Məti Osmanoğludan “Gənc yazarlar üçün nəzəriyyə dərsi” Featured

İPPOLİT TEN: “SƏNƏTDƏ İDEAL HAQQINDA”

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyytaşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərslərini davam etdirir. Bu gün o, sizlərə İppolit Tenin “Sənətdə ideal haqqında” adlı məqaləsini tərcümə edərək təqdim edir.

Bu gün sizə məqalənin 1-ci hissəsi çatdırılacaq.

 

 

 

MƏDƏNİ-TARİXİ MƏKTƏB

 

Mədəni-tarixi məktəb təcrübi araşdırmanı həqiqi, etibarlı biliyin yeganə mənbəyi kimi müəyyən edən pozivitizm təliminin təsiri altında yaranıb. Bu məktəbin formalaşmasına alman maarifçilərinin və romantiklərinin millət haqqında fikirləri, O.Kontun pozitivizm görüşləri, Sent-Bövün bioqrafik metodu, Fransa romantik tarixşünaslığı, eləcə də Hegelin tarixi fəlsəfəsi təsir göstərmişdir.

Mədəni-tarixi məktəbin nümayəndələri bədii yaradıcılığın subyektiv xüsusiyyətini inkar etmədən yaradıcılığın mənşəyinin, eləcə də təkamülünün izahı üçün konkret milli və ictimai mühitlə bağlı faktların təhlilini əsas götürürdülər. Bu, onları  idealist başlanğıca əsaslanan romantiklərdən fərqləndirən başlıca xüsusiyyət idi. Mədəni-tarixi məktəb təmsilçilərinin mövqeyi belə idi ki, bədii əsər mühitin ümumi vəziyyəti və əxlaqı çərçivəsində yaranır və ona yarandığı dövrü özündə əks etdirən sənəd kimi baxılmalıdır.

Mədəni-tarixi məktəbin əsas prinsiplərini fransız alimi İppolit Ten sistemləşdirmişdir.  Onun “İngilis ədəbiyyatı tarixi” əsərinin müqəddiməsində, həmçinin “Sənətin fəlsəfəsi” əsərində mədəni-tarixi metodun nəzəri əsasları aydın və sistemli şəkildə şərh edilmişdir.

İ.Ten fərdi və bənzərsiz mədəniyyət hadisələrinin xaosunu tam əhatə edən vahid düstur tapmağa çalışırdı. Bu düsturu əldə etmək üçün o, sənətdəki dəyişikliklərin sosial ehtiyaclardan, həyatdan, adətlərdən və ideyalardakı dəyişikliklərdən asılı olduğu fikrini irəli sürmüşdü. O, sənəti ictimai bütövün ayrılmaz tərkib hissəsi hesab edir və diqqəti konkret tarixi dövrdə, konkret milli ənənələr çərçivəsində sənətin orijinallığını şərtləndirən sosial amillər üzərində cəmləşdirməyə cəhd göstərirdi. İ.Ten sənət əsərini müəyyən inkişaf mərhələsində xalqın sosial psixologiyasının ifadəsi hesab edirdi.

Onun fikrincə, yazıçıya təkcə cəmiyyət və reallığın empirik tərəfləri deyil, həm də bəzi ilkin bioloji amillər təsir göstərir. O, sənətin orijinallığını şərtləndirən üç amil müəyyənləşdirmişdi: irq, mühit və məqam.

 

Onun fikrincə, irq anadangəlmə, irsi meyildir, dünyaya insanla birlikdə gəlir və insanın xasiyyətini, eləcə də fiziki bədən quruluşunu müxtəlif xalqlara xas xüsusiyyətlər ilə fərqləndirir. Mühit insanın dünyaya gəldiyi iqlim, məkan və sosial şəraitdir. Məqam isə “millətin öz inkişafında çatdığı sürətdir”. Buraya dövrün, zəmanənin xüsusiyyətləri, “xarici və daxili güclərin birgə işinin məhsulu” kimi  irqin mühitə uyğunlaşması, sintezi daxildir. 

Mədəni-tarixi metodun tərəfdarları Fransada F.Bryuneter, P.Lakomb, J.Renar; Almaniyada K.Lamprext, G.Gettner, "genetik metod"un müəllifi Şerer; İtaliyada F.de Sanktis; İspaniyada M.Menendesi-Pelayo hesab edilir. Danimarkalı tənqidçi Georq Brandes mədəni-tarixi məktəbin, Sent-Bövün bioqrafik metodunun əsasında müstəqil “tarixi-psixoloji” metodu yaratmışdır. Onun “XIX əsr Avropa ədəbiyyatında əsas cərəyanlar” əsəri bu metoda əsaslanır.

Mədəni-tarixi məktəb naturalizmin formalaşmasına təsir göstərmişdir, naturalizmin tərəfdarları xüsusilə mühitin fərdə təsiri məsələsinə daha çox diqqət yetirirdilər.

