Super User
“Ayaz gələcək və məni xilas edəcək” - HEKAYƏ
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Yenə gecəni iş masasında yuxulamış baş həkim səhər zəngli saatın səsinə birtəhər oyanıb ətrafa nəzər saldı. Deyəsən hələ heç kim işə gəlməmişdi. Əgər doğrudan da hələ heç kim gəlməmişdisə, deməli, görüləcək çox iş var idi.
Bir anda sanki doğrudan da, yuxudan ayılmış kimi, masasının üstünü qarışdırıb dünənki qeydlərinə nəzər saldı. Bu gün dispanserdə böyük gün idi. Hər altı aydan bir mərkəzi klinikada "dəli axını" baş verirdi.
Tanış olun o, Abşeron rayon mərkəzi dispanserinin əqli qüsurlu insanlara dəstək şöbəsinin rəhbəri məhşur nevropatoloq və psixatır Ayaz İslamzadə idi.
Cəmi 34 yaşında olan Ayaz, görünüşcə uca boylu, zəhmli və bir o qədər də yaraşıqlı biri idi. Əslində bu sahədə çox da yaşı yox idi, amma burada hər kəs onu sayıb seçir və haqqında daim "dəlilərin ən ağıllı dostu" deyirdilər. Ayazın zəhmli simasının arxasında yatan mərhəmət dolu bir uşaq var idi əslində. Lakin Ayaz içindəki o körpəni unuda bilmək üçün çox çalışsa da, içindəki savaşın məğlubu idi. Hər kəsin qaranlıq tərəfləri olduğu kimi, onun da, təbii ki, gün üzü görməmiş tərəfləri var idi.
1996-nın sentyabrı.
Yağışın özünü təzə göstərməyə başladığı vaxtda yaşıdları birinci sinfə qəbulun həyəcan və sevinc qarışıq duyğularını yaşayarkən o, balaca canı ilə atasının təpiyi altında özünü anası üçün fəda edirdi. Bəlli idi ki, kişi yenə çox içib və ağlı özündə deyil. Artıq buna ilk dəfə yaşanmış bir hadisə demək olmazdı. Atası demək olar ki, hər gecə evə içib gələr, sonra onun gözü önündə belindən dəmir başlı rezin kəmərini çıxarıb anasını döyər, bəzən ağız-burnu qan olana qədər təpikləyərdi.
Hekayənin dramatik tərəfi balaca uşağın təkcə anasının döylüməsinə şahid olmasından ibarət deyildi. Bu hekayədə döyülüb incidilən bir nəfər daha var idi o da, Ayazın özündən 16 yaş böyük əmisi Azər idi. Azər əqli qüsurlu bir körpə kimi dünyaya gəlmiş, ata-anasının yaşlı olmasından dolayı Ayazın atasının ümidinə qalmışdı. Əslində, Ayazın babası da, nənəsi də, sağ olsalar belə əsla, səslərini çıxarmaz, sanki bu yaşanan şiddətdən zövq alardılar. Aradan illər keçdikcə Ayaz böyüməyə və hər şeyi daha yaxşı dərk etməyə başlayırdı və o, on yaşına çatanda birinci babası, iki ay sonra nənəsi rəhmətə getdi. Deyirlər insanlar yaşlandıqca daha sakit təbiətli olurlar amma, Ayazın atası illər keçdikcə daha murdar xasiyyətli birinə çevrilmişdi.
O gün Ayazın həyatında aldığı ən ağır travma oldu.
Hər zaman döyülsə də, anasının, əmisinin şiddətə məruz qaldığına şahid olsa da, hər səhər oyananda atasının gözlərində sadəcə içkiyə qurban getmiş bir bədbəxtin peşmançlığını görə bilən balaca bu dəfə çox, daha böyük bir travma almış, səhər yuxudan duran kimi, qaçıb qucağladığı, yaralarından öpdüyü əmisini yerində tapmamışdı. Ayaz nə qədər dil töküb yalvarsa da, atası artıq əmisini aparıb hansısa "dəlixanaya" atmışdı. Və o gündən sonra Ayaz əsla əmisini görə bilməmişdi. Aradan illər keçdikcə, Ayaz böyüməyə atası qocalmağa başlayırdı. 16 yaşına çatanda Ayaz yaşıdları kimi məktəbə getmək əvəzinə 9-cu sinifdən məktəbi tərk edib evə çörəkpulu qazanmaq dərdinə düşmüş və artıq alkaş atasına anasını əsla qurban etməyəcəyinə dair özünə söz vermişdi. Həqiqətən də, yaşı artdıqca atasına qarşı gələ bilən Ayaz anasının bu həyatda sığındığı tək fırtınasız liman idi. Ancaq anasının ürəyi oğlunun təhsilini yarım qoymasından sarı çox narahat olduğundan oğlunu yola gətirib Bakıya - tibb kollecinə sənəd verməyi bacarmış və Ayaz ilk imtahandan kəsilsə də, anasına verdiyi sözü tuta bilmək üçün gecələr işləyib gündüzlər oxuyaraq Vəndamın dağ kəndindən Bakının tibb kollecinə yaşıdlarından çox geridə qalmasına baxmayaraq gəlib çıxmışdı.
18-ci doğum günü.
Ata: Məni bağışlayın, mən sizi çox incitdim.
Ayaz: Səni Allah bağışlasın.
Ana: Allah məni səni bağışlamadım deyə bağışlasın.
Artıq 18 yaşına çatanda o, illər sonra ayağına dolanan zəncirindən qurtulub Bakıya köçmüş, anası ilə özünə kiçik həyat qurmağa başlamışdı. Daha sonra, hərbi xidmətə yollanmış, geri döndükdə isə təhsilini davam etdirib tibb universtitetinə qəbul olmuş və oranı da fərqlənmə ilə bitirib respublikanın say-seçmə nevropatoloqlarından olmuşdu. Ancaq, tanrı bəzən insanların talelərini yenidən birləşdirmək üçün uzun illər onları gözlətməli olduğundan Ayaz az qala bütün dispanserləri qapı-qapı gəzsə də, əmisini tapa bilməmişdi.
Həə, deyəsən keçmişi yad etməyə davam etsək, bu günlə yaşamağa çox gecikərik. Ağ xalatını əyninə geyinib Ayaz şux qaməti ilə güzgü qarşısına keçdi və dedi:
-Görək bu gün neçə xəstənin xəstə etdiyi ağıllıları dəli kimi tanıdacaq həyat?
Dəhlizə çıxan zaman, yaranan izdihamdan gecikdiyinin bir daha fərqinə varan cənab doktor İslamzadə şux qaməti ilə həkimləri salamlayıb "qonaqlarını" qarşılmağa getdi.
-Doktor İslamov sabahınız xeyir. Ümid edirəm hər şey qaydasındadır.
Siz gələnə qədər mən artıq onların bir çoxu ilə tanış oldum, lakin aralarında 50 yaşında Azər adlı biri var, digər dispanserin həkimləri deyirlər ki, o illərdir heç kim ilə danışmaz, arada əli ilə başını tutub ağlayardı .İstədim ilk öncə sizinlə tanış edim...
-Vurma, Vurma, Vurma başıma.
Ayaz gələcək və məni xilas edəcək. Ayaz bizi xilas edəcək, Ayaz Azəri unutmaz, Ayaz bilir, Ayaz bizi buraxmaz.
