Super User

Super User

 

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli sentyabrın 13-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar sentyabrın 9-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubunda sizlərə portalın sosial media qrupunun yeni üzvü Qoşqar İsmayılzadənin bir yumoreskasını təqdim edəcəyik.

 

 

+ Alo, Salam müəllim. Necəsiniz?

- Sağ olun, siz necəsiniz? 

+ Vəziyyətiniz necədi? Kefiniz əhvalınız necədi? 

- Çox sağ olun şükür, yaxşıdı, siz yaxşı olasınız. Üzürlü sayın, tanıya bilmədim, kim idi?

+ Çox sağ olun, təki yaxşı olasınız həmişə. Sizdən bir şey xahiş etmək istəyirdim...

Eşitdim bu gün universitetdə imtahandı, sizin qrupların birində oxuyan Murad adlı bir oğlan var. Elədi?

- Aha, elə biri var. 

+ O uşaq mənim xalaoğlumdu. 

- Lap yaxşı

+ Onun qiymətini yüksək yazarsınız. Hörməti nədisə edəcəm, narahat olmayın. 

- Siz nə danışırsınız?! Mən edə bilmərəm elə bir şey, bu təhsildi, ticarət deyil. Həm o uşaq oxuyan biri deyil. 

+ Sizi mənə çox tərifləyiblər. Deyiblər ki, çox ağıllı insansınız, başa düşənsiniz. Ümidvaram ki, bu dəfə də məni başa düşəcəksiniz. 

- Yox ey qardaş, alınmaz. Siz yanlış adama zəng vurmusunuz. Deyəsən məni kimləsə səhv salırsınız. 

+ Bir sarılıq bəs edər?

- Mən dedim axı sizə, alınmaz. Bu rüşvətdi, mənsə rüşvəti qəbul edə bilmərəm. Vicdanım buna yol verməz, belə bir şeyi qəbul etməz. 

+ Yaxşı, mən sizi başa düşdüm. Həm bu rüşvət deyil ki, sadəcə kiçik bir şirinlikdi. Sadə zəhmət haqqı, vəssalam. Bunu şişirtməyə nə gərək var axı?! Sabah imtahandan sonra Murad nəticəni öyrənməyə gələndə 2 sarılıq zərfin içində olacaq. İndi yəqin ki, bir-birimizi başa düşdük. 

- Murad onsuz da ağıllı tələbədi. O özü yaza biləcək. Sabah imtahandan sonra yanıma gələr, mən ona nəticəsini deyərəm. Narahat olmayın. 

+ Lap yaxşı, Allah sizin kimi müəllimləri bizim cəmiyyətdən əksik etməsin. Bilirdim ki, bir-birimizi anlaya biləcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

                            

 

Çərşənbə, 28 Avqust 2024 16:10

BİR SUAL, BİR CAVAB Vahid Əziz ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

İşıqlar səsləyir yolnan gedəni,

qaranlıq baxmağa Aya saxladır,

qışda İlham pərim dindirmir məni,

qəlbində olanı yaya saxladır.

 

Pərim də soyuqdan bezardı bəlkə,

mənimki “mövsümü azardı” bəlkə?

Dünyanın yarısı yazardı bəlkə –

yaxşı ki, çoxunu həya saxladır. 

(Vahid Əziz)

 

 Əziz Vahid bəy, əsl şair necə olmalıdır?

 

CAVAB:

Əsl Şair elə şair olmalıdır. İki cür şair var: Əvvəla, Şair vergili olmalıdır, şair elə şair doğulur, şair dünyaya gəlir.

Var şairlər və şeir yazanlar. Bu gün təbii ki, şeir yazanlar çoxdur, əsl şairlər isə azdır. Bir məsələ də var ki, bunu həmişə söyləmişəm 

"Qurani- Kərim", " Tövrat", “İncil" də- bütün din kitablarının hamısı həm ərəb dilində, həm başqa dillərdə- yunan, yəhudi dilində Tanrı tərəfindən şeir formasında gəlib. Dünyanın, bəşəriyyətin, Kainatın ən böyük Şairi Allah özüdür. Deməli, şeir çox müqəddəsdir. Hətta " Qurani- Kərim"- də " Şairlər" surəsi var. Hər söz yığınına şeir demək olmaz, eyibdir. Tanrının göndərdiyi şeirə hörmət etmək lazımdır.

