Super User

Super User

Çərşənbə axşamı, 20 Avqust 2024 14:04

BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 

Aristofana görə : 

" Qısa ağlın uzun dili var."

Siz qısa ağılla dastan söyləyənlərə 1 cümlə ilə nə söyləyərdiniz?

 

 CAVAB

 

Atalardan qiymətli bir məsəl var,

Boş qab kimi cingildəmə, ağır ol.

Boş-boş danışmaqdan söylə, nə çıxar?

Çalış, düzlük zirvəsinə cığır ol.

 

"Çox danışanın yalanı çox olar" deyiblər.

Əsas odur ki, sözü SÖZ qanana deyib,

yaxşılığı da yaxşılığı anlayana edəsən.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Çərşənbə axşamı, 20 Avqust 2024 11:05

Tələbə adını qazanmamısınızsa…

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Bu gün hər kəs nə isə qazanmaq üçün sanki bir-biri ilə yarışa girib. Biri yaxşı bir işə, biri kollecə, digər biri isə ali məktəbə girmək üçün yarışıb durur. Bir-birindən xəbərsiz yarışa girən bu insanların mücadiləsi olduqca çətin, həssas və önyarğılı olur bəzən. 

 

Bu günlərdə çoxluğun xüsusi diqqət göstərərək yarışdığı sahələrdən biri də təhsildir. Təhsil bizim mənəvi qazancımız, əqli mülkiyyət potensialımızdır. Bəzən düşünürük ki, tələbə adını qazana bilmiriksə bizdən heç nə çıxmaz və yaxud heç bir işdə nailiyyət əldə edə bilmərik. “Dell Computer Corporation” şirkətinin qurucusu Maykl Dell, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq və Rusiyanın ən böyük hava limanı olan Domodedovonun sahibi Valeri Koqanın ali təhsili olmasa da, öz bacarıqları sayəsində nüfuz sahibiidilər. Bu məşhurların arasında elələri də vardır ki,orta məktəbə belə getməyiblər. İlk elektrik lampasının ixtiraçısı Tomas Edison, “Böyük ümidlər”, “İki şəhərin hekayəsi” kimi dünyaca oxunaqlı kitabın müəllifi Çarlz Dikkens, uşaqlıqda “Tom Soyerin macəraları” ilə könlümüzü fəth edən yazıçı Mark Tven, “Həyat eşqi”ni bizə aşılayan Cek London və ABŞ prezidentləri Qrover Klivlend, Avraam Linkoln, Corc Vaşinqton məktəbə getməyənlər və yaxud bitirməyənlər sırasında yer alıblar. 

 

Belə olan halda nə etməliyik?

Respondentlərin 87 faizi təcrübəyə üstünlük versə də, işə qəbul zamanı diplomun olub-olmamasına nəzər yetirilir, operativ yaddaşa, zəngin biliyə və təcrübəyə əsaslanan diplomlu əməkdaş bu vəziyyətdə “qazanılmış immunitet” rolunu oynayır. Bu cəhətdən də diplom tək bilik göstəricisi yox, onu qazanan şəxsin məqsədyönlülüyünün, stabilliyinin reputasiyasına çevrilir.

 Ali təhsil insanlara bilik və bacarıq verməklə yanaşı, sistemli düşünməyə və məsuliyyətli olmağa təşviq edir. Bu o demək deyil ki, ali təhsili olmayan şəxs məsuliyyətsiz və bacarıqsızdır. Bunun üçün o, müstəqil şəkildə mütaliə etməli, özü üçün zəngin kitabxana formalaşdırmalı və dünyagörüşünü artırmalıdır. Bilik və təcrübə hər zaman insanın karyerasında həlledici amildir. Orta məktəbi aşağı qiymətlə bitirib, dəfələrlə cəhd edib sonda uğurlu nəticə əldə edərək ali təhsil alan insanlarla yanaşı, 2 ali təhsil alıb özünü heç zaman sübut edə bilməyən insanlar da var. Ekspertlərin fikrincə, ali məktəblərdə əldə edilmiş biliklərlə iş yerlərində qazanılan bacarıqlar birləşdirilə bilsə, tələb olunan mütəxəssislərin hazırlamasına böyük stimul yaranar.Artıq dünyanın əmək bazarında “frilanser” dövrünün dominantlığı başlayır. Frilanser ştatdankənar işçi və yaxud sərbəst işçidir. Adətən, tövsiyə olunur ki, kim özünü hansı ixtisas və yaxud peşədə görürsə, işləyə-işləyə oxusun və yaxud da oxuya-oxuya işləyib təcrübə qazansın. 

