Super User
Almas İldırıma nəzirə - “Allahım, nə yaxşı şair doğuldum!!!”
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” (Qarabağ bölməsi)
Bəzən nəsr, bəzən publisistika, amma mütləq ki bəzən də şeir. Mühacir şair
Almaz İldırımın "Məlum bir zamanda, məhkum bir eldə. Allahım nə üçün şair doğuldum?"-şerinə cavab yazmışam bu şeiri...
Ümid edirəm ki, bəyənərsiniz.
"Xalq düşməni" deyib təqib etdilər
Nələr çəkmədi ki, bəlalı başı?
Dərdini söylədi Araza, Kürə
Xəzərə yetişdi qanlı göz yaşı
Dedi “dəfn edərsiz üzü vətənə"
Onun Kəbəsiydi hər vətən daşı
Adıtək ruhu da qalxdı göylərə
Qürbətdə gömdülər bir Vətəndaşı
O Yanvar gecesi qan dənizində
Əliyalın xalqımla birgə boğuldum
Arxalı köpəklər cumdu elimə
Mən də sənin kimi yurddan qovuldum
Şəhidlər can verib aldı hüriyyət
Onların ruhutək mən azad oldum
Azad məmləkətdə, azad bir eldə
Allahım, nə yaxşı şair doğuldum!!!
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Quzu əti ilə badımcan müsəmməsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Quzu əti ilə badımcan müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Quzu əti – 159 qr
§ Soğan – 84 qr
§ Kərə yağı – 25 qr
§ Badımcan – 170 qr
§ Zeytun yağı – 20 qr
§ Müxəşşər – 30 qr
§ Abqora – 10 qr
§ Limon suyu – 10 qr
§ Sarımsaq – 2 qr
§ Sarıkök – 0,1 qr
§ Zəncəfil – 2 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Quzu əti 35-40 qramlıq tikələrə doğranır. Suda yarı bişirilir, ətlər sudan çıxarılır, işgənəsi süzülür, əvvəlcədən kəfi mütləq alınır. Tavaya yağ əlavə edilir, ət qızardılır. Sonra kvad- rat şəklində doğranmış soğanla bir yerdə qızardılır. Soğanın rəngi qıza- rana yaxın xırda doğranmış sarımsaq, əvvəlcədən isladılmış yarı bişirilmiş müxəşşər, duz, istiot, sarıkök, darçın əlavə olunur, qarışdırılır. Daha sonra işgənə əlavə olunur, ağzı bağlanır və vam odda bişirilir. Tam bişib yağa düş- dükdə abqora əlavə olunur, qarışdı- rılır və çıxarılır. Ağzı bağlı şəraitdə 5 dəqiqə yer dəmi alır. Badımcan zolaqlı soyulur, duzlu suya qoyulur, üzərinə ağır əşya qoyulur və acı suyu çıxarılır. Yağda hər iki tərəfi qızardılır, dəsma- lın və ya salfetin üzərinə yığılır. Üzərinə limon suyu əlavə olunur.
Müsəmmə süfrəyə veriləndə buluda çəkilir, badımcanlar üzərinə düzülür. Bu xörəyi süfrəyə həm ayrı, həm
Müsəmmə süfrəyə veriləndə buluda çəkilir, badımcanlar üzərinə düzülür. Bu xörəyi süfrəyə həm ayrı, həm də plov, çilovla vermək olar.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
BİR SUAL, BİR CAVAB Faiq Hüseynbəyli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Həyat sınıq bir şüşə,
Kim ucala, kim düşə?
Aç əlini Günəşə,
Havalar xoşdu, Faiq.
Sevdiyinə ərk elə,
Sevgi nədir, görk elə...
Qəlbi doldur eşq ilə,
Bu dünya boşdu, Faiq.
(Faiq Hüseynbəyli)
"Həyat səni güldürmürsə, zarafatı anlamadın deməkdir."
(Anton Çexov)
Faiq bəy, həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?
CAVAB
Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sevgi dərsi” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Sevgi dərsi”ndən bəhs edəcək.
Xoş mütaliələr.
Sevgi yazdırmasa, qələm də yazmaz,
Nə olsun, ilhamım, ya da təbim var.
Səni unutmaqçün bircə səbəb de
Səni sevmək üçün yüz səbəbim var.
Eşq elə yaradı yeri qalmalı,
Biri sağalanda, biri qalmalı.
Min dəfə ölsən də, diri qalmalı-
Mənim də sevgidə belə dəbim var.
Qoymaram bu mizrab hər simə gəlsin,
Kim dedi bu gələn tərsinə gəlsin?
Sevmək istəyənlər dərsimə gəlsin-
Haçandı mənim də bir məktəbim var...
