Super User

Super User

Bazar ertəsi, 26 Avqust 2024 11:44

Şəhidlər barədə şeirlər - Əkbər Məsimov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Əkbər Məsimov 

Əkbər Yunis oğlu Məsimov 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Məsimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Son səsini dinlədim.

Demisən: “Mənə görə,

Heç narahat olmayın.

Vətən dardadır, ana.

Dönməsəm, bağışlayın”.

 

Bağışlamaq nə demək?

Medal verdilər sənə.

Dönüb vətən olmusan.

İtkin dedilər sənə.

 

Dönüb Murov olmuşdun,

Vətəndə itmək nədir?

Sən əbədi vətənsən.

Torpağa dönmək nədir?

 

Nədir vətənə dönmək -

Göstərdin hamımıza.

Həm döndün, həm dönmədin,

Sən bizim yanımıza.

 

Bədənin vətən oldu,

Ruhun səmalardadır.

Son sözün tarix olub,

“Ana, vətən dardadır”.

 

Vətənin dar günündə,

Sənin kimi oğullar,

Savaşlara getdilər,

Canlarını verdilər,

Amma azad etdilər,

Otuz ildir gözləyən,

Başı uca dağları,

Müqəddəs torpaqları.

 

Sağ ol, müqəddəs şəhid.

Sağ ol, igid, qəhrəman.

Sənin kimi igidi,

Unutmarıq heç zaman.

 

 “Ədəbiyyat və incəsənət”

(26.08.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

Ədəbiyyatımız  - qürurumuz, güvən yerimizdir

ÖN SÖZ

 

Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə ithaf

 

Dəyərli oxucumuz!

Çağdaş Azərbaycan ədəbiyyatı öz kökü üstündə inkişaf etməkdə, bar verməkdədir. Min ilə yaxındır ki, dünya ədəbiyyatı zirvəsində qərarlaşanlardan biri olan dahi Nizami Gəncəvi babamızdan üzü bəri ədəbiyyatımız həm ruha qida verir, estetik zövqü formalaşdırır, həm də müsbət insani xüsusiyyətlər aşılayır, öyrədir, tərbiyələndirir. 

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Azərbaycanın dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahib olması inkaredilməz reallıqdır. Mifoloji-bədii dünyagörüşünün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi isə əlbəttə ki, "Kitabi-Dədə Qorqud" eposudur.

VII-VIII əsrlərdə Azərbaycan şairlərindən Musa Şəhəvatın, İsmayıl ibn Yəsarın və digərlərinin şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr poeziyasında müəyyən dərəcədə diqqət çəkib.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırıb və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlib. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının İntibah  zirvəsi sayılır.

Ədəbiyyatımızda İntibah yüksəlişinin Nizamidən sonrakı zirvələri XIV-XV əsrlərdə fəlsəfi poeziyanın mükəmməlliyinə nail olmuş, dünyanın az qala hər guşəsində yüzlərlə təqlidçisi meydana gəlmiş İmadəddin Nəsimi, XVI əsrdə Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzuli hesab edilirlər. Sonrakı illərdə - XVIII əsrdə Molla Vəli Vidadi, xüsusən Molla Pənah Vaqif kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırıblar.

Azərbaycan ədəbiyyatı XIX əsrin baslangıcında yeni mərhələyə qədəm qoyaraq milli və realist-dünyəvi motivlərlərə və maarifləndirmə missiyasına köklənib. Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh kimi sənət və fikir adamlarının çiyinləri üzərindən Mirzə Fətəli Axundzadə dühası yüksəlib, Azərbaycan ədəbiyyatı birdəfəlik çağdaş dünya ədəbiyyatları sırasında qərarlaşıb.

Ardınca ədəbiyyatımızın Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırıblar.

XX əsrdə ədəbiyyatımızın yükünü ən görkəmli şair-dramaturq Səməd Vurğun, milli əqidə zirvəsi Əhməd Cavad, poetik fikrin inkişafına töhfələr vermiş Rəsul Rza, eləcə də İlyas Əfəndiyev, Əli Vəliyev, Bayram Bayramov, İsmayıl Şıxlı və başqaları çəkiblər.

