Super User
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Nə olsun ki bir misrasan...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Nə olsun ki bir misrasan...” söyləyir.
Xoş mütaliələr.
Nə olsun ki bir misrasan...
Bir dəfə bəxtim gətirdi
Dedilər ki: " zər tutursan"
Qəm əkib- biçirəm deyə
Sən məni rəncbər tutursan?
Ömür- axıb gedən çaymış...
O ay- sən baxan bacaymış.
Dünya səndən balacaymış-
Sən nə qədər yer tutursan?!
Bir nəfərsən, min sırasan,
Kirpiyimdə sırsırasan...
Nə olsun ki bir misrasan
Gör neçə əsər tutursan?!
Ədəbiyyat və incəsənət”
(21.08.2024)
BİR SUAL, BİR CAVAB Aysel Xanlarqızı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Çingiz Aytmatov söyləyib ki: "İki insan bir-biri ilə tam bir uyğunluq içində yaşarsa, danışmadan da, qısa sözlərlə də anlaya bilərlər bir-birilərin."
Bəs, nəinki, qısa cümlələrlə, hətta "qışqırtıya bürünmüş uzunboylu" cümlələrlə qonşularının da diqqətini çəkən ailələrə Aysel xanım hansı tövsiyəni verərdi?
CAVAB
Sırf ailə qurmaq xətrinə, evlənmək xətrinə ailə qurmağa kimsə çalışmasın. Çünki ailə bir dövlətdir, bu dövlətin siyasi, iqtisadi, maddi, mənəvi problemlərini də ancaq uğurlu, ağıllı dövlət başçıları həll edə bilər.
Qoruyub saxlaya bilməyəcəyiniz heç bir şey üçün tələsməyin, deyərdim. Əgər bu səhvi etmisinizsə, ikiniz də bir-birinizə güzəşt edə bilmirsinizsə, yol yaxınkən bir çarə tapın. Ya səbirlə davam, ya da tamam anlamında...
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
“Könül qanad çalır, uçur elə bil…” - RƏŞAD MƏCİDİN 60 YAŞINA -
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün ədəbiyyatımızın və jurnalistikamızın görkəmli siması olan Rəşad Məcidin 60 yaşı tamam olur. Öncə, təbrikdən başlayaq. Dünən, ölkə prezidenti bir sərəncam imzaladı.
SƏRƏNCAM
R.M.Məcidovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2024-cü il
*
Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir, Azərbaycan Mətbuat Fondunun sədridir. “525-ci qəzet”in Baş reaktorudur. Əməkdar Mədəniyyət işçisidir. Gözəl publisistdir, şairdir, ictimai xadimdir.
Söz adamı haqda söz deməkdənsə meydana onun sözlərini çıxarmaq daha düzgün deyilmi?
İndi isə Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən şeirlərini təqdim edirik.
ŞUŞA SEVGİSİ
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqdı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı, deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Çox da qıvrılır yolu;
yol piyada, can atlı!
Ün yetməz zirvəsinə çox nəsillər can atdı...
Adında qoşa heca – sanki qoşa qanaddı
Qopmuş körpə dilindən
qönçə Şuşa sevgisi!
Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,
Heyrət çökən dərələr ucalıq heyranıdı!
İndi onu cahana prezidentlər tanıdır;
Tarix görməyib əsla
bunca Şuşa sevgisi!
Qalxır hünərli şəhər, olur qızıl dirəkli
Daş deyil hörülən daş məhəbbətdi, ürəkdi!
Çağlayan sevgilərin ilham mənbəyi təkdi –
Ali Baş Komandanın uca Şuşa sevgisi!
ŞUŞA HAVASININ SİRRİ
Ləzzət kimə təndi,
dərd kimə tuşdu;
Biri səs qaynadır,
biri lal kimi?!
Şuşanın havası hamıya düşmür,
qismət bölünsə də sovqat bal kimi.
Hamının üzünü eyni meh öpür,
Hamının qanadlı beşiyi eyni.
Xəzinə, Daşaltı, Kirs dağı – o pir,
Cıdır düzü adlı beşiyi eyni!
Bəlkə not yazılıb hər çiçək üçün –
Neyləyək sirrini bilək torpağın?
Səsi, havacatı cücərtmək üçün
münbit olmalıdı ürək torpağı?!
Göyünmü, yerinmi töhfəsidir səs,
bilənlər var imiş bəlkə əskidən?