Yavaşca əllərini üzündən çəkib qorxu dolu gözlərinin içinə 10yaşındakı körpətək baxdı. Gözlər bir-birini tanımış və Ayaz Azəri tapmışdı. Nəhayət ki, illərin hicri sona yetmiş, illərin ağrısını qucaqlaşmanın gətirdiyi göz yaşı sellər-sular tək yuyub aparmışdı.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
TEODOR RUZVELTin tale və bu uğur hekayəti milyonlara güc verir
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
1919-cu il yanvarın 6-da ABŞ-ın 26-cı prezidenti, 2000 məqalə və nitq, 40 kitab müəllifi Teodor Ruzvelt 61 yaşında ikən yatıb oyanmadı, beləcə qəfil vəfat etdi. Onun vəfatına tək ABŞ-da yox, dünyanın hər bir guşəsində milyonlarla insan kədərləndi, göz yaşı axıtdı. Ruzvelt həm böyük dövlət xadimi, dövrünün dünya siyasəti lideri, həm böyük ziyalı, böyük humanist idi, həm ən universal insan, həm öz kəşməkeşli taleyi ilə əsl mərd, dönməz şəxsiyyət obrazı idi, üstəlik də böyük motivəedən idi.
«İnsanı intellektual tərbiyə etmək, amma mənəvi tərbiyə etməmək – cəmiyyət üçün təhlükə yaratmaq deməkdir», - söyləyirdi Teodor Ruzvelt.
Və yaxud, «Məncə insanın ən vacib xarakteri qətiyyətlilikdir. Dahi olmaq, həyatda iz qoymaq istəyən hər bir kəs təkcə minlərlə maneəni aşmaq qətiyyətinə malik olmamalıdır, həm də minlərlə uğursuzluq və məğlubiyyətlərə baxmayaraq qalib gəlməyi bacarmalıdır», - söyləyirdi o.
Teodor Ruzveltin devizi belə idi: «Nə bacarırsansa, onu əlində olanlarla və haradasansa, oradaca elə!»
Bu şəxs «Məni qayğılandırmır ki, başqaları haqqımda nə düşünəcəklər, məni özümün oz hərəkətlərim barədə nə düşünəcəyim qayğılandırır. Bax xarakter elə budur!» düşüncəsi ilə yaşayırdı, həyatda çöx böyük müvəffəqiyyətlər əldə etməsinin, uğurlu karyera qura bilməsinin qısaca xarakteristikasını isə belə izah edirdi:
«Ən əsas uğur formulası – insanlarla necə ünsiyyət qurmağı bilməkdir».
Britaniya tarixçisi Xyu Broqan vaxtı ilə Ruzveltə bu cür qiymət vermişdi: «O, Linkoln dövründən bəri Ağ evə təşrif buyurmuş ən bacarıqlı, Ceksonun dövründən bəri ən enerjili, Kuins Adamsın dövründən bəri isə ən bilikli insandır».
ABŞ-ın tarixi ərzindəki bütün liderlərdən Ruzvelt öz möhkəmliyi, dözümlülüyü ilə seçilib. Həm fiziki, həm də psixiki cəhətdən. Həyatının müxtəlif dövrlərində o, gah vəhşi Qərbdə kovboy olub, gah səyyah kimi naməlum marşrutlarla 20 min mil irəliləyib, gah iri, vəhşi heyvan ovçusu olub. O, İspaniya-Amerika müharibəsində süvari bölümünün zabiti kimi at çaparaq döyüşüb, 1900-cü il seçki kompaniyasında 673 dəfə nitq söyləyib, boksla və cüdo ilə məşğul olub, dərin və enli çay yataqlarını üzüb keçib. Onun dözümü, gücü, entuziazmı sərhədsiz olub. Bir dəfə isə, prezident postunu tərk etdikdən sonra Miluokidə nitq söyləyərkən killer tərəfindən sinəsindən güllə yarası alıb. Bununla belə, sinəsində güllə, qanı axa-axa dirəniş göstərərək bir saat ərzində nitqini davam etdirərək çıxışını bitirib, yalnız bundan sonra huşunu itirə-itirə köməkçisindən onu xəstəxanaya çatdırmağı xahiş edirib.
Baxın, mən niyə Ruzvelt haqqında danışıram? Təkcə bu qətiyyətinə, əzminə, iradəsinə görə? Əlbəttə, tək bunlara görə danışsaydım, onda qəhrəmanım sizə sadəcə örnək olardı. Amma o, «sadəcə örnək» yox, örnəklərin örnəyidir. Niyə? Deyəcəyəm. İş ondadır ki, bu qədər gücü, dözümlülüyü ilə tarixin ən güclü, ən dözümlü şəxsiyyətlərindən biri hesab edilən Ruzvelt üçün başlanğıcda heç bir uğur, heç bir nailiyyət görünmürdü, görünə də bilməzdi. O, Manhettendə anormal uşaq kimi doğulmuşdu, ilk yaşlarından astma xəstəliyindən, görmə qabiliyyətinin zəifliyindən, həddən artıq arıq olmasından əziyyət çəkirdi. Valideyinləri uşaqlarının sağ qalıb böyüyəcəyinə belə inanmırdılar. Teodorun on iki yaşı olanda atası ona deyibmiş: «Sənin çiyinlərin üzərində başın var, ancaq bədənin yoxdur. Bədənin köməkliyi olmayanda isə, baş heç nəyə qadir ola bilməz. Sən özün özünə bədən yaratmalısan». Elə həmin gündən Teodor həm bədəninin, həm də beyninin möhkəmləndirilməsi ilə məşğul olmağa başlayır, bütün həyatı boyu da bu möhkəmləndirilmə davam edir. Qətiyyət, dözüm, özünəinam və nikbinlik! Bunları özünə silah edən Teodor əsl möcüzə yaradaraq özünü büsbütün dəyişir, zəif və xəstədən normal və sağlama, sonra isə güclülərin güclüsünə çevirir.
Ruzvelt də digər böyük liderlər kimi uğur zirvəsinə qəfil çatmayıb, uzun bir yol qət eləyib. ABŞ prezidentliyinə yüksəlməsi üçün o, polis komissarlığından tutmuş onlarca vəzifə daşıyıb. Onun uğurlar siyahısında nələr yoxdur:
- Onun rəhbərliyi altında ABŞ dünya siyasətində söz yiyəsi ola bilib;
- O, Rusiya və Yaponiya arasındakı müharibənin dayandırılması və sülh müqaviləsi imzalanması işində başlıca fiqur olub və buna görə Nobel mükafatına layiq görülüb;
- O, yüksək səviyyəli dəniz donanması yaradıb;
- Panama kanalının tikintisinin təşəbbüskarı olub;
- Bir neçə coğrafi məkanı kəşf edərək onların coğrafiya xəritəsinə düşməsinə səbəb olub. Təsəvvür edin, 1909-cu ildə prezidentlik müddəti bitəndə bu adam dərhal elmi ekspedisiyaya rəhbərlik edərək Afrika səyahətinə çıxıb.
O, ABŞ-ın çox az prezidentlərindəndir ki, hazırkı yerli əhali onu sevərək xatırlayır. Onun obrazına kütləvi mədəniyyət nümunələrində yazıçılar, rejissorlar, bəstəkarlar, rəssamlar səxavətlə yer ayırmaqdadır.
Ruzveltin dünyadan köçməsinin məhz yuxuda baş verməsinə o dövrdəki ABŞ vitse-prezidenti Marşal belə şərh vermişdi: «Ölüm onu yalnız yatdığı yerdə qamarlaya bildi. Çünki, əgər o oyaq olsaydı, heç vaxt təslim olmaz, döyüşə girərdi».
Bu da böyük şəxsiyyətin bəzi qiymətli kəlamları:
- Yalnız heç nə eləməyən adam səhv etmir;
- Daş ürəkdən pis, ancaq maye beyin ola bilər;
- İslahatların başında həmişə ağılsızlar dayanar;
- Ən uğurlu siyasətçi odur ki, hamıdan çox və hamıdan bərk hamıya məlum şeyləri söyləyir;
- Mən Amerika Birləşmiş ştatlarını da, qızım Eylisi də idarə edə bilərəm. Amma mən, bunların hər ikisini eyni vaxtda edə bilmərəm;
- Siyasətdə eləmək lazım olmayan çox şeyləri eləmək lazım gəlir;
- Sağlam bədən – bu əladır, sağlam ruh ondan da əladır. Amma həm insan üçün, həm də xalq üçün ən vacib olanı xarakterdir, kişini yaxşı kişi, qadını yaxşı qadın edən xüsusiyyətlərin cəmidir.