 Bu gün əksəriyyət gəncin ali təhsil almaq məqsədi yüksək eşalonlarda iş yeri əldə etmək arzusudur. “Oxu ki, yaxşı işin olsun!” devizi hər bir ailənin prioritet göstəricisidir. Lakin giqonomika(qısamüddətli müqavilələr iqtisadiyyatı) şəraitində bu deviz özünü doğrultmur. Artıq həm şirkət əməkdaşları, həm də işlək əhali qısamüddətli müqaviləli işlərə yönəlir ki, bu da daha az zaman sərf etməklə daha çox məvacib qazanmağa səbəb olur.

 

Bilik, yoxsa təcrübə?

Bilik və təcrübə harmonik şəkildə bir-birinitamamlasa da, bəzi hallarda mütənasiblik pozulur,gah bu, gah da digər tərəfə meyil edir. Düşünək ki, ali məktəbi yenicə bitirmiş bir tələbənin savadlılığı maksimum, təcrübəsi və praktikası isə sıfır səviyyədədir. Digər tərəfdə isə təcrübəsi kifayət qədər zəngin uğurlu əməkdaş dayanıb, lakin onun da diplomu yoxdur. Bu vəziyyətdə təcrübə tərəfdarları olan ekspertlər hesab edir ki, iş arsenalında 75 faiz təcrübə, 25 faiz savad hədəf götürülür. Kadr nə qədər savadlı olsa da, təyinat aldığı sektorda bu biliklərə yenidən nəzər salınır, modernləşdirilir və yeni təcrübə tətbiq edilir ki, fərqli məsələlərin öhdəsindən gələ bilsin. “Headhunter”in hesablamalarına görə, bir çox hallarda təcrübə amili savadı üstələyir. Çünki savadı təsdiqləyən sənədin əhəmiyyəti bir çox hallarda süni surətdə şişirdilir. Və çox zaman şahidi oluruq ki, diplom evlərdə istifadəsiz kağız parçası kimi heç bir işə yaramır və yaxud diplomda ixtisası Hüquqşünaslıq olsa da, özü marketinqlə məşğul olur. 

 

Bu vəziyyətdə nə təklif olunur?

Sadaladığımız bütün bu nailiyyətlərin başında oxumaq durur. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərində sivilizasiya yolu ilə ziyalıların xalqı oyandırmasından, bugünkü fin mədəniyyətinin, təhsilinin inkişafından, bütün sahələrdə uğur qazanmağın yollarından bəhs edir. Böyük türk lideri Mustafa Kamal Atatürk bu kitabı oxuduqdan sonra həddən ziyadə bəyənir və göstəriş verir ki, bütün hərbi məktəblərdə bu kitab tədris olunsun və stolüstü kitaba çevrilsin. İllər əvvəl oxuduğum “Sol ayağım” adlı kitabda müəllif Kristi Braunun bütün bədəni iflic olmuş, lakin anasının inam və əzminin verdiyi cəsarətlə bir tək sol ayağının barmaqlarını tərpədə bilmiş və sol ayaq barmaqları ilə dünyaya meydan oxuyacaq əzmkarlıq nümayiş etdirmişdir. O, zehnini doyurmağı qarnını doyurmaqdan üstün tutmuşdur. Avstraliyalı motivator, yazıçı, vaiz Nik Vuyçiç də Kristi Braundan fərqli həyat yaşamayıb. Anadangəlmə əl və ayağa sahib olmayan Nik bu gün dünyanın 100-dən çox ölkəsində təlim keçir, insanları mütaliəyə və həyatı sevməyə, özünü daim həyatda sınamağa cəhd etməyi təbliğ edir. O, təlimlərin birində deyirdi: “Heç vaxt inamını və inanclarını əməllərinlə sübut etmək fürsətini əldən verməməlisən. Çünki sən kiməsə təsir göstərə biləcək son insan ola bilərsən”. 

