“Ayaz gələcək və məni xilas edəcək” - HEKAYƏ Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Yenə gecəni iş masasında yuxulamış baş həkim səhər zəngli saatın səsinə birtəhər oyanıb ətrafa nəzər saldı. Deyəsən hələ heç kim işə gəlməmişdi. Əgər doğrudan da hələ heç kim gəlməmişdisə, deməli, görüləcək çox iş var idi.

Bir anda sanki doğrudan da, yuxudan ayılmış kimi, masasının üstünü qarışdırıb dünənki qeydlərinə nəzər saldı. Bu gün dispanserdə böyük gün idi. Hər altı aydan bir mərkəzi klinikada "dəli axını" baş verirdi.

Tanış olun o, Abşeron rayon mərkəzi dispanserinin əqli qüsurlu insanlara dəstək şöbəsinin rəhbəri məhşur nevropatoloq və psixatır Ayaz İslamzadə idi.

Cəmi 34 yaşında olan Ayaz, görünüşcə uca boylu, zəhmli və bir o qədər də yaraşıqlı biri idi. Əslində bu sahədə çox da yaşı yox idi, amma burada hər kəs onu sayıb seçir və haqqında daim "dəlilərin ən ağıllı dostu" deyirdilər. Ayazın zəhmli simasının arxasında yatan mərhəmət dolu bir uşaq var idi əslində. Lakin Ayaz içindəki o körpəni unuda bilmək üçün çox çalışsa da, içindəki savaşın məğlubu idi. Hər kəsin qaranlıq tərəfləri olduğu kimi, onun da, təbii ki, gün üzü görməmiş tərəfləri var idi.

1996-nın sentyabrı.

Yağışın özünü təzə göstərməyə başladığı vaxtda yaşıdları birinci sinfə qəbulun həyəcan və sevinc qarışıq duyğularını yaşayarkən o, balaca canı ilə atasının təpiyi altında özünü anası üçün fəda edirdi. Bəlli idi ki, kişi yenə çox içib və ağlı özündə deyil. Artıq buna ilk dəfə yaşanmış bir hadisə demək olmazdı. Atası demək olar ki, hər gecə evə içib gələr, sonra onun gözü önündə belindən dəmir başlı rezin kəmərini çıxarıb anasını döyər, bəzən ağız-burnu qan olana qədər təpikləyərdi.

Hekayənin dramatik tərəfi balaca uşağın təkcə anasının döylüməsinə şahid olmasından ibarət deyildi. Bu hekayədə döyülüb incidilən bir nəfər daha var idi o da, Ayazın özündən 16 yaş böyük əmisi Azər idi. Azər əqli qüsurlu bir körpə kimi dünyaya gəlmiş, ata-anasının yaşlı olmasından dolayı Ayazın atasının ümidinə qalmışdı. Əslində, Ayazın babası da, nənəsi də, sağ olsalar belə əsla, səslərini çıxarmaz, sanki bu yaşanan şiddətdən zövq alardılar. Aradan illər keçdikcə Ayaz böyüməyə və hər şeyi daha yaxşı dərk etməyə başlayırdı və o,  on yaşına çatanda birinci babası, iki ay sonra nənəsi rəhmətə getdi. Deyirlər insanlar yaşlandıqca daha sakit təbiətli olurlar amma, Ayazın atası illər keçdikcə daha murdar xasiyyətli birinə çevrilmişdi. 

O gün Ayazın həyatında aldığı ən ağır travma oldu.

