Super User

Super User

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

O, bir çoxumuzun yaddaşında bəlkə də ən çox bu replikası ilə qalıb.

Bu gün kino aktiyoru, rejissor, ssenari müəllifi, həmçinin film səsləndirən, mətn oxuyan xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərovun doğum günüdür.

 

Şahmar Zülfüqar oğlu Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. 

Doqquz yaşında ikən ailəsi Bakıya köçüb. Orta məktəbi bitirəndən sonra O, Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş,  burada Rza Təhmasibdən dərs almışdır.

Aktyor hələ III kursda oxuyarkən  Akademik Milli Dram Teatrına işə götürülüb.

ilk dəfə səhnəyə Şekspirin “Lope de Veqa"  tamaşasında çıxıb və bundan sonra müxtəlif tamaşalarda uğurlu rollar ifaçısı kimi tanınmağa başlayıb.

"Ustalar" tamaşasındakı uğuru Adil İsgəndərov diqqətindən qaçmayıb və onu  “Azərbaycanfilm” kinostudiyası nəzdində yaratdığı "Kino aktyorluğu" studiyasına dəvət edib.  Şahmar Ələkbərov studiyada həm də rejissor kimi fəaliyyət göstərib.

Ali təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılan Şahmar Ələkbərov gələcək həyat yoldaşı Kamilla xanımla da məhz burada tanış olub.

Şahmar Ələkbərovun kinoda ilk işi 1967-ci ildə kinorejissor Kamil Rüstəmbəyovun yazıçı-jurnalist Əhmədağa Qurbanovun “Tikanlı məftillər” povestinin motivləri əsasında ekranlaşdırdığı “Dağlarda döyüş” filmindəki Fərrux obrazı olmuşdur. 

Sonuncu çəkildiyi "Qəzəlxan" filminə qədər o, Qəzənfər-Qəqəni ("Yeddi oğul istərəm"), İman ("Axırıncı aşırım"), Məzahir ("Mən ki, gözəl deyildim"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"),  İbrahim ("Atları yəhərləyin"), Qatır Məmməd  kimi bir çox ölməz obrazlara  həyat verib.

O, həmçinin radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

Şahmar Ələkbərov 1976-cı ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Aktyor həyatının son ilərini çox ağrılı keçirib. Dişini çəkən stomatoloq onun dilini zədələdiyindən ağzında bəd xassəli şiş yaranıb. Almaniyanın Hamburq şəhərində müalicə olunsa da, nəticə uğursuz olub və 12 avqust 1992-ci ildə, 48 yaşında ikən dil xərçəngindən vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Bilmədiyin nə varsa,

Bilsəm, bağışla məni.

Sevgimizi yarıya, 

Bölsəm, bağışla məni.

 

Burnuna qoxu kimi,

Yuxuna yuxu kimi,

Ömrünə çoxu kimi,

Gəlsəm, bağışla məni. 

(İqbal Nəhmət)

Dəyərli Yazarımız, məhəbbət üçün hər şeyi qurban  vermək düzgündürmü?

 

CAVAB

-Xeyr, düzgün deyil, Ülviyyə xanım, qurban tələb edən məhəbbət sonda səni də qurban edəcək. Əgər bir şey sənə darıxmaq öyrədirsə, onu dayandırmaq lazımdır, yoxsa bir ömür peşman yaşamaq qorxusu var.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)

 

Qriqori Petrovun "Finlandiya - Ağ zanbaqlar ölkəsi" əsəri Finlandiyanın bataqlıq torpaqlar üzərində yüksələn müasir və inkişaf etmiş bir cəmiyyətə çevrilməsini təsvir edir. Petrovun bu əsəri XIX əsrin əvvəllərində Finlandiyaya etdiyi səyahət əsasında yazılmışdır və onun müşahidələri ilə zənginləşdirilmişdir.

Petrovun əsərində cəmiyyətin inkişafı, maarifçilik, vətəndaşlıq borcu, ziyalıların, əsasən də müəllimlərin rolu və təhsil ən vacib mövzular kimi təqdim olunur. Müəllif, xalqın raleyini yaxşılaşdırmaq üçün ziyalıların, müəllimlərin və liderlərin nə qədər böyük məsuliyyət daşıdığını vurğulayır. Bu şəxslər cəmiyyəti oyandırmaq və insanlara doğru yolu göstərmək üçün çalışmalıdırlar. Əsərdə diqqət çəkən bir motiv də mədəni dirçəlişdir. Finlandiyanın təhsil sistemi, sənayesi və mədəniyyətinin bugünkü inkişafının əsası olaraq maarifçilik və cəmiyyətin kollektiv səyləri göstərilir. Müəllif bu tansformasiyanı nümunə olaraq təqdim edir və oxucuları öz cəmiyyətlərində də bu cür dəyişikliklər etməyə təşviq edir.

Əsərin əsas ideyası ondan ibarətdir ki, insanlar istəsələr, hər cür çətin şəraitdə belə böyük uğurlara nail ola bilərlər. Finlandiyanın bir vaxtlar kasıb, savadsız və çətin şəraitdə yaşayan xalqının, maarifçilər və ziyalılar sayəsində necə dəyişərək sivilizasiyalı, inkişaf etmiş bir cəmiyyətə çevrildiyi göstərilir. Müəllif, bu transformasiyanın arxasında duran əsas amil kimi təhsili, mədəniyyəti və maarifi vurğulayır. Əsərdə Finlandiyanın tarixi və coğrafi şəraiti ilə bağlı simvollar geniş şəkildə istifadə olunur. Bataqlıq ərazilər keçmişin çətinliklərini, "ağ zanbaqlar" isə bugünkü inkişafı və müasirliyi simvollaşdırır.