Zaman ötdükcə nəsillər dəyişir yeni cəmiyyət özü ilə yeni istəklər gətirir. Hər nəsil özü ilə birlikdə yeni anlayışlar, yeni ehtiyaclar və yeni arzular gətirir. Texnologiyalar bir-birini göz qırpımında əvəzləsə də, mütaliəyə olan tələb bütün zamanlarda aktual qalır. Elə müqəddəs kitabımız olan “Qurani-Kərim” də bizə olan ilk “Oxu!” əmri ilə başlayır. Vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca sanki rayihəsini duyduğumuz kitablar bizim gələcək təminatçımız, bilik mənbəyimiz deyilmi? Kitab oxumaq da bir bacarıqdır. Bu bacarıqlarımızı inkişaf etdirsək, bütün qapılar üzümüzə açılacaq, yolumuz daim aydınlanacaq. Qarşımızdakı insana nəyi necə çatdıra biləcəyimizi bizə oxumaq vərdişləri aşılayır. Məşhur alim Albert Eynşteyn deyirdi ki, əgər sənə restoranda xidmət göstərən ofisianta “nisbilik” nəzəriyyəsini izah edə bilmirsənsə, demək problem səndədir.

 

Övladlarımızla dost olmağı bacaraq

İlk növbədə, valideyn olaraq öz övladlarımızı qınamamağa çalışaq. Qəbahəti onlarda yox, özümüzdə axtaraq. Biz onları necə tərbiyə ediriksə, onlar da elə yetişir. Övladlarımızla dost olmağı bacaraq, nəinki valideyn. Onların ruhdan düşməsinə imkan verməyək. Əzmini artıraq və onlara əminliklə deyək: “Biz sizə inanırıq, siz bacararsınız”. Yunan mütəfəkkiri Sokrat ömrünün sonuna kimi meydanlarda həyatın gözəllik və gerçəkliklərini gənclərə aşıladı. Niyə hərəmiz bir Sokrat olub onlara səmərəli məsləhətlər verməyək. Məhz elə ilk məsləhətimizdə bu olsun: Tələbə adını qazanmamısınızsa bacarıqlarınızı inkişaf etdirin və heç zaman ruhdan düşməyin!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

Bir dəfə bir yazımda bəıli insanların bizim həyatımızın bəlli periodlarında bizə yoldaşlıq edən şəxslər olduğunu vurğulamışdım. Bu cümlə dostluq kəliməsini inkar edəcək qədər güclüdür, lakin bir o qədər də acıdır. 

Yalançı və sönük bağlar hər zaman insanı yaralayır. Həyatım boyunca bu sönük bağların yarası ilə vuruşub əziyyət çəkmişəm. Hələ də əziyyət çəkirəm və bu gedişlə çəkməyə də davam edəcəyəm. 

