Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün ədəbiyyatımızın və jurnalistikamızın görkəmli siması olan Rəşad Məcidin 60 yaşı tamam olur. Öncə, təbrikdən başlayaq. Dünən, ölkə prezidenti bir sərəncam imzaladı.
SƏRƏNCAM
R.M.Məcidovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2024-cü il
*
Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir, Azərbaycan Mətbuat Fondunun sədridir. “525-ci qəzet”in Baş reaktorudur. Əməkdar Mədəniyyət işçisidir. Gözəl publisistdir, şairdir, ictimai xadimdir.
Söz adamı haqda söz deməkdənsə meydana onun sözlərini çıxarmaq daha düzgün deyilmi?
İndi isə Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən şeirlərini təqdim edirik.
ŞUŞA SEVGİSİ
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqdı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı, deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri...
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Çox da qıvrılır yolu;
yol piyada, can atlı!
Ün yetməz zirvəsinə çox nəsillər can atdı...
Adında qoşa heca – sanki qoşa qanaddı
Qopmuş körpə dilindən
qönçə Şuşa sevgisi!
Məlhəmdi çiçəkləri, bulaqlar loğmanıdı,
Heyrət çökən dərələr ucalıq heyranıdı!
İndi onu cahana prezidentlər tanıdır;
Tarix görməyib əsla
bunca Şuşa sevgisi!
Qalxır hünərli şəhər, olur qızıl dirəkli
Daş deyil hörülən daş məhəbbətdi, ürəkdi!
Çağlayan sevgilərin ilham mənbəyi təkdi –
Ali Baş Komandanın uca Şuşa sevgisi!
ŞUŞA HAVASININ SİRRİ
Ləzzət kimə təndi,
dərd kimə tuşdu;
Biri səs qaynadır,
biri lal kimi?!
Şuşanın havası hamıya düşmür,
qismət bölünsə də sovqat bal kimi.
Hamının üzünü eyni meh öpür,
Hamının qanadlı beşiyi eyni.
Xəzinə, Daşaltı, Kirs dağı – o pir,
Cıdır düzü adlı beşiyi eyni!
Bəlkə not yazılıb hər çiçək üçün –
Neyləyək sirrini bilək torpağın?
Səsi, havacatı cücərtmək üçün
münbit olmalıdı ürək torpağı?!
Göyünmü, yerinmi töhfəsidir səs,
bilənlər var imiş bəlkə əskidən?
Kaş ki, sağ olaydı – biz bilən əbəs,
sorardıq Firudin Şuşinskidən!
Burda torağayın, burda bülbülün,
hər otun çiçəyin öz nəğməsi var.
Adam var oxumaq onunçün zülüm,
di gəl ki, bulağın, çayın səsi var!
Hava öz yerində, su öz yerində,
Qocaman muğamat qədimi oddu.
Allah vergisinin kökü dərində,
səsi nizamlayan ilahi koddu!
ŞUŞADA ADAMLAR
Gözlər seyr etməkdən yorulan deyil,
yeri, “Güllü bağ”dan milyon dəfə keç.
Könül qanad çalır, uçur elə bil
elə bil ayaqlar yerə dəymir heç!
Kim kimi görürsə,
nə xoşdu, - deyir,
Adam uca boylu, inadlı olur.
Yolları enişdi, yoxuşdu deyin
Şuşada qonaqlar qanadlı olur!
CIDIR DÜZÜNDƏ DAN ÜZÜ
Günəşin doğulmağına
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpqırmızı səmadan
haçan görünər deyə
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
imisti çörək kimi
əlini Günəşə sarı uzatmaq,
Ovcunu,
barmaqlarının ucunu
yandıran Günəşin
Qırağından bir loxma kəsmək...
Və təzə çörək kimi
burnunun ucuna tutub
qoxulamaq Günəşi.
Xülyalara qapılmaq,
böyümək,
ucalmaqdı,
Tanrı dərgahının
varlığına inanmaqdı
Cıdır düzündə durub
Günəşin doğulmağına baxmaq!
ŞUŞAYA GETMƏK
Yollar ağır, cığırlar dik, sıldırım çətin,
Qaya-qaya igidlərin tək adı – MƏTİN!
Şəhid düşən ərənliyin, məğrur qeyrətin
pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan,
Lap ölsə də, haqq yolundan dönməz qəhrəman!
Qayaları al qan ilə yazılı dastan,
tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı?
Saf havayla, nur yağışla qatışmaqdımı?
Yaradanın dərgahına yetişməkdimi,
Ya cənnətə səyahətdi Şuşaya getmək?
Büllur kimi yanır par-par göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi nəğmələrə, bax,
Çal-çağırlı səadətdi Şuşaya getmək!
Dahiləri yetişdirib suyu-çörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)