Fəlsəfənin və filoloji fikrin inkişafına ciddi təsiri olan mədəni-tarixi məktəb tənqiddən də kənarda qalmayıb. Fransız yazıçısı Qustav  Flober bu metoddan bəhs edərkən əsərin yaranmasına səbəb olan mühitin, müəyyən nəticələrə gətirib çıxaran səbəblərin “çox incə təhlil edildiyini” göstərməklə bərabər, şüuraltı poetikanın, kompozisiya, üslub fərqliliyinin, müəllif fərdiyyətinin kənarda qaldığına diqqət yönəldirdi...

 

 

İppolit TEN

 

 

SƏNƏTDƏ İDEAL HAQQINDA

(Sent-Bövə həsr olunur)

 

Bu araşdırmanın mövzusu və metodu. – İdeal sözünün mənası.

 

Sizinlə haqqında bəhs edəcəyim mövzu, belə görünür  ki, yalnız poeziya üçün keçərlidir. İdealdan danışanda qəlbin, ruhun dili ilə danışırlar; o zaman fikir ən doğma hissi ifadə edən gözəl, qeyri-müəyyən bir xəyal ilə dolu olur; o yalnız pıçıltı ilə, təmkinli bir şövqlə ifadə olunur; əgər bu barədə ucadan, hamının eşidəcəyi səslə danışırlarsa, deməli, bu, şeirdəki ideal deyil, hansısa kantatadır; xoşbəxtlikdən, göylərdən, məhəbbətdən söhbət gedəndə dua edəndə olduğu kimi, ona ancaq barmaqların ucu ilə və ya qolları bir-birinə çarpaz bağlayaraq toxunurlar. Bizə gəlincə, öz adətimiz üzrə, onu təbiətşünaslar kimi metodik qaydada, təhlil yolu ilə araşdırmağa başlayacaq və hər hansı bir odanın deyil, qanunun üzərinə gəlməyə çalışacağıq.

Birincisi, ideal sözünü qrammatik cəhətdən izah etmək asandır, onu dərk etmək lazımdır. Bədii yaradıcılığın... tərifini xatırlayaq. Dedik ki, sənət əsəri hansısa əsas və ya görkəmli xarakteri gerçək predmetlərdə göründüyündən daha dolğun və aydın şəkildə göstərmək məqsədi daşıyır. Bunun üçün sənətkar özündə həmin xarakterin ideyasını yaradır və ideyaya uyğun olaraq gerçək predmeti dəyişdirir. Bu əsasda dəyişdirilən predmet ideyaya uyğunlaşır, başqa sözlə, ideal olur. Beləliklə, sənətkar şeyləri öz ideyasına uyğun olaraq dəyişdirəndə onlar realdan ideala keçir; sənətkar onları öz ideyasına uyğun olaraq o zaman dəyişdirir ki, onlarda hansısa xüsusi nəzərə çarpan xarakter olduğunu anlayır və həmin xarakteri digərlərindən ayıraraq göz önünə daha yaxın gətirir və ona daha çox üstün məna verir. Bunun üçün predmetlərin hissələrinin təbii əlaqəsini sistematik şəkildə dəyişdirir.

 

I

Bütün xarakterlər eyni dərəcədə dəyərlidir. Məntiqi əsaslar. Tarixi əsaslar. Eyni hekayənin müxtəlif üsullarla işlənməsi. Ədəbiyyatda xəsis, ata, oynaş tipləri. Rəssamlıqda rəsmlər: Rembrandt və Veronezin İsa Emmausda rəsmi, Rafael və Rubensin, Leda Leonardo da Vinçinin, Mikelancelo və Korrecionun mifoloji rəsmləri. Bütün əhəmiyyətli xarakterlərin qeyd-şərtsiz dəyəri.

Sənətkarın öz obrazlarında ifadə etdiyi ideyalar arasında nisbətən yüksək olanları varmı? Onlarda başqaları ilə müqayisədə daha yaxşı bir xarakter göstərmək olarmı? Hər bir predmet üçün elə bir məlum ideal forma varmı ki, onun xaricində hər şey məqsəddən yayınmağa və ya səhvə çevrilir? Müxtəlif sənət əsərlərinin yerlərini və ya kiçikdən-böyüyə dərəcələrini müəyyən edən tabelilik qanununu aşkar etmək mümkündürmü?

