Super User
23 yaşın möcüzəsi - GİOVABNİ BERNİNİ
Təqdim edir: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Bu əsəri yaradanda o, 23 yaşında idi, cəmi 23.
Söhbət heykəltəraş Giovanni Lorenzo Berninidən və onun bu möhtəşəm "Proserpinanın qaçırılması" heykəlindən gedir. 23 yaşında bunun üzərində işləməyə başlamış Giovanni 1622-ci ildə 24 yaşında işini tamamlamışdı.
Onun haqqında belə deyirdilər: "Şekspir dramaturgiya üçün nədirsə, Bernini heykəltəraşlıq üçün odu."
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
İnsanlığın ölmüş heykəlini dünyaya göstərən reportyor
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Atası onu hərbçi, anası isə həkim görmək istəyirdi. O isə Azərbaycanın ilk DJ-i kimi tanındı. Həkim olsa da, qanitirmədən dünyasını dəyişdi döyüş meydanında. Bax, eləcə əlində kamerayla.
20 Yanvar hadisələrini lentə alan yeganə operator kimi qaldı yaddaşlarda. Qarabağ haqqında 18 sənədli film çəkən Çingiz Mustafayev təkcə reportyor yox, həm də əsgər idi. Xocalı faciəsi haqqında ilk filmi çəkdi. 4 il nişanlı qalsa da, yarım qalmış tale yolu, bəlkə də, görünürdü deyə atdı nişanını. Adına zirvə verildi və 2000-ci ildə fəth olundu Şahdağdakı 4062 metrlik “Çingiz zirvəsi”.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.
Laçın dəhlizindəki emosional çıxışı ilə qaldı xatirələrimizdə. O, Xocalıda qar üstündə donub qalmış qız uşağını qucağına qaldırıb dünyaya göstərdi. İnsanlığın ölmüş heykəlini bütün dünyaya göstərən Çingiz Mustafayev indi sağ olsaydı minlərlə ölən günahsız insanların qanı ilə ağarıb ağ günə çıxan Qarabağı azad görərdi. Xarıbülbülün əsarət rəmzindən qurtulub cəsarət rəmzinə çevrildiyini görərdi.
İndi vurulduğun torpaqda necə də şirin yuxuya getmisən Çingiz. Rahat uyu, səssiz uyu, sakit uyu, Qarabağ azaddır!
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri - Nurlanə Şirinova (3-cü yer)
Xatırlayırsınızsa, ötən il görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
İlk olaraq “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 3-cü olmuş Nurlanə Şirinovanın “Bir həyatın xülasəsi” hekayəsini təqdim edəcək.
Nurlanə ŞİRİNOVA
BİR HƏYATIN XÜLASƏSİ
Gözləri yumulu idi. Ətrafında ağlaşma səslərini eşidirdi, lakin reaksiya verə bilmirdi.
Qollarını qaldırmaq istədi, amma tərpənə bilmədi.
Səslər getdikcə daha da qarışırdı. İndi eşitdiyi, sadəcə, uğultu idi.
Sonra içində olduğu qaranlıq birdən aydınlandı. Qabağında bir işıq gördü, sürətlə o işığa tərəf çəkilirdi. İşıq onun ətrafına yayıldı və hər yer ağappaq oldu.
***
“Uşaqlar, Novruz bayramı ilə bağlı qiraət yarışı keçiriləcək. Qoşulmaq istəyənlər adını yazdırsınlar”- Müəllim bunu deyib dərsə başladı.
Cəlal o vaxt gənc idi, 14-15 yaşı olardı. Bu xəbəri eşidən kimi yerindən dikəldi.
“Qiraət yarışı...” – deyə düşündü. Novruz bayramı, baharın gəlişi, təbiətin oyanışı insanların həyatına yenilik, canlanma gətirir. Novruzda küsülülər barışır, insanlar bir masanın ətrafına toplaşaraq bayram sevincini bölüşürlər.
Cəlal bunları düşünərkən dostunun səsi onu xəyallarından ayırdı:
– Qoşulacaqsan?
– Necə?
– Deyirəm, qoşulacaqsan yarışa?
– Əlbəttə. Məncə, sən də qoşul.
– Yox, hara qoşuluram?! O sənsən e, yazasan, pozasan, yaradasan...
Ağlına gələn ilk xatirə bu olmuşdu. Məktəb illəri... Necə şirin vaxtlar idi. Cəlal elə uşaqlıqdan yaşıdları arasında seçilirdi. Kim bilərdi ki, Gəncənin bir tərəfində boy atan istedad gələcəkdə milyonların qəlbinə yol tapacaq.
***
1928. Darülmüəllimi bitirməsini, son dərs gününü xatırladı. Cəlal həmin ildən sonra bədii yaradıcılığa başlamışdı. O həm də şeirlər yazırdı. Yazdıqları müəllimləri, yoldaşları tərəfindən rəğbətlə qarşılanırdı.
***
1940. Yaş 32. Çap evinin qarşısında durub gülümsəyir. O indi xoşbəxtdir, çünki “Bir gəncin manifesti” romanı ilk dəfə çapdan çıxıb.
“Gəl, ey gözlədiyim xilaskarım, gəl!
Ey azad həyatım, ilk baharım, gəl!”
Ürəyindən bu misraları keçirir, romandakı obrazları xəyalında canlandırırdı. Mir Cəlal bu romanı yazarkən çox müşahidə aparmış, dövrün qüvvətli, iradəli, mübariz gənclərinin timsalında Mərdan obrazını yaratmışdı. Sarsılmaz Sona... Zəhmətkeş Azərbaycan qadını...
Xatirələr gözünün önünə gəldikcə qəlbi fəxarətlə dolurdu.
– İtə ataram, yada satmaram!
– Oxudun? – Cəlal sevinc dolu təəccüblə dostuna çevrildi. Çapdan bir həftə keçmişdi.
– Doğrusu, lap əntiqə yazmısan! Sənin bacaracağını bilirdim, amma bu qədər də gözləmirdim.
Sonralar bir çox ədiblər bu əsər haqqında fikirlərini bildirmiş, roman oxucular tərəfindən bəyənilmişdi.
“Bədii təfəkkürlə elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə təkrarolunmaz bir vüsət və qüvvət vermiş, onun hər iki sahədəki böyük uğurlarının əsası olmuşdur”.
Mir Cəlal romanları, povestləri, hekayələriylə neçə-neçə insana ilham oldu, yol göstərdi.
Sonra Püstə ilə olan xatirələri yadına düşdü. “Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb tapmalı”, – deyirdi Mir Cəlal.
“Püstə... Sən mənim dünyam idin. Amma heyif, artıq həyatda deyiləm... Kim bilir, bəlkə, bir gün dünyanın bir ucunda kitablarımı oxuyanda məni, səni xatırlayarlar, Sonanı anlayar, Baharı unutmazlar...”
Başını yuxarı qaldırdı. Xatirələr zehnində canlandıqca onu düşüncələrə qərq edirdi. Sonra qabağına bir az əvvəl gördüyü işıq çıxdı. İşığın o tərəfindən nəğmə səsi gəlirdi. Diqqətlə qulaq asdıqda bunun anasının laylası olduğunu xatırladı.
İşığa bir az da yaxınlaşdı.
Birdən hər yer bəmbəyaz oldu...
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
“Bığ” - YUMORESKA
Coşqun Xəliloğlu, “Ədəbiyyat və incəsənət” üçün
Pirməmməd bir müddət idi ki kənddə bərbər işləyirdi. Adəti üzrə nahar fasiləsində elə iş yerindəcə çörəyini yeyir, bəzən qazancı yaxşı olanda yüz qram da araq vururdu. Bir gün naharda həddini aşır, yüz qram dönür olur iki yüz, üç yüz.. Bir də baxır görür ki, yarımlitrlik butulka tamam boşalıb. Elə oturduğu yerdəcə yuxuya gedir. Nə qədər yatdığını, bilmir.
-Salam, Pirməmməd.
Səsə oyanıb gözünü çətinliklə açır. Gələn suçu Nurağa idi. Fağır, dilsiz-ağızsız, mağmın, həmişə üz-gözündən yorğunluq yağan Nurağa ayda bir dəfə, bəzən iki ayda bir dəfə Pirməmmədin qəbuluna gəlir, başını-üzünü qırxdırıb gedirdi. Nurağanın mağmınlığının səbəbini danışıb vaxtınızı almaq istəmirəm. Amma nə vaxtsa bunun barəsində danışaram.
Pirməmməd çətinliklə yuxudan ayılıb müştərinin salamını başı ilə alaraq elə başıyla da ona oturmaq üçün işarə edir. “Badamlı“ butulkasına doldurulmuş su ilə üz-gözünü isladır, azca özünə gəlir. Bir az çətin olsa da xeyli vaxt sərf edərək Pirməmməd yarıxylu halda gündəlik işinin bu dəfə də öhdəsindən gəlir. Pulunu alır və Nurağa da “Allah köməyin olsun.” -deyib ona təşəkkürünü bildirir.
***
Nurağagil kəndin o başında yaşayırdılar. Evə çatanda artıq axşam düşmüşdü. Badamgül ərini görcək deyir:
-Bıy, başıma xeyir, a kişi, bığını niyə qırxdırmısan?
Nurağa əlini bığına atır, yalnız indi onun qırxıldığını başa düşür. Yazıq Nurağa həmin gecə Badamgülün uzun-uzadı deyinmələrinə əsəbiliklə dözməli olur.
Səhər açılır. Nurağa hirslə Pirməmmədin yanına gedir.
-Ay Pirməmməd, mənim bığımı niyə qırxmısan?
Pirməməd işi başa düşür və dərhal vəziyyətdən çıxmağa çalışır:
-Nə danışırsan, sən dünən gələndə də bığın yox idi.