Ədəbiyyat və incəsənət”
(22.08.2024)
Xatirələrdə yaşayır…- OSMAN SARIVƏLLİNİN OĞLU BABƏK BARƏDƏ
Qəzetimizin poçtuna Sənətşünaslıq elmləri doktoru, professor, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, Türk Xalq Musiqisinə Xidmət mükafatçısı İlqar Cəmiloğlu İmamverdiyevin görkəmli Azərbaycan ədibi, Xalq şairi Osman Sarıvəllinin oğlu Babək Osmanoğluya ithaf etdiyi yazısı daxil olub, yazını təqdim edirik.
“Qoydu məhəbbətin qəlbimdə təməl...” - Bu misranı xatırlayanda xəyalım bir anlıq keçən əsrin 63-cü illərinə güzar etdi, atam Cəmil Əkbərin Kəlbəcəri ziyarət etdiyi zaman bir xoş təsadüf nəticəsində Dədə Şəmşirlə İstisuda tanış olması ağlıma gəldi. Bir həftəlik bu mübarək gündə ata-oğul səviyyəsində bərq vuran səmimi münasibətləri və bir həftədən sonra ayrılıq anlarında Cəmil Əkbərə “Gedirsən” rədifli xiffət ruhlu şeirini təqdim etmişdi.
Qoydu məhəbbətin qəlbimdə təməl,
Fərhad olub külüng çalıb, dağı dəl!
Hərdən də Şəmşiri yadına sal gəl,
Doluxdurub sənətkarı gedirsən.
Bu misra 60 ildir ki, ömrümə həkk olmuşdur. Dostluğun, səmimiyyətin ekstaz anıdır ki, bu gün də Babək müəllimin anım məqaləsinə başlıq seçdim. Heç unuda bilmirəm bu ayrılığı. Sən demə görüşüb ayrılmaq bir daha görüşmək üçün bir növbəti ümiddir. Fəqət əbədi ayrılıq daha birdə görüşməmək demək imiş əziz oxucularım. Xudahafiz deyəndə bir daha görüşə bilmək ehtimalıya o ola bilir bəzən, ya da bu niyyət gerçəkləşmir heç zaman. Türkiyədə Allaha əmanət ol təbiri isə ya qismət təkrar görüşüb görüşməmək bir də nəsib olarmı görəsən, anlamını ifadə etməkdədir. Həyatda sağ ikən iki dostun cismani olaraq ayrılması səbəbi ilə inş Allah görüşməyi nəsib etsin də deyirlər bəzi məqamlarda. Anadoluda isə qısaca “görüşərik” deyə ayrılırlar. (Son dönəmlərdə isə çağdaş günümüzdə leksikonumuzda yer alan səmimiyyətsiz kəlmə təəssüf ki, daha çox məni əsbləşdirir “Bay-bay” deyildiyi zaman.) Bu ayrılıq təkrar görüşmə ümidini yansıdır.Ən səmimi dostluğun iflasa uğraması isə mənəvi cəhətdən əbədi ayrılığın, haqq dünyasına rəvan olmasının təbil zəngidir mənim nəzərimdə. Bir daha görüşə bilməməkdir, qovuşa bilməməkdir sən demə.Bax beləcə iyun ayının doqquzu gələndə xatirələri birər-birər yadıma düşər, xəyallara dalaram. Bu tanınmış alimimiz haqda daha nə deyə bilərəm deyə dərdlə-qəmlə çuğlaşmış qarışıq fikirlərə qapılaram, dəyərli oxucularım. Çünki Babək Qurbanov fenomeni onu yaxından tanıyanlar üçün, nisgil oldu 2019 ilin martın 28-dən bəri. Anadan olduğu gün isə təəssüf ki, hələ də 26 iyul kimi Vikipediada yer almaqdadır, hətta yanlış olaraq Türkiyədə haqqın rəhmətinə qovuşduğu qeyd edilmişdir.(Əslində isə Bakı şəhərində haqqa qovuşub.İ.İ.)
Bir neçə dəfə yetkililərə bu yanlışlığı düzəldə bilməsində imkanlarını səfərbər etmələrini xahiş etsəm də, hələ ki, düzəldilməsinə müvəffəq ola bilməmişəm, nə yazıq ki. Elm cameəsində öz sahəsinin qüdrətli alimi idi, tədqiqatçı idi, gecə-gündüz, usanmadan, bezmədən araşdırma ilə məşğul idi.Yaradırdı, qururdu təzə əldə etdiyi elmi fikirləri ilə.Tələbələrinə əhatəli, dolğun məlumatlar veridi, elmi cəhətdən zənginləşdirməyə çalışırdı vəfalı tələbələrini.