Yaxşı Şair olmaq üçün ilk növbədə yaxşı oxucu olmaq lazımdır, xalqın tarixini bilmək lazımdır, xalqın dilini bilmək lazımdır. Təəssüf ki, bəzi dilçi alimlərimiz Azərbaycan dilini bərbad ediblər, eşitdiyimə görə, dilimizdən bir çox sözləri çıxarıblar. Bu dili min illərlə Xalq yaşadıb- bu dili " atan yazmayıb"- adama deyərlər..

Deyirlər, şairlər dilə qarışmasın. Elə şairlər qarışmalıdır. Xalq yaratdığı dili, Şairlər yaşadır.

Dildə arxaik söz yoxdur, ümumiyyətlə, köhnə şey yoxdur.

Deyirlər, " Ən təzə şey çox yaxşı unudulmuş köhnəlikdir".

Eyni zamanda dildə yaddan çıxmış arxaik söz yoxdur. Sadəcə, sözə arxaik, primitiv  münasibət ola bilər. Əsl Şairlərdə şəxsiyyət olmalıdır,  şəxsiyyətini qoruya bilməyən şair ola bilməz. Bəzən deyirlər ki, Şair gərək yerişindən fərqlənə, danışığı  gülüşü fərqli ola. Bu normal deyil.

Şeir yazmaq prosesi özü standartdan- normadan kənar bir şeydir. Əgər adam özünü. 24 saat Şair kimi aparırsa, o, normal adam deyil. Aktyoru səhnədə təhqir edə bilərlər, amma sən küçədə Valeh Kərimova  "Moşu" desən, təpəni yara bilər.

Şair də şeir yazarkən özü elə özü ilə oynayır, aktyor da  tamaşaçı da özü olur.

Şeir bağıra- bağıra oxunmaz, şeir intim bir şeydir, pıçıltı ilə oxunmalıdır. Şeir əslində sənin qələm və kağızla ürək söhbətindir.  Sevdiyin bir qız kimi, sevdiyin oğlanla oturub pıçıldaşmaq kimi bir şeydir. Poeziya pıçıltıdır, bağırtı deyil.

Bu gün bəzi aktyorlarımız bağıra- bağıra şeir oxuyurlar,  şeiri zorla musiqiyə pərçim edirlər, mahnılar yazırlar ki, bir də görürsən musiqiyə düz gəlmir və sözü ixtisar edirlər.  Sənə kim izn verib ki, sözü " sünnətləyəsən".

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Çərşənbə, 28 Avqust 2024 15:42

Yarım qalmaq, əksik olmaq – VƏ BUNDAN QURTULMAQ

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Hamımız bütöv cisimdə yarımçıq insanlarıq. İyirmi, bəlkə otuz il ömür sürmüş yaşlı insanlar. Yaşadığımız bu boş çoxluqda hər kəs bir neçə cür boşluqdan əziyyət çəkir. Əfsus ki, gəncliyin böyük bir qisminin başında yerləşir sözü gedən boşluq. Dərk edə bilmədiyimiz kainatda dərk edə biləcəklərimizi belə dərk etmək istəmirik. Çünki bütöv şəkildə görünən cismimizin altında yarımçıq ruh yatır.

Yarım qalmaq, əksik olmaq. Necə ola bilər ki bu? Bütöv bir bədən var, onun öz ruhu var, öz qəlbi, öz beyni, duyğuları. Axı yarım qalmaq nədir, nəyə deyilir? Niyə olur? Qəlbimizdir yarım qalan? Yenə bir ton sualla qaldım başbaşa. Bəs necə tamamlayım mən əksik qalan ruhumu? Deyəsən mən də bir bütövlükdə yarım qalanlardanam...

Bölünən ruhlar... Əsrlər boyu ruh əkizliyi, bir-birini tanamlayan ruhlar, insanın öz yarım almasını tapmasıyla bağlı əfsanələr oxuduq. Hər kəsin diqqətini çəkdi bu mövzu. Bəs hər kəs həqiqətən axtardımı öz yarımçığını?

Yarımçıqların sadəcə kiçik bir qismi o yarım ruhu tamamlamağa çalışır. Digərləri isə ya qismətiylə barışır, ya vecsiz şəkildə həyata davam edir, ya da özləri kimi yarım insanların yolunda, ömrünün yarısını keçirirlər... Bəlkə də elə bizi yaradan ruhumuzu iki yerə bölüb və hərəsinə fərqli cisim verib. Sonra da hər iki yarımçığı bu "Böyük sıfıra", başqa dildə desək "Yer kürəsinə" yollayıb. 

