Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

 

Hər birimiz kitablara borcluyuq!

                                          Heydər Əliyev

1.

ON SÖZ

Təqvimdə 2024-cü ildir. Təbii ki, hər dövrün öz tələbləri, öz müsbət və mənfilikləri var. Bugümüzün də kifayət qədər müsbət tərəfləri var. Azərbaycanımız ərazi bütövlüyünü tam bərpa edib, öz inkişaf strategiyasının yeni mərhələsinə qədəm qoyub. Sabahımızın qurucuları olan yeniyetmələrimiz, gənclərimiz alnıaçıq, üzüağ biliklər əxz edir, sənət və peşə öyrənirlər.

Amma 3-cü minilliyin bu dönəmində tək bizdə yox, bütün dünyada ciddi bir problem var, bu, Z(zet) və A(alfa) nəslinin – yəni müasir, tam sosiallaşmış uşaq, yeniyetmə və gənclərin mütaliədən uzaq durması, mobil telefon və internet asılılığından qopa bilməməsidir. Odur ki, indi hər bir təsisatın, hər bir yetkin fərdin qarşısında duran ümdə vəzifə sözügedən nəsildə mütaliəyə maraq oyatmaqdır.

Bizim də məqsədimiz məhz budur. Ona görə də mütaliə mədəniyyətinin formalaşdırılması barədə ən müxtəlif mənbələrdən iqtibaslar edərək, ən ümdə mütəxəssislərdən fikir alaraq sizlərlə bölüşmək qərarına gəldik. Beləliklə, sizlərə mütaliə mədəniyyətini necə formalaşdırmaq barədə danışacağıq.

İlk bəhs edəcəyimiz isə Mütaliə terapiyası barədədir.

 

2.

MÜTALİƏ TERAPİYASI

 

Dərhal ondan başlayaq ki, kitab oxumaq - ənənəvi bilik əxz eləmək anlayışından daha geniş anlayışdır. Bura o qədər sadalamalar aiddir ki (məsələn, stressdən qurtaran, hafizəni möhkəmləndirən, hər hansı bir çətin durumdan çıxmağı təlqin edən, müsbət şəxsi keyfiyyətlər formalaşdıran, pozitivlik verən və s. və i.), onlar barədə məlumat əldə edən bir kimsənin həvəslə kitab oxumağa başlayacağına əsla şübhə etmirik.

Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir. Biz mütaliə mədəniyyəti, oxu mədəniyyəti dedikdə hər hansı konkret fəaliyyət üzrə mədəniyyət nəzərdə tuturuq ki, bu da əsasən oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir.

Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Bəli, valideyində, müəllimdə, kitabxanaçıda əsas keyfiyyətlərdən biri uşaqda  mütaliəyə maraq yaratmaq, onu düzgün istiqamətləndirməkdir. Uşaq və yeniyetmələrin mənəvi, intellektual və estetik inkişafında kitabın və mütaliənin rolu danılmazdır. Onlar insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü artırır. Böyüməkdə olan uşaqlara, yeniyetmələrə, gənc nəslin nümayəndələrinə izah etmək lazımdır ki, bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır. Uşaqlar və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir. Milli-mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində kitabların böyük rolu vardır.

Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamalarına, diqqətlərinin formalaşmasına, nitqlərinin və düşünmə qabiliyyətlərinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etmələrinə kömək edir. Mütaliə edənlər öz erudisiyaları, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir.

 U. M. Tekkerey kitab  barədə  deyirdi  ki, kitab insanın ruhunu  qidalandırır,  onu  ucaldır  və  möhkəmləndirir.

Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb  və  gənclərin  mühakimə  yürüdə  bilmək  qabiliyyəti  sürətlənib.

Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar .

Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompüter vermir, əksinə televizor onları  tirir...

Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.

London və Uels universitetlərinin alimləri isə San-Fransiskoda  53 kişi və 75 qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanlarda telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir.

Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə,  nitq mədəniyyətlərinin formalaşmasında,  insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.

Mütaliə psixoloji proses kimi komminukasiya-əlaqə fəaliyyətini mümkün edir. O da diqqətdən kənarda qalmamalıdır ki, informasiyalaşmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin bəhrəsidir. Mütaliə insanı həyata bağlayır, zehni açır, ətraf mühiti, dünyanı, bütün insanları sevdirir. Onda estetik hisslər oyadır, kulturoloji hazırlıq aşılayır. Təsadüfi deyildir ki, gözəl nitqə, zövqə, əxlaqa malik olanlarla işləmək daha asan və daha maraqlıdır. Şagirdlər də, tələbələr də öz müəllimlərini, kitabxanaçılarını mütaliə mədəniyyətinin ən bariz daşıyıcısı kimi tanımalıdırlar. Belə adamlarla ünsiyyət yorucu olmur. Onları dinləmək, onlardan öyrənmək gündəlik tələbata çevrilir.

Bir ayda neçə kitab oxuduğunuzu heç düşünmüsünüzmü? Və bir ildə? Statistikaya inanırsınızsa, orta hesabla bir insan ömrü boyu minə yaxın kitab oxuyur, amma ədəbiyyatla heç maraqlanmayanlar da var. Bu cür laqeydliyin səbəbləri tamamilə fərqli ola bilər, amma nəticə eynidir və təəssüf ki, heç də sevindirici deyil.

Müxtəlif ölkələrin psixoloqları və sosioloqları əmindir: oxumaqdan könüllü imtina edən bir insan özünü bir çox üstünlükdən məhrum edir.

Növbəti: 3.Prioritet sahə

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

 

 

 

 

Hörmətli Mehriban xanım Əliyeva! 

Sizin ictimai-siyasi fəaliyyətiniz, xalqımızın milli mənəvi dəyərlərinə diqqətiniz, Azərbaycan qadını obrazını dünyaya tanıtmanız, Azərbaycan mədəniyyətinin hamisi kimi misilsiz xidmətləriniz, mərhəmətiniz, xeyirxahlığınız, xeyriyyəçiliyiniz bütün Azərbaycan xanımlarına örnəkdir.

 

Şəxsiyyət kimi xarakterizə edərkən aydın görmək mümkündür ki, siz ənənəviliklə müasirliyin, tarixi köklərə bağlılıqla dünyəviliyin əsas prinsiplərini birləşdirməyi bacaran milli ruhumuza sarsılmaz tellərlə bağlanan lider qadınsınız.

