Super User
“Sevgi təmənnalı fədakarlıqdır” - Rəbiqə Nazimqızı ilə 10 suallıq müsahibə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı şair, tərcüməçi, esseist Rəbiqə Nazimqızıdır.
-Xoş gördük, əziz Rəbiqə xanım, yazılarınızdakı fərqli üslub oxucularınız tərəfindən çox sevilir. "10 sualımız" da cavablarını almaq üçün çox tələsir. Elə isə birinci sualımızı görüşünüzə səsləyirəm.
1) Nə gəlirsə, əlimdən qapıb alır misralar,
Nə deyirəm qurtarmır, sözlərim yenə qalır.
Mənə qalır ağrını çəkib üstümə salmaq,
Məni qəmdən qurtarmaq yenə də sənə qalır. (Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, dərdləri misralarla bölmək qəlb ağrılarını ovudurmu?
- Əlbəttə. Yaradıcılıq istedad, intellekt, ruh hadisəsi olmaqla yanaşı həm də sublimasiya hadisəsidir. Sənətkar çox zaman neqativ hadisə və ya hisslərdən doğan mətni gözəlliyə çevirir. Ağrı sözə çevrilir və maddiləşərək içindən kənara yol tapır. Oxucu o ağrını duyur, anlayır, amma iliklərində hiss eləmir. Çünki sözə bürünüb, çılpaq deyil, həm də gözəl, mütənasib biçim alır. Bəzi mətnlər var ki, ən ağır anlarda yazılıb, bəlkə, onlar mətnə çevrilməsəydi, adamın ürəyi partlaya bilərdi. Bütün insanlarda belədi, məsələn, ağrıyanda qışqırırsan, ağlayırsansa, prosesi daha rahat keçirirsən, nəinki susanda. Ümumiyyətlə, mən sükutu sevmirəm. Təbii, əgər o sükut rahatlıqdan xəbər vermirsə...
2)Qollarımı açıb skamyaya sərmişdim. İri, mavi damarları sayırdım. Dodaqlarım açılıb-yumulurdu: "Bu gün, məhz bu gün, sabah olmaz”. Heç nə fikirləşmirdim. Heç nə fikirləşmək istəmirdim. Qorxurdum.
-Sabah olmaz.
-Nə? – qeyri-iradi sual verdim.
-Sabah gecdir. Sabaha saxlasan, eləməyəcəksən...
Dəyərli Rəbiqə xanım, bu maraqlı yazınızda həyat və mübarizə ön plana çəkilir, intihar, təbii ki, çıxış yolu deyil. Həyatın ən çıxılmaz yollarından üzüağ çıxmaq üçün nəyi bacarmaq əsas şərtdir?
-Özünlə qürur duymağı. Özü ilə qürur duymaq hissi dünyada ən gözəl hissdir. Söhbət təkəbbürdən getmir. Söhbət ondan gedir ki, ötənlərə və eləcə də indiki vəziyyətə baxanda düşünə biləsən ki, insan kimi yaşamısan, əksər situasiyalarda məhz normal insanın davrandığı kimi davranmısan, bağışlaya bilmisən, nəyinsə üstündən keçmisən və ya əksinə, bağışlanmaz bir şeyi bağışlamamısan, söz deməli olduğun yerdə susmamısan. Və sair və ilaxır. Özünlə qürur duymaq - mən bacardım, mən bacarıram, mən bacaracağam deməkdir. Ən yaxşı stimuldur. İnsan hər situasiyada güclü ola bilmir, bəzən kontrolu itirir. Amma bu kontrol itəndə də gərək heç kəsə zərər vurmaya. Uşaqlıqdan gələn tərbiyədən asılıdı, sonra da vərdişi avtomatikləşdirirsən. İntihar etmək istəyi, yəqin, hər insanın həyatında, azı, bir dəfə olur. Heç onu həyata keçirməsə də. Özünü və başqalarını sevən, özündə başqalarını, başqalarında özünü sevən adam üçün asandı, rahatlıqla həmin çətin anı ötürmək üçün uyğun nəyisə, bəlkə, kimisə tapacaq. Pozitiv düşünən insana kainat özü kömək eləyir. Necə deyərlər, neqativdən Allah da bezardı.
3)Dünyanın ən gözəl dərdidi,
Yaddaşı itirmək сəhdidi səni sevmək…
Bir az həyəcan… bir az sakitləşmək istəyidi,
Bir də gözləməyə öyrəşməkdi səni sevmək…( Rəbiqə Nazimqızı)
Əziz Rəbiqə xanım, sevgi fədakarlıqdırmı? Sevgi zamanla dəyişirmi?
-Bəli, sevgi məhz elə fədakarlıqdı. Qarşı tərəf üçün çox şeydən keçə bilmək, özün üçün ən əziz şeyləri onun üçün də istəmək, dənizin dibindən mirvari, göydən ulduz dərmək. Və ya özünün ən ağrılı anında onu gülümsəməsi üçün bir lətifə uydurmaq. Əsas şərt qarşındakının da eyni şeyi hiss etməsi, o dəyəri anlaması və o dəyərin qarşılığını verə bilməsidir. Sevgi təmənnalı fədakarlıqdı. Elə belə, yalnız sevdiyin üçün eləmirsən axı. Sevdiyinin sevincinə sən də sevinirsən, onun sevincindən xoşbəxt olursan. Ümumiyyətlə, sevmək gözəl hissdi. "İkisindən birini seç - sevmək, ya sevilmək" desələr, düşünmədən sevməyi seçərəm. Yalnız sevdiyin adam tərəfindən sevilmək insanı xoşbəxt edə bilər. Qalanı boş şeydi, eqoya çəkilən soyuq sığal kimi...
4) Əziz Şairimiz, dardüşüncəlilər təvazökarlıqdan qaçıb təkəbbürə sarılanda onlara nə söyləmək istəyərdiniz?
-Heç nə. Dardüşüncəliyə nəsə söyləmək faydasızdı, nə desən, anlamayacaq. Bu situasiyada susmağın tərəfdarıyam. Düşünürəm, elələrinə ən böyük cəza onları diqqətsiz qoymaqdı. Çünki təkəbbürlünün ən böyük istəyi kənardan diqqət çəkməkdi. Yoxmuş kimi davranırsan, mənən ölür.
5)Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.( Rəbiqə Nazimqızı)
Rəbiqə xanım özünün özünə verdiyi hansı suala hələ də cavab tapa bilmir?
-Adətən bu suallar ritorik olur. Mən cavab tapa bilmədiyim suallar üzərində düşünməyi sevmirəm. Tapmacalar əyləncə üçündü. Oyun elementidi. Ciddi şəkildə məni narahat edən sual yoxdu. Belə suallara vaxtım olmur, həmin vaxtı tapmaca oyunu oynayaram, nəinki ciddi-ciddi hansısa cavabsız sual üzərində düşünmək. Adətən cavabları bilirəm. Özümü kifayət qədər yaxşı tanıyıram və duyuram. Özümə suallarım yoxdu. Belə suallar yalnız darıxdığım anda ola bilər ki, onda da məzəli nəsə fikirləşirəm. Suallar Yaradana ola bilər. Ona da sual vermirəm. İnanıram ki, hamısının mütləq əsaslı bir cavabı var.
6) Unutmayasan deyə
şəklimi qoyaram cibinə.
Tezdi-gecdi bilmərəm –
gecəyarı zəng gələr evinə.
Tüpürə bilərəm hər şeyə...
Nəyə? – niyə sayım –
məni tanıyırsan.
Özün anlayırsan...
Mənə heç nə demə...
(Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, kişilər güclü sevir, yoxsa qadınlar? Və səbəbi?
-Məncə, sevginin cinsi olmur. Sevən elə güclü sevir. Kişi də, qadın da...
Amma hərdən mənə elə gəlir, kişilər daha gec unudurlar. Eqo məsələsidi, sevgiylə bağlılığı yoxdu.
7) Dəyərli Rəbiqə xanım, ömür adlı səyahətdə hansı “azuqə" ehtiyatımız da mütləq olmalıdır ki, gözümüz ac olmasın?
