Azərbaycan Dövlət Kukla Teatrı 93-cü mövsümdə maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Sənət ocağı Türkiyədə keçiriləcək Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalına dəvət alıb.
Teatrdan AzərTAC-a bildirilib ki, qardaş ölkə kuklaçıları ilə birgə Türk dünyasında məşhur olan Molla Nəsrəddin lətifələri əsasında komik, eləcə də ibrətamiz hekayələrdən ibarət bir tamaşa üzərində ilkin işlərə başlanılıb.
Teatrın yaradıcı heyəti sentyabrın 20-də “Lokomotiv və vaqonlar” tamaşasının premyerası ilə balaca tamaşaçıların qarşısına çıxacaq. Yazıçı Sevinc Elsevərin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinə quruluşu teatrın baş rejissor Anar Məmmədova məxsusdur. Tamaşada köhnə stansiyadakı qoca və lovğa Lokomotivin timsalında uşaqlara xudbinlik və kobudluqdan uzaq olmaq təlqin edilir.
Həmçinin mövsümün sonuna kimi repertuara uyğun olaraq, Anar Məmmədovun quruluşunda “Bir gün Şamaxı xanlığında”, Səidə Haqverdiyevanın tərtibat verdiyi “Nənəmin aş qazanı” tamaşaları, eləcə də plandankənar dahi Üzeyir Hacıbəylinin felyetonları, novellaları əsasında böyüklər üçün “Ordan-burdan” tamaşası hazırlanacaq.
Növbəti əlavə tamaşa teatrın rus bölməsi üçün seçilib. Bu, belaruslu rejissor-dramaturq Dmitriy Boqoslavskinin “Mən necə səyahətçi oldum” əsəri əsasında hazırlanacaq eyniadlı səhnə əsəridir.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)