Çünki bir ziya nurunun mənbəsi - günəşi idi Babək Osmanoğlu. İşıq salırdı səxavətlə, təmənnasız, öz atəşində elm yolunda alışırdı daima, yanıb qovrulurdu bilgilərini etibarlı tələbələrinə, məsləkdaşlarına, əhatəsində fəaliyyət göstərdiyi müəllim dostlarına təqdim etmək üçün. Təcrübəsinə dayanaraq doğru yönləndirirdi müdrikanə fikirləri ilə, yol göstəriridi hər kəsə. Hatəm səxalı bir insan idi Babək müəllim.Səmimi sözləri ilə, bilgisi ilə, düşüncələri ilə, elmi ilə.Əsla doymazdı bu məramı ilə.Tələsirdi ki, daha neçə aktual fikirlərini təqdim etmək, ərmağan etmək üçün.Yetişdirdiyi tələbələrdən ilham alırdı, fəxr edirdi, qürurlanırdı. Çünki tayı bərabəri çox az idi Babək müəllimin mən tanıdığım şəxslər pedaqoqlar, sənət aləmində xidmət göstərənlər arasında. Çünki bir gəldi pir getdi, xoş gəldi naxoş getdi, xəstəliyi səbəbi ilə aramızdan ayrıldı, sıramızdan perik düşdü heyif. Sədd heyif deməklə özümü ovutmağa çalışıram. Ovuda bilmirəm təəssüf ki, xatirələr gözümün önündə bir daha cəryan etməkdə, sanki film kimi görüntülü səsləndirilməkdədir minor tonallığında.Səmimi olduğu üçün səmimiyyətini şəxsi münasibətlərdə hər zaman qoruyub saxlamaqda idi.Sözünün dəyərini, qiymətini, kəlməsinin yerini-yatağını bilən idi Babək müəllim.Mənasız sözlərdən çox uzaq idi Babək müəllim.Hər fikrində bir məna bərq vurardı təsirli, ətgiləyici mübarək sözləri ilə yoğrulmuş cümlələri ilə.Çünki məhz yaranışdan belə dünyaya qədəm qoymuşdu, tərbiyəsi, alicənablığı, etikası, səmimiyyəti ilə. Əxlaqın canlı örnəyi idi bizim üçün.Yanında olduğun zaman özümü rahat hiss etməklə yanaşı böyük məsuliyyət daşıyırdım, sözümdə, hərəkətlərimdə. Rəftarıma diqqət etməyə çalışırdım ki, birdən inciyə bilər.Könül aynasını toxunub sındıra bilərəm deyə.Çox həssas olduğu üçün ehtiyatla yanaşırdım, hər kəlməmdə, hər cümləmdə.Qəlbini qıra bilərəm deyə çox ehtiyatla hərlənirdim bir pərvanə kimi zəklı başına, ağıllı başına, zəngin bilgilər xəzinəsinə.Yeri ürəyimizdə boş.Xəyallarım çaşbaş qaldı, fikir və düşüncələrim isə perik düşdü Babək müəllimsiz.
Əsl dost, qardaş həyatda sağ olduğu zaman dəyər verən insanların qəlbində istər-istəməz xatirələrə dönüşür zamanla. Çünki könül xanimanı adlı daxılına damla-damla ülvi anlar yığılıb səf-səf düzülərək hekayəyə dönüşür illərlə.Bu hekayəni səsləndirdikcə bir anlıq gözlərimiz önündə yenidən canlanır olub keçmiş ülvi anlar.Öz-özünə əmin olursan ki, bu dünyada dəyərli insanların əhatəsində yaşamağa dəyərmiş.Çünki mənalı anlar yaşamısan deyə əmin olursan.Peşiman olmursan keçən ömrünə heyfslənmirsən.Babək Qurbanov belə nadir insan idi mənim üçün. Mənim könül dünyamda unudulmaz izlər buraxıb Babək Qurbanov adında bəni insan övladı. Abırı, həyası, nuru ilə ömrümü naxışladı, türk təbiri ilə desək süslədi, zənginləşdirdi mənəviyyat dünyamı.İndi isə xəyallar ağuşunda yaşamımı sürdürməkdəyəm.Peşiman da deyiləm.Çünki Dədə Şəmşir, Cəmil Əkbər, Babək Qurbanov adında ziyalılıq timsalı, nurlu ağsaqqallarım, böyük ustadlarım, yol göstərənlərim olub. Təməlim Dədə Qorqudsayağı bu müdrik insanların şəxsində qurulub, mayam onların xeyir duası ilə yoğrulub. Məcazi anlamda onların mübarək əllərindən zəmzəm suyu içib ərsəyə gəlmişəm.Mayam pak, ruhum safdır onların ruhu qarşısında.Ruhları şad olsun Babək müəllim kimi, Cəmil Əkbər kimi, Dədə Şəmşir kimi insanların şəxsində.İnsanlıq təlqin etdilər, xeyirxahlıq aşıladılar qəlbimə.Ruhum onların timsalında zənginləşdi.Pərvəriş tapdı, qanadlandı insanlıq dünyasının asimanında havalandı.