Kaş ki, sağ olaydı – biz bilən əbəs,
sorardıq Firudin Şuşinskidən!
Burda torağayın, burda bülbülün,
hər otun çiçəyin öz nəğməsi var.
Adam var oxumaq onunçün zülüm,
di gəl ki, bulağın, çayın səsi var!
Hava öz yerində, su öz yerində,
Qocaman muğamat qədimi oddu.
Allah vergisinin kökü dərində,
səsi nizamlayan ilahi koddu!
ŞUŞADA ADAMLAR
Gözlər seyr etməkdən yorulan deyil,
yeri, “Güllü bağ”dan milyon dəfə keç.
Könül qanad çalır, uçur elə bil
elə bil ayaqlar yerə dəymir heç!
Kim kimi görürsə,
nə xoşdu, - deyir,
Adam uca boylu, inadlı olur.
Yolları enişdi, yoxuşdu deyin
Şuşada qonaqlar qanadlı olur!
CIDIR DÜZÜNDƏ DAN ÜZÜ
Günəşin doğulmağına
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpqırmızı səmadan
haçan görünər deyə
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
imisti çörək kimi
əlini Günəşə sarı uzatmaq,
Ovcunu,
barmaqlarının ucunu
yandıran Günəşin
Qırağından bir loxma kəsmək...
Və təzə çörək kimi
burnunun ucuna tutub
qoxulamaq Günəşi.
Xülyalara qapılmaq,
böyümək,
ucalmaqdı,
Tanrı dərgahının
varlığına inanmaqdı
Cıdır düzündə durub
Günəşin doğulmağına baxmaq!
ŞUŞAYA GETMƏK
Yollar ağır, cığırlar dik, sıldırım çətin,
Qaya-qaya igidlərin tək adı – MƏTİN!
Şəhid düşən ərənliyin, məğrur qeyrətin
pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan,
Lap ölsə də, haqq yolundan dönməz qəhrəman!
Qayaları al qan ilə yazılı dastan,
tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı?
Saf havayla, nur yağışla qatışmaqdımı?
Yaradanın dərgahına yetişməkdimi,
Ya cənnətə səyahətdi Şuşaya getmək?
Büllur kimi yanır par-par göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi nəğmələrə, bax,
Çal-çağırlı səadətdi Şuşaya getmək!
Dahiləri yetişdirib suyu-çörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
Xatirələri redaktə etmək olmaz – NURİT SARXİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir. Bu gün Nurit Sarxi haqqında bəhs edəcəyik.
Nurit Zarxi
Nurit Zarxi (1941)- tanınmış şairə və nasirdir, eyni zamanda uşaq müəllifi kimi tanınır. Qüdsdə anadan olub. Tel-Əviv Universitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. “Yediot axronot” qəzetində çalışıb. Çoxsaylı milli və beynəlxalq mükafatların sahibi, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifidir.
Kişilər
Onlar niyə xoşbəxt olmadım deyə məndən hesab sorurlar,
hər dəfə də məni söz ehtiyatları ilə sarsıdırlar.
Onlar dilimdən iltizam almaq istəyirlər taleyimlə bağlı,
və fikrimi yönəldirlər ki,
sən demə, o şəhərdə yaşamamağımızın səbəbi
mənim pişiyimmiş.
Beynəlxalq konfliktlər zamanı
onlar məni anamgilə sürgün edirlər,
sanki mənim “ana”lığım boş şeymiş.
Onların bəziləri öz bişirdiyim peçenyeni uzadırlar mənə,
“sağ ol” gözləyirlər elektrikin kəşfinə,
qışa və mürəbbələrə görə. Mürəbbə sevməməyim isə
heç nəyi dəyişmir, onsuz da xatirələrimi redaktə edirlər onlar.
Gizlində inanırlar ki, səhmlərim var mənim,
amma bölüşmürəm heç kimlə,
gündəlik istifadə üçün nələrisə almaq istəyəndə onlarla birgə
ya yorğun olurlar, ya da ölçülərimdən narazı qalırlar.
“Narsiszm” sözünü gözlərini qıyaraq tələffüz edirlər,
sanki qəlyan çəkib acıqla donquldanırlar
pəncərələri yelçəkəndən və miçəklərdən qoruyanlar kimi.
Qorxularından azad olan kimi isə
hava ehtiyacımı qısqanır, hirslənirlər.