Yarım alma... insanlar ruh ekizlərini tapanda yarım almamı tapdım deyirlər. Niyə alma deyildiyini düşünəndə Adəm və Həvva gəldi ağlıma. Qadağan almanı birlikdə dərən Adəm və Həvva. Bəlkə də insanın digər yarısı səhviylə, düzüylə hər işdə, hər yerdə bir yerdə olduğu insandır. Bəlkə də insanın digər yarısı uğruna hər şeyi gözə ala bildiyi həmin o adamdır.

Həyat o qədər qəribə və qarışıqdır ki, heç ummadığın anda hər şeyini itirə və ya dünyaları qazana bilər insan. Bir az da hədəflərindən, xəyallarından asılıdır bu. Qorxduğun, qaçdığın nə varsa hər zaman daha yaxınsan ona istədiklərindən. Həyatın 1 nömrəli qanunu elə budur deyəsən. Nədən qorxsan, nədən qaçsan o qədər yaxınlaşar, nəyi çox istəsən o qədər uzaqlaşarsan var olandan. Qorxan gözə çöp düşər misalı...

Bu qaranlıq aləmdə hər bir cismin öz göyqurşağı anlayışı onun ruhunda gizlənir. Yağış və günəş arasındakı bu incə, rəngarəng, bənzərsiz körpünü fərqli formalar, fərqi bədənlər, fərqli hislərin içində sığdırırıq qəlbimizə, cismimizə.

Mən həyatı boyunca rənglərə aşiq biri kimi qaçdım göyqurşağından. O qədər qaçdım ki, ardındakı xəzinəni düşünmədim belə. Unutdum. Həyatdakı hər şeyin bizim üçün, biz fanilər üçün olduğunu unutdum. O qədər qaçdım ki, ən çox qaçdığıma tutuldum, ən çox qaçdığıma vuruldum. Mən artıq göyurşağının özü olmuşdum.... Mənim göyqurşağımın sərt, amma titrək, zərif, amma ürkütücü rəngləri cəsarətdə toplanmışdı. Göyqurşağıma sığdırdığım hər duyğu, hər insan bir az cəsarət gözləyirdi məndən. Bir az cəsarət istəyirdi. Cəsarət... Hər birimizin göyqurşağının təməlini təşkil edən cəsarət. Sizin göyqurşağınızda hansı rənglər var? Mənimkində bəyaz yoxdur, qara var məsələn. Gördüyümüz ən qaranlıq gecələrdən daha qara. Qırmızı yerinə qəhvəyi var. Sevgi qəhvəyi rəngdir mənə görə. Hər nə isə. Var olan bütün rənglərimdə bir az qorxu, bir az cəsarət gizlənib. Mənim göyqurşağım həyatımın məhz özüdür. Yazdığım hər yazının baş obrazı olan ruhlar mavi rəngdir mənim dünyamda. Səmalara yüksələn, dənizlərdə boğulan o ruh başqa hansı rəng ola bilərdi ki?

Bir də göyqurşağından kənarda qalan rənglər var, hansı ki, boğulan ruhlar adlandırıram onları. Hansı ki, öz yarımını tapa bilmədiyindən bu dünyada özünə yer tapa bilməyən ruhlardır onlar. Okean dibinə qərq olaraq, içindəki xəzinələr oğurlanan sandıqlar, göylərə ucalaraq, qəlbimin hər qırıq parçasına ayna olan o ruhlar.

Mənim göyqurşağımın neçə rəngi var bilmirəm. Amma var olan hər rəng digərini tamamlayır. Qalibiyyətlə məğlubiyyət kimi. Varlıq və yoxluq kimi. Sevgi və nifrət kimi... Yarım ruhlar kimi...