***
Prof.Dr.Şəhrabanı Allahverdiyeva
Adıyaman Üniversiterti
Fən Ədəbiyyat Fakultəsi
Türk Dili və Ədəbiyyatı Bölümü
«Hörmətli alimimiz professor Babək xoca ilə 2009-cu ildə Osmaniyənin Düziçi rayonunda “Qaracaoğlan Saz Yarışması” günlərində görüşüb tanış olmuşduq. O vaxtdan ünsiyyətimiz ömrünün sonuna kimi davam etdi. Mən Babək xocaya və İlqar xocaya Gazax şivəsi ilə “qağa” deyirdim. Babək xoca böyük qağam, İlqar xoca isə kiçik qağam idi. Bu söz bizim zonaya aid olduğu üçün çox xoşlarına gəlirdi “qağa” kəlməsi. Konfranslarda və xüsusi günlərdə telefonla mütəmadi olaraq əlaqə saxlayıb hal-əhval tuturduq. Babək xocanın səliqəli, ütülənmiş qəşəng libasını, qara qaşlarının altında gülər üzünü, mənalı baxan qara gözlərini heç vaxt unutmuram. Onları (professor İlqar Cəmiloğlu ilə birlikdə) bir neçə dəfə çalışdığım Adıyaman Universitetinə də seminar vermək üçün dəvət etmişdim. Hər gəldiklərində ürəyimdə unudulmaz xatirələrlə iz salırdılar. 2 mart2017-ci il tarixində Universitetimizdə Xocalı Soyqırımı ilə bağlı konfrans təşkil etmişdim. Hazırlıq işləri tamam olduqdan sonra məruzəçilər səhnəyə çıxdılar. Tədbir 14.00-da başladı. Sözün giriş qisminə başlamışdılar ki, 14.07-də qəfildən 5,5 bal gücündə zəlzələ hadisəsi baş verdi. (Adıyaman zəlzələ bölgəsi olduğu üçün ara-sıra 4-5 bal gücündə zəlzələlər olur.) Zəlzələnin təsiri ilə bütün zal bir anda boşaldı. Hamı canını xilas etmək üçün “yarışa girib” özlərini həyətə atırdılar. Bu minvalla zalda bir neçə azərbaycanlı müəllim qaldı. Buna rəğmən Babək xoca səhnədə oturub Xocalı ilə bağlı soyqırımı anlatmaqda davam edirdi. Bu zaman rektorluqdanəmr gəldi ki, “səhnəni təcili boşaldın!” Amma Babək xoca ilk çıxışcı olaraq Xocalı qətliamını anlatmaqda davam edirdi. Az sonra işıqlar söndürüldü və Gaziantep Konservatoriyasından dəvətli məruzəçilər çıxışlarını yarımçıq bitirmək məcburiyyətində qaldılar. Babək müəllim və İlqar müəllim rektorluqdan gələn əmrə əsasənseminarını tamamlamadan çarəsiz qalıb universitetin kampüsünə çıxdılar. Babək xoca bu səbəblə də belə dedi: “Elə bir nitq söylədik ki, yer, göy titrədi, zəlzələ baş verdi” deyərək zarafatla bu olayı dəyərləndirdi.Babək xoca ilə hər dəfə görüşəndə ??onun yumoristik, zarafatyana söhbətləri ilə qəlbimiz sevinir, könlümüz şad olurdu.Babək müəllimlə bağlı xatirələrim bitib tükənməzdir. Onunla tanış olduğumu ömrümün əlamətdar günü kimi dəyərləndirirəm. Babək müəllimlə eyni gündə, 9 iyunda anadan olduğum üçün istər-istəməz hər zaman nurlu üzü, səmimiliyi, təbiiliyi ilə xəyalımda canlanaraq qəlbimdə yaşayır. Allah rəhmət eləsin, məkanı cənnət olsun qohumum, böyük qağam Babək Osmanoğluna.»
***
Prof. Dr. Cengiz Alyılmaz
Bursa Uludağ Universiteti Fən -Ədəbiyyat Fakültəsinin müəllimi,
Türk Dil Qurumu Elmi Komitəsinin üzvü
«Fanatik çalışması ilə Türk dünyasının birliyi vəbütövlüyü yolunda fövqəladə qeyrət sərf edən, bütün çətinliklərə rəğmən qələm fəaliyyətinibir an dayandırmayan, Prof.Dr. Babək Osmanoğlu Qurbanov, Azərbaycanın yetişdirdiyi məşhur estetikçi, filosof, musiqişünas, sənətkar təbiətli, şair ruhlu alimlərdən biridir. Əsl Azərbaycan Türkü olan professor Babək Osmanoğlu xalqımıza ərməğan etdiyi orijinal, tədqiqatları və fundamental elmi əsərləri ilə Türk dünyasının nadir şəxsiyyətlərindən biri olmaqla, öz ölkəsində eləcə də qardaş Türk Cümhuriyyətlərində böyük hörmət qazanmışdır.»