Çıxıb gedəndə fincan boşluğu buraxırlar arxalarında,
əvəzində mənim leksikonumu götürürülər,
sonra isə öz ömürlərinə dalırlar –
dənizə baş vuran Hollandiya kimi,
bir də ağrının mühərrikini işə salmaq üçün
heç bir sintaksis saxlamırlar mənim üçün.
Barbarlar
Təcili xatirə yaratmaq lazımdır.
Ev qurmaq. Ola bilməz ki, həyatım yaşanmayıb,
səhrada lampa, balıqqulağı, yalın döşəməni örtən kilimləri
toplayan quzğunlar kimi; əsnək dolu və nə qədər ki o qocalmayıb
gündüzü gizlədən sevgi dolu gecələri olan həyatım.
Üstündə uşaqların şəkli, yoxa çıxmış o komod hardadır?
Gözlərini açan əsməçiçəyi içəri boylanır.
İndi hardadır uşaqlar? Dəyəsən zaman ciblərini boşaldıb.
Onda da səhər idi, indikitək, yayın əvvəli.
Çardağa çıxmışdıq (nərdivansız, birlikdə) şəkil çəkdirmək üçün.
o itmiş şəkildən bəllidir ki, elə də əziyyət çəkməmişdik,
sadəcə yalandan yorulmuşduq.
Ağaclardakı şəffaf sırğalar kimi
mənə aiddir xatirələrin ömrü.
Keçmişin çəyirtkə sürüsü barbar ordusu keçməsəydi,
talalarımızdakı bar-bəhər oğurlanmasa, tapdanmasaydı-
görəsən hardaydı, necə olardı onlar...
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
LİDERLİYİN 21 QANUNU – 20.Vaxtın yetişməsi qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
20.Vaxtın yetişməsi qanunu
«Ardınca insanları nə zaman aparmaq lazım olduğunu bilmək nə etmək və hansı istiqamətdə hərəkət etməyi bilmək qədər vacibdir».
Böyük liderlər gözəl bilirlər ki, insanları öz ardlarınca hansı vaxt aparsınlar. Liderin hər dəfə yeni addım atmaq istəməsi zamanı real olaraq 4 situasiya yarana bilər:
- Qeyri münasib vaxtda səhv addım atmaq – fəlakət! Təbii ki, belə bir addım fəlakətə aparır.
- Qeyri münasib vaxtda düz addım atmaq – müqavimət! Müsbət nəticə bəslənsə belə əlverişsiz şəraitin müqaviməti nəticəsində bu addım sonda uğursuzluğa gətirir və xəyal qırıqlığı yaradır.
- Münasib vaxtda səhv addım atmaq – səhv! Burada da öncə müsbət nəticə qazanmaq elementləri görünsə belə, tam fiasko ilə nəticələnir.
- Münasib vaxtda düz addım atmaq – uğur! İdeal şərait bax budur, belə vəziyyətdə uğur qazanmaq ehtimalı yüz faizə bərabər olur.
Uğur üçün tək düzgün fəaliyyət göstərmək deyil, bu fəaliyyəti məhz zamanı yetişəndə həyata keçirmək lazımdır ki, bu da vaxtın yetişməsi qanunudur.
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
Bu gün Seyfəddin Dağlının doğum günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün dünyaya gəlmiş ədiblər sırasında bir ad da var, Seyfəddin Dağlı. Yaşlı nəsil vurğulayır ki, onun “Kəcil qapısı” adlı bir romanı olub ki, yüz minlərlə oxucusu olub.
Seyfəddin Əliağa oğlu Abbasov (Seyfəddin Dağlı) 1921-ci il avqust ayının 21-də (bəzi mənbələrdə 27-də) Abşeronun Xızı kəndində anadan olmuşdur. 1927-ci ildə Bakıda yeddiillik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində təhsil almışdır. Tələbə ikən “Kommunist” qəzeti redaksiyasında müxbir, ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində işləmişdir.
1941-1956-cı illərdə Sovet Ordusunda xidmət etmiş - avtomexanik, “Ordu” qəzetində ədəbi işci, “Diviziya” qəzetinin redaktoru olmuşdur. Sovet ordusunun tərkibində İrana getmiş, sonra Moskvada Hərbi Akademiyaya qəbul olunmuşdur. Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra həm jurnalistlik, həm də yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, “Bakı” telestudiyasının direktoru və sədr müavini, “Kirpi” satirik jurnalının baş redaktoru olmuşdur.