Yazımı burada yekunlaşdıracağam. Bəlkə tamamlanar bir gün yarım qalan bütün ruhlar. Bəlkə bir gün mənim də ruhumu tamamlayan bir yarım ruh tapılar... Yarım ruhunuzdan muğayat olun. Ümid edirəm, onu ya artıq tamamalamısınız, ya da əlbət bir gün tamamlayacaq və dünyadakı yerinizi, vəzifənizi tam anlayacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

 

Kubra Cəfərzadə, “Ədəbiyyat və incəsənət” 

 

 

Qədim zamanlarda, amma həqiqətən ən qədim zamanlarda insanlar yaradılıb, ya da var olub. Birdən birə yaranan bu varoluş anında bir sıra insanlar yarandıqları yerdən başqa yerlərə razı halda köç ediblər, ya  var olduqları yerdə məskən salıblar, ya da məcbur qalıb qaçıblar. Bəzən gedilməli yolun əksinə, bəzən də gedilməməli yola tərəf gediblər. Bəzən nə etməli olduqlarını bilmədən sürü şüurunun arxasınca düşüblər. Bəzən məsuliyyət hissini, vicdan ağırlığını çəkmək istəməyiblər. Bəzən heç kimin arxasınca getməyib öz yollarıyla gediblər. Ya bilərək, ya da bilməyərək. 

 

Düzü, insanlığı ilbizə bənzədirəm. İlbiz kimi gedərkən arxalarında iz qoyurlar deyə. İzlər görünməyə bilər. Bəziləri iz buraxdığından xəbərsiz, bəziləri necə iz buraxdığından xəbərsizdir. Bəziləriysə heç buraxdığı izin dərdində də deyil.  Nəticə olaraq o izlə rastlaşan hansısa bir həşərat ya yolunu dəyişdirər, bəlkə izdə sıxışıb qalar ( boğular),  bəlkə də başqa bir həşərat o izi izləyib öz yolundan ayrılar. 

 

İnsan da elədir. Birisi özsevgi nədir bilməz, dərk etməz. Çünkü özsevginin məlumat kitabçası onun şüuraltında yoxdur, qeyd olunmayıb. Kimilərində qərar, istək düyməsi işləməz, çünki mükəmməliyyətçi və tələbkar insanlar əhatəsində böyüyüb və ya ünsiyyətdə olmaq məcburiyyətində qalıb. Kimiləri də vecsiz. "Uzağı, vaxtı çatanda ölüb gedəcəm də, nə olacaq ki, niyə nəyinsə dərdini çəkim? " deyə düşünüb yaşayanlardır. Bunlar da tənbəl və günü günə satan insanlar əhatəsində var olanlardır. 

 

Doğrudur. Hər kəs, hər şey kimlərəsə, nəyəsə görə daim dəyişir. Heç nə sabit qalmır. Ya da bəziləri özünü yaxşıca manipulyasiya edir, ya da manipulyasiya edən insanlara məruz qalır. Amma bəzən də bu, yaxşı nəticə verir. Çünki bəzi insanlar qərarsızdırlar.

Eyni fikri dəfələrlə deməyə hövsələm də çatmır. Buna səbəb ailə, mühit, maraq dairəsidir. Lakin belə insanlar da cəmiyyətin üzvü olduqlarından, dözüm göstərməlisən, çiban deyillər ki, sıxıb partladasan, sonra yerinin sağalmağını gözləyəsən. Belə insanları da motivasya kouçları, psixoloq, ekstrasens, rejissor, yazıçı və.s  idarə edir. Lakin bu, uğur da gətirə bilər. Əgər həmin öncü olan kəs  xarakteri müsbət və dünyaya faydalı biridirsə həmin kəslərə də xeyri dəyəcəkdir. Başıboş ortalıqda gəzməklərindənsə, onun - bunun pəncərəsinə daş atmaqdansa, bəlkə də özlərinə, həyatlarına, vərdişlərinə xeyirləri dəyəcək. Kim bilə bilər ki.  

 

Bütün insanlığa yüklənən xüsusiyyət olan müqayisələndirmək, özü elə bəşəriyyətin məhvinə səbəb ola bilər. Yeridilən düşüncə isə budur. Yaradıcılıq, qabiliyyət yaradılışından varsa vardır, yoxsa yoxdur. Ya da genetikdir. Mən isə heç birinə qatılmıram. Qəbul edilən demək olar ki, çox düşüncəni də rədd edirəm. Hazırkı, şüur vəziyyətimə gələnədək də şüuraltı kassama nə qədər düşüncə yığmışdım.  Lakin indi başa düşürəm ki, bu dünyada niyə qonağıq. Çünkü tum çırtlayaraq ətrafda və içimizdə baş verənləri izləyirik, sadəcə. Varoluşdan ölənədək bu belədir. Belə də olacaq.

Qeyri-ixtiyari bir şeylər hiss edəcək, eşidəcək, görəcək, yığacaq, paylaşacayıq. Həyatın açması budur.

