Super User

Super User

Cümə axşamı, 22 Avqust 2024 10:44

Şəhidlər barədə şeirlər - Soltan Məmmədov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Soltan Məmmədov 

Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.

Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə Tağım komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.

2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə mayor rütbəsi alıb. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Tabor komandiri vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Soltan Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tarixin yaddaşında,

Yolun zəfər yazılıb.

Vətənin hər daşında,

Adın əzbər yazılıb.

 

Yazılıb taleyinə,

Laçını azad etmək.

Şəhid əsgərlərini,

Cənnətdə də yad etmək.

 

Oralarda necədir,

İndi kefin, komandir?

Xoşuna gəlirmi heç,

Cənnət evin, komandir?

 

Şəhid əsgərlərinlə,

Yenə də birlikdəsən,

Yığılıbdır başına,

Yenə qəhrəmanların.

Hamısı fəda dedi,

Bu vətənə canların.

 

Sağ ol, böyük komandir.

Zəfər nişanını tax.

Şəhid əsgərlərinə,

Cənnətdə də yaxşı bax.

 

 “Ədəbiyyat və incəsənət”

(22.08.2024)

 

Cümə axşamı, 22 Avqust 2024 13:02

“Bir gül” – Mənsurə Qaçayqızının hekayəsi

 

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSNDƏ layihəsində bu gün nəsr günüdür, sizlərə yaxın bir neçə gündə Mənsurə Qaçayqızının hekayələri təqdim ediləcək. İlk oxuyacağınız hekayə “Bir gül” adlanır. 

                                              

 

BIR GÜL  

 

Onunla bağlı xatirələrim çoxdur. Maraqlı, həm də həyata baxışları fərqli qız idi. “Həyatla dolu insan” deyirlər, bax onun haqqında elə düşünmək olardı. Hər kəsdə, təbii ki, mənfi cəhətlər də var, amma onun müsbət tərəfləri daha çox görünürdü. Buna baxmayaraq, mənə elə gəlirdi ki, o, yaddaşımda ən çox bir xatirəsi ilə yer tutub…

        – Yığışdır telefonu, müəllim baxır...

          Aysu bir neçə dəfə xəbardarlıq etsə də, telefona gələn mesajlardan ayrıla bilmirdim. O, israrla yazırdı: “Təcili görüşməliyik. Səbəbini görüşəndə deyəcəm”.

        – Müəllim gəlir.

          Aysunun sonuncu xəbərdarlığına telefondan gözümü çəkdim və başımı qaldırdım. Müəllim mühazirəni dayandırıb məzəmmət dolu baxışlarını mənə zilləyərək bizə doğru gəlirdi. Telefonun səsini alıb çantama qoydum. O, telefonu gizlətdiyimi görüb bir söz demədən lövhənin önünə qayıtdı və mühazirəyə davam elədi. Fikrim yenə də mesajların yanında idi. “Nə olduğunu qısaca demək olmazdımı? Bəlkə, universitetdə problem var? Bəlkə...”.

          Dərs bitən kimi müəllimin çıxmasını gözləmədən çantamı götürüb otaqdan çıxdım. Qızların “Hara gedirsən?” sualına qısaca “Sabah deyərəm” cavabını verib pillələri sürətlə endim. İlk işim Ayşənə zəng etmək oldu.

          – Hardasan, görüşək. 

          – Sizə gəlirəm, – dedi.

          – Hava yaxşıdır. Dəniz kənarına çıxaq.

Havanın gözəlliyi adamı dəniz kənarına səsləyirdi.

          Ayşən:

          – Yox, sizə gəlirəm, – dedi.

          Belə gözəl havada evə getməyə həvəsim olmasa da, avtobus dayanacağına yollandım...

                                              ***

 

Ayaqqabılarımı təzəcə çıxarmışdım ki, arxamca qapı döyüldü. Çantanı dəhlizdəki asılqana keçirib qapını açdım.

          – Öpmürəm, xəstəyəm... – Hay-küylə içəri girən Ayşən kürkünü asılqandan asa-asa dilləndi: – İndi deyəcəksən, xəstəsən, qaxıl otur evində. Nə gəzirsən, hə?

         – Yox, elə demirəm. Nə olub?

         – Yaxşı olub və yaxşı da olacaq. Kağız, qələm çıxar, deyəcəm.

          Otaqda Ayşənin arxasınca gəzirdim.

         – Axı nə olub? Nə hadisə baş verib?

         – Heç nə, sən qələm götür, deyəcəm. – Ayşən əlimdən tutub yazı masasının yanına apardı. – Əyləş.

          Masanın üzərindəki dəftərlərin arasından qoşa vərəq çıxardı. Hələ də çaşqın-çaşqın onun hərəkətlərini izləyirdim.

– Bəlkə, deyəsən?.. – Ayşənin dinmədiyini görüb ayağa qalxdım. – Yaxşı, onda qoy çay dəmləyim, içək, sonra danışarıq.

          Ayşən çiyinlərimdən aşağı basdı.

         – Sən yaz, çayı mən hazırlayaram.

         – Nə yazım?

         – Bir gül haqqında. Bir gül haqqında yaz. Bir gül, sadəcə, bir gül.

         – Necə yəni “bir gül”?

         – Bir gül... Tək açan gül görməmisən?

         – Görmüşəm.

         – Bax o gül haqqında yaz. O tək açan gül haqqında... Nə istəyirsən, yaz. Təsvir elə o gülü. Necə görürsən, necə düşünürsən, yaz. Bir gül haqqında düşüncələrini yaz. 

– Bu nə deməkdi... Dəlisən, vallah. Başına iş qəhətdi? – Hirsli-hirsli vərəqi qatlayıb kənara qoydum və elə o anda da Ayşənin gözlərindəki ifadəni görüb yenidən qarşıma çəkdim.

Mövzu maraqlı olsa da, vəziyyət qəribə idi. Yəqin, elə ona görə də çaşqın-çaşqın dilləndim: – Bir-iki cümlə bəsdi?

         – Sən yaz, çox olacaq. Yaz. Başla, görəcəksən ki, davamı gəlir. Mən də çay hazırlayım, – deyərək mətbəxə keçən Ayşən sanki xəbərdarlıq elədi:

         – Bir gül haqqında ha...

                                     

***

 

Yenə Ayşən idi.

         – Hardasan?

         – Universitetdəyəm, qızlarla kitabxanaya gedirəm.

         – Evə get.

         – Nə olub yenə?

         – Heç nə. Saat dörd tamamda evdə ol.

         – Yenə nə olub? Bu dəfə hansı gül?

Ayşənin xəfif gülüşündən sonra səsi də titrəkləşdi sanki:

         – Yaxşı, hirslənmə. Nə deyirəm, ona qulaq as. Evə get, sonra danışarıq.

 

                                           ***

 

Saat dördə beş dəqiqə qalırdı, xəbər yox idi. Ayşəndən gələn zəng narahatlığıma son qoydu:

         – Hardasan?