60-cı və sonrakı illərdə İsa Muğanna, Məmməd Araz, Sabir Əhmədov, Anar, Elçin, Maqsud İbrahimbəyov, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu kimi sənətkarlar ədəbiyyatımızın qiymətli nümunələrini ortaya qoyublar. Təbii ki, bu sırada Güney Azərbaycan ədəbiyyatının Məhəmmədhüseyn Şəhriyar kimi görkəmli nümayəndəsini də ayrıca qeyd etməliyik.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında isə İsi Məlikzadə, Cabir Novruz, Nüsrət Kəsəmənli, Fikrət Qoca, Mövlud Süleymanlı, Musa Yaqub, Çingiz Abdullayev, Ramiz Rövşən, Kamal Abdulla, Vahid Əziz, Baba Vəziroglu kimi şair və yazıçılar seçiliblər.

Bu gün Azərbaycan ədəbiyyatı öz tarixində yeni bir mərhələ yaşayır. Müstəmləkəçilik rejimləri dövründə insanlarımızı maarifləndirən, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqda əsas sipər olan, ikiyə bölünmüş vətənimizin ağrı-acısını dilləndirən ədəbiyyatımız hazırkı mərhələdə - müstəqillik, ardınca da ərazi bütövlüyünün təmin edilməsi reallığı şəraitində qalib xalqın ədəbiyyatı funksiyasını şərəflə daşımaqdadır.

Sizə təqdim etdiyimiz bu antologiyada çağdaş yazıçı və şairlərimizin bədii nümunələri toplanıb. Bu nümunələr ən müxtəlif zamanlarda yazılaraq ən müxtəlif mövzuları əhatə etsələr də hamısında bir qabarıq xətt var: insanlığın tərənnümü, mənəvi zənginliyin nümayişi. Üstəlik, vətəndaşlıq mövqeyinin sərgilənməsi, vətən sevgisinin aşılanması da bu əsərlərin qayəsidir. Günümüzdə gənc nəslin hərtərəfli yetişməsində, Azərbaycançılıq məfkurəsinə sahib olmasında isə bunlar, əlbəttə ki, əsas meyarlardır.

Mütləq qeyd edək ki, yazarlarımız məhz bu kitab üçün özlərinin ən yaxşı saydıqları əsərlərini təqdim ediblər. Yei gəlmişkən, bu il -2024-cü ilin 13 iyununda Azərbaycan Yazıçılar Birliyi özünün 90 illiyini qeyd etdi. Bu kitabı biz məhz həmin əlamətdar tarixə ithaf edirik.

Əminik ki, oxucular bu nümunələri sevə-sevə oxuyacaq və bəyənəcəklər.

Sabah ilk olaraq sizə Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsi təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

 

Bazar ertəsi, 26 Avqust 2024 09:36

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

 

Azərbaycanın muğam sənəti bu gün bütün dünyada təqdir edilir, maraq doğurur, dinlənilir. Təbii ki, bu yüksəlişə Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın sayəsində nail olunub və bu gün yubileyini qeyd edən Mehriban xanımla muğamımız daim qoşa dayanmaqdadırlar.

 

 

 

Beləliklə, bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilib.

 

Muğam Azərbaycanın qədim musiqisi olub, 1975-ci ildə YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasına daxil edilmişdir. Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzillik­lərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində, yuxarıda qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynamışdır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə, dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etmişlər. Son illərdə “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır.

 

Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlamışdır. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil etmişdir. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənmişdir. Bütün bunlarla yanaşı muğamlarımız təkcə Yer kürəsi sakinlərini deyil, həm də göy cisimlərini özünə cəlb etmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa göndərmişdir.

 

Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb etmişdir. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. YUNESKO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.

 

Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azər­baycan muğam sənətini təbliğ edərək bu sənəti nadir əsər tək tamaşaçılara çatdı- rırlar. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçılara təqdim edirlər. Belə bir sənət növü ilə hər bir azərbaycanlı qürurlanmaqda haqlıdır.

