Super User
YAZIÇI VƏ CƏMİYYƏT: Adəm İsmayıl Bakuvi “Növbəti Laçın şəhəri gününə nə ilə gedirik?”
“Ədəbiyyat və incəsənət” portalının Yazıçı və cəmiyyət rubrikasında bu gün söz yazıçı Adəm İsmayıl Bakuvinindir.
İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, böyük strateji əhəmiyyətə malik olan Laçın rayonunun ermənilər tərəfindən işğalı bütün Azərbaycan üçün böyük faciə idi. Bu rayonu ələ keçirməklə Ermənistan ilə keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yarandı ki, bu da digər ərazilərimizin sonrakı işğalına zəmin yaratdı. Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qoyulmuş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Lakin Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ savaşında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Belə bir mühüm faktı da qeyd etmək lazımdır ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən görülən tədbirlər gələcək nəslin vətənpərvər ruhda formalaşması baxımından da böyük önəm kəsb edir. Bu məqsədlə Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Bundan başqa dövlət başçımızın müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Məlum olduğu kimi, Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin son dörd ildə Laçına etdiyi çoxsaylı səfərləri burada görülən işlərin xüsusi diqqətdə saxlandığını nümayiş etdirir. Həmçinin bu səfərlərin hər biri mühüm obyektlərin təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən dövlətimizin başçısı tərəfindən təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşməklə, strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da böyük töhfə verəcək.
“Ədəbiyyat və incəsənət”
(23.08.2024)
Xuraman Muradova Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib
Azərbaycanlı şairə Xuraman Muradova Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
AzərTAC xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil edilmiş tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, ədəbiyyatsevərlər, media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid sözügedən qurumun tarixindən və ədəbiyyatın inkişafında oynadığı roldan söz açıb. O, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrin, o cümlədən türkdilli ölkələrlə əlaqələrin yaradılmasındakı rolundan danışıb.
Azərbaycanlı şair və yazıçıların təşkilata üzv olmasının əhəmiyyətindən söz açan S.Seyyid şairə Xuraman Muradovaya Özbəkistan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edib.
Daha sonra çıxış edən şairə ona göstərilmiş etimadı yüksək qiymətləndirərək gələcəkdə daha böyük həvəs və əzmlə çalışacağını, iki qardaş ölkə poeziyasevərlərinin zövqünü oxşayacaq əsərlər qələmə alacağını söyləyib.
Çıxış edənlər Xuraman Muradovanı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.
“Ədəbiyyat və incəsənət”
(23.08.2024)
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.
“Ədəbiyyat və incəsənət” nazirliyə istinadən xəbər verir ki, mədəniyyətimizin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.
Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bu ehtiyac eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.6-cı yarımbəndinə və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndində də əksini tapıb. Həmin bəndin icrası üzrə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi prioritet məsələdir.
Qeyd olunub ki, bu fəaliyyət istiqamətində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının qurulması ilə bağlı araşdırma aparılır və müvafiq iş planı hazırlanır. Platformanın təkmilləşdirilməsi və yaradılma prosesinin sürətləndirilməsi məqsədilə layihəyə mütəxəssis olaraq “BBC-Maestro” layihəsinin strateji və biznes üzrə məsləhətçisi Nina Larıçeva və “ATA-Association of Turkic Animation” təşkilatının sədri Oktay Yusibov da cəlb edilib.
Vurğulanıb ki, aylıq və ya illik abunə modelinə əsaslanan platformanın öz daxilində yerli və beynəlxalq məzmunları (dublyaj) əhatə etməsi planlaşdırılır. Həmçinin platformada tamaşaçılara yüksəkkeyfiyyətli, mədəni rezonans doğuran proqramların təqdim edilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(23.08.2024)
Bu gün Sankt-Peterburqda LEFF kinofestivalı açılacaq
Bu gün Sankt-Peterburqda Rusiya və MDB ölkələrinin V Beynəlxalq Film Festivalı – “Lendoc Film Festival” (LEFF) rəsmən açılacaq.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, festival beş ildir ki, “Lendok” kinostudiyası tərəfindən “Kinokultura” cəmiyyəti ilə birgə keçirilir və bu il də Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, Mədəniyyət Təşəbbüsləri Fondu və Sankt-Peterburq Mədəniyyət Komitəsinin dəstəyi ilə təşkil olunur.
Son illərdə LEFF Sankt-Peterburqun mərkəzi tədbirlərindən birinə çevrilib, Rusiya ilə dost ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və MDB ölkələrinin kino xadimlərinin yaradıcı qüvvələrinin konsolidasiyasına yönəlib. Festivalın qonaqları arasında Azərbaycan, Belarus, Gürcüstan, İraq, Hindistan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tacikistan və Özbəkistan nümayəndələrinin olacağı gözlənilir.
Avqustun 27-də federal kanalların, rəqəmsal platformaların, film yayımı şirkətlərinin rəhbərləri, həmçinin MDB ölkələrinin dövlət kino müəssisələrinin başçılarının daxil olduqları münsiflər heyəti birgə istehsal layihələrinin pitçinqini keçirəcək. Pitçinqin aparıcısı Rəqəmsal Televiziya ASC-nin kino kanallarının direktoru İvan Kudryavtsev olacaq.
Yekun pitchinqdə prodüser dəstəyi alacaq qalib layihələrin birgə istehsalı ilə bağlı müqavilələr imzalanacaq.