         – Evdə.

         – Radioya qulaq as.

– Nə var? Yenə nə olub axı?

         – Heç nə olmayıb, qorxma. Qulaq as. Dinləyicilərdən gələn məktublara.

Aparıcı bir gül haqqında yazdığım yazını oxuyurdu. “Əziz dinləyicilər! Bir gül...”.

 

                                           ***

 

Uzun zaman idi görüşmürdük. Axırıncı dəfə bir neçə ay əvvəl telefonda danışmışdıq. Deyəsən, mağaza açmaq niyyətində idi. Demişdi ki, adını “Bir gül” qoyacaq. Dərslər və imtahanlar başımı elə qarışdırmışdı ki, ondan xəbər tuta bilməmişdim. Qəribədir, o özü də məni axtarmırdı. Yəqin, işlərinin çoxluğundan idi.                       

Metrodan çıxırdım ki, telefonuma Ayşənin nömrəsindən zəng gəldi. Sevindim. Xəttin o başından kobud kişi səsi: “Siz Ayşən xanımın nəyisiz?” – deyə, soruşurdu.

“Bu qız məni dəli edəcək. İndi də bu hoqqası çıxdı”… İstədim deyim ki, heç nəyi, demədim.

         – Rəfiqəsi. Telefonu Ayşənə verin.

         – Ayşən xanım avtoqəza keçirib, vəziyyəti ağırdı. Telefonunda olan nömrələrə zəng edirəm. İlk nömrə sizin idi. Mən polis işçisiyəm.

“Yox, doğru deyil! Yox, ola bilməz!”… İnanmaq istəmirdim.

         – Hadisə harda baş verib?

         – “Bir gül” mağazasının qarşısında...

              

“Ədəbiyyat və incəsənət”

(22.08.2024)

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlar üçün ad seçmək mühüm qərardır, çünki seçilmiş ad uşağın şəxsiyyətinə və şəxsiyyətinə təsir edə bilər.

Uşağınız üçün seçdiyiniz adın onun həyatında mühüm rol oynayacağı üçün diqqətlə seçilməsi vacibdir. Ad seçmək şəxsi seçim olsa da, uşağınızın gələcəyinə və şəxsiyyətinə müsbət təsir edəcək bir ad seçməyə diqqət yetirmək mühüm məsələdir.

“ Addır da nə mənası var övladımızın həyatına„ fikri məncə yanlışdır. Çünki uşağa qoyulan ad sanki onun həyat yolunda, qismətində, taleyində, hətta bəxtində danılmaz rol oynayır.

 

-Bəs uşaqlar üçün ad seçimində nələrə diqqət etməliyik?

1)   Qoyulan adın səslənməsi və qulağa yatması.

Qoyulan ad elə olmalıdır ki, adı səsləndirəndə qarşıdakı adınızı anlaya bilsin. Qarşıdakı anlamadığı halda ada tələffüzcə oxşayan başqa bir adla xitab edir. Bu ad sahibində aqressiya yaradır.

2)   Ad və soyadın uyuşması (uyğunluğu) .

Şəxsin adı soyadına məna səslənmə cəhətdən uyğun və axıcı olmalıdır.

3)   Populyar, dini, bənzəri olmayan və qəribə adlar (mənasız).

İnsanlar bəzən istəyir ki , övladının adı yaxın əhatəsində ya da ümumiyyətlə qoyulmayan adlar qoysun. Və ya heç bir ad tapmayıb mənasız adlar qoysun. Bu cür adlar bəzən gülüş və tənqid yarada bilir. Bəzi valideynlər isə hər kəsdə olan populyar adlar qoyur .

Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.

Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub. Ölkəmizdə illərdir ki, “Zəhra„ qız adı olaraq birinciliyini saxlayır. Məryəm, Aylin, Fatimə, Nilay, Ayla, Mələk, İnci, Nuray kimi adlar da populyar adlardandır.

Oğlan adlarından ən çox istifadə edilən ad isə Əlidir.  Yusif, Hüseyn, Məhəmməd, Raul, Ömər, Ayxan adları da çox istifadə olunan adlardandır.

Bu nəticələrdən görürük ki, ölkəmizdə islam dini ilə əlaqədar habelə Peyğəmbər və İmam adları Əhli- beytlərin adları uşaqların ad seçimində  geniş istifadə olunur. Bu çox sevindirici haldır .

4)   Ailə böyüklərinin və ailədə sevilən adamların adları.

Doğulan körpənin adını bəzən valideynlər özləri, çox hallarda nənə- babalar, bəzən də əmi-dayı və ya xala -bibi tərəfindən qoyulur. Bu öz adları və yeni dünyasını dəyişmiş bir əzizlərinin adları ya da özlərinə xoş gələn bir adı qoyurlar. Dünyasını dəyişmiş adamların adını və ya bədbəxt adamların adlarını qoymaq düzgün deyil. Qoyulan ad həm də tarix deməkdir. Tarix yenilənəndir.  Adlar da belədir. Uşağa ad qoyarkən mənası xoş olan, bərəkətli, aydın və nurlu ad qoymaq lazımdır. Mənası pis olan adlar uşaq üzərində mənfi aura yaradır. Quranda, hədislərdə Allahın 99 adının olduğu vurğulanır və buyurulur ki, “ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin...”.

Adətən övladlarına ad qoymaq istəyən müsəlmanlar bu adlara tez-tez müraciət edir. Lakin bununla yanaşı, bəzən həmin adlar hansısa marka, əşya, məhsul adı kimi də istifadə edilir. Buna təkcə xaricdə deyil, bütün müsəlman ölkələri kimi Azərbaycanda da bu belədir.

“İslam ənənəsində sadəcə Allaha aid olan adların, sadəcə Allahın xüsusiyyətlərini bildirən, onun əsmaül-hüsnasının “əbd” kəlməsi olmadan insana qoyulması halları çox olub. Bu, günah, məkruh, bəyənilməyən bir hadisə kimi qəbul edilib. Lakin Allah adına və sadəcə onun xüsusiyyətlərini bildirən adlara “əbd” kəlməsi artırılaraq qoyulsa daha yaxşıdır, məqbuldur. Allaha məxsus olan adlardan xüsusilə ikisini isə “əbd” kəlməsi olmadan insana qoymaq böyük günahdır. Bunlar Allah və Rəhman adlarıdır. Allah adı ilə bağlı izah verməyi artıq bilirik. “Rəhman” adı Quranda birbaşa Allah-təalaya aid edilib və yalnız Ona məxsus sayılıb: “De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur” (İsra, 110)”.

5)   Cinsiyyətə uyğun ad seçmək.

Qız adını oğlana qoymaq həmçinin oğlan adını qıza qoymaq düzgün deyil . Bu həm əlaqəsizlik yaradır həm də kimliyinə də tərsdir. Necə ki, oğlanın özünü qız, qızın da özünü oğlan kimi aparması haram işdir.