Sizin gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığınız yorulmaz mübarizə yeni Azərbaycanın tərəqqisində, uğurlarında önəmli rol oynayır. Humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinizin təməlində millətə layiqli xidmət dayanır.

Müsahibələrinizin birində vurğulayırsınız ki, həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Sizin də şərəfli tariximizdə öz iziniz var, bu iz əbədi qalacaq.

Siz vətənpərvər, maarifpərvər, tərəqqipərvər Azərbaycan qadınlarından bizə qalan qiymətli mirası ləyaqətlə yaşadırsınız. Sizin həm vətəndaş mövqeyiniz, həm siyasi xadim, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətiniz misilsizdir.

Heydər Əliyev Fondunu yaratmaqla  Ulu Öndər Heydər Əliyevin Vətənimizin, xalqımızın inkişafı və rifahı naminə gördüyü işləri, onun işıqlı ideyalarını yüksək səviyyədə davam etdirirsiniz. Sizin fəaliyyətinizlə Fond nəinki Azərbaycanda, regionda, eləcə də dünyanın bir çox inkişaf etmiş ölkələrində çox nəhəng layihələrə imza atır, Azərbaycanın milli mənəvi dəyərlərini, mədəniyyətini, əcdadlarımızın məşğuliyyətinin və sənətkarlıq qabiliyyətinin özünəməxsusluğunu beynəlxalq miqyasda fədakarlıqla təbliğ və təmsil edir.

Mənəvi zənginlik paylaşdıqca çoxalır, miqyası, təsir gücü, dəyəri artır, xalq öz mədəniyyətinə və mənəviyyatına xas cəhətləri daha uzaq, geniş arenalara yayır, həm özü zənginləşir, həm də yad mədəniyyətlərə malik insanları zənginləşdirir, daşıdığı mental dəyərlərə beynəlmiləlçilik qazandırır. Bu mənəvi kriteriyalara sahib xalq özünü dünyada tanıdır, qəbul olunur, belə xalqların nümayəndələri ilə hesablaşmalı olurlar. Siz xalqı tanıdan, mədəniyyəti zənginləşdirən, mənəviyyatı qoruyan Azərbaycan xanımısınız.

Siz qayəsində Vətən, xalq sevgisi dayanan Heydər Əliyevin mənalı ömür yolunu məktəbləşdirmisiniz.

Beynəlxalq tədbirlərdə qadın hüquqlarının, gender bərabərliyinin təmsilçisi kimi çıxışlarınız, qadın zorakılığına qarşı barışmaz mübarizəniz ölkəmizin nüfuzunu dünya arenasında artırır. Məhz bu və digər fəaliyyətiniz mötəbər kürsülərdən alqışlanır. UNESCO-nun baş direktoru İrina Bokova çıxış və məruzələrində, müxtəlif görüşlərdə həmişə xüsusi qeyd edir ki, Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir, Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız.

 Siz Azərbaycan mədəniyyətinin hamisisiniz. Sizin fəaliyyət proqramınızın əsas prinsipləri xalqın milli və mənəvi dəyərlərinə sayğı, əxlaq qaydalarına ehtiram, elmə, təhsilə mədəni irsə qayğıdır. Çıxışlarınızda önə çəkirsiniz ki, müasir dünyada hər bir ölkənin inkişafı, dünya birliyinə inteqrasiyası üçün təhsilin, mədəniyyətin əhəmiyyəti əvəsizdir. Məhz buna görə də Heydər Əliyev Fondu yarandığı gündən təhsilə, mədəniyyətə, insanların sağlamlığına diqqəti və yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir.

Sizin misilsiz xidmətiniz, yorulmaz səyləriniz nəticəsində UNESCO ilə sıx əməkdaşlıq yüksək töhfələr verməkdədir. Artıq ölkəmizin neçə-neçə qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun Qeyri-maddi Mədəni İrs  üzrə Reprezentativ Siyahısına daxil edilmuşdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin doqquzuncu sessiyasında “Kəlağayı sənəti və simvolizmi, qadın ipək örtüklərinin hazırlanması və istifadə olunması” UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Beləliklə, bu əlamətdar hadisəyə əsasən ölkəmizdə 26 noyabr “Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunması Sizin misilsiz xidmətinizin uğurlu nəticəsidir.

Kəlağayını mükəmməl sənət nümunəsi, mənəvi dəyər, Azərbaycan qadının abır-həya, namus, ismət rəmzi kimi təqdim edəndə Sovet rejimində qıcıq yaradırdı. Hətta Sovetin mürtəce siyasəti nəticəsində ictimai fəal, vəzifəli qadınlara baş örtüyündən istifadə qadağan edilmişdi. Sizin sayənizdə kəlağayı indi qadınların başının tacı kimi dəyərləndirilir. Sizin cənab Prezidentimiz İlham Əliyevlə 2022-ci il, avqustun 12-də İsmayıllı rayonunun qədim Basqal kəndinə səfəriniz zamanı kəlağayı sexində olmanız, kəlağayıya naxış vurmanız, ustalarla maraqlı söhbətiniz, başınıza örtdüyünüz, çiyninizə saldığınız kəlağayı çox qadınların marağına səbəb oldu, diqqətini çəkdi, kəlağayı sevgisini artırdı. 

2024-cü il, noyabrın 26-da kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınmasının 10-cu ildönümüdür. Sizin əməli işləriniz bir daha təsdiq edir ki xalqımız yaşayır, yaradır, onun tarixi və mənəvi irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır.

Hörmətli Mehriban xanım, əksər milli dəyərlərimizə sevgisi olan bütün Azərbaycan qadınları kimi kəlağayı mənim üçün əzizdi, müqəddəsdi, doğmadı. Mən anayam, nənəyəm, bacıyam, xalayam, qaynanayam, anamın, Vətənimin sevimli qızıyam. Kəlağayı o qədər müqəddəsdir ki, varlığı bizim mənəvi aləmimizin saflığını qoruyub. Başına kəlağayı örtən Azərbaycan qadını bu müqəədəs baş örtüyümüzə xəyanət edə bilməz.

Kəlağayı milli düşüncəmiz, milli ruhumuz, milli kimliyimizin təsdiqidir, xatirə yaddaşımız - şad və kədərli günlərimizin şahidi, milli mədəniyyətimizin, sənətimizin ayrılmaz hissəsidir. Bu düşüncələrə səbəb Sizin kəlağayıya dəyəriniz, diqqətinizdir. 