Və ən nəhayət, mən Teodor Ruzveltin bu kəlamını diqqətinizə yönəltmək istəyirəm: «Əgər insan düzgün yaşayırsa və ondan asılı, ona bağlı adamlar məhz onun sayəsində daha yaxşı yaşayırlarsa, demək, həmin insan həyatında ən böyük uğura imza ata bilib».
Teodor Ruzveltin sizə söylədiyim bu tale, bu uğur hekayəti yüzlərlə liderlərə bir görk olub, nümunə olub. İnanıram ki, əziz oxucum, bu hekayət sənə də güc verəcək!
Hətta buna əminəm!
Və mən, əziz oxucum, sənə örnək olacaq, güc verəcək daha bir insan taleyi ilə tanışlığını arzulayıram. Bu – dahi türk oğlu Mustafa Kamal Atatürkdür. Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu olan Atatürk birinci dünya müharibəsi zamanı əsl yenilməzliyin nə olmasını dörd tərəfdən toz dumanı kimi gələn, dişinə qədər silahlanmış ingilis və fransız qoşunları qarşısına çıxması, xeyli az saylı qəhrəman ruhlu türk əsgərləriylə birgə möhtəşəm qələbəyə nail olmasıyla sübut edib. Haqqında 379 əsər yazılan, dünyanın bütün ən nüfuzlu liderlər reytinqində yer alan, BMT-nin 1981-ci ili «Atatürk ili» elan etməsi şərəfinə layiq olan Mustafa Kamalın taleyi sübut edir ki, uğur hekayətləri adi qələmlə yazıldığı kimi, bəzən qızıl qələmlə də yazıla bilir.
Hər ehtimala qarşı Teodor Ruzveltin ingiliscə orijinalı «Do what you can, with what you have, where you are» olan həyat devizini bir daha təkrarlayıram: «Nə bacarırsansa, onu əlində olanlarla və haradasansa, oradaca elə!»
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
ABŞ səfirinin cəfəngiyyat adlandırdığı həqiqət
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin İctimai TV-yə müsahibəsi böyük səs-küyə səbəb oldu. Mark Libbi ABŞ-ın Ermənistanı silahlandırması faktını cəfəngiyyat adlandırdı. Səfir müsahibəsində bildirdi ki, Caliber.az-ın təqdim etdiyi bütün məlumatları təkzib edir. Səfir müsahibəsində onu da vurğuladı ki, Ermənistana hərbi yükün göndərilməsi hərbi təlimlə əlaqəlidir.
Nə gözləyə bilərik ki, Mark Libbi 30 il ərzində heç bir işə yaramayan ATƏT-in Minsk qrupu adlı qurumun həmsədrlərindən biri olan dövlətin səfiridir. “Mənə tamamilə aydındır ki, hazırda Azərbaycan və Ermənistan arasında ən böyük problem etimadsızlıqdır”, - deyən Səfir hələ də anlamaq istəmir ki, hər iki ölkənin rəhbəri sülhə çox yaxın olduqlarını bəyan edib və bu münaqişəyə birdəfəlik son qoymaq istəyir.
Səfir Mark Libbi Azərbaycan mətbuatını təhqir edərək araqarışdıran qüvvə adlandırır. Onun Şuşaya səfəri ilə bağlı sonuncu açıqlamasına nəzər salsaq görərik ki, onun mediaya verdiyi cavabı şouda iştirak etmək istəyi deyildi. Yəni, Şuşaya səfər etmək şoudur və o, buna qatılmır. Qarabağa sonrakı səfəri zamanı isə bildirmişdi ki, iki aya yaxındır, həmin səfərə hazırlaşır. Yəqin ki, bu açıqlamadan yaxşı görsənir kimin şou göstərdiyi, kimin ara qarışdırdığı. Əgər hegemon dövlətin diplomatı etik davranış qaydalarına uyğun olmayan fikirlər səsləndirirsə, o zaman onlardan hər şey gözləmək olar. Belə ziddiyyətli açıqlamaların yaratdığı fikir onu deməyə əsas verir ki, ABŞ-ın Ermənistanı silahlandırması ilə bağlı konkret dəlil və faktlara, sübutlara bu şəkildə cavab verməsi yalanın ört-basdır edilməsinə xidmət edir. İnformasiya əsrində yaşadığımız bir zamanda medianın paylaşdığı bu məlumatların dolğunluğu, təbii ki, ABŞ-a gün kimi aydındır, amma burada məsələ deyəsən “qatıq qaradır” məsələsidir.
Bu sirr deyil ki, Ermənistan öz havadarları tərəfindən kütləvi silahlanma prosesindən narazı deyil. Həmçinin ABŞ da bu məsələdə üzünü yana çevirməyib. 2020-ci ildə Azərbaycanın haqq savaşında haqsız zəbt etdiyi torpaqlardan qovalanmış Ermənistan ötən il ABŞ ilə “Qartal tərəfdaşlığı” ilə təlimlər keçirdi. Hiss olunan odur ki, ABŞ Ermənistanda öz silahlı qüvvələrini saxlayır və əsas məqsədi Cənubi Qafqazda əldə edilmiş sülhü pozmaqdır. Bu isə ABŞ-nin danışıqlara və sülh prosesinə səmimi yanaşmaması, Ermənistanı addım-addım müharibəyə sürükləməsi deməkdir.
Artıq görünən odur ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi, yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikaların Ermənistana gətirilməsi həm Cənubi Qafqazda sönən odu körükləmək, həm də Ermənistan ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparmaqdır.
Təbii ki, Azərbaycan bu gün böyük inkişaf yolu keçir və sürətlə hədəflərinə doğru irəliləyir. Dünyada sülhün, təhlükəsizliyin qarantına çevrilmiş Azərbaycanda səfir Mark Libbinin səsləndirdiyi bu fikirlər hər bir halda xalqımızın və dövlətimizin yürütdüyü siyasətə ziddir. Fikrimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı dediyi fikirlərlə bitirirəm:
“İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də, o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Bəxtiyar Nizaminin “Söylə saçlarına toxunmasınlar...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.
Bəxtiyar Nizami
Təbriz
*
Söylə saçlarına toxunmasınlar
Sən sevməlisən ay qadın
Dünyanın ilki də sən, sonu da
Sənin gözəlliyini yarada bilməyəcəklər.
Şairlərə rəssam
İllərdir saçlarınız örpək adlı dustağa
Məruz qalıbdır.
Saçların başlanış
Saçların fırtına
Saçların inqilab
Saçların
Gizli,
Silah...
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Arazın o tayı - XATİRƏ
Ləman Quliyeva - “Ədəbiyyat və incəsənət” üçün
(Heç vaxt canlı görmədiyim, amma ürəyimdə əvəzsiz yeri olan qəhrəmanım, əmim Şəhid Araz Quliyevin xatirəsinə)
Uşaqlığımın, hətta gəncliyinin böyük bir qisminin keçdiyi nənə-baba ocağından axşamçağı rayondakı evimizə qayıdırdıq. Həmişəki kimi qardaşımla maşında kimin mahnı qoşacağı davasını edirdik. Qardaşım mən macal tapmamış bir neçə mahnını artıq oxutmuşdu. Öz fikrimdə "əşşi uşaqdır də. Bir - iki mahnıdan sonra onu razı salaram" düşüncəsilə artıq qaralan havaya görə doğru-düzgün görülməyən yola nəzər saldım. Uşaqlığımı düşündüm. Yelləncəyimi nə qədər sevdiyimi, keçən il bu vaxt belə axşamlar mahnı dinləyib, həm də oxuyaraq keçirdiyim gözəl günləri xatırladım. Bir vaxtlar tanıdığım, gözəl evləri, həyatları olan, indi isə bir tabuta rahatca sığışan, yaddaşımda yaxşı ya da, pis qalan insanlar ağlıma gəldi. Daha dərin düşüncələrə dalmaq istəyirdim ki, qardaşımın seçdiyi mahnılardan biri məni bir xəyal aləmindən tamam başqa xəyal aləminə səyahətə apardı. Bayaqdan ömrümdə iz qoymuş, xatirələrimdə yaşayan tanıdığım məzar sakinləri haqqında düşünürdüm. İndi isə ancaq şəkillərdə gördüyüm birinin xəyalına daldım...