-Çətin sualdı. Bilmirəm. Məncə, bu, tərbiyə və əxlaq məsələsidi. Ailədən gəlir, almısansa, var, yoxdursa, heç vaxt da olmayacaq. Bu mənada minimalist adam sayıla bilərəm. Buna görə özümü xoşbəxt saya bilərəm.
8) Özünün istedadı olmadığı halda istedadlı birinə istedadsızsan- deyib ruhdan salanları gördükdə Rəbiqə xanım nə düşünür?
-Heç nə... Bu barədə düşünmürəm. Çox xırda məsələdi. İnsanın daxili barometri olmalıdı, intellekti olmalıdı ki, özünü və başqasını tanıya bilsin. Belədə başqasının tərifinə də, tənqidinə də çox ciddi əhəmiyyət vermirsən. Qulaq asırsan, amma səni tərpətmir. Xoşbəxtlikdən uçmursan, ya bədbəxtlikdən ölmürsən. Deyir, deyir də... O situasiyaya düşən dostlara dəstək olmağa çalışıram, amma istedadsıza nə deyim axı? Ona sözünü Allah deyib də...
9)Bir də görürsən ki, sevinc qalmayıb,
Bir də görürsən ki, hər yer gileydi.
Bir də görürsən ki, səni qınayıb,
Sən də qınayırsan: "kaş ki biləydi".
Bir də görürsən ki, sel içindəsən,
Saman çöplərini sanamaq olmur.
Bir də baxırsan ki, sən yenə təksən,
Taleyi, qisməti yamamaq olmur.
(Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, Qabriel Qarsia Markesin əsərində söylənilir ki: "Həyat belədir, talelər və yollar zənciri kəsişir və buna kimsə nəzarət edə bilməz."
Bəs Sizin özünüzü qınadığınız zamanlar olurmu?
-Olub. Amma tez keçib. Təbiətcə özümü qınayan adam deyiləm. Düşünürəm, səhv etmişəmsə, dərhal üzr istəyirəm. Peşmanlığa və özümü gecə-gündüz qınamağa enerji sərf eləmirəm. Mən insanam, robot deyiləm. Çalışıram, insan olduğumu unutmayım. Hansısa anda kiməsə bir az yanlış davrananda da dərhal üzr istəyirəm, keçir.
10) Günəş bizdən uzaq olsa da, şüası ilə, istisi ilə sığal çəkə bilir, bəs insanlar insanlıqdan uzaq düşdükdə nələr baş verir?
-İnsanlıq ölür. Ən pisi, inamın ölməsidi. İnsana, insanlığa inamın ölməsi. İçindəki işığın sönməsi. Ona görə gərək dost seçəndə, yar seçəndə, ya kiməsə etibar eləmək istəyəndə diqqətli olasan. Bu mənada Tanrı məni həmişə qoruyub. Adamları milyon ağacdan hiss edirəm.
-Əziz Rəbiqə xanım, rubrikamıza ömrünüzdən vaxt ayırdığınız üçün Sizə minnətdarıq. Digər rubrikalarımızda görüşmək ümidilə Sizə uğurlar diləyirik.
-Buyurun.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
Böyük babamın adı nədir? - ƏMİN HACILININ HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” Güneyli soydaşımız Əmin Hacılının hekayəsini və Dr. Araz Əhmədoğlunun onun nəsri barədə qeydlərini nəzərinizə çatdırır.
Yazıları redaksiyamıza Ümid Nəccari təqdim edib.
Keremi köynəyinin döşündəki barmaq izinə oxşar quşun ipini çəkməkdən çəkindiyi üçün bir həftə öncə divanın altına düşən çaxmağı yadına salıb, şalvarının ağı partlamasın deyə, donbalmazdan əyilib götürdü. Aynadakı ləkələrin arasından sağ qaşının tacındakı sınığın sol qaşında olmasından şübhələnən Səfər Çaqqalın yadına öz adı düşdü, sonra ardıca atasının adı, böyük atasının adı, sonra “Anam ölməzdən, ondan böyük böyükbabamın adını soruşmalıyam” fikri ağlının ucuna gəlib, yerini “Görəsən çaqqallar neçə il yaşayarlar?” fikrinə verdi.
Aynaya hoflayıb dondu. Köynəyinin iç qatı ilə ləkələri silməyə başladı. Pillələri çıxan qadın başmaqlarının səsi qapının dalında (arxasında) susduğu an, Səfər Çaqqal köynəyini tərsə geydiyini anladı.
“Zibilləri zibilqabıdan çıxardıb sizə ilin ən mundar zibil ödülünü verməliyəm!” fikri ilə qapını açıb eşiyə çıxdı. Pillə yolunda ayaqyalın oturan qadının yanında durub, zibillərdən tökülən tıncıxmış suyun ritmi ilə “Böyük babamın adı nə dir?” deyə soruşdu.
ÇAQQALLIQ
Əmin Hacılının ilk ədəbi nəsri
Dr. Araz Əhmədoğlu
İngilis ədəbiyyatı PhD
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əmin Hacılı sanki «şairlik»dən umudunu kəsib çağdaş düşüncənin başqalarına çatdırmağın gərçək yolunu nəsr ədəbiyyatda tapıb. O bu yolu çox fərqli böyük bir addım ilə başlayıb qısa bir hikayədə özündə olan ədəbi çıxarı inanılmaz bir səliqə ilə görgüləşdirir. Bu yaradıcılığın ən gözə çarpan görsətgəsi (nişanəsi) neçə ayrı görgünü qısa bir əsərdə bir arada gətirə bilməsi dir. Birinci görgüdə Səfər Çaqqal adlı baş karakter köynəyinin üstündəki barmaq izinə bənzər quş əkizində sökülməyə başlamış əkizin çıxmış ipinə fikir verəmək ilə görgüləndirilir. Ardıcıl olaraq bir geri işıqlandırma ilə bir həftə öncəyə qayıdıb divanın altındakı çaxmağını anımsayır. Üçüncü görgüdə aynada görkəminə göz gəzdirməkdə olan baş karakter bir daha ikinci geri işıqlandırmayla qaşının tacındakı çapığa dərin daldığına görə unutmuş adını anımsayır. Adı «Səfər Çaqqal» dır. Öz adını tapmış karakter atasıyla babasının da adlarını anımsayıb anası ölməzdən öncə dədəsinin də adını ondan örgəşməyi (öyrəşməyi) düşünür.
Hikayənin bircə arxatipi (archetype) ayna dır. İslam düşüncəsində «Hər mömin başqasının aynası» dır. Türk irfan ədəbiyyatında ayna insanı adam edib devlikdən qurtarmasının birinci aracı dır. Nizamı, Əttar, Şəbistəri, Rumi, Nəimi, Yəsəvi, Nəsimi, Aşıq Paşa, Yunus Əmrə kimi böyüklərimiz hamısı insana aynasını arındırmağı tapşırıb.
«Musa sifət ər aşıq isən, göylüvü arıt;
saf olmayacaq ayinə, didar ələ girməz.»
Yeddi il ardıcıl "New York Times"ın ən çox satılanlar düzməcəsində olan «O dörd anlaşma» bitiyində Don MiguelRuiz yazır: «Hər kəs bir ayna dır.» Bu baxışda insan, olan nə varsa, zərrəciklərinəcən özünün dəyil, onu, eləcə də bütün kainatı yaradan Allaha məxsus olduğuna inanır. İnsan öz aynasında bu gərçəyi görə bilməsə, iblis olar. Karl QustavYonqun başlatdığı analitik psikoloji (psixologiya) də bu aynanı «kölgə» adıyla tanıyır. Linda Qudmən kimi adlım yazarlar bu metodun şayırdları sayılır. Hikayənin baş karakteri, Səfər Çaqqal aynasına baxdıqca baxır. Ama nə yazıq kor gözlər aynada görmək istədiklərindən başqa heç nəyi görə bilməz.
