Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub Featured

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri elan olunub.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlunat verir. 

Müsahibələrdə 237 namizəd keçid balını toplayıb, onlardan 123 nəfərin müəllim vəzifəsinə təyinatları ilə bağlı qərar qəbul edilib.

Bu ilin iyun ayında Dövlət İmtahan Mərkəzi ilə birgə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçirilib. Test imtahanında iştirak edən 856 nəfərdən 317-si tələb olunan keçid balını toplayaraq müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Avqustun 5-dən 8-dək keçirilən müsahibə mərhələsində isə 300-ə yaxın namizəd iştirak edib.

Musiqi, incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçərək təyinat almış namizədlər 5 sentyabr 2024-cü il tarixinədək aidiyyəti təhsil müəssisələrində qeydiyyatdan keçməli və işə qəbul üçün zəruri olan sənədləri təqdim etməlidirlər. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər növbəti yerləşdirmədə vakansiya seçimində iştirak edə bilərlər. Növbəti yerləşdirmənin tarixi barədə Mədəniyyət Nazirliyinin informasiya resurslarında əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlər həyata keçirilir. Bu il ilk dəfə olaraq təşkil edilən təhsilalanların qəbulunun, müəllimlərin işə qəbulunun vahid elektron sistem üzərindən aparılması, təhsilin məzmunu ilə bağlı yeniliklər, məktəb şəbəkəsinin optimallaşdırılması mədəniyyət təhsili müəssisələrinin daha harmonik inkişafına hesablanıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.