Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
Hər birimiz kitablara borcluyuq!
Heydər Əliyev
1.
ON SÖZ
Təqvimdə 2024-cü ildir. Təbii ki, hər dövrün öz tələbləri, öz müsbət və mənfilikləri var. Bugümüzün də kifayət qədər müsbət tərəfləri var. Azərbaycanımız ərazi bütövlüyünü tam bərpa edib, öz inkişaf strategiyasının yeni mərhələsinə qədəm qoyub. Sabahımızın qurucuları olan yeniyetmələrimiz, gənclərimiz alnıaçıq, üzüağ biliklər əxz edir, sənət və peşə öyrənirlər.
Amma 3-cü minilliyin bu dönəmində tək bizdə yox, bütün dünyada ciddi bir problem var, bu, Z(zet) və A(alfa) nəslinin – yəni müasir, tam sosiallaşmış uşaq, yeniyetmə və gənclərin mütaliədən uzaq durması, mobil telefon və internet asılılığından qopa bilməməsidir. Odur ki, indi hər bir təsisatın, hər bir yetkin fərdin qarşısında duran ümdə vəzifə sözügedən nəsildə mütaliəyə maraq oyatmaqdır.
Bizim də məqsədimiz məhz budur. Ona görə də mütaliə mədəniyyətinin formalaşdırılması barədə ən müxtəlif mənbələrdən iqtibaslar edərək, ən ümdə mütəxəssislərdən fikir alaraq sizlərlə bölüşmək qərarına gəldik. Beləliklə, sizlərə mütaliə mədəniyyətini necə formalaşdırmaq barədə danışacağıq.
İlk bəhs edəcəyimiz isə Mütaliə terapiyası barədədir.
2.
MÜTALİƏ TERAPİYASI
Dərhal ondan başlayaq ki, kitab oxumaq - ənənəvi bilik əxz eləmək anlayışından daha geniş anlayışdır. Bura o qədər sadalamalar aiddir ki (məsələn, stressdən qurtaran, hafizəni möhkəmləndirən, hər hansı bir çətin durumdan çıxmağı təlqin edən, müsbət şəxsi keyfiyyətlər formalaşdıran, pozitivlik verən və s. və i.), onlar barədə məlumat əldə edən bir kimsənin həvəslə kitab oxumağa başlayacağına əsla şübhə etmirik.
Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir. Biz mütaliə mədəniyyəti, oxu mədəniyyəti dedikdə hər hansı konkret fəaliyyət üzrə mədəniyyət nəzərdə tuturuq ki, bu da əsasən oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir.
Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Bəli, valideyində, müəllimdə, kitabxanaçıda əsas keyfiyyətlərdən biri uşaqda mütaliəyə maraq yaratmaq, onu düzgün istiqamətləndirməkdir. Uşaq və yeniyetmələrin mənəvi, intellektual və estetik inkişafında kitabın və mütaliənin rolu danılmazdır. Onlar insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü artırır. Böyüməkdə olan uşaqlara, yeniyetmələrə, gənc nəslin nümayəndələrinə izah etmək lazımdır ki, bütün biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi kitablardır. Uşaqlar və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir. Milli-mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni zamanda, onların beynəlxalq aləmə qısa vaxt ərzində təqdim edilməsində kitabların böyük rolu vardır.
Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamalarına, diqqətlərinin formalaşmasına, nitqlərinin və düşünmə qabiliyyətlərinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etmələrinə kömək edir. Mütaliə edənlər öz erudisiyaları, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər. Kitablar və onların mütaliəsi həmçinin insanın, fiziki, zehni və hissi inkişafında vacib tədris vasitəsidir.
U. M. Tekkerey kitab barədə deyirdi ki, kitab insanın ruhunu qidalandırır, onu ucaldır və möhkəmləndirir.
Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
Nevroloqlar kitab mütaliəsinin insana mənəvi təsiri ilə yanaşı, həm də bioloji təsirini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman verilib. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürüdə bilmək qabiliyyəti sürətlənib.
Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley 2006 və 2009-cu illərdə çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R. Mar 2010-cu ildə uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar .
Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında 2012-ci ildə apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompüter vermir, əksinə televizor onları tirir...
Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.
London və Uels universitetlərinin alimləri isə San-Fransiskoda 53 kişi və 75 qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanlarda telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir.
Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.
Mütaliə psixoloji proses kimi komminukasiya-əlaqə fəaliyyətini mümkün edir. O da diqqətdən kənarda qalmamalıdır ki, informasiyalaşmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin bəhrəsidir. Mütaliə insanı həyata bağlayır, zehni açır, ətraf mühiti, dünyanı, bütün insanları sevdirir. Onda estetik hisslər oyadır, kulturoloji hazırlıq aşılayır. Təsadüfi deyildir ki, gözəl nitqə, zövqə, əxlaqa malik olanlarla işləmək daha asan və daha maraqlıdır. Şagirdlər də, tələbələr də öz müəllimlərini, kitabxanaçılarını mütaliə mədəniyyətinin ən bariz daşıyıcısı kimi tanımalıdırlar. Belə adamlarla ünsiyyət yorucu olmur. Onları dinləmək, onlardan öyrənmək gündəlik tələbata çevrilir.
Bir ayda neçə kitab oxuduğunuzu heç düşünmüsünüzmü? Və bir ildə? Statistikaya inanırsınızsa, orta hesabla bir insan ömrü boyu minə yaxın kitab oxuyur, amma ədəbiyyatla heç maraqlanmayanlar da var. Bu cür laqeydliyin səbəbləri tamamilə fərqli ola bilər, amma nəticə eynidir və təəssüf ki, heç də sevindirici deyil.
Müxtəlif ölkələrin psixoloqları və sosioloqları əmindir: oxumaqdan könüllü imtina edən bir insan özünü bir çox üstünlükdən məhrum edir.
Növbəti: 3.Prioritet sahə
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)