Səfər Çaqqal sərçə kimi butadan butaya atlanan birisi dir. Öz adını anımsadıqdan sonra ata-babalarının adlarını araşdıraraq öz kimliyini axtarmaq üçün aşıqlığa (quest) çıxmaq istəyir, ancaq onun sərçəlik özəlliyi onu əsil yoldan azqınlığa sürütləyir. Heç yeri olmayan bir fikir onu ardıca çəkib aparır: «Görəsən çaqqallar neçə il yaşayarlar?» Bu durumda baş karakterin adının fəlsəfəsi üzə çıxır. Səfərin çaqqallığı azqınlığının qaynağı dır. Çaqqal hara, soy-kökə, kimliyə düşünmək hara?! Bu çaqqalcasına sorqu (sual) istər-istəməz oxucunu da ardıca sürükləyərək dördüncü görgünü canlandırır, ancaq çox qarmaşıqdır.
Səfər Çaqqal aynanın qabağındaykən beşinci görgüeşikdən, qapı dalından gələn qadın başmaqları səsi ilə yaranır. Bu görgüdə Səfər əl-ayağını itirib köynəyini tərsə geyinir. Bu karakter qadına, qadınlıq görsətgələrinə qarşı enik birisi dir. Batı (Qərb) ədəbi yanaşmalarında bu duruma “Edip kompleksi” deyilir. Bu kompleks Səfər Çaqqalda gizli olaraq var. Bugörgüdən sonra o keçmişdən qayıdıb gələcəyə gedir. Bu gediş Səfər Çaqqalın karakterində heç bir dəyişiklik yaratmadığınagörə o dəyişməz/yastı bir karakter dir. O zibilləri başqalarına «ilin ən zibil ödülü» olaraq eşiyə çıxartmaq istəyir. Başqa sözlə «it itliyini tərgitsə də, sümsünməyini tərgitməz» ata sözünün düz olduğunu görsətməyə (göstərməyə) çalışır. Bu görgüdəhikayənin ikinci karakteri, Səfər Çaqqalın hələ ölməmiş anası ayaqyalın pillə yolunda oturub. Səfərin daşıdığı zibildən tıncıxmış su damır. O suyun ritmiylə Səfər istədiyi sorqunu yol üstündə ayaqyalın oturmuş anasından soruşur. O düşüncədəki insan sanılmışların yaşamının bircə törətimi zibil dir, zibillik dir. Onların keçmişi ilə gələcəyini birləşdirən də zibilin tıncıxmış suyunun ritmi dır. Bu imgələr belə bir düşüncə yaradır: Səfər Çaqqalda olan qarmaşıq zibil düşüncələr onun keçmişindən irəli gələn zibillik dir. Bu düşüncədə düzən adlı varlıqdan heç bir iz yox dır. Bu zibillikdə analar çaqqalların ayağı altında tapdalanmış əzik varlıqlar dır. Çünki bu dağınaq düşüncələrin qurduğu uyqarlıq (mədəniyyət) zibilliyin düz özü dir.
Səfər Çaqqalların düşüncəsi köynəyini sökülməkdənqorumaq, başqa sözlə, görkəmini qoruya bilmək dir, ancaq bu hikayədə o bir işi də edə bilməkləri görünmür. Bu düşüncə ondan ötəsinə çıxa bilmədiyinə görə Dədə Qorxut bitiyində, türkün ayın düşüncəsində «tanrı haqqı» olan analar ayaq altında ayaqyalın, dəyərsiz varlığa dönüşdürülür. Ən yüksək dəyərləri dəyərsizləşmiş bir kütlənin toplusu ayaq üstə yeriyən ölülər, yaşadıqları ortam isə tam bir zibillik dir.
Bəlkə də Səfər Çaqqallardan yazmağa bu ədəbiyyat gərəkli dir. Mətn bütövlükdə sözün tam anlamında ədəbi bir mətn dir. Ama mətni yaradan sözcüklərin ortamı kənd söyləmi (discourse) dir. Bu gərçək başqa bir gərçəyi alana sürür. Yazarın çıxardan, yetənəkdən öncə daha çox oxumağa ehtiyacı var. Buna baxmayaraq Əmin Hacılını təbrik etməliyik. Günümüzə gərəkli olan ədəbiyyat baxımından demək olar yeni bir yazar dünyamıza gəlməkdə dir. Gəlişi uğurlu olsun!
20 Qorapişirən /1403 (11 İyun/2024)
Qaynaqlar
- Nəsimi, S.Ə., Divan, Düzənləyici: Bəhram Əsədi, Urmiyə: Yaz Nəşr, 2019, 1199 s.
- Ruiz D.M., O Dörd Anlaşma, Klifornia: Eymber Əlınyayınları, 1997, 91 s.
- صحيح الجامع - رقم الحديث أو الصفحة: 6655 - أخرجه البزار (6193)، والطبراني في المعجم األوسط (2114)، وابن عدي في الكامل الضعفاء فی (230/6)
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
“Yad şəhərin yuxusu” – HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalın Mənsurə Qaçayqızının hekayələrinin dərcini yekunlaşdırır. Bu gün sizlərə ““Yad şəhərin yuxusu” hekayəsi təqdim ediləcək.
Yol çantamı otaqda olan yeganə çarpayının üstünə qoyub pəncərəni açdım. Tut ağacının budaqları içəri atlandı. Bu, balaca, darısqal otağı bəzəyən yeganə gözəllik idi. Çarpayıda əyləşib otağa göz gəzdirdim. Divara vurulan mismardan asılmış ağ, ütülü kişi köynəyi diqqətimi çəkdi. Mənim köynəyə nəzər yetirməyim bayaqdan qapının ağzında dayanıb mənə baxan ev sahibəsinin gözündən qaçmadı.
– Burda qalan oğlanındı. Zəng eləmişəm, bir-iki əşyası qalıb, gəlib aparacaq.
– Burda yaşayan var? Mən bir həftəlik qalacam. Sizə “ev boşdursa, gəlim” demişdim.
Qadın çox sakit halda:
– Onsuz da gedəcəkdi. Sizin gəlməyiniz yaxşı oldu. Narahat adamdı. O gün də sahə müvəkkili onunla maraqlanırdı. Problem istəmirəm. Həm də onun hardasa qalacaq yeri var, aradabir gəlirdi bu evə.
Düzü, düşdüyüm vəziyyət ürəyimcə olmasa da, indiki halda başqa çıxış yolu görmürdüm. Bu şəhərdə bir həftəlik işlərim vardı. Ev sahibi ilə rəfiqəmin vasitəsilə danışmışdım.
– Heç nədən narahat olmayın, otağı özüm təmizləmişəm. Ürəyiniz rahat olsun. Amma sizə tövsiyəm budur ki, qapını tanımadığınız adama açmayın. Nəsə lazım olsa, zəng edərsiniz. – Ev sahibəsi bunları deyib sağollaşaraq getdi.
Masanın siyirməsini çəkdim. İçində bir-iki dərman şüşəsi, həb və şpris vardı. Dərmanlar barəsində doğru-dürüst məlumatım olmadığından yerinə qoyub masanın siyirməsini geri itələdim. Evdən gətirdiyim mələfəni çantamdan çıxarıb çarpayının üzərinə sərdim. Yol yorğunluğu aclığımı yadımdan çıxarmışdı. Çarpayıya uzandım…
Qapı aramsız döyülürdü. Yuxudan oyanıb saata baxdım: üçə on beş dəqiqə işləyirdi. Gecənin bu saatında qapının döyülməsinə qorxsam da, qız səsləri gəldiyinə görə ayağa qalxmağa məcbur oldum.
– Aç, qapını aç.
Ev sahibəsi “qapını heç kimə açma demişdi”. Buna baxmayaraq, içimdə bir səs – “bu vaxt bu qızlar çöldə qalıb necə olacaqlar” düşüncəsi beynimə hakim kəsildi və mən özümü unudub qapıya tərəf getdim.
Qapını açmağımla iki qızın otağa təpilməyi bir oldu. On beş-on altı yaşları ancaq olardı. Saçları oğlansayağı vurulmuş qızlar xalçanın üzərində əyləşib ciblərindən mobil telefon çıxardılar. Görünürdü ki, buraya nabələd deyillər. Çarpayıda əyləşib onların hərəkətlərinə baxırdım: gözləri telefonda, yazışırdılar. Qızlardan biri vaxt tapıb arada: – “Burda siz qalacaqsınız?” – deyə sual verdi.