Petrovun dili sadə, lakin güclü və təsirlidir. O, oxucuları düşünməyə və Finlandiyanın nümunəsindən ilham almağa sövqedir. Müəllifin dili bəzən didaktik xarakter daşıyır, çünki o, oxucularına yalnız təsvir etmək deyil, həm də dərs vermək istəyir. Müəllifin çağırışları, xüsusən də gənclərin tərbiyəsi və cəmiyyətin inkişafı haqqında fikirləri əsərdə xüsusi yer tutur vəoxuculara dərin təsir göstərir.

"Ağ zanbaqlar ölkəsi" əsəri sadəcə bir tarixi və coğrafi təsvir deyil, eyni zamanda sosial və mədəni dəyişikliklərin necə mümkün olduğunu göstərən bir bələdçidir. Q. Petrov Finlandiyanın nümunəsini göstərərək, oxuculara cəmiyyətlərinin dəyişməsində öz rollarını düşünməyi və bu yolda addımlar atmağı təklif edir. Kitab, oxuculara "Bizdə nə çatışmır?" sualını verməyə və bu sualın cavabını tapmağa ilham verir. Bu mənada əsər, həm tarixi, həm də pedaqoji dəyərə malikdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Göz ürəyin aynasıdı. Gözəl deyimdi. Bulaq kimi saf, dumduru baxışlarda itib  batırsansa, demək istədiyini gözlər deyirsə,  o zaman yaşamağa dəyər. 

 

Mən də  gözlərindən tanıyıram insanları. Baxışlarından. Hiyləgər, sinsi baxışlardan uzaq olmağa çalışıram həmişə. Lap  o baxışların yiyəsi dünyanın ən ali titullarını daşısa da. Axı alim olmaq olar, adam olmaqsa çox çətindi. İnsan baxışlarında  gizlədir özünü. Gözlər insanın vizit kartıdı. Mənimçün. Adətən aldanmıram. Hərdən bu gözlər mənim əlimdən tutub işıqlığa da çıxarır. Ümidsizlikdən çəkib qaytarır məni özümə. Zülmətin içində mayak kimi parlayır və öz-özümə deyirəm ki, yaşamağa dəyər. 

 

Bu gün məni qaranlıqdan tutub işığa  çıxaran, gələcəyinə böyük ümid bəslədiyim   gənclərdən biri - Pərvin Əliyevanı anlatmaq  istədim sizə. Daha doğrusu bu qızın  baxışları məni dilləndirdi. Baxdım ki, artıq  yazıram. Özü də bu dünyanı, bütün  pisliklərini  və  incikliklərini unudub yazıram. Yazanda kiminsə  (Alimin, yazıçının, filosofun) fikirlərinə söykənməyi də  sevmirəm. Öz fikirlərimə aydınlıq  gətirməkçün elə öz düşündüklərimi və hiss etdiklərimi qələmə alıram, vəssalam. Mənim  aləmimdə hər fərd özü özünün müəllimi,  tənqidçisi olmalıdı. Düşündüklərini ifadə edə bilmirsənsə yazma. Təhlil edə bilmirsənsə,  əsaslandırmağı bacarmırsansa, qələmi  əlinə götürmə. Yoxsa Kant belə gəldi, Tusi  belə yazdı, Dostoyevski  belə dedi, Tolstoy  belə düşündü və sair ifadələr öz -özünü  aldatmaqdan başqa bir şey deyil.  

Bax gör sən necə düşünürsən və hansı  qənaətdəsən. Müşahidə gücün olsun. Dünyanı, insanları, təbiəti oxumağa çalış. Bacarmırsansa kənarda dayan. 

Bu yazı da sırf mənim qənaətlərimdən  doğan yazıdı. Bəs Pərvini necə tanıdım? Necə bu nəticəyə gəldim? Əvvəlcə sosial  şəbəkədə dostluğa aldım. Sonra yazıları  marağıma səbəb oldu. Elə ilk yazısından və ilk davranışından fərqli olduğu qənaətinə gəldim. Bildim ki, bu qız fərqlidi. Yaşıdlarından və şair olmağa çalışanlardan  seçildiyini anladım. Daha doğrusu yazıları  və davranışları anlatdı özünü. 

Gördüm ki, Pərvin təkrarçılıqdan uzaq, özünə, sözünə söykənməyi sevən və bacaran yaradıcı gəncdi. Həm də sözünə güvənir. Kiminsə cığırına düşüb getməyi  xoşlamır.  İstəyir öz yolu olsun həyatda. Bu yol lap onu uçuruma aparsa da. Qorxaq  deyil. Mübarizdi. Mənim aləmimdə nə olursa  olsun, hər kəs özü olmalıdı. İnandım ki, bu qız özüdü. Sonra şəkli qarşıma çıxdı. Gözləri  məni çəkdi. Tərtəmiz, dumduru. İçimdə bir  ümid çiçəklədi. Yanılmadığıma sevindim. Gözləriylə anlatdı bu dəfə özünü Pərvin. Paklandım, duruldum baxışlarında. Bu  baxışlarda gizlənən azadlığa tutundum. Özümü tapdım sanki. Baxışlarındakı işıqdan  tutub çıxdım aydınlığa. Bu gözlərdən heç vaxt ziyan gəlməz - dedim. Nə dünyaya, nə insanlığa, nə ədəbiyyata. Təki həmişə bu qənaətdə qalım. Nə düşdüyü durum, nə çətinlik, nə uğur Pərvini dəyişməsin. Elə baxışlarındakı aydınlıqda qoruyub saxlasın təmizliyini. Elə bu misralarda olduğu kimi:

 

İlahi, mən necə də inanıram 

Bəzən insanlıqdan da ucalmaq olur.

