“Zaman öz-özünü çapır at kimi...“- Hüseyn Bağıroğlunun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə şair Hüseyn Bağıroğlunun şeirləri  təqdim edilir. 

 

 

Möhtəşəm yaradıb

Yaradan səni

 

Möhtəşəm yaradıb Yaradan səni,

Puç etmə ümidin uca göylərin.

Aparmaz tufanlar aradan səni,

Əzəl incisisən qoca göylərin.

 

Sən əgər istəsən, istəsən əgər,

Səninlə ağlayıb-gülər bu dünya;

durub ayağına gələr hər səhər,

Hər axşam qapında mələr bu dünya.

 

Yetər ki, imanla aşıb-daşasan,

Sarmaşıqtək sarmaşasan eşq ilə.

Sən ki, qoca kainatla qoşasan,

Zirvələrə dırmaşarsan eşq ilə.

 

Ruhunda gizlənən gücü ara sən,

Heyifsən, özündən xəbərsiz olma.

Hər yerdə hər şeyin bətnini görən,

O sirli gözündən xəbərsiz olma.

 

Qoyma sındırsınlar qanadlarını,

Ulduzdan-ulduza uçmaq üçün sən.

Qopar beynindən o qandallarını,

Göylərin sirrini açmaq üçün sən.

 

Çəkilib kənardan özünə bir bax,

Sahilsiz ümmansan, dəniz deyilsən.

Di qaldır başını, üzümə bir bax,

And olsun Allaha, aciz deyilsən.

 

 

Eşqindən tanıyar 

yurd yiyəsini

 

Lap belə göy uçsa, dünya dağılsa,

İyindən tanıyar it yiyəsini.

Göz gözü görməyən gecə də olsa,

Ahından tanıyar dərd yiyəsini.

 

Ulu ulusumun ulu yurdu var,

Önündə yol gedər ölməz ordular.

Bu torpaq eşq ilə dönüb yurd olar,

Eşqindən tanıyar yurd yiyəsini.

 

Bir söz çiçəkdirsə, bir söz də oxdur,

Söz dedik, deyəsən, su da duruxdu.

Qurdun yer üzündə yiyəsi yoxdu,

Göylərdə axtarar qurd yiyəsini.

 

 

Dumana düşmüşəm 

xəyallarında

 

Əbədi bir qəmi kürk eləmişəm

Bu əyri dünyanın düz yollarında.

Həyatın özünü dərk eləmişəm,

Dünyanın cavabsız suallarında.

 

Bu da bu taleyin talesiz günü,

Səni çaş-baş saldı saçımın dəni;

Deyəsən, tanıya bilmədin məni,

Dumana düşmüşəm xəyallarında.

 

Ürəyi alovlu, gözü qan idim,

Bir gün qürub çağı, bir gün dan idim.

Mən onda ağ atlı bir oğlan idim

Nənəmin sehrli nağıllarında.

 

 

Ağ bulud kimi

 

Elə bil tələsik gedən yeri var,

Zaman öz-özünü çapır at kimi.

Dünən o yamacda quruyan ağac

Bu gün bu yamacda bitir ot kimi.

 

Həsrətmi küləyi oxudur elə,

Eşqmi, göy qurşağın toxudu elə?!

De, hansı aşiqin ruhudu elə,

Keçir göy üzündən ağ bulud kimi?!

 

Gözüm su içmədi xam xəyalından,

Özün də diksindin öz sualından.

Qismətin olmasa dünya malından,

Yurdun qürbət kimi, yuvan dərd kimi.

 

Fitnələr atından yıxanda səni,

Dərələr selində boğanda səni,

Dünya caynağında sıxanda səni

Mələmə quzutək, ula qurd kimi.

 

Cənubdan əsməsin şimal küləyi,

Döysün hər qapını eşqin gerçəyi,

Sən heç köhnəlmədin, "köhnə" çiçəyim,

Könül sevdi səni, ana yurd kimi.

 

 

Adət

 

Sevəndə

dünyanı ətrə bürümək

çiçək adətidir, gül adətidir.

 

Hər zaman eşqində üzüağ olmaq

Mənim kimi qara qul adətidir.

 

Payızda

köç etmək

köçəri quşların el adətidir.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.