– Bəli.
Soruşmaq istədiyim çox şey vardı. Amma nədənsə hamısı boğazımda düyünlənib qalırdı. Bu qızların taleyi, hardan gəlib, hara getdikləri və bu yaşda yaşadıqları bəlli idi… Xeyli vaxt keçdi. Qızlar hələ də telefonda yazışırdılar. Bir də baxdım ki, saat dördə işləyir və qorxu hissi mənə indi gəlir. Qəfildən qızlardan birinin telefonu əlindən düşdü – onu yuxu aparırdı. Başını xalçanın üzərinə qoyub ayaqlarını uzatdı. İlk baxışda onun bu hərəkəti bir az da vahiməli idi. O biri qız onun yuxuya getdiyini görüb telefonu söndürdü və rəfiqəsinə qısılıb yanına uzandı. Çox keçmədi ki, o da yuxuya getdi. Xəstələnməsinlər deyə, çarpayının üstündəki mələfəni götürüb qızların üstünə sərdim.
Çarpayda əyləşib qalmışdım. Səhərə kimi yata bilmədim. Qızlara baxa-baxa onların yuxudan oyanmalarını gözlədim. Zahirən heç nəyi veclərinə almayan kimi görünsələr də, gecənin soyuqluğunu hiss edib mələfəyə bürünmüşdülər.
İlk olaraq sarı saçlı qız oyandı. Bayırda dan yerinin işartıları görünürdü.
Qara saçlı qız mələfəyə bürünüb bir hissəsini burnuna çəkdi.
– Fira, yatma, oyan, tez getməliyik, ev sahibi bizi görməsin. Qalx, qalx...
Deməli, qara saçlı qıza “Fira” deyirlər. Fira qalxmaq istəməsə də, gözlərini açıb bizə baxdı və tez ayağa qalxdı. Qara, parlaq gözləri vardı. Gözəl bir təbəssümlə gülümsündü.
Sizin adınız nədir? – deyə sarı saçlı qızdan soruşdum.
– Zara. Əslində Zərinədir, “Zara” deyirlər.
– Haralısınız? – Zara məndən cəld tərpəndi.
– Bərdədən.
– A, mənim sevgilim... o da bərdəli idi. – Zaranın gözlərindən bir kədər boylandı. Hiss etdim ki, ruhən yanımızda deyil. Fikri, baxışları uzaqlara getmişdi.
– Sonra nə oldu?
– Ayrıldıq... – Gözləri dolmuşdu. – Aaa, olar sizin fendən istifadə edim? – Zara çantanın açıq gözündəki fenə baxırdı. Sanki bu alət söhbətdən qurtarmaq üçün çıxış yolu kimi düşdü əlinə. Hiss olunurdu ki, sevgilisi barədə danışmaq istəmir.
– Buyur.
Ayağa durub tez feni götürdü və güzgünün qarşısına keçib qısa saçlarına sığal çəkdi. Fira da qalxıb Zaraya yaxınlaşdı.
Güzgünün qarşısında saçlarını düzəltməyə, bəzənməyə başladılar. Qızlar bəzəndikcə hərəkətləri, danışıqları da dəyişirdi. Elə bil bayaqkı oğlan hərəkətli qızlar deyildilər. Mən isə hələ də çarpayıda əyləşib onlara baxırdım.
Bu vaxt qonşuluqda yaşayan ev sahibinin qapısı açılıb örtüldü. Qızlar narahat halda tez-tələsik özlərini qaydaya saldılar və getmək üçün qapının arxasına keçdilər. Boylanıb həyətdə adam olub-olmadığını yoxladılar. Qapıdan çıxanda Zara və Firanın minnətdarlıq hissilə baxdıqları yaddaşıma yazıldı və mən bir daha o qızları görmədim. Amma talelərinə görə narahat olduğum üçün hər yerdə gözüm onları axtardı…
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri - Nuridə İsmayılova (2-ci yer)
Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 2-ci olmuş Nuridə İsmayılovanın “Mənim balaca milçəyim” hekayəsini təqdim edəcək.
Nuridə İSMAYILOVA
MƏNİM BALACA MİLÇƏYİM
İsti yay günlərindən biri idi. Semestr imtahanlarını verib kəndə gəldikdən sonra günlərimin hamısı bir-birinə bənzər keçirdi. Səhərləri tezdən oyanır, günortaya – hava qızana qədər ev işlərində anama kömək edirdim. Günortadan sonra isə axşam sərininə qədər evdən bayıra çıxmır, kitabxanadan götürdüyüm kitablarla günümü keçirirdim.
Bir gün səhər həyəti süpürərkən küçədə bağırtı eşitdim. Adamlardan biri zəif səslə yalvarır və nələrsə vəd edir, o biri adam isə qışqıraraq onunla razılaşmırdı. Əvvəl çox da əhəmiyyət vermədim, sonra marağım mənə qalib gəldi və küçəyə çıxdım. Danışıqlardan başa düşdüm ki, acizanə şəkildə yalvaran 35-40 yaşlarında olan kişi ehtiyatsızlıq edərək öz avtomobili ilə bir maşının lap yanından keçmiş və nəticədə bu maşına bir qədər ziyan dəymişdi. Zədələnən maşının sahibi orta yaşlı bir kişi idi. Bağıraraq deyirdi:
– Ədə, mənə nağıl danışma, tez ol vurduğun ziyanın pulunu ver. Pulu verməsən, qoymaram gedəsən.
O biri isə acizanə deyirdi:
– Qardaş, başına dönərəm. Ziyanı artıqlaması ilə ödəyəcəyəm. Sən əzizlərinin canı, qoy indi gedim. Uşaq qarpızdan zəhərlənib, xəstəxanaya götürüblər. Arvad da oralarda tək. İndi mən bir evə qayıdım, bir sənə pul gətirim, gec olur axı, qurban olum. Nömrəni ver. Bu zavaldan qurtarım. Vallah, məndə borc qalmaz.
– Əşşi, mənim sənin dədənə borcum var? Hələ bir sənin kefini gözləyəcəm? Bax bu saat zəng edərəm polisə. Qaydaları da pozduğuna görə şöbədə cavab verərsən.
– Qardaş, vallah, həyəcandan, qorxudan olub. 10 ildir, maşın sürürəm, bir dəfə bir pişiyi basmamışam. Mənə 1-2 gün möhlət ver.
– Ə, sən nə çürükçü adamsan. 5-10 qəpiyimi verməkdənsə bir saatdır mənimlə çənə döyürsən...
Davamına qulaq asmadım, qayıtdım və öz-özümə dedim: “İlahi, pul insanların qəlbini necə daşlaşdırıb!”. Sonra bildim ki, oğlu zəhərlənən kişi bizim kəndin başında qalırmış. Uşağın vəziyyəti ağırlaşıb, təcili şəhər xəstəxanasına köçürsələr də, xilas etmək mümkün olmayıb...
Saat 1,2 olardı. İstilər adamı lap dilxor edirdi. Kitablarıma nəzər salanda gördüm ki, M.Füzulinin ana dilində poemaları olan cildi götürməmişəm. Tərsliyim tutdu. Qabağımdakı kitabların heç birinə meyil edə bilmədim. İnsan oğlunun adətidir axı, əlində olanı dəyərləndirmir, uzaqdakını daha çox istəyir. Kitabxanaya getmək üçün hazırlaşanda nənəmin səsini eşitdim: “Başına dönüm, aldıqlarını nə tez oxudun ki, genə gedirsən kitabxanaya. Hövsələni bas, axşam sərin düşsün, gedərsən”. Axşam kitabxananın işləmədiyini bildiyi halda, nənəmin bu sözləri deməsinə yüngülcə gülüb dedim: “Ay nənə, lazım olanı götürməmişəm”.