Bu səbur, bu səbat məni insan edəcək,

Göldə bir atəş səsi tək itəcək.

 

Pərvin səbrində cilalananlardandı. Bütün adların fövqündə dayanan insanlığın bir ucu da səbrdən başlayır axı. Elə Tanrıya gedən yolun başlanğıcı da səbrdi. Uğurlu  tapıntındı. Təptəzə, hələ qatı açılmamış fikirlər adamı tamam ayrı dünyayla üz -üzə qoyur. Durulursan.

 

Axşam düşdükcə adamı tanış bir hiss--

İntəhasızlıq, tənhalıq hissi bürüyür.

Ayaqlarımız  yox,

Bu yer üzündə əzablarımız yeriyər 

Qayıtmaq ümidi ilə.

Qayıtmaq hansısa nağılın əvvəlinə,

Sehrli bir aləmə,

Qoşulub uşaq tək oxumaq, oxumaq.

 

Qaranlığın dibsiz tənhalığında, kimsəsizliyində batırır adamı bu sətirlər. Bu gündən dünənə qayıtmaq ümidiylə gecəni sabahlamaq əzabıyla üz -üzə qoyur adamı  bu gənc qız. Yenə öz düşündükləri  və  yaşadıqları. Səmimiyyətinə tam arxayın edir  oxucunu. Baxışlarıyla duyduqları eyni ovqatdadı. 

Pərvin sözünün arxasında duran gəncdi. Nə olur olsun sözünün müdafiəçisidi. Fikirlərini  müəyyən çərçivəyə salmağı da sevmir. Sərbəstə aşiqdi. Elə azadlığına da. İçinin  təmizliyi gözlərinə hopub. Paxıl deyil, amma üsyankardı. Sözə ədalət tərəfdən baxır. Haqsızlıqdan qaçandı. Özü də haqqdan  çıxış edəndi. İstedadlıdı. Qədərində. Yazdıqlarına ürək qoyur. Elə bizim yazdıqlarımıza da ürək qoyur(layk əvəzi). Ürəyinə arxayındı. Elə seçiminə də. Saxta deyil. Hər məqamda özüdü. Ona görə də üzünü görməsəm də etibar etdiyim  gənclərdəndi. Ədəbiyyata bağlılığı da ürəkdəndi. Zənnimcə oxucuları da elə özü kimi safdı.

 

Bir nəhəng qələbəlikdə

Səhərlər, 

Yollar, 

küçələr

adamla dolu.

Qəribə hərarət,

Həsrət,

Həsəd,

Ağrı..

Yaşamaq ümidi ilə 

Müdhiş çırpınışda 

bir yığın adamın 

eyni hekayəsi var.

 

Bu boyda şəhərdə, bu boyda küçələrdə həsrəti, ağrını, səmimiyyəti, ümidi eyni rəngdə görür Pərvin. Çünki hər kəs eyni  ağrıdan, eyni tənhalıqdan, eyni oddan, eyni  sevgidən, eyni nifrətdən  keçir. Bunu duya bilmək və qələmə almaqsa bir ayrı  xoşbəxtlikdi. Pərvin bunu bacarır. Böyük, pafoslu cümlələrdən uzaq dura-dura  bacarır həm də. Əsas odu ki, hiss edir.

Köksüz, qolsuz, budaqsız ədəbiyyatın at oynatdığı vaxtda sözün üstə əsmək, onu dəyərində saxlamaq, keşiyində dayanmaqsa əsl hünər tələb edir. Pərvində bu hünəri görürəm. Bu çətin dönəmdə, söz  bolluğunda özünü isbat etmək bacarığı da. Çoxluğun içində fərdiləşmək elə də asan deyil bu ağlı -qaralı dünyada. Vaxt olacaq,   Pərvin sözdə bir az da bişəcək, bir az da formalaşacaq. Ədəbiyyatın yolu çox dərədən, təpədən keçir. Yoluna sədd qoyanlar, boğaq atanlar da çox olacaq. Amma bu qızdakı əzmə güvənərək deyirəm ki, o heç vaxt geri çəkilməyəcək. Hisslərini, duyğularını sözə çevirdikcə böyüyəcək,  müdrikləşəcək, bərkiyəcək.

 

Gecəki yuxuları 

Yozuruq xeyrimizə.

O ki səhər açılır,

Dəniz boş gəlir bizə

Səma boş gəlir bizə.

Bir Allah bilir necə!

 

Pərvin dünyanı dərk edir. Özünü də, cəmiyyəti də aldatmır. Yer üzündəki, Göz üzündəki təlatümləri gözəl görür, hiss edir. Yaşadıqlarını gizlətmir. Dedim axı azadlığını sevir. Hər ovqatda azaddı. 