 

Bu günkü bayramla əlaqədar çoxsaylı tədbirlərin keçiriləcəyi nəzərdə tutulur ki, gün ərzində onlar barədə sizləri məlumatlandıracağıq.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(26.08.2024)

 

 

Vəsilə Abulova, “Ədəbiyyat və incəsənət” üçün

 

Ümummilli lider Heydər Əliyevin 100 illik əlamətdar yubileyi şərəfinə ötən il Azərbaycanda “Heydər Əliyev İli”ydi; bu ilsə respublikmızda “Yaşıl Dünya naminə Həmrəylik İli”dir. Heydər Əliyev Fondunun 20 illik yubiley ili də 2024-cü ilə düşür. Fondun Prezidenti, ölkəmizin l vitse-prezidenti Mehriban xanım Əliyevanın əlamətdar yubileyi də bu il və bu aya - bu günə düşür.  Bu günün - 26 avqustun başqa bir özəlliyi isə Laçın Şəhər Günü olması ilə bağlıdır. 

Vurğulanan əlamətdar yubileylərin, gün, il adlandırmalarının, hadisələrin hansısa qanunauyğunluğu, mistikası olduğuna inanıram. 

 

Mehriban xanım Ümummilli liderin adını daşıyan unikal Fondun prezidenti olaraq, çoxsaylı unudulmaz işlər görüb. O, həmçinin digər önəmli ictimai və dövlət vəzifələri ilə unudulmaz layihələrə, işlərə, hadisələrə imza atıb. Azərbaycan qadınının qürurla özünə nümunə seçdiyi Mehriban xanım, öz yubileyinə xeyirxahlıq, vətənpərvərlik, mədəniyyət, incəsənət - bir sözlə, bütün əməli fəaliyyət sahələri üzrə zəngin nəticələrlə gəlib. Onun çoxfunksiyalı fəaliyyəti artıq elmi tədqiqat mövzusudur.

 

Mehriban xanımın həyat və fəaliyyətini incələrkən, bir neçə önəmli məqam önplana çıxır:

- Mehriban xanımın mənsub olduğu mötəbər ailə;

- Gəlini olduğu mötəbər ailə;

- Onun hələ orta məktəbdən üzə çıxan savadı, parlaq istedadı;

- Mükəmməl ali təhsil alması və nəcib xarakterinə uyğun ixtisas seçimi;

- Bir-birini tamamlayan xarici və daxili gözəlliyi;

- Xeyirxahlığı - ömrünü təmənnasız yaxşılıqlara həsr etməsi;

- Xalqımız, vətənimizçün gözəl övladlar, nəvələr tərbiyə etməsi;

- Azərbaycanda mükəmməl “Birinci xanım” institutununun yaradıcısı olması;

- Millət vəkili nümunəsi;

- İSESCO-nun (və vaxtilə həm də UNESCO-nun) Xoşməramlı səfiri kimi unudulmaz xidmətlər göstərməsi;

- Azərbaycan Mədəniyyətinin Dostları, 

Azərbaycan Gimnastika Federasiyası rəhbəri, Milli Olimpiya Komitəsinin İdarə heyətinin üzvü, digər qurum-quruluşların üzvü olaraq çoxşaxəli xidmətləri, töhfələri;

- Heydər Əliyev Fondunun prezidenti olaraq, ölkə həyatında, beynəlxalq aləmdə peşəkar fəaliyyət göstərməsi (o cümlədən xeyriyyəçilik, mədəniyyətin dəstəklənməsi, mədəni irsin öyrənilməsi, təbliğ-tərənnümü sahəsində)…

- Birinci Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, Bakıda ilk dəfə Avropa Mahnı Yarışması və digər çoxsaylı beynəlxalq yarışların, tədbirlərin təşkilində göstərdiyi titanik səylər, yaratdığı xarüqələr…

- Birinci vitse-prezident olaraq göstərdiyi fəaliyyətlər;

- Azərbaycan Vətən Müharibəsində, postmüharibə dönəmində alovlu vətənpərvərliyi və ana şəfqəti ilə töhfələri və s.