-A kişi, bığımı sən qırxmısan.
-Sən mənə, nə qədər verdin?
-5 manat.
-Nurağa, özün də ağsaqqal kişisən. Hamı yaxşı bilir ki, mən başı, saqqalı, bığı bir yerdə qırxanda 7 manat, başla saqqalı qırxanda 5 manat alıram. Əgər bığını qırxsaydım 7 manat verməliydin. Bığını qırxmışamsa, tez gətir 2 manatı da ver, sonra danışaq.
Yazıq Nurağa Pirməmmədə deməyə söz tapmır və gəldiyi kimi də geri qayıdır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
Quşların sevgisi haqqında heyrətamiz faktlar
“Ən çox oxunan” rubrikasının növbətçisi Könül bu xəbərin aylar öncə getdiyini, lakin hazırda yenidən paylaşıldığını qeyd edir və Reytinqdə ən çox adının hallanmasını əsas gətirib onu “Ədəbiyyat və incəsənət” oxucuları üçün də əlçatan edir.
Mənbə: The Guardian
Çin və Almaniyadan olan ornitoloqlar 200-dən çox quş növünün davranışını təhlil edərək sensasiyalı açıqlamalar veriblər. Məlum olub ki, quşlar arasında “uzaq məsafədən sevgini” dəstəkləməyənlər və “xəyanəti bağışlamayanlar” var, dişi quş buna görə öz cütündən ayrıla bilər.
Elm adamlarının sözlərinə görə, monoqam quşların 90%-i ən azı bir cütləşmə mövsümü üçün bir quşla yaşayır. Bunlar arasında “nümunəvi ailə başçısı” roluna tab gətirməyib, hələ də “başqalarına baxanlar” da olur. Belə olanda öz yuvasına gedən yol onun üçün əbədi olaraq bağlanır.
Alimlər “xəyanət”in daha çox erkəklərdə müşahidə olunduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu “xəyanəti” aşkar edən dişi erkəyi “bağışlamır” və “xəyanətkarı” özündən uzaqlaşdıraraq “boşanır”.
Bəli, bu halları ilə quşlar canlıların ən alisi olan insanlarla eyniləşirlər.
Ən maraqlısı isə, dişilərin “xəyanətinə” bu cür cavab verilməməsidir, onlara xəyanət etmək olar sən demə. Bax burda isə quşlar insanların tam ziddinə gedirlər.
Alimlər həmçinin daha uzun miqrasiya məsafəsi olan növlərin ayrılma nisbətinin daha yüksək olduğunu aşkar ediblər.
Dünyanın nə qəribə işləri var imiş.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Bəxtiyar Nizaminin “Tənhalıq Tanrıdan başlayır” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.
Bəxtiyar Nizami
Təbriz
Tənhalıq Tanrıdan başlayır
Otağının içində bütün əşyaların
Hiss edir yoxluğunu,
Qatarlar daşıdıqca qurtarmır sonsuz yolculuq
Dəmir yolunun ortasında
Birisi qulağına pıçıldayır dünya fəlsəfəsini
Şeir fəlsəfəsini,
Şairlər, filosoflardır dəmirlər dünyasında.
Şeir tanrının yuxusunu yaşayır
Şairlər görür
Yazdıqca
Əriyirsən,
Əriyirsən,
Arzularını
Bethovenin üçüncü simfoniya trajedisində
Görmürsən.
Sən kimsən?! Nəçisən ey insan!
Kitabların kolleksiyasında varlığın danışır
Tarixində qılınc çarpışmalarında,
Barot qoxusu var azadlığın üçün
Azadlığını çalanlar çörəyini təhlükəyə sala bilər
Hələ də
Varlığında
Məqsədsiz gedirsən,
Oturduğun qatarda
Arxanca bir cüt göz
Gizlicə içinə ağlayır
Tanrı diskinir,
Qatar dayanır
Son müsafir düşür.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
GƏLİN UNUTMAYAQ! - Tanınmış teatr xadimi, müğənni və şair Əli Əliyev
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” , Oğuz bölməsi
Əli Əliyev 1940-cı ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini Yaqublu kənd natamam orta məktəbdə almışdır. Orta təhsilini isə Oğuz şəhərindəki orta məktəbdə başa vurmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra xanəndiliyə başlamışdır. Xeyli toy məclisləri keçirmiş, onlarla toya “ağalıq” etmişdir. Dəfələrlə müxtəlif müsabiqə və festivallarda iştirak etmişdir.
Sonralar Oğuz şəhərinə köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır.
1968 – 1973-cü illərdə o vaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır. Sonra Moskvada Beynəlxalq Teatr İnstitutunda təhsilini davam etdirmişdi.
1968-ci ildə muğam festivalının qalibi olmuş, diplomla təltif edilmiş, həmin ildən milli televiziyanın “Gənclik” ansamblının üzvü olmuşdur.
Oğuz Rayon Mədəniyyət evində həm direktor, həm də rejissor vəzifələrində çalışmışdır. Burada işlədiyi müddətdə İ. Əfəndiyevin “Bahar suları”, Ü. Hacəbəyovun “Arşın mal alan”, A. Məmmədovun “Həmyerlilər”, S. Qədirzadənin “Şirinbala bal yığır”, G. Xuqayevin “Elbrus evlənir” və s. əsərləri tamaşaya qoymuş və baş rolların ifaçısı olmuşdur. 1971-ci ildə teatra “Xalq teatrı” statusunun verilməsində onun da böyük əməyi olmuşdur.
1975 – 1980-cı illərdə Şəki Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləmişdir. Burada tanınmış aktyorlarla (V. Abbasov, N.Bilalov, C. Novruzov, H. Atakişiyev və b.) birlikdə işləməsi ona zəngin iş təcrübəsi qazandırmışdır. 1984-cü ildə teatrın Moskva qastrolunda iştirak etmişdir.
1985-ci ildən başlayaraq Oğuz rayon Xalq Teatrında rejissor vəzifəsində yaradıcılığını davam etdirmişdir.
Müntəzəm olaraq şeir yaradıcılığı ilə məşğul olmuşdur. Şeirləri “Azərbaycan gəncləri” və “Oğuz yurdu” qəzetlərində çap olunmuşdur.
2012-ci ildə vəfat etmişdir. Ruhu şad olsun.
Ə.Əliyevin bir neçə şeirini oxucularımızın diqqətinə təqdim edirik.
Bir oğul itirmişəm
(Şəhid T.Oğuza həsr olunmuşdur)
Bir oğul itirmişəm,
Dəyanət mücəssəməsi.
Bir oğul itirmişəm,
Qəlbi Nuhun gəmisi!
Bir oğul itirmişəm,
Koroğlu timsalıdır.
Bir oğul itirmişəm,
Azadlıq amalıdır!
Bir oğul itirmişəm,
Yüz oğula bərabər,
Keçərdi şirin candan,
Vətən əmr etsə əgər!
Bir oğul itirmişəm,
Qarabağ torpağında.
Bir oğul itimişəm,
Azadlıq sorağında!
Verən varmı ilahi,
Bu igiddən bir soraq,
Gecə-gündüz gəzəcəm
Əlimdi hisli çıraq!
Hara tələsirik, görəsən, belə !?
Bu dünyanın əzabı çox, dərdi çox,
Xeyir azdır, saysan, əgər şərdi çox.
Ömür adlı bir karvanım olub yox,
Hara tələsirik, görəsən, belə?
Qanad açıb səmalarda uçuruq,
Çox sirləri çalışırıq açırıq.
Çiyində cənazə yenə qaçırıq,
Hara tələsirik, görəsən, belə?
Ha yığırıq doymayır heç gözümüz,
Ölməmişdən hazır olur bezimiz.
Qəbri də qazırıq bəzən özümüz,
Hara tələsirik görəsən belə?
Hamı gedir bu dünyadan, bilirik,
Bəs nə üçün bu cahana gəlirik ?
Şah da olsaq, axırda ki, ölürük,
Hara tələsirik görəsən belə?
A dərdin alım
Bilirəm yanında günahkaram mən,
Keç bu günahımdan, a dərdin alım.
Axı mən bəxtsizin ən əzizisən,
Keç bu günahımdan, a dərdin alım.
Həyat yaman çətin, mürəkkəb olub,
Ömür bağçamdakı güllərim solub.
Ümidim, gümanım bir sənə qalıb,
Keç bu günahımdan, a dərdin alım.
Vüsal deyib ömrün boyu ağladım,
Aşıb-daşıb sular kimi çağladım.
Layiqmidir ürəyimi dağladım?
Keç bu günahımdan, a dərdin alım.
İnciyərəm üzə vurma olanı,
Görüm zəlil olsun ara vuranı.
And yeriçün qoy gətirim Quranı,
Keç günahımdan, a dərdin alım.
Əliyəm, bu sirrə qalmışam naçar,
Bir yandan bağlayan, bir yandan açar.
Səndən özgə kimə harayım çatar?
Keç bu günahımdan, a dərdin alim.
Bilmirəm
Səndən ayrılanı dərd məni üzür,
Bu nə sirdir ki, bilə bilmirəm.
Xəyalın qəlbimdə, fikrin beynimdə,
İstərəm ki, silim, silə bilmirəm.
Göydə ulduz olub hey sayrışırsan,
Xəyalən gah küsüb, gah barışırsan.
Yuxumda da sən mənlə danışırsan,
Amma nə faydası dinə bilmirəm.
Sevincimi alıb qəsd eyləmisən,
Kədəri sən mənə dost eyləmisən.
Vəd verib vüsala, məct eyləmisən,
Bu məstlik hardandır, yenə bilmirəm.