Bu yazı Pərvinin baxışlarında doğdu, barmaqlarında  böyüdü, ürəyindən su içdi. Canlandı. Bir sözlə gözləriylə anlatdı  özünü  Pərvin, sözləriylə tanıtdı. Hələ çox gəncdi. Öyrəndikləri özünə bəsdi hələ. Öyrənmədiklərisə yolun o tayında onu  gözləyir. Qoçaq qızdı. Addım -addım  çatacaq o zirvəyə də. Bircə ömrünün baharında payıza düşməsin deyirəm. Hər  fəslin öz vaxtı var. Mən inanıram bu qızın gözlərinin də, sözlərinin də işığında hələ çox qaranlıqlar işığa qovuşacaq. 

Təki sağlıq olsun.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Əli Bağış - “Ədəbiyyat və incəsənət” üçün

  

 

Bu iki şəklin arasında fərq zaman baxımından belədir:

28 il 8 ay 10 gün!

 

Solda 2 yaşı tamam olmamış öldürülən Xocalı sakini və öldürülmə səbəbi yalnız bir şey -Türk olduğu üçün öldürülən məsum gözəllik.

Və ikinci şəkildə isə Şuşaya, öz ermənilərinə köməyə Xankəndindən gedən əli silahlı erməni əsgəri: 19-20 yaşında!

Düz alnından vurulub və bütün arzularıyla, sevgiləriylə birlikdə məhv olub.

Sevdiyi qız da bir neçə gün yas saxlayıb, yeni bir erməni tapıb ona ərə gedəcək ki oğlan doğsun və o uşağı bizə -Türkə qarşı kin, nifrət, lənət hissləriylə böyütmək ən böyük arzusu olacaq... 

Qızcığazımız körpə mələk idi...

Yadıma Serebrenitsada erməni kimi qansız və vicdansız serb cəlladları tərəfindən güllələnən bosniyalı müsəlman qız cocuğunun dediyi və heç bir zaman unutmayacağım söz düşdü:

-Ana, balaca uşaqlar balaca güllələrlə  öldürülürlər, hə?!

Qızcığazımızın arzusu nə ola bilərdi ki?

Dünyanın bütün körpələrinin arzusu kimi: sevinmək və sevilmək!

Adını Sevgi qoyuram mənim balam.

Sənin adını isə şərti olaraq Vazgen qoyuram!

Bax sənin atan (fərqi yoxdur, əmin, dayın, bir qohumun) sən doğulmamışdan 7-8 il öncə Sevgini öldürmüşdü!

Onun səndən fərqli olaraq heç bir silahı yox idi. Sənin atan, onun ata-anasını qovub öldürəndə və sənin atan şərəfsizin, canavarın, nakişinin, dünyanın ən murdar məxluqunun (Körpəyə necə qıymaq olar, İlahi ? Ya Sənin div səbrin varmış, ya da ki, ildırımların, tufanların, qasırğaların o məşum gecə Sənə qulaq asmırmışlar?!) namərd gülləsindən Sevgi öldürülən zaman ona dəyən güllə idi -28 il 8 ay göylərdə Qisas Gününü gözləyən Güllə!

O gülləni sənin alnından vuran Sevgi öldürülən gün,saat, dəqiqə doğulan bir Türk balasıydı yəqin, Vazgen.

Sevgi Ana qucağında Ölümdən qaçırdı, sən, Vazgen silah qucağında Ölüm aparırdın...

 

Ermənisən deyə sənə qəti acımıram, Vazgen!

Çünki nə həyatdan dərs aldınız, nə qonşu kimi qonşu oldunuz, nə adam kimi adam!

Türkə nifrətlə doğuldunuz, Türkə nifrətlə böyüdünüz, Türkə nifrətlə öldürdünüz və Türkə nifrətlə öldünüz!

Bir millət kimi bütün yaşamağınızın, varlığınızın mənası ancaq və ancaq Türkə nifrətdən ibarət imiş!

“Görüm sizi lənətə gələsiniz, ikiayaqlı canavarlar”

Sənə isə, acıyıram, Vazgen. Gənsən, kasıbsan, bədbəxtsən deyə, vəssalam...

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Elə şəxsiyyətlər olub ki, həqiqətən də tariximizə işıq salıblar. Çox təəssüf ki, onlar barədə demək olar ki, heç nə bilmirik. Mən sizə Məhəmməd Ağaoğlu barədə danışacağam. Ötən əsrdə xalqımızın Sovet istibdadından qaçaraq mühacir həyatı sürən ən işıqlı şəxslərindən biri olub Məhəmməd Ağaoğlu. Gəlin onun bioqrafiyasını birlikdə vərəqləyək.

 

Məhəmməd Ağaoğlu 1896-cı il avqust ayının 24-də İrəvan quberniyasının İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmişdir. Həmin il Moskva unuversitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa maraq oyatmışdır. 1916- 1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahəti faydalı olmuşdur. Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. AXC yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışmışdır: İstiqlal muzeyi, Qədim abidələrin müdafiəsi Cəmiyyəti onun təşəbbüsü və köməyi ilə yaradılmışdır. Amma 1920-ci ildəki bolşevik işğalı onun dogma vətəndəki fəaliyyətinə son qoymuşdur.