“Lendok” kinostudiyası gənc kinorejissorlar və festivalın qonaqları üçün kino sənayesi peşəkarlarının iştirakı ilə bir sıra dəyirmi masalar və ustad dərsləri də hazırlayıb. Onların arasında Əli Xamrayevin ustad dərsi, “Debütə aparan yol” və “Sənədli filmlər yayım dövründə: bu gün hansı filmlərə ehtiyac var?” mövzularında dəyirmi masalar, həmçinin prodüser və operator Aleksandr Rubanovla yaradıcılıq görüşü var.
Festivalın üç müsabiqə proqramında - bədii, qeyri-bədii və “Lendocstart” tələbə filmləri müsabiqəsində münsiflər heyəti və tamaşaçılar bir sıra dünya və Rusiya premyeraları da daxil olmaqla 36 filmi qiymətləndirəcək. Nümayişlər “Lendok” kinostudiyasında, “Aurora”, “Dom Kino” və “Rodina” kinoteatrlarında, “Lenfilm” kino mərkəzində və “Kapella”da baş tutacaq.
2024-cü ildə festival ikinci dəfə beynəlxalq müsabiqə elan edib və təşkilatçılara Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, İspaniya, İtaliya, İsrail, Argentinadan 700-dən çox müraciət daxil olub.
“Lendocstart” tələbə filmləri müsabiqəsi bu il ilk dəfə keçirilir və altı bədii və səkkiz sənədli filmə bölünən iki bloka 14 ekran əsəri daxildir.
Bütün festival nümayişləri tamaşaçılar üçün pulsuzdur.
Festival avqustun 27-də başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(23.08.2024)
Şair-publisist İntiqam Yaşar Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib
Könül, “Ədəbiyyat və incəsənət”
Özbəkistan -Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında fəal fəaliyyəti ilə seçilən şair-publisist İntiqam Yaşar Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Hazırda Dünya Gənc Türk Yazarlar Birliyinə rəhbərlik edən şairin bu vaxta qədər Bakıda "İlk görüş" "...və susarsan", "Evdə yoxam" "Adını çəkirəm", Təbrizdə “Bütün xatirələr sənə qalacaq" adlı şeir kitabları çap olunub. İntiqam Yaşarın şeirləri və publisistik yazıları mütəmadi olaraq Özbəkistanın nüfuzlu mətbu orqanlarında dərc olunur.
Şairin başçılıq etdiyi qurumda Özbəkistanın gənc yazarları təmsil edilirlər.
Şairi Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsi münasibəti ilə təbrik edib təəssüratlarını soruşduq. O, bildirdi:
-Əlbəttə ki, türk dünyasının siyasi-iqtisadi birliyi qədər mədəni birliyi də prioritet məsələdir. Və bu sahəyə töhvə verə bildiyim üçün özümü xoşbəxt sanıram.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
Vikipediyanın Türk dili bölməsində Zəngəzur təbliğ olunacaq!
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Biz Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr barədə mütəmadi məlumatlar alırıq. Mərkəzin növbəti layihəsi “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında Türk dilində bölmənin redaktə olunaraq istifadəyə verilməsidir.
Bu barədə məlumat almaq üçün mərkəzin rəhbəri Samir Abbasova müraciət etdik və aşağıdakı bilgiləri əldə etdik:
Bölmədə, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurmahalı barədə geniş ensiklopedik məlumatlar öz əksinitapmışdır. Yazıda Zəngəzur mahalının zəngin tarixi, təbiəti, kəndləri haqqında oxuyucalara məlumat verilib.
Yeni yaradılmış bölmədə qeyd olunur ki, Zəngəzur indiki Ermənistan və Azərbaycanın böyük bir hissəsini əhatə edən tarixi bölgədir. “Zəngəzur silsiləsinin bir hissəsini, Kiçik Qafqazın ən uzun dağ silsiləsini əhatə edən tarixi Zəngəzur mahalının şərq hissəsi - Şərqi Zəngəzur, indiki Ermənistan dövlətinin ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır.”
Tarix bölməsində Azərbaycan Atropatena və Alban Dövlətinin tərkibində olan Zəngəzurun Böyük Səlcuqlu dövləti, habelə orta əsrlərdə Azərbaycan dövləti olan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində bir bölgə olduğu, 1813-cü ildə Gülüstan, 1828-ci ildəTürkmənçay müqavilələrinə əsasən Rusiya imperiyasının nəzarətinə keçməsi qeyd olunur.
Yazıda 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan ərazisindən) təkcə Zəngəzurlular deyil, Göyçə, Dərələyəz və İrəvan mahalı sakinlərinin də öz ata-baba yurdlarından qovulduğu və terrora məruz qaldığı, habelə tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı vurğulanır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” sitatı da yer alıb.
Bundan başqa, sözügedən bölmədə, həm də ayrıca bölmə olaraq “Zengezur Koridoru” adlı məqalə istifadəyə verilib.
Bölmədə qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycanın əsas hissəsinə birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir.
Məqalədə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunur.
Bölmədə 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakı, erməni işğalçılarında nazad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.
Sonda oxucularımıza bildirək ki, Zəngəzur adlı bölmə iləhttps://tr.wikipedia.org/wiki/Zengezur linkində, Zəngəzurkoridoru adlı bölmə iləhttps://tr.wikipedia.org/wiki/Zengezur_Koridoru linkindətanış olmaq mümkündür.