Sizin kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınması kimi uzaqgörən ideyanızdan ruhlanan, bu ideyanı fəaliyyət proqramı kimi qəbul edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı 5 il müddətində daim kəlağayını təbliğ edir, tanıdır. Müxtəlif tədbir və görüşlərdə qədim baş örtüyümüzün mənəvi dünyamıza zənginlik gətirdiyini əsas tutaraq Vətənimizin gələcəyini etibar etdiyimiz gənc nəslin tərbiyəsində önəmli əhəmiyyətinə xüsusi xüsi diqqət yetirir. Son illərdə İctimai Birliyimiz Azərbaycanı şəhər-şəhər, kənd-kənd gəzərək “Sazlı, Sözlü Kəlağayı Günləri” keçirir. Xətai rayonunda və Şuşada keçirdiyimiz “Kəlağayı Festivalı”nı tamaşaçıların böyük coşqusuna səbəb oldu. Təhsil ocaqlarındakı tədbirlərdə məktəblilər və tələbələrin kəlağayıya sevgisi bizi ruhlandırır. Artıq kəlağayı milli təfəkkürümüzün, mənəviyyatımızın ayrılmaz atributuna çevrilib.

Artıq iki ilə yaxındır ki, Birliyin nəzdində şəxsi “Kəlağayı Muzeyi” yaratmaq ideyamızı gerçəkləşmişik. Muzeyin açılışında Özbəkistandan ölkəmizə elmi simpoziuma gələn 15 nəfər elm adamı, Azərbaycanın elm, sənət, söz nümayəndələri iştirak ediblər. Evimizin ən geniş otaqlarından birində fəaliyyət göstərən muzeydə 200-dən çox kəlağayı, 100-dən çox toxuma əl işlərim, tariximizi yaşadan qədim əntiq və məişət əşyaları, rənggarlıq əsərləri nümayiş etdirilir. Eksponatlar artdıqca darısqallıq yarandığından dəyərli mədəni irsimizi ziyarətçilərə layiqincə nümayiş etdirmək çətinləşir.

Hörmətli Mehriban xanım, 2024-cü il, avqustun 26-sı Sizin doğum gününüz, 60 illik yubileyinizdir. Sizi - alicənab, müdrik, insanpərvər, kübar, kreativ, yüksək erudisiyalı, güclü, cəsarətli, həmçinin mərhəmətli, zərif Azərbaycan xanımını təbrik edirik.

Sizi noyabrın  26-da İkeçiriləcək növbəti “Kəlağayı Festivalı”nda görmək bütün Azərbaycan xanımları üçün şərəf olar. 

 

Hörmətlə: 

Güllü Eldar Tomarlı,

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dünyada əbədi yaşayacaq kimsə yoxdur. Hər kəsin öz möhləti var və bu möhlət necə deyərlər, fərqi yox, ya vəlvələdən, ya zəlzələdən başa çatdısa- əlvida!..

 

Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi...

O, 1962-ci ildə dünyaya gəlmişdi. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdu. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedərək, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxumuşdu. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışmışdı. 

1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını ərsəyə gətirib və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Sonuncu kitabı- "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" olub...

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 

1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı…

...Daim axtarışda idi. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi...

Bəli, bu dünyada Nəsiman Yaqublu adında bir alim vardı. Bizi tərk edib haqqa qovuşdu. Gedənə rəhmət diləyərlər.

Başın sağ olsun, Azərbaycan!

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Bazar ertəsi, 26 Avqust 2024 09:56

Dostumuz-qardaşımız, qardaşımız-dostumuz

Əkbər Qoşalı - “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən il Azərbaycanda, tam bir il sonra - bu ilin eyni günlərində Özbəkistanda görüşdü. 

 

Dost və qardaşların aradakı bir il içində ayrı-ayrı ölkələrdə, fərqli platformalarda da görüşləri olub; habelə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olub. Yəni, necə deyərlər, davamlı fikir alış-verişi içində olmuşuq. Budur, dostluq-qardaşlıq bağlarımız artıq rəsmən müttəfiqlik səviyyəsinə yüksəlib. Xəlqi səviyyədə, könül özündə biz ən yaxşı, ən gözəl nə vardısa onu bir-birimizə yaraşdırır, aid edirdik zatən; lakin könlün öz yeri, dövlətlərarası bağların öz dərəcəsi vardır. Artıq yeni sənədlər əsasında rəsmən müttəfiq olmaqla, dosta sevinc, dost ola bilməyənlərə kədər ismarlamış olduq.

Bilirsiz, bütün qardaşlarımız, qardaş dövlətlərimizin hamısı bizimçün əzizdir. Bununla belə, hər bir qardaş xalq kimi özbəklərin də özünəxas gələnəyi, mədəni irsi, dövlətçilik tarixi var. Özbəkistan əhali sayına, iqtisadi potensialına, bugününə, gələcəyə baxışına görə seçilən ölkə olmaq etibarı ilə öz coğrafiyasının kilid ölkəsidir. 

Beləliklə, müttəfiq ölkələr kimi Türküstan - Qafqaz bağlamında Türk dünyası üçün yeni körpülər qurmaqda, mövcud körpüləri gücləndirməkdəyik.

 

Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bunlar güvənli münasibətlərin göstəricisidir. - Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev son iki il içində Özbəkistana beş səfər gerçəkləşdirib. - “Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”. 

Bəli, Azərbaycanla Özbəkistanın resursları, tutumları elədir, bizlərin müttəfiqliyi qardaşlarımıza, eləcə də, bölgənin digər dövlətlərinə öz müsbət təsirlərini göstərir. Bu, çox önəmli geosiyasi amildir. Azərbaycan Prezidentinin özbək həmkarı ilə birgə mətbuat konfransında söylədiyi kimi, bu gün Mərkəzi Asiya, Güney Qafqaz, Xəzər bölgələri vahid geosiyasi bölgəyə çevrilir, bu da o deməkdir, bölgələrimizdəki müsbət proseslər qardaş ölkələrimiz arasında səmərəli işbirliyindən asılıdır. Bu, birdən-birə əldə edilən sonuc deyil, əlbəttə; əlbəttə, burada siyasi iradənin, çağdaş baxışların xəlqi bağlarla üzvi birliyinin təntənəsi vardır. - “Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik”.