Deyəsən, həmin gün bəxtim ilk dəfə kitabxanada gətirdi. Orta boylu, 50-55 yaşlarında, danışığından bizim tərəflərdən olmadığı hiss olunan bir qadın həmin kitabı qaytarırdı. Odur ki, kitabxanaçının kitabı axtarmağa sərf edəcəyi vaxtı qazandım. Bu kitabı götürəcəyimi bilən qadın mehribancasına soruşdu:
– Qızım, bu cilddəki hansı əsərləri oxumusan?
– “Leyli və Məcnun”u.
Qadın mənə bərk-bərk tapşırdı ki, "Bəngü-Badə”ni mütləq oxuyum. Mən də:
– Mütləq, – dedim və sağollaşıb evə gədim. Əsəri oxumağa başladım.
Diqqətim əsərdə olduğu vaxt otaqda bir milçək peyda oldu və məni narahat etməyə başladı. Hey ya kitaba, ya əlimə qonub mane olurdu. Bu məni xeyli bezdirdi. Ürəyim də pambıq kimi yumşaqdır, bir milçəyi belə öldürməyə qıymaram. Düzdür, tam günahsız olduğumu deyə bilməyəcəm. Çünki məcbur qalıb bir neçə dəfə öldürmüşəm. Amma “qətl törətdiyim” həmin günlərdə heç özümə gələ bilməmişəm. Bəlkə, adam öldürən belə pis olmazdı. Nə isə... Yenə belə pis olmamaq üçün bu milçəyi də öldürməməyi düşündüm. Stolun üstünə qonanda stəkanla onu tutdum. Deyirəm axı, əsərə dalmışam, ayrıla bilmirəm. Ona görə düşündüm ki, oxuyub bitirənə qədər milçək “həbsdə qalsın”. Birdən dərd məni götürdü ki, bu yazığın birdən ürəyi yatar. Bu məqsədlə stəkanın içinə qənd də qoydum. Elə Buzənin Bəngə elçi getməyi hissəsini oxuyurdum ki, yenə gözüm milçəyə sataşdı. Başqa vaxt şirin şey yemək üçün özünü həlak edən milçək indi qəndə yaxın durmurdu, hey azadlığa çıxmaq üçün çırpınırdı.
Mənim həbsdəki balaca milçəyim! Sənə necə hörmət bəslədim. Bu hörmətimin nəticəsi idi ki, Buzə Bəngin süfrəsini görüb Badəyə xəyanət edəndə mən də kitabı yarımçıq qoydum və milçəyimi azad etdim. Uçub getdi. Otağa qayıdıb əsəri oxumağa davam etdim. Vay-vay! Milçəyim üçün lap darıxmağa başladım ki...
İndi də Məcun öz rəhbərinə xəyanət edir. “Demə, bu yaramazlar mənim milçəyim qədər deyilmişlər”, – bu sözləri hündürdən dediyimin heç fərqinə varmamışam, anam bu vaxt içəri girdi. Təbii ki, niyə belə dediyimi soruşdu. Kiçik bir məsələni çox böyütdüyümü düşünüb danışmadım.
Bu gün ədəbiyyatdan dərs danışacaqdım. Mövzu da “Bəngü-Badə”. Tribunada əsərlə bağlı danışmağa başlayanda başıma nə gəlsə yaxşıdır? Gördüm içəridə bir milçək var. Qovuram, yenə gəlir. Hələ də bilmirəm; doğrudan, içəridə milçək var idi, yoxsa bu, mənim balaca milçəyimin xəyalı idi?
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
AKTUAL - Yeniyetməliklə bağlı bilmədikləriniz
“Ədəbiyyat və incəsənət” portalı ailə mövzusunda aktual söhbətləri davam etdirir. Bu gün psixoloq, refleksoloq Fazilə Camalova yeniyetməliklə bağlı danışacaq.
Yeniyetməlik, uşağınızın yetkinliyə keçdiyi həyəcanlı, lakin eyni zamanda stressli dövrdür. Bu müddət ərzində bir çox sürətli dəyişikliklər və inkişaflar baş verir. Fiziki, koqnitiv və psixoloji dəyişikliklər vasitəsilə uşağınız kim olduğunu və hara aid olduğunu kəşf etməyə başlayır.
Yeniyetməlik nədir?
Yeniyetməlik uşaqlıq və yetkinlik arasında keçid dövrüdür. Yeniyetməlik dövrünə qədəm qoyan uşaqlar bədənlərində və beyinlərində çoxlu dəyişikliklər yaşayırlar. Bunlara fiziki, intellektual, psixoloji və sosial problemlər, habelə öz mənəvi hisslərinin inkişafı daxildir. Dəyişikliklər sürətlidir və tez-tez müxtəlif dərəcələrdə baş verir. Bu, bir yeniyetmənin həyatında maraqlı, lakin çətin bir dövr ola bilər. Yeniyetməlik, uşağınızın daha müstəqil olduğu və şəxsiyyətini kəşf etməyə başladığı dövrdür.
Yeniyetməlik dövrlərinə 10-14 yaş arası erkən yeniyetməlik, 15-17 yaş arası orta yeniyetməlik və 18-24 yaş arası gecikmiş yeniyetməlik daxildir. Hər bir mərhələ yeniyetmələr üçün müxtəlif çətinlikləri əhatə edir və valideynlərdən fərqli reaksiyalar gözləyir. Yeniyetmələrlə yaşadıqları dəyişikliklər haqqında açıq danışmaq hər bir valideyn üçün çətin ola bilər. Yeniyetmələrlə ünsiyyətin vacib hissəsindən biri onlara qarşıda nə gözlədiyini anlamağa kömək etməkdir. Təəccüblənməmək üçün bədənlərinin necə dəyişəcəyini izah etmək, uşağın narahatlığını yüngülləşdirə bilər. Fiziki dəyişikliklərdən əlavə, valideynlər yeniyetməlik dövründə baş verən sosial və həyat tərzi dəyişiklikləri haqqında söhbətə başlaya bilər.
Dinləmə güclü, lakin kifayət qədər qiymətləndirilməyən bir vasitədir. Valideynlər tez-tez həll yollarına yönəlirlər. Ancaq bu meylləri bir kənara qoyub, sadəcə olaraq yeniyetməni dinləmək münasibətləri gücləndirə bilər. Xüsusi və ya maraqlı suallar vermək uşağın özünü mühakimə olunduğunu hiss etdirə bilər və buna görə də açıq və doğru danışmaqdan çəkinə bilər. Diqqətlə dinləmək maraq, təsdiq və dəstək göstərir. Bu, həm də yeniyetmənin lazım olduqda valideynə etibar etməsinə imkan verir. Yaxşı dinləyici olmaq yaxınlıq və inam yaradır - eyni zamanda yeniyetmənin təcrübələrini təhlil etməyə imkan verir.
Yeniyetməlik dövründə fiziki dəyişikliklər hansılardır?
Yeniyetməlik dövründə fiziki inkişaf, yetkinlik adlanan bir proses vasitəsilə baş verən dəyişiklikləri əhatə edir. Yetkinlik dövründə uşağınızın beyni müəyyən hormonlar ifraz edir. Hormonlar uşağınızın bədəninin fiziki olaraq dəyişməsinə və cinsi orqanlarının yetişməsinə səbəb olur.
Uşağınız çox güman ki, böyümə sürəti yaşayacaq. Bu müddət ərzində onların boyu və çəkisi sürətlə böyüyəcək. Digər fiziki dəyişikliklər bədən qoxusu, sızanaq və bədən tüklərinin artması ola bilər. Əksər qızlar yeniyetmələr 10-14 yaş arasında böyümə sürətinə malikdir. Əksər yeniyetmə oğlanlarda 14 yaş arasında böyümə sürəti müşahidə oluna bilər. Bəzi fiziki dəyişikliklər hər kəsdə baş verir, lakin vaxt və sıra insandan insana dəyişə bilər. Bəzi yeniyetmələr erkən, bəziləri isə gec yetkinləşirlər. Bu spektrin hər iki ucunda olmaq, həmyaşıdları arasında fərqlənmək üçün əlavə stresə səbəb ola bilər.