Bu, bəzilərinə ağırlıq, bəzilərinə yüngüllük bəzilərinə də boşluq hissi verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

\

Çərşənbə, 28 Avqust 2024 12:17

Həsrət - ESSE

Nərgiz Ziya, “Ədəbiyyat və incəsənət” üçün

 

Həsrət...

 Həsrət ...

Bizim diyarın əbədi qoxusudur həsrət ...

Həyatın ən böyük vüsalıdır bəlkə də...

Necə də tünd çay qoxuyur həsrət ...

Uzun yay gecələrinə bənzəyər həsrət, düzü yay gecələri xəstələrə uzun görünər hər zaman. Məgər ən ağır xəstəlik deyilmi həsrət ... Qovuşma ümididir  həsrət, səadət olan hər yerdə qaranquş kimi yuva qurandır, ağrının qardaşı, sevincin can yoldasidir...

Nazlı simin qara mizraba olan sevdasıdır həsrət...

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Pərviz Qurbanlının şeirləri təqdim edilir.

 

                                              

***

 

Bu evin qapısı daha döyülmür,

Divarlar həsrətdir insan səsinə.

Xaraba qalmış da elə soyuqdur,

Əllərim qızışmır öz nəfəsimə.

 

Pəncərə önündə solan çiçəklər

Hələ də unutmur xatirələri.

Yalvarır hər səhər doğan günəşə

Qaranlıq otağın pəncərələri.

 

Bir taxtabiti də yeyir divanı,

Niyyəti taxtımdan salmaqdı məni.

Nə qədər qəribə olsa da belə,

Evimdə yaşayır evin düşməni.

 

Sonra bir taqqıltı yayılır evə,

Özün yerə atır anamın şəkli.

İntihar etdimi, görəsən, yoxsa

Mənə xatırlatdı öldüyü ili?

 

Nəhayət, qapımız döyüldü, Allah,

Mən dəli olardım yoxlamasaydın.

Qoşulub əcələ gələrdim, vallah,

Bir şəkil dalımca ağlamasaydı.

 

 

***

 

Həyat qaldığı yerdən

Gedərdi öz tonunda.

Yuxudan oyanaydın,

Qış səhəri fonunda.

Sonra nəsə baş verə

Özündən də xəbərsiz,

Telefona tələsəydin.

Dünən zəng eləsəydin...

 

Ürkək, sakit səs ilə,

İnan, mənə bəs eylər

Şikayətlər, gileylər.

Üstümə qışqıraydın,

Sözlərimi kəsəydin.

Dünən zəng eləsəydin...

 

Və sükuta qərq olub,

Sakitcə dayanaydıq.

Yenə əvvəlki kimi,

Bir-birə yubanaydıq.

Axırda ağlayaraq,

Darıxmışam desəydin.

Dünən zəng eləsəydin,

Telefonu açardım.

 

 

***

 

İndi gözlərim danışır,

Dilimin susduğu yerdir.

Qəribə-zad da deyil,

Hamının bildiyi yerdir.

 

Ayağım torpağı sığallayır,

Ölülərin nəvaziş saatıdır.

Əcəli narahat etmə!

Onun iş saatıdır.

 

Artıq qulaqlarıma inanıram.

Onlar da dil açıb danışır.

Əllərim yaman qaçır,

Günahımla yarışır.

 

Kimin alın yazısı

Dodaqlarımda qalıb?

Hardan tapım mən səni,

İndi halallıq alım?..

 

Daha gecdi, əzizim,

Bayaq dediyim kimi,

Hamının bildiyi yerdir.

Gordan harayçı gəldi,

Şairin öldüyü yerdir.

 

 

***

 

İndi şəhər tozlarını qaldıran,

Xəfifcə bir meh də əsir küçədə.

Ümidləri tozdan betər sovrulan,

Bir anasız yetim gəzir küçədə.

 

Saçları da üz-gözünə tökülən

Bir dilənçi qarı açır əllərin.

Yarı alqış, yarıqarğış ömürdən,

Yavaş-yavaş yola salır günlərin.

 

Bir taksofon dəstəyindən qız səsi,

Uzandıqca, uzanırıdı sonacan.

Bir az sevinc, bir az qorxu, həyacan

Eşidirəm, alo, alo, hardasan?

 

Bir yeşikdən zibil yığan adamlar

Gözləri kor pişikləri qovurdu.

Xatirəsi yada düşən qocalar

Kövrəlirdi, gözlərini ovurdu.