 

Artıq Birgə İnvestisiya Fondu mövcuddur. - 

Prezident Daşkənddə vurğuladı ki, Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon dollar ayrılıb. Bax, bu, maadi imkanlarla mənəvi imkanların bir-birini dəstəkləməsinin, tamamlamasının özüdür.

Heç təsadüf deyil ki, Prezident İlham Əliyevin 23 avqustda Daşkənddə işgüzar dairələrin nümayəndələri ilə də görüşdü. Artıq heç birimizdə şübhə yoxdur ki, özbək qardaşlarımızla keçirilən biznes-forum layihələrlə çox zəngin olmaq etibarı ilə,

qarşılıqlı yeni yatırımlara sövq edəcəkdir.

Örnəyi, 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslərdən söhbət gedirsə, işbirliyi bağlarının zəngin gündəliyi aydın olur.

Burada yeni çağırışlarla yanaşı sağlam özələ vurğu edərkən, yenidən, Azərbaycan Prezidentinin sözlərinə üz tutmaqda haqlıyıq: “Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.

Qoy qardaş ölkələrimiz qardaş yatırımları ilə zənginləşsin, aşıb-daşsın.

 

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” başda olmaqla, avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri öncəki dönəmin ən yaxşı yekunu, yeni dönəmə ən yaxşı keçidin ifadəsidir.

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Bazar ertəsi, 26 Avqust 2024 10:38

Şəkidən “Kitab karvanı” keçdi - REPORTAJ

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” ( Şəki-Zaqatala bölməsi)

 

 

​24-25 avqust 2024-cü il tarixlərində  Şəkinin Bəxtiyar Vahabzadə adına mərkəzi parkında kitab yarmarkası keçirildi. 

 

1 ildən artıqdır ki, davam edən və müxtəlif bölgələrdə həyata keçirilən “Kitab karvanı” adlı layihənin rəhbəri Rafil Əşrəflidir.

​Yarmarkanın ikinci günü biz də kitab almağa yollandıq. Kitab masasına yaxınlaşmaq üçün yarım saatadək gözləməyimizdən heç də narazı qalmadıq. Şəkililərin kitab sevgisini, kitab almaq üçün növbəyə düzülməsini müşahidə etmək bizim də, elə kitab satanların da üzünə məmnun təbəssüm yaymışdı...

Masada Əzizə Cəfərzadənin “Anamın nağılları” da vardı,  Jül Vernin “Kapitan Qrantın uşaqları” da... Şəki boyda nostalgiya, Xan yaylağı yüksəklikdə macəra duyğusu ilə “Kitab karvanı”nın təşkilatçısının ürək sözlərini “Ədəbiyyat və İncəsənət” portalının oxucularına çatdırmağa tələsdik.

​Rafil Əşrəfli ilə söhbətimiz layihənin məqsədindən və gələcək planlardan başladı:

​“Gənclərin kitaba marağının artırılması və kitabın əlçatan olması layihənin əsas məqsədidir. “Kitab karvanı”mızın yükü 3 mindən çox kitabdır. İstənilən mövzuda və istənilən janrda kitabla oxucuların görüşünə gəlirik. Bundan əvvəl Ağcabədidə, Goranboyda, Ağdamda, İsmayıllıda, Balakəndə, Oğuzda, Bərdədə kitab yarmarkaları  keçirmişik. Ali təhsil müəssisələrində, məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şəki və Ağcabədi filiallarında, Bakı Dövlət Universitetinin Qazax filialında da olmuşuq.  Növbəti səfərimizin ünvanı Xankəndi, Qarabağ Universitetidir”.

​Şəkililərin daha çox dünya klassik  ədəbi irsinə və şəxsi inkişaf, motivasiya kitablarına maraq göstərdiyini deyən Rafil Əşrəfli onu da qeyd edib ki,  alıcılar arasında gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələrini də görmək  sevindirici haldır:

​“Şəkidə yaşlı nəslin nümayəndələri içərisində yerli yazarların, xüsusilə, yerli gənc yazarların yaradıcılığını diqqətlə izləyənlərlə tanış oldum. Təsəvvür edin, mənə deyirlər ki, “sentyabrda filan yazarın yeni kitabı çıxacaq, onu da Şəkiyə gətirin”.  Bu maraq, bu kitabsevərlik bizə stimul verir ki, Şəkiyə tez-tez gələk. Artıq oktyabrda da Şəkiyə gəlmək barədə fikirləşirik”.

​Ötən ilki Nar Festivalına dəvət alaraq Göyçaya getdiklərindən, orada detektiv janra daha çox maraq olduğundan da danışan Rafil Əşrəflinin söhbətini dinləyərək ölkəmizin “oxucu xəritəsi”ni də çıxarmaq mümkündür. Onun sözlərinə görə,  Ağdamda yerli yazarların kitabları, İsmayıllıda tarixi-dram mövzulu kitablar, Zaqatala-Balakəndə müasir ədəbiyyat nümunələri, Oğuzda isə daha çox məhəbbət romanları maraq görüb.

​“Kitab karvanı”nın sarvanından layihəsinə başlamağında nədən ilham aldığını da soruşduq.  Nə də olsa, hər işin, hər addımın bir hekayəsi var axı...  Rafil Əşrəfli öz hekayəsini də “Ədəbiyyat və İncəsənət”in  oxucularından gizlətmədi:

​“Məktəbdə sinif rəhbərim vardı. Mənə bir kitab verdi və oxumağımı tapşırdı.  Sonra əlavə etdi: “Bilirsən, o vaxt Almas İldırıma müəllimi bir kitab verir, Almas İldırım həmin kitabı bir gecədə oxuyub bitirir”. Müəllimimin bu sözündən çox təsirləndim. Onun verdiyi kitabı bir gecədə oxudum... O kitab, bəlkə də, müəllimimin o kitabı mənə verərkən dediyi sözlər-hansı oldu, bilmədim, həyatımı dəyişdi. 8 ildir kitab işiylə məşğulam...”

​Sonda qeyd edək ki, “Kitab karvanı”nda bütün kitablar 20% endirimlə satılır.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Zəhra Allahverdiyeva ,“Ədəbiyyat və incəsənət”

 

 

Eşq nədir?