Yeniyetməlik dövründə beyin inkişafı uşaqlıq dövründəkindən daha yüksək səviyyədədir. Uşaqlar yalnız konkret - burada və indi haqqında məntiqli düşünə bilirlər. Yeniyetmələr bu hüdudlardan kənara çıxırlar və yalnız həqiqət kimi gördükləri şeydən çox, nəyin doğru ola biləcəyini düşünə bilərlər.
Bu dövrdə inkişaf edən psixi xüsusiyyətlərə mücərrəd düşüncə, düşünmə bacarıqları, impuls nəzarəti, yaradıcılıq, problem həll etmə bacarıqları, qərar vermə bacarıqları aiddir.
Yeniyetməlik dövründə uşağınız duyğuları müşahidə etməyə, ölçməyə və idarə etməyə başlayacaq. Bu o deməkdir ki, onlar öz hissləri və başqalarının hissləri haqqında daha çox xəbərdar olmağa başlayacaqlar. Emosional inkişaf prosesi uşağınıza öz bacarıqlarını inkişaf etdirmək və özünəməxsus keyfiyyətlərini kəşf etmək imkanı verəcək. Başqalarının özünə inamını artırmaq üçün daha çox dəstəyə ehtiyacı ola bilər.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
ÖTƏN İL BU GÜN - Mədəniyyət Nazirliyi və Ədəbiyyat Fondu “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirdi
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət”in Ötən il bu gün rubrikası üçün bu dəfə maraqlı bir tədbiri qeyd edirəm. 2023-cü il avqustun 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Ədəbiyyat Fondu “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirmişdi. Baxaq görək bu nə dinləmədir.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin məqsədi keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsi olub.
Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun məruzəçisi olduğu tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, Elçin Hüseynbəyli, Xəyal Rza, birliyin dramaturgiya seksiyasının müdiri Firuz Mustafa, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, rejissor Adil Azay, Ultra production şirkətinin rəhbəri Pərviz Məmmədov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazarlardan Yunus Oğuz, Yaşar, Rüstəm Dastanoğlu, Kənan Hacı, Firudin Qurbansoy, Fərid Hüseyn və digərləri iştirak ediblər.
Öncə ədəbiyyatla kinonun vəhdətindən, yaxşı filmlərin çəkilməsi ilə yaxşı dramaturji materialın mövcud olması asılılığından bəhs edilib. Mədəniyyət naziri Adil Kərimlinin kinodakı durğunluğu aradan qaldırmaq üçün atdığı zəruri tədbirlərə diqqət çəkilib, kino industriyasının əvvəlki dönəmlərdə yazıçılar üçün bağlı olan qapılarının taybatay açıldığı bəyan edilib.
Daha sonra Orxan Fikrətoğlu Mədəniyyət Nazirliyinin kino siyasətini tam olaraq tədbir işçilərinə açıqlayıb.
Kino Agentliyinin yaradılması, Kino Forumunun keçirilməsi, filmlərin məhz ən yaxşılar tərəfindən çəkilməsi üçün ədaləti bərqərar etməklə müsabiqə elan edilməsi gözlə görünən əsas nəticələrdir.
Yeni kino strategiyasının ilk bəhrəsi olan müsabiqə özündə filmlərin 5 xətt üzrə maliyyələşəcəyini ehtiva edir:
-Dövlət sifarişi ilə çəkilən filmlər - ilk öncə milli-mənəvi və sənət dəyərlərinə xidmət edəcək filmlər;
-Kommersiya filmləri - daha çox gəlir əldə etməyə hesablanan, bir sözlə, “kassa filmləri”;
-Sənət filmləri (art-hauslar) –istedadlı rejissorlarımızın öz seçim və istəkləri ilə çəkdikləri, beynəlxalq kinofestivallarda təmsil olunacaq yüksək zövq filmləri;
-Debüt filmlər – gənc rejissorların debüt işləri;
-Tələbə filmləri - İncəsənət Universitetinin və digər kino təhsili verən ali məktəb tələbələrinin çəkdikləri filmlər.
Beləliklə, peşəkar və həvəskar hər bir kəs kino çəkmək şansı əldə edir.
Nəzərə çatdırılıb ki, qısa müddətdə bu müsabiqənin elan edilməsi ilə yanaşı parçalanmış və iki kinematoqrafçılar ittifaqında cəmləşən kino cameəsi birləşdirilib, “Debüt studiyası” bərpa edilib, mediasının maliyyələşdirilməsinə başlanılıb.
Bu gün Mədəniyyət Nazirliyi ən əvvəl prodüsser mərkəzlərinin çoxalmasında və təkmilləşməsində maraqlıdır. İkinci - bazarın və rəqabətin yaranmasında maraqlıdır. Seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların müəyyənləşdirilməsində maraqlıdır. Və bu sahələrdə artıq canlanma hiss edilməkdədir.
Ölkəmizdə kino festivallarının keçirilməsi ənənəvi hal alacaq. Beynəlxalq anima, doko və kiçikhəcmli filmlər festivallarını maliyyələşdirməklə mədəniyyət nazirliyi eyni zamanda ölkəmizə təşrif buyuran tanınmış əcnəbi kino mütəxəssilərini panel müzakirələrinə cəlb etmək, Azərbaycan kinosu barədə bilgiləri dövriyyəyə buraxmaq fikrindədir. Tədricən A kateqoriyalı festivallara çıxmaq, ölkədə kino pavilyonları tikmək məqsəd kimi götürülür.
Mədəniyyət Nazirliyi dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsində maraqlıdır. Hətta onları maliyyələşdirməkdə də. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60-70 faiz yerli işçilərdən – azərbaycanlı mütəxəssilərdən istifadə etsinlər. Nəticədə yeni kadrlar hazırlanacaq, hazır kadrların isə kino təcrübəsi artacaq.
Yeni kadrların hazırlanması prosesində tələbələrin xaricdə təhsil almasına önəm veriləcək, ssenaristlərin təkmilləşdirilməsində xeyli işlər görüləcək. Animasiya Akademiyası açılacaq, milli animasiya filmlərinin çəkilməsi prioritet sayılacaq.
Kinoaktyor truppası bərpa ediləcək, texniki heyət üçün hər 6 aydan bir kvalifikasiya kursları keçiriləcək, dünyanın qəbul etdiyi ən yüksək avadanlıqlarla işləyən peşəkarlar dəvət ediləcək ki, bizdəki texniki heyətə ustad dərsləri keçsinlər. Bu dərsləri mənimsəyənlər müvafiq sertifikatlar alacaqlar.
Kinoteatrlarda göstərilən əcnəbi filmlərin dublyaj keyfiyyəti məsələsi də önəm daşıyır, buna görə dublyaj studiyaları yaradılacaq, yüksək səviyyədə tərcümə mətnlərindən istifadə ediləcək.
Kinoteatrlarda Azərbaycan filmlərinin nümayişinə üstünlük veriləcək və bu filmlər üçün üstün prokat şərtləri müəyyənləşəcək.
Diskussiya şəklində davam edən tədbir olduqca səmərəli keçib.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
Məti Osmanoğludan “Gənc yazarlar üçün nəzəriyyə dərsi”
İPPOLİT TEN: “SƏNƏTDƏ İDEAL HAQQINDA”
“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyytaşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərslərini davam etdirir. Bu gün o, sizlərə İppolit Tenin “Sənətdə ideal haqqında” adlı məqaləsini tərcümə edərək təqdim edir.
Bu gün sizə məqalənin 1-ci hissəsi çatdırılacaq.
MƏDƏNİ-TARİXİ MƏKTƏB
Mədəni-tarixi məktəb təcrübi araşdırmanı həqiqi, etibarlı biliyin yeganə mənbəyi kimi müəyyən edən pozivitizm təliminin təsiri altında yaranıb. Bu məktəbin formalaşmasına alman maarifçilərinin və romantiklərinin millət haqqında fikirləri, O.Kontun pozitivizm görüşləri, Sent-Bövün bioqrafik metodu, Fransa romantik tarixşünaslığı, eləcə də Hegelin tarixi fəlsəfəsi təsir göstərmişdir.