Akademik Nizami Cəfərov Azvision.az-a bildirilib oğlanlara qız, qızlara oğlan adı qoymaq sadəcə biabırçılıqdır. “Elə adlar var ki, onları həm oğlana, həm qıza qoymaq olur. Məsələn, Arzu, Pərvin. Amma oğlana Sevinc, Zəhra, qıza Məhəmməd, Həsən adı qoyula bilməz. Bu, mümkün olan bir şey deyil. Ümumiyyətlə belə bir ənənə yoxdur. Düzdür, bir vaxtlar uşağın sağ qalması üçün ona erməni, xristian adları qoyulub. Amma bunlar da gülünc, mənasız şeylərdir”.

O yerdə ki, adət-ənənə, qanun, prinsip pozulur, orada belə gülünc adları təsdiq etmək olmaz. Qıza oğlan adı, oğlana qız adının qoyulması qanunvericiliklə qadağandır. Valideyn gəlib deyə bilər ki, övladımın adını İlan qoy. Dövlət orqanı onu qoya bilməz. Buna görə də ad seçimində valideynlər şüurlu davranmalıdır.

-Bəs uşaqlara iki ad qoymaq olarmı ?

Qanuni cəhətdən iki ad qoymaqda heç bir qadağa yoxdur. Lakin iki ad biryerdə mürəkkəb isim kimi yazılmalıdır. Məsələn: “Əbdül„ və “Əli„ adlarının ikisini də qoymaq istəyirsizsə , “Əbdüləli„  formasında qoya bilərsiz.

Adətən iki ad qoymaq dini aspektdən fikirləşilir. Bu iki cür ola bilər.

1) Dini adlardan seçim edə bilmir və ikisini də qoymaq istəyir . Hətta ərəb ölkələrində 2-dən daha çox ad qoyulur.

2) İkinci adın uşağı qoruyacağına inanılır.

Bir ad ictimai seçilir, hamı tərəfindən bilinir. İkinci ad isə ailə tərəfindən sadəcə ailə üzvlərinin biləcəyi formada məxfi şəkildə qoyulur (Bu ad rəsmi sənədlərdə istifadə olunmur. ) Beləliklə, şəxs cadu, tilsim və ona qarşı olunan haram əməllərdən qorunur.

Cəmiyyətdə ad seçimi çox çətin və vacib məsələdir və olmalıdır da . Tövsiyyə olunur ki, övladınıza ad qoyarkən verilən maddələrə diqqət yetirəsiniz. Və unutmayın ki, “Ad adamı bəzəməz, adam adı bəzəyər.”

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Nobel mükafatı laureatları” silsiləsindən Tomas Eliotun aforizmlərini təqdim edir. İlham Abbasov hazırlayıb.

 

     

– Yanız çox uzağa getməyi bacaran adamlar nəyə qadir olduqlarını bilirlər.

– Həmişə qara gözlük taxan adamlar dünyanın nə vaxtsa işıqlı olacağını gözləyə bilməzlər.

– Çox yerlər gəzəndən sonra öz evinə qayıdanda sanki onu ilk dəfə görürsən.

 – Öz əlyazması üzərində işləyən müəllif yazıçıdan çox tənqidçiyə bənzəyir, çünki onun gördüyü işlərin hamısı tənqidçi işidir.

         – Bilmirəm, tamam ziyansız kitablar varmı, amma bilirəm, o qədər təsirsiz kitablar var ki, heç bir ziyan vura bilməzlər.

– Çox zaman ümidsizlik saydığımız vəziyyət həyata keçməyən arzular üçün məyusluq hissidir.

– Ədəbi yaradıcılığı dayanan xalqın düşüncəsi də dayanır.

– Xalqı məhv etmədən dili məhv etmək olmaz.

– Ehtiyacı olanda dost tapan adam xoşbəxt adamdır.

– Yaxşı şairin pis şairdən fərqi odur ki, onun şeirlərində şəxsiyyətinin möhürü var.

– Gənc şairlər kimisə təqlid etməklə, yetkinlər isə plagiatla məşğul olurlar.

– Böyük poeziya eyni zamanda həm sənət, həm də əyləncədir.

– Əsl poeziya anlamaq üçün deyil, duymaq üçündür.

– Şairin vəzifəsi yeni duyğular yaratmaq deyil, köhnələrə yeni məna verməkdir.

– Yazıçılar iki cür olur – uğurlular oxucu ilə danışır, uğursuzlar özü ilə.

– Bir-birimizin həyatını asanlaşdırmırıqsa, niyə yaşayırıq?

– Demokratiya şəraitində şəxsiyyət olmaq daha çətindir.

– Poeziyanın məqsədi şairin öz qəlbindəki duyğuları oxucunun qəlbində oyatması deyilsə, bəs nədir?!

– Poeziya sairin damarlarında axan qanın mürəkkəbə çevrilməsidir.

– Ənənələri irsən almaq olmaz, onları qazanmaq lazımdır.

– Danışmaq düşünməyə kömək edir.

– Kişilər unutduqlarının, qadınlar xatırladıqlarının hesabına yaşayırlar.

– Bilik qazanmaq xatirinə müdrikliyimizi, məlumat qazanmaq xatirinə biliyimizi itiririk.

– Naşirlərin çoxu uğursuz yazıçılardır, elə yazıçıların da çoxu elədir.

– Müasir sivilizasiyada şair olmaq əvvəlkilərdən çətindir.

– Əsl ədəbi əsərin yaranması müəlliflə qəhrəmanın şəxsiyyətinin qovuşması hesabına mümkündür.

– Radio elə bir əyləncə vasitəsidir ki, milyonlarla insanı birləşdirərək onların tənha qalmalarına imkan yaradır.

– Poeziya dilin yalnız dəyişməsinə deyil, həm də dəyişməməsinə xidmət etməlidir.

    

“Ədəbiyyat və incəsənət”

(22.08.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” (Şəki-Zaqatala bölməsi)

 

 

Daşdöşəyən bir oğlanla ayaqlarını daşlara basmağa qıymayan bir qızın həya rübəndli sevdasını düşünürdüm Xan sarayına doğru gedərkən. Şəkinin Yuxarıbaş məhəlləsinin əksər küçələri daşlıdır. Şəkililər demiş, “təşlik”dir. “Görəsən, indi də Şəkidə daşdöşəyən varmı?” sualı gəlir ağlıma. Kimdənsə bu barədə soruşmaq lazımdır, bir daşdöşəyən tanımaq lazımdır. Daşlardan danışar bir az... Cavab verər  misrama: “Daş ağararmı dan üzü?” 

