Şəhidlər barədə şeirlər - Şəhid Elnur Ağaəhmədov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Elnur Ağaəhmədov

Elnur Ağaəhmədov 1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub. 2004-2015-ci illərdə C. Novruz adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elnur Ağaəhmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə gizir hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Ağaəhmədov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Xızı rayonunun Sitalçay kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Ağaəhmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Bu xalqın qəhrəmanı -

Ocaq şəhid, pir şəhid.

General tək savaşan,

Qəhrəman gizir şəhid.

 

Haqq yolda savaşından,

Hamı razıdır sənin.

Qardaşın da hərbçidir.

Atan qazidir sənin.

 

Uşaqlıqdan vətənə,

Xalqa bağlı olmusan.

Şuşalı, Kəlbəcərli,

Qarabağlı olmusan.

 

Olmusan igidlərin,

Öndə gedən igidi.

Qələbə ordumuzun,

Şanlı vətən igidi.

 

Zəfər yolun uzanır,

Cənnətin bağlarına.

Xızının dağlarından,

Şuşanın dağlarına.

 

Siz oğullar son dediz,

Vətən boyda həsrətə.

Hamı yığışıb gəlib,

Ruhunu ziyarətə.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.