 

Göründüyü kimi, ən ümumləşmiş şəkli ilə desək, Mehriban xanım İLKlər yaratmağı, NÜMUNƏ yaratmağı bacaran Nümunəvi Azərbaycan qadınıdır. 

O, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, necə deyərlər, siyasi silahdaş, dövlətçilik sirdaşı olaraq da xalqın sevimlisidir.

Mehriban xanımın haqqında çoxsaylı məqalələr yazılıb, kitablar çıxıb; əlbəttə, hələ bundan sonra da, müxtəlif tədqiqat və sənət əsərləri yaradılacaqdır. Biz də vurğunluqla yazdığımız bu könül yazımızla Mehriban xanım Əliyevanı bugünkü əlamətdar yubileyi ilə bağlı təbrik edir, ona möhkəm cansağlığı, şanlı-şərəfli fəaliyyətində yeni uğurlar diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, 26 saylı Sabunçu Seçki Dairəsindən Milli Məclisin üzvlüyünə namizəd, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa təbliğat-təşviqat kampaniyası çərçivəsində səkkizinci görüşünü keçirib. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, “Murad Nağıyev küçəsi-32” ünvanında keçirilən görüşdə müxtəlif sosial qrupdan və yaşdan olan seçicilər, namizədin seçki qərargahının üzvləri iştirak edib.

 

Fazil Mustafa seçki platformasını ətraflı şəkildə şərh edib, eyni zamanda, görüş iştirakçılarının toxunduğu fərqli məsələlərlə əlaqədar keçən dönəmdə Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin rəhbəri olaraq gördüyü işlərdən söz açıb. 

Namizəd seçicilərin ayrı-ayrı mövzularla bağlı suallarını da cavablandırıb. 

 

Qaldırılan məsələlərə dair öz fikirlərini bölüşən Fazil Mustafa, uyğun dövlət qurumlarının xətti ilə həyata keçirilən və planlaşdırılan irimiqyaslı layihələrdən, müvafiq dövlət proqramlarından söz açıb. 

O, yenidən Millət vəkili mandatı qazanarsa, vətəndaşları düşündürən, seçiciləri qayğılandıran digər məsələləri də parlamentdə, müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Bu gün Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.

 

AzərTAC xəbər verir ki, ötən il olduğu kimi, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycan Respublikasının bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü il sentyabrın 19-20-dəki antiterror tədbirlərinin nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd olunur.

Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Azərbaycan Dövlət Kukla Teatrı 93-cü mövsümdə maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Sənət ocağı Türkiyədə keçiriləcək Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalına dəvət alıb.

 

Teatrdan AzərTAC-a bildirilib ki, qardaş ölkə kuklaçıları ilə birgə Türk dünyasında məşhur olan Molla Nəsrəddin lətifələri əsasında komik, eləcə də ibrətamiz hekayələrdən ibarət bir tamaşa üzərində ilkin işlərə başlanılıb.

Teatrın yaradıcı heyəti sentyabrın 20-də “Lokomotiv və vaqonlar” tamaşasının premyerası ilə balaca tamaşaçıların qarşısına çıxacaq. Yazıçı Sevinc Elsevərin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinə quruluşu teatrın baş rejissor Anar Məmmədova məxsusdur. Tamaşada köhnə stansiyadakı qoca və lovğa Lokomotivin timsalında uşaqlara xudbinlik və kobudluqdan uzaq olmaq təlqin edilir.

Həmçinin mövsümün sonuna kimi repertuara uyğun olaraq, Anar Məmmədovun quruluşunda “Bir gün Şamaxı xanlığında”, Səidə Haqverdiyevanın tərtibat verdiyi “Nənəmin aş qazanı” tamaşaları, eləcə də plandankənar dahi Üzeyir Hacıbəylinin felyetonları, novellaları əsasında böyüklər üçün “Ordan-burdan” tamaşası hazırlanacaq.