Nə qədər kədərə düçar olmuşam,
Bunu qana-qana naçar qalmışam.
Sənin alovundan qaçar olmuşam,
Amma qaçammıram, dana bilmirəm.
Ağlaya bilmirəm
(Qarabağ hadisələrinə həsr olunmuşdu)
Bulud tək Xəzərdən mən yüklənmişəm,
Ağlaya bilmirəm, donub qalmışam.
Axı niyə, qardaş, mən təklənmişəm.
Mən ki, talamayıb, hey talanmışam.
Ağlaya bilmirəm axı nədəndir,
Elə bil quruyub gözümün yaşı.
Mənim qoruduğum təkcə Vətəndir,
Nəyimə gərəkdir özgənin daşı.
Hər dərdə dözməyə gücüm çatardı,
Vətən qızlarımız əsr olmasa.
Koroğlu məzarda rahat yatardı,
Qarabağ bağları vaxtsız solmasa.
Ağlaya bilməmək yəqin qeyrətdən,
Babalardan bizə bir yadigardır.
Ayılın, igidlər, durun qəflətdən,
Bizə örnək olan Xətai vardır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
“Gülgəzi” – QAFAR CƏFƏRLİNİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə AYB Lənkəran bölməsinə rəhbərlik edən Qafar Cəfərlinin “Gülgəzi” adlı hekayəsini təqdim edilir.
Müğənninin səsi Məşəbilənin canına yağ kimi yayılırdı:
“Bağa girdim üzümə,
tikan batdı dizimə.
Əyildim çıxarmağa,
yar sataşdı gözümə”.
Musiqinin ahənginə uyğun olsa da, Məşəbilənin yaşına uyuşmayan əl-qol hərəkətləri, çiyin oynatması, arada ayaqlarını çarpazlayıb sürətli dönüşü həmişə olduğu kimi, yenə də məclis əhlinin gur alqışları ilə müşayiət olundu. Gülgəzin onun üzünə zillənib əynindəki uzunqol paltarın biləyinə kimi örtdüyü əllərini havada oynatması, gözlərini nazla süzüb, ilıq bir təbəssümlə gülməsi, arada başından açılıb boynuna tərəf sürüşən örpəyini ani bir hərəkətlə alnına kimi dartması və yenidən əda ilə rəqsinə davam etməsi də hamının ürəyinə yatırdı. Bu zaman alqışların Məşəbiləyə və ya Gülgəzə aid olmasını ayırd etmək çətin idi.
Məşəbilənin centlmensayağı Gülgəzin əlindən tutub oturduğu stula kimi müşayiət etməsi də hər dəfə olduğu kimi, yenə məclisdəkilərin gülüşü və alqışına səbəb oldu.
Gülgəz gözlərinin ədası ilə tərəfmüqabilinə minnətdarlıq edib yerində oturdu. Məşəbilə isə masa başına keçən kimi artıq stəkana süzülmüş növbəti yüz qram arağı başına çəkdi, özündən razı halda məclisdəkiləri seyr etməyə başladı...
Məşəbilənin əsl adının Qüdrət olduğunu öz yaşıdlarından başqa kənddə çox az adam bilirdi. Hələ məktəb illərində dostlarının əzizləmə formasında “bilə” – deyə onu çağırmaları Qüdrətin də ürəyinə yatırdı. Toy mağarında böyük kişilərin olduğu həmin vaxtlarda Qüdrət kimi uşaqlar çadırın kənarında, qaranlıq bir yerdə sümüklərinə düşən havalara o ki var oynamağa adət etmişdilər. Çox sayda kənd uşaqları rəqs etməyi elə bu sayaq oynamaqla öyrənmişdilər. Onların arasında Qüdrət xüsusi olaraq seçilirdi. Qüdrəti başqalarından fərqləndirən bir qəribə cəhəti də elə uşaq yaşlarından “Gülgəzi” havasına daha şövqlə oynaması idi. Tay-tuşları bu rəqsin qocafəndi olduğunu ona dəfələrlə başa salmağa çalışmışdılar. Amma xeyri yox idi, Qüdrət deyilənləri qəbul etmir, üstəlik, bu havaya olan sevgidən hər dəfə öz rəqsinə yeni əlavələr edirdi.
Qüdrət cavan yaşlarında, hətta qohumu Xədicə ilə evlənib ailə quranda da, tək övladı olan Sonanı gəlin köçürəndə də elə bu havaya oynamışdı. Qızının toyunda rəqs etməyinin digərlərindən fərqi həmin vaxtı qeyri-iradi kövrəlməsi, bir neçə damcı göz yaşının çənəsinə doğru üzüaşağı axması olmuşdu. Amma bunun sevinc göz yaşı olduğunu qızının qulağına pıçıldaması ilə həm özü, həm də qızı məmnun qalmışdı.
Sövet hökumətinin dağılması hamı kimi Qüdrətin də həyatında izsiz keçmədi. Sovxoz torpaqları pay kimi kənd camaatına paylandıqdan sonra orta ixtisas təhsilli aqronom olan Qüdrət də işsiz qaldı. O vaxtlar yaşı qırx beşi haqlamışdı. Ən azından yaşamaq üçün Qüdrət bir yol axtarmağa məcbur idi. Çıxış yolunu bir neçə il əvvəl aldığı “07” markalı “Jiquli” avtomobili ilə adam daşımaqda ğördü. O zamanlar bu avtomobilə “Sovetin Mersedesi” deyilirdi. Qüdrətin gündəlik işi hər gün bir-iki reys edib kimlərisə kənddən şəhərə aparmaq oldu. Bu cür çətin həyata birtəhər öyrəşməyə çalışırdı. Və öyrəşdi də. Öyrəşdiyi həm də adı kimi çağrılan “Bilə”yə “Məşə” sözünün əlavə olması idi. Bu söz dostlarının təkidi ilə gəzməyə getdiyi İranın Məşhəd şəhərindən geri dönəndən sonra adının üstündə qaldı.
Artıq toy məclislərində Məşəbilənin “Gülgəzi” havasına oynamasını bilməyən az musiqiçi tapılardı.
Məşəbiləni kənddə hamı xoşrəftar, həm də tamahsız, gözü-könlü tox biri kimi tanıyırdı. Son günə kimi heç kimə zəhmət haqqı olaraq veriləcək pulun məbləğini dilinə gətirməmişdi. Kişilər qız-gəlini, arvad-uşağı ona etibar edirdilər. Hamı bilirdi ki, Məşəbilə maşını səliqə ilə sürüb adamı sağ-salamat mənzil başına çatdıracaq. Amma...
Onun bir gün bu işdən birdəfəlik uzaqlaşması çox gözlənilməz oldu. Adamlar həm kədərləndilər, üzüldülər, həm də çox təəssüf etdilər. Kənd sakinləri onu və düşdüyü vəziyyəti uzun müddət kədərlə, yaxınları isə göz yaşı ilə xatırladılar. Həmin dəhşətli gündə Məşəbilə avtomobil qəzasına düşmüşdü. Qəzada öz Xədicəsi və qonşu arvad dünya ilə vidalaşdı. Faciə, dərd, kədər, itki, üstəlik də Məşəbilə buna görə ömrünün beş ilini dörd divar arasında keçirməli oldu.
Azadlığa qovuşanda Məşəbilənin yaşı keçmiş, təqaüdə bir neçə ili qalmışdı. Daha əvvəlki halı, əvvəlki şuxluğu yox idi. Amma oynamaq – rəqs etmək vərdişindən də əl çəkə bilmirdi. Heç getdiyi məclisdəkilər də onu rahat qoymurdular. Ondan xəbərsiz “Gülgəzi”ni çaldırır, durub gözləyirdilər. Məşəbilə qeyri-ixtiyarı yerindən dikəlirdi. Oynamağa başlayanda yüz, oturanda isə ikinci yüzü vurub rumkanı kənara itələyirdi. Və bunu da hər kəs yaxşı bilir, daha bir “yüz” vurmasını heç kəs təkid etmirdi.
Türmə həyatından sonra Məşəbilənin əhvalından, əyin-başından, tör-töküntüsündən, səliqəsizliyindən, ən azı ütüsüz şalvar-köynəyindən, bulaşıq boyunluğundan onun çətinliklər içində yaşadığını görmək, bilmək, hiss etmək mümkün idi. Və artıq bunu kənddə onu tanıyan hər kəs bilir və danışırdı. Qızı və bir-iki yaxın dostu Məşəbilənin evlənməsinə təkid edib çətinliklə olsa da, onu razı sala bildilər. Amma eşidib sevinənlər “gəlin”in adını biləndən sonra bir o qədər təəccübləndilər. Məşəbilənin namizədi qonşu kənddə yaşayan Gülgəz adlı qarımış qız idi. Gülgəz onun sinif yoldaşı, həm də gənclik dostu Xəlilin bacısı idi. Xəlil Birinci Qarabağ müharibəsində şəhid olandan sonra Gülgəz uzun illər yorğan-döşəyə möhtac qalan anasının qulluğunu tutduğundan ərə getməmişdi. Yəqin ki, bu barədə heç düşünməyə vaxtı belə olmamışdı.