 

Bu Bakı şəhəri, bu dərd küçəsi,

Biz də bu şəhərin qonaqlarıyıq.

Bağışla, ay Bakı, sevmədik səni,

Biz ayrı şəhərin uşaqlarıyıq.

 

 

***

 

Bilirsən, çox çətindir.

Tənhalığın ötəsidir,

Dərdlərin ən yekəsidir,

Uşaqlığın son gecəsidir

Sənsizlik

 

Çox asandır.

Stokholm sindromu kimidir.

Düşməninə vurulmaqdır,

Göz yaşında durulmaqdır,

Hamı kimi yorulmaqdır

Sənsizlik.

 

Soyqırımıdır.

Genosidə tuş gəlməkdir,

Sümük olub dirilməkdir,

Abort olub ölməkdir

Sənsizlik.

 

Daxili repressiyadır.

Haqq deyib güllələnməkdir,

Allahdan gün dilənməkdir,

Ölkə-ölkə silkələnməkdir

Sənsizlik.

 

Müharibədir.

Qan iyidir, qan gölüdür,

Hə, yaşayan bir ölüdür,

Bu dünyanın müşgülüdür

Sənsizlik.

 

Bilirsən, çox çətindir.

Tənhalığın ötəsidir,

Dərdlərin ən yekəsidir,

Uşaqlığın son gecəsidir

Sənsizlik.

 

 

***

 

Bir addımlıq yolum qalıb,

Neçə ildi çatmaq olmur.

Ayaqlarım qərarsızdır,

Son addımı atmaq olmur.

 

Daş heykələ dönüb qalan

Bir daş ömrü yaşayıram.

Gözü açıq, qanadı yox –

Bir quş ömrü yaşayıram.

 

Hamı bədbəxt olmaz axı –

Danışan yox, gülən yoxdur.

Ya da bu dar məmləkətdə

Quş dilini bilən yoxdur.

 

Sənə qaçdım, sənə uçdum.

Bağışla, yenə gəlmədim.

Çoxlarını ötüb keçdim,

Allaha çata bilmədim.

 

 

***

 

Qarışqa yükü var çiyinlərimdə,

Bir dərd daşıyıram bahardan qışa.

Mənim də dərd yüküm azıymış kimi,

Yükümə yük qatır ölən qarışqa.

 

Qorxur qatilinin barmaqlarından,

Neyləyim, qeydinə qala bilmərəm.

Bəlkə, dost olmağa gəlmişdi bizə,

Mən dönüb qarışqa ola bilmərəm.

 

Çıx bu xarabadan, sürünü apar.

Bu evdə qarışqa qatili qalır.

Mən öləndə qayıdarsan, qarışqa,

Əcəlim məni də yadına salır.

 

Ölərəm, qarışqa, mən də ölərəm.

Beynimdə ölümün havası da var.

Bəs deyirlər ölən heç nə aparmır,

Qəbrimdə qarışqa yuvası da var.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

                                   

Aşıq, naçar ağlama.

Gündür, keçər, ağlama.

Qapını bağlayan fələk

Bir gün açar, ağlama

 

Min illərin yaddaşından süzülüb gələn bu Azərbaycan bayatısını çox sevirəm. Hər eşidəndə ilk dəfə eşidirmiş kimi diqqətimi ona yönəldir, hər sözünü, hər ifadəsini, hər mənasını bir daha yaddaşıma yazıram. Doğrudan da xalq ən böyük yazar, filosof, bəstəkar, rəssamdır. «Qapını bağlayan fələk, bir gün açar, ağlama». Nə gözəl, nə ümidverici, nə motivasiyaedici sözlərdir belə.

Məncə xoşbəxtlik axtarışında ikən hətta bütün ümidlərin tükənəndə, əlin hər şeydən üzüləndə, suda batanın saman çöpünə əl atması anlamını verməyən bir inamla yenə də təslim olmamalı, tanrına sığınaraq möcüzənin gələcəyinə inanmalısan. O, heç gözləmədiyin səmtdən, ağlına belə gətirməyəcəyin şəxsdən istiqamətlənə bilər, səni əllərindən tutaraq yıxıldığın yerdən qaldırar.

Bu bayatını babalarımız elə-belə yaratmayıblar ki. Neçə-neçə sınaqlardan çıxaraq, xeyir-şər, işıq-zülmət, isti-soyuq çarpışmalarından bugünümüzə adlayıb gəlib bu sözlər. Fələk qapını bağlayıbsa, demək onu açacağını da gözləməyə dəyər.