İllər əvvəl nənəmin danışdığı bir xatirəsi sanki özüm yaşamış kimi canlandı:
-Əmin yeni şəhid olan vaxtlar çox istəyirdim ki, yuxuma girsin. Amma nə qədər istəsəm də gəlmirdi. Tək istəyim onu heç olmasa son dəfə görmək idi. Gəlmirdi ki gəlmirdi. Görəsən küsmüşdü məndən? Son anlarında yanında ola bilmədim deyə qəlbimi qırılmışdı? Niyə sınmışdı anasından? Bilsəm getməzdimmi yanına, ayaqqabım olmasa ayaqyalın qaçardım Tovuzdan Füzuliyə. Ancaq xəbərim olmadı. Evimə gələn oğlum yox, 18 yaşlı cansız bədəni oldu... Artıq ümidimi tamam üzmüşkən bir oğlan gəldi yuxuma. O idi. Qara qaş, qara göz, ilk göz ağrım, canımın parçası, ürəyimin sağalmaz yarası oğlum... Ana, ağlama dedi mənə, gəlib bərk-bərk qucaqladı. Elə bil yuxu deyildi. Sanki həqiqətən gəlmişdi. Gül qoxusunu boğulana qədər içimə çəkdim. Dayanmadan öpdüm cənnətimi. Sonra birdən birə sağollaşıb gözlərimin önündən itib getdi. Nə qədər doya bilməsəm də, məndən küsmədiyi, yanıma gəldiyi üçün üzümdə qəribə təbəssümlə yuxuya daldım...
Anamgilə bu xatirəni axıra qədər danışa bilməyib pəncərəyə baxdım. Göz yaşlarımı silə-silə mahnını ucadan oxumağa davam etdim:
Sen beni hep rüyalarda gör annem
Gör ki kalbim bir mezarda dinlenir
Sen beni hep rüyalarda gör annem
Gör ki kalbim bir mezarda dinlenir
Belki dağlar duman duman savrulur
Belki sesim çığlık çığlık duyulur
Belki yavrun bir tabuta koyulur
Üzülme annem...
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Kölgənin sevimli nəğməsi - ESSE
Unutma ki, sənə işıq tutanlara arxa çevirsən, yalnız öz qaranlığını görəcəksən.(Rene Dekart)
HAŞİYƏ:
17-ci əsr İtalyan rəssamı Mikelancelo Karavacco ilk dəfə təsviri sənətdə realizm janrını tətbiq edib. Qapaq şəklində onun “Falçı” əsərini görürsünüz.
Kölgə və işıq qarşılaşması təxəyyülümdəki sonsuz "söz boxçalarını" boşaltmağa sövq etdi.
Kölgənin işığa aşiqliyi günahkarın etdiyi günahın savab adı altında utanmaz- utanmaz nümayiş etdirməsini xatırladım.
Doğrudanmı, günahkarların vicdanının gözləri kordur?!
"Haqlıyam, haqq məndədir"- demək bu qədərmi asandır?
Düzdür hər kəs baş verən hadisələrə öz baxış bucağından boylanır. Amma haqqsızlığın bir adı var: "NAHAQ"
Ta əzəldən " Xeyir"lə "Şər" mübarizədə olub.
Sonda isə haqqın qılıncı daha iti olduğunu sübut edib. " Kölgə" "İşığı" tutub saxlayırsa, bu onun sevgisidirmi? Kölgənin nəğməsi sevgi adlı uydurma bəstədir. Özünə haqsız, günahkaram deyənlər az tapılır, kölgə olmaqdan yorulub işığa çevrilənlər çox azdır.
İşığı tutub saxlamaqla ona sevgi vermirlər, əksinə haqqını əlindən alırlar. İşıq Cahana candır, yaşıllıqları- çəmənləri, çiçəkləri sevgisi ilə bəsləyən məlhəmdir. İşıq mərhəmətdir, qayğıdır, sevgidir. Kölgə isə saxta sevgisindən nəğmə bəstələyən naşı bəstəkardır - haqq adlı bayrağı qaldırıb mərhəmətdən uzaq düşmüş sevimli nəğməsini təkrar- təkrar oxuyan yalançı aşiqdir.
İşıq və kölgə Təsviri incəsənətdə realist təsvir üçün əsas elementlərdəndir. Onlar əl- ələ verərək kompozisiyaya daha da canlılıq bəxş edir.
Karavacco, Qrünevald öz əsərlərində güclü yan işıq effektindən istifadə ediblər.
Karavacconun əsərləri öz hissiyyatlığı, emosianallığı ilə, gərginliyi, işıq və kölgənin kontrastlığı və xüsusi cizgisi ilə fərqlənir ki, buda "karavacizm" üslubunun xarakteridir.
Bəli, sənətdə "İşıq və kölgə" möhtəşəm canlı görüntü üçün əsas elementdir, amma real həyatımızda kölgələr işığımızı kəsməsin, Günəsin nuru öz istisi, işığı ilə ömür adlı qısa səyahətimizdə həmişə bizimlə olsun.
Sükut sevən addımlarım
çox səssizdir,
Adıma kölgə deyirlər,
qara rəngin əsiriyəm.
Ən sürətli qaçan belə,
kölgəsinə çata bilməz,
əl uzatsa, tuta bilməz.
Mən kölgəyəm.
İşıq gizlər öz ardında,
Utanar ki, yanındayam.
İşıq varsa, mən də varam
arayaram, axtararam.
Yollarını kəsmək üçün,
tutub onu saxlayıram.
Mən kölgəyəm.
Anlamazlar bəzən məni
qınayarlar,
GÜNƏŞƏ olan sevgimi.
Tellərini daramağa toxunaram,
Nəfəsinə sarılmağa hər an varam.
İşıq varsa, kölgə də var,
Aşiqlər olanlar anlar!
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Müəllimliyə təsadufi gəlişlərin də qarşısı alınmalıdır - AKTUAL
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət”
Müəllim hər bir millətin, xalqın inkişafında həlledici simadır. Millətin gələcək taleyi onun əlindədir. Çünki o, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayır. Bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir. Necə deyərlər, “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişə bilər”.
Cəmiyyətin tərəqqisi isə onun təhsili ilə birbaşa bağlıdır. Dunya təcrübəsi göstərir ki, vacib və zəruri amillər olsa da, nə təhsilə cəlbetmə səviyyəsinin artırılması və təhsilin müddəti, nə təhsil infrastrukturunun gücləndirilməsi və təhsil müəssisələrinin sayının artırılması, nə də mükəmməl normativ sənədlərin qəbul edilməsi özlüyündə mocuzə yarada bilmir, yəni insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Bilik və bacarıqlar öyrənmə prosesinin keyfiyyəti ilə əldə edilir ki, burada əsas və həlledici sima yenə də müəllimdir.
Vaxtı ilə Platon demişdi: “Müəllimlik bir Tanrı sənətidir”. Dinimizdə müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan belə özünü müəllim adlandırır. “Bəqərə” surəsinin 31-ci ayəsində oxuyuruq: “Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi”. Ümumilli liderimiz, dünya şöhrətli siyasətçi H.Əliyev də müəllim adının müqəddəsliyini daim vurğulayırdı. O deyirdi ki, “Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram”.
