“Mənim xəbərsiz qonağım - ESSE Featured

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət" 

 

Bilirsənmi, uşaq vaxtı qonaqlardan heç xoşum gəlməzdi. Amma həmin gün evdə bişən yeməklər, üzə çıxarılan qab-qacaqlar, sadəcə yerini anamın bildiyi şokoladları nəhayət yemək fürsətim olacaqdı, gecəni sevməyib, həmin vaxt çıxan ay-ulduzların işığından faydalanan insanlar kimi. 

 

Həmin günlər mənə görə, yersiz qeyd olunan bayramların mənasızlığını hiss etdirirdi. "Səmimiyyətsiz səmimiyyət" bayramları...

Bilirdim, anam da bilirdi, elə gələn qonaqların özləri də. Lakin bu bir-birinin evinə getmə döngüsü bitmirdi. Bir-birlərini görməkdən ötrü olsa, nə var idi ki...

Lakin bu yığıncaqlar mənə daha çox özlərindən başqa hər kəsi süzgəcdən keçirmək üçün təyin olunan günlər kimi gəlirdi. Onları sevməməyimin bir digər nədəni isə, çox sual verdikləri və mənim danışmağı heç sevmədiyim üçün idi. Bəlkə də, verilən sualların altında yatan və verdiyim cavablardan sonra gülərək mənə geri qaytarılan "bədii sual"ları sevmirdim. Uşaqlıqda sevmədiyim qonaqların, böyüdükdən sonra xəbərsiz gələcəklərini bilmirdim. Eynilə sən kimi, hə, hə, sən kimi.. 

 

Sən ruhuma gələndə, gedəcəyini, qalmayacağını bilirdim. Axı, mən qonaqları sevmirdim. Anam qonaqlar gedəndən sonra evi təmizləyir, onu əvvəlki halına qaytara, ətrafda olan səliqəsiz əşyaları yerinə qoya bilirdi.. Bəs mən niyə bacarmadım? Niyə hər şey uşaqlıqda olduğundan daha fərqli baş verirdi? Niyə sən gedəndən sonra hərəsini qəlbimin bir küncünə atdığın, dağılan hisslərimi ifadə edə, toplaya bilmədim? Uşaq deyildim, böyümək üçün can atdığım illərimi geridə qoymuşdum və ən əsası havada uçan, "böyüyəndə nə olacaqsan" suallarının altında qalmırdım. Kiçik problemlərimi böyüdükdən sonra, öz "böyüklüyüm" ilə həll edə biləcəyimi düşünərdim. Amma yaşım artdıqca, insanın əslində böyüyərək kiçildiyini və kiçik problemlərinin də səninlə birgə böyüdüyünü görürdüm. Uşaqlıqda mənə asan gələnlərin, sonradan çətinləşəcəyini, hətta mənasını, bir başqa məna ilə əvəzləyəcəyini bilməzdim. Dağılan evi səliqəyə salmaq olurmuş, amma mövzu ətrafa səpələnən əşyalar deyildə, parçalara ayrılan qəlbindirsə, bu biraz çətin imiş. Uşaqlıqdakı kimi deyilmiş. 

Xəbərsiz gələn qonaq idin, evimizə gələn xəbərli qonaqlar kimi. Bilirdim, amma sən heç getməyəcək kimi gəlib, heç gəlməmiş kimi getmişdin. Mən heç vaxt yaşamadığım hissləri, qonaq gələndə yediyim, anamın gizlətdiyi şokoladlar kimi gizlədib, həmin hissləri səninlə birlikdə dadmışdım. Uşaq ikən qonaqların gedəcəyini bildiyim halda vaxt keçmirdi sanki. Amma sənin hər an gedəcəyini bilməm gərəkli olduğu halda, bilmirdim. Qonaqlar müvəqqəti olur. "Amma sən mənim getməsi üçün saata baxdığım deyil də, getməməsi üçün bir çay daha təklif etdiyim qonağım idin"...

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.