Bu suala minlərlə bəlkə də, milyonlarla cavab tapmaq olar. Çünki hər kəsin eşq anlayışı fərqlidir. 

İmam Əlinin (ə) nəzərincə eşqin növləri: 

1. Mənasız eşq. 

Bu nəfsani istəklərə qulluq edən bir eşqdir. Bu cür eşq zamanı İmam Əlinin (ə) buyurduğu kimi insanın dərki, düşüncəsi və kamal istəyi aradan gedər. Onu xəstə edər və psixoloji problemlər yaradar.

2. Mənalı eşq. 

İnsanın kamala və xeyir işlərə çatmaq üçün hiss etdiyi şiddətli eşq və məhəbbətdir. Mərifət, dostluq kimi. Fəzilətli əxlaq kamalın cilvələrindəndir.

3. Mənalı eşqin ən üstünü. 

Ariflərin dilində bu eşq həqiqi eşqdir. Bu eşqdə tək məşuq Allahdır. Bu kamalın ali səviyyəsidir. Bu eşq zamanı insanın bütün beyin və psixoloji qüvvələri çiçəklənər.

Eşq qəlbin dərinliyindəki bir hissdir. Eşq böyükdürsə, cürrətkarlığ vardır. Cürrət eşqi etirafdır. Eşqi etiraf cəsarətdir. Eşq bəzən etiraf olunmaz. Ya deyilməyə qorxular, ya da birtərəflidir. Deyilməyə qorxulan eşq 1 aylıq körpənin dil açmasına bənzəyir. Körpənin bioloji gücü yoxdu, aşiqin qəlb gücü yoxdu. Gərçi, ola bilər aşiq dünyalar qədər sevir , nə mənası məşuqə bilməyəndən sonra? 

Bir tərəfli eşq platonik sevgi adlanır. Platonik sevgi iki cür ola bilər: 1) etiraf edilib rədd edilmiş ; 2) vəziyyəti əl verməmiş. 

Rədd olunmaq necə də ağır gəlir qulağa deyilmi? 2024-də oğlanlar rədd edir, qızlar eşq dalıyca pərvanə olur. Qadınlar bağışlayandı, sevəndi, yolaverəndi. Ona görə də, bəzən oğlanlar xəyanətdən çəkinməz, çünkü zatən qadın bağışlayacaq. Qadın bağışlamaz, ya gedər, ya özü özünə zindan qurar. Bəziləri də sonunu bildiyi hadisəni gözləyər. Sevgi hörmətdisə , xəyanət acizlikdir. Bir də var vəziyyəti əl verməyənlər. Qadınlar nə qədər şəraitə uyğunlaşsa da , insan kimi xərcləri, tələbləri olur. Kişilər bəzən bu tələbləri qarşılayır, bəzən maddi gücləri çatmır. Burada qadınlar 2 yerə ayrılır: vəziyyətə məcburi uyğunlaşan və ayrılan. Nə qədər deyilsə də , puluna  baxmıram, xasiyyətinə baxıram, bu da bir yerə qədərdir. Ailə kiçik dövlətdir. Dövlətin xəzinəsi olmasa, inkişaf edə bilməz, sahələrdə durğunluq olar. Ailə də belədir əgər, maddi yığım yoxdursa, ailə qurmaq da çətin olacaq. Rəsmi dini nigah etdin, toy etməzsən ailə arası yığıncaq edərsən, amma bundan sonrasının ucuz hissəsi yoxdu. Ona görə də, oğlanlar kiçik yaşlarından yığımcıl olmalıdı. Yollarda gəzməyin, artıq yerlərə pul verməyin kimə nə xeyri var?

Qızlar isə uşaqlığdan pulu idarəli işlətməyi öyrənməlidir. İşləyib yuvasına dəstək olmalıdır. Ailə qarşılıqlı köməklə ailə olur. 

 

Bəs ədəbiyyat gözündə eşq necə təzahür edir?

Ədəbiyyatda eşqin bir sıra tipləri var:

1) ilahi eşq; 

2) dünyəvi eşq;

 

İlahi eşq nədir? 

İlahi eşq Allaha sevgidir, dünyəvi eşq isə Allahın bəndələrinin sevgisidir. 

İlahi eşq bəndəylə Allah arasında bir vasitədir. Eşqin İslam’da yeri böyükdür . Eşq elə müqəddəsdir ki, Quran ayələrində özünə yer tapır:

1)“Buna baxmayaraq, Allahdan başqa varlıqları Ona bərabər tutan və onları Allahı sevirmiş kimi sevən insanlar var. Həqiqi möminlərin Allah sevgisi hər şeydən daha güclü və güclüdür. Kaş zalımlar indi əzabı gördükləri kimi bütün gücün Allaha məxsus olduğunu və Allahın həqiqətən çox şiddətli bir varlıq olduğunu anlasalar!” (Bəqərə surəsi 165-ci ayə).

2)“Rəsulum ! De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayandır, rəhm edəndir” (Əl-i İmran surəsi 31-ci ayə).

 

Bəs biz ədəbiyyatda kimlərin hansı əsərlərində eşqi görürük ?

Qədim dövrün Nizami Gəncəvisi bir eşq elçisi, eşq günəşidir. Nizaminin möhtəşəm əsəri “Xəmsə”nin ana xətti eşq-məhəbbətdir. Nizaminin eşqə baxışı irfani baxışdır.

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin?

Nizaminin fikrincə, eşqsiz cahan ruhsuz bədən kimidir və ilk insan (Adəm) yaradılmamışdan öncə varlıq aləmində eşq yox idi. Tanrı insanı yaratdıqdan sonra eşqi də yaratmışdı”.

_

Deyib bu sözləri, baş qoydu yerə,

Qəbri qucaqladı o birdən-birə.

Dostun qəbrini öpdükdən sonra

“Dost!” – deyib, canını tapşırdı ona.

Heç bir divanə bu qədər dərinliyə varıb, “dost”un “eşq”dən daha ucada dayandığını anlayacaq qədər ağıllı ola bilməz. Demək, Məcnun adi dəli yox, eşqin dəlisi idi. Eşqin dəlisi olmaq isə xüsusi bir dərəcədir”.

_

Biz “Xəmsə”də gördük ki, eşqindən taxt tacı vecinə almayanlar, sevgidən dəli divanə olanlar , sevgisi üçün dəyişənlər var. Eşq insanı saflaşdırır bəli,  bəzən böyük şəkili görmürük. Amma onu bilirik ki, sevgi ən gözəl hissdir.