Təəssüf ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu gün müəllimin nüfuzu 30-40 il bundan əvvəlki nüfuz deyil, xeyli zəifləyib. Bu mənada Kolumbiya Universitetinin professoru Jak Barze haqlı olaraq deyib ki, “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir".
Əgər biz, həqiqətən, cəmiyyətimizin tərəqqisinə nail olmaq, Azərbaycan təhsilini keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevirmək istəyiriksə, digər işlərlə yanaşı müəllim nüfuzunun yüksəldilməsinə çalışmalıyıq.
Bu gün əsas vəzifələrdən biri “itirilmiş ənənənin” bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Üzərinə cox böyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan təhsilverənlərin nüfuzu və ictimai rolu hər vasitə ilə qorunmalıdır. Çünki müəllim nüfuzu təlim-tərbiyədə müstəsna amildir.
Ömrümün 45 ilini pedaqoji işə həsr edən bir şəxs kimi qətiyyətlə bildirirəm ki, müəllimin nüfuzunun yüksəldilməsi onun özündən və pedaqoji kadr hazırlığından birbaşa asılıdır. Müəllim hər şeydən əvvəl yüksək şəxsi keyfiyyətlərin daşıyıcısıdır. O, yüksək əqidə sahibi, öz peşəsinin vurğunu olmalı, yüksək mədəniyyətə və mənəviyyata, dərin biliyə və erudisiyaya, yüksək nüfuza malik olmalıdır. Hər cəhətdən başqalarına - hamıya nümunə olmalıdır. Çünki “Müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər”.
Müəllim həmçinin mükəmməl peşə qabiliyyətlərinə sahib olmalıdır. O, akademik, didaktik, kommunikativ, konstruktiv, pedaqoji, iradi-emosional və digər qabiliyyətlərə kamil yiyələnməlidir. Yaxşı müəllim olmağa çalışmalıdır. Yəni V.A.Suxomlinskinin dediyi kimi, o öz peşəsinin ustası olmalı, psixologiya və pedaqogika eimlərini və öz fənnini dərindən bilməli, şagirdləri öz övladları kimi sevməlidir. L.N.Tolstoy deyərmiş ki, öz işini sevən müəllim yaxşı müəllimdir, uşaqları və fənnini də sevən müəllim isə əla müəllimdir.
Bu peşə ilə məşğul olan hər bir kəs onun müqəddəsliyini dərk etməli və müəllimlik peşəsinin şərəfini uca tutmalıdır. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn xələfləri üçün qazanmalı və qoruyub saxlamalıdır.Müəllim mənəvi keyfiyyətlərindən, akademik biliyindən və peşə qabiliyyətlərindən tutmuş danışığına, insan və hadisələrə ədalətli münasibətinə, geyiminə, oturub-duruşuna kimi hər şeyə diqqət etməlidir. Həyata baxışı, səmimiyyəti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.O,cəmiyyətin, bütün insanların diqqət mərkəzində olan peşə sahibidir. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız bir söz müəllimi nüfuzdan sala bilər. Təəssüf ki, çox vaxt bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına aid edilə bilir. Çoxillik təcrübəmdən görmüşəm ki, zamandan geri qalmayan, daim oxuyub öyrənən, dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu həmişə yüksək olub.
İndi ölkəmizin təhsil müəssisələrində yüksək ümumi-mədəni və peşə-ixtisas səviyyəsinə malik minlərlə, on minlərlə müəllim çalışır. Müəllim vəzifəsini belə nüfuza, hörmətə çatdıran, zirvəyə ucaldan da onlar özləri olmuşlar. Təəssüf ki, bu gün şəxsi keyfiyyətləri, akademik bilikləri və peşə qabiliyyətləri aşağı olan, öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Əlbəttə, onlar müəllim nüfuzuna xələl gətirirlər. Yəqin ki, yeni tətbiq olunan MİQ və sertifikasiya qaydaları ilə məktəblər tədricən bu cür müəllimlərdən təmizlənəcəklər.
Təkrarlanması üçün universitet və kolleclərdə müəllim hazırlığı ciddi nəzarətə götürülməlidir. Məlumdur ki, pedaqoji peşəkarlığın əsası, onun özülü ali (və ya orta-ixtisas) təhsil prosesində, ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili zamanı qoyulur. Hazırda ölkə universitetlərinin bir çoxunda (hələ kollecləri demirik) müəllim kadrları hazırlanır. Zənn edirik ki, buna ehtiyac yoxdur. Çünki movcud pedaqoji kadrların sayı onlara olan real tələbatı 2-3 dəfə ustələyir. (Müəllim nüfuzunun aşağı düşməsinin bir səbəbi də elə budur) Əgər belə davam edərsə, yaxın gələcəkdə pedaqoji təhsilli işsizlər toplumu yaranacaq. Ona görə təklif edirik ki, pedaqoji ixtisaslara plan yerlərinin sayı azaldılsın və müəllim hazırlığı ADPU başda olmaqla normal potensialı olan universitetlərdə mərkəzləşdirilsin. Orta-ixtisas məktəblərində isə pedaqoji kadr hazırlığı tədricən dayandırılsın. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilsin. Unutmayaq ki, təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə milli təhlükəsizlik məsələsidir.
Keyfiyyətli müəllim kadrları hazırlığı ümumi inkişafın açarıdır. Sirr deyil ki, universitetləri və kollecləri qurtarıb işə başlayanların xeyli qisminin peşə-ixtisas səviyyəsi aşağı olur. Düzdur, universitet təhsilli gənc pedaqoji kadrlarda elmi və pedaqoji bacarıqların formalaşması tam başa catmır, bu bacarıqlar, əsasən, 1-2 ilə məktəbdə tam formalaşır. Amma bəzən səviyyə o dərəcədə aşağı olur ki, qeyd edilən bacarıqların formalaşacağına umid belə qalmır. Məktəblərdə belə “müəllimlər” susuz bulağa, işıqsız lampaya bənzəyirlər”. Ona görə universitetlərin əsas vəzifəsi müasir təhsil çağırışlarına cavab verən, zəruri kompetensiyaları formalaşan, yeni pedaqoji təfəkkürə yiyələnən, müasir təlim metodlarını dərindən mənimsəmiş savadlı və istedadlı gənc pedaqoqların, səriştəli təhsil verənlərin hazırlanması olmalıdır. Onu da unutmaq olmaz ki, bu gün sırf nəzəri xarakter daşıyan təhsil oz fundamental əhəmiyyətini itirməkdədir. İndi təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktiki bilik və bacarıqlar, səriştənin vacibliyi, yeni modelli təhsil önə cəkilir.
