının gözəlliyini nümayiş etdirmişdir. Qədim Beyləqanda arxeoloji qazıntılar zamanı beyləqanlı ustaların bəzək əşyaları hazırladıqları da aşkar olmuşdur. Burada tapılan əşyalar içərisində qaşlı üzüklər, halqa bilərziklər, asmalar, medalyonlar, toqqa bəzəkləri və s. kimi geyim və bəzək əşyaları aşkara çıxarılmışdır. Arxeoloqlar bu nümunələrin beyləqanlı ustalara məxsus olduğunu təsdiq edirlər. Beyləqan şəhərində tapılmış maddi-mədəniyyət nümunələri bu gün də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun fondunda saxlanılır.
Beləliklə, tarixi torpaqlarımızda arxeoloji qazıntılar zamanı müxtəlif musiqi alətləri, o cümlədən burbuğ (quş tütəyi) və xalxal musiqi alətrləri aşkar olunub. Biz də həmin alətləri tədqiqata cəlb edərək haqqında təhlillər aparmışıq. Həqiqətən, burbuğ və xalxal alətləri maddi mədəniyyət nümunəsi kimi Beyləqan tarixində aşkarlanmış ən qiymətli tapıntılardır.
“Ədəbiyyat və incəsənət”
(03.09.2024)