...Tale yollarının da daşdöşəyəni olsa, yaxşı olmazmı? Gedəcəyin  arzu bağçasının yolunda heç azmayasan, ayaqlarını tikanlar qanatmaya, gözlərini  naməlumluq çəkib aparmaya... Ya da taleyinin bir şəbəkə ustası ola... Olar-olmazları  millimetr dəqiqliyi ilə elə qura ki, həyat qarşısında mat olmayasan, dərd palitrasında rənglər bir-birinə qarışmaya, “qurduq” deyə sevindiyimiz planlarımızın heç biri yerindən laxlamaya... 

 

-Salam, qızım, xoş gəlmisən!

Xan sarayının həyətindəki emalatxanaya belə tez çatdığıma təəccüblənsəm də, özümü o yerə qoymuram: 

 

-Salam, Tofiq müəllim!  

 

Ətrafa göz gəzdirirəm.  Budaqlarını  nənəmin saçaqlı şalı kimi o yan-bu yana səpələyən cökə ağacının altında oturub Şəkinin məşhur şəbəkə ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rəsulov Tofiq Əşrəf oğlu.  Hə, bu cökə ağacı nənədir. Nəvələri bir az aşağıda,  zoğal ağacının yanında düzülüblər. Əyləşirəm cökə ağacının altındakı stullardan birinə. Və baxıram sağımdakı şəbəkə evciyə. Bu evciyin “adam”ı şəbəkə sənətinin özü qədər qədimdir, heyrətamizdir və... Və xəyalidir!   Mənsə evciyi quran, yaradan adamla söhbətləşəcəyəm. Onu da bilirəm ki, Şəki Xan sarayının və Şəkixanovlarının evlərinin şəbəkələrini  bərpa edən  usta ilə söhbət asan olmayacaq... Ya da bəlkə, su kimi axacaq sözlər? 

 

-Şəbəkəni kimdən öyrənmisiniz, Tofiq müəllim? 

 

-Atamdan. O da öz atasından. Babam Usta Yaqub  keçən əsrin məşhur şəbəkəçisi olub. Karvansarayın altında balaca dükanı da vardı. Babamla atam evdə işləyirdilər. Atam Rəsulov Əşrəf Əməkdar rəssam idi. Öz sənətini mənə öyrətdi.  Məndən başqa onun daha iki şagirdi də vardı ki, atam onların bu sənəti yaşadacağına ümidli idi. Biri Usta Soltandır, hazırda o da şəbəkə ilə məşğul olur. İkincisi isə Bakıda yaşayır. Əvvəl  şəbəkə ilə məşğul olduğu barədə xəbər alırdım, çoxdandır  xəbərim yoxdur. 

 

-Yəni  Usta Əşrəf, cəmi, 3 şagird yetişdirdi? 

 

-Təbii ki, şagirdləri çox idi. Amma şəbəkə elə sənətdir ki, öyrənməyə 10 nəfər gələr, sonda biri qalar, ya qalmaz.

 

-Çətinliyinə görə, yoxsa riyazi dəqiqliyə görə? 

 

-Yaxşı sual verdin, qızım. İndi işin sirrinə gələk. Şəbəkənin hazırlanma prosesini deyim. Əvvəl, eskiz qurulur. Bu eskiz dəqiq hesablamalara dayanır. 1 mm belə, o yan-bu yan olsa, şəbəkə ələ gəlməz. Şəbəkə işləməkçün həndəsəni, riyaziyyatı və rəsmxəti bilməlisən. Bunlardan əlavə, səbrin, hövsələn, aclığa, susuzluğa dözümün də olmalıdır. Şəbəkəni qurursan müəyyən ölçüdə, bitirhabitirdə yarımçıq qoyub su-çay dalınca qaçsan, əlin soyuyar. Əli işdən soyutmaq olmaz. İkinci mərhələ taxtanın işlənməsidir. Taxta 15 gün buxarda bişir. Bu müddətdə onun şirəsi qətrana dönüb axır. Şirə axmalıdır ki, sonradan taxtaya qurd düşməsin. Buxarda bişən taxta qurulandan sonra 100 il, 200 il olduğu kimi qalır. Taxtanın bişirilməsi həm də ona görə lazımdır ki, taxta elastikləşir, ömrü uzanır, əyilmir. 

 

-Elastikləşir?  Mən də elə güman edirdim ki, şəbəkə taxtası sabit olmalıdır. 

 

-Sabitdir. Başqa mənada dedim elastikləşməyi. Belə deyim də, kəskin bucaqlar işləyəndə bişməmiş taxta çatlayır, aralanır. Amma bişmiş taxta kəskin  bucaqlara oturur. Bir balaca detalın üzərində 15-20 prosedur həyata keçiririk. Taxta bütün bu prosedurlara dözməlidir. 

 

-Hansı ağaclardan istifadə edirsiniz şəbəkə üçün? 

 

-Tarixən şəbəkə üçün ən yaxşı material Şərq çinarı olub. Hazırda nadir ağac növü sayıldığından biz meşə fıstığı ilə işləyirik. Bu iki ağac eyni struktura malikdir deyə, meşə fıstığı da şəbəkəyə yarayır. İstənilən ölçüdə, istənilən formada olan şüşəli şəbəkənin, təxminən, 60%-i taxta, 40%-i şüşədir. 

 

-Şüşələri haradan alırsınız? 

 

-Xan sarayının şüşələri Murano şüşələridir. Şəki ipəyi aparılıb İtaliyaya, xanın sifarişi ilə  də o şüşələr gətirilib. İndi Rusiyadan alırıq. Hazırda əlimizdə 4 rəng şüşə var: yaşıl, qırmızı, sarı, göy. Bir də, bu rənglərin açığı, tündü var ki, naxışa, şəbəkənin növünə və ya kimsə şəbəkə sifariş edəndə onun zövqünə görə seçilir. 

 

Şəbəkənin növləri haqqında soruşmaq qərarındaydım ki, bir dəstə adam yaxınlaşır bizə. Öndə gələn xanım Şəki ləhcəsiylə salamlaşır, gülümsəyir. Sonra da arxaya çevrilib ingiliscə danışır, əliylə Tofiq müəllimi göstərir. Turistlərin yolunu heyrət dumanı kəsib; ikicə addımlıq yolu bəri gələ bilmirlər. Onlar üçün indi dünyada varsa-yoxsa elə o balaca şəbəkə evcikdir. Divarlarının aşağısı taxta şəbəkədir, yuxarısı “Gülabı” şəbəkə. Kiçik seyvanına düzülən şəbəkə hədiyyəliklər rəngbərəngdir. Və mən bilirəm ki, o rənglər, o naxışlar insana bir hiss yaşatmır: bütün hisslər əl boyda şəbəkəyə sığır. Ya da yox, “sığır” deməyim doğru olmaz, hisslər sərhədsizdir axı. Şəbəkədə əks olunur hisslər. Məsələn, qırmızı şüşənin yuxarı küncündən boylanır tünd-göy. Qırmızı ilə tünd-göy birləşəndə dan üzü olur. Zülmət aydınlığa təslim olarkən kainat tünd-göy donunu geyinir, amma bu donun yaxasının düymələri bağlanmır: günəşi-kainatın bağrındakı közü gizlətmir. Anbaan közün hökm etmək iddiası artır, böyüyür, tünd-göyü utandırıb maviləşdirir. Sonda hər ikisi mövcudluğun qətiyyətindəki güclə sezilən ironiyada ağ bayraq qaldırır-gün ağarır.   Axşammı? Yox, bu gün “hər əvvəl bir sona borclu” fəlsəfəsini açmaq istəmirəm. 

