MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Ədəbiyyatımız - qürurumuz, güvən yerimizdir Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

Ədəbiyyatımız  - qürurumuz, güvən yerimizdir

ÖN SÖZ

 

Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə ithaf

 

Dəyərli oxucumuz!

Çağdaş Azərbaycan ədəbiyyatı öz kökü üstündə inkişaf etməkdə, bar verməkdədir. Min ilə yaxındır ki, dünya ədəbiyyatı zirvəsində qərarlaşanlardan biri olan dahi Nizami Gəncəvi babamızdan üzü bəri ədəbiyyatımız həm ruha qida verir, estetik zövqü formalaşdırır, həm də müsbət insani xüsusiyyətlər aşılayır, öyrədir, tərbiyələndirir. 

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Azərbaycanın dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahib olması inkaredilməz reallıqdır. Mifoloji-bədii dünyagörüşünün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi isə əlbəttə ki, "Kitabi-Dədə Qorqud" eposudur.

VII-VIII əsrlərdə Azərbaycan şairlərindən Musa Şəhəvatın, İsmayıl ibn Yəsarın və digərlərinin şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr poeziyasında müəyyən dərəcədə diqqət çəkib.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırıb və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlib. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının İntibah  zirvəsi sayılır.

Ədəbiyyatımızda İntibah yüksəlişinin Nizamidən sonrakı zirvələri XIV-XV əsrlərdə fəlsəfi poeziyanın mükəmməlliyinə nail olmuş, dünyanın az qala hər guşəsində yüzlərlə təqlidçisi meydana gəlmiş İmadəddin Nəsimi, XVI əsrdə Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzuli hesab edilirlər. Sonrakı illərdə - XVIII əsrdə Molla Vəli Vidadi, xüsusən Molla Pənah Vaqif kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırıblar.

Azərbaycan ədəbiyyatı XIX əsrin baslangıcında yeni mərhələyə qədəm qoyaraq milli və realist-dünyəvi motivlərlərə və maarifləndirmə missiyasına köklənib. Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh kimi sənət və fikir adamlarının çiyinləri üzərindən Mirzə Fətəli Axundzadə dühası yüksəlib, Azərbaycan ədəbiyyatı birdəfəlik çağdaş dünya ədəbiyyatları sırasında qərarlaşıb.

Ardınca ədəbiyyatımızın Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırıblar.

XX əsrdə ədəbiyyatımızın yükünü ən görkəmli şair-dramaturq Səməd Vurğun, milli əqidə zirvəsi Əhməd Cavad, poetik fikrin inkişafına töhfələr vermiş Rəsul Rza, eləcə də İlyas Əfəndiyev, Əli Vəliyev, Bayram Bayramov, İsmayıl Şıxlı və başqaları çəkiblər.

60-cı və sonrakı illərdə İsa Muğanna, Məmməd Araz, Sabir Əhmədov, Anar, Elçin, Maqsud İbrahimbəyov, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu kimi sənətkarlar ədəbiyyatımızın qiymətli nümunələrini ortaya qoyublar. Təbii ki, bu sırada Güney Azərbaycan ədəbiyyatının Məhəmmədhüseyn Şəhriyar kimi görkəmli nümayəndəsini də ayrıca qeyd etməliyik.

Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında isə İsi Məlikzadə, Cabir Novruz, Nüsrət Kəsəmənli, Fikrət Qoca, Mövlud Süleymanlı, Musa Yaqub, Çingiz Abdullayev, Ramiz Rövşən, Kamal Abdulla, Vahid Əziz, Baba Vəziroglu kimi şair və yazıçılar seçiliblər.

Bu gün Azərbaycan ədəbiyyatı öz tarixində yeni bir mərhələ yaşayır. Müstəmləkəçilik rejimləri dövründə insanlarımızı maarifləndirən, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqda əsas sipər olan, ikiyə bölünmüş vətənimizin ağrı-acısını dilləndirən ədəbiyyatımız hazırkı mərhələdə - müstəqillik, ardınca da ərazi bütövlüyünün təmin edilməsi reallığı şəraitində qalib xalqın ədəbiyyatı funksiyasını şərəflə daşımaqdadır.

Sizə təqdim etdiyimiz bu antologiyada çağdaş yazıçı və şairlərimizin bədii nümunələri toplanıb. Bu nümunələr ən müxtəlif zamanlarda yazılaraq ən müxtəlif mövzuları əhatə etsələr də hamısında bir qabarıq xətt var: insanlığın tərənnümü, mənəvi zənginliyin nümayişi. Üstəlik, vətəndaşlıq mövqeyinin sərgilənməsi, vətən sevgisinin aşılanması da bu əsərlərin qayəsidir. Günümüzdə gənc nəslin hərtərəfli yetişməsində, Azərbaycançılıq məfkurəsinə sahib olmasında isə bunlar, əlbəttə ki, əsas meyarlardır.

Mütləq qeyd edək ki, yazarlarımız məhz bu kitab üçün özlərinin ən yaxşı saydıqları əsərlərini təqdim ediblər. Yei gəlmişkən, bu il -2024-cü ilin 13 iyununda Azərbaycan Yazıçılar Birliyi özünün 90 illiyini qeyd etdi. Bu kitabı biz məhz həmin əlamətdar tarixə ithaf edirik.

Əminik ki, oxucular bu nümunələri sevə-sevə oxuyacaq və bəyənəcəklər.

Sabah ilk olaraq sizə Xalq yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsi təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.