Bizimsə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə belə bir layihə həyata keçirdiyi üçün minnətdarlıq etmək borcumuz qalır.
Həqiqətən də dəyərli işdir!
“Ədəbiyyat və incəsənət”
(22.09.2024)
Halal çörək barədə MONOQRAFİYA
Təqdim edir: Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Abdulla Atakişiyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı İdarəsində Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Düşünürük ki, onun bu məqaləsi hamı üçün maraqlı olacaq.
Əziz dost!
Heç vaxt tutduğun vəzifəyə arxalanaraq, imkanına güvənərək, zəhmətlə, alın təri ilə, qabarlı əlləri ilə,halallıqla çörəyini qazanaraq, ailəsini dolandıran insana rişxəndlə, yuxarıdan aşağı baxma!
Unutma ki, həyat çox aldadıcı və etibarsızdır! Bir də görürsən ki, “Hətta şahın da dilənçiyə işi düşür, ona möhtac olur!!!
(A.Atakişiyev)
Yer üzünün əşrəfi olan insan hazırki, müasir şəkilə düşmək üçün üzün, keşməkeşli və tarixi bir yol keçmək məcburiyyətində qalmışdır. Ən qədim insanlar xarici görkəmlərinə görə insanabənzər meymuna oxşar idi. İnsan müasir görkəmə düşənə qədər üç böyük tarixi inkişaf mərhələsi keçmişdir. Ilk mərhələyə ən qədim insanlar (arxantroplar), ikinci mərhələyə ibtidai insanlar (paleantroplar) və üçüncü mərhələyə isə müasir insanlar (homo sapienslər) aiddir.
Alimlər ən qədim insanların sümüklərinin qalıqlarına əsasən onların xarici görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna oxşayırdılar. Onların beyinləri meymun beynindən böyük, müasir insan beynindən kiçik idi, əlləri dizə qədər uzanır və çox kobud bir şəkildə idi. Ayaq üstə gəzir, əlləri ilə sadə işlər görür, ov edir, yem toplayır, müdafiə olunurdular. Alınları ensiz və arxaya maili idi.
Ən qədim əmək alətlərini insanlar daşdan hazırlayırdılar. Buna görə də tarixin ilk dövrü daş dövrü adlanır. Daş dövrü 2 milyon il davam etmişdir.İnsanların ən qədim və ilk əmək aləti sivri daş, dəyənək və yer qazan çubuq olmuşdur. Əmək alətinin hazırlanması insanın əmək fəaliyyəti ilə məşğul olmağa başlamasının nəticəsi idi.
İnsanın ardıcıl əmək fəaliyyəti onun bütün orqanizminin tədricən inkişaf edib, dəyişməsinə səbəb olmuşdur.Əsasən insanın ən çox əli və beyni inkişaf etdi. Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı insan” adlandırırlar. Daş əmək alətləri, əsasən, vulkanik süxur parçaları olan şüşə, dəvəgözü, çaxmaqdaşı, tuf və əhəng daşından hazırlanırdı.
Çaxmaqdaşı tez sındığı və ondan iti qəlpələr əmələ gəldiyi üçü ondan düzəldilən əmək alətləri geniş yayılmışdı.
İnsanlar əmək prosesində topladıqları təcrübəni təkmilləşdirərək, nəsildən-nəsilə ötürmüşlər. Onlar əsrlər keçdikcə daha təkmil əmək alətləri hazırlayırdılar. Bir neçə yüz min il bundan əvvəl “bacarıqlı insan” daşdan əl çapacağı, qaşov, bıçaq, sümükdən biz, iynə hazırlayır, 20-30 min il bundan əvvəl isə balıq ovu üçün sümük və buynuzdan harpun düzəldirdi.Insanın ilk paltarı dəridən, onun daldalandığı yurdlar isə təbii mağaralar olmuşdu. Düzən yerlərdəki insanlar mamont sümüyündən və dəridən yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru, nitqi və əli inkişaf etdi.
Paleolit dövrünün sonunda, təqribən 40 min il bundan əvvəl neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. Alimlər bu insan tipini “ağıllı insan” (Homo Sapiens) adlandırdılar.
Ağıllı insanın beyni “bacarıqlıinsan”ın beynindən iki dəfə böyük idi, nitqi aydın idi, məntiqi düşünməyi bacarırdı, qaməti düz, boyu hündür idi, iri kobud əllər isə ən mürəkkəb işlərin görülməsi üçün inkişaf edərək, təkmilləşmişdi. Artıq insan görmək istədiyi hər hansı bir işi əvvəlcədən fikirləşir və sonra əllərinin vasitəsi ilə onu həyata keçirirdi.Beləliklə, illər keçdikcə insan əllərinin vasitəsi ilə yer üzərində sözün əsl mənasında xariqələr, möcüzələr meydana gəlməyə başladı.
İnsan tədriçən mağaralardan çıxaraq öz əlləri ilə yaratmağa müvəffəq olduğu evlərdə, qəsrlərdə, saraylarda, insan məskənləri olan müasir kənd və şəhərlərdə yaşamağa başladı. İnsan əllərinin vasitəsi ilə bu gün də heyrət və təəccübə səbəb olan Misir ehramları, Mayya abidələri, Tac-Mahal məqbərəsi, Qız qalası və nəhayət ki, bu günün möcüzəsi sayılan məşhur Alov qüllələri inşa edildi.