Növbəti əlavə tamaşa teatrın rus bölməsi üçün seçilib. Bu, belaruslu rejissor-dramaturq Dmitriy Boqoslavskinin “Mən necə səyahətçi oldum” əsəri əsasında hazırlanacaq eyniadlı səhnə əsəridir.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri elan olunub.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlunat verir. 

Müsahibələrdə 237 namizəd keçid balını toplayıb, onlardan 123 nəfərin müəllim vəzifəsinə təyinatları ilə bağlı qərar qəbul edilib.

Bu ilin iyun ayında Dövlət İmtahan Mərkəzi ilə birgə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçirilib. Test imtahanında iştirak edən 856 nəfərdən 317-si tələb olunan keçid balını toplayaraq müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Avqustun 5-dən 8-dək keçirilən müsahibə mərhələsində isə 300-ə yaxın namizəd iştirak edib.

Musiqi, incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçərək təyinat almış namizədlər 5 sentyabr 2024-cü il tarixinədək aidiyyəti təhsil müəssisələrində qeydiyyatdan keçməli və işə qəbul üçün zəruri olan sənədləri təqdim etməlidirlər. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər növbəti yerləşdirmədə vakansiya seçimində iştirak edə bilərlər. Növbəti yerləşdirmənin tarixi barədə Mədəniyyət Nazirliyinin informasiya resurslarında əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlər həyata keçirilir. Bu il ilk dəfə olaraq təşkil edilən təhsilalanların qəbulunun, müəllimlərin işə qəbulunun vahid elektron sistem üzərindən aparılması, təhsilin məzmunu ilə bağlı yeniliklər, məktəb şəbəkəsinin optimallaşdırılması mədəniyyət təhsili müəssisələrinin daha harmonik inkişafına hesablanıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Günün fotosu: “Teleqram”ın yaradıcısı Durov həbs edilib

 

Foto: AP

 

Fransanın TF1 və BFMTV telekanalları hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, dünən axşam saatlarında Telegram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le-Bourget hava limanında saxlanılıb.

Hazırda 39 yaşlı iş adamı həbs edilib.

 

Fransa polisi Durovu narkotik ticarəti, uşaqlara qarşı cinayətlər və telegramda qeyri-kafi moderasiya və güc idarələri ilə əməkdaşlıqdan imtina səbəbindən fırıldaqçılıqda ortaq hesab edir.

Həbs qərarı təfərrüatları açıqlanmayan "ilkin araşdırma" əsasında verilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Bazar ertəsi, 26 Avqust 2024 11:15

Fazil Mustafanın doqquzuncu kütləvi görüşü

Böyük Quruluş Partiyasının başqanı, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, 26 saylı Sabunçu Seçki Dairəsindən Vll çağırış Milli Məclisin üzvlüyünə namizəd Dr. Fazil Mustafa seçicilərlə növbəti görüşünü keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sabunçu Gənclər Evində keçirilən görüşdə gənclər, eləcə də, fərqli yaş və sosial qrupdan olan seçicilər, namizədin vəkilləri iştirak edib.

 

Namizəd seçki platformasını geniş şərh edib, habelə, seçicilərin qaldırdığı müxtəlif mövzularla bağlı keçən dönəmdə Milli Məclis üzvü, Komitə rəhbəri olaraq gördüyü işlərdən söz açıb. 

 

O, gəncləri, bütövlükdə seçiciləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırıb. 

 

Seçicilərin qaldırdığı məsələlərə dair öz fikirlərini bölüşən Fazil Mustafa, dövlət qurumları tərəfindən görülən, nəzərdə tutulan irimiqyaslı layihələrdən, müvafiq dövlət proqramlarından söz açıb, yenidən Millət vəkili seçiləcəyi təqdirdə, gəncləri düşündürən, ümumən seçiciləri qayğılandıran digər məsələləri də uyğunprofilli dövlət orqanları qarşısında, parlamentdə qaldıracağını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.