O, 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. İstanbul muzeylərinin direktoru Xəlil Ədhəmin məsləhət və köməyi ilə 1923-1927-ci illərdə şərqşünas alimlərin kurslarında Şərq dilləri və mədəniyyəti sahəsində biliyini təkmilləşdirmiş, yüksək ixtisas qazanmışdır. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. 1927-1928-ci illərdə İstanbulda Milli muzeyin “çinli köşk” islam incəsənəti bölməsinə müdirlik etmiş, İstanbul Universitetinin İncəsənət kafedrasında professor assistenti vəzifəsində çalışmışdır. Elə həmin ildə “Türk və İslam əsərləri” muzeyinin əvəzedici direktoru vəzifəsinə təyin edilmişdir. Amerikaya dəvət olunmuş, burada Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil etmiş, müsəlman Şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət böyük sərgi açmış, çoxlu kolleksiya toplamışdır. Onun sayəsində Detroyt “İslam incəsənəti qalereyası” zənginliyi ilə seçilmişdir. Miçiqan Universitetində (ABŞ) müəllim, professor olmuş, Şərq xalqlarının incəsənəti tarixindən oxuduğu mühazirələri maraqla qarşılanmışdır. 1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaratmışdır. 1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini təmsil etmişdir. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət etmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırmışdır. “Art islamika” (“İslam incəsənəti”) adlı jurnalın naşiri və redaktoru olmuşdur. Onun “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrıayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır. Bu məqalələrdən İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında saxlanan bəzi naməlum əlyazmaları və bir neçə illüstrasiyalı əlyazmaları haqqında ilkin qeydlər, “Frir incəsənət qalereyasında saxlanan “Xosrov və Şirin” əlyazması” orta əsr Azərbaycan incəsənətindən bəhs edir.

Məhəmməd Ağaoğlu 1949-cu il iyun ayının 4-də Amerikanın Detroyt şəhərində vətən həsrətiylə qovrularaq vəfat etmişdir. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının poçtunda AYB üzvü, doktorantAyxan Hüseynlinin göndərdiyi sitatlar var, onları sizlərə təqdim edirik.

 

Sitatlar – düşüncələr...

 

Mən:

çox düşünür, az danışıram.

az bilir, çox əməl edirəm.

***

Bu dövrün adamı olmaq da çətin, bu dövrdə adam olmaq da...

***

İnsan nəfəs qədər gərəkli deyil, həvəs qədər dəyərlidir.

***

Biz xatirələr sarayında yaşasaq da, arzular cəngəlliyində yol axtarırıq.

***

Asan məndən yan keçir ki, çətin mənə rast gəlsin.

***

İtirmək külək kimidir...

Nə apardığı deyil, nə gətirdiyi önəmlidir.

***

Mənim qorxularım yox, doğrularım var...

Doğrularım qorxularımın əsirinə çevrilmədiyi müddətcə, heç nədən qorxmuram.

***

Bir əlində dünyanı tut, bir əlində həyatı:

Dünyaya bax, həyatı yaşa,

Həyata bax, dünyanı anla.

***

Mən qaranlığımdan qorxuram... Çünki, qorxularım qaranlığımda gizlənib.

***

Keçmişin kölgəsi, gələcəyin ləkəsi olmaz

Çünki keçmiş sual dolu qaranlıq, gələcək ümid dolu aydınlıqdır.

***

Kitablardan oxusam da,

Həyatdan dərsimi aldım.

Vərəq-vərəq yazılsam da,

Bir cümlədə tamamlandım.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

 

Cümə, 23 Avqust 2024 11:40

“Nənəmin rəfiqəsi” – HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalın Mənsurə Qaçayqızının hekayələrinin dərcini davam etdirir. Bu gün sizlərə “Nənəmin rəfiqəsi” hekayəsi təqdim ediləcək.

 

                                     

 

          Kəndimizdə maraqlı bir kitabxana var. Deyəcəksiniz ki, kitab olan yer maraqlı olar, burada qəribə nə var ki... Haqlısınız. Bəlkə də, mənə maraqlı gələn – kitablara məhz oradan yaranan sevgimdi. Hər halda, yenə fikrimdə qalır və deyirəm: “Kəndimizin ən gözəl yeri kitabxanadı”. Tez-tez sinif yoldaşlarımla, qonşu uşaqlarla kitabxanaya gedirdik. Yol boyu qarşımıza çıxan uşaqlar da bizə qoşulurdular. Ərkimiz çatan darvazanı döyür, dostlarımızı çağırırdıq. Hətta kəndimizin balaca idman meydançasında futbol oynayan uşaqlar da oyunu dayandırıb əllərində top bizimlə gedərdilər. Beləcə, dəstəmiz böyüyərdi. Kiminin əlində futbol topu, kiminin əlində quş vurmaq üçün sapand, kiminin əlində kitabxanaya qaytaracağı kitab... Həmin gün bizim üçün maraqlı və əyləncəli olardı. Kiçik yaşlı uşaqlara şəkilli nağıl kitabları seçərdim. Kitablara baxmaq, tozunu təmizləmək, yerlərini dəyişmək, vərəqləmək gözəl, dəcəl uşağın saçlarına sığal çəkmək kimi bir şeydir, məncə. Həm zövq alırsan, həm də öyrənirsən. Çox vaxt kitabxanada işləyən qadını sənədləri qaydaya salan görərdim. Arada gözucu bizə baxmağı vardı. Onsuz da adam az olan köhnə, kərpicdən tikilmiş yarıqaranlıq kitabxanada sevimli məşğuliyyətimə bir neçə saatımı itirəcəyimi bilsə də, baxışları ilə hər zamankı sözünü deyərdi: “Kitab seçə bilməmisən?” Gülümsəyirdim. Taxta rəflərdəki kitablara artıq neçənci dəfə təkrar-təkrar baxardım. “Bir kitabı bir neçə dəfə oxumuşam, yeni kitablar hələ gəlməyib”. Kitabları yaxşı tanıdığımı bilirdi qadın. Buna baxmayaraq, əlimdəki kitaba diqqətlə baxdığımı görəndə:

         – Maraqlı kitabdı, – deyər və soruşardı: – Yenə gedirsən nənəngilə?