Bir sözlə, yer kürəsi insan əllərinin köməkliyi ilə möcüzələr diyarı olan cənnət məkana çevrilmişdir.Bir anlıq iksan əlləri ilə yaradılmış bütün maddi və mənəvi nemətləri yer üzündən götürmək mümkün olsa, onda görün yer kürəsi nə şəkilə düşər. Əlbəttə, bunu fikirləşmək belə adamı qorxudur, üşütməyə salır.
Tarixin bütün dövrlərində insan əllərinin yaratdıqları, mütərəqqi fikirli şəxslərin, şəxsiyyətlərin, dahilərin diqqətindən yayınmamışdır.Bu böyük dühalar əmək, zəhmət və onun insana bəxş etdiyi maddi, mənəvi nemətlərə yüksək qiymət vermiş, onu tərənnüm etmişlər.
Böyük şəxsiyyətlər tərəfindən fiziki əməyə verilən yüksək dəyərləri xatırlatmaqla həmin insanların həmişə yaşar ruhlarını yad etmək bizim insanlıq borcumuzdur:
Ş.Balder:”Çox işlədikcə daha yaxşı işləyir və o qədər də həvəslə işləmək istəyirsən.” H.B.Zərdabi:”Fiziki əmək, necə deyərlər, xəstəlikləri müalicə edir, şərə qalib gəlir, insanda əxlaqi intibah əmələ gətirir.”
B.Franklin:” Əmək xoşbəxtliyin atasıdır.”
N.Zolya:”Ən böyük həqiqət əməkdir, həyatın bütün nəşəsi yaradıcılıqdır. Yaratmaq ölümü öldürmək deməkdir.”
N.Ostrovski:”Əmək bütün xəstəliklərin ən vacib loğmanıdır, əməkdən fərəhli heç bir şey yoxdur.”
T.Edisson: “İnsan eşitdikləri və dedikləri ilə deyil, əmək və fəaliyyəti ilə kamilləşir.Düha-on faiz istedaddan və doxsan faiz tər tökməkdən əmələ gəlir.”
K.Maraks:”Əmək həyat lampasına yanacaq tökür, düşüncə isə onu yandırır.İnsan fəaliyyətinin bütün sahələri böyük bir təməl-əmək, məhz əmək üzərində inkişaf edir, əməyin ecazkar təsiri insan tərbiyəsinin də əsasıdır. Heç bir cəmiyyət əməksiz mümkün deyil.”
M.Qorki:”Dünyanı tərpədmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi azad əməkdir.”
Volter:”İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir.”
İ.R.Bexer:”Nə vaxt ki, qəmlisən işlə.Bu, kədəri qovmaq üçün yeganə vasitədir.Heç nə iş qədər adamı cansıxıcı boşluqdan xilas etmir.”
V.Hüqo: “Öz əllərinin zəhməti ilə yaşaya bilmək böyük səadətdir.Tənbəllik anadırsa, onun oğlu oğurluq, qızı isə aclıqdır.”
Sədi: “Xəzinə tapmq üçün zəhmətə qatlaşmaq lazımdır.”
N.Gəncəvi: “Hər halda sən çalış, həyat əməkdir, Cənnət kahallığı nəyə gərəkdir.Xəzinə kəşf etmək istəsən əgər, Hər bir çətinliyə tab et, sinə gər.Həyatın cövhəri yalnız əməkdir,Zəhmətsiz bir insan nəyə gərəkdir.”
F.Engels: “Əmək bütün insan həyatının birinci əsas şərtidir, həm də o dərəcədə belə əsas şərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü əmək yaratmışdir.”
Məhəmməd peyğəmbər s.ə.s. buyururdu: “İbadət yetmiş qapıdır(qisimdir), bunlardan ən üstünü halal yolla ruzi qazanmaq üçün çalışmaqdır.
Şübhə yoxdur ki, Allah, qulunun halal ruzi qazanmaq yolunda əziyyət çəkdiyini, yorulduğunu görməyi sevər.Kim halal ruzi qazanarkən yorulub yatarsa, günühları bağışlanmış halda yatar.”Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.ə.s.): "İbadət on parçdadan ibarətdir. Bu on parçanın doqquzu halal ruzini axtarmaqdadır," – buyuraraq halal-harama diqqət etməyin əhəmiyyətini vurğulamış; bir çox hədislərində ruzi axtaranları öymüş və ümmətini halal qazanca təşviq etmişdir. Rəsulullah (s.ə.s.) bir bəyanında: "Elə günahlar var ki, onları nə namaz, nə oruc, nə də həcc təmizləyə bilər. Onları ancaq yaşayışını təmin etmək üçün işləyərək silə bilər," – buyurmuş, bir başqa hədisdə də: "İşləməkdən əlləri qabar olmuş və yorğun yatan insan bağışlanar, günahlarından qurtular!" – deyə müjdəsini vermişdir. Allah Rəsulu (s.ə.s.) alın təri ilə ailəsinin yaşantısını təmin edən hər kəsi təqdir etmiş və bu mövzuda mütəmadi olaraq səhabələri halal gəlirə təşviq etmişdir. Məsələn, bir gün Peyğəmbərimiz (s.ə.s.) Sad bin Muaz (r.a.) ilə qarşılaşanda ona əl verib görüşmüş və Həzrəti Sadın əllərinin qabar-qabar olduğunu görüncə bunun səbəbini soruşmuşdur. Böyük səhabə: "Ailəm üçün işləməkdən belə oldu!" – deyincə Həbibi-Əkrəm:"Budur Allahın sevdiyi əllər!.." – buyuraraq əziz dostunun qabarlı əllərinə işarə etmişdir.