Real həyat və qəlbin ritmi arasında dilim hər zaman sükutu, ruhum isə əzabı seçib. Amma təbii ki bunu seçəcək qədər axmaq olan özüdür. Ən uğurlu, ən gərəkli və ən mücərrəd olan həmişə bizi cəzb etdiyi üçün bir dəfə tutulduqsa, tilsimindən xilas ola bilmirik. Məsələn, üç mənim ən uğurlu rəqəmim olub. Üç saat, üç ay, üç gün, üçüncü gün, üç insan... Bu sonuncu olan isə işin duzu-bibəri olan tərəfdir. Və bu sonuncudan sonra əvvəlkilərin uğuru yetərsiz qalır. Bu günə qədər  bütün ömrüm ikini üçə uduzmaqla keçib. İnsan hiss edir, insan büdrəyir, insan axmaq deyil, insan tabu deyil, insan bir hiss mexanikasıdır. Bunun üçün də hər bir inkar yolverilməzdir. Bu gündə, sabahda, illər keçsə belə, bu hissi iliklərimə qədər hiss edəcəyəm və yaralanacağam(yaralanacağıq). 

Üç bir üçün ən böyük peşmanlıq olacaq. İki isə üç üçün ən böyük yara... Sonra yenə qələmi götürüb yazmağa başlayacağam ki, hər bir bəlli insan bizim həyatımızda bəlli periodlarla... 

Di salamat qalın...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Çərşənbə axşamı, 20 Avqust 2024 10:36

TARİXİ POEZİYAMIZIN ŞAHİNİ - Şahin Fazili itirdik

“Ədəbiyyat və incəsənət” portalı Asif Rüstəmlinin Şahin Fazilin vəfatı ilə bağlı yazısını təqdim edir. 

 

Can cəzaya dözəcək,

Qəlb bəlaya dözəcək,

Ruh cəfaya dözəcək

Bəlkə bədən dözmədi!

 

Çox təəssüf ki, Şahin Fazilin “Bəlkə”si doğru çıxdı. Ötən gün səhər sosial şəbəkələrdə yayılan acı ruzigardan bəlli oldu ki, şairin bədəni cəfalara, bəlalara dözməyib. İnsanda ən dözümlü olanı ruhdur. Ruhu şad olsun!

Şahin Fazil tarixlə ədəbiyyatın qovşağında yaşayıb, yazıb-yaradırdı. Tarixi əsərlərində poeziyanın şirinliyi, rəvanlığı, cazibədarlığı yurd-yuva salmış, şeirlərinə isə tarixin dərin qatlarından gələn sirli-sehirli səslər hopmuşdur. 

Şairlə hər görüşəndə onu bir bənd şeiri ilə salamlayırdım:

 

Bağışlasın oxucu,

Sındı qələm, yox ucu.

“Çaldıran”ı yazmağa, 

Mənə gərək ox ucu...

 

Fikrimcə bu bənddə şair qələmin kövrəkliyindən (keyfiyyətsizliyindən) daha çox mövzunun ağırlığından, bəlanın, cəfanın dözülməzliyindən şikayətlənirdi. O, “ox ucu” ilə elə bir əsər yazmaq istəyirdi ki, bir də eyni soydan, kökdən, əqrəbadan olan iki dövlət bir-biri ilə “Çaldıran” rəzalətini yaşamasın.

Onunla 1999-cu ildə İraqın Bəsrə şəhərində Mərbud poeziya festivalında bərabər olmuşduq. Səmimiyyəti, səliqəsi, poetik duyumu, təmkini, fəzilətləri ilə həmişə diqqət mərkəzində olurdu. Maraqlı müşahidələri, bənzərsiz qənaətləri ilə həmkarını heyrətə salardı. Bu ilin mayında sürət qatarı ilə Gəncəyə getmişdik. Mehmanxanada otaqlarımız üz-üzə idi. Mərbud sərgüzəştləri ilə bağlı xatirələr, ərəb şairlərinin bədahətən söylədiyi şeirlər, rastlaşdığımız hadisələr yada düşdükcə xəyalın qanadlarında 25 il əvvəlin Bəsrəsinə səyahət etdik... 

Gəncədə yeni yaradılmış müasir, modern Dünya məktəbi ilə tanış olduq. Qəzənfər Paşayev kitablarını məktəbə hədiyyə etdi. ...Şahin müəllim də “Dördüncü Divan”ını mənə bağışladı. Onunla tezliklə görüşməyi vədələşmişdik. Təəssüf ki, qismət olmadı... 