         – Hə, yeni kitabınız yoxdu. Bu dəfə də bunları aparıram. Yenə təkrar… Bir gün nənəm məni qovacaq…

          Qadın gülümsünərdi:

         – Gələn dəfə olacaq. Yeni kitablar gələcək.

          Hər dəfə belə deyərdi: “Gələn dəfə”... Gələn dəfəyə nə qalıb ki? Onsuz da bir həftədən sonra yenə ora getməliyəm. Ora deyəndə ki… Nənəmgilə.

– Yaxşı, sağ olun. – Kitabları götürüb sevimli məkandan çıxardım. Uşaqlar da arxamca gələrdilər. Kitab götürənləri də olardı, götürməyənləri də.

– Bir, iki, üç, dörd, beş, altı... Niyə gəlmişdiniz? Gərəksiz sualdı. Hərəsinə bir kitab verərdim. – Alın, heç olmasa adama bir kitab götürün.

Kitabları çox götürməyim işə yarayardı. Diqqətli, səliqəli olmalarını tapşırardım. Kitablar mənim adıma qeydiyyat olardı axı! Onları götürdüyüm kimi qaytarmalıydım. Çiçəyin əlindəki kitab diqqətimi çəkmişdi və mən sevinclə: “Aha, Ciçək kitab seçib ki… O hansı kitabdı?”, – deyə soruşmuşdum.

Çiçək: “Nağıllar” – deyəndə mən: – “Sənin nağıl oxuyan vaxtındı? Roman oxu, roman...” – demişdim.

Gülmüşdü. Bilirdim ki, nağılı da oxumayacaq, şəkillərinə baxacaq.

Mənə oxşamayan dostlarım… Bədii kitabları ya dərs kitablarımın arasında oxuyardım, ya da gecə yatarkən çarpayımın yanındakı pəncərənin pərdəsini kənara çəkib, qonşu otaqdan düşən televizorun işığına...

                                         

***

 

Taxta qapını açıb hay-küylə həyətə girəndə nənəm tut ağacının budaqlarından asdığı nehrəni çalxayırdı. Onun hər bazar nehrə asmağı vardı. Bəzi yerlərdə nehrə çalxalamaq deyirlər, biz isə tut ağacından asıldığı üçün “nehrə asmaq” deyirik.

Hər bazar günü nənəmgilə gələrdim. “Onun nehrə asmağı ilə mənim gəldiyim vaxt”, demək olar ki, üst-üstə düşürdü. Nənəm belini dikəldər, nehrənin iplərindən tutub dayandırardı. “Gəl bura” deyib mənə qucaq açardı. Qaçıb nənəmin qucağına atılardım, o üzündən, bu üzündən öpüb, nehrənin üstündə əyləşərdim və ayaqlarımı nehrənin üstündən aşırıb iplərindən tutardım. Nehrə yenidən yellənər və bu, xoşuma gələrdi. Elə bil nənəm bununla məni mükafatlandırırdı. Ağır məktəb çantamı o kənddən bu kəndə gətirirdim, axı! Zarafat deyil qonşu kənddən çiyində çanta gətirmək. Hələ içindəki yükün ağırlığı... Nənəm o yükün nə olduğunu yaxşı bilirdi. Həyətdə yaranan səs-küydən qonşu usaqlar gəldiyimizi bilərdilər. Çox çəkməzdi ki, həyət uşaqlarla dolardı. Onu da bilirdim ki, bu gün burada ən sevimli uşaq mənəm, nənəm üstümdə əsir. Nehrənin üstündən atılıb uşaqlara tərəf qaçırdım...

Nənəm nehrədən süd qoxulu yağı yığırdı və samovara od salandan sonra səslənirdi:

         – Bəsdi oynadın.  Get o ağacdakı meyvələrdən ye.

Meyvə yemək istəməsəm də, bunun da xüsusi qulluğa aid olduğunu bildiyim üçün birbaşa bağa qaçırdım. Nənəmgilin gözəl bağında iri, sulu gavalılar ağacları əyirdi. Ağaca dırmanırdım və elə buradanca gözüm qoz ağacından asılan yelləncəyə sataşırdı. Bunu da nənəm bizim üçün asmışdı – axşama yaxın yelləncək                                                     mərasimi başlayırdı… Budur, yenə həmin günlərdən biridir. Uşaqlar ağacın ətrafına toplaşıblar, gavalıdan dərib aşağıya – uşaqlara atıram. Nənəm ağaca yaxınlaşır:

         – Düş, o gavalıdan yemə.

Ağacdan aşağıya baxıram:

         – Niyə?

         – Get alma ağacının yanındakı gavalıdan ye. O, yaxşıdı, qırmızı yapon gavalısıdı. Bu, eşşək gavalısıdı.

Bilmirəm, bu gavalıya niyə “eşşək gavalısı” deyirlər. Gül kimi gavalıdır, həm də dadlıdır. Hər halda, nənəm istəmədi. Dərdiyim gavalını yerə atıb ağacdan düşdüm. Alma ağacının yanındakı gavalını tapdım. Nədənsə, uşaqlar arxamca gəlmədilər. Onlar ağaca çıxıb eşşək gavalısından yığıb qucaqlarını doldurandan sonra yanıma gəldilər. Heç nənəm də onlara: “Eşşək gavalısından yeməyin”, – demədi.