Mən sizə bir iş adamının əhvalatını da danışmaq istəyirəm. Bakıda yaşayan S.M. adlı bu iş adamı həyatının bir dönəmində tam müflisləşir, əvvəlki zəngin həyat tərzindən mərhum olmaq işin yarısı imiş, elə bir həddə çatır ki, hətta evlərində qazan asmağa ərzaq belə tapılmır. 2012-ci ilin yazında son ümid yeri kimi satdığını satır, bir az da borc-xərc tapıb, bəlli məbləği düzəldib ucuz olsun deyə qonşu Gürcüstana – kupe tipli avtomobil almaqçün yollayır. Məqsədi bu avtomobili alıb gətirib  aeroport – şəhər marşrutu ilə taksi kimi işlətmək, çörəkpulu qazanmaq imiş.

Bir neçə müddət keçəndən sonra onun elektron ünvanına gürcü şirkətindən bildiriş-məktub gəlir. Yazılır ki, gəlib avtomobilinizi apara bilərsiniz.

Cüzi yolpulu ilə Tbilisiyə yollanası olur. Öncə sənəd-sünədini özüylə aparmaqçün son vaxtlar istifadə etdiyi «dermantin» çantaya qoyur, sonra nə fikirləşirsə onları ən imkanlı vaxtlarında Parisdən aldığı, uzun müddət işlətmədiyi üçün baxımsız vəziyyətə düşmüş, həyat yoldaşının da bir neçə dəfə atmağa cəhd etdiyi dəri çantasına yığası olur. Avtobusla gəlib Tbilisiyə yetişir. Ucuz bir oteldə nömrə tutur, avtomobili alacağı şirkətin ofisinə gedir, deyirlər sənədləşməyə əlavə ödəniş lazımdır, yolpulu üçün saxladığı son pulunu ödəyib otelə qayıdır, ertəsi gün evindən qanqaraldıcı zəng gəlir ki, bəs uşağın yıxılıb, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ardınca şirkət zəng edir ki, daha bir həftə yubanacaq avtomobil. Əsəbi halda, stress içində narazılığını bildirməkçün şirkətin ofisinə yollananda telefonunu salıb itirir. Telefon həmin anda son ümid yeri idi, ən azı Bakıya zəng edib kimdənsə geri qayıtmağa yol pulu köçürməsi etməyi xahiş edə bilərdi.

Otelə qayıdanda otelin ödəniş tələbinin qarşısında tam aciz qalır, inzibatçı çantasını qoltuğuna verib onu oteldən çıxardır.

Belə bir ümidsiz vəziyyətdə heç kəsi tanımadığın yad şəhərdə nə sənə kömək ola bilər, kim sənin harayına yetər axı? Qəhrəmanımız otelin daş pillələri üzərində oturub başını dizinin üstündəki çantasına söykəyərək hönkürtüylə ağlamağa başlayır. İllərlə içinə yığılan dərdi bu ümidsiz vəziyyətində hayqıraraq göz yaşına çevrilib gözündən tökülməyə başlayır. Bu vaxt başını söykədiyi çantada nəsə bir möhkəm şeyin üzünə toxunub onu narahat etdiyini duyur. Öncə buna elə də əhəmiyyət vermir. Amma sonra çantanı açıb içinə göz gəzdirir, təbii ki, pasportdan və iki-üç səhifəlik sənəddən başqa orada bir şey görmür. Əli ilə səthi nahamar eləyən nəsnəni qurdalayanda onun dəri ilə astarın arasında yerləşdiyini müəyyənləşdirir. Öldürücü maraq ona güc gəlir. Yerdən şişuclu şüşə tapıb çantanın astarını sökəndə bir kağız bağlaması çıxır, içini açanda gözləri dörd olur. Düz iki min beş yüz avro pul!!! Xilaskarına çevrilmiş o pul ora haradan düşmüşdü, alanda çantanın içindəmi olub, yoxsa imkanlı vaxtlarında özü götürüb o pulu orada gizləyib, sonradan da unudub, müəyyənləşdirə bilmir. Əllərini göyə tutub Tanrıya yalvara-yalvara bu dəfə gözündən sevinc yaşları tökməyə başlayır. Qapını bir gün bağlayan fələk doğrudan da bir gün açır, necə də düzmüş.