Məşəbilə ildə bir neçə dəfə dostunun ailəsinə baş çəkər, hər gedişi və apardığı pay-puşla onları yad edərdi. Gülgəzin adını eşidənlər Məşəbilənin ömrü boyu bu adda rəqs havasına olan sonsuz sevgisinə başqa bir səbəb tapmağa belə cəhd etmədilər. Hamı Gülgəzin onun gənclik segisi olduğunu sübut etməyə çalışırdı. Məşəbilənin özü də arada bu deyilənlərə gülümsəyir, həqiqət kimi qəbul etmək istəyirdi. Amma Gülgəzə olan sevgisinin belə tez, özü də bu cür olacağına isə heç özü də inana bilmirdi. Sonralar aylar ötdü, il dolandı, Gülgəz ona nəinki yeni həyat yoldaşı, çox çətinliklə dünyaya gətirdiyi tək oğlunun da anası oldu. Üstəlik, o həm də “Gülgəzi” havasına da əsl sahib çıxdı. Məşəbilənin məclisdə qollarını açması ilə Gülgəzi öz qarşısında görməsi bir olardı və onların ətrafa sevgi saçan gözlərlə, bir-birinə məhrəm baxışlarla rəqs etmələri məclisin ən yaddaqalan və günlərlə bitib-tükənməyən sözü-söhbəti olardı.
...Hər şey hamı üçün gözlənilməz oldu.
Məşəbilənin ilk həkim müayinəsinə getməsi, bir müddət xəstəxanada yatması, sonra öz xahişi ilə illərin xatirələrini özündə yaşadan doğma ocağına dönməsi və günlərin birində isə bir əli atasının adını yaşadan oğlu Məmmədin, o biri əli onu bütün varlığı ilə sevən, on dörd il onu öz “uşağı” kimi əzizləyən Gülgəzin əlində bu dünyaya əlvida deməsi heç bir ay çəkmədi.
...Bütün məclis həyəcan içində idi. Uşaqlı-böyüklü hər kəs yerindən dikəlib müsiqiçilərin oturduğu yuxarı başa boylanırdılar. “Gülgəzi” havası çalınırdı. Son il yarım ərzində kənd əhlinin eşitmədiyi bu hava hamını təsirləndirmişdi. Tədricən hamı ayağa qalxmağa başladı. Amma kimsə rəqs etməyə cürət etmirdi. Məşəbilənin yoxluğunu bilsələr də, sanki hər kəs möcüzə gözləyirdi.
Gənc müğənninin səsi isə şadlıq sarayını başına götürmüşdü:
“Bağa girdim üzümə,
tikan batdı dizimə.
Əyildim çıxarmağa,
yar sataşdı gözümə”.
Sonra baş verənləri məclis əhli heyrət içində izlədi.
Əri Məşəbilənin ölümündən keçən il yarım ərzində ilk dəfə baldızı nəvəsinin toyuna gələn Gülgəz arvad birdən irəli çıxdı, qol götürüb rəqs etməyə başladı. Elə gözəl rəqs etdi ki, hamı biixtiyar əl çalmağa, onu alqışlamağa məcbur oldu. Bir azdan məclis büsbütün alqışlara qərq oldu. Gülgəz əvvəlkitək ədalı baxışlarla biləyinə kimi örtülü əllərini xüsusi bir zərifliklə çiyinləri bərabərində oynadır, gözlərini qırpmadan qarşısındakı məchul nöqtəyə baxır, sanki qarşısındakı “Məşəbiləni” süzür, arada isə boynuna düşən örpəyi cəld hərəkətlə alnına kimi dartıb nazlana-nazlana dövrə vururdu. Əvvəlki vaxtlarda heç olmayan isə örpəyin tam örtə bilmədiyi ağ saçları və yanaqlarında şırım açan göz yaşları idi.
Məclis əhlinin yenidən və daha gur alqışları isə doqquz yaşlı Məmmədin eynən atası kimi oynamağına ünvanlanmışdı.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
Şəhidlər barədə şeirlər - Elməddin Həsrətov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Elməddin Həsrətov
Elməddin Həsrətov 21 may 1997-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində dünyaya göz açmışdır. Subay idi.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elməddin hərbi xidmət müddəti bitəndə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Həsrətov 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Həsrətov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Nəticədə Elməddin Həsrətovun nəşi 26 iyun 2021-ci ildə tapılmış və 27 iyun tarixində Goranboy rayonunun Qarasuçu kəndində dəfn olunmuşdur.
Vətən vətəndə itməz,
Şəhidlər vətəndilər,
Vətənin can ağrısın,
Canında çəkəndilər.
Hamımız can deyirik,
Yurdun azadlığına.
Şəhidlərsə qan tökür,
Vətənin sağlığına.
Sən də şirin canını,
Vətənə fəda etdin,
Bütün arzularına,
Əbədi vida etdin.
Bəlkə, ən böyük arzun,
Şəhidlik olub sənin,
Dönməzlik, qəhrəmanlıq,
İgidlik olub sənin.
Necə olub bilmirəm.
And içirəm torpağa.
Bircə onu bilirəm.
Sən müqəddəs bayrağı,
Sancmısan Qarabağa.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Natiq Rəsulzadə, “Hifz et və bağışla”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
NATİQ RƏSULZADƏ, Xalq yazıçısı
HİFZ ET VƏ BAĞIŞLA
(hekayə)
«Səhər saat 4-də, ölümündən yarım saat əvvəl cismən sаğlаm, xasiyyətcə son dərəcə dinc adam olan Tarıverdiyev yuxuda özünü at üstündə, əlində sıyrılmış qılınc hücuma keçən yerdə görürdü, onu da görürdü ki, ağaclıqda gizlənmiş snayper düz onun gözlərinin içinə baxır və bircə saniyə sonra onun atdığı güllə ürəyinə sancılacaq. Elə həmin anda güllənin ürəyini necə parçaladığını hiss etdi, köksündə dəhşətli ağrı duydu, ağlından keçən ani, ürkək fikrinə rəğmən də ağrı azalmaqdansa daha da güclənir, artaraq bütün bədəninə yayılırdı. Qorxu və soyuq tər içində yuxudan oyandı, özünü saxlaya bilməyib yatağı islatdı, yanında yatan arvadını səsləmək istədi, əvəzində sakitcə xırıldadı, soyumaqda olan əlləri ilə boğazından yapışdı, kəskin ağrıdan yatağa mıxlanmış kimi, tərpənməyə halı qalmasa da, gücünü itirə-itirə, ağzı ilə havanı udub nəfəs almağa çalışdı... Beşin yarısıda Tarıverdiyev həyata vida etdi».
Hekayənin təxmini başlanğıcını beləcə yazıb, təkrar oxudu və yersiz sözü valideynlərin gözündən yayındırmaq istəyən uşaqlar kimi səliqə ilə, cidd-cəhdlə yazılanları göy mürəkkəblə qaralamağa başladı, sonra dayandı, laqeydliklə kağızı əzdi və iri yazı masasının bir küncünə atdı. Xeyli müddət bükük, bəyaz, qalın kağızın asta xışıltı ilə bacardığı qədər düzəlib canlanmaq cəhdinə tamaşa etdi. Pəncərələrdən o yana gecə idi, dərin bir gecə, gecə... Şəhərin bu nüfuzlu hissəsində, gecələr çox nadir hallarda maşınlar ötüşərdi və pəncərə altından keçən donmuş küçə də nəsə çox yad, təcrid olunmuş görünərdi. Ona elə gəldi ki, artıq dünyada yoxdur. Bu fikirdən diksinsə də düşüncələrini sona çatdırmağa çalışdı və müəyyən dərəcədə buna nail də oldu. Qorxdu - axı, dünyanı özündən ayrı təsəvvür etmək demək olar ki, mümkün deyil, bu, həyat deyil, cəfəngiyyat və qarma- qarışıqlıqdır, nə isə tamamilə qaranlıq, öyrənilməmiş bir şeydir.
Qeyri-müəyyənlik isə həmişə vahimə doğurur. Yox, yox, o, gərəksiz, faydasız şeylər haqqında düşünməyəcək, çünki işləmək lazımdır, fıkrini işə yönəltməlidir, çoxdandır heç nə yazmayıb. O, fikrini cəmləşdirməyi bacarırdı. Qırx illik yazıçı təcrübəsi özünü ələ alıb işləmək həvəsi yaratmağı öyrətmişdi ona, son illər məişət qayğıları və boş, mənasız vurnuxmalar başını qatsa da, birdən yadına düşürdü ki, çoxdandır əlinə qələm almır, bu zaman peşəkarlığı karına gəlirdi. Yazıçı vicdanının oyandığı anlardan biri də bu gecənin payına düşmüşdü. O, özünün peşəkar yazıçı adını saxlamağa çalışırdı, lakin bu barədə inadla düşündüyü və özünü bu işə vadar etdiyi üçün heç nə alınmırdı, qəlbində sözlə ifadə olunmayacaq, deyilməmiş xoş bir şey oyanmırdı və masanın üstündə və altında yarısı qaralanmış əzik-üzük kağızların sayı çoxalırdı. Iş getmirdi ki getmirdi.
Yazıçı Manafov haqqına yaxşı nasir sayılırdı və altmış dörd illik həyatında çox şeyə nail olmuşdu: ədəbi mükafatlar, fəxri adlar, onlarla kitab, ssenarisinə çəkilmiş filmlər, şan-şöhrət və sair, hə, bircə dəqiqə...
Otağın qapısı səssizcə aralandı, lakin nə isə yazmaq cəhdinin uğursuzluğa düçar olmasından əsəbləri gərilmiş Manafovun qulağı səsi aldı və hirslə açıq qapınm qaralan boşluğunda solğun kölgə kimi dayanmış arvadına sarı döndü. Gözü ağır, yeknəsəq zəng çalıb səhər saat dördü göstərən iri divarboyu saata sataşdı, Manafovun alınmamış hekayəsinin qəhrəmanının məqsədi bilinməyən süvari hücumüna keçdiyi vaxt idi. Saat yazıçının ilboyu davam etmiş və ölkənin müxtəlif müəssisə və təşkilatlarında qeyd edilmiş yubiley tədbirlərindən birində hədiyyə edilmişdi. Manafov arvadına elə baxdı ki, elə bil təhlükəsizlik komitəsinin köhnə əməkdaşı Dzerjinskinin heykəlinə siyiyən adamı görürdü. Arvad ərinin sual verməsini gözləmədən onu qabaqladı:
- Sənin telefonun zəng çalır.