         – Uzağa getmə. O çil xoruzu tut, ver mənə. Axşama kəsdirəcəyəm, – deyə nənəm evdən səsləndi.

          Nənəmə deməyə utandım ki, xoruz nədir, mən cücədən də qorxuram, əl vura bilmərəm.

          Uşaqlarla xoruzu həyətin bir küncünə qısnayıb tutduq. Tutduq deyəndə ki… Uşaqlar tutdular. Küçəyə çıxıb xoruzu çığırda-çığırda kəsdirməyə adam axtardıq. İki-üç ev aralı olan qonşunun oğlu xoruzun üzünü qibləyə çevirib kəsdikdən sonra ayaqlarından tutub mənə verdi. Hə, indi onun cansız bədəninə əl vura bilərdim. Xoruzu qanı yerə damcılaya-damcılaya evə gətirdim.

         – Kim kəsdi?

Nənəmin xasiyyəti idi. On yeddi-on səkkiz yaşı tamam olmayan kimsə bu xoruzu kəssəydi, ətindən yeməzdi, “mundardı” deyərdi. Ona görə də: “Qonşu Əli kəsib”, – deyərək xoruzu nənəmə verdim və küçədə gözləyən uşaqların yanına qaçdım.

          Hə... İndi sizə nənəmin rəfiqəsi haqqında danışacağam. Nənəm onu, o da nənəmi çox istəyirdi. Aralarında iki-üç yaş fərq vardı. Hiss olunurdu ki, nənəmin rəfiqəsi cavanlıqda gözəl olub. Ağ saçları ilə sifətinin nuru bir-birinə qarışmışdı. Nənəm rəfiqəsinə hörmət etməyimizi istəyirdi. O, qonşuluqda yaşayırdı və gözləri görmürdü. Əsasını yerə toxundura-toxundura yolun izini tutub gəlirdi. Əsası hər gün gəldiyi yolun cizgisindən kənara çıxmırdı. Bizimlə görüşəndə əlləri ilə toxunar, barmaqları ilə saçımızı axtarar, sığal çəkərdi. O gələndə nənəm qolundan tutub xalçanın üzərinə sərdiyi yumşaq döşəkçənin üstündə əyləşdirər, kürəyinə yastıq qoyardı. Süfrə açar, hər şeyin yaxşısını düzərdi. O, demək olar ki, hər gün nənəmin yanına gəlirdi. Qışda yun jaketinin, yayda yüngül arxalığının cibindən konfet, alma çıxarıb süfrəyə qoyardı. Biz nənəmgildə olanda isə gecə yarısına qədər oturardı və mən nənəmlə rəfiqəsinə kitab oxuyardım. Nənəmin rəfiqəsi bu axşam da hökmən gələcəkdi…

         Uşaqlarla nənəmin rəfiqəsi yaşayan həyətə gəldik. Onlardan biri – nənəmin rəfiqəsinin nəvəsi otağın qapısını açıb içəri baxdı. Nənəsinin evdə tək olduğunu görüb başı ilə uşaqlara işarə elədi. Yaxınlaşıb baxdıq: nənə xalçanın üstündəki doşəkçədə əyləşərək əlində tutduğu təsbehi ağır-ağır fırladırdı. Qarşısındakı süfrədə meyvə və nar çubuğu vardı. Uşaqlar bir-birinə göz vurub him-cimlə danışırdılar, heç nə başa düşmürdüm. Maraqla seyr etdiyimi görüb biri mənə yaxınlaşdı:

– Get nənəmin tumanının altında konfet var, onu götür. Biz götürsək, biləcək.

         Nənəmin rəfiqəsinin qat-qat tikilmiş böyük ətəyi vardı. Bu geyimlərə o zamanlar kənd yerlərində “yedditaxta tuman” deyirdilər. Yəni yeddi hissədən və çox parçadan tikilmiş geyim sayılırdı və bu tuman əyləşdiyi döşəyin üstünü tutmuşdu.

          Uşaqların sözünə baxıb əlimi qapıdan içəri uzatdım. Qapıya yaxın əyləşdiyindən əlim nənənin tumanının ətəyinə çatırdı. Duyuq düşər deyə, nəfəsimi çəkmirdim. Əlim bir balaca tumanın altına getmişdi ki, barmaqlarıma dəyən çubuğun təsirindən əlimi sinəmə sıxdım: nənə yanındakı nar çubuğunu götürüb barmaqlarıma çırpmışdı.

          Səsimi qısmaq məcburiyyətində idim. O, məni tanımamalıydı. Uşaqlar əməliyyatın uğursuz olduğuna gülürdülər. O gün uşaqların həmişə nənənin tumanının ətəyindən oğurluq etdiklərini öyrəndim və məni də bu oyuna qurban etdiklərinə görə onlardan incidim. Özüm isə hərəkətimə görə çox utandım…

          Çil xoruz süfrədə “məni ye” deyə çığırırdı. Nənəm və rəfiqəsi süfrənin ətrafında əyləşib kitabdan oxuduqlarıma diqqətlə qulaq asırdılar. Məktəb çantamın – boğçamın ağzı açılmışdı. Kitabxanadan götürdüyüm kitablar süfrənin kənarına elə düzülmüşdülər, elə bil hərəsi canlı bir qonaq idi. Və mən oxuyurdum... Artıq onlar da bir kitaba neçənci dəfə qulaq asdıqlarına baxmayaraq, maraqla dinləyirdilər.