Hər zaman döyülsə də, anasının, əmisinin şiddətə məruz qaldığına şahid olsa da, hər səhər oyananda atasının gözlərində sadəcə içkiyə qurban getmiş bir bədbəxtin peşmançlığını görə bilən balaca bu dəfə çox, daha böyük bir travma almış, səhər yuxudan duran kimi, qaçıb qucağladığı, yaralarından öpdüyü əmisini yerində tapmamışdı. Ayaz nə qədər dil töküb yalvarsa da, atası artıq əmisini aparıb hansısa "dəlixanaya" atmışdı. Və o gündən sonra Ayaz əsla əmisini görə bilməmişdi. Aradan illər keçdikcə, Ayaz böyüməyə atası qocalmağa başlayırdı. 16 yaşına çatanda Ayaz yaşıdları kimi məktəbə getmək əvəzinə 9-cu sinifdən məktəbi tərk edib evə çörəkpulu qazanmaq dərdinə düşmüş və artıq alkaş atasına anasını əsla qurban etməyəcəyinə dair özünə söz vermişdi. Həqiqətən də, yaşı artdıqca atasına qarşı gələ bilən Ayaz anasının bu həyatda sığındığı tək fırtınasız liman idi. Ancaq anasının ürəyi oğlunun təhsilini yarım qoymasından sarı çox narahat olduğundan oğlunu yola gətirib Bakıya -  tibb kollecinə sənəd verməyi bacarmış və Ayaz ilk imtahandan kəsilsə də, anasına verdiyi sözü tuta bilmək üçün gecələr işləyib gündüzlər oxuyaraq Vəndamın dağ kəndindən Bakının tibb kollecinə yaşıdlarından çox geridə qalmasına baxmayaraq gəlib çıxmışdı.

 

18-ci doğum günü.

 

Ata: Məni bağışlayın, mən sizi çox incitdim.

Ayaz: Səni Allah bağışlasın.

Ana: Allah məni səni bağışlamadım deyə bağışlasın.

 

Artıq 18 yaşına çatanda o, illər sonra ayağına dolanan zəncirindən qurtulub Bakıya köçmüş, anası ilə özünə kiçik həyat qurmağa başlamışdı. Daha sonra, hərbi xidmətə yollanmış, geri döndükdə isə təhsilini davam etdirib tibb universtitetinə qəbul olmuş və oranı da fərqlənmə ilə bitirib respublikanın say-seçmə nevropatoloqlarından olmuşdu. Ancaq, tanrı bəzən insanların talelərini yenidən birləşdirmək üçün uzun illər onları gözlətməli olduğundan Ayaz az qala bütün dispanserləri qapı-qapı gəzsə də, əmisini tapa bilməmişdi.

 

Həə, deyəsən keçmişi yad etməyə davam etsək, bu günlə yaşamağa çox gecikərik. Ağ xalatını əyninə geyinib Ayaz şux qaməti ilə güzgü qarşısına keçdi və dedi:

-Görək bu gün neçə xəstənin xəstə etdiyi ağıllıları dəli kimi tanıdacaq həyat?

Dəhlizə çıxan zaman, yaranan izdihamdan gecikdiyinin bir daha fərqinə varan cənab doktor İslamzadə şux qaməti ilə həkimləri salamlayıb "qonaqlarını" qarşılmağa getdi.

-Doktor İslamov sabahınız xeyir. Ümid edirəm hər şey qaydasındadır.

Siz gələnə qədər mən artıq onların bir çoxu ilə tanış oldum, lakin aralarında 50 yaşında Azər adlı biri var, digər dispanserin həkimləri deyirlər ki, o illərdir heç kim ilə danışmaz, arada əli ilə başını tutub ağlayardı .İstədim ilk öncə sizinlə tanış edim...

 

-Vurma, Vurma, Vurma başıma.

Ayaz gələcək və məni xilas edəcək. Ayaz bizi xilas edəcək, Ayaz Azəri unutmaz, Ayaz bilir, Ayaz bizi buraxmaz.

 

Yavaşca əllərini üzündən çəkib qorxu dolu gözlərinin içinə 10yaşındakı körpətək baxdı. Gözlər bir-birini tanımış və Ayaz Azəri tapmışdı. Nəhayət ki, illərin hicri sona yetmiş, illərin ağrısını qucaqlaşmanın gətirdiyi göz yaşı sellər-sular tək yuyub aparmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.