 

-Əlcəzair televiziyasından gəlmişdilər, bir az danışdım, bir hədiyyə də verdim, sevindilər.

 

Yalnız indi fərqinə varıram ki, həmsöhbətim  masadan uzaqlaşıbmış. Deyəsən,  dalğınlığımı o da hiss edir,-yaradıcılıq adamları dalğınlığı nemət sayır-ikimiz də gülümsəyirik.  Söhbətimiz qaldığı yerdən davam edir. 

 

-Şəbəkənin hansı növləri var?

 

-Şəbəkənin növləri  onun hazırlanma prosesinə görə fərqlənir. Məsələn: oyma və yığma şəbəkələr var. Daş şəbəkə ən qədim şəbəkə növüdür. Daşı oyur, iç-içə keçirə-keçirə yığırlar. Zərgərlikdəki şəbəkədə də oyma işlənir, eyni zamanda, orada bərkitmə, yapışdırma da var. Bizim işlədiyimiz yığma şəbəkədə isə yalnız taxta və şüşədir. Hərdən detalları bir-birinə nəylə yapışdırdığımızı soruşurlar.  Gözlərinin qabağında söküb-yığıram ki, yapışqan istifadə etmədiyimizi görsünlər. Yığma şəbəkə isə formalarına, başqa sözlə, naxışlarına görə növlərə ayrılır: “Əjdəri”-ən çətin formadır, “Cəfəri”-cəfəri bitkisinin yarpaqları kimi şaxələnir, “Xəttatkarlıq”-taxtadan yığılır, bax, o şəbəkə evciyin alt divarları yalnız taxtadır. Sonra var, “Şəmsi”-günəş yığılır, “Gülabi”-armudu stəkana oxşayır naxışlar.  Naxışların da 2 növü var: “Həndəsi naxışlar”, “Qeyri-həndəsi naxışlar”. İkinci növə “Nəbati naxışlar” da deyilir. Bundan əlavə, özümüzün yığdığımız yeni şəbəkə forması da var: “Nar şəbəkə”. 

 

-“Biz” deyirsiniz, şagirdlərinizi nəzərdə tutursunuz? 

 

Tofiq müəllim  gülür. Onun bu gülüşündə məğrurluq var. Bir ustadın öz şəyirdinin uğurunun, el dilində desək, ad almasının şahidi olması məğrurluqdur, əlbət! 

 

-Hazırda mənimlə birgə oğlanlarım İlqar və Vüqar Rəsulzadələr işləyir. Hər ikisi Rəssamlar İttifaqının üzvləridir. Sənət nəsildən-nəsilə ötürülür, yaşadılır. Bu, sevincdir, fəxarətdir!  Ümumiyyətlə, əzəl gündən şəbəkə sənətini gənc nəslə öyrətmək niyyətində olmuşam. Şəyirdlərim çox olub indiyədək. 

 

Həmsöhbətim susur, dağlara baxıb “ah” çəkir. Onun baxışlarında  təəssüf görürəm. Niyəsini soruşmuram. Özü deyəcək, bilirəm. Sadəcə, düşüncələrini təəssüfün əsarətindən xilas etməsi üçün ona  saniyələr, bəlkə, dəqiqələr lazımdır. 

 

-Bir də görürsən, kimsə uşağının əlindən tutub gəlib. “Usta, uşaq məktəbdə yaxşı oxumur, əlinə sənət ver”.  Heç kimi naümid qaytarmıram. Amma uşağın üzünə baxan kimi, bilinir ki, əbəkəni qavrayacaq, yoxsa gününü keçirəcək. Mən də, kiminsə uşağının burda ömrü yelə verməsini istəmirəm. Bir az məşğul oluram uşaqla, görürəm yox, bunun qavraması, riyazi biliyi yoxdur, əli də yatmır  işin incəliyinə, məcbur geri göndərirəm ki, barı, ayrı sənət öyrənsin. Düzdür, ulularımız deyib ki, “sənətkar günortayadək ac qalar”, lakin sənətkar da ortaya sənət qoymalıdır axı.  İndi Şəkidə belə, bəzi yerlərdə özünə “şəbəkə ustası” deyən var. Heç nə demirəm, gedin, onların işinə də baxın, bizim işimizə də. Taxta sıyrıqlarından, uyğun olmayan taxtalardan ucuzvari, ölçüsü böyük olan şəbəkələr hazırlayırlar. Onlarla mənim əl işimi özünüz müqayisə edin, özünüz əsl sənətin nə olduğu qənaətinə gəlin.  Ürəyimdən elə keçir ki, şəbəkəni öyrənməyə həvəsi olan gənclərimiz olsun, səbirləri çatsın işləməyə, zehinləri qavrasın həndəsəni.  İşin əziyyətini çəkirsən, bəzən aylarla işləyirsən, sonra nəticəsini görəndə yaşadığın xoşbəxtliyi heç nə əvəz etmir. 42-ci Dünya Şahmat Olimpiadası Bakıda keçirilirdi ha, (1-14 sentyabr, 2016) orada şəbəkədən hazırladığımız şahmat fiqurları nümayiş olunurdu. Hazırda İngiltərədə, İtaliyada, Fransada, Ukraynada, Vatikanda əl işlərimiz var. Azərbaycanın bu qədim sənətinin dünyaya çıxması, dünyada tanınması adama elə xoşbəxtlik yaşadır ki, ölçüyə gəlmir!  

 

Qeyd dəftərçəmə, telefonuma baxıram.  1 m2-də 300-dən başlayaraq 14000-ədək detal olan şəbəkə ustasının əməyi, yaradıcılığı qarşısında yazmaq nədir? Hə, “yazmaq eşqdir!” deyə bir şüarım var.  Bəs şəbəkə? O da bir növ “yazı” deyilmi? Hissləri anladan... Ya da əfsanələri... “Nar şəbəkə”də  “Qanlı daş” əfsanəsi yazılmayıbmı? Əbədiyyən bağrından qan sızmağa məhkum edilmiş o daşın qənimi bir ox atan oğlan idisə, həmdəmi  onun dərdini danışan yaradıcı insan  olsa, kainatın tarazlığı yerinə qayıtmazmı? 