Müəllimliyə təsadufi gəlişlərin də qarşısı alınmalıdır. Çox hallarda pedaqoji ali məktəblərə daxil olan tələbələrin müəyyən qisminin pedaqoji peşə seçmələrinin onların maraq və motivlərindən, yaxşı müəllim olmaq arzusunun reallaşdırılmasından irəli gəlmədiyi özünü göstərir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, sabiq Təhsil naziri, çox hörmətli M.Mərdanov “Müəllim nüfuzu və ona təsir göstərən amillər” adlı məqaləsində yazır: ”Təhsil naziri olduğum illərdə dəfələrlə auditoriyalarda “Kim müəllim olmaq arzusu ilə bu fakültəyə qəbul olunub?” sualını vermişəm, demək olar ki, heç kəs əlini qaldırmayıb, hamısı başqa ixtisas almaq üçün imtahanlara qatıldığını bildirib. Təəssüf ki, yüzlərlə tələbə könülsüz olaraq müəllimlik ixtisasında təhsil alıb, qeyd edilən səbəblərə görə oxuduğu müddətdə də müəllimlik peşəsini sevə bilməyib, universiteti “birtəhər” başa vurub, nəticədə müəllim işləməli olub”. Təsəvvür edin ki, gecə-gunduz həkim olmaq arzusu ilə yaşayan, gecə yatanda da özünü ağ xalatlı həkim kimi görən, gələcəkdə müəllim işləyəcəyi hec ağlının ucundan belə kecməyən abituriyent “oyundankənar vəziyyətdə” qalmamaq ucun (mövcud qəbul qaydaları müəllim peşəsi ucun aşağı bal ilə qəbul olunmaq imkanı yaratdığı ücun, ya da valideyninin təkidi ilə) ixtisas secimində biologiya müəllimi ixtisasını da “secir”. Məlum səbəbdən arzulamadığı halda bu ixtisas uzrə təhsil alır, təbib yox, müəllim olur. Nə acı ki, bu proses hazırda da davam edir. Şübhəsiz ki, pedaqoji sahəni təsadüfən seçən, qəlbən, ruhən deyil, yalnız diplomuna görə müəllim olan belələri gələcəkdə həqiqi müəllim ola, urəyini uşaqlara verə bilməyəcək. Belə “zorən müəllim”lərin çoxunun sonda təhsil müəssisələrində baş girləyən adamlara cevrildiyini hamı yaxşı bilir. Ən pisi də odur ki, belələri əsl müəllimlərin nüfuzuna cox ciddi zərbə vururlar. Yaxşı olar ki, bu ixtisasa qəbul zamanı xüsusi keçid balı tətbiq olunsun, mətbuatda da qeyd edildiyi kimi, akademik biliyi ölçən imtahanlarla yanaşı, abituriyentlərin bu peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndirilsin.
Müəllim hazırlığından söz düşmüşkən, bir məsələni də xüsusi vurğulamaq istərdik. Universitetlərdə müəllim kadrlarının hazırlığı zamanı çalışmaq lazımdır ki, gələcəyin müəllimi özünün xalq və dövlət qarşısındakı borcunu və məsuliyyət daşıdığını aydın dərk etsin, təhsilə aid normativ sənədləri diqqətlə öyrənsin. Çünki o, gənc nəslin mənəvi aləminin memarı olacaqdır. Öz hüquq və vəzifələrini aydın bilməli, məsuliyyətini bəri başdan hiss etməlidir.Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaqböyükxətadır.Yalnızbirtəlimdənbaşqauşağıntərbiyəsidəximüəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır”.
Müəlimin nüfuzunun güclənməsi cəmiyyətin ona münasibətindən də çox asılıdır. Çünki, təhsil sistemi cəmiyyətin fövqündə deyil, müəllim də cəmiyyətin bir üzvüdür. Həm də cəmiyyətin formalaşmasında xüsusi rolu olan bir üzv. Ona görə də həm təhsil sistemində, həm də müəllimin həyatında və fəaliyyətində baş verən bütün hallara cəmiyyət çox həssas reaksiya və qiymət verir.
Təəssüf ki, hazırda cəmiyyətdə müəllim nüfuzu əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, buna doğru gedir. Və bu, arzuolunmaz və çox təhlükəli haldır. Mütəxəssislər də cəmiyyətdə şəxsiyyətin inkişafı və formalaşmasında yaranmış problemləri məhz müəllim nüfuzunun aşağı düşməsi, bu səbəbdən onlara inamın azalması amili ilə əlaqələndirirlər.
Cəmiyyətdə müəllim nüfuzunun aşağı düşməsində də birinci səbəbkar müəllimlərin özləridir. Təəssüf ki, bu gün təhsil müəssisələrində öz peşəsinə layiq olmayan müəllimlərə də təsadüf olunur. Heyf ki, bəzilərində müəllimə münasibət çox vaxt belələrinin timsalında formalaşır.
Müəllim-valideyn-cəmiyyət üzvləri arasında qarşılıqlı anlaşmanın və həmrəyliyin olmaması da müəllim nüfuzunu zədələyir. Məktəb rəhbərləri ilə müəllim, müəllimlə müəllim, müəllimlə şagird, müəllimlə valideyn arasında anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar keçmişdə də olub, indi də var və çox güman ki, gələcək də bunlardan xali olmayacaq. Əvvəllər (internetsiz dövrdə) baş vermiş anlaşılmazlıqlar, mübahisələr və digər neqativ hallar çox vaxt qarşılıqlı anlaşma ilə aradan qaldırılmış, haqlı-haqsız müəyyən olunmuş, dövlətin qanunlarına əsasən uyğun tədbirlər görülmüşdür. İndiki kimi publikaya ünvanlanaraq qəzetlərdə, xüsusən sosial şəbəkələrdə manşetə çıxarılmamış, el-aləmə faş edilməmişdir. Nöqsanı və günahı olan bir qrup müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradılmamışdır.
Bəzi müəllimlərin peşə-ixtisas səviyyələrinin çox aşağı olması, pedaqoji prosesi təşkil və idarə edə bilməmələri, müəllim-şagirdləri münasibətlərində neqativ halların çoxalması, bu səbəbdən də müəllimlərlə valideynlər arasında anlaşılmazlıq, narazılıq və münaqişələrin yaranması, xoşagəlməz hərəkətlərin (məsələn, fiziki cəza üsullarının tətbiqi, süpürgə pulu, fond pulu, təmir pulu, sümmativ pulu, ad günləri və s.) meydana çıxması, nizam-intizamın pozulması, bu halların qarşısının alınması üçün vaxtında təsirli tədbirlərin görülməməsi və s. cəmiyyətdə müəllimə qarşı mənfi təsəvvürlərin yaranmasına gətirib çıxarmışdır.
Nə qədər qəribə səslənsə də, cəmiyyətin müəllimə yanlış münasibətinin yaranmasında siyasətçilərin, rəhbər şəxslərin, təhsil məmurlarının da “rolu” var. Onların zaman-zaman söylədikləri “müəllim maaşla dolana bilmirsə, işdən sonra gedib daş hörüb, fəhləlik etsin”, müəllimlər “şaftalı, anbar, dastan” sözlərini düz yaza bilmirlər, müəllimlər “çubuqlu bölmə”ni həll etməyi bacarmırlar” və s. kimi fikirlər cəmiyyətdə müəllim nüfüzuna mənfi təsir edir. Görəsən, bu sözləri publikaya ünvanlayanlar fikirləşmirlərmi ki, qurunun oduna yaşı da yandırırlar.
Cəmiyyətdə müəllim nüfuzuna zərbə vuran bir amil də repetitorluq, hazırlıq kursları (mərkəzləri) şəbəkəsinin yaranmasıdır. Etiraf edək ki, bu şəbəkələr məktəb mühitini dağıdır. Bunların hesabına artıq məktəbə, müəllimə əsas bilik verən kimi baxılmır. Valideynlər öz övladlarını kütləvi şəkildə repetitor yanına, hazırlıq kurslarına yönəldirlər. Bu isə məktəblərin və burda çalışan müəllimlərin sürətlə nufuzdan düşməsinə səbəb olur. Əlbəttə, bunun cox ciddi səbəbləri vardır. Yazımızın mövzusuna və məzmununa müvafiq olmadığı üçün bu səbəbləri açıqlamaqdan vaz keçib, başqa bir yazıya saxlayırıq.