***
Dosent Səhər Atmaca (Zəngilanlı)
Sənətşünaslıq namizədi,
Qəhramanmaraş Sütçü İmam Universiteti,
Gözəl sənətlər fakultəsi musiqi bölümü,
dekan yardımcısı
«Sənət dahisi, elm fanatiki: Babək Qurbanov.
Dövlətlərin mədəniyyəti, incəsənəti, ədəbiyyatı onların yetişdirdiyi sənətkarların fantaziyası, ürəyi, biliyi alıntəri ilə ərsəyə gələn möhtəşəm əsərlərini ağır maliyə vəsaiti ilə ucaldılmış abidələr kimi dəyərləndirirəm.Bu sənətkarlar yaşadıqları müddətdə lazımi dəyəri görməsələr də, dünyalarını dəyişdikdən sonra vətəni, xalqı üçün etdikləri savab əməlləri, xidmətlər ilə meydana çıxmağa başladı. Babək Qurbanov istər Azərbaycanda, istərsə də Türkiyədə Ərzurum Atatürk Universitetində və Qaziantep Universitetində musiqi və estetika mövzusunda oxuduğu mühazirələrlə minlərlə tələbə, onlarla magistr və doktorant yetişdirmiş xalqımızın iftixar etdiyi əsl elm xadimi idi. 2017 ilində 25-29 aprel tarixində Niydə Ömər Xalisdəmir Universitetində keçirilən beynəlxalq simpoziumda Babək müəllimlə daha yaxından tanış olmaq fürsəti əldə etdiyim üçün özümü bəxtəvər hiss edirəm. Çox yardımsevər, gülərüz və sevgi dolu ruha, qəlbə sahib əsl pedaqoq olduğunu deyə bilərəm. Dəyərli müəllimim professor Babək Qurbanovun yoxluğunu hər zaman qəlbimdə hiss etməkdəyəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun.»
***
Rəssam Məhəmməd Əliyev
Sənətşünaslıq namizədi,
Qaziantep Universitetiinin
Gözəl Sənətlər Fakultəsi
«Prof. Dr. Babək Qurbanovla 2011-ci ildə Qaziantep Universitetində tanış olmuşuq. O, təvazökar xasiyyəti ilə ilk baxışdan tanış olduğu insanlarda xoş təəssüratlar buraxıb. Deyə bilərəm ki, bu ziyalılıq nümunəsi, indiyə qədər gördüyüm ən keyfiyyətli intellektual biliyə sahib zəkalı bir insan idi. O, əllidən artıq kitab və yüzlərlə elmi məqalələr yazıb. Yazı dili aydın, səlist olduğu qədər, zəngin və peşəkar idi ki, oxuyarkən heyrətlənməmək mümkün deyildi. Bu gün təəssüf ki, aramızda yoxdu. Hərdən yadıma düşəndə ??darıxıram, kədərlənirəm, qəmlənirəm. Məkanın cənnət olsun möhtərəm insan. Allah rəhmət eləsin qiymətli Babək müəllim. Hər zaman nurlu xatirən ürəyimizdə daima yaşayacaq ey nəcib, əziz insan.»
Eda Özdemir Kürümlüoğlu Gaziantep
Konservatoriyasının III kurs tələbəsi
«Gaziantep konservatoriyasının müəlimlərinin iftixar etdiyi professor, doktor Babək Qurbanovla görüşmək, bu məşhur pedaqoqun tələbəsi olmaq mənə nəsib olmasa da, onu tanıyan müəllimimizin dilindən xoş xatirələrlə zəngin fikirlərini öyrəndikcə çox heyfslənirəm. Tələbə olduğum üçün Babək xocanın bilik və təcrübələrindən faydalanmağı çox istərdim. Elmə, fəlsəfəyə, sənətə bu qədər önəm verən bu qədər dərin savadlı müəllimi itirdiyimiz üçün çox kədərlənirəm. Kaş onun həyat və bilik fəlsəfəsindən bəhrələnəydik. Allah rəhmət eləsin»
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
Zərifin əvvəlindəki cilalanmış bərkliyin nöqtəsi hardadır? - MİXAİL QOVRİN
“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir. Bu gün Mixal Qovrinin yaradıcılığı ilə tanış olacaqsınız.