-Bu vaxt? - Manafov bir qədər yumşalaraq təəccüblə soruşdu.
Qadm çiyinlərini çəkdi - yəni mən nə bilim? Bununla belə həvəssiz dilləndi:
-Bəlkə xaricdəndir?
- Mən işləyirəm. İş görməyə çalışıram, - artıq hirslənməyə başladı. -İstəyirsən, özün dəstəyi götür.
-Niyə? – qadın tələsmədən sual verdi - o yerlərdə bir adamımız yoxdur ki, onun üçün narahat olum, - deyib astaca qapını örtdü.
Kişi kip bağlanmış qapıya baxdı, qələmi kağız qalağının üstünə atdı, kresloda çevrildi və küçəyə baxmağa başladı. Qulaqlarında arvadının göynərti duyulan son sözləri səslənirdi. On il əvvəl onlar on beş yaşlı oğullarını itirmişdilər. Oğlan dostları ilə çimərliyə getmiş və dənizdə boğulmuşdu. Yeganə övladları dünyaya gələndə Manafovun otuz doqquz, arvadının isə otuz altı yaşı vardı və onlar on üç il idi ki, evlənmişdilər. Arzusunda olduqları övladlarını uzun illər gözləmişdilər. Bu hadisədən sonra Manafov xeyli vaxt dənizə baxa bilmirdi, dənizkənarı parkın təkcə görünüşü onda kəskin qəzəb dolu ağrı hissi doğururdu, çimərlikdən isə söhbət gedə bilməzdi.
Manafov bir müddət küt baxışlarla alaqaranlıq küçəyə baxdı. Sonra siqaret yandırdı və qələmi götürüb barmaqlarının arasında oynatmağa başladı. Arabir isə qələmi ağ kağızın üzərinə yönəldirdi, guya onu indicə ölməz sözlə yükləyəcəkdi. Heç bir həzz duymadan siqaret çəkdi, halbuki arvadı getdikdən sonra çəkmək istəyirdi. Qeyri-iradi bir neçə qullab vurub, əriməkdə olan siqareti ömrünü başa vurmaq üçün iri külqabıya atdı. Manafov siqareti heç vaxt külqabıya basıb söndürməzdi və fəlakət siqnalına bənzəyən tüstü xeyli müddət kötüklərin üzərində dumanlanardı, sanki şikayət edirdi- axırıma çıx, belə közərə-közərə yaşamaq tstəmirəm.
Oğlunun ölümündən sonra Manafov sözün həqiqi mənasında başını işlə qatırdı, işsiz qalmaq əzab idi, çünki eyni düşüncələr onun ağlını başından alırdı. Anbaan bir səhnə gözlərinin önündə canlanırdı: dizinin üstündə əyləşmiş dörd yaşlı oğlu birdən başını döndərir, çevrilmiş vəziyyətdə sifəti də, işıqlı, ciddi baxışlı gözləri də məzəli görünür və uşaq təmamilə gözlənilmədən soruşur:
-Ata, sən ölməyəcəksən ki?...
Yadındadır ki, onda o, nəzərlərini yayındırmışdı, lakin elə o dəqiqə oğluna baxmışdı ki, uşaq atasınm cavabdan qaçdığını düşünməsin, bu zaman uşağın yaşına uymayan yaşlılara məxsus ifadəli gözləri ilə rastlaşmış, məhəbbətdən ürəyi sıxılmışdı, başa düşürdü ki, oğluna verəcəyi cavabdan çox şey asılıdır və qətiyyətlə demişdi:
-Yox. Mən ölməyəcəyəm.
Və uşaq inanmışdı, başını aşağı salıb televizorda cizgi fllminə baxmaqda davam etmişdi. O, öz dünyasından arxayın idi, inanırdı ki, burada həmişə əmin-amanlıq, dinclik olacaq, axı, atası onu aldada bilməzdi. Manafov təəssüf hissi ilə düşündü ki, əslində bu belə də oldu, o, oğlunu aldatmamışdı. Çoxdan baş vermiş bu hadisə bütün aydınlığı ilə tez-tez gözünün qabağında canlanır, onu dəli edirdi. Başını içki ilə qatmaq istədi, lakin alkoqol bihuşluğundan sonra dərdi daha da şiddət edirdi, boğazından yapışıb bütün daxilini sökürdü, o, içində müdhiş keylik, qeyri -insani soyuqluq, düşkünlük hiss edir, həyatda varlığını lazımsız, artıq sayırdı. Belə halda özünü işlə taqətdən salmağa çalışırdı, sonraya - qara günə, təxəyyülünün kasadlaşacağı vaxta saxladığı köhnə qaralamalarını çıxarırdı, qara gün isə qəfıl gəlmişdi, erkən, özü də gözləmədiyi tərəfdən gəlmişdi. İşin içərisində batırdı. Və nə yazırdısa, hamısı oğluna aid olurdu. Bütün ağrısı, taleyin amansızlığından duyduğu yandırıcı küskünlük kağızlara hopurdu, təsirli, içinə düşdüyü, nəfəsini kəsən, suyunu ovuc-ovuc dağıtdığı quyu kimi dərin əsərlərində əks olunurdu. Və bu onu real gerçəkliklə bağlayan yeganə vasitə idi. O vaxtdan da onun yaradıcılıq yüksəlişi başlandı. Dözülməz dərdin kürəsindən keçərək sənəti mükəmməlləşir, püxtələşirdi, eyni zamanda yazı üslubu qəribə tərz alır, on illərlə qadağalara məhkum olunmuş mistikaya meyllənirdi. Cəmiyyətin hərtərəfli dəyişməyə başladığı zamanda bu lap yerinə düşürdü, populyarlıq da, əsl şöhrət də o zaman gəldi, elə bil ki, Allah aldığının əvəzini vermək, qəlbini bu yolla ovutmaq istəyirdi. On beş il əvvəl dəyişməyə başlamış Manafovun və onun həmkarlarlarının uyğunlaşa bilmədikləri dövran (yazıçı zəhməti ilə dolanmağa adət etdiklərindən çaş-baş qalmışdılar) birdən-birə mehribanlıqla onu ağuşuna aldı. Çoxdan həsrətində olduğu sponsorlar elə bil göydən düşür, kitablarını çap etmək istədiklərini bildirir, rejissorlar əsərlərini ekranlaşdırmaq üçün ssenarilər sifariş verirdilər, beləliklə işi başından aşırdı. Manafovun arvadı üçün isə ağır idi. O, yaradıcılıqdan uzaq adam olduğundan bu təsəllidən məhrum idi. Onu bütünlüklə əzən intəhasız, dağıdıcı dərdi ilə təkbətək qalmışdı, həyatını mənalandıra biləcək hər şeyi itirmişdi. Artıq arvad ərindən uzaqlaşmışdı, kişiyə də elə gəlirdli ki, onlar bir-birlərini başa düşmürlər, ya da bir-birilərini onlara üz vermiş bədbəxtlikdən əvvəl olduğundan az anlayırlar. Oğullarının ölümü getdikcə onları müxtəlif tərəflərə yönəldən, yollarını ayırdıqca ayıran gözəgörünməz maneəyə çevrilmişdi. Çoxdandı onlar bir yerdə yatmırdılar, arvad uzun müddət idi qeyri-normal tərzdə susurdu. Arvadının ruhi sağlamlığı üçün narahat olaraq evə qonaq dəvət edir, yaxın qohumlardan, dostlardan xahiş edirdi ki, tez-tez evlərinə təşrif gətirsinlər. Onlar da vəziyyəti bildiklərindən qadının halına yanaraq dəvətləri qəbul edirdilər. Eyni zamanda tanınmış yazıçıının daimi müsafirləri olmaq fürsətini əldən vermirdilər. Gəlib-gedənlər arasında qabiliyyətli, lakin diqqəti cəlb etməyən, tanınmayan psixiatr da var idi, o, vaxtı itirmədən yavaş-yavaş elə qonaqlıqlar zamanı xəstə ilə bərpa seansları aparırdı. Nəticədə qadının vəziyyəti bir qədər yaxşılaşsa da, əvvəlki diribaş, şən, hazırcavab, güləyən, ədəbsiz lətifələr danışıb hamıdan qabaq qəhqəhə çəkən qadın birdəfəlik yox olmuşdu. Onun yerində özünə qapılmış, heç kəsə qaynayıb- qarışmayan əsəbi qadın dururdu. Oğlunun ölümündən keçən on il heç nəyi dəyişməmişdi.
Başı işə qarışan Manafovun hərdən gecələr arvadı yadına düşürdü və geniş mənzili keçərək, onun yataq otağına gələrdi. Arvadının yuxuya getmədiyini bilsə də bir müddət çarpayısının qırağında əyləşərdi. Qadın gözlərini açıb ərinə baxar, sonra da baxışlarını tavana zilləyərdi. Bəzən də heç gözlərini açmazdı. Zəngli iri saat səssiz-səmirsiz işləyirdi. Evdə saat çox olsa da onlara məhəl qoyan kim idi ki?! Zəngli saatdan danışmaq isə artıqdı. Kimi oyadacaqdı ki?! O, hərdən mürgüləyər, ayılan kimi yanında əyləşmiş ərinin əlindən tutardı. Əl-ələ tutub dinməzcə durardılar. Nədən danışacaqdılar? Hər ikisinə aid olan yeganə bir şey var idi: oğullarının ölümü. Bu barədə isə danışmaq çox ağrılı idi.