Zənn edirik ki, müəllim peşəsinin statusuna təsir edən başqa bir çox güclü qüvvə mediadır. Əlbəttə, təhsildən, müəllimdən yazmaq lazımdır. Tənqid etmək, irad bildirmək, təkliflər vermək də lazımdır. Bunlar ümumi işin xeyrinədir. Amma haqq-ədalətlə yazmaq lazımdır. Düşünülməmiş, səriştəsiz, mənqiqsiz çızma-qara, hədyan yazmağa heç bir media orqanının mənəvi haqqı yoxdur. Təəssüf ki, bəzi media orqanları sanki müəllimlərə qənim kəsilib. Elə bil bunlara tapşırılıb ki, hər vasitə ilə məktəbi, müəllimi gözdən salın. Hər bəhanə ilə müəllimi müzakirə obyekti edin. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda müntəzəm olaraq qarşılılaşdığımız xəbərlərin başlıqlarına baxın: “Məktəb rəhbəri müəllimi təhqir edib”, “Şagird dərs zamanı nalayiq sözlər işlədib”, “Şagird müəllimə əl qaldırıb”, “Müəllim şagirdi döydü”, “Şagird öz sinif yoldaşını döydü”, “Valideynlə müəllim dalaşıb”, “Müəllim öz həmkarı ilə dalaşıb”, “Müəllimlik kişi işi deyil”, “Qadın müəllimlərin davası” və s. Əlbəttə, belə xəbərlərin ictimailəşməsi, geniş izləyici kütləsinə çatdırılması əks effekt verə bilər. Xəbər hadisədir. Amma hər hadisə xəbər deyil.
Bu günlərdə “Baku tv” “Müəllim olmaq istəyənlər nazirləri tanıyır?” adlı bir videomaterial vermişdi. Materialın nə məqsədlə verildiyi anlaşılmır. Anlaşılan odur ki, əməkdaş yalnız müəllimlərin yanlışlarını tutmaq və qabartmaq istəyir. Guya müəllim bütün nazirlərin adlarını bilməyə məcburdur və ya hansısa nazirin adını bilməsə, ondan yaxşı müəllim olmazmış. Bu adam anlamır ki, 5-3 nəfərin timsalında belə halları ümumiləşdirərək içtimailəşdirmək etik deyil. Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir.
Ötən günlərdə əksər media orqanlarında “Müəllimə şiddət göstərildi” başılığı ilə xəbər yayılmışdır. Hər gün ölkədə onlarla ailə münaqişəsi baş verir, onlarla insan şiddətə məruz qalır. Nə üçün onlardan bəhs edəndə peşələri qeyd olunmur? Söhbət müəllimdən gedəndə “müəllim” sözü başlığa çıxarılır. Bəyəm bu əməkdaşlar bilmirlərmi ki, belə hallarda jurnalistin Etik Davarnış Qaydalarına görə şəxsiyyətin peşə ilə bağlı bilgiləri qabardılmamalıdır.
Təəssüf ki, bu cür nümunələrin sayını çoxaltmaq da olar. Amma ehtiyac görmürük. Mətbuat nümayəndələri bu yolla reytinq qazandıqlarını, “problemləri” həll etdiklərini düşünürlər. Lakin başa düşmürlər ki, verdikləri “xəbərlər”in xeyri ziyanından çox olur. Nöqsanı və günahı olan az bir qism müəllimə və məktəbə görə minlərlə məktəb və müəllim haqqında yalnış təsəvvür yaradırlar. Bir neçə xoşagəlməz hərəkət edən müəllimə görə, bütün müəllimlərin üzərinə ləkə salmaq olmaz.
Hələ mən məktəb rəhbərlərindən və bir-birindən incik düşən müəllimlərin, müəllimlərlə aralarında anlaşılmazlıq və narazılıq yaranan valideynlərin müxtəlif səhifələrdəki qeyri-etik söhbət və video paylaşımlarını demirəm. Əgər neqativ hallar baş veribsə, müəssisə rəhbərlərinə, yuxarı təhsili idarəetmə orqanlarına, lap elə hüquq mühafizə orqanlarına müraciət etmək bu halların sosial şəbəkələrdə içtimailəşdirilməsindən səmərəli olmazmı?! Axı belə paylaşımlar cəmiyyətdə həm də nümunəvi məktəblərə və müəllimlərə qarşı heç də yaxşı olmayan fikir formalaşdırır, insanların baxışını mənfiyə doğru dəyişir.
Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir. A.Çexovun dediyi kimi “Bir milləti məhv etmək üçün onun təhsilini və müəllimini gözdən salmaq kifayətdir”. Ona görə də məktəbə, müəllim nüfuzuna xələl gətirən söz-söhbətlərə son qoymaq lazımdır. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, onların nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Ölkəmizin gələcəyini dərk edən hər bir insan müəllim nüfuzu ilə bağlı problemi doğuran səbəblər və onların həlli yolları barədə düşünməli, müəllimin cəmiyyətin inkişafında rolunun olduğu kimi qəbul edilməsinə çalışmalı, müəllim nüfuzuna xələl gətirən hallara qarşı laqeyd qalmamalıdır. “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”. (A.Eynşteyn)
Üzərinə cox boyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan müəllimlər ekvivalent olaraq dovlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdırlar. Düzdür, son illər müəllimlərə göstərilən dövlət qayğısı xeyli yüksəlmişdir, onların əmək haqqı bir neçə dəfə artırılmışdır. Amma bu heç də yetərli deyil. Müəllimlərə gostərilən diqqət və qayğı daha da artırılmalıdır. Şagird sayına görə bir qrup məktəb rəhbərinin və sertifikasiyanın nəticələrinə görə müəllimlərin əmək haqqında yaranmış artım başa qaxılmamalıdır. Unutmayın ki, müəllimlərin yetişdirdiyi nazirlərin və onların müavinlərinin, deputataların, prokurorların, polis işçilərinin və digər bir çoxlarının əmək haqqı müəllimlərin əmək haqqından xeyli çoxdur. Yadıma böyük Atatürklə bağlı bir söhbət düşdü. Ondan deputatların əmək haqlarının nə qədər artırılmasını soruşanda deyibmiş ki, elə edin ki, öyrətmən maaşını keçməsin. Ulu öndərimiz H.Əliyev də deyirdi: “...Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir...”.
Çalışmaq lazımdır ki, müəllimlərin ehtiyacdan doğan maddi-məişət qayğıları peşə-ixtisas və ümumi mədəni səviyyələrini yüksəltmək qayğısını üstələməsin. AXC-nin Maarif və Dini Etiqad Naziri N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: ”Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.”
Müəllimlərin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ücün ayrıca dovlət proqramının qəbul edilməsi və onların dovlət qulluğunun xüsusi kateqoriyasına aid edilməsi təhsilverənlərin statusunun və nüfuzunun yüksəlməsində, sosial müdafiəsinin gücləndirilməsində həlledici rol oynaya bilər. Bu həm fəaliyyət gostərən müəllimlərin əməyini güclu şəkildə stimullaşdırar, həm “müəllim peşəsinin cətin və ağır olması ilə yanaşı az maaşlı olması” düşüncəsinə, “müəllimlik qadın peşəsidir” stereotipinə son qoyar və müəllim peşəsinin nüfuzunu yuksəldər, həm də savadlı, istedadlı və müasir duşuncəli gənclərin məktəblərə müəllim kimi gəlişini təşviq etmiş olar.
Cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan müəllimlər hər cür hörmət, diqqət və qayğıya layiqdirlər.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
Şəhidlər barədə şeirlər - Azər Yusifli
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Azər Yusifli
Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Atası — Nazim Yusifov bələdiyyə sədridir. Anası — Yeganə Məmmədova isə ibtidai sinif müəllimidir. Onun ailədə bir qardaşı olmuşdur.
Azər Yusifli 2000-ci ildə Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2011-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır.
Nişanlı idi.
Azər Yusifli 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2012-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayına qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Sərdəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət eləmişdir.
2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azər Yusifli Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin 4 avqust 2019-cu il tarixli 0229 nömrəli əmrinə əsasən "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə, 4 avqust 2019-cu il tarixli 0240 nömrəli əmrinə əsasən isə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
2020-ci il sentyabrın 27-də səhər saat altı radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Azər Yusifli müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonununAraz boyu olan yaşayış məntəqələri–Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Ayın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin körpüsü işğaldan azad olunmuşdur.