Eşq ilə düzəltdim mən bu dastanı,

Doldurdum səsiylə eşqin, dünyanı. 

(“Xosrov və Şirin” poeması) 

Biz burada Nizamidən poemasının ana xəttinin eşq olduğunun təsdiqini alırıq. N.Gəncəvinin lirik qəzəl və qəsidələrinin aşiq personajı eşqdən yıpranmış vəziyyətdə deyil. O, çökməyib, şuxdur, inamlıdır, gələcəyə böyük ümidləri var.

_

Klassik ədəbiyyatda Əliağa Vahidin bu şeiri diqqəti cəlb edir: 

Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,

Eşqdən məhrum olan insanlığa biganədir.

Buradakı məna eşqin olmaması varlığın da  olmaması demək olduğu qənaətindədir. Yəni eşq olmasa, insanlar bir-birlərini sevməsə bioloji artım olmaz, bu da , insanlığın tükənməsi deməkdir. Həmçinin sevginin insanın saflaşdırmasını, insani keyfiyyətləri qazanmasını da vurğulayır. Əgər sən eşqdən məhrumsansa, sevib-sevilmirsənsə, səndə heç insanlıq da yoxdu .

_

Mikayil Müşfiqin “Sevgilər” şeiri ən sevilən eşq şeirlərindəndir. Hətta bu şeirə mahnılar da qoşulub:

“Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.”

M.Müşfiq deyir ki, elə sevgilər var ki, qəlbə xoşbəxtlik gətirir. Bax elə bu sevgilər ruhu oxşayan sevgilərdi. Sevgi qəlbə, ruha və cana dərmandır.

_

Fikrət Qocanın “Gizli sevgi” şeiri : 

Sevgimdən qaçmışam uzaq şəhərə,

Burda da həsrətin gəlib, dayanıb.

Ətrin səpələnib bütün güllərə,

Gözünün rənginə göylər boyanıb.

Burada Fikrət qoca sevginin qaçmaqla bitmədiyini daha da həsrətin darıxmağın şiddətləndiyini bildirir. Hər yerdə çiçəklərin ətrində belə sevgilisi onunladır. Nizamidən qalma bir ifadə var “Eşqindən Leyla olmaq”, yəni Leylanın (Leylinin) eşqi o qədər güclüdür ki, o hər yerdə sevgilisi Məcnunu görür .

Atalar belə yerdə yaxşı deyib: “Sevgi od deyil, amma oddan yamandır.” 

Əsl sevgi yara yox, yar’a xoşluq gətirər.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Bazar ertəsi, 26 Avqust 2024 16:11

BİR SUAL, BİR CAVAB Ramil Əhməd ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Dəyərli Ramil bəy, Orxan Pamuk ismi Sizə nəyi xatırladır?

 

CAVAB

Şəxsi olaraq, həyatımın bir ilini, 23-24 yaşımı xatırladır. Magistr dissertasiyam onunla bağlı olduğu üçün bir il fasiləsiz olaraq onun yaradıcılığı ilə məşğul olmuşam. Ümumi olaraq isə ustad bir yazıçının necə olması gərəkdiyini xatırladır.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Bazar ertəsi, 26 Avqust 2024 17:07

Kənar olmayan adamın məsləhətləri - AKTUAL

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Salam, yenə gəldim ağız dolusu ürəyimdən keçənləri bura tökməyə. Deməli, növbəti dəfə bir çox insan üçün hər il təkrarlandığı kimi bir an yaşandı və 11-ci siniflərin cavabları çıxdı. Maşallah olsun, nə qədər gənc tələbə adını qazanıb. Hətta, bayaqdan statuslarda hüquq, tibb, informasiya təhlükəsizliyi, mühəndislik, jurnalistika, maliyyə-mühasibat kimi ixtisasların qəbulunun nə qədər çətin olmasına baxmayaraq bir çox gənc artıq bacarmışdı. Bu yoldan keçən hər kəs nəticəni gözləməyin, həyəcanın, stressin və ən çox da bacarmama qorxusunun nə olduğunu çox gözəl dərk edə bilir. Ümumilikdə deyərdim ki, bu il qəbulun səviyyəsi orta səviyyə olsa belə, keçid çox çətin oldu, ballar qalxdı, yerlər məhdudlaşdı, dövlət sifarişlilərə az yerlər açıldı və daha nələr, nələr oldu. Çox insan qəbul olmasının sevincini yaşayarkən onların bəziləri qəbul ola bilməməyin məyusluğunu yaşayırlar. Təbii ki, təhsil hər zaman çox önəmlidir,  lakin uğursuzluqlar insan həyatında daim bir imtahan rolundadır və hər uğursuzluq ondan dərs çıxarılması üçün başa gəlir.

Məsələn mən hər zaman deyirəm ki, nə bakalavrda iqtisadiyyat oxumaq istəmişəm, nə də magistraturada maliyyə oxumaq istəmişəm, halbuki, bu ixtisaslar 2ci qrupların xəyalı idi. Mənim isə xəyalım hər zaman hüquq olub. Ancaq nə yalan deyim, o vaxt bu qədər dərin düşünən, öz üzərində çalışan və səhvlərini özü görməyi bacaran biri olmadığım üçün seçimimin arxasıyca gedə bilmədim. İndi qohum-əqrəbada, dost-tanışda hüquq görən kimi qeyri-ixtiyari gözüm dolur və bilirəm ki, hüquq mənə qismət olmayan ən böyük xəyalım kimi qəlbimdə hər zaman yaşayacaq. Və mən hər dəfə hüquqşünas olan gəncləri görəndə ən azı onlar qədər sevinib duyğulanacam.