Getdikcə o, özünü işə daha çox həsr edirdi, şöhrətin ardınca gedirdi, adətkərdə olmasa da canına yaman yayılırdı qəzetlərdə, telekanallarda, mətbuat konfranslarında verdiyi müsahibələr, müxtəlif ziyafətlər, öz şərtlərini diqtə etdiyi nəşriyyat müqavilələləri, kitablarının xarici dillərə tərcüməsi, mütərcimlərlə əməkdaşlıq, müxtəlif ədəbi mükafatlar (yağışdan sonrakı göbələk kimi artan mükafatların çoxu onları təsis edənlərin zirək əli ilə də yığılar və xeyrini də özləri görərdilər), mətbuatda işıqlandırılması, çəkiliş meydançalarında görünməsi yüksəliş təsəvvürü yaradaraq məşhurlaşmasına xidmət etsə də, əslində populyarlıq son illər bu balaca ölkədə orduya çevrilmiş diribaş cızmaqaracıların dedi-qodularına, cəfəngiyyat dolu yazılarına rəvac verirdi. Bütün bunlar onun vaxtını çox alırdı. Manafov get-gedə daha çox yazı stolunun üstündəki köhnə dəbli, yaşıl abajurlu lampanın həsrətini çəkir, əzablardan doğan təbinin hökmü ilə yazılacaq sətirləri gözləyən ağappaq kağız topası üçün qəribsəyirdi. Lakin iztirablar getdikcə azalırdı, qəlbindəki ağrı da əvvəlkitək sızıldamırdı.
Günlərin birində yorğun-arğın iş otağındakı divanda özünü yatmağa məcbur eləyərkən, qəfildən ağlına gəldi ki, bütün bunların: huşunu başından alan üzücü iş, şan-şöhrət, mükafatlar, fəxri adlar, ehtiram, bir sözlə, hər şeyin bünövrəsi on il əvvəl qoyulub... düz on il əvvəl, o vaxt ki... nəfəsi kəsildi, durub oturdu, qaranlıqda əl havasma axtararaq, döşəmədən siqaret qutusunu tapdı. Siqaret yandırdı, əsəbi-əsəbi qullab vurdu. Parketin üzərinə tökülən külə fikir vermədən bir neçə dəqiqə beləcə oturdu.
Sakitləşməyə çalışırdı. Sanki üzünə şillə vurulmuşdu, o isə cavabını verməmişdi. Belə çıxır ki, oğlunun ölümü ona düşüb... siqaret titrəyən barmaqlarının arasından döşəməyə düşdü, hıçqırıqları eşidilməsin deyə, yumruqlarını ağzına sıxdı, bütün bədəni əsirdi. Özünü tezcə də ələ aldı, sakitləşdi. Ayağa qalxıb siqareti yerdən götürdü və külqabıya atdı, stolun üstündəki lampanı yandırdı, siyirmədən yuxu dərmanı götürüb, üstündən su içmədən iki həb atdı. Siyirməni bağlayarkən dibdə qeyd dəftərlərinin altında nəsə dəstək göründü.
Cəld yerinə uzandı və daş kimi yuxuya getdi. Bütün gecəni möhkəm yatsa da, səhərə yaxın yuxu gördü. Bunu heç yuxu da adlandırmaq olmazdı, yuxunun fraqmentləri idi: guya, o, siyirməni açıb tapançanı götürür. Vəssalam. Siyirməni açır və tapancanı götürür.
Səhər arvadı əsəb gərginliyi keçirdiyi üçün katibəsinə zəng vurub - indi onun öz ofisi və katibəsi vardı, fikrindən ədəbi jurnal açmaq da keçirdi - bütün işlərini, görüşlərini təxirə saldığını bildirdi və psixiatrın dalınca maşın göndərdi. Bütün günü arvadı ilə əlləşdilər, yarımçıq röyası da, yazı stolunun gözündəki tapança da yadından çıxdı.
Hamı tərəfindən qəbul edilsə də aşına zəhər qatanlar da tapılırdı. Tanınmış adamların həyatından maraqlı hadisələr çap etməkdə ixtisaslaşmış xırda qəzetlərdə hərdən onu da sancırdılar. Gənclik qəbahətlərindən, sərxoş vəziyyətdə qumar oynamasından, udduğu xeyli miqdarda pulu tərəfmüqabilləri ilə (söhbəti də elə onlar yaymışdılar) qızlara və içkiyə sərf etməsindən, səhvini etiraf edib peşmançılıq hissi keçirməsindən, fahişələrlə yaxınlığından, dava-dalaşlardan, sürtülmüş cins şalvarınının arxa cibində gəzdirdiyi beşbarmağı işə salmaq adətindən xəbər tutmuşdular. Belə səviyyəsiz yazıları dərc edən tanınmamış qəzetlər ertəsi gün diqqət mərkəzində dururdu, «it hürər, karvan keçər» prinsipi ilə yaşayan və gəncliyini gur keçirməkdə heç bir qəbahət görməyən Manafov cavab verməməyi düzgün sayırdı. Lakin bir dəfə povesti əsasında ekranlaşdırılmış fılmin ilk nümayişinə həsr olunmuş mətbuat konfransında təhrikedici sual qarşısında dözməyərək qeyd etdi ki, peşəkar jurnalistlərin sayı azdır, altı yüzdən artıq mətbuat orqanının fəaliyyət göstərdiyi şəraitdə bu təbiidir, bu qədər peşəkarı haradan tapasan, buna görə də onların yerini insanları qıcıqlandırmağı peşə seçən cızmaqaraçılar tutur, bax elə mənim haqqımda da anaları belə belə... Ustad yazıçının bu sərbəst çıxışı konfrans iştirakçılarının xoşuna gəldi, gülüş səsləri eşidildi. Səhəri gün köhnə palan içi tökməklə məşğul olan qəzetin redaktoru zəng vurdu və yazıya görə üzr istədi.
-Təkzib verin, - Manafovun təklifi belə oldu.
-Necə ola bilər, - redaktor təəccübləndi, - bir səhifəlik materialdır.
-Bilirsinizmi, arvadım neçə illərdir depressiyadan əziyyət çəkir,- zorla dilləndi və o dəqiqə də peşman oldu,- xəbər tutsa, çox ağır təsir edəcək. Təkzib verin.
-Mən zəng vurdum və üzr istədim,- redaktorun səsində soyuqluq duyulurdu. - Ancaq təkzib verə bilmərik. Qəzetin nüfuzu enər.
Manafov soruşdu:
-Belə olan halda niyə zəng edirsiniz?
-Üzr istəmək üçün, - hiss olunurdu ki, redaktor vəzifəsini bununla bitmiş hesab edir. Yəqin bu birinci dəfə deyildi: əvvəlcə qəzet adamı ağ yuyub, qara sərir, sonra da redaktor telefonda üzr istəyirdi, - sizcə, daha niyə görə?
-Mən sizin üzrünüzü... üstəlik ananızı da! - Manafov təmkinini pozmadan dilləndi. - Rastlaşanda sizin ağız-burnunuzu məmnuniyyətlə əzəcəyəm. Bir daha xəbərdarlıq edirəm: təkzib verməsəniz, ömrünüz boyu peşman olacaqsmız.- Burada Manafov nəyi isə xatırlamış kimi sözünü kəsdi. Sonra əlavə etdi. - Ancaq bəlkə də peşman olmadınız. Bu, bütün qalan ömrünüzü necə yaşayacağınızdan asılıdır.
Manafov redaktora baş qoşub onunla kəlmə kəsməsindən yüngülvari təəssüflənərək telefonun dəstəyini yerinə qoydu.
Beş il keçdi. Manafovun arvadı bir qədər yaxşılaşmışdı, bununla belə yenə qaradinməz, adamayovuşmaz idi. Bütün görkəmi ilə, “zaman hər bir dərdin dərmanıdır” məsəlini inkar edirdi, ötüb keçən illər onun yarasına məlhəm olmamışdı. Manafov çoxdan fikrində tutduğu jurnalı açmışdı, bu jurnal yaradıcılığında getdikcə daha tez-tez yaranan fasilələri doldururdu, bundan əlavə xeyli gəlir də gətirirdi. Jurnalın təsisçisi və baş redaktoru Manafovun özü idi, özünə cavan, işgüzar bir müavin də götürmüşdü, tədricən oxucu bazarına bələd olub, xeyli irəli getmiş, dünyanın dörd ölkəsində jurnallarının satışını təşkil etmişdilər, indi Manafovun bu ölkələrdəki bank hesablarına ayda iki dəfə xeyli məbləğ otururdu. Arvadının pula marağı çoxdan sönmüşdü, özü də bu qədər vəsaiti haraya xərcləyəcəyini bilmədiyindən ahıl vaxtında əxlaqsızlığa qurşanmışdı, redaksiyada gənc qızlardan kiçik bir hərəmxana yaratmış, xidməti vəzifəsindən geninə-boluna istifadə edir, lakin hamının haqqını səxavət və insafla ödəyir, səhərədək uzanan gurultulu məclislər qurur, evə çox vaxt kefli qayıdırdı.
-Yadından çıxmayıb ki, neçə yaşın var? - Ruhən yorğun olduğu üçün arvadı mülayim tərzdə soruşardı.
-Əlbəttə! Tezliklə yubileydir, -o səndələyərək arvadını qucaqlayardı, - yeri gəlmişkən, səni də dəvət edirəm.
-Qoca əxlaqsız, - deyərdi arvadı.
-İkinci söz daha çox xoşuma gəlir.