Mixal Qovrin (1950) – şairə, yazıçı, esseist, teatrşünasdır. Tel-Əvivdə və Parisdə ədəbiyyat və teatr təhsili alıb, İsrailin müxtəlif tədris müəssələrində teatr sənətindən dərs deyib. İki roman, üç şeir, “Dənidzə hərəkət” xronikal şərh, eləcə də Jak Derrida və Devid Şapiro ilə birgə “Üç dua” esse kitabının müəllifidir. Qüdsdə yaşayır.
Hannoverdə dəmir yolu platformasındakı
ata və anamın uzaqlaşan obrazı
Eyni çemodanlar və qatarlar...
Siqaretin və sobanın tüstüsü eyni qaranlığa dalırlar.
Qaranlıq zülmətə düşür durmadan.
Onlar stanasiyada elə şəffaf, aydındırlar ki.
Fani uçurum onların sahillərini ağuşuna aldı.
Necə edim ki, o çemodanların
qulpundan yapışa bilim.
***
Uçuş yuxusu həmişə bizimlədir
quyruq rudimenti kimi.
Sirli bir ehtiras şahin lələklərindən doğulan,
hələ görkəm almamış qanadların
pərvazını hərəkətə gətirir qaranlıqda.
Zərif və bərk formalar;
Kim deyir ki, bərkdir bərk
və zərif də zərifdir,
və giriş nədir,
nədir sadaqət,
zərifin əvvəlindəki
cilalanmış bərkliyin nöqtəsi hardadır?
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
“Özüm daxmadayam, adım sarayda...” – Doğum günündə Taleh Mansurun şeirləri
Bu gün gənc şair Taleh Mansurun doğum günüdür, 37-ci mövlududur. “Ədəbiyyat və incəsənət” portalı onu təbrik edir və bir neçə şeirini oxucularının ixtiyarına verir.
Taleh Mansur 1987-ci il avqust ayının 22-də Qazaxda doğulub. “Azərbaycan” Universitetinin məzunudur.
Poeziyaya erkən yaşlarından maraq göstərib. 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə ölkə səviyyəsində geniş oxucu kütləsinin nəzərinə çatdırılıb. Hazırda dövri mətbuat səhifələrində şeirləri ilə mütəmadi çıxış edir.
Taleh Mansur həm də bacarıqlı naşirdir, “Ulduz” jurnalında çalışır, Baş redaktor Qulu Ağsəs demiş, jurnalın sütunlarından biridir.
Qalmır
Üzürəm taleyin, bəxtin əksinə,
Xəyalım düşüncə selində qalmır.
Ahımı küləklər çəkir köksünə,
Nəfəsim dünyanın yelində qalmır.
Ömür nə haydadı, dünya nə hayda?
Özüm daxmadayam, adım sarayda.
Qorxağın kəməri olsa nə fayda,
Onsuz da şalvarı belində qalmır.
Tikanlı söz demə, batır kağıza.
Ürəyin hər sözü çatır kağıza.
Gec, ya tez özünü atır kağıza,
Yaxşı söz şairin dilində qalmır.
Gedənlər Tanrının özüylə gedir.
Bir kəlmə "Gəl mənə" sözüylə gedir.
Ocaq da qoşulub közüylə gedir,
İstisi, tüstüsü külündə qalmır.
Uduzur axırda söz udan adam.
Kor olur gözünü unudan adam.
Neynəsin gül tutan, əl tutan adam? -
Əl ətri, gül ətri əlində qalmır.
Dənizin, torpağın tanış damlası,
Məhəbbət damlası, barış damlası.
Tanrıdan gəlsə də yağış damlası,
Süzülür, bəndənin telində qalmır.
Sözdü də, qalacaq...
Bəlkə də, yağışlar yağmamalıydı,
Buludlar könlünə dəydi ki, yağsın.
Damcılar ovcuma sığmamalıydı,
Uşaq paltarını geydi ki, sığsın.
Bir eşqin haqqını min insan verər,
Ən doğru cavabı düz susan verər.
İldırım düşdüyü yerdə can verər,
Neynəsin, ay bulud, göydü ki, çaxsın?
Dağların zirvəsi düzə baxmadı,
Baxışı buz tutdu bizə baxmadı.
Gözləri bir yerdə sözə baxmadı,
Axırda birini qıydı ki, baxsın.
Ağrılar sonuncu mənzilə qalmaz,
İçər göz yaşını, bir gilə qalmaz.
Dünyanın gecəsi hamilə qalmaz,
Zülməti qısırdı, Aydı ki, doğsun?
Sevdalı adamın izləndi eşqi,
Gizlənqaç oynadı, sözləndi eşqi,
Yumdu gözlərini gizləndi eşqi,
Bir ömür günləri saydı ki, çıxsın.