 

Uşaqlar, kəsilmisiniz ya qəbul olmusunuz, fərq etmir, əsas odur ki, cəhd etmisiniz. Qıraqdan boş-boş danışanlara çox da fikir verməyin. İndi bilirəm hər ağızdan bir avaz gələcək. Biri deyəcək “Oba”da kassir axtarırlar, biri deyəcək, get əsgər gəl, sonra birtəhər düzələrsən harasa, hələ bəziləri   qız uşağıdı qəbul olmadı, qoy ərə getsin, əri qazanar, o yeyər düşüncəsində olacaq. Doğrudan da, Allah sizin çəkdiyiniz əziyyətləri görür, əsas vicdanınızı təmiz tutun. Sahiblənəcəyiniz peşəni canla-başla mənimsəyin, qəbul olmaq və ya olmamaq sizin gələcəyiniz üçün təməl olsa belə hər şey təhsil deyil. Dəfələrlə müsahibələrə getmiş, kəsilmiş, qəbul olduğu halda imtina etmiş biri olaraq sizə deyirəm ki, yerinizdə saysanız diplom sizi xilas etməyəcək. Öyrənməyə, təcrübə yığmağa köklənin və daim qəlbinizi pak tutun. Bilin ki, bu gün içdən içə narazı olduğunuz cəmiyyət vicdandan, mərhəmətdən və ləyaqətdən bixəbər insanlarla doludur. Siz onlara rəğmən seçimlərinizin arxasında durmağı və uğursuzluqlarınızdan dərs çıxarmağı bacarıb faydalı cəmiyyət inşa edə biləcək kəslərsiniz.

Bir daha tələbə adınızı təbrik edirəm, zehniniz, yolunuz açıq olsun.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Bazar ertəsi, 26 Avqust 2024 15:39

“Mənim xəbərsiz qonağım - ESSE

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət" 

 

Bilirsənmi, uşaq vaxtı qonaqlardan heç xoşum gəlməzdi. Amma həmin gün evdə bişən yeməklər, üzə çıxarılan qab-qacaqlar, sadəcə yerini anamın bildiyi şokoladları nəhayət yemək fürsətim olacaqdı, gecəni sevməyib, həmin vaxt çıxan ay-ulduzların işığından faydalanan insanlar kimi. 

 

Həmin günlər mənə görə, yersiz qeyd olunan bayramların mənasızlığını hiss etdirirdi. "Səmimiyyətsiz səmimiyyət" bayramları...

Bilirdim, anam da bilirdi, elə gələn qonaqların özləri də. Lakin bu bir-birinin evinə getmə döngüsü bitmirdi. Bir-birlərini görməkdən ötrü olsa, nə var idi ki...

Lakin bu yığıncaqlar mənə daha çox özlərindən başqa hər kəsi süzgəcdən keçirmək üçün təyin olunan günlər kimi gəlirdi. Onları sevməməyimin bir digər nədəni isə, çox sual verdikləri və mənim danışmağı heç sevmədiyim üçün idi. Bəlkə də, verilən sualların altında yatan və verdiyim cavablardan sonra gülərək mənə geri qaytarılan "bədii sual"ları sevmirdim. Uşaqlıqda sevmədiyim qonaqların, böyüdükdən sonra xəbərsiz gələcəklərini bilmirdim. Eynilə sən kimi, hə, hə, sən kimi.. 

 

Sən ruhuma gələndə, gedəcəyini, qalmayacağını bilirdim. Axı, mən qonaqları sevmirdim. Anam qonaqlar gedəndən sonra evi təmizləyir, onu əvvəlki halına qaytara, ətrafda olan səliqəsiz əşyaları yerinə qoya bilirdi.. Bəs mən niyə bacarmadım? Niyə hər şey uşaqlıqda olduğundan daha fərqli baş verirdi? Niyə sən gedəndən sonra hərəsini qəlbimin bir küncünə atdığın, dağılan hisslərimi ifadə edə, toplaya bilmədim? Uşaq deyildim, böyümək üçün can atdığım illərimi geridə qoymuşdum və ən əsası havada uçan, "böyüyəndə nə olacaqsan" suallarının altında qalmırdım. Kiçik problemlərimi böyüdükdən sonra, öz "böyüklüyüm" ilə həll edə biləcəyimi düşünərdim. Amma yaşım artdıqca, insanın əslində böyüyərək kiçildiyini və kiçik problemlərinin də səninlə birgə böyüdüyünü görürdüm. Uşaqlıqda mənə asan gələnlərin, sonradan çətinləşəcəyini, hətta mənasını, bir başqa məna ilə əvəzləyəcəyini bilməzdim. Dağılan evi səliqəyə salmaq olurmuş, amma mövzu ətrafa səpələnən əşyalar deyildə, parçalara ayrılan qəlbindirsə, bu biraz çətin imiş. Uşaqlıqdakı kimi deyilmiş. 

Xəbərsiz gələn qonaq idin, evimizə gələn xəbərli qonaqlar kimi. Bilirdim, amma sən heç getməyəcək kimi gəlib, heç gəlməmiş kimi getmişdin. Mən heç vaxt yaşamadığım hissləri, qonaq gələndə yediyim, anamın gizlətdiyi şokoladlar kimi gizlədib, həmin hissləri səninlə birlikdə dadmışdım. Uşaq ikən qonaqların gedəcəyini bildiyim halda vaxt keçmirdi sanki. Amma sənin hər an gedəcəyini bilməm gərəkli olduğu halda, bilmirdim. Qonaqlar müvəqqəti olur. "Amma sən mənim getməsi üçün saata baxdığım deyil də, getməməsi üçün bir çay daha təklif etdiyim qonağım idin"...

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Atıla Hacızadənin şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

Atıla Hacızadə

 

I.

Dağılmışam mələyim dağların bulaqları tək, 

Dünən tufan dağıdan dəftərin varaqları tək. 

 

Günəş dumanlı şəhərdən küsüb gedən çağdan, 

Lal olmuşam şəhərin səsləri, soraqları tək. 

 

Tükənmişəm qadası, qalmayıb gəlib-gedənim, 

Kasıb məhəllələrin kölgəsiz duraqları tək. 

 

Baxanda gözlərimiz göynəyir, yanır; qamaşır 

Yağışda sahilinin* çırpınan çıraqları tək. 

 

Kütəlmişəm deyəsən, yox daha karım-kəsərim, 

Yalançı inqilabın paslanan oraqları tək. 

 

Yadında vəlvələli şallaq öldürdü məni – 

Dabanlı başmağının taq-taraq, taraqları tək? 

 

Ehey sizə yazıram saxtakar tumançaqlar, 

Qoxuz gəlir bazarın çirkli mustaraqları tək. 

 

Baş ağrı jestləriz qusdurub verir yuxuya, 

Bizim bu mərkəzin** adsız-ucuz araqları tək. 

 

* Sahili: Urmunun şəhər çayında yer tutan park adı. 