1965-1973-cü illərdə Bakı zəhmətkeş deputatları Sovetinin X, XI, XII, XIII, XIV çağırışlarında deputat seçilmiş, 1976-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, 1980-ci ilin may ayından ömrünün sonuna qədər “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışmışdır.
Yaradıcılığa şeirlə başlasa da sonralar bunu ardıcıl şəkildə davam etdirməmişdir. Onun satirik şeirlərindən bəzilərinə hətta musiqi də yazılmışdır. Bunlardan bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu “Çayçı” mahnısı çox məşhurdur. Sonralar respublika dövri mətbuatında çap etdirdiyi felyetonlarla yaradıcılığa davam etmiş, İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat qəzeti”ndə və Təbrizdə “Vətən yolunda” adlı hərbi qəzetdə çap olunmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabını sonralar isə “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” kitablarını nəşr etdirmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Əsərləri rus və digər xarici dillərə tərcümə olunmuşdur. Yazıçının dram əsərləri “Adı sənin, dadı mənim” (1963), “Aydınlığa doğru” (1965), “Mənziliniz mübarək” (1971), “Təzə gəlin” (1975), “Kölgələr pıçıldaşır” (1976) respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur. “Bahar kimi solmaz” (1979) ədəbi ssenarisi əsasında film çəkilmişdir.
Seyfəddin Dağlı 1983-cü il yanvar ayının 18-də vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Bildirçin kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Bildirçin kababının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Bildirçin – 187 qr
§ Bitki yağı – 15 qr
§ Kərə yağı – 20 qr
§ Pomidor və ya tomat – 10 qr
§ Sarıkök – 0,2 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti (cəfəri) – 8 qr, sumaq – 5 qr, dənələnmiş nar – 15 qr, lavaş – 15 qr
HAZIRLANMASI:
Bildirçinlər yarıya bölünür, yuyulur, təmizlənir. Çöl quşları bir müd- dət duzlu suda saxlanılır, sonra yeni- dən yuyulur, basdırma olunur, şişlərə taxılır, qızardılır. Hər paya bir ədəd bildirçin qoyulur. Süfrəyə yuxarıda göstərilmiş qayda ilə verilir. Turac, kəklik, qırqovul və başqa çöl quşlarından eyni qayda ilə hazırlanır.
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
UNUDULMAZ SUMQAYITLILAR - “Nə qədər yara var, yoxdur əlacı”, Xaliq Oğuz
“Ədəbiyyat və incəsənət” portalı Sumqayıt şəhərinin 75 illiyi ərəfəsində şəhərlə bağlı silsilə yazılarını təqdim etməkdədir. Bu gün sizlərə “Unudulmaz sumqayıtlılar” rubrikasında filoloq, Azərbaycan radiosunun əməkdaşı, şair, “Cığırdaş” gənclik mərkəzinin qurucusu, “168 saat” qəzetinin ilk təsisçilərindən biri, əslən Laçından olan, Sumqayıtda dünyaya göz açmış və cəmi 33 il ömür sürmüş, doxsanıncı illərdə qəfil ürək tutmasından vəfat etmiş Xaliq Oğuzun şeirlərini təqdim edəcəyik.
Xaliq Oğuz dogma Sumqayıtı çox sevirdi, onun rifahı naminə çox işlər görürdü. Yeniyetmə və gənclərin maariflənməsi, Qarabağ probleminin ortaya çıxdığı ilk illərdə milli vətənpərvərlik ruhunun qaldırılması, ədəbiyyatımızın inkişafı naminə külüng döyənlərdən idi.
Xaliq Oğuzun xatirəsi doğmalarının, dostlarının, tanışlarının, oxucularının yaddaşında daim yaşayacaqdır.
Ağrıma ürəyim, ağrıma belə
Kiməsə ümidəm, kiməsə dayaq,
Kiməsə bir quru təsəlliyəm mən.
Hardasa şöləsi zəif bir çıraq,
Hardasa lap günəş məsəlliyəm mən.
Çağırır ardınca neçə yol, cığır,
Əlçatmaz zirvələr səsləyir məni.
Bir ana mən gedən yollara çıxır,
Bir gözəl nigaran gözləyir məni.