Uca Rəbbimiz hər sözü və nümunəvi həyatı ilə göstərmişdir ki, bu qısa həyat elə və ya belə keçib gedir.İnanan insan gördüyü işin asanlıq və çətinliyindən asılı olmayaraq gəlirin halal yoxsa haram olduğuna baxmalı, nə olur-olsun, halal ruzi təmin etməyə çalışmalıdır. Yeri gələndə o, daş yonmalı, ya da əlinə bir bel alıb iş axtarmalı, yeri gələndə başqasının torpağını belləməli, bir başqasına yol açmalı və mütləq Haqq-Təalanın halal saydığı bir yolla yaşayışını təmin etməlidir.Bəli, halal gəliri əldə etmək qayəsi ilə görülən işin mahiyyəti əhəmiyyətli deyil. Bəziləri müəyyən işləri alçaldsa da, hər halal iş Allahın nəzdində məqbuldur.Sələfləri peyğəmbər haqqındabelə deyirdilər:”Kişilər evdə nə iş görərdisə, o da görərdi.Ulağa minərdi, ayaqqabılarını özü təmir edərdi, köynəyini özü yamayardı.Bayram namazına piyada gedər və oradan piyada qayıdardı.”Peyğəmbər özü barədə deyirdi:”Mən də bir qulam; qul kimi yeyirəm, qul kimi içirəm, qul kimi oturub-dururam.Mən çəkdiyim əziyyətləri heç kim çəkməmişdir.”
Atalar belə demişdir:Əmək yoxdur-yemək yoxdur.İş insanın cövhəridir.İnsanı əmək ucaldır.İşləməyən dişləməz.Qismətə yox, zəhmətə ümid ol. N.Gəncəvi “ Kərpic kəsən kişinin dastanı” şerində deyirdi:
Onunçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Son dövrlərə qədər əmək-zəhmət adamı hörmətli, izzətli, sayılıb-seçilən adam, sözün əsl mənasında qəhrəman idi.Onun adına neçə-neçə şeirlər, hekayələr, povestlər, romanlar yazılmış, kino filmlər çəkilmiş, mahnılar bəstələnmişdir.Sürəyya, Qızqayıt, Tərlan, Neftçi Qurban, Çoban Qara, Sərdar və bu kimi neçə-neçə mahnılar efirlərin, radio dalğalarının yaraşığına çevrilmiş, dillər əzbəri olmuşdur.Əmək qəhrəmanlarına fəxri adlar verilmiş, onlar qurultayların nümayəndəsinə çevrilmiş, deputat seçilmişlər, rəsmi və ədəbi-bədii tədbirlərin, gecələrin fəxri qonaqları olmuşlar. Ancaq zaman, dövr dəyişmiş insanların əmyə, zəhmətə, zəhmətkeşə münasibətində müəyyən dəyişikliklər baş vermişdir.İndi ağır fiziki əmək, zəhmət tələb edən işlərdə işləmək istəyənlərin sayı o qədər də çox deyil.Təəssüf ki. bir çox insanlar zəhmət çəkmədən, tər tökmədən yaşamaq, var-dövlət, ev-eşik, şan-şöhrət, ad-san, hörmət sahibi olmaq iddiasındadır.
Zaman keçdikcə bu fikirdə, düşüncədə baxışda olanların sayı durmadan artır.
Ətrafımızda baş verənlər, bilərəkdən və ya bilməyərəkdən aparılan təbliğat da bir başa buna təkan verir.
Artıq çoxdandır ki, insanların əmək münasibətlərini tənzimləyən bir çox rəsmi sənədlərdə də zəhmət, zəhmətkeş sözlərinə rast gəlmək mümkün deyildir.
Bəlkə bu da, qloballaşan dünyamızın bizə bəxş etdiyi yeniliklərdən biridir.