Mədəni-tarixi məktəbin nümayəndələri bədii yaradıcılığın subyektiv xüsusiyyətini inkar etmədən yaradıcılığın mənşəyinin, eləcə də təkamülünün izahı üçün konkret milli və ictimai mühitlə bağlı faktların təhlilini əsas götürürdülər. Bu, onları idealist başlanğıca əsaslanan romantiklərdən fərqləndirən başlıca xüsusiyyət idi. Mədəni-tarixi məktəb təmsilçilərinin mövqeyi belə idi ki, bədii əsər mühitin ümumi vəziyyəti və əxlaqı çərçivəsində yaranır və ona yarandığı dövrü özündə əks etdirən sənəd kimi baxılmalıdır.
Mədəni-tarixi məktəbin əsas prinsiplərini fransız alimi İppolit Ten sistemləşdirmişdir. Onun “İngilis ədəbiyyatı tarixi” əsərinin müqəddiməsində, həmçinin “Sənətin fəlsəfəsi” əsərində mədəni-tarixi metodun nəzəri əsasları aydın və sistemli şəkildə şərh edilmişdir.
İ.Ten fərdi və bənzərsiz mədəniyyət hadisələrinin xaosunu tam əhatə edən vahid düstur tapmağa çalışırdı. Bu düsturu əldə etmək üçün o, sənətdəki dəyişikliklərin sosial ehtiyaclardan, həyatdan, adətlərdən və ideyalardakı dəyişikliklərdən asılı olduğu fikrini irəli sürmüşdü. O, sənəti ictimai bütövün ayrılmaz tərkib hissəsi hesab edir və diqqəti konkret tarixi dövrdə, konkret milli ənənələr çərçivəsində sənətin orijinallığını şərtləndirən sosial amillər üzərində cəmləşdirməyə cəhd göstərirdi. İ.Ten sənət əsərini müəyyən inkişaf mərhələsində xalqın sosial psixologiyasının ifadəsi hesab edirdi.
Onun fikrincə, yazıçıya təkcə cəmiyyət və reallığın empirik tərəfləri deyil, həm də bəzi ilkin bioloji amillər təsir göstərir. O, sənətin orijinallığını şərtləndirən üç amil müəyyənləşdirmişdi: irq, mühit və məqam.
Onun fikrincə, irq anadangəlmə, irsi meyildir, dünyaya insanla birlikdə gəlir və insanın xasiyyətini, eləcə də fiziki bədən quruluşunu müxtəlif xalqlara xas xüsusiyyətlər ilə fərqləndirir. Mühit insanın dünyaya gəldiyi iqlim, məkan və sosial şəraitdir. Məqam isə “millətin öz inkişafında çatdığı sürətdir”. Buraya dövrün, zəmanənin xüsusiyyətləri, “xarici və daxili güclərin birgə işinin məhsulu” kimi irqin mühitə uyğunlaşması, sintezi daxildir.
Mədəni-tarixi metodun tərəfdarları Fransada F.Bryuneter, P.Lakomb, J.Renar; Almaniyada K.Lamprext, G.Gettner, "genetik metod"un müəllifi Şerer; İtaliyada F.de Sanktis; İspaniyada M.Menendesi-Pelayo hesab edilir. Danimarkalı tənqidçi Georq Brandes mədəni-tarixi məktəbin, Sent-Bövün bioqrafik metodunun əsasında müstəqil “tarixi-psixoloji” metodu yaratmışdır. Onun “XIX əsr Avropa ədəbiyyatında əsas cərəyanlar” əsəri bu metoda əsaslanır.
Mədəni-tarixi məktəb naturalizmin formalaşmasına təsir göstərmişdir, naturalizmin tərəfdarları xüsusilə mühitin fərdə təsiri məsələsinə daha çox diqqət yetirirdilər.
Fəlsəfənin və filoloji fikrin inkişafına ciddi təsiri olan mədəni-tarixi məktəb tənqiddən də kənarda qalmayıb. Fransız yazıçısı Qustav Flober bu metoddan bəhs edərkən əsərin yaranmasına səbəb olan mühitin, müəyyən nəticələrə gətirib çıxaran səbəblərin “çox incə təhlil edildiyini” göstərməklə bərabər, şüuraltı poetikanın, kompozisiya, üslub fərqliliyinin, müəllif fərdiyyətinin kənarda qaldığına diqqət yönəldirdi...
İppolit TEN
SƏNƏTDƏ İDEAL HAQQINDA
(Sent-Bövə həsr olunur)
Bu araşdırmanın mövzusu və metodu. – İdeal sözünün mənası.
Sizinlə haqqında bəhs edəcəyim mövzu, belə görünür ki, yalnız poeziya üçün keçərlidir. İdealdan danışanda qəlbin, ruhun dili ilə danışırlar; o zaman fikir ən doğma hissi ifadə edən gözəl, qeyri-müəyyən bir xəyal ilə dolu olur; o yalnız pıçıltı ilə, təmkinli bir şövqlə ifadə olunur; əgər bu barədə ucadan, hamının eşidəcəyi səslə danışırlarsa, deməli, bu, şeirdəki ideal deyil, hansısa kantatadır; xoşbəxtlikdən, göylərdən, məhəbbətdən söhbət gedəndə dua edəndə olduğu kimi, ona ancaq barmaqların ucu ilə və ya qolları bir-birinə çarpaz bağlayaraq toxunurlar. Bizə gəlincə, öz adətimiz üzrə, onu təbiətşünaslar kimi metodik qaydada, təhlil yolu ilə araşdırmağa başlayacaq və hər hansı bir odanın deyil, qanunun üzərinə gəlməyə çalışacağıq.
Birincisi, ideal sözünü qrammatik cəhətdən izah etmək asandır, onu dərk etmək lazımdır. Bədii yaradıcılığın... tərifini xatırlayaq. Dedik ki, sənət əsəri hansısa əsas və ya görkəmli xarakteri gerçək predmetlərdə göründüyündən daha dolğun və aydın şəkildə göstərmək məqsədi daşıyır. Bunun üçün sənətkar özündə həmin xarakterin ideyasını yaradır və ideyaya uyğun olaraq gerçək predmeti dəyişdirir. Bu əsasda dəyişdirilən predmet ideyaya uyğunlaşır, başqa sözlə, ideal olur. Beləliklə, sənətkar şeyləri öz ideyasına uyğun olaraq dəyişdirəndə onlar realdan ideala keçir; sənətkar onları öz ideyasına uyğun olaraq o zaman dəyişdirir ki, onlarda hansısa xüsusi nəzərə çarpan xarakter olduğunu anlayır və həmin xarakteri digərlərindən ayıraraq göz önünə daha yaxın gətirir və ona daha çox üstün məna verir. Bunun üçün predmetlərin hissələrinin təbii əlaqəsini sistematik şəkildə dəyişdirir.
I
Bütün xarakterlər eyni dərəcədə dəyərlidir. – Məntiqi əsaslar. – Tarixi əsaslar. – Eyni hekayənin müxtəlif üsullarla işlənməsi. – Ədəbiyyatda xəsis, ata, oynaş tipləri. – Rəssamlıqda rəsmlər: Rembrandt və Veronezin İsa Emmausda rəsmi, Rafael və Rubensin, Leda Leonardo da Vinçinin, Mikelancelo və Korrecionun mifoloji rəsmləri. – Bütün əhəmiyyətli xarakterlərin qeyd-şərtsiz dəyəri.
Sənətkarın öz obrazlarında ifadə etdiyi ideyalar arasında nisbətən yüksək olanları varmı? Onlarda başqaları ilə müqayisədə daha yaxşı bir xarakter göstərmək olarmı? Hər bir predmet üçün elə bir məlum ideal forma varmı ki, onun xaricində hər şey məqsəddən yayınmağa və ya səhvə çevrilir? Müxtəlif sənət əsərlərinin yerlərini və ya kiçikdən-böyüyə dərəcələrini müəyyən edən tabelilik qanununu aşkar etmək mümkündürmü?