İlk baxışdan elə görünür ki, yox; tapdığımız tərif, deyəsən, bu cür araşdırmaların yolunu kəsir; bizi belə bir fikrə yönəldir ki, bütün sənət əsərləri bir-biri ilə eyni səviyyədədir və burada fərdi sərbəstlik üçün kifayət qədər imkan var. Əslində, predmet, ümumiyyətlə, ideyaya uyğun gələn yeganə predmet olmaq üçün ideal hala gələndən sonra onun nə olduğunun fərqi yoxdur, seçim tamamilə sənətkardan asılıdır: o bu və ya digər predmeti öz istəyinə uyğun olaraq seçəcək, burada etiraz etməyə yer yoxdur. Eyni süjet bu və ya digər şəkildə tamamilə əks mövqelərdən işlənə bilər və ya nəhayət, iki ifrat vəziyyət arasındakı bütün yollarla verilə bilər. Üstəlik, burada tarix məntiqlə vəhdətdədir və bu nəzəriyyə bilavasitə faktlarla dəstəklənir. Müxtəlif əsrlərə, müxtəlif xalqlara, müxtəlif məktəblərə baxın. Tayfasına, ruhuna, tərbiyəsinə görə bir-birindən fərqli olan sənətkarlar eyni predmetə heyrətlənirlər: hər biri ona öz nöqteyi-nəzərindən baxır, hər biri onda hansısa yeni xarakter hiss edir, hər biri onun özünəməxsus anlayışını formalaşdırır və bu anlayış, yeni sənət əsərində təcəssüm tapmış bu ideya birdən-birə ideal formalar qalereyasında yeni, nəfis bir əsər ucaldır, lap elə Olimpdə yeni bir tanrı ucalan kimi. Plavt zavallı Evklionu səhnəyə gətirdi; Molyer yenə eyni xarakteri aldı və zəngin tacir olan xəsis Qarpaqonu yaratdı. İki əsr sonra, artıq axmaq və bihörmət deyil, əksinə, nəhəng və müzəffər xəsis, Balzakın əli altında Qrandenin atasına çevrildi və eyni xəsis öz əyalətindən paytaxta köçürüldü, parisli, kosmopolit və şair-akomodator oldu, eyni tipli sələmçi Qobseki yenidən Balzaka yetirdi. Nankor uşaqlarından inciyən atanın vəziyyəti eynilə Sofoklun Kolondakı Edipini, Şekspirin kral Lirini və Balzakın Qorio atasını xatırladır. Bütün romanlar və bütün teatr tamaşaları bir-birinə vurulan və evliliyə can atan cavan oğlanı və qızı təqdim edir; lakin bu cütlük Şekspirdən Dikkensə, Madam de Lafayetedən Jorj Sanda qədər necə də müxtəlif simaların uçurumunda peyda olur! Deməli, sevgililər, atalar, xəsislər, ümumiyyətlə, bütün böyük tiplər daim yenilənə bilir; onlar durmadan indiyə qədər də dəyişiblər, gələcəkdə də dəyişəcəklər: şərtilik və ənənə hüdudlarından kənara çıxaraq icad etmək -  əsl dahi şəxsiyyətin əsl əlaməti, yeganə şöhrəti və necə deyərlər, boynuna düşən vəzifəsi də elə budur.

Əgər ədəbi əsərlərdən sonra plastika sənətinə nəzər salsaq, bu və ya digər xarakteri sərbəst seçmək hüququ burada daha da möhkəmlənəcək. Yevangelist və ya mifoloji bir neçə sima və səhnə istənilən böyük sənət məktəbinin süjetini, demək olar ki, təkbaşına verib, rəssamın seçim azadlığı burada həm əsərlərin müxtəlifliyində, həm də qazanılan böyük uğurda aydın görünür. Biz birini digərinin ayağına verməyə, bir mükəmməl əsəri digər mükəmməl əsərdən üstün tutmağa cəsarət etmirik, biz Veronezdən çox Rembrandta, ya da Rembrandtdan çox Veronezə üstünlük verməliyik deməyə cəsarət etmirik. Baxın, onların arasında necə böyük təzad var!..

... Onlardan hansına üstünlük vermək olar? Burada hansı xarakter daha yüksəkdir? Dolub daşan xoşbəxtliyin valehedici lütfü, qürurlu enerjinin faciəvi əzəməti, yoxsa kəskin ağıl və incə rəğbətin dərinliyi? Bunların hər biri insan təbiətinin hansısa mühüm tərəfinə və ya bəşəriyyətin inkişafının hansısa vacib məqamına uyğundur. Xoşbəxtlik və kədər, sağlam ağıl və mistik sayıqlama, fəal güc və ya zərif həssaslıq, narahat düşüncənin yüksək zirvələri və heyvani sevincin geniş azğınlığı - həyatda bütün həlledici, aydın yolların öz qiyməti var. Bütün əsrlər və bütün xalqlar var gücü ilə onları Allahın nuruna tutmağa çalışdılar; tarixdə görünənlər sənətin siyahısında yenidən canlandırılır (ümumiləşdirilir) və təbiətin müxtəlif canlıları, onların quruluşu və instinktləri  öz yerlərini dünyada, öz izahını isə elmdə tapdığı kimi, insan təxəyyülünün yaratdıqları da, hansı prinsiplərlə və hansı istiqamətdən yaradıldığından asılı olmayaraq, tənqidin rəğbətində bəraət qazanır və öz yerini sənətdə tapır.

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.