Böyük Quruluş Partiyasının başqanı, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, 26 saylı Sabunçu Seçki Dairəsindən Vll çağırış Milli Məclisin üzvlüyünə namizəd Dr. Fazil Mustafa seçicilərlə növbəti görüşünü keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sabunçu Gənclər Evində keçirilən görüşdə gənclər, eləcə də, fərqli yaş və sosial qrupdan olan seçicilər, namizədin vəkilləri iştirak edib.
Namizəd seçki platformasını geniş şərh edib, habelə, seçicilərin qaldırdığı müxtəlif mövzularla bağlı keçən dönəmdə Milli Məclis üzvü, Komitə rəhbəri olaraq gördüyü işlərdən söz açıb.
O, gəncləri, bütövlükdə seçiciləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırıb.
Seçicilərin qaldırdığı məsələlərə dair öz fikirlərini bölüşən Fazil Mustafa, dövlət qurumları tərəfindən görülən, nəzərdə tutulan irimiqyaslı layihələrdən, müvafiq dövlət proqramlarından söz açıb, yenidən Millət vəkili seçiləcəyi təqdirdə, gəncləri düşündürən, ümumən seçiciləri qayğılandıran digər məsələləri də uyğunprofilli dövlət orqanları qarşısında, parlamentdə qaldıracağını bildirib.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)