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Darıxan gecə üçün nəğmə...” söyləyir. 

Xoş mütaliələr.

 

Darıxan gecə üçün nəğmə

 

Bir ağ bulud boylanır,

Göy üzünün damından.

Yenə də yağış damır

Gecənin yanağından...

 

Bir gəmiyə minmişik,

Sahilə çatmaq olmur.

Boğulduğun dəryada

Bəs niyə batmaq olmur?!

 

İlahi, daş dünyada

Niyə yumşaq olmuşam?

...Uşaqlıq şəklim də yox-

Bilim uşaq olmuşam.

 

Qoy, qucum bu baharı,

Təzə girib- körpədi.

Gələn bahar bəlkə də

Gəlib məni görmədi.

 

...Yer üzünü çağırdım,

Çıxmadı səsə- yoxmuş.

Sən demə, bu dünyada

Allahdan kimsə yoxmuş...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, Azərbaycan dilinin təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsi məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır. 

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə cari il 29 - 31 avqust tarixlərində Türkiyənin tarixi və turizm bölgələri olan Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. 

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 29 avqust tarixində ənənəvi olaraq Marmaris şəhərində açıq havada altı min nəfərlik qədim amfiteatr səhnəsində keçiriləcək “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı ilə başlayacaqdır. 

Konsert proqramında Azərbaycan və Türkiyə sənətçiləri birgə iştirak edəcək, hər iki ölkənin musiqiləri, rəqsləri təqdim ediləcəkdir. 

Cari ilin 31 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqre Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi reallaşdırılacaqdır. 

Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətiriləcək qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunacaq, habelə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaqdır. 

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Antalyada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunacaqdır. 

Konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdarartistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli misiqilərimizi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edəcəklər. 

Azərbaycan nümayəndə heyəti - incəsənət ustalarının Antaliya televiziya kanalının qonağı olacaq, Azərbaycan-Türkiyə qardaşlığına dair musiqili veriliş təşkil olunacaqdır. 

Tədbirlər çərçivəsində Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalyadakı Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təşkili məsələləri müzakirə olunacaq, Universitet kitabxanası, habelə Marmaris və Antalyanın aparıcı kitabxanalarına Azərbaycana dair nəşrlər hədiyyə olunacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın ilk kişi xalq şairi əslən Qazaxdan olan Səməd Vurğun olub, bunu çoxunuz bilirsiniz. Azərbaycanın ilk qadın xalq şairi. İsə əslən Qazaxdan olan Mirvarid Dilbazi olub. Bunu isə olsun ki, çoxunuz bilmirsiniz. 

 

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı  ilə 19 avqust 2024-cü il tarixində Mirvarid Dilbazinin məzarı önündə anadan olmasının 112 illiyi  qeyd olundu, məzarına əklil, gül dəstələri düzüldü.

Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açdı. Bildirdi ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı gündən xalq şairinin yaradıcılığını geniş şəkildə təbliğ edir. 2022-ci ildə Mirvarid Dilbazinin 110 illik yubileyi münasibəti ilə Qeyri-Hökümət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az sayıtı fəaliyyətə başladı, ictimai birlik olaraq xalq şairinin "Bənövşələr üstə göz yaşları"  adlı kitabı kiril qrafikasından latın qrafikasına çevrilərək yenidən nəşr olundu. ''Öz içindən yanan bir ocağam'' kitabı isə şair anamız haqqında yazılan şeirlərdən, xatirələrdən, publisistik məqalələrdən ibarətdir. 

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə ''Vətən oğulsuz olmasın'' kitabı da Mirvarid Dilbazinnin ulu öndərə həsr etdiyi şeirlərdən ibarətdir.