Cəbrayıl rayonunun geniş bir hissəsinin işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlamışdır. Gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılmışdır.
Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olmuşdur. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Yusifli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Adın Azər, özün Baycan.
Bir canda, bir bədəndəsən.
Can bədəndən ayrı olmur.
Bayraq da sən, vətən də sən.
Ruhun gəzir səmalarda,
Əziz yerin baş üstündə.
O getdiyin döyüş yolun,
Tarix yazıb daş üstündə.
“İstiqamət Zəngilandır” -
Sən dediyin sonuncu söz.
Həm zəfərin son xəbəri,
Həm sonuncu alovlu köz.
Könüllərdə əbədisən,
Yaddaşlarda daş gizirim.
Xocalının qisasını,
Alan şəhid baş gizirim.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
DRAYZERİN DOĞUM GÜNÜNƏ - Kerri bacı dahimi idi?
Könül, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə sosioloji sorğular bəşər tarixində ən çox iz qoymuş yazıçıları müəyyənləşdirməyə yönəlmişdi, ilk sıralarda dahi amerikalı yazıçı Teodor Drayzerin də adına rast gəldik, dünya ədəbiyyatı xəzinəsinə “Dahi”, “Kerri baçı” və “Amerika faciəsi” kimi üç ölməz əsər vermis Teodor Drayzerin!
Bu gün onun anadan olmasının növbəti – 51-ci ildönümüdür. Qərara gəldim, yazıçının tərcümeyi halı ilə oxucularımızı tanış edim.
Teodor Drayzer 1871-ci il avqust ayının 27-də İndiana ştatının Teppe-Xot şəhərində anadan olmuşdur. 1886-1891-ci illərdə Çikaqoda çalışmışdır, 1889-cu ildə İndiana universitetinə qəbul olsa da maddi vəziyyəti üzündən təhsilini yarımçıq qoymuş, 1892-1894- cü illərdə Çikaqo, Sent-Lui, Pitsburq şəhərlərinin qəzetlərində jurnalist kimi ədəbi fəaliyyətə başlamışdır. 1894-cü ildə Nyu-Yorka köçmüş və burada qardaşının təsis etdiyi «Every month» jurnalında 1897-ci ilədək redaktor kimi çalışmışdır. Sonra sifarişlə “Metropoliten”, “Harpers”, “Kosmopoliten” əsərlərini yazmışdır. İlk oçerk və hekayələri 1897-ci ildə çap olunmuşdur. 1900-cü ildə ilk irihəcmli əsəri olan “Kerri bacı”, 1911- ci ildə “Cenni Herhardt” romanlarında sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid etmişdir. 1912-ci ildə “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi”, həmin ildə yazdığı “Dözümlü adam” və 1914-cü ildə “Titan” romanlarında Amerika inhisarçı kapitalizmi ifşa olunmuş, 1915-ci ildə yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi göstərilmişdir. 1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirini əks etdirən hekayə və esselər yazmağa başlayır. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan, Amerika ədəbiyyatında realizmin zirvəsi və ədibin ən məşhur əsəri olan “Amerika faciəsi”nin mövzusunu təşkil edir.
1927-ci ildə dəvətlə SSRİ-yə gəlmiş, 1928-ci ildə “Drayzer Rusiyaya baxır” kitabını yazmışdır. Həmin vaxtdan fəhlə sinifinin mübarizəsinə qoşulmuş, 1929-cu ildə “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaratmışdır. 1930-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülsə də bu ona qismət olmamışdır. 1944-cü ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Amerika İncəsənət və Ədəbiyyat Akademiyası yazıçını fəxri qızıl medalla təltif etmişdir. Drayzer faşizm əleyhinə mübarizədə iştirak etmiş, 1945-ci ildə ABŞ Kommunist Partiyasına daxil olmuşdur.
Ünlü yazar 1945-ci il dekabr ayının 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.
Mən Drayzerin hər üç məşhur əsərini – həm “Dahi”ni, həm “Kerri baçı”nı, həm də “Amerika faciəsi”ni tələbəliyimdə oxumiuşam. Həqiqətən də möhtəşəm əsərdirlər. Mən əsərləri oxuduqca müqayisələr aparıram. Bəzi əsərlərin təəssüratları çınqıl, daş boyda olur, bəzilərininki təpə qədər böyüyür, bəzilərində isə qarşında nəhəng dağ hiss edirsən. Bax Drayzer bu cürdür, o yaradanda yalnız dağ yaradır.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
DÜNYA ƏDƏBİYYATI - Jennifer Rathbun-un şeirləri
“Ədəbiyyat və incəsənət” portalı ispan əsilli ABŞ şairəsi Cenifer Rasbunun şeirlərini oxucularına təqdim edir. Anın və əbədiyyətin qarşılıqlı çarpışması, yaşam və ölüm təzadları Cenifer şeirinin əsas leytmotivini təşkil edir. Şeirləri dilimizə Ümid Nəccari tərcümə etmişdir.
Cenifer Rasbun (Jennifer Rathbun) - şair və tərcüməçi, ispan dilinin professoru və İndiana ştatının Ball Dövlət Universitetində Müasir Dillər və Klassiklər Departamentinin sədridir. O, Arizona Universitetində Müasir Latın Amerika Ədəbiyyatı üzrə təhsil alıb. Rasbun, Alberto Blanco və Minerva Margarita Villarreal kimi ispan müəlliflərin və çoxsaylı şeir kitablarının tərcüməçisi, iki poeziya antologiyasının redaktoru və “El libro de traiciones” (Xəyanətlər Kitabı-2021) poeziya toplusunun müəllifidir. Rasbun Amerika Şairlər Akademiyası tərəfindən 2021-ci il Ambroggio mükafatına layiq görülüb. O, Amerika Ədəbi Tərcüməçilər Assosiasiyasının (ALTA) üzvüdür və Ashland Poetry Press-in köməkçi redaktorudur.
Malintzin
Həyat ölçüsündə
Hamınız rənglərə boyanmısınız
Qəsrin günbəzi,
qırmızı qumaşla bəzədilmiş,
sənin səsinin dərisi,
İspanyalı Nahuatl Maya
yeni bir irqin doğulması ilə
tarixi əbədi olaraq qeyd edir.
Mavi gözlər Amerikaya açılır
sənin iyirmi beş illiyin
kral şahzadəsi olsun, ya da qul
-Həqiqətən fərqi yoxdur-
cəsur tərcüməçi
yeni dilin anası
indi sevdiyimdir!
Ayın məbədi
Bu yanar dildən paltar geyinin
Bakirə olaraq məbəddə
mən ilahiliyimi sizə bağışlayacağam.
Qurbanlıq
Geyinmiş
İşıqda
və ulduzlarla parlayır
mən tək-tənha gözləyirəm
daş qurbangahda
sevgidən
bilməməkdən
əgər Günəş
məni alacaqsa
ürək isə...
Obisidian - qara daşdan
Bıçaq....
Tənhalıq
Dodaqlarınız şəkər tozu kimi deyil
və ya təzə kəsilmiş manqo.
Çili tikələri səpilib dodaqlarınıza.
Nəfəsinizdə qırmızı şərabın işarəsi,
ocaq üstdə isti çörək də yoxdur...
Heç bir xatirə şirinləşdirə bilməz
yeməyin acı dadını...
Bazar günü səhər yeməyi tək.
Sükutu tərcümə edin
Evdə olarkən
Bu köhnə dörd künc içində
gips divarlar və taxta döşəmələr
Mendelson zəng edir
salonlar, nəfəs və solo musiqi səs-səsə verir
yüksəlir ürək döyüntüsü.
Barmaqlar klaviatura üzərində rəqs edir.
Qızıl rəngi ilə melodiyalar əhatə olunub,
hər bir söz tərcümə olunub,
salon sənin yoxluğunda əks-səda verir
Mən sükutu necə tərcümə etməyi indi öyrəndim.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)