Yaşla bağlı idi, ya nədəndi - getdikcə Manafovda gülməli adətlər yaranırdı. Məsələn, qadınlarla bağlı hər məsələdə (o zaman onu haqlamış qocalıq yaddan çıxırdı) zirək Manafov hərdən layiq olduğu şöhrətə nail olmuş ağsaqqal roluna girir, başını əsdirir, rəyasət heyətində sızıldayaraq kresloya çökür (əslində bu proses xüsusi səy tələb etmir), ordunu doldurub, gözlərini qıyaraq xeyli müddət verilən sualları cavabsız qoyurdu, ətrafındakılara elə gəlirdi ki, o sualı unudub, ya da huşunu itirib. Təbiətən fəal, işgüzar, tündməcaz olsa da, ozünə ahıllığın və mötəbərliyin əsas əlamətləri hesab etdiyi xüsusiyyətlərini aşılayırdı.
Xarici qonağın şərəfınə verdiyi ziyafətlərdən birində hörmətli qonaq özü əlində badə Manafova yaxınlaşaraq söylədi ki, onun ölkəsində Manafovu tanıyırlar və əsərlərini çox nəşr edirlər.
-Mənim ölkəmdən fərqli olaraq, - Manafov səbəb olmadan başını əsdirərək və azacıq belini bükərək dilləndi, özü də istəmədən dilini saxlaya bilməyib əlavə etdi - Ancaq məlumdur ki, heç kəs öz vətənində peyğəmbər olmur. He...he..he... burada öz problemlərimiz özümüzə bəs edir, yazıçılar heç kimin yadına düşmür.
Hörmətli qonaq görkəmli yazıçı ilə bahəm gülümsəyərək daha bir neçə xoş ifadə işlətdi, bu zaman baş nazir təbəssümlə Manafova baxaraq qonağı kənara çəkdi.
Prezident aparatının məsul işçisi Manafovu görüb dostcasına səslədi və eyni zamanda gözlərini ətrafa dolandırdı ki, görsün onun məşhur yazıçını yaxın adamı kimi salamladığını görən və eşidən varmı, nəticədən razı qaldı. Vacib şəxslərin hamısı görmüş və eşitmişdi.
-A! Möhtərəm yazıçımız! Necəsiniz?
-Pis, - hörmətli yazıçı cavab verdi.
-Niyə belə? - məsul işçi təlaşla soruşdu və dərindən narahatçılıq keçirdi, bütün görkəmi ilə prezident aparatının məsul işçilərinin imkanları dairəsində Manafovun həyatını yaxşılaşdırmağa hazır olduğunu ifadə etməyə çalışdı.
-Belə də... - Manafov nıqqıldadı. - Qəbahətli həyat tərzi keçirirəm: çox yatıram, az işləyirəm...
-Sizmi az işləyirsiniz? - Məsul şəxs etiraz etdi. - Yazdıqlarınızı çatdırıb oxuya bilmirik. Qiyamətdir! Doğrudan, necə yaşayırsmız? Işləriniz necədir?
-Uzun söhbətdir... -Manafov başını yersiz tərpədərək ağızucu cavab verdi. - Zəhlətökən olmaq istəmirəm.
-Nə? - Müsahibi anlamadı.
-Zəhlətökən, olmaq istəmirəm! - karla danışırmış kimi bərkdən təkrar etdi. – Bilirsiniz, zəhlətökən kimə deyirlər?
Məsul işçi lətifəyəbənzər bir şey eşidəcəyini yəqinləşdirərək şən halda yüngülcə başını yellədi.
-«İşlərin necədir?» sualının müqabilində işlərinin necə getməsi barədə ətraflı danışan adama. He-he-he.
-He-he-he! – digər məsul işçilər ədəbsizlik kimi qəbul etməsinlər deyə, məsul işçi həddi gözləyərək ucadan gülüb müsahibinə qoşuldu. - Əla. Kəsərlidir. Yadımda saxlayaram.
-Əslinə qalsa, burada mənim, demək olar ki, heç bir işim yoxdur,- Manafov istər-istəməz onun sualına cavab verməyə başladı. - Mənim işlərim xaricdədir. Bizdə nə var? Can üstə olan jurnala başına degeneratları yığmış allahlıq iddiasında olan xəstə adam başçılıq edir.
-Hə? Kimdir o?
-Siz tanımırsınız?
-A. Bəli, bəli, eşitmişəm,- məsul işçi üz-gözünü turşutdu-nə etmək olar? Yadımda saxlayaram.
-Yadınızda saxlayın, saxlayın,- Manafov təqdir etdi.- Ona görə danışıram.
-Belə jurnala Siz başçılıq etməlisiniz- məsul işçi yarınmaq istədi.
-Nə danışırsınız, əzizim, deyirsiniz də?!- Manafov süni şəkildə hiddətləndi. Avqinin tövlələrini təmizləmək üçün mən artıq qocayam. Bir də ki, siz bilirsiniz, mənim öz jurnalım var.
-A, bəli, bəli! Əlbəttə!
-Ancaq bizim jurnal bütünlüklə xaricə gedir. Nə etmək olar, pul qazanmaq lazımdır, sübut etmək lazımdır ki, bizim varlığımızın da bu dünyaya bir xeyri var.- Manafov qollarını gərdi, çox danışdığını, söhbəti kəsməyin və sızanağa bənzər məsul işçini rahat buraxmağın vaxtı çatdığını anladı.
Kənarda dayanmış tanışlarının Manafova əl etməsi lap yerinə düşdü, yeriməyə çətinlik çəkirmiş kimi ağır, əzəmətli addımlarla müsahibindən aralanaraq nəzərləri ilə onu müşayət edən adamlara tərəf getdi.
O, indi gəncliyində arzuladığı hər şeyə nail olmuşdu. Lakin gəncliyin özü yox idi və üstəlik də oğlu da yox idi. O, qaradinməz, ehtiyatlı, sahibini sözsüz anlayan sürücünün idarə etdiyi bahalı, sanballı, xarici maşında yayxanaraq evə gedirdi.
Bəli, onun hər şeyi var. Işləmək həvəsindən başqa. Beləliklə, nəticəyə gəlmək olar, onun hər şeyi var. Oğlundan, cavanlığından və işləmək həvəsindən savayı. Əslində isə onu həqiqətən sevindirəcək heç nə yoxdur. Evdə onu gülümsəməyi belə unutmuş arvadı gözləyir. Yox, heç gözləmir də. Sadəcə olaraq o, bu evdə məskunlaşıb və zəng edib ofısdə gecələyəcəyini bildirəndə - son vaxtlar tez-tez belə olurdu - qətiyyən etirazını bildirmir və səsində heç bir narahatçılıq duyulmurdu. Düşündü ki, onlar yadlaşmağa başlayırlar, yox, onlar artıq yaddırlar. Əvvəllər arvadı onu dəlicəsinə qısqanırdı, çoxdan, lap çoxdan - onların oğulları olanda. Çox vaxt da, əsassız, heç bir səbəb olmadan, çünki onlar kasıbyana, sadə yaşayırdılar. Indi elədiklərini - çox gec və əsl zövq duymadan özünə müsaidə edə bilmədi. Pilləkənləri asta-asta qalxaraq fikirləşdi ki, hər şeyi itirib, təkcə bir şey qalır, bərk-bərk işdən yapışmaq, işi əldən buraxmamaq, əvvəllərdə olduğu kimi onu təmiz hava gətirən nəfəsliyə çevirmək.
Mənzilə girən kimi elə paltolu arvadının yataq otağına keçdi, hər tərəfdən gözə girən saatlar gecə birin yarısını göstərirdi. Arvadı on birdə yerinə girirdi- evdə hər bir işi xidmətçinin görməsinə baxmayaraq - bununla belə tez yorulurdu. Görünür o, sadəcə yaşamaqdan usanmışdı.
Arvadı yataqda uzansa da, yatmamışdı, ərinə baxdı, elə bir yad təbəssümlə gülümsədi ki, kişinin ürəyi sıxıldı.
-Sənsən? - qadın elə tərzdə soruşdu ki, sanki qaçılmaz bir faktı müəyyənləşdirmək istəyirdi, - gecə necə keçdi?
-Rəsmi, - əri cavab verdi,- qeyri-adi heç nə yox idi. Adi qəbuldu. Prezidentlə, qonaqlarla söhbət etdim.
Arvadının yanında əyləşdi, əlindən tutdu.
-Bəs, sənin günün necə keçdi?
-Şükür Allaha ki, keçdi,- uzun-uzadı danışmağı sevməyən qadın qısa cavab verdi.
-Yaxşı, - dedi,- bu gün bir az işləmək istəyirəm, - bir az susub sonra əlavə etdi, - əgər baş tutsa.
-Yorulmamısan? - deyə qadın soruşsa da, hiss olunurdu ki, ərinin yorulub-yorulmamasının onun üçün heç bir fərqi yoxdur.
- Yarım saat dincəlib işə başlayacağam! - O, işgüzarcasına əllərini bir-birinə sürtdü, sanki işləmək üçün darıxıb, nəhayət, ikinci dərəcəli, vacib olmayan şeylər arxada qaldıqdan sonra o...
Hərəkətləri də, ifadələri də çox qeyri-təbii alındı. Saxtakarlıqdan doğan təəssüratı aradan qaldırmaq üçün isə əlavə etmək istədi...
-Di get, - arvadı dilləndi, - mən yatıram.
O, qapıya tərəf getdi, qapının dəstəyindən yapışıb çıxmağa hazırlaşarkən arvadı onu səslədi. Kişi təəccüblənib geri, döndü.
-Çoxdan soruşmaq istəyirdim, - çətinlik çəkirmiş kimi sözləri uzada-uzada danışdı.
Kişi araya çökmüş sükutu pozmayaraq bir qədər narahatlıqla və sualedici nəzərlərlə arvadına baxırdı. Qadın sözünə davam etdi:
-Sən indi çox şeyə nail olmusan, - nəfəsi azacıq təngidiyindən susdu, hər ifadədən sonra nəfəsini dərmək üçün susurdu.
