Ləman Quliyeva - “Ədəbiyyat və incəsənət” üçün
(Heç vaxt canlı görmədiyim, amma ürəyimdə əvəzsiz yeri olan qəhrəmanım, əmim Şəhid Araz Quliyevin xatirəsinə)
Uşaqlığımın, hətta gəncliyinin böyük bir qisminin keçdiyi nənə-baba ocağından axşamçağı rayondakı evimizə qayıdırdıq. Həmişəki kimi qardaşımla maşında kimin mahnı qoşacağı davasını edirdik. Qardaşım mən macal tapmamış bir neçə mahnını artıq oxutmuşdu. Öz fikrimdə "əşşi uşaqdır də. Bir - iki mahnıdan sonra onu razı salaram" düşüncəsilə artıq qaralan havaya görə doğru-düzgün görülməyən yola nəzər saldım. Uşaqlığımı düşündüm. Yelləncəyimi nə qədər sevdiyimi, keçən il bu vaxt belə axşamlar mahnı dinləyib, həm də oxuyaraq keçirdiyim gözəl günləri xatırladım. Bir vaxtlar tanıdığım, gözəl evləri, həyatları olan, indi isə bir tabuta rahatca sığışan, yaddaşımda yaxşı ya da, pis qalan insanlar ağlıma gəldi. Daha dərin düşüncələrə dalmaq istəyirdim ki, qardaşımın seçdiyi mahnılardan biri məni bir xəyal aləmindən tamam başqa xəyal aləminə səyahətə apardı. Bayaqdan ömrümdə iz qoymuş, xatirələrimdə yaşayan tanıdığım məzar sakinləri haqqında düşünürdüm. İndi isə ancaq şəkillərdə gördüyüm birinin xəyalına daldım...
İllər əvvəl nənəmin danışdığı bir xatirəsi sanki özüm yaşamış kimi canlandı:
-Əmin yeni şəhid olan vaxtlar çox istəyirdim ki, yuxuma girsin. Amma nə qədər istəsəm də gəlmirdi. Tək istəyim onu heç olmasa son dəfə görmək idi. Gəlmirdi ki gəlmirdi. Görəsən küsmüşdü məndən? Son anlarında yanında ola bilmədim deyə qəlbimi qırılmışdı? Niyə sınmışdı anasından? Bilsəm getməzdimmi yanına, ayaqqabım olmasa ayaqyalın qaçardım Tovuzdan Füzuliyə. Ancaq xəbərim olmadı. Evimə gələn oğlum yox, 18 yaşlı cansız bədəni oldu... Artıq ümidimi tamam üzmüşkən bir oğlan gəldi yuxuma. O idi. Qara qaş, qara göz, ilk göz ağrım, canımın parçası, ürəyimin sağalmaz yarası oğlum... Ana, ağlama dedi mənə, gəlib bərk-bərk qucaqladı. Elə bil yuxu deyildi. Sanki həqiqətən gəlmişdi. Gül qoxusunu boğulana qədər içimə çəkdim. Dayanmadan öpdüm cənnətimi. Sonra birdən birə sağollaşıb gözlərimin önündən itib getdi. Nə qədər doya bilməsəm də, məndən küsmədiyi, yanıma gəldiyi üçün üzümdə qəribə təbəssümlə yuxuya daldım...
Anamgilə bu xatirəni axıra qədər danışa bilməyib pəncərəyə baxdım. Göz yaşlarımı silə-silə mahnını ucadan oxumağa davam etdim:
Sen beni hep rüyalarda gör annem
Gör ki kalbim bir mezarda dinlenir
Sen beni hep rüyalarda gör annem
Gör ki kalbim bir mezarda dinlenir
Belki dağlar duman duman savrulur
Belki sesim çığlık çığlık duyulur
Belki yavrun bir tabuta koyulur
Üzülme annem...
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)