Dəfələrlə olubdur ki, mənimlə əl verib salamlaşan, görüşən insanlar əlimdəki qabarları hiss edərək, təəccüblə, əlimdəki bu kobud qabarların səbəbini, hadan və nədən qaynaqlandığını məndən soruşublar. Əlbəttə ki, qabarların bir səbəbi, qaynaq nöqtəsi, mənbəyi vardır,- bu halal zəhmət, halal əməkdir. Mənim mərhum valideyinlərim atam Zabit kişi, anam Bəsti xanım sözün əsl, tam mənasında zəhmətdən, əməkdən, halallıqdan yoğrulmuş insanlar idi.Atam ömrünün son günlərinə qədər əlini işdən çəkmədi.Atamın zəhmətdən qabar bağlamış, kobudlaşmış, barmaqları əyilmiş əlləri – fədakar zəhmət adamının əlləri kimi xatirələrimdə yaşayır.Gəncliyini, ömrünün ən yaxşı vaxtlarını övladlarına həsr eləmiş anamın sərt, dərisi cadar-cadar olmuş əlləri daim gözümün qabağına gəlir. Görüşəndə saçlarıma tumar çəkən, dəfələrlə öpdüyüm o sərt, qabarlı əllər gözümün önündə canlanır.Odun doğrayan, ot biçən, alaq təmizləyən, inək sağan, təndir qalayan, çörək yapan o əllər sərt, qabarlı əllər yadıma düşür, məni xatirələrimin qanadına alıb uşaqlıq, yeniyetməlik, gənclik dövrlərimə, qayğısız atalı-analı övladlıq dövrlərimə aparır.Çox təəssüf ki, bu dövr çox tez başa çatdı.Ancaq mənə təsəlli verən hal odur ki, mən valideynlərimdən əməyə, zəhmətə, zəhmətkeşə hörməti öyrəndim.Alın təri ilə, zəhmətlə, qabarlı əllərlə halal çörək qazanmağı mənimsədim.Elə buna görə də bütün həyatım boyu mən valideynlərimə borcluyam və əlbəttə ki, onlara duaçıyam.
Valideynləriin qanından, canından süzülüb gələn zəhmətsevərliyin, halallığın nəticəsidir ki, bu gün qardaşlarım Mübariz, Baris, Səttar, bacım Almaz ailəsini zəhmətlə, alın təri ilə qazanılan çörəklə, alnı açıq, üzü ağ şəkildə dolandırır.Mən də halal çörəyi torpaqdan çıxan bir kəndli-kolxozçu ailəsində dünyaya göz açan bir insan kimi zəhmətin ağırlığını, şirinliyini hələ lap kiçik yaşlarımdan öz çiyinlərimdə hiss etmişəm.Həyət yanı təsərrüfatda və kolxoz sahəsində valideynlərimlə çiyin-çiyinə çalışaraq ailə büdcəsinə öz töhfəmi verməyə çalışmışam.Bu gün yaxınlarımda təəcüb doğuran əllərimdəki o kobud qabarların bünövrəsi ilk uşaqlıq vaxtlarımda qoyulub və bu gün də davam edir.Əmək, zəhmətsevərlik halallıq bizim nəslimizdə, kökümüzdədir, qanımıza, canımıza hopub, nəsildən - nəsilə keçmişdir. Həyat yolunda mənə yoldaşlıq edən Nəzakət xanım da əsası zıhmətlə, halallıqla qoyulmuş ailə qalasının tədricən, yavaş-yavaş ucaldılmasında, başa, ərsəyə gətirilməsində sözün əsl mənasında mənimlə birlikdə “Fərhad kimi külüng çalıb.”Övladlarımızı da bu ruhda, amalda böyütməyə çalışmışıq.Qızlarım Sevinc və Gülnarı, oğlum Məhəmmədi də zəhmətsevərlik, halallıq ruhunda tərbiyə etməyə cəhd etmişik.BÖYÜK YARADANA ŞÜKÜR OLSUN! Kİ, zəhmətimiz, əməyimiz hədər getməyib.Hər üç övladımız zəhmətlə, alın təri ilə çörək qazanaraq, halallıqla ailəsini doladırmağa çalışır.Ümid edirik və inanırıq ki, bu ənənəni gələcəkdə də layiqincə davam etdirmək üçün ULU TANRI bizə güç, qüvvət və tükənmək bilməyən enerji, əməyə, zəhmətə, əlbəttə ki, zəhmətkeşə hörmət və məhəbbət bəxş edəcəkdir!!!
Eyni zamanda cəmiyyətimizdə əməyə, zəhmətə, zəhmətkeşə münasibəti dəyişmək üçün bütün sahələrdə təbliğat, təlim və tərbiyə işi aparılmalıdır.Bu iş ailədən başlamalı, baxça və məktəbdə ardıcıl, davamlı və əlaqəli şəkildə inkişaf etdirilərək, həyata keçirilməlidir.
Gəlin untmayaq və daim yadda saxlayaq ki:
Səadət hər kəsin öz əlindədir,İşində, gücündə, əməlindədir!
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
İKİ BÖYÜK SEVGİ - DƏNİZ VƏ POEZİYA - Natalya Fatyanovadan Faiq Balabəyliyə
Dənizçi şair Faiq Balabəylinin imzası sizlərə yaxşı tanışdır. Bu məktubu və onunla birgə məqaləni Faiq bəyə hazırda Türkiyədə olan
Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Natalya Fatyanova göndərib. “Ədəbiyyat və incəsənət” sərhəd tanımayan ədəbiyyatın təbliği baxımından məktubu və məqaləni dərc edir.
"Əziz Faiq müəllim, Sizi çox az dənizçi olar ki, tanımasın. Siz həm təcrübəli dənizçi, həm də yaradıcılığında dəniz və dənizçi həyatı ilə bağlı bir-birindən maraqlı şeir və pulisist yazıların müəllifi olaraq tanınır, seçilir və sevilirsiniz. Bu kiçik yazımı Sizə olan böyük hörmətimin nümunəsi kimi qəbul etmənizi istərdim.
FAİQ BALABƏYLİNİN HƏYATI VƏ YARADICILIĞI: İKİ BÖYÜK SEVGİDİR-DƏNİZ VƏ POEZİYA.