S.M.-in başına gələn bu əhvalat çox ibrətamiz, çox düşündürücüdür.

Mən dərhal bir bakılının Tbilisidəki macəralarından qopub Portuqaliyanın Madeyra əyalətinin Funşal adlı kiçik bir qəsəbəsində baş vermiş daha bir ibrətamiz əhvalata keçid almaq istəyirəm.

30 yaşında hamilə olan Doloreş Averyu yoxsulluq içində yaşadıqları üçün dördüncü övladının dünyaya gəlməsini istəmirmiş. Hətta həkimə gedib uşağı saldırmağa belə pulları olmadığı üçün Doloreş rəfiqəsinin məsləhəti ilə uşağı inkişafdan saxlamaq üçün gündə bir-iki dəfə qızdırılmış ucuz tünd pivə içirmiş.

Amma nə illah eləyirdisə bətnindəki dölün get-gedə böyüməsinin qarşısını ala bilmirdi. 1985-ci il fevralın 5-də o, dünyaya dördüncü övladını gətirəsi olur.

Adını Kriştiano qoyduqları bu arzuolunmaz övlad səfalət və çətinlik içində böyüyür. Həmin Kriştiano bilirsiniz kimdir? İndi dünyanın ən yaxşı futbolçusu olan, dünyanın ən zəngin idmançılarından biri sayılan (təkcə 2015-ci ildə 227 milyon avro pul qazanmışdır) Kriştiano Ronaldodur.

Bir vaxtlar adicə çörəkpulu tapmayan ailə indi imtina etmək istədiyi övladın hesabına tam zənginlik və xoşbəxtçilik içində yaşamaqdadır.

Beləliklə, yalnız son anda, təsadüf nəticəsində özünlə götürəsi olduğun çanta, yaxud yalnız son anda, təsadüf nəticəsində dünyaya gətirdiyin övlad sənin həyatında möcüzə müəllifinə çevrilirlər. Həyatını gözlədiyin, güvəndiyin nəsnələr deyil, gözləmədiyin, imtina etmək istədiyin nəsnələr də dəyişə bilərmiş, hətta!

Həyatda mütləq möcüzənin gələcəyinə inanın. Gec, tez, o mütləq gələcək. Öz gücünüzlə görə bilməyəcəyiniz, icrası sizin iradənizdən kənar olan bir işin ən sonda möcüzə hesabına həll olunacağına inamın sizə olduqca böyük köməyi dəyə bilər.

İnam – ən böyük tiryəkdir!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.

 

 

Bəxtiyar Nizami

Təbriz

 

 

Bu dünyadan bərk yapışan,

Bildiyini sənə edər.

Bu dünyanı gün oynadır

Bir gün gələr, bir gün gedər.

 

Sən qınama tarını da,

Güvəndiyin varını da,

Ən sevdiyin yarını da,

Bir gün gələr, bir gün gedər.

 

Sirrin açmaz sırdaşına,

Rəhmi gəlməz qardaşına.

Tacın qoysa da başına,

Bir gün gələr, bir gün gedər.

 

Həyat adlı bu qəfəsdə,

Qərar yoxdur heç bir kəsdə,

Lap quruca bir nəfəs də,

Bir gün gələr, bir gün gedər.

 

Çətin səni yada salar,

Hey başına dərdlər calar.

Təkcə səndən bir ad qalar,

Bir gün gələr, bir gün gedər...

 

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

Çərşənbə, 28 Avqust 2024 11:44

Şəhidlər barədə şeirlər - Ramid Tağıyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ramid Tağıyev

Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hamının taleyində,

Uğurlu yol şansı var.

Sənin tale yolunda,

Yolların hamısı var.

 

Hamı yaxşılıq edir,

Neçə yola can atır.

Hamımızın məqsədi,

Cənnəti qazanmaqdır.

 

Bu yolların hamısın,

Bir anlığa keçmisən.

Sən öz şəhidliyinlə,

Öz yolunu seçmisən.

 

Sənin yolun vətənçün,

Canı qurban etməkdə

Birnəfəslik yoludur,

Qəhrəmanlıq yoludur,

Müqəddəslik yoludur.

 

Yolun mübarək, şəhid.

Bu milləti şad etdin,

Hamımızın yerinə,

Vətəni azad etdin.

 

İndi bizim borcumuz,

Adınızı yaşatmaq,

Qəlbimizdə gəzdirmək,

Başımız üstə tutmaq.

 

 “Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.