Nə ömür yarıdır, nə mənzil hələ.
Ağrıma ürəyim, ağrıma belə.
Yenə təbiətin bahar çağıdır,
Şeirlər cücərir çölün düzündə.
Torpağın donunu nəğmə dağıdır,
Ümidlər göyərir pöhrə gözündə.
Qartallar qıy çəkir zirvə taxtına,
Gədiklər bürünür dumana, çənə.
Sevənlər tələsir vədə vaxtına,
Kövrək bulaqlar da dil açıb mənə
Deyir, qələmini tez ol al ələ.
Ağrıma ürəyim, ağrıma belə.
Yanımda-yörəmdə doğmam dayanıb,
Məni xəbər alır yaxın da, yad da.
Bu dünya əzəldən sirrə boyanıb,
Nə qədər düyün var möcüzə adda.
Hər canlı işığa, nura can atır,
Yarasa zülmətə sarılıb qalır.
Min illik yol var ki, əlimiz çatır,
Bir addım yol var ki, qırılıb qalır.
Neçə ocaq yanır tüstüsü acı,
Nə qədər yara var yoxdur əlacı.
Ovunmaq da olmur təsəlli ilə.
Ağrıma ürəyim, ağrıma belə.
Qoltuq ağacının qoltuqdur yeri,
Kiminsə yükünü daşıyır ancaq.
Mənəm deyənlər var, indi əksəri
Özgə qoltuğunda yaşıyır ancaq.
Qalxsa da zirvəyə caynaqda cücə
Hünər qartalındır, qartala alqış.
Cücədən qartallıq umasan necə,
Zirvə fəth etməyə qartal yaranmış.
Mən də od övladı, Qorqud soyuyam,
Çətin əqidəmdən dönəm, soyuyam.
Neçə ki, bağlıyam vətənə, elə,
Ağrıma ürəyim, ağrıma belə.
Qəlbimdə nə qədər arzu-kamım var,
Ülvi istəyim var, xoş məramım var.
Ümidə, gümana sığınmışam mən,
Bu günə, sabaha bir inamım var.
Oğul böyüdürəm vətənə əsgər,
Gəlin həvəsində, toy həvəsində,
Hələ yazılmamış nə qədər əsər
Beləcə dustaqdır döş qəfəsimdə.
Tale də vaxt tapıb qurmağa tələ,
Ağrıma ürəyim, ağrıma belə.
Deyirlər ki, atam saxlayıb məni
Deyirlər ki, atam saxlayıb məni,
Büküb yapıncının ətəklərinə.
Bələyib qəlbinin hərarətinə.
Kiçik yaşlarımdan həsrət qalmışam,
Ana istəyinə, məhəbbətinə.
Deyirlər ki, atam saxlayıb məni,
Qəlbinin yağını yedirib mənə,
Gözünün nurunu əmizdiribdir.
Beləcə, o məni anamdan qalan
Şirin xatirə tək əzizləyibdir.
Deyirlər ki, atam saxlayıb məni,
Almışam əlindən rahatlığını,
Qovmuşam gözünün yuxusunu da.
Deyrilər, o məndən, tək mənim deyil,
Alıbdır anamın qoxusunu da.
Deyirlər ki, atam saxlayıb məni,
Laylayım bir kövrək çoban bayatı,
Yüyrüyüm atamın qolları olub.
Yastığım bir nimdaş motalı papaq,
Beşiyim bənövşə kolları olub.
Deyirlər ki, atam saxlayıb məni,
Bəzən gizləyərək öz aclığını,
Sonuncu tikəsin yedirib mənə.
Ancaq dil açanda hər şeydən qabaq,
“Ana” kəlməsini dedirib mənə.
Deyirlər ki, atam saxlayıb məni,
Şehlər üz-gözümdən yuxunu yuyub,
Küləklər saçıma sığal veribdir.
Hər novruz bayramı yetişən zaman
Kəndimizdə neçə ana olubsa,
Hamısından mənə sovqat düşübdür,
Hərə bir bağlama qoğal veribdir.
Deyirlər ki, atam saxlayıb məni,
Arabir girərək yuxularıma,
Üzünü ömrümdə görəmmədiyim
O gəlin anam da yoxlayıb məni.
Deyirlər ki, atam saxlayıb məni.
Hər gün görüşünə tələsirəm mən
Hər gün görüşünə tələsirəm mən
Adlayıb illərin üstdən harayla.