** Mərkəz: Urmunun mərkəzi meydanı və bazar ağzı eləcə xilafdan savaba, ağlınıza gələn hər türlü işin görüldüyü bir yerdir. 

 

II.

Kor olmuşam deyəsən, kölgəmi ağır görürəm, 

Nə qədri göz tikirəm çevrədə duman görürəm. 

 

Yenilmişəm gecənin qap-qara qaranlığına, 

Bu zülmətin səhərə çatmağın güman görürəm. 

 

Deşik-deşik deşilibdir əlim, qolum, ayağım, 

Yolun qarış-qarışında sırıq tikan görürəm. 

 

Bu yerdə tapmayıram siz deyən mələklərdən, 

Bəyaz geyimlər içində oranqutan görürəm. 

 

Dediz vətən gətiribsiz bu zindan içrə; amma

Bular pişik deyəni mən niyə siçan görürəm? 

 

Aya? 

Günə? Səhərə? 

Hansına güvənməliyəm? 

Baxınca dəstəyim içrə qara ilan görürəm. 

 

Bir az kənarda gəzin zəhləkar qumarbazlar, 

Ağız dolu qusuram, sizləri hər an görürəm. 

 

Dönüb geri deyəsən tarixin varaq-varağı, 

Baxınca nizə başında yenə qurangörürəm. 

 

Gecə, 

Gündüz, 

Xiyabanda azadlığın bağıran 

Divarların sinəsində nədəndi qan görürəm?! 

 

Biraz kənarda gəzin

Ax... 

Bir iş çıxardacağam, 

Yavaş-yavaş gözümə çox o yan-bu yan gəlisiz... 

 

Çox içmişəm deyəsən, kefliyəm, bağışlayasız, 

Önümdəki kağızın xətlərin zorangörürəm. 

 

III.

Gecənin buz çağıdır, get-gedə itlər ulaşır, 

Qocaman dünya gözümdə əriyib, xırdalaşır. 

 

Əli bağlı, dili bağlı xiyabanda gəzirəm, 

Nə yazıq ki, hərə bir cür sinəsindən alışır. 

 

Gecənin xan çağıdır, göy demə de qan çanağı, 

Qap-qaranlıqda ölüm kölgəmiz ilə sarışır. 

 

Leş yeyənlər şəhərin həndəvərində yığışıb, 

İçki çaqqışdıraraq it ilə çaqqal barışır. 

 

Qorxuluqlar dikilibdir xiyabanlar boyuca, 

Qapıdan, pəncərədən evlərə divlər yanaşır. 

 

Havasın qan qoxu aldı bu vətən adlı yerin, 

Əlim hər bir tərəfə dəysə kəsafət bulaşır. 

 

Güllələr yıxdı yerə əsrimizin asilərin, 

Oxşama qaynayır, üsyan küçədən şəhrə aşır. 

 

Qatı sallaqxanaya döndü bu ölkə elə ki, 

Hər obaşdan vədəsi boynumuza ip dolaşır. 

 

Əlini ver əlimə, düş yola, sil üz-gözünü, 

O qədər ağlamışıq göz yaşımız arxa daşır. 

 

Sözün ən qıssası dostum, sən özün sal-çıx elə 

Ən cavan çağda axı saçlarıma dən yaraşır? 

 

IV.

Nə olar qorxunu gözdən salasan qar çiçəyi. 

Bu qara çarşabı göydən alasan qar çiçəyi. 

 

Nə olar getməyəsən, çəkməyəsən əl buradan, 

Bu ocaqsız evimizdə qalasan qar çiçəyi. 

 

Nə olar çıxma otaqdan, dola əl nərdələrə, 

Çoxlu gözlər tikilibdir solasan qar çiçəyi. 

 

Sən gərək solmayasan qış çağının pərdəsinə, 

Kasalan güzgülərə daş çalasan qar çiçəyi. 

 

*

Şəhərin bağrına xəncər soxulub, qan calanıb, 

Və qaranlıq qucağında sarı güllər talanıb. 

 

Bilməyirsən

İşığı dal küçədə girlədir? 

Bilməyirsən

Günəşi dan çağı zəncirlədilər? 

 

Bilməyirsən

Səsimiz həncərələrdə boğulub, 

Xiyabanlarda yenə qorxulu divlər doğulub? 

 

Hələlik pəncərəmiz yaz çağın erkənləməyib, 

Günəşin dimdiyi zülmət yolağın dənləməyib. 

 

 Nə olar buz sarıyan pillələri çıxmayasan, 

Qırmızı sevdamıza can olarsan qar çiçəyi. 

 

Hörülü saçlarının cilvəsinə aldanma, 

Əl uzalt bəlkə saçından yolasan qar çiçəyi. 

 

Əllərin bağlı, hörüklər dolanıb boynuna ah, 

Səsləyərkən sevirəm mənsə 

Ə___

Ni

Ə___

Taq-taq

Tarataq___.

 

V. 

Sən məni buraxıb düşəndə yola, 

Nə günəş qaraldı, nə yağış yağdı. 

Çaxmağım bir siqar alışdırarkən, 

Qəhərim dırmaşıb gözümü sağdı. 

 

Sevgili günlərin xatirəsini, 

Nə rahat buraxdın ay ağrın alım. 

Nə erkən unutdun, nə ertə dandın,

Yadında deyilmi, yadına salım?

 

“Xəyyamın darışlıq küçələrində, 

Baxışlar bir-birin qucaqladılar. 

O qədər öpüşdük dal küçəsində, 

Kövrəlib dodaqlar qan ağladılar.”

 

İşıqlar sönərkən sanki bürüyür,

Sahili parkını, kədərli anlar. 

Neçə il bərabər addımlasaq da,

Bizi tez unutdu bu xiyabanlar. 

 

Bu şəhər alçaqdır, demişdim sənə, 

Nə qalıbsa bizdən, üzündən silər. 

Küçəsi gizlədər öpüşlərimi,

Sevgimi süpürər, süpürgəçilər. 

 

Sanırdıq pay verib bizi bir-birə, 

Tüpürdüm bu şəhrin sevgi payına! 

Mənə səndən qalan bir üzük oldu, 

O da qismət oldu şəhər çayına. 

 

Ah nədən görmədi göz yaşlarımı –

Bilmirəm bu şəhər sarsaqmı, kormu? 

Yazın tablolarda buranın adın: 

Yarım sevgilərin şəhəri Urmu... 

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.