 

 “Ədəbiyyat və incəsənət”

(22.08.2024)

 

Çərşənbə, 21 Avqust 2024 19:00

Heç vaxt ruhdan düşməyin! -

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Yaman tez ruhdan düşür insanlarımız. Sanki hamının bir atımlıq barıtı, bir çimdik səbri var. 

 

Amma gərək belə olmasın. 

İnsan ömrü boyu hədəflər seçər, onlara doğru hərəkət edər. Bir iş alınmasa belə digəri alınacaq, yetər ki inanasan və gözləyəsən. 

Mən sizə Norveçin Bergen şəhərindəki bir abidə barədə danışım. Müəllifi Fredrik Raddum olan bu abidədə üzüqoylu yıxılmış azman bir kişini balaca bir quş yerdən qaldırır. 

Simvolik bir abidədir. Adı da “RUHDAN DÜŞMƏYİN”dir. Yəni, hətta kiçik quş belə sizin xilaskarınız ola, sizi yerdən qaldıra bilərsə, niyə ruhdan düşəsiniz axı?

Dostlar, hazırkı bu çətin zamanlarda yetər ki ruhdan düşməyəsiniz.

Sizə uğurlar!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

 

Planetdə Doktor Albanın kim olduğunu bilməyən və onun bütöv bir nəslin böyüdüyü hitlərinə qulaq asmayan insan çətin tapılar. Nigeriya mənşəli məşhur isveçli müğənninin 90-cı illərdə “It's My Life”, “Sing Hallelujah”, “Look Who's Talking”, “Born in Africa” və bir çox başqa mahnıları İsveçdən çox-çox kənarda da gənclər tərəfindən əzbər bilinirdi. Hətta ingilis dilini bilməyən uşaqlar da Albanın hitlərini oxuyaraq, onun mahnılarının sözlərini qeyri-müəyyən şəkildə xatırladırdılar. Ötən əsrin 90-cı illərinin kumirinin populyarlığı bu günə qədər azalmır. İyul ayında Alban Bakıda “Sea Breeze Resort”da keçirilən DREAM FEST festivalında iştirak edib və burada artistin şəxsi ulduzu da “Walk of Fame” xiyabanında qoyulub.

Alban Uzoma Nvapa AzərTAC-a müsahibəsində musiqi karyerasının necə başlamasından, Bakı haqqında təəssüratından danışıb. 
“Ədəbiyyat və incəsənət” daycest bölümündə Nərgiz Cəfərlinin götürdüyü həmin müsahibəni sizə təqdim edir.

-Alban, salam. Çox şadam və minnətdaram ki, gəncliyimin kumiri Azərbaycanın informasiya agentliyi AzərTAC-a müsahibə verməyə razı olub. Sağ olun.

-Siz də sağ olun. 

-Onda keçək suallara! İlk sualım: Hello Alban! Tell me how you're doing? (Salam Alban! Mənə deyin, necəsiniz? (“Hello Africa” mahnısının sözləri - müəllif)

-Təşəkkür edirəm. Yaxşıyam. (Gülür.)

-Heç kimə sirr deyil ki, Karolinska İnstitutunda diş həkimi ixtisası üzrə təhsil almısan. Bəs musiqi karyeran necə başladı və necə məşhur sənətçi oldun?

-Karolinska İnstitutunda oxuyanda pula ehtiyacım var idi, həftə sonları isə DJ işləyirdim. Məhz həmin dövrdə, 1990-cı ildə hər yerdə ildırım kimi guruldamağa başlayan “Hello Africa” mahnısı meydana çıxdı və çıxışlarım belə də davam etdi.

-Heç diş həkimi işlədinmi?

-Bəli, bir il.

-Bu, necə idi?

-Yaxşı, amma musiqi ilə çalışmaq daha əyləncəlidir.

-Həkim işləmək üçün darıxmırsan?

-Xeyr.

-Albomların milyonlarla tirajla satılıb. Sən hər yerdə görünürdün: televiziya ekranlarında, qəzet və jurnalların üz qabığında. Sonra geniş şəkildə tanınmağa başladın. Bu, həyatda sənə mane oldumu?

-Xeyr. Baxmayaraq ki, bəzən çətin olurdu. Axı məşhur adam bu və ya digər işi görə bilməz. Amma sən bununla yaşayırsan və sonunda öyrəşirsən.

-Musiqi karyeran burada, İsveçdə başlayıb. İsveçli olmayan bir insan üçün İsveç musiqi aləmində bunu etmək çətin deyildimi?

-Biz, ölkəyə yeni gələnlər, bilirik ki, sıfırdan başlamaq həmişə çətindir. Bu məsələdə təcrübəniz olduqda, daha asandır. Amma sonda bacardım.

-Bir müddət işində sakitlik yaranmışdı. Bunun səbəbi nədir və həmin müddətdə nə işlə məşğul idin?

-Körpə uşaqlarım, iki qızım vardı. İndi biri 19, digəri 16 yaşındadır. Uşaqlar dünyaya gələndə, gərək bir az yavaşlayaq.

-Keçək Bakı səfərinə. İyul ayında Emin Ağalarov tərəfindən Bakıda keçiriləcək DREAM FEST festivalına dəvət olundun. Festivaldan və Azərbaycan ictimaiyyətindən hansı təəssüratlarla ayrıldın?

-Bakı çox gözəl şəhərdir. Strukturlaşdırılmış və sakitdir. Tamaşaçılar isə fantastikdir. Mən bu şəhəri və onun insanlarını sevdim. Bakıda bəyənmədiyim heç nə yoxdur.

-Şəhəri gəzməyə, yerli mətbəxin təamlarını dadmağa vaxtın oldumu?

-Biz daha çox maşınla gedirdik. Yeməklərin Asiya və ərəb mətbəxi ilə ortaq cəhətləri var. Qızardılmış ət, çoxlu qızardılmış ət yedim. Ləzzətli idi.

-Adının ulduzu “Sea Breeze”də “Walk of Fame” xiyabanında qoyulub. Bununla bağlı təəssüratını bölüşərdin.

-Oraya gedib bu ulduzu qəbul etmək çox xoş idi. Mükafatın özü evdədir, ofisimdə ona tez-tez baxıram. Ulduzun üzərində “Alban” yazısını görmək çox xoşdur.

-Yerli ulduzlar da xarici sənətçilərlə birgə səhnədə çıxış etdilər. Onların çıxışı ilə maraqlandınmı və ya gələcəkdə kiminlə əməkdaşlıq etmək istərdin?

-Fakt budur ki, bir dəfə pərdə arxasına keçəndən sonra, demək olar ki, dərhal səhnəyə çıxdım. Mənim çıxışımdan sonra yağış yağmağa başladı. Beləliklə, konsert mənim ifamla başa çatdı. Çox təəssüf ki, məndən əvvəl çıxış edənləri görmədim.

-Sonuncu sualım. Bakıya qayıdıb solo konsert vermək istərdin?