Kapitan -Şair Faiq Balabəyli haqqında hər iki sahədə, dənizçilik və ədəbiyyat sahəsində yazmaq, özünü hər iki sahədə təsdiq edən böyük bir şəxsiyyət haqda yazmaq, onun haqqında fikirlərini əks etdirmək deməkdir.
O, həm bir gəmi kapitanı, həm də şair olaraq Azərbaycan dənizçiliyinin və ədəbiyyatının tarixinə öz möhürünü vurmuşdur. Faiq Balabəylinin həyatı və yaradıcılığı iki böyük sevgi üzərində qurulub: dəniz və poeziya. Bu iki sahə, onun həyatında bir- birini tamamlayır və əvəzolunmaz bir ahəng yaradır.
Faiq Balabəyli, bir gəmi kapitanı olaraq, illərlə dənizlərdə gəmi idarə edib və bu sahədə böyük təcrübə qazanmışdır. Dənizlə onun arasında olan yaxın əlaqə, onu təkcə bir dənizçi kimi deyil, həm də dənizin sirlərini və dərinliklərini anlaya bilən bir şair kimi formalaşdırıb. Onun həyatının bu iki istiqaməti bir-birindən ayrılmazdır və məhz bu səbəbdən o, xüsusi insanlardan biri kimi yadda qalır.
Faiq Balabəyli yaradıcılığında dəniz onun üçün təkcə bir coğrafi element deyil, həm də dərin məcaz və simvolik bir anlam daşıyır. Onun poeziyasında dəniz, həm dost, həm də düşmən kimi təsvir edilir; bəzən sakit və hüzurlu, bəzən isə amansız və qəzəbli. Balabəyli dənizdə tapdığı sirləri şeirlərində açıb-tökür, oxuculara bu mistik dünyanın qapılarını açır. O, dənizi bir tale, bir həyat yolu kimi qəbul edir və onu bu yolda müşayiət edən hər hissi, hər təəssüratı poeziya ilə təsvir edir.
Dəniz bir gözəl üzüdür,
Xaldır tənha adaları
Dəniz xallı gözəl kimi,
Hey aldadır adamları… və sair.
Faiq Balabəylinin Şeirlərində uzun illərini dənizdə keçirən bir insanın hissləri və xatirələri əks olunub. Bu şeirlərdə dəniz, həyatın özü kimi təqdim edilir, onu yavaş-yavaş anlamağa və sevməyə məcbur edir. Dəniz Faiq Balabəyli üçün həm həyatın gözəlliyini, həm də təhlükələrini özündə birləşdirən bir məhfumdur.
Yaşıl yosunlu dənizim,
Sirli, ovsunlu dənizim
Xırda balıqlarının
Böyümək arzusu
Böyük balıqlarının
Qarmaq qorxusu …
Lövbərlə hörüklənmiş
Gəmilərin yuxusu,
Növbətçi motrosların
Yuxusuzluğu .
Suların sonsuzluğu…
Faiq Balabəyli, dənizçilərin gündəlik həyatı və onların qarşılaşdığı çətinlikləri gözəl və dəqiq bir şəkildə təsvir edən xüsusi istedada və müşahidəyə sahib olan şairdir. O, dənizi təkcə bir iş yeri kimi deyil, həyatın özü kimi qəbul edir və bu, onun poeziyasında bariz şəkildə əks olunur. Balabəyli dənizçilərin dənizlə olan əlaqəsini, onların sevinclərini və kədərini, mübarizələrini və qələbələrini poeziya ilə dilə gətirir.
Yuxarıda qeyd etdiyim kimi, Faiq Balabəyli, həm bir gəmi kapitanı, həm də şair olaraq, Azərbaycan ədəbiyyatına dərin və unudulmaz izlər buraxıb. Onun şeirlərində dənizin sonsuzluğu və dərinliyi təsvir edilərkən, eyni zamanda insan ruhunun da dərinliklərinə eniş edilir. Balabəyli dənizçilik təcrübələrini şeirə çevirərək, oxuculara dənizin gücünü və əzəmətini hiss etdirir.
Faiq Balabəyli, öz həyatını dənizə və poeziyaya həsr etmiş bir kapitan-şair olaraq, Azərbaycanın dənizçilik və ədəbiyyat tarixində əbədi bir yer tutacaq. Onun şeirləri, hələ də oxucuları ilhamlandırır və onun adı hər zaman dəniz və poeziyanın birlikdə yaşadığı bir dünya olaraq xatırlanacaq.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
“Zaman öz-özünü çapır at kimi...“- Hüseyn Bağıroğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Hüseyn Bağıroğlunun şeirləri təqdim edilir.
Möhtəşəm yaradıb
Yaradan səni
Möhtəşəm yaradıb Yaradan səni,
Puç etmə ümidin uca göylərin.
Aparmaz tufanlar aradan səni,
Əzəl incisisən qoca göylərin.
Sən əgər istəsən, istəsən əgər,
Səninlə ağlayıb-gülər bu dünya;
durub ayağına gələr hər səhər,
Hər axşam qapında mələr bu dünya.
Yetər ki, imanla aşıb-daşasan,
Sarmaşıqtək sarmaşasan eşq ilə.
Sən ki, qoca kainatla qoşasan,
Zirvələrə dırmaşarsan eşq ilə.
Ruhunda gizlənən gücü ara sən,
Heyifsən, özündən xəbərsiz olma.