İlk baxışdan elə görünür ki, yox; tapdığımız tərif, deyəsən, bu cür araşdırmaların yolunu kəsir; bizi belə bir fikrə yönəldir ki, bütün sənət əsərləri bir-biri ilə eyni səviyyədədir və burada fərdi sərbəstlik üçün kifayət qədər imkan var. Əslində, predmet, ümumiyyətlə, ideyaya uyğun gələn yeganə predmet olmaq üçün ideal hala gələndən sonra onun nə olduğunun fərqi yoxdur, seçim tamamilə sənətkardan asılıdır: o bu və ya digər predmeti öz istəyinə uyğun olaraq seçəcək, burada etiraz etməyə yer yoxdur. Eyni süjet bu və ya digər şəkildə tamamilə əks mövqelərdən işlənə bilər və ya nəhayət, iki ifrat vəziyyət arasındakı bütün yollarla verilə bilər. Üstəlik, burada tarix məntiqlə vəhdətdədir və bu nəzəriyyə bilavasitə faktlarla dəstəklənir. Müxtəlif əsrlərə, müxtəlif xalqlara, müxtəlif məktəblərə baxın. Tayfasına, ruhuna, tərbiyəsinə görə bir-birindən fərqli olan sənətkarlar eyni predmetə heyrətlənirlər: hər biri ona öz nöqteyi-nəzərindən baxır, hər biri onda hansısa yeni xarakter hiss edir, hər biri onun özünəməxsus anlayışını formalaşdırır və bu anlayış, yeni sənət əsərində təcəssüm tapmış bu ideya birdən-birə ideal formalar qalereyasında yeni, nəfis bir əsər ucaldır, lap elə Olimpdə yeni bir tanrı ucalan kimi. Plavt zavallı Evklionu səhnəyə gətirdi; Molyer yenə eyni xarakteri aldı və zəngin tacir olan xəsis Qarpaqonu yaratdı. İki əsr sonra, artıq axmaq və bihörmət deyil, əksinə, nəhəng və müzəffər xəsis, Balzakın əli altında Qrandenin atasına çevrildi və eyni xəsis öz əyalətindən paytaxta köçürüldü, parisli, kosmopolit və şair-akomodator oldu, eyni tipli sələmçi Qobseki yenidən Balzaka yetirdi. Nankor uşaqlarından inciyən atanın vəziyyəti eynilə Sofoklun Kolondakı Edipini, Şekspirin kral Lirini və Balzakın Qorio atasını xatırladır. Bütün romanlar və bütün teatr tamaşaları bir-birinə vurulan və evliliyə can atan cavan oğlanı və qızı təqdim edir; lakin bu cütlük Şekspirdən Dikkensə, Madam de Lafayetedən Jorj Sanda qədər necə də müxtəlif simaların uçurumunda peyda olur! Deməli, sevgililər, atalar, xəsislər, ümumiyyətlə, bütün böyük tiplər daim yenilənə bilir; onlar durmadan indiyə qədər də dəyişiblər, gələcəkdə də dəyişəcəklər: şərtilik və ənənə hüdudlarından kənara çıxaraq icad etmək - əsl dahi şəxsiyyətin əsl əlaməti, yeganə şöhrəti və necə deyərlər, boynuna düşən vəzifəsi də elə budur.
Əgər ədəbi əsərlərdən sonra plastika sənətinə nəzər salsaq, bu və ya digər xarakteri sərbəst seçmək hüququ burada daha da möhkəmlənəcək. Yevangelist və ya mifoloji bir neçə sima və səhnə istənilən böyük sənət məktəbinin süjetini, demək olar ki, təkbaşına verib, rəssamın seçim azadlığı burada həm əsərlərin müxtəlifliyində, həm də qazanılan böyük uğurda aydın görünür. Biz birini digərinin ayağına verməyə, bir mükəmməl əsəri digər mükəmməl əsərdən üstün tutmağa cəsarət etmirik, biz Veronezdən çox Rembrandta, ya da Rembrandtdan çox Veronezə üstünlük verməliyik deməyə cəsarət etmirik. Baxın, onların arasında necə böyük təzad var!..
... Onlardan hansına üstünlük vermək olar? Burada hansı xarakter daha yüksəkdir? Dolub daşan xoşbəxtliyin valehedici lütfü, qürurlu enerjinin faciəvi əzəməti, yoxsa kəskin ağıl və incə rəğbətin dərinliyi? Bunların hər biri insan təbiətinin hansısa mühüm tərəfinə və ya bəşəriyyətin inkişafının hansısa vacib məqamına uyğundur. Xoşbəxtlik və kədər, sağlam ağıl və mistik sayıqlama, fəal güc və ya zərif həssaslıq, narahat düşüncənin yüksək zirvələri və heyvani sevincin geniş azğınlığı - həyatda bütün həlledici, aydın yolların öz qiyməti var. Bütün əsrlər və bütün xalqlar var gücü ilə onları Allahın nuruna tutmağa çalışdılar; tarixdə görünənlər sənətin siyahısında yenidən canlandırılır (ümumiləşdirilir) və təbiətin müxtəlif canlıları, onların quruluşu və instinktləri öz yerlərini dünyada, öz izahını isə elmdə tapdığı kimi, insan təxəyyülünün yaratdıqları da, hansı prinsiplərlə və hansı istiqamətdən yaradıldığından asılı olmayaraq, tənqidin rəğbətində bəraət qazanır və öz yerini sənətdə tapır.
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
İnancın ağırlığına bax - YUMORESKA
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Uşaqlarla maşından yenicə düşürdük ki, ortayaşlı, təxminən, 40-dan artıq yaşı olan bir şəxs bizə yaxınlaşdı...
-Ağır Seyidəm, mənə 1-2 manat lazımdı, - söylədi...
Uşaqlarla əvvəlcə bir-birlərimizə baxdıq. Kimdə pulun olub olmadığı barəsində soruşduq. Uşaqlar üst-başlarını axtarır, pul tapıb verməyə çalışırdılar. Mənsə hadisəni tam olaraq dərk etmədiyimdən beynimdə fikir və suallar dolaşırdı.
"Niyə pul verməliyik ?","Pul vermək üçün mütləq ki, Seyid olmalı idi, özü də ağır ?!","Seyid olduğunu deməsəydi belə onsuz da əl açıb pul istəsəydi, ona pul verəcəkdik".
Sonunda biz ona 2 manat tapıb verə bildik. O isə bunun qarşılığında "əlavə heç nə yoxdu ?" sualını verdi.
Uşaqlardan biri işlədiyindən dedi ki, "mən filan yerdə işləyirəm, axşam gələrsən, nə qədər istəsən pul verərəm".
Bundan sonra o getdi.
Bizim cəmiyyətin müəyyən bir hissəsinin təfəkkürü, psixologiyası fərqli yöndən inkişaf etdiyinə görə həmin şəxsin bizə qarşı etdiyi bir növ "mədəni soyğun" xarakteri daşıyırdı. Amerikan filmlərinə baxmısınızsa orda da soyğun bir növ bu şəkildədir.
"Bu soyğundur ! Əllər yuxarı ! Tez pulları verin !".
Sadəcə, bir fərq var. Orda pulu silahla alırlar, burda isə sözlə. Nə qədər ki, öz psixoloji, dünyəvi və mədəni inkişafımıza nail olmayacağıq bu və bu kimi hallar hər tində, hər küçədə, hər evdə təkrarlanacaqdır.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)
Bu gün Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Dalğalan, ay-ulduzlu, al qırmızı Türkiyə bayrağı. Türk dünyasının birlik rəmzi! 1936-cı ilin Avqustu! Türkün var olan günü!
Türkiyə Cümhuriyyətinin şanlı tarixində bir çox önəmli gün və bayramlar var. Bunlardan biri 30 avqust Zəfər bayramıdır. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qəti mübarizə aparmış, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçmiş və onların uğrunda ölümdirim savaşına qalxmışdır. Bu savaşlar gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə tarixə yeni səhifələr yazmışdır. Bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır.
O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.
Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd olunan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qutlanıb. Rəsmi olaraq Zəfər bayramı 1936- ci ilin may ayında elan olunub.
Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur. 30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir. Bu gün Türkiyə, Kıbrıs ilə yanaşı, çiyin-çiyinə qardaş Azərbaycan da Zəfər bayramını böyük sevinc hissilə qeyd edir.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)