Arvadının bu sözlərini dinlədikdən sonra təzə şakəri üzrə başını əsdirmək, nıqqıldamaq, özünü qoca və əldən düşmüş göstərmək istədi. Lakin vaxtında özünü yığışdırdı, onu ovcunun içi kimi tanıyan arvadının qarşısında özünü belə aparmaq gülünc görünərdi.
Qadın danışmağa çətinlik çəkirdi:
-De görüm, oğlumuzun yenidən bizimlə olması üçün bütün qazandıqlarından keçərdinmi?
Əngəlli, dolaşdırıcı suallara barmaqarası yanaşmağa, mümkün olduğu qədər dərinliyə getməməyə adət etmiş Manafovu sual qəfil haqlamış, öz çılpaqlığı ilə çaşdırmışdı. Lakin güclü intuisiya bir anda işə düşdü və xəbərdarlıq etdi ki, cavabı gecikdirmək olmaz.
-Əlbəttə, - o qətiyyətlə cavab verdi. - Hələ bir soruşursan da?
-Yaxşı, - nə üzündə, nə də səsinin ahəngində heç nə ifadə olunmayan qadın dilləndi, - get.
Kişi yataq otağından çıxıb qapını arxasınca möhkəm bağladı.
İş otağına girib köhnə yazılarını, qaralamalarını araşdırmağa başladı, ehtiyat üçün yazılmış süjetlərə, eskizlərə, ideyalar qeyd olunmuş əlyazmalarına baxdı, zəif, çiy şeylər çox idi, ancaq işlənməli maraqlı fıkirlər də az deyildi. Lakin o, kağızlara səthi baxırdı və getdikcə xəyalı pərən-pərən düşürdü. Ağ kağızları qabağına çəkdi və fikrini toplamağa çalışdı, bir dəqiqə sonra nə alınacağının fərqinə varmadan yazmağa başladı.
«Həbsxana həyətinin kandarını ötüb azadlığa çıxan Tarıverdiyev başını göyə qaldırdı, günəşin parlaq şüaları gözünü qamaşdırdı, gülümsəyərək düşündü: «Burada səma tamam başqadır».
Bir müddət qeyri-iradi qəhrəman, onun hərəkətləri, nə üçün tutulması, uzun həbsdən sonra haraya yollanması barədə yazmaqda davam etdi. Artıq obraz aydınlaşmağa, ana bətnindən doğulan uşaq kimi başını göstərməyə başlayır, hekayə, bəxti gətirsə lap povest alınırdı və artıq o, yazının təsiri altındaydı.
Onun Tarıverdiyevi hərəkətləri, düşüncələri ilə tədricən göz önündə canlanır, get-gedə dolğunlaşır, təəccüblü dərəcədə canlı görünürdü və artıq yaradıcısını öz ardınca aparır, hətta yazıçı nə isə qəlp bir şeyi onun xarakterinə aid etmək istəyəndə sanki etiraz edirdi. Yazıçı Manafovun ürəyindən əvvəllər olduğu kimi- bu nə zaman olmuşdu? - isti dalğalar keçərək, nə isə yeni bir şeyin başlanğıcının qoyulduğunu xəbər verirdi. Kim bilir bir həftə, bəlkə də bir ay dünyada hər şeyi unudaraq şövq ilə işləyəcək, axı yaradıcılığın doğurduğu heyranlıq hissi heç nəylə müqayisəyə gələ bilməz! Artıq, artıq, artıq...
Qəfıldən qorxunc, təhqiramiz bir fikir beynində gurultu qoparıb partladı, öldürücü qəlpələr sıçrayaraq ürəyini, qəlbini yaraladı.
«Demək, fıkir beynini deşərək ağrıtmaqda davam edirdi - sən oğlunun ölümündən bacardığını əldə etmisən, qazandıqların oğlunun ölümü sayəsində mümkün olmuşdur. Oğlun ölməsəydi, sən də kitablarını arvadlarından başqa heç kim oxumayan yazıçılardan biri olaraq qalacaqdın...». «Axı, mən istəməzdim! - qəzəblə özünü müdafiə etməyə çalışırdı, -tale, tale belə rəva görmüşdü». «Bu, sənə bəraət vermir», - Başındakı səs rəhmsizcəsinə susmaq bilmirdi, - sən oğlunun ölümündən hər şey, hər şey»...
Manafov əlləriylə başını tutdu, qələmi tulladı, yazılı vərəqləri stolun üstündən süpürlədi, dərindən nəfəs alaraq bir neçə dəqiqə hərəkətsiz oturdu. «O, niyə, niyə məndən bu barədə soruşdu?! Nə demək istəyirdi?- fikirləşdi - bu nə deməkdir? O, nə üçün belə etdi? Mən çoxdan sakitləşmişdim, mən rahat idim, yaram sağalırdı, niyə bu sualı mənə verdi? Aman, Allah»... Bəli, oğlunun ölümü təkan verdi, bütün həyatıını dəyişdi, aləmə baxışıını dəyişdi, ətrafındakıları, dostlarını, məhəbbəti, işi, istedadı, yaxınlarını, həyatı, ölümün özünü də, varlığını da başqa cür dərk etməyə başladı. O başqa cür yazmağa başladı, əvvəlki kimi yox, lakin bu, o demək deyil ki... məgər əvvəlki kimi yaşasaydılar, o heç nə edə bilməsəydi, arvadı kimi öz gücsüzlüyündə və dərdində boğulsaydı yaxşı olardı?! Varlı gərəksizlərin ikrah duyduqları şərəfsiz həyat sürsəydilər, o heç nəyə nail olmasaydı yaxşı idi? O, niyə soruşdu, varlığını alt- üst etdi, sualı ilə onu öldürdü. «Gərək elə bunu soruşaydı: sən hər şeyini verərdinmi ki, oğlumuz qayıtsın? Aman allah, məgər bu mümkündür? Bir də ki, belə bir razılaşma olmuşdu ki, sən məndən oğlumu alırsan, əvəzində isə... yox, yox, belə olsaydı mən heç bir vaxt... mən nə danışıram, nə danışıram, ilahi, məni bağışla, mən, mən oğlunu itirmişəm. Məgər Allahla muqavilə bağlamaq olar?! Belə işi ancaq şeytan bacarar, bu, iblisin işləkləridir. Məni bağışla, Allah, gör ağlıma nə gəlib - sən oğlumu əlimdən alırsan, əvəzində... Yox, yox, o vaxt belə fikir, heç fikrin kölgəsi də ola bilməzdi...
« Bəs indi?» - qəsdinə durmuş səs oğrun-oğrun soruşurdu. Indi? Bəs indi necə?» «Necə indi? Nə demək istəyirsən?» «Arvadın artıq soruşub, çavab ver!» «Mən ona o dəqiqə cavab verdim, heç bir an da fikirləşmədən». «İndi fikirləş»- səs əl çəkmirdi. «Fikirləşməyə ehtiyac yoxdur, mən... sən də bu... belə suallar vermə.. bu nə işgəncədir, Allahım?! Nəyə görə?» «Çoxdan yatmış bir şeyi oyatmağa qorxursan?»- səs susmaq bilmirdi «Yatan nədir? Nə?» «Vicdan, nə olacaq ki... Ağır sözdü və ağır yuxuya gedib sənin vicdanın, oyatmaq istəmirsən, hə? Bir yoxla, bəlkə ölüb? Axı, Allah insanı yaradır, sənəti yox, bütün əməllər, peşələr sonra gəlir, çoxu da məkrdən. Insan isə Allahdandır və sən necə insansan ki, arvadının sualına cavab vermirsən? Uzun və ağır zəhmətlə qazandıqlarını itirmək çətindir? »
«Başa düşə bilmirəm? Başa düşə bilmirəm bu nə cəfəngiyyatdır?! Əgər mən imtina etsəm, oğlum diriləcək?» «Heç imtina edərsən, edərsən?Hə? Hə?» «Bəsdir, bəsdir, əl çək, mənim işim var, mənim işim var, mən işləyirəm.» «Sən vicdansız necə işləyəcəksən? Sən də özünə alüdə cızmaqaraçıların tayı olacaqsan?». «Necə? Yox. Yox, olmaram, mənim vicdanım var. Yatmayıb, ölməyib, mən bacararam, bacararam...»
Həyəcanlı fıkirlər sürətlə beynindən keçırdi və birdən hiss etdi ki, qırsaqqız olub mübahisə edən səs ondan əl çəkdi. Beynindəki ağırlıq bir anda keçdi, uçub buxarlandı, elə bil heç nə olmamışdı. O, rahat nəfəs aldı, mətbəxə keçdi, soyuducudan su götürüb içdi, sakitləşdi, geri qayıtdı, kinli-kinli arvadının yataq otağına tərəf baxdı, bir qədər durub qulaq kəsildi, özü də bilmirdi ki, qapısı kip bağlanmış otaqdan nə eşitmək istəyrdi - bəlkə onun ölümqabağı xırıltısını?
İş otağna tərəf addımladı. Yenidən qulaqlarında arvadının sualı aydın eşidilməyə başladı, verdiyi cavab da yadına düşdü, vaxtında işə düşmüş intuisiya, bunun sayəsində arvadının onun çaşqınlığını və tərəddüdünü başa düşməməsi. Ancaq indi, indi...
İş otağına girdi. O, stolun üstünə dağılmış kağızları səliqə ilə yığdı, bu vaxt lampanın gur işığı altında aydın seçilən tapancanı gördü. “Mən bunu nə vaxt çıxarmışam?”- ciddi-cəhdlə fikirləşərək yadına salmağa çalışdı.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)