Hər yerdə hər şeyin bətnini görən,
O sirli gözündən xəbərsiz olma.
Qoyma sındırsınlar qanadlarını,
Ulduzdan-ulduza uçmaq üçün sən.
Qopar beynindən o qandallarını,
Göylərin sirrini açmaq üçün sən.
Çəkilib kənardan özünə bir bax,
Sahilsiz ümmansan, dəniz deyilsən.
Di qaldır başını, üzümə bir bax,
And olsun Allaha, aciz deyilsən.
Eşqindən tanıyar
yurd yiyəsini
Lap belə göy uçsa, dünya dağılsa,
İyindən tanıyar it yiyəsini.
Göz gözü görməyən gecə də olsa,
Ahından tanıyar dərd yiyəsini.
Ulu ulusumun ulu yurdu var,
Önündə yol gedər ölməz ordular.
Bu torpaq eşq ilə dönüb yurd olar,
Eşqindən tanıyar yurd yiyəsini.
Bir söz çiçəkdirsə, bir söz də oxdur,
Söz dedik, deyəsən, su da duruxdu.
Qurdun yer üzündə yiyəsi yoxdu,
Göylərdə axtarar qurd yiyəsini.
Dumana düşmüşəm
xəyallarında
Əbədi bir qəmi kürk eləmişəm
Bu əyri dünyanın düz yollarında.
Həyatın özünü dərk eləmişəm,
Dünyanın cavabsız suallarında.
Bu da bu taleyin talesiz günü,
Səni çaş-baş saldı saçımın dəni;
Deyəsən, tanıya bilmədin məni,
Dumana düşmüşəm xəyallarında.
Ürəyi alovlu, gözü qan idim,
Bir gün qürub çağı, bir gün dan idim.
Mən onda ağ atlı bir oğlan idim
Nənəmin sehrli nağıllarında.
Ağ bulud kimi
Elə bil tələsik gedən yeri var,
Zaman öz-özünü çapır at kimi.
Dünən o yamacda quruyan ağac
Bu gün bu yamacda bitir ot kimi.
Həsrətmi küləyi oxudur elə,
Eşqmi, göy qurşağın toxudu elə?!
De, hansı aşiqin ruhudu elə,
Keçir göy üzündən ağ bulud kimi?!
Gözüm su içmədi xam xəyalından,
Özün də diksindin öz sualından.
Qismətin olmasa dünya malından,
Yurdun qürbət kimi, yuvan dərd kimi.
Fitnələr atından yıxanda səni,
Dərələr selində boğanda səni,
Dünya caynağında sıxanda səni
Mələmə quzutək, ula qurd kimi.
Cənubdan əsməsin şimal küləyi,
Döysün hər qapını eşqin gerçəyi,
Sən heç köhnəlmədin, "köhnə" çiçəyim,
Könül sevdi səni, ana yurd kimi.
Adət
Sevəndə
dünyanı ətrə bürümək
çiçək adətidir, gül adətidir.
Hər zaman eşqində üzüağ olmaq
Mənim kimi qara qul adətidir.
Payızda
köç etmək
köçəri quşların el adətidir.
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)
GÜLÜŞ KLUBUnda Pişik Bethoven
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Erməni Eçmiədzin kilsəsi dövlətə vergi vermir, bu səbəbdən də kilsə yananda yanğınsöndürənlərin göndərilməsi ilə bağlı yepiskop Qarapet müraciət edərkən şəhər rəhbərliyi belə deyib:
-Allaha yalvarın, yağış yağdırsın, yanğın sönsün.
2.
Parisdə yaşadığı dönəmdə Dərdayılın uşağı dünyaya gəlir. Qeydiyyat bölümündə ona fransız yazmaq istəyəndə Dərdayıl etiraz edir:
-Niyə fransız, bu mənim uşağımdır, təmizqanlı azərbaycanlıdır.
Müsyö Jerar təkid edir:
-Siz nə danışırsız, o Parisdə doğulub. Əsl fransızdır.
Dərdayıl bu dəm əsəbiləşir:
-Müsyö, mənim itim atın tövləsində doğdu. Onda belə çıxır ki, onun küçükləri dayçadır?
3.
Bolt-da taksi sürən qaqaş marketə girib qiyməti 1 manat olan dondurma alır. Kassaya çatanda satıcı deyir:
-İki manat ödəməlisiniz.
-Niyə ki? Üstünə bir manat yazılmışdı.
-Siz kassaya gəlincə təlabat artdı deyə qiymətlər qalxdı. Əgər bu qiymət sizə sərf eləmirsə, sifarişinizi bir qədər sonra reallaşdıra bilərsiniz.
4.
Qoca qarı metroda deyinir:
-Mən xalqıma qurban olum. Əmbə adamlarımız çox pisdi.
5.
Pişiyinin adını Bethoven qoyub. İndi məclislərdə filanda vüqarla deyir:
-Dünən arvadımla Bethovenə qulaq asırdıq.
6.
Qoca kişi ölüm ayağında ikən hamını baçına yığır ki, vəsiyyət edirəm.
-Arvadıma yüz min dollar.
-Oğluma səksən min dollar.
-Qızıma əlli min dollar.
Arvadı, oğlu və qızı oynamaqlarında olsunlar, qoca isə tavana baxıb sual edir:
-Yarəbbi, bu qədər pulu bəs hardan alacam?
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)