Hələ də barışmır ürəyim nədən
Taleyin bəxtimə yazdığı payla.
İstək bir tərəfə, qismət bir yana
Niyə belə olsun? Niyə? Bilmirəm!
Dünyanın dərdinə mən yana-yana
Kimsəyə dərdimi deyə bilmirəm.
Göydə uldularsa həyan olaydı,
Əlim çatmasa da, çataydı ünüm.
Məni bircə nəfər duyan olaydı,
Təsəllim olaydı tək bircə günüm.
Bu lal sükutların qulağı karmı?
Dinləyə dərdimi, bilə dərdimi.
Soyuq divarların insafı varmı
Barı bircə dəfə bölə dərdimi.
Mənim şeirlərim həsrət qoxuyan,
Hər misram özümə göz dağı olur.
Eh, axı bunları kimdir oxuyan?
Bütün nakamların yazmağı olur.
Bütövlük ömrümün naxışı, tacı
Yarımçıq nə varsa, heçdir, hədərdir.
Nakam məhəbbətin tüstüsü acı,
Yandırıb-yaxmağı qəbrə qədərdir.
Hər gün görüşünə tələsirəm mən
Adlayıb illərin üstdən harayla.
Ürəyim barışmır heç cürə nədən?
Taleyin bəxtimə yazdığı payla.
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
İndoneziya "ASAN xidmət"dəki innovasiyaları öyrənməyə davam edir
İndoneziya Respublikasının Cakarta Şəhər Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.
“Ədəbiyyat və incəsənət”ə “ASAN xidmət”dən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət”, eləcə də dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllərlə yaxından tanış olub.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.
Memorandumun icrası çərçivəsində “ASAN xidmət” modeli əsasında İndoneziya Respublikasında, eləcə də paytaxt Cakarta şəhərində
Dövlət Xidmətləri Mərkəzlərinin fəaliyyəti vurğulanıb.
İndoneziya tərəfi öz növbəsində “ASAN xidmət”modelinin orada uğurla tətbiqini diqqətə çatdırıb. Qeyd edilib ki, “ASAN xidmət”də tətbiq olunan yeniliklərin bundan sonra da onlarla paylaşılmasından məmnun olacaqlar.
Səfər zamanı dövlət xidmətlərinin dizaynı sahəsində görülən işlərə və “ASAN xidmət”də tətbiq olunan rəqəmsal həllərə dair geniş təqdimat edilib.
Qonaqlar 7 saylı Bakı və Şamaxı “ASAN xidmət” mərkəzlərinin, Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
Şəhidlər barədə şeirlər - Şəhriyar İsmayılzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Şəhriyar İsmayılzadə
İsmayılzadə Şəhriyar Əkbər oğlu 7 iyul 1994 - cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində sadə zəhmətkeş bir ailədə dünyaya göz açıb.
Hacıqəhrəmanlı qəsəbəsi 12 saylı tam orta məktəbin 11 - ci sinfini bitirib. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. 27 sentyabr 2020 - ci il tarixində ll Qarabağ müharibəsi başladıqda torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Şəhriyar ailənin sonbeşik övladı idi. Çox cəsur, mərd, zəhmətkeş övlad olub. Zəngilan, Qubadlı, Füzuli, Şuşa şəhərlərinin alınmasında qəhrəmancasına vuruşub. 8 noyabr tarixində günorta saatlarında Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. Şəhidimiz 10 noyabr 2020 - ci il tarixində Şirvan şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Əsgər Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Salam, “Cəsur döyüşçü”
Medalı alan şəhid.
Vətənə dönən şəhid,
Tarixdə qalan şəhid.
İndicə oxumuşam
Sənin əsgər yolunu.
Sənin döyüş yolunu,
Sənin zəfər yolunu.
Sən evin sonbeşiyi,
Zəhmətkeş, mərd olmusan.
Dosta ürəyi yanan,
Düşmənə sərt olmusan.
Olmusan döyüşlərdə,
Ön səngərin igidi,
Zəngilandan Şuşaya,
Haqq zəfərin igidi.
Eşq olsun sənin kimi,
Qəhrəman oğullara,
Zəfər tariximizə,
İmzasın atanlara.
Dırx dörd günə aldınız,
Tarixi yurdumuzu.
Göylərə yüksəltdiniz,
Qələbə ordumuzu.
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)