Mirvarid Dilbazi Poeziya Məclisi bu günümüzün işığında yaşayıb yaradan şairlərdən- Brilyant Atəşin, Arzu Yaqubqızının, Arzu Əyyarqızının, Vaqif Osmanlının kitabıarının işıq üzü görməsinə vəsilə olub. Mirvarid Dilbazi Poeziya Məclisinin son uğuru isə şəhid Zaur  İsmayılzadənin anadan oımasının 29 illiyi münasibəti ilə Beynəlxalq Muğam Mərkəzində ''Buğra tələsi'' kitabının təqdimatı oldu. Kitabın müəllifi hərbi jurnalist Ötərxan Eltacdır. 

Bunlarla bərabər təşkilat milli mənəvi dəyərlərimizi də geniş təbliğ edir . Azərbaycan Respublikasının birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə kəlağayımız UNESCO-nun  Qeyri Maddi Mədəni irs üzrə Peprezentativ siyahısına daxil olmuşdu. Bu tarixi hadisənin 10 illiyi münasibəti ilə təşkilat kəlağayı haqqında festivallar keçirir, sərgilər təşkil edir, sazlı sözlü konsertlər verir. Beləliklə, Mirvarid Dilbazi Poeziya Məclisi mədəniyyətimizin,ədəbiy yatımızın, poeziyamızın təbliğinə, inkişafaına xidmət edir. 

Mirvarid Dilbazinin "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci, "Bizim səsimiz" adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib. Şairin "İlk bahar", "Məhəbbət bizimlə qoşa doğulur", "Həyat lövhələri", "Xatirələr aləmində", "Bənövşələr üşüyəndə", "Ana qanadı", "Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə "Seçilmiş əsərləri", "Qar çiçəkləri", "Durnalar ötüşəndə", uşaqlar üçün "Nağıllar", "Kiçik dostlarıma", "Gülbahar", "Yaz gəlir", "Lalənin ağacları", "Abşeron bağlarında" və digər kitabları çapdan çıxıb.

Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, "Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə", "Avey dağla söhbət" və digər poemaları, "Xocalı fəryadı", "Məhsəti" pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun "Çoban Qara", "Evimizə gəlin gəlir", "Anam yadıma düşdü”, "Laylay", "Azərbaycan elləri" şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla", "Qoymayın ağlayım məni", 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

Öz içindən yanan bir ocağam mən,

Yandıqca daha gur yanacağam mən!

- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "İstiqlal" ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

 

Bu gün tanınmış yazıçı, qəzəlxan, dramaturq, ssenarist İlqar Fəhminin doğum günüdür. Əfşan Yusifqızı öz yazısında bu günü xüsusi çalarlarla vurğulayıb, “Ədəbiyyat və incəsənət” portalı həmin yazını təqdim edir. 

 

“On qadını bədbəxt elyə bilən kişi lazım olanda bir qadını da xöşbəxt eliyə bilmir... Bəlkə  bacarmır... Bəlkə də heç istəmir...

Amma baçarmasa da, heç olmasa istəsin..."

 

Bu gözəl kəlamın müəllifi 2012-ci ildən bu yana oxucusu, izləyicisi olduğum Yazıçı-qəzəlxan Ilqar Fəhmidir. 

Bu gün şairin təvəllüd günüdür. O, bu dünyaya söz demək üçün gəlib, ona görə qarşı tərəfdən də söz umur, əsl söz:

 

"Bir söz de mənə, ey gözü yaşlım,

nəsə bir söz,

Qəlbimdən axan qanımı

bəlkə kəsə bir söz"

 

İlqar Fəhminin bütün beytlərini ayrılıqda ən mənalı aforizm kimi işlətmək olur və mən həmişə  lazımlı yerlərdə müqəddəs deyim kimi istifadə edirəm misralarından:

 

"İnam uşaq kimiymiş - gözü yaşarsa,

Öpüb sığallamaqla - ovutmaq olmur…"

 

Sözün  gözəlliyindən əlavə özünəməxsusluğu, xoş ahəngi də  oxucunun ürəyini titrədir.

 

"Yanımda sən yox idin, ondan ötrü böylə dolub,

Kağız çiçəklər ilə laləzarı gəncliyimin."