          Yuxum gözümdən tökülürdü. Qocaların isə yatmaq fikri yox idi. Nənəmin rəfiqəsi də, deyəsən, evinə getmək istəmirdi. Oxuduqlarımı qısalda da bilmirdim, başa düşürdülər. Bir dəfə belə bir şey etmişdim. Bir-iki cümlə oxumadan o biri səhifəyə keçmişdim, dayandırmışdılar.

         – Dayan, düz oxu. Ola bilməz. Birdən-birə elə şey olar? Birdən-birə... O cümlədən sonra nəsə uyğun gəlmir. Nəsə qırıldı, hadisə düz gəlmir.

          Nənəm yaxınındakı oxlovu götürüb mənə tərəf uzatmışdı. Demək istəyirmiş ki, “bizi aldatma”. Elə bil kitabı öz əlləri ilə yazmışdılar. Bəzən hirslənirdim. “Sizi gərək kitablara alışdırmayaydım”. Bəzən də kitabları mənə onların sevdirdiyini xatırlayıb səbir edirdim. İndi də təxminən həmin vəziyyət idi: oxumaqdan gözüm yumulur, səsimdə titrəyiş əmələ gəlir, boğazım quruyurdu. Nənəm və rəfiqəsi çil xoruzun ətindən iştahla yeyə-yeyə qulaq asırdılar. Elə bil nə eşidəcəkdilərsə, onu qənimət bilirdilər. Bir əlim kitabda, bir əlim yeməkdə idi. Nənəmin rəfiqəsi boğazımın qovuşduğunu hiss edib:

         – Mürəbbəli çay iç, – dedi.

         Mürəbbəni çaya atmağı sevməsəm də, nənəm zoğal mürəbbəsini çayla qarışdırıb qarşıma qoydu.

          Nənəmin rəfiqəsi oxuduqlarıma qulaq asa-asa arada bir “eh” deyə köks ötürürdü. Eh, dünya...

Nəhayət ki, o, tumanının balağını yığışdırmağa, nənəm də süfrənin kənarını qatlamağa başladı. Nənəm rəfiqəsini yola salanda o, əl ağacına söykənib dedi:

         – Nətəər də yadımdan çıxıb… Heç məndə huş qalmıyıb. Orda uşağa bir az pay qoymuşam. A bala, boğazına fikir ver, oxuyan uşaqsan, yaxşı ye, gözün işıqlı olsun.

Onu yola salıb geri qayıtdıq. Nə zaman gətirmişdi bu payı? Görməmişdim. Süfrənin kənarında qəzetə bükülü iki alma, bir də qat-qat tumanının ətəyindən götürmək istədiyim bir neçə konfet vardı…

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.

 

 

Bəxtiyar Nizami

Təbriz

 

*

Gecədir, ulduzlar düşüb dənizə,

Dalğalar fırlanıb başına dönür.

Ay da göydən atır özün dənizə,

Bu gecə göylərin çırağı sönür.

 

Buludlar endikcə dəniz üstünə,

Hava da qoxuyur yağış nəğməsi.

Çaxnaşır buludlar, hönkürtü salır,

Gəlir qulağıma bir ana səsi.

 

Yağışlar buludun göz yaşlarıdır,

Onlar da insanın dərdin duyublar.

Bəlkə də buludlar anaymış, allah

Köçüb bu dünyadan bulud olublar.

 

Uzun bir məsafə milyon illərdir,

Dünya da fırlanır günün başına.

Bu boyda yer üzü dərdin içində,

Düşən daşlar düşür bunun başına.

 

Gecədir, ulduzlar köçür göylərə,

Dənizin özündə dalğa boğulur.

Məryəm sancı çəkir hələ içində,

İsa, anasından təzə doğulur.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Və bu da sonuncu!

Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirdik. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər, bunu gəlin unutmayaq.

 

Varislik qanunu

«Liderin əsl qiyməti onun qoyduğu irslə, varisləri ilə ölçülür»

1997-ci ildə dünyanın biznes sferasının ən yaxşı liderlərindən biri, «Koka-kola» kompaniyasının rəhbəri Roberto Qoysueta vəfat etdi. 16 illik rəhbərlik dönəmində o, «Koka-kola»-nın dəyərini 4 milyard dollardan 150 milyard dollara (3500 faiz !!!) qaldırdı, bütün avtomobil və neft kompaniyalarından bahalı etdi, bir çox aksionerini multimilyonçuya çevirdi, amma onun qoyduğu bu nəhəng irs hələ işin bir tərəfi idi. O, özündən sonra kompaniyanın işini yüksək şəkildə davam etdirəcək varislər yetişdirərək hazırlamışdı, estafeti qəbul edən bu liderlər «Koka-kola»nın uğur yolunu davam etdirirlər.

Və son olaraq kitabının yekun hissəsində Con Maksvell insanlara həyat yollarında öz arzularına çatmağı diləyərək onlara lider olmağı tövsiyə edir. Tövsiyə edir ki, insanlar öz ardlarınca başqalarını aparmağı öyrənsinlər, liderlik zirvəsinə yüksəlib yüksək nəticəyə nail olduqca sabahkı günün liderlərini yetişdirsinlər.

Məncə, əziz oxucum, liderliyin bu qızıl 21 qanununu mənimsəmək sənin dünyagörüşündə çox ciddi dəyişikliklərə səbəb olacaq.

Onlarla praktik vasitə olaraq silahlan və haydı, liderliyə doğru!

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.