BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri - Nurlanə Şirinova (3-cü yer) Featured

Xatırlayırsınızsa, ötən il görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.

Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.

İlk olaraq “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 3-cü olmuş Nurlanə Şirinovanın “Bir həyatın xülasəsi” hekayəsini təqdim edəcək.

 

 

Nurlanə ŞİRİNOVA

 

BİR HƏYATIN XÜLASƏSİ

 

Gözləri yumulu idi. Ətrafında ağlaşma səslərini eşidirdi, lakin reaksiya verə bilmirdi.

Qollarını qaldırmaq  istədi, amma tərpənə bilmədi.

Səslər getdikcə daha da qarışırdı. İndi eşitdiyi, sadəcə, uğultu idi.

Sonra içində olduğu qaranlıq birdən aydınlandı. Qabağında bir işıq gördü, sürətlə o işığa tərəf çəkilirdi. İşıq onun ətrafına yayıldı və hər yer ağappaq oldu.

 

***

 

“Uşaqlar, Novruz bayramı ilə bağlı qiraət yarışı keçiriləcək. Qoşulmaq istəyənlər adını yazdırsınlar”- Müəllim bunu deyib dərsə başladı.

Cəlal o vaxt gənc idi, 14-15 yaşı olardı. Bu xəbəri eşidən kimi yerindən dikəldi.

“Qiraət yarışı...” – deyə düşündü. Novruz bayramı, baharın gəlişi, təbiətin oyanışı insanların həyatına yenilik, canlanma gətirir. Novruzda küsülülər barışır, insanlar bir masanın ətrafına toplaşaraq bayram sevincini bölüşürlər.

Cəlal bunları düşünərkən dostunun səsi onu xəyallarından ayırdı:

– Qoşulacaqsan?

– Necə?

– Deyirəm, qoşulacaqsan yarışa?

– Əlbəttə. Məncə, sən də qoşul.

– Yox, hara qoşuluram?! O sənsən e, yazasan, pozasan, yaradasan...

Ağlına gələn ilk xatirə bu olmuşdu. Məktəb illəri... Necə şirin vaxtlar idi. Cəlal elə uşaqlıqdan yaşıdları arasında seçilirdi. Kim bilərdi ki, Gəncənin bir tərəfində boy atan istedad gələcəkdə milyonların qəlbinə yol tapacaq.

 

***

 

1928. Darülmüəllimi bitirməsini, son dərs gününü xatırladı. Cəlal həmin ildən sonra bədii yaradıcılığa başlamışdı. O həm də şeirlər yazırdı. Yazdıqları müəllimləri, yoldaşları tərəfindən rəğbətlə qarşılanırdı.

 

***

 

1940. Yaş 32. Çap evinin qarşısında durub gülümsəyir. O indi xoşbəxtdir, çünki “Bir gəncin manifesti” romanı ilk dəfə çapdan çıxıb.

“Gəl, ey gözlədiyim xilaskarım, gəl!

Ey azad həyatım, ilk baharım, gəl!”

Ürəyindən bu misraları keçirir, romandakı obrazları xəyalında canlandırırdı. Mir Cəlal bu romanı yazarkən çox müşahidə aparmış, dövrün qüvvətli, iradəli, mübariz gənclərinin timsalında Mərdan obrazını yaratmışdı. Sarsılmaz Sona... Zəhmətkeş Azərbaycan qadını...

Xatirələr gözünün önünə gəldikcə qəlbi fəxarətlə dolurdu.

– İtə ataram, yada satmaram!

– Oxudun? – Cəlal sevinc dolu təəccüblə dostuna çevrildi. Çapdan bir həftə keçmişdi.

– Doğrusu, lap əntiqə yazmısan! Sənin bacaracağını bilirdim, amma bu qədər də gözləmirdim.

Sonralar bir çox ədiblər bu əsər haqqında fikirlərini bildirmiş, roman oxucular tərəfindən bəyənilmişdi.

“Bədii təfəkkürlə elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə təkrarolunmaz bir vüsət və qüvvət vermiş, onun hər iki sahədəki böyük uğurlarının əsası olmuşdur”.

Mir Cəlal romanları, povestləri, hekayələriylə neçə-neçə insana ilham oldu, yol göstərdi.

Sonra Püstə ilə olan xatirələri yadına düşdü. “Qadın qəlbi qapalı bir ağacdır, açarı da qadının özündədir. Bu açarı qəlbdə yanan sevgi fanarı ilə arayıb tapmalı”, – deyirdi Mir Cəlal.

“Püstə... Sən mənim dünyam idin. Amma heyif, artıq həyatda deyiləm... Kim bilir, bəlkə, bir gün dünyanın bir ucunda kitablarımı oxuyanda məni, səni xatırlayarlar, Sonanı anlayar, Baharı unutmazlar...”

Başını yuxarı qaldırdı. Xatirələr zehnində canlandıqca onu düşüncələrə qərq edirdi. Sonra qabağına bir az əvvəl gördüyü işıq çıxdı. İşığın o tərəfindən nəğmə səsi gəlirdi. Diqqətlə qulaq asdıqda bunun anasının laylası olduğunu xatırladı.

İşığa bir az da yaxınlaşdı.

Birdən hər yer bəmbəyaz oldu...

 

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.