Xərclədi bu adam ömrü, qədəri,
Qazancı nə oldu, yoxdu qədəri...
Gah saçı töküldü, gah alın təri,
Başından tökülən nəydi ki, yığsın?
Şeirimi işıq bil, çıraqda saxla,
Gələr qara günlər, bük, ağda saxla.
Dilində saxlama, dodaqda saxla,
Sözdü də, qalacaq, meydi ki, axsın?
Yaz
Ay doğma daş, yad daşımı,
Barmaq dözməz, biləklə yaz.
Başdaşıma yaddaşımı
Yağışla yaz, küləklə yaz.
Qədəh dolu, misra yarı.
Ürək simdi, misra sarı.
Quşqanadlı misraları,
Qələmlə yox, lələklə yaz.
Görmə gözlə seziləni.
Düzmə hər cür düzüləni,
Barmağından süzüləni,
Xəlbir götür, ələklə yaz.
Yersiz olma, yerinə düş,
Sərin olma, sərinə düş.
Dərdin varsa, dərinə düş,
Dərin dərdi fələklə yaz.
Bir ah çəkməz min ah yazan.
Danış barı, din, ah yazan.
Ay boynuma günah yazan,
Yazdığını mələklə yaz.
Eşidirəm kar qışı da,
Boranı da qar, qışı da.
Məni tutan qarğışı da
Xoş arzuyla, diləklə yaz.
Allah, məni qınıma çək,
Yetim dərdi canıma çək,
Əvvəlimi sonuma çək,
Kəfənimi bələklə yaz.
Həsrət
Bu şəhərə gələn gündən şirin yuxum acı olub,
Bal yuxumun ləzzətini
Kəndimizdə arıların pətəyində unutmuşam.
Yadaşımda xatirəsi dağdan uca
Yastı-yastı təpələrin ətəyində unutmuşam,
Ya da arxın üstündəki
Salxım söyüd kötüyündə unutmuşam.
Bu şəhərə gələn gündən
kəndimizin gecələri gəlib girir yuxuma.
Görürəm ki, xəlvət bilib
Ay işığında çimir kəndin zil qaranlıq gecəsi...
Hamı yatıb yuxuları şipşirindi, nabat kimi,
qənd kimi,
Adamların yuxuları bərq vurur
Ay işığında bir nağıllı kənd kimi.
Görürəm ki, bağımızda ağacların budaqları
bir anadil nəğməsini çiçəkləyib.
Ah anadil!
Bezmədinmi min illərin ağrısına-acısına
nəğmə qoşub oxumaqdan?
Bir gecə də şair balan
düzüb-qoşan sözdən oxu.
Ah çəkirəm dərin-dərin,
Ürək dözmür, bəsdi dərin oxuduğun,
Qurban olum, o nəğməni
bir dəfə də üzdən-üzdən oxu.
Aman Allah, yuxuya bax!
Bir gör mənim ürəyimindən nələr keçir?
Gündüz məni uşaq kimi ağlar qoyan xatirələr,
Gecə gəlib yuxularda xəyalımdan
üzü-gözü gülər keçir.
Çoxu bilmir ömrüm-günüm necə keçir?
Yaşadığım gecələri
Səhərlərdə qocalıram.
Mən bir kənddə göz açmışdım,
O kəndə də ölməliydim,
Nə oldu ki, indi gəlib yad şəhərdə qocalıram?
Nədir məni qaçaq salan bu şəhərdən?
Kəndimizin əl çatmayan
sıldırımlı yuxusuna çəkilmişəm?
Nə çıxacaq bu gördüyüm yuxulardan,
Qatar-qatar yuxulara əkilmişəm?
Bir kimsəyə üzüm gəlməz,
Ürəyinin döyündüyü
kəndimizə qurban olum, ay ana,
Bilirsənmi bu buz şəhər kəndimizdən
neçə sevgi uzaqdadı?
Bilirsənmi bu həsrətlər şəhərindən
çox sevgilər uzaqdadı?
Doğma deyil buraların küləkləri,
Sənin kimi sığal çəkmir saçlarıma
Nə yağışı, nə soyuğu,
nə də qarı.
Sızıldatmır ruhumdakı kövrək-kövrək duyğuları
İstəmirəm sovqat-filan,
Kənddən mənə yağış göndər bir buludluq,
Külək göndər bir udumluq.
Qar yağanda qar payımı göndər mənim.
Yığ beşiyə oxşamanı,
Körpə vaxtı şirin-şirin uyuduğum,
Bərbəzəkli çarpayımı göndər mənim.
Düşür
Görünmür yanaqda xalın qarası,
İzn ver telini qaldırım, düşür.
Sənin saçlarına yağış damlası,
Mənim ürəyimə ildırım düşür.
