Coşqun Xəliloğlu, “Ədəbiyyat və incəsənət” üçün
Pirməmməd bir müddət idi ki kənddə bərbər işləyirdi. Adəti üzrə nahar fasiləsində elə iş yerindəcə çörəyini yeyir, bəzən qazancı yaxşı olanda yüz qram da araq vururdu. Bir gün naharda həddini aşır, yüz qram dönür olur iki yüz, üç yüz.. Bir də baxır görür ki, yarımlitrlik butulka tamam boşalıb. Elə oturduğu yerdəcə yuxuya gedir. Nə qədər yatdığını, bilmir.
-Salam, Pirməmməd.
Səsə oyanıb gözünü çətinliklə açır. Gələn suçu Nurağa idi. Fağır, dilsiz-ağızsız, mağmın, həmişə üz-gözündən yorğunluq yağan Nurağa ayda bir dəfə, bəzən iki ayda bir dəfə Pirməmmədin qəbuluna gəlir, başını-üzünü qırxdırıb gedirdi. Nurağanın mağmınlığının səbəbini danışıb vaxtınızı almaq istəmirəm. Amma nə vaxtsa bunun barəsində danışaram.
Pirməmməd çətinliklə yuxudan ayılıb müştərinin salamını başı ilə alaraq elə başıyla da ona oturmaq üçün işarə edir. “Badamlı“ butulkasına doldurulmuş su ilə üz-gözünü isladır, azca özünə gəlir. Bir az çətin olsa da xeyli vaxt sərf edərək Pirməmməd yarıxylu halda gündəlik işinin bu dəfə də öhdəsindən gəlir. Pulunu alır və Nurağa da “Allah köməyin olsun.” -deyib ona təşəkkürünü bildirir.
***
Nurağagil kəndin o başında yaşayırdılar. Evə çatanda artıq axşam düşmüşdü. Badamgül ərini görcək deyir:
-Bıy, başıma xeyir, a kişi, bığını niyə qırxdırmısan?
Nurağa əlini bığına atır, yalnız indi onun qırxıldığını başa düşür. Yazıq Nurağa həmin gecə Badamgülün uzun-uzadı deyinmələrinə əsəbiliklə dözməli olur.
Səhər açılır. Nurağa hirslə Pirməmmədin yanına gedir.
-Ay Pirməmməd, mənim bığımı niyə qırxmısan?
Pirməməd işi başa düşür və dərhal vəziyyətdən çıxmağa çalışır:
-Nə danışırsan, sən dünən gələndə də bığın yox idi.
-A kişi, bığımı sən qırxmısan.
-Sən mənə, nə qədər verdin?
-5 manat.
-Nurağa, özün də ağsaqqal kişisən. Hamı yaxşı bilir ki, mən başı, saqqalı, bığı bir yerdə qırxanda 7 manat, başla saqqalı qırxanda 5 manat alıram. Əgər bığını qırxsaydım 7 manat verməliydin. Bığını qırxmışamsa, tez gətir 2 manatı da ver, sonra danışaq.
Yazıq Nurağa Pirməmmədə deməyə söz tapmır və gəldiyi kimi də geri qayıdır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2024)