 

Şairin hansı qəzəlini, şeirini oxusam orda  ürək döyüntüsü hiss edirəm və bəzən özümün ürəyimdən keçən fikirləri oxuyuram:

 

"Mən sənin sevgini hara qoymuşam?

Heç cürə yadıma sala bilmirəm"...

 

Mən öz sosial şəbəkə hesablarımda həmişə İlqar Fəhminin beytlərini paylaşıram. Bəzilərini əzbər də bilirəm. Hərdən fb xatırladır həmin qəzəlləri... 

Bu gün də hər il yazdığım təbrik şeirlərini xatırladıb, çox sevdiyim şeirləri ilə təbrik yazmışam. İndi həmin şeir, qəzəllərdən sevdiyim misranı, beytləri yığdım ki, söz məndən inciməsin). Şairin yaradıcılığı ahənrüba kimi çəkir oxucunu...

 Hər yağış yağanda pıçıldadığım bu misraları necə sevməyəsən:

 

"Insan deyiləm, indi bunu 

anlamışam mən,

Eşq adlı buluddan süzülən

 bir yağışam mən,

şıltaq yağışam mən.

Yağdırsa da çirkabə məni 

qarə buludlar,

Qəlbimdəki şəffaflığımı 

saxlamışam mən,

çünki yağışam mən" 

 

Və, bir də dilimdə məsələ dönən təngnəfəs kəlmələr:

 

"Qapını döyən qonaq yox, ölümsə,

Qonaq kimi qəbul et, gülümsə!

 

*

Bərbəzəkli sözləri, təmtəraqlı cümlələri sevmədiyimdən öz sadə dilimdə, ürəyimdən keçənlərlə sizi Təbrik edirəm, şair. Sağlam və bərəkətli ömür arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Joel C Ryan (AP By Euronews)a istinadən xəbər verir ki, məşhur fransalı aktyor Alen  Delon Fransadakı evində vəfat edib.

 

Xəbırdə deyilir:

“Fransız aktyor Alen Delon 89 yaşında vəfat edib. Bu barədə Agence France-Presse onun üç uşağının birgə bəyanatına istinadən məlumat verib.

Qeyd olunur ki, o, fransız Soul kommunasındakı evində, uşaqların və ailənin əhatəsində vəfat edib. Səbəb - keçirdiyi insult olub.”

 

Bəli, kinonun canlı korifeyi daha yoxdur. 

Ən məşhur rejissorların 90 filmində rol alan Alen Delon nadir xarizması və cəsarəti, estetik gözəlliyi ilə dünya kinosunun əfsanəsinə çevrildi.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının poştundan daha iki məktubu diqqətinizə çatdırırıq. Lalə Müzəffərli Şuşada Üzeyir Hacıbəylinin heykəli barədə təəssüratlarını qələmə alıb, Nərgiz Ziya isə poetik duyğularını.

 

Lalə Müzəffərli

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və sifarişi ilə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim və ictimai xadim, müasir Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin heykəli Şuşa şəhərində yenidən ucaldılıb. 29 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə heykəlin açılış mərasimi baş tutub. Dövlət başçısının tapşırığına uyğun olaraq heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanan heykəlin bərpası Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, bəstəkarın 100 illik yubileyi münasibətilə 1985-ci ildə Şuşa şəhərində ucaldılan heykəli 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı tamamilə məhv edilmişdi.

Tarixi silmək olmaz.

 

Nərgiz Ziya

...Və bəzi güllər solduqca gözəlləşdi.

O güllər ki, bütün pərvanələr hüshlərinə heyran idi, o güllər ki, bütün şairlər şeirlərdə onlara divanə idi, oysa o güllər ömür boyu göz bəbəyi kimi qorunmaq istədilər. Qurunmaq, üstünü toz basmaq bahasına olsa belə, ömür boyu göz önündə olmağı seçdilər o güllər...

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.