Yanıma-yörəmə uzaq dəyəndə,
Qara gözlərimə üz ağ dəyəndə.
Sənin yanağına sazaq dəyəndə
Mənim dağlarıma ilk qarım düşür.
Məhəbbət dolusu ürək istəsən,
Saçını dağıdan külək istəsən,
Tanrıdan nə zaman kömək istəsən,
Göydən qollarına qollarım düşür.
Astagəl könlünə yeyin düşürəm,
Sən gəlin olanda bəyin düşürəm.
Desələr, kiminəm, nəyin düşürəm?
Denən ki, doğmaca öz yarım düşür.
Oluramdan olarama...
Ürəyim dünyanın içində deyil,
Köçüm adamların köçündə deyil,
Yuxuda şərabı içəndə deyil,
Yuxumu yozanda sərxoş oluram.
Canımda can verir, Ya Rəbb, duyğular,
Qızılgül qoxulu-gülab duyğular,
Ruhumu axmalı şərab duyğular
Yolunu azanda sərxoş oluram.
Məni seçən sözü seçib yazmıram,
Hər sözün başından keçib yazmıram,
Mən heç vaxt şeiri içib yazmıram,
Mən şeir yazanda sərxoş oluram.
Məni unudanın gəlməz yadına
Mən ona doğmaydım, döndüm yadına.
Şərab atəşinə, şərab oduna
Badələr qızanda sərxoş oluram.
Göz yaşı üzümə güləndə içdim,
Ayılıb özümü biləndə içdim,
Şərabı dünyaya gələndə içdim,
Qəbrimi qazanda şərxoş olaram.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
LİDERLİYİN 21 QANUNU - 21.Sıçrayışlı inkişaf qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
21.Sıçrayışlı inkişaf qanunu
«Sadəcə inkişafa nail olmaqçün ardıcıllar yaradın, sıçrayışlı, çoxşaxəli inkişafa nail olmaqçünsə liderlər yaradın».
Məşhur «Papa Con» brendi hamıya tanışdır, 1984-cü ildən dünyanın ən tanınmış pitsa müəssisəsi hesab olunur. 1991-ci ildə artıq 46 ticarət nöqtəsi olan şirkətin 1998-ci ildə bu dəfə ticarət nöqtələrinin sayı 1600-ə çatdı. Bu gün Papa Con obyektləri dünyanın hər bir guşəsində qərarlaşıb, sayı on minlərlədir. Şəxsən bizim paytaxt Bakıda bir neçə belə obyekt var ki, mənim övladlarım orada iştahla pitsa yeyirlər.
Con Şatterin biznes fəlsəfəsi belə olub: «Mənim işim ondan ibarətdir ki, gələcəkdə firmamı inkişaf etdirəcək insanları yetişdirim».
Və o, liderlər yetişdirə-yetişdirə onları yeni-yeni «Papa Con» obyektlərində yerləşdirə-yerləşdirə sıçrayışlı inkişafa nail olub. Sısrayışli inkişaf qanununu praktikada tətbiq edən istənilən lider ardıcıllar silsiləsindən liderlər silsiləsinə keçir.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Bəxtiyar Nizami “Yolda bitən yalqız ağac” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.
Bəxtiyar Nizami
Təbriz
Yolda bitən yalqız ağac,
Başında tufan oynayır.
Susuzundan yanan ağac,
Gülündə tikan oynayır.
Sənin kimi təklənmişəm,
Zara gəlib ah-amanım.
Sığınacaq yerim sənsən,
Bir sənə gəlir gümanım.
Qat-qat toza bürünübsən,
Yağış istir yuya səni.
Sən yerlərdən baş qaldırdın,
Qoymazlar ki, göyə səni.
Kölgələnir yetən tənha,
Yarpaqların nə ələnir.
Allah özü adamsızdır,
Bəlkə də adam dilənir.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
Şəhidlər barədə şeirlər - Soltan Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Soltan Məmmədov
Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.
Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə Tağım komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.
2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə mayor rütbəsi alıb. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Tabor komandiri vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tarixin yaddaşında,
Yolun zəfər yazılıb.
Vətənin hər daşında,
Adın əzbər yazılıb.
Yazılıb taleyinə,
Laçını azad etmək.
Şəhid əsgərlərini,
Cənnətdə də yad etmək.
Oralarda necədir,
İndi kefin, komandir?
Xoşuna gəlirmi heç,
Cənnət evin, komandir?
Şəhid əsgərlərinlə,
Yenə də birlikdəsən,
Yığılıbdır başına,
Yenə qəhrəmanların.
Hamısı fəda dedi,
Bu vətənə canların.
Sağ ol, böyük komandir.
Zəfər nişanını tax.
Şəhid əsgərlərinə,
Cənnətdə də yaxşı bax.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)