“Bir daş ömrü yaşayıram…” – PƏRVİZ QURBANLININ ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Pərviz Qurbanlının şeirləri təqdim edilir.

 

                                              

***

 

Bu evin qapısı daha döyülmür,

Divarlar həsrətdir insan səsinə.

Xaraba qalmış da elə soyuqdur,

Əllərim qızışmır öz nəfəsimə.

 

Pəncərə önündə solan çiçəklər

Hələ də unutmur xatirələri.

Yalvarır hər səhər doğan günəşə

Qaranlıq otağın pəncərələri.

 

Bir taxtabiti də yeyir divanı,

Niyyəti taxtımdan salmaqdı məni.

Nə qədər qəribə olsa da belə,

Evimdə yaşayır evin düşməni.

 

Sonra bir taqqıltı yayılır evə,

Özün yerə atır anamın şəkli.

İntihar etdimi, görəsən, yoxsa

Mənə xatırlatdı öldüyü ili?

 

Nəhayət, qapımız döyüldü, Allah,

Mən dəli olardım yoxlamasaydın.

Qoşulub əcələ gələrdim, vallah,

Bir şəkil dalımca ağlamasaydı.

 

 

***

 

Həyat qaldığı yerdən

Gedərdi öz tonunda.

Yuxudan oyanaydın,

Qış səhəri fonunda.

Sonra nəsə baş verə

Özündən də xəbərsiz,

Telefona tələsəydin.

Dünən zəng eləsəydin...

 

Ürkək, sakit səs ilə,

İnan, mənə bəs eylər

Şikayətlər, gileylər.

Üstümə qışqıraydın,

Sözlərimi kəsəydin.

Dünən zəng eləsəydin...

 

Və sükuta qərq olub,

Sakitcə dayanaydıq.

Yenə əvvəlki kimi,

Bir-birə yubanaydıq.

Axırda ağlayaraq,

Darıxmışam desəydin.

Dünən zəng eləsəydin,

Telefonu açardım.

 

 

***

 

İndi gözlərim danışır,

Dilimin susduğu yerdir.

Qəribə-zad da deyil,

Hamının bildiyi yerdir.

 

Ayağım torpağı sığallayır,

Ölülərin nəvaziş saatıdır.

Əcəli narahat etmə!

Onun iş saatıdır.

 

Artıq qulaqlarıma inanıram.

Onlar da dil açıb danışır.

Əllərim yaman qaçır,

Günahımla yarışır.

 

Kimin alın yazısı

Dodaqlarımda qalıb?

Hardan tapım mən səni,

İndi halallıq alım?..

 

Daha gecdi, əzizim,

Bayaq dediyim kimi,

Hamının bildiyi yerdir.

Gordan harayçı gəldi,

Şairin öldüyü yerdir.

 

 

***

 

İndi şəhər tozlarını qaldıran,

Xəfifcə bir meh də əsir küçədə.

Ümidləri tozdan betər sovrulan,

Bir anasız yetim gəzir küçədə.

 

Saçları da üz-gözünə tökülən

Bir dilənçi qarı açır əllərin.

Yarı alqış, yarıqarğış ömürdən,

Yavaş-yavaş yola salır günlərin.

 

Bir taksofon dəstəyindən qız səsi,

Uzandıqca, uzanırıdı sonacan.

Bir az sevinc, bir az qorxu, həyacan

Eşidirəm, alo, alo, hardasan?

 

Bir yeşikdən zibil yığan adamlar

Gözləri kor pişikləri qovurdu.

Xatirəsi yada düşən qocalar

Kövrəlirdi, gözlərini ovurdu.

 

Bu Bakı şəhəri, bu dərd küçəsi,

Biz də bu şəhərin qonaqlarıyıq.

Bağışla, ay Bakı, sevmədik səni,

Biz ayrı şəhərin uşaqlarıyıq.

 

 

***

 

Bilirsən, çox çətindir.

Tənhalığın ötəsidir,

Dərdlərin ən yekəsidir,

Uşaqlığın son gecəsidir

Sənsizlik

 

Çox asandır.

Stokholm sindromu kimidir.

Düşməninə vurulmaqdır,

Göz yaşında durulmaqdır,

Hamı kimi yorulmaqdır

Sənsizlik.

 

Soyqırımıdır.

Genosidə tuş gəlməkdir,

Sümük olub dirilməkdir,

Abort olub ölməkdir

Sənsizlik.

 

Daxili repressiyadır.

Haqq deyib güllələnməkdir,

Allahdan gün dilənməkdir,

Ölkə-ölkə silkələnməkdir

Sənsizlik.

 

Müharibədir.

Qan iyidir, qan gölüdür,

Hə, yaşayan bir ölüdür,

Bu dünyanın müşgülüdür

Sənsizlik.

 

Bilirsən, çox çətindir.

Tənhalığın ötəsidir,

Dərdlərin ən yekəsidir,

Uşaqlığın son gecəsidir

Sənsizlik.

 

 

***

 

Bir addımlıq yolum qalıb,

Neçə ildi çatmaq olmur.

Ayaqlarım qərarsızdır,

Son addımı atmaq olmur.

 

Daş heykələ dönüb qalan

Bir daş ömrü yaşayıram.

Gözü açıq, qanadı yox –

Bir quş ömrü yaşayıram.

 

Hamı bədbəxt olmaz axı –

Danışan yox, gülən yoxdur.

Ya da bu dar məmləkətdə

Quş dilini bilən yoxdur.

 

Sənə qaçdım, sənə uçdum.

Bağışla, yenə gəlmədim.

Çoxlarını ötüb keçdim,

Allaha çata bilmədim.

 

 

***

 

Qarışqa yükü var çiyinlərimdə,

Bir dərd daşıyıram bahardan qışa.

Mənim də dərd yüküm azıymış kimi,

Yükümə yük qatır ölən qarışqa.

 

Qorxur qatilinin barmaqlarından,

Neyləyim, qeydinə qala bilmərəm.

Bəlkə, dost olmağa gəlmişdi bizə,

Mən dönüb qarışqa ola bilmərəm.

 

Çıx bu xarabadan, sürünü apar.

Bu evdə qarışqa qatili qalır.

Mən öləndə qayıdarsan, qarışqa,

Əcəlim məni də yadına salır.

 

Ölərəm, qarışqa, mən də ölərəm.

Beynimdə ölümün havası da var.

Bəs deyirlər ölən heç nə aparmır,

Qəbrimdə qarışqa yuvası da var.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.