-Bəli. Mütləq! Mən Bakını, Azərbaycanı sevirəm. Oraya təkrar getməliyəm? Bu, asandır! Problem yoxdur.

-Ən yaxın zamanda Bakıda solo konsertinə ümid edirik! Xoş söhbət üçün minnətdaram!

-Təşəkkür edirəm!

“Ədəbiyyat və incəsənət”
(21.08.2024)

 

Təbii ki, ədəbiyyatımızda və jurnalistikamızda söz yiyəsi olan Rəşad Məcidin bu gün 60 illik yubileyi günüdürsə, onunla bağlı yazılar, təbriklər də tükənməyəcək. “Ədəbiyyat və incəsənət”in dərc etdiyi növbəti yazı türk tərcüməçisi İmdat Əfşara məxsusdur. 

 

Çağdaş Azərbaycan ədəbiyyatının önəmli təmsilçilərindən biri olan Rəşad Məcid duyğu və düşüncələrini şeir diliylə ifadə edərkən öz “səmimiyyətiylə” önə çıxır. Sadə bir dillə, yalın bir izahı mənimsəyən Rəşad Məcidin şeirlərini oxuyarkən, onun çəkdiyi acıların, yaşadığı sevinclərin, sarsıldığı ayrılıqların, yaşadığı məğlubiyyətlərinin, bitib-tükənməyən gözləməyinin izlərini görmək mümkündür. Bu səbəbdən gələcəkdə onun şeirləriylə əlaqəli araşdırma edənlər bu misraların izinə düşərək onun hayatı və yaşadıqlarıyla bağlı bir çox məlumatı əldə edə biləcəklər.

Rəşad Məcid bu şeir anlayışıyla ədəbiyyata Türk Ədəbiyyatında “I. Yeni” şeir axımının qabaqcılı olan Orxan Vəli ilə eyni pərdədən səslənir. Rəşad Məcid də eynilə Orxan Vəli kimi gündəlik həyatı, həyatın axışını, bu axış içində gördüklərini, yaşadıqlarını, yaşanılanlar qarşısındakı duyğu və düşüncələrini kəlmələrin, məzmunların arxasına saxlamadan, içindən gəldiyi kimi şeirə tökür. Beləcə həyatın içindən gələn bu şeirlərin misralarından bir şair ömrü poetik bir irmaq kimi axıb gedir. Bir hava limanında sevgiliylə ayrılığın, on gün öncəsində göy üzündə yaşanan ayrılıq ağrısını xatırlatmasını təsvir edən aşağıdakı sətirlər şairin şəxsən yaşadıqlarından başqa bir  şey deyildir:

 

Bir azdan göydə olacaqsan,

Buludlardan yuxarıda,

Ulduzlara yaxın

On gün əvvəlki səsim

Yəqin oralarda

10 min metr yuxarıda dolaşır.

 

Rəşad Məcidin bu kitabında yer alan şeirlərindən sevgiyə həsr olunanların böyük bir qismi oxucuda sadəcə “bir” şəxsə yazılmış təəssüratı yaradır. Bütün bu şeirlər sitəm, həsrət, sevgi ilə inşa edilmiş    bir dünyanı yıxıb, darmadağın edən o məchul şəxsə yönəlir… Onun həyatından, könlündən, ruhundan, hətta hüceyrələrindən ayrılıb, qopub gedən bu poetik qəhrəman, sanki bu şeirlərin də müəllifi və yaradıcısıdır…

Şairin həyatındakı bu böyük “ayrılıq”, şairin ruhundan bu bir anda “gediş” ilə yaranan boşluq Rəşad Məcidin həsrət çəkən misralarıyla böyük bir burulğana çevrilir və bu burulğan sanki duyğular seli halında  axıb gələn şeir irmağını içinə çəkib ayrılıq, həsrət, giley-güzar və vəfasızlıq dənizinə sürükləyir:

 

Sən elə telləri qırıb getmisən,

Sən elə yaralar vurub getmisən,

Təpəri yoxdu ki, dözüb dayansın,

Nə mənim dünyamın,

nə bu dünyanın.

 

Rəşad Məcid ayrılıq dənizində, ümidsizcəsinə çırpınan misralarıyla bir “axtarış” içində adətən boğulan sətirlərin müəllifidir. Onu bu axtarışa yönəldən hiss iliklərinə qədər işləyən və sonra daşa dəyən sevginin zəif də olsa parlayan ümid işığıdır. Gedənin qayıdacağına aid şairin ürəyində cücərən bu ümid onun misralarında həsrətə, darıxmaq hissinə qarışaraq bir çağırışa dönür:

 

Azdı, ya çoxdu demə,

Bir gündə iki görüş.

Giribdisə araya,

Acı söz, süni gülüş,

Bir də qayıt, bir də dön,

Təzə olsun bu gəliş.

 

Rəşad Məcidin şeirlərindəki ümidə tutunaraq edilən bu çağırış  gedənin gəlməyişiylə başqa bir axtarışa çevrilir sanki, şairin bundan sonra aradığı şey “vəfa”dır. Ancaq gedənin “vəfasızlığı” onun şeirində ağrıya, acıya, giley-güzara dönüşür:

 

Sən

“devlə yol gedə” bilməzsən,

Sənin bataqlıqda boğulanı

çıxarmağa gücün çatmaz

Sevgidən ölmək,

Darıxmaqdan ölmək

Ağlına batmaz.

Sənin sevməyə də, sevilməyə də

gücün yetməz.

 

Eşqin qədim kitabında qeyd olunmuş bütün aşiqlərin verdiyi ortaq bir hökm vardır: “Gözəllərdə vəfa yoxdur, axtarma!”

Hətta Füzuli: “Gər dersə ki, Füzuli gözəllərdə vəfa var, Aldanma ki, şair sözü əlbəttə yalandır”- etirafını edir.

Ancaq Rəşad Məcidin ümidləri kiçik bir qığılcımla yenidən alovlanır, ürəyindəki sevgi ümidi yenidən pöhrələnir. Onda gedənin geri qayıdacağına aid ümidlər yox olmur, bu gözləyiş başqa şeirlərə, misralara sirayət edir:

 

Boğuluram səfalət içində, 

Həyat adlanan

bu bataqlıqdan

çıxmağa gücüm qalmayıb

Bu yandan da sən gəlmirsən.

 

Sevgilinin dönməyəcəyi gerçəyi ilə dəfələrlə qarşılaşan, amma bu gerçəyə inanmaq istəməyən Rəşad Məcid hər şair kimi bir təsəlli qapısı axtarır. Nəhayət xatirələri bağrına basaraq o qapını aralayan Rəşad Məcid də “Bir də gəlməyəcək sənin tək qadın” təsəllisinə sığınır. Bu təsəlliylə keçmişin xatirələriylə könlünü, ruhunu ovunduran şair az qala “sevgidə” kamilləşərək daha sonra başqa bir ayrılığın ruhunda yaratdığı sarsıntıları tərənnüm etməyə başlayır…

Bu ikinci “ayrılıq” Rəşad Məcidin doğulub böyüdüyü yurdundan, torpağından ayrılıqdır. Onun bu kitabda yer almasa da, Qarabağda talan olmuş uşaqlığının və gəncliyinin şəhəri Ağdama, Laçına, Şuşaya yazdığı həsrət və özləm dolu şeirlərini bilirik. Bu kitabda yer alan və “Şuşa Dəftəri”  başlığıyla yazdığı şeirlərsə onun otuz il sonra vətən toprağıyla qovuşmağının tərənnümündən ibarətdir.

Rəşad Məcid gözəllərdən bir vəfa görməsə də, vəfalı vətən toprağına qovuşduğu üçün xoşbəxtdir. Çünki, onun poetikasında o topraqlar heç dəyişmədən əsl sahiblərini gözləyən sadiq bir sevgilidir. “Mənim sadiq yarım qara topraqdır” deyərək əbədi gerçəyi dilə gətirən Aşıq Veysəl kimi  Rəşad Məcid də bu vəfa və sədaqət qarşısında heyranlığını gizləyə bilmir. Öldüyümüz zaman belə bizi bağrına basan vətən toprağıyla görüşməkdən, toprağın vəfasından dolayı özünü xoşbəxt sayır. Çünki otuz il öncə vətən torpağından ayrılan, ayrılmağa məcbur qalan şair yenidən o torpaqlara döndüyündə torpaq onu köksündə çobanyastığı, kəklikotu, lalələr, güllər və çiçəklərlə qarşılayır. İsa Bulağı da, Turşsu da, Kirs Dağı da, Cıdır düzü də öz yerindədir və əsl sahiblərini gözləyirlər. Sədaqət timsali olan o torpaqlar şairi, dan yeri ağaranda Cıdır düzündə, bir günorta vaxtı İsa Bulağında, bir axşam üstü Turşşu yaylasında gəzərkən illər öncəsinə, uşaqlıq illərinə geri qaytarır:

 

Turşsudan doldurub şüşəni

Bir dəstə çiçək dərib

Yoxuşa dırmanırkən

Baxsan özünə…

Ey şair! İnan ki, bu

Turşşuyun hikmətidir,

Səni keçmişə göndərir

Körpə uşağa döndərir…

 

“Şuşa Dəftəri” Rəşad Məcidin Türkiyədə çıxan dördüncü kitabıdır. Daha əvvəl onun Türkiyədə “Bir Daha Gəlməyəcək (Şeirlər)”, “Dəlicəsinə” (Esselər), “Qələmsiz Yazılanlar”, (Sosial Media Ədəbiyyatı) adlı kitabları çap olunub. Türk oxucularının yaxından tanıdığı Rəşad Məcidin daha çox sərbəst vəzndə qələmə alınmış bu şeirlərinin də maraqla qarşılanacağını ümid edirəm.

Bu yaxınlarda Rəşad Məcidin 60 yaşı tamam olur . Çap etdiyimiz “Şuşa dəftəri” kitabı da  “Türk Ədəbiyyatı Vəqfi” tərəfindən doğum günü münasibətilə əziz dostumuza yubiley hədiyyəsi olsun. Onu ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzulayıram…

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

Çərşənbə, 21 Avqust 2024 16:32

Fazil Mustafa Rəşad Məcidi təbrik edib

 

 

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini , “525-ci qəzet”in baş redaktoru, tanınmış ictimai xadim Rəşad Məcidin 60 yaşı tamam olur (21.08.1964-cü il, Ağcabədi).

 

Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Rəşad Məcidi yubileyi ilə bağlı təbrik edib. 

“Ədəbiyyat və incəsənət” portalı Təbrik məktubunun mətnini təqdim edir:

 

“Hörmətli Rəşad müəllim,

Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yaradıcılıqda və ictimai fəaliyyətdə yeni uğurlar diləyirəm!

 

Siz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ünlü məzunlarındansınız və jurnalistika sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinizlə seçilirsiniz.

Əmək fəaliyyətinə 1985-ci ildə "Elm və həyat" jurnalında başlamış, 1990-cı ilədək həmin jurnalda çalışmısınız.

1990–1991-ci illərdə isə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müavini vəzifəsini daşımısınız.

1991–1992-ci illərdə öncə "Ədalət" və "Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini olmuş,

1992-ci ildə isə "525-ci qəzet"i təsis etmisiniz. Uzun illərdir, bu ünlü mətbu orqanın baş redaktorusunuz. 

1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi vəzifəsində çalışmısınız.

1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsini daşımısınız.

 

2003-cü il martın 15-də keçirilən Azərbaycan Mətbuat Şurasının təsis Qurultayından (Azərbaycan Jurnalistlərinin I Qurultayı) bəri, hər Qurultayda İdarə Heyətinin üzvü, Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında isə Mətbuat Şurasının sədri seçilmisiniz.

 

Azərbaycan Prezidentinin Sərəncamına əsasən,

2016 və 2020-ci illərdə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü olmusunuz.

Müxtəlif illərdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunmusunuz.

 

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin Gənclərlə iş üzrə katibi seçilmisiniz;

2021-ci ilin iyul ayından isə Birlik sədrinin müavinisiniz.

 

Qardaş Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və KKTC-də, habelə

ABŞ, Almaniya, Belçika, Böyük Britaniya, Fransa, Güney Koreya, Küveyt, İtaliya, Polşa, Rusiya, Ukrayna, Yunanıstan və b. ölkələrdə mətbuatla, ədəbiyyatla bağlı bir çox tədbirin iştirakçısı olmuş, dəfələrlə Avropa Şurasının Parlament Assambleyasının iclas və toplantılarında mətbuat nümayəndəsi kimi Azərbaycanı təmsil etmisiniz.

 

Siz bir sıra mükafatlara təltif edilmiş, Prezidentin bu il 20 avqust tarixli Sərəncamı ilə media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinizə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüsünüz.

 

Sizi yubileyinizlə, yüksək ordenə layiq görülməyinizlə, ictimai və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm.”

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

Çərşənbə, 21 Avqust 2024 14:52

Fazil Mustafa Oleq Kuleba ilə görüşüb

 

26 saylı Sabunçu Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizəd, 

Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Viktoroviç Kuleba ilə görüşüb. 


“Ədəbiyyat və incəsənət” xəbər verir ki, görüş namizədin seçki qərargahında keçirilib. 
Fazil Mustafa missiya rəhbərini maraqlandıran sualları cavablandırıb.
O, seçkilərin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyini, özünün və seçki qərargahının hər hansı bir problemlə qarşılaşmadığını bildirib.
Oleq Kuleba öz növbəsində Fazil Mustafanı təmsil etdiyi missiyanın fəaliyyəti haqqında bilgiləndirib.

